fbpx

iqtisadiyyat

iqtisadiyyat

Azərbaycanda xaricdən dəstəklənən institusional islahat və inkişafın məhdudiyyətləri

Read this article on other language
Download article
image_pdf
image_pdf

SSRİ dağıldıqdan, Azərbaycan özünü beynəlxalq bazara açıq elan etdikdən sonra bir çox regional və beynəlxalq aktorlar onun iqtisadi inkişafına və demokratik idarəçiliyinə maraq göstəriblər. Neft və qaz resurslarının təhlükəsizliyinə olan birbaşa maraqdan əlavə Azərbaycana cəlb olunan beynəlxalq aktorlar ölkənin necə idarə olunmasının əhəmiyyətini də nəzərə alıblar. Bu aktorlar investisiyaları dayandıraraq, yaxud qrantlar və inkişaf layihələri vasitəsilə pul yatıraraq xüsusi islahatlara sövq etməklə, həmçinin bu islahatları qəbul etməyə istək yaratmaqla ölkənin institusional çərçivəsini formalaşdırmağa cəhdlər ediblər. BMT, Dünya Bankı, Asiya İnkişaf Bankı (AİB) kimi bir çox beynəlxalq təşkilatlar sosial və iqtisadi islahat və layihələrə, həmçinin daha yaxşı idarəçilik üçün nəzərdə tutulmuş institusional dəyişikliklərə dəstək göstəriblər. Bununla belə, antikorrupsiya və idarəetmə effektivliyi kimi qeyri-iqtisadi islahatları hazırlayarkən beynəlxalq təşkilatlar formal və qeyri-formal institusional çərçivənin kontekstual məhdudiyyətlərini yerində nəzərdən keçirməkdə uğursuz olublar.

Bu məqalə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Dünya Bankının təşəbbüsü ilə başladılan xaric-dəstəkli islahat və layihələrin Azərbaycan təcrübəsini müzakirə edir və iddia edir ki, belə cəhdlərin uğursuzluğu islahatların tərtib olunma üsulu ilə əlaqəlidir. Sözügedən beynəlxalq təşkilatlar ölkənin kontekstual məhdudiyyətlərini nəzərdən keçirməkdə uğursuz olublar və ən yaxşı beynəlxalq praktikaya uyğunluğu fərqinə varmadan, yalnız hökümətdən siqnal olaraq xaricdən qısa müddətli dəstək əldə edilməsi üçün motivasiya ediblər (Andrews 2013). Azərbaycanda bu, ona görə aydın sezilir ki, bir çox layihələrə təşəbbüs göstərilməsinə baxmayaraq, onun idarəçiliyi, korrupsiya və tənzimləyici uyğunluq göstəriciləri son onillikdə pisləşib. Xaric-dəstəkli islahatlarla bağlı Azərbaycan təcrübəsinin müzakirəsindən sonra məqalə gələcək təşəbbüs və cəhdlərin nə dərəcədə uğurlu olmasını müəyyən etmək üçün USAID-in və Dünya Bankının ən son strategiyalarının icmalını verir.

Daha yaxşı idarəçilik və xaric-dəstəkli institusional islahatlar

Dünya Bankının Ümumdünya İdarəçilik göstəriciləri vətəndaşlara dəstək və cavabdehlikdə, siyasi stabillik və zorakılıqla terror əleyhinə təhlükəsizliyi təmin etməkdə hökumətin bacarıqlarını, həmçinin onun ümumi effektivliyini, tənzimləyici keyfiyyətini, qanunun aliliyinə hörmət və korrupsiyaya nəzarəti qiymətləndirmək üçün ən çox istifadə olunan göstəricilər arasındadır (World Bank 2021a). İdarəçilik – hökumətlərin hakimiyyətə gəlmə yolu, tərtibat və icra siyasətləri, həmçinin onların vətəndaşlarla münasibəti daxil olmaqla – “ölkədə hakimiyyətin icra olunduğu ənənə və institutlar” kimi müəyyən edilir (Kaufmann, Kraay, Mastruzzi 2004).

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) yaxşı ictimai idarəçiliyi “müxtəlif əngəlləyici iqtisadi, sosial və ətraf mühit problemlərinə effektiv reaksiya vermək və hökumətin öhdəliklərini vətəndaşlara çatdırmaq” üçün sübuta əsaslanan siyasətlər tərtib və icra edən hökumət tərəfindən gerçəkləşdirilən nəsnə olaraq müəyyən edir (OECD 2022a).

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Ofisi (BMTİHO) idarəçiliyi “vasitəsilə ümumi narahatlıq doğuran məsələlər haqqında qərarların verildiyi və tənzimləndiyi bütün idarəetmə prosesləri, institutlar, proseslər və təcrübələr” kimi müəyyən edir (OHCHR 2022). Öz növbəsində, yaxşı idarəetmə göstəricilərinin məqsədləri ölkə daxilindəki siyasi və institusional proseslərin öz inkişaf hədəflərinə nail olmasının necə mümkün olduğunu qiymətləndirməkdir (OHCHR 2022).

Digər tərəfdən, USAID-in idarəçilik tərifi “davamlı inkişaf və uzunmüddətli sülhün” mühüm komponenti kimi demokratik idarəçiliyin təşviqini nəzərdə tutur, həmçinin demokratiya və qeyri-effektiv hökumətlərə hörmətin olmaması, yüksək korrupsiya səviyyəsi və qanunun zəif işləkliyi arasında korrelyasiyalar qurur (USAID 2021). USAID, həmçinin, hökumətin effektivliyində demokratiyanın rolu haqqında fərziyyə irəli sürür; bu yardım təşkilatı azad və ədalətli demokratik seçkilərin vacibliyini vurğulayır.

Yaxşı idarəetmənin yuxarıdakı əhatəedici təriflərinə əsaslanaraq, beynəlxalq təşkilatlar yeni qaydaların, tənzimlənmələrin və institutların yaradılmasına, eləcə də daha yaxşı idarəetməyə nail olmaq üçün siyasətlərin həyata keçirilməsi üzərində milli hökumətlərlə birgə işləyir. 2021-ci ilin sonuna qədər İƏİT-yə üzv ölkələrin inkişaf yardımına xərclənən ümumi məbləğ 178 milyard ABŞ dolları səviyyəsində pik həddə çatıb (OECD 2022b). Müxtəlif beynəlxalq təşkilatlar tərəfindən qoyulmuş maliyyə sərmayəsinin həcmini və bu layihələr tərəfindən dəstəklənən institusional islahatlar tərtibatı haqqında təhlili nəzərə alsaq, bu layihə və islahatların böyük əksəriyyətinin hökumətin effektivliyinin uzunmüddətli yaxşılaşmasına gətirib çıxardığını güman etmək olar. Əvvəl-axır, onlar inanmalıdırlar ki, əgər inkişafa sərmayə qoymağa davam edirlərsə, nəyəsə nail olurlar.

Hərçənd inkişaf yardımının həqiqətən də hökumətin effektivliyinə təsir edib-etməməsi ilə bağlı bir konsensus yoxdur. Belə təşəbbüslərin nəticələri qarışıqdır; bir sıra hallarda inkişaf etməkdə olan ölkələrdə idarəetmə yaxşılaşsa da, digər hallarda gözlənilən uzunmüddətli nəticələr əldə edilməyib və ya daha da pisi, inkişafa yardım mənfi təsirə malik olub. Məsələn, inkişaf etməkdə olan müxtəlif ölkələrdə beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən qanunun aliliyi islahatları nadir hallarda dəyişikliklərin effektiv həyata keçirilməsi ilə başa çatıb (Andrews 2013). Bundan əlavə, bir ölkənin institusional islahatlar üçün aldığı yardım miqdarı avtomatik olaraq daha funksional idarəetmə ilə korrelyasiyaya daxil olmur.

Xüsusən, əcnəbi yardım yerli əhali üçün hesabatlılığa dəxli olmayan yeni xarici renta mənbələri yaratmaqla demokratikləşmə və liberallaşma cəhdlərinə zərər verə bilər. Bu, ələlxüsus Azərbaycan kimi renta iqtisadiyyatlı və təbii sərvətlər sektoruna nəzarət edən güclü siyasi elitaya malik, təbii resurslarla zəngin ölkələrdə belədir. Bu əlavə gəlir mənbəyi, öz növbəsində, vergi islahatına ehtiyacı azaldır; əks halda avtoritar dövlət dövlət gəlirlərini daha da artırmaq üçün yerli əhali ilə sövdələşmə prosesinə girməyə məcbur olardı (Moore 2004).

Bəzi tədqiqatçılar renta axtaran iqtisadiyyatlarda mənalı institusional dəyişiklik üçün fürsət pəncərəsini müəyyən etmək məqsədilə institutlar haqqındakı sosial münaqişə nəzəriyyələrini renta axtarışı nəzəriyyələri (rent-seeking theories) ilə birləşdiriblər. Bu cür yanaşma institutları sosial seçimlər kimi nəzərdən keçirir; bu seçimlərlə daha yüksək sövdələşməyə və ya siyasi gücə malik renta axtaran qruplar ən çox faydalandıqları institutları dəstəkləyir (Khan 2015). Nigeriya, Venesuela və Meksika kimi iqtisadiyyatı təbii ehtiyatlara görə yüksək rentadan asılı olan ölkələr xarici yardımdan müsbət fayda görmürlər, çünki bu, hakim elitanın institusional islahatları davam etdirmək motivasiyasını yalnız azaldır. İnstitusional dəyişikliyin baş verməsi üçün fürsət pəncərəsi o zaman yaranır ki, hakimiyyətdəki renta axtaran qruplar daha səmərəli institusional çərçivə istiqamətində dəyişikliyə motivasiya olunsunlar.

Tədqiqatlar həm də onu göstərir ki, neftlə zəngin ölkələr donorlardan neft idxalından asılı olaraq daha çox xarici yardım alırlar (Couharde et al. 2019). Donorların xarici yardımının arxasında duran siyasi motivləri G7 donorlarının neft sektorunda, xüsusən də neft bazarı qeyri-sabit olduqda, ikitərəfli ticarət tərəfdaşlarına üstünlük verməsinə nəzər saldıqda asanlıqla görünür. Neft ixracatçılarına xarici yardım və müvafiq ölkədən olan neft idxalı arasında korrelyasiya qurmaqla donor ölkələrin neft tədarükünü təmin etməkdə öz şəxsi maraqlarını necə təqib etdiklərini görə bilərik: neft ixracatçısına xaricdən gələn vəsait nə qədər çox olarsa, donor ölkənin neft idxalında həmin ixracatçı ölkənin payının bir o qədər yüksək olduğu aşkarlanır. Bu zaman həm donor, həm də resipiyent ölkələrin enerji təhlükəsizliyi siyasətləri xarici yardımın ayrılması və institusional islahatlar üçün təşviqlərə uyğun olur.

Neftlə zəngin olan resipiyent ölkə öz növbəsində institusional islahatlardan xarici dəstək və investisiyalarla təminata bir siqnal olaraq istifadəyə təşviq edilir. Bu siqnal məzmunsuzdur, çünki o, daha səmərəli institusional çərçivə qurmaq üçün əsl iradə tələb etmir. Bu qəbahətli təşviq nəyə görə islahat tərtibatlarının hər kəsə uyğun bir ölçü sxeminə əməl etməsini, həmçinin nəticələrin tez-tez qeyri-kafi olmasını və tətbiqsiz qalmasını izah edir. Burada əsl məqsəd hökumətin xarici aktorlara yaxşı görünməsini təmin etməkdir (Andrews 2013).

USAID-dəstəkli islahatlar

Xarici yardımlara adətən xas bir xüsusiyyət kimi, USAID-in Azərbaycana xarici yardım axını və köməkliyi illər ərzində qeyri-sabit olmuşdur. Bununla belə, ölkəyə edilən xarici yardıma sırf neft təhlükəsizliyi baxışından sosial-iqtisadi islahatlara daha çox diqqət yetirən baxışa doğru, ən azı diskurs baxımından, aydın dəyişiklik baş verib.

USAID-in 2011-2020-ci illər üzrə Azərbaycan üçün Ölkə İnkişafı Əməkdaşlıq Strategiyası üç əsas marağı ifadə edir: təhlükəsizlik, enerji və daxili islahatlar. Təşkilatın eyni dövr ərzində göstərdiyi yardımın ümumi məqsədi ölkədə islahatlar prosesini dəstəkləmək, həmçinin daha dayanıqlı bazar-əsaslı demokratiya üçün rəqabət və plüralizmi təşviq etməkdir. Bu hədəf üç məqsədə nail olmaq yolu ilə həyata keçirilməli idi: təkmilləşdirilmiş investisiya mühiti, demokratik prosesdə müxtəlif aktor və institutların iştirakı, keyfiyyətli səhiyyə və ünvanlı sosial yardıma çıxış.

2011-ci ildə 32 milyon ABŞ dolları olan büdcənin ilk sıralarında yer alan fəaliyyətlər Azərbaycanda Rəqabət Qabiliyyəti və Ticarət (9,9 milyon), Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi (5,9 milyon) və Azərbaycanın Sosial-İqtisadi İnkişafından (5,76 milyon) ibarət olub. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə ayrılmış 18 milyon ABŞ dollarının 5,76 milyonu özəl sektorun inkişafı fəaliyyətlərinə, 1,8 milyonu vətəndaş cəmiyyətinə yönəldilib, əməliyyat xərcləri isə cəmi 4,5 milyon təşkil edib (US Foreign Assistance 2022).

USAID-in 2011-2020-ci illər üzrə strategiya sənədində iddia etdiyi kimi, təşkilatın Azərbaycan hökuməti ilə işgüzar əlaqələri müsbət qiymətləndirilir. Strategiyada yerli hökumətin 2009-cu ildən bəri olan USAID-in inkişaf proqramlarının (təxminən birə-bir nisbətdə) bir hissəsini birgə maliyyələşdirmək qərarının USAID-in təsirinin daha da artmasına necə kömək etməsi xüsusilə qeyd olunur.

Hərçənd Birləşmiş Ştatların Xarici Yardım üzrə bütün büdcə ayırmalarının təhlili göstərir ki, USAID də daxil olmaqla, ABŞ-ın Azərbaycana inkişaf yardımının hamısı əsasən enerji təminatına fokuslanıb. Buraya fiziki resurs və aktivlərin qorunması da daxildir (US Foreign Assistance 2022). 2011-ci ildə 79 milyon ABŞ dolları ilə zirvədə olan (bunun 57 milyonu idarəetmə ilə bağlı məsələlərə ayrılmışdır), ABŞ-ın ümumi xarici yardımının 50%-dən çoxu (42 milyonu) təhlükəsizlik, təhdidlərin azaldılması, hərbi təlim və avadanlıq layihələrinə yatırılmışdır. ABŞ-ın 2020-ci ildə yatırdığı məbləğ cəmi 32 milyon ABŞ dolları olub ki, bu da müxtəlif layihələri, əsasən münaqişə, sülh və təhlükəsizlik proqramlarını (17 milyon), həmçinin hökumət və vətəndaş cəmiyyəti fəaliyyətlərini (5,8 milyon) əhatə edib.

Bütövlükdə ABŞ-ın xarici yardım büdcəsi enerji təhlükəsizliyi və terrorizmlə mübarizə məqsədlərinə güclü diqqət yetirir. Neft gəlirlərindən asılılığın Azərbaycanın sosial-iqtisadi sabitliyi üçün açıq-aydın risklər yaratmasına baxmayaraq, bu məqsədlər çox da dəyişməyib. Azərbaycanın “Doing Business” reytinqində bir neçə illər ərzində baş verən irəliləyişlərindən göründüyü kimi (World Bank 2022b), iqtisadi, xüsusilə özəl sektoru və xarici ticarətin asanlaşdırılmasını hədəfləyən islahatlar müsbət nəticələr verib. Bununla belə, bu nəticələr məhduddur və təbii ehtiyatlar hələ də iqtisadiyyatda dominantdır (IEA 2021).

Şəkil 1: ABŞ Xarici Yardımı, USAID daxil olmaqla, Azərbaycana investisiyalar (2001-2022), bütün agentliklər. Mənbə: US Foreign Assistance 2022

USAID daxil olmaqla inkişaf təşkilatları yerli konteksti nəzərdən qaçırmağa, həmçinin yanlış olaraq xarici ideyaların, ən yaxşı beynəlxalq təcrübə və institutların tətbiqinin resipiyent ölkənin institusional çərçivəsini təkmilləşdirmək və onun inkişaf potensialını açmaq baxımından kifayət olduğunu güman etməyə meyillidir (Andrews 2013). Məsələn, səhiyyə ilə bağlı islahatlarda son on ildə müəyyən irəliləyişlər əldə edilmişdir. Bununla belə, Azərbaycan bu sahədə postsovet məkanında ən aşağı göstəricilərdən birinə sahibdir; xüsusən də uşaq ölümü göstəriciləri (1000 nəfərə 19,4) qonşu Ermənistan (1000 nəfərə 10,9) və Gürcüstandan (1000 nəfərə 9,4) yüksəkdir.

Qeyd etmək yerinə düşər ki, USAID-in 2010-cu illərin əvvəlindən bu günə qədərki qiymətləndirmə və təhlil hesabatları islahatların hazırlanmasında istifadə olunan metodologiyanı dəyişdirib. Bu, USAID-in Azərbaycanla bağlı daha yeni qiymətləndirmə hesabatlarına, məsələn, Azərbaycanda səhiyyə sisteminin siyasi-iqtisadi təhlilinə nəzər saldıqda aydın görünür (USAID 2022). Hesabat siyasətlərin hazırlanmasından əvvəl təşkilatların tam yerli konteksti görməməzlikdən gəlməsini etiraf edir ki, bu da öz növbəsində həmin islahatların həyata keçirilməsini dayandırmış ola bilər. Yerli kontekstin daha yaxşı başa düşülməsi üçün cəhdlər göstərilməsi aydındır; çünki eyni hesabatda səhiyyə sektorunda institusional islahatların həyata keçirilməsinə təsir edə biləcək “Semaşko ənənəsi”, rəsmi və qeyri-rəsmi cib ödənişləri və ya həssas əhali qruplarının səhiyyə xidmətlərinə müraciət edərkən üzləşdiyi çətinliklər kimi kontekstual amillər təhlil edilir.

ABŞ-ın ilk növbədə hərbi yardıma, ikinci növbədə isə sosial-iqtisadi islahatlara diqqət yetirməsi Azərbaycan hökumətini fərqinə varılmadan sosial-iqtisadi islahatlardan bir siqnal kimi istifadə etməyə  təşviq edir. İslahatın yerli kontekst üçün nə qədər əhəmiyyətli və ya əhəmiyyətsiz olmasından asılı olmayaraq, hökumət əməkdaşlıq etmək, qısamüddətli dəstək qazanmaq və gələcəkdə daha çox investisiya cəlb etmək istəyini göstərmək üçün müəyyən dərəcədə onu qəbul etməyə və həyata keçirməyə təşviq edilir (Andrews 2013). 2018-2022-ci illər üçün əsas hədəf yenə də “təhlükəsizlik təhdidlərinin öhdəsindən gəlməyə və beynəlxalq təhlükəsizliyə töhfə verməyə qadir müstəqil və sabit Azərbaycan” (USAID 2018) idi ki, bu da ABŞ xarici yardımının əsl məqsədlərini bir daha yerli hökumətə bildirmiş oldu.

Dünya Bankı və Aİ tərəfindən dəstəklənən islahatlar

2022-ci ilin fevral ayına olan məlumata görə, Dünya Bankı Avropa İttifaqı ilə birlikdə Azərbaycan hökuməti ilə 5,25 milyon ABŞ dolları dəyərində tərəfdaşlıq sazişi, Azərbaycan Sürətli Texniki Yardım Təsisatı (ASTYT) üçün inzibati razılaşma imzalayıb. Bu üçillik proqram “Azərbaycanın 2030-cu il Milli Prioritetlərinə uyğun olaraq […] məsləhət və analitik dəstək və kompetensiyaların inkişafı”nın təmin edilməsini hədəf alır (World Bank 2022). Bu layihənin gözlənilən nəticələrindən biri regionlarda “ağıllı kənd”lərin tikintisi və inkişafıdır (EU 2022).

Dünya Bankı tərəfindən müəyyən edildiyi kimi, ağıllı kəndlər sakinlərə tələbata əsaslanan imkanlar və çıxış yolları yaratmağa imkan vermək üçün texnologiyadan istifadə, özəl sektorun inkişafı və yaxşı idarəetməyə diqqət yetirir (World Bank 2022). Bu nəticəyə nail olmaq üçün rəqəmsal inklüzivlik və rəqabətqabiliyyətliliyə dəstək, təkmil enerji səmərəliliyi siyasətləri və qanuni çərçivə, həmçinin kənd yerlərində gücləndiriliş innovasiyalar da daxil olmaqla bir neçə aralıq məqsəd qeyd edilir. Layihə 2021-ci ildə ölkəyə 2 milyard ABŞ dollarından çox xarici yardım ayıran Aİ-nin Azərbaycan üçün İqtisadi və İnvestisiya Planı ilə birgə həyata keçirilir (EBRD 2022).

Ağıllı kənd inkişaf planı ilk olaraq 2021-ci ilin oktyabrında Dünya Bankı tərəfindən təklif edilib (World Bank 2021c). Dünya Bankının hazırlıq təhlili ağıllı kəndlərin yaradılmasından ölkənin hansı regionlarının daha çox faydalanacağını müəyyən etmək üçün yeddi meyarı əhatə edir: 1) əhalinin ümumi sayı, 2) sahə (kvadrat kilometrlə), 3) kənd əhalisinin faizi, 4) kənd təsərrüfatında məşğulluq, 5) orta gəlir, 6) kiçik və orta müəssisələrin sayı və 7) regiondakı maliyyə institutlarının sayı. Beləliklə, hazırlıq göstəriciləri bir neçə amilə əsaslanır ki, onların arasında da tam yerli kontekst, xüsusən qeyri-rəsmi amillər nəzərə alınmır.

Şəkil 2: Azərbaycanda ağıllı kənd hazırlığı (göy rənglə işarələnmiş regionların hazırlıq səviyyəsi daha yuxarı, sarı rənglə işarələnmiş regionlarınkı isə aşağıdır). Mənbə: World Bank, 2021b.

Dünya Bankının hesabatında uğurlu ağıllı kənd üçün qeyd olunan rəhbər prinsiplər bunlardır: icmalar, yerli sahibkarlıq, rəqəmsal və sosial innovasiya, kənd-şəhər əlaqələri, sektorlararası əlaqələr, müxtəlif aktorlar arasındakı əməkdaşlıq, məlumat yönümlülük, “yaxşı əlaqələr” imkanı və rəqəmsal savadlılıq, hökumət və xarici mənbələr tərəfindən güclü maliyyələşdirmə, həmçinin uyğun idarəetmə strukturlarının mövcudluğu. Ağıllı kənd layihəsi Mett Endryusun (2013) “həddən artıq dəqiqləşdirilmiş, həddən artıq sadələşdirilmiş islahat” kimi təqdim etdiyinə bir nümunədir.

Birinci çatışmazlıq yeddi meyardan ibarət hazırlıq göstəricisini araşdırarkən ortaya çıxır. Müsbət nəticələr vermək üçün tələb olunan məzmun daha mürəkkəb olmalı olsa da, hazırlıq balı ilk olaraq başqa mətləbdən xəbər verir. Bu ağıllı kəndlərin hər biri çoxsaylı institusional islahat layihələri tələb edir; xüsusilə, söhbət “uyğun idarəetmə strukturları və məlumatlara əsaslanan qərarların qəbulu”ndan (World Bank, 2021c) gedirsə, təməl statistikaya əsaslanan hazırlıq balı gerçəkliyi olduğundan daha sadə şəkildə əks etdirir.

İkinci çatışmazlıq Dünya Bankı ilə Azərbaycan hökuməti arasında ağıllı kəndlərin məqsədi ilə bağlı olan fikir ayrılığıdır. Dünya Bankı hesabatında bildirilir ki, hökumət ağıllı kəndlər tikməyə ona görə çalışır ki, regional iqtisadiyyatları inkişaf etdirsin və iqtisadiyyatın şaxələnməsinə yol açsın. Digər tərəfdən isə milli diskurs ağıllı kəndləri Qarabağa qayıdanların əsas məskunlaşma ərazisi kimi təqdim edir (Əliyev 2021). Bu, Azərbaycan Prezidentinin Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin bu yaxınlarda baş tutan birinci mərhələsinin açılış mərasimindəki çıxışından bir daha aydın görünür. Çıxış zamanı Əliyev keçmiş məcburi köçkünlərin əksəriyyətinin öz evlərinə qayıtmaq istədiklərini və buna nail olmaqda ağıllı kəndlərin əhəmiyyətini müzakirə edirdi (Azərtac 2022).

Doğrudur ki, maliyyə inklüzivliyi, rəqəmsal savadlılıq və əlaqələr imkanı, həmçinin davamlı enerjiyə çıxış Azərbaycan kənd rayonları üçün hədəf kimi nəzərə alınmalı olan məqsədlərdəndir. Bununla belə, belə böyük bir layihəyə başlamazdan əvvəl 2020-ci il Qarabağ müharibəsi və keçmiş məcburi köçkünlər də kontekst olaraq nəzərə alınmalı idi. Dünya Bankının diskurs və analizi bu yerli konteksti və geri qayıdanların köçürülməsi ilə bağlı xüsusi ehtiyacları nəzərdən qaçırır. Bundan əlavə, rəqəmsal və maliyyə çatışmazlığı, qeyri-effektiv və mərkəzləşdirilmiş idarəetmə, eləcə də belə kəndlərin inkişafında iştirak edə biləcək, təlim keçmiş insan kapitalının olmaması Azərbaycanda ağıllı kənd konsepsiyasının üzləşdiyi ən böyük problemlərdəndir (Vəliyev 2021).

Bu çatışmazlıqların nəticəsi olaraq, Dünya Bankı tərəfindən dəstəklənən ağıllı kənd layihələri çox əlverişsiz şərtlər altında start götürüb; layihələrdə müvəffəqiyyət tələbləri yerinə yetirilmir, yaxud da layihə müddəti ərzində yerinə yetirilə bilmir.

Nəticə

USAID və Dünya Bankı kimi xarici təşkilatlar tərəfindən dəstəklənən institusional islahat və inkişaf layihələri illərdir ki, Azərbaycanda tətbiq edilir; lakin onilliklər boyu davam edən təcrübəyə baxmayaraq, bu islahatlar çox zaman yanlış istiqamətləndirilir, yaxud da onların məzmunu ölkənin milli maraqları ilə uzlaşdırılmır. Beynəlxalq təşkilatlar islahatları tərtib etməzdən əvvəl həlledici olan yerli kontekst xüsusiyyətlərini nəzərdən qaçırmağa meyilli olduqlarından bu islahatların və layihələrin təsiri çox vaxt məhdud olur. İnstitusional islahatların yerli hökumət tərəfindən ciddi qəbul edilməsi və onların daha sonra effektiv şəkildə həyata keçirilməsi üçün iki xüsusi məsələ nəzərə alınmalıdır. Birincisi, yerli hökuməti institusional islahatlardan və digər əlaqəli layihələrdən siqnal kimi istifadə etmək istəyindən məhrum etməkdir. İkincisi, ağıllı kəndlər nümunəsində olduğu kimi, layihə və ya islahat hazırlamazdan əvvəl yerli kontekst və milli maraqları daha yaxşı anlamaq lazımdır.

Istinadlar

Aliyev, Ilham. (2021) Ilham Aliyev’s interview with Turkish Anadolu Agency. Prezident.az. Available online: https://president.az/en/articles/view/53249

Andrews, Matt (2013) The Limits of Institutional Reforms in Development. Changing Rules for Realistic Solutions. Cambridge University Press.

Azertag. (2022) President Ilham Aliyev and First Lady Mehriban Aliyeva attended opening ceremony of first stage of “Smart Village” project in Zangilan district. Available online: https://azertag.az/en/xeber/President_Ilham_Aliyev_and_First_Lady_Mehriban_Aliyeva_attended_opening_ceremony_of_first_stage_of_Smart_Village_project_in_Zangilan_district_VIDEO-2153168

EBRD. (2022) EBRD, EU, AZPROMO help attract foreign investment to Azerbaijan. Available online: https://www.ebrd.com/news/2022/ebrd-eu-azpromo-help-attract-foreign-investment-to-azerbaijan-.html

IEA. (2021) Energy Policy Review. International Energy Agency. Available online: https://www.iea.org/reports/azerbaijan-2021

Kaufmann, Daniel, Kraay, Aart, Mastruzzi, Massimo. (2004). Government Matters III : Governance Indicators for 1996-2002. Policy Research Working Paper; No. 3106. World Bank, Washington, DC.

Moore, Mick. (2004) Revenues, State Formation, and the Quality of Governance in Developing Countries, 25, International Political Science  REV. 297.

OECD. (2022a) Public Governance. . Available online: https://www.oecd.org/governance/

OECD. (2022b) Official Development Assistance (ODA). Availble online: https://www.oecd.org/dac/financing-sustainable-development/development-finance-standards/official-development-assistance.htm#:~:text=Constant%202020%20USD.-,Preliminary%20data%20for%202021.,with%20the%20COVID-19%20crisis

OHCHR. (2022) About good governance. Available online: https://www.ohchr.org/en/good-governance/about-good-governance

Rothstein, Bo. (2010) The Quality of Government. Corruption, Social Trust, and Inequality in International Perspective. The University of Chicago Press.

USAID. (2010) USAID/Azerbaijan Country Development Cooperation Strategy 2011-2020. Available online: https://www.usaid.gov/sites/default/files/documents/1863/Azerbaijan_CDCS_public_version_updated20202.pdf

USAID. (2018) USAID/Azerbaijan Country Development Cooperation Strategy 2018-2022. Available online: https://www.usaid.gov/sites/default/files/documents/CDCS-Azerbaijan-May-2025.pdf

USAID. (2021) Democracy, Human Rights, and Governance.. Available online: https://www.usaid.gov/democracy

USAID. (2022) Political Economy Analysis of the Health System in Azerbaijan: A Literature Review. Revised Draft. Available online: https://pdf.usaid.gov/pdf_docs/PA00ZB6Q.pdf

US Foreign Assistance. (2022) U.S. Foreign Assistance By Country: Azerbaijan 2001-2022. Available Online: https://www.foreignassistance.gov/cd/azerbaijan/2011/obligations/0

Valiyev, Anar. (2021) Building Smart Cities and Villages in Azerbaijan: Challenges and Opportunities. Baku Research Institute. Available online: https://bakuresearchinstitute.org/en/building-smart-cities-and-villages-in-azerbaijan-challenges-and-opportunities/

World Bank. (2021a) Worldwide Governance Indicators. Available online: http://info.worldbank.org/governance/wgi/

World Bank. (2021b) Doing Business Legacy. Available online: https://www.worldbank.org/en/programs/business-enabling-environment/doing-business-legacy

World Bank. (2021c) A Framework for Developing Smart Villages in Azerbaijan. Available online: https://www.worldbank.org/en/country/azerbaijan/publication/a-framework-for-developing-smart-villages-in-azerbaijan World Bank. (2022a) A New Program to Support Reforms in Azerbaijan to Benefit from European Union and World Bank Support. Available online: https://www.worldbank.org/en/news/press-release/2022/02/16/a-new-program-to-support-reforms-in-azerbaijan-to-benefit-from-european-union-and-world-bank-support

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.