Cəmiyyət

Cəmiyyət

Azərbaycanın Avropa Şurasında 25 ili

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycanın Avropa Şurasına 2001-ci ildə üzv qəbul olunması təkcə ölkənin beynəlxalq təşkilata üzvlük aktı deyil, həm də özünün inkişaf trayektoriyası ilə bağlı normativ və ideoloji seçimi idi.[1] Avropa Şurasına üzvlük Azərbaycanın sovet irsindən çıxaraq hüququn aliliyi, insan hüquqları və demokratik idarəçilik prinsiplərinə əsaslanan dövlət quruculuğu yolunu seçdiyini bəyan edirdi. Məhz bu səbəbdən həmin dövrdə bu hadisə Azərbaycan tarixində müstəsna əhəmiyyət daşıyan strateji qərar kimi dəyərləndirilirdi.[2]

Üzvlükdən dərhal sonra bir sıra əsas qanunvericilik aktları qəbul olundu və ya əsaslı şəkildə yenidən işlənildi, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasına[3] qoşuldu və Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) yurisdiksiyasını tanıdı.[4] Bu, təkcə vətəndaşların fərdi şikayət imkanlarını genişləndirmədi, eyni zamanda dövlət hakimiyyətinin bütün qolları üçün yeni hüquqi məsuliyyət mühiti yaratdı. AİHM-nin presedent hüququ milli məhkəmə praktikasına təsir göstərməyə başladı və bu dövr müəyyən mənada hüquqi şüurun transformasiyası üçün real potensial formalaşdırdı. Qısa desək, Avropa Şurasına üzvlük ilkin mərhələdə Azərbaycanın hüquqi modernləşməsi üçün mühüm imkan pəncərəsi açmışdı.

Lakin bu imkanların uzunmüddətli və dayanıqlı islahatlara çevrilməsi baş vermədi.[5] Zaman keçdikcə Azərbaycan – Avropa Şurası münasibətləri normativ inteqrasiya xəttindən uzaqlaşaraq formal iştirak və siyasi adaptasiya modelinə yönəldi. Bu prosesdə institusional qarşılıqlı əlaqələr daha çox prosedur xarakteri daşımağa başladı, Avropa Şurasının monitorinq mexanizmləri isə getdikcə təsir gücünü itirdi.[6] Üzvlük, mahiyyət etibarilə, daxili siyasi dəyişikliklər üçün alət olmaqdan çıxaraq beynəlxalq legitimlik alətinə çevrildi. Bu kontekstdə, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin səsvermə və təmsilçilik hüquqlarının dondurulması münasibətlərin sistemli böhran mərhələsinə keçdiyini açıq şəkildə nümayiş etdirdi.

Azərbaycanın nümayəndə heyəti

Zaman keçdikcə Avropa Şurasına üzvlük Azərbaycan daxilində siyasi və hüquqi islahatlar üçün vasitə olmaqdan uzaqlaşaraq daha çox hakimiyyətin beynəlxalq legitimliyinin təmin edilməsi alətinə çevrildi. Bunun bariz təzahürlərindən biri isə AŞPA-da Azərbaycanın nümayəndə heyətinin tərkibində və xüsusilə rəhbərliyində uzunmüddətli dəyişməzliyin müşahidə olunmasıdır.[7] Belə ki, təxminən 23–25 il ərzində Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbərliyinin uzun müddət faktiki olaraq Səməd Seyidovun əlində cəmləşməsi, eləcə də heyətin digər üzvlərinin, o cümlədən Asim Mollazadə kimi fiqurların uzun illər ərzində müxtəlif dövrlərdə təmsil olunması Avropa parlamentarizm ənənələri ilə kəskin ziddiyyət təşkil edir. Avropa Şurasına üzv digər dövlətlərin praktikasında nümayəndə heyətinin rəhbərliyinin onilliklər ərzində dəyişməz qalması faktına rast gəlinmir. Əksər hallarda bu vəzifələr parlamentdaxili siyasi balansdan, seçki nəticələrindən və siyasi rotasiya prinsipindən irəli gələrək mütəmadi şəkildə dəyişir. Bu mənada Azərbaycan təcrübəsi normadan açıq şəkildə kənara çıxma kimi qiymətləndirilməlidir.

Bu vəziyyətin səbəblərindən biri AŞPA-ya göndərilən nümayəndə heyətinin formalaşma mexanizmi ilə bağlıdır. Azərbaycan nümayəndə heyətinin tərkibi real siyasi rəqabət və azad parlament seçkiləri nəticəsində formalaşan deputatlardan deyil, saxta və qeyri-legitim seçkilər vasitəsilə mandat əldə etmiş şəxslərdən ibarət olmuşdur.[8] Bu mənada nümayəndə heyətinin üzvləri seçilmiş parlament nümayəndələrindən daha çox təyinat xarakteri daşıyan fiqurlar kimi çıxış etmiş, onların siyasi məsuliyyəti və hesabatlılığı cəmiyyətə deyil, icra hakimiyyətinə yönəlmişdir.[9] Belə bir tərkib Assambleyada parlament diplomatiyasının mahiyyətinə uyğun olmayan davranış modelini qaçılmaz etmişdir.

Diqqət çəkən digər məqam nümayəndə heyətinin ideoloji profili ilə bağlıdır. Müxtəlif dövrlərdə heyətin tərkibinə Avropa Şurasının əsas dəyərləri olan insan hüquqları, siyasi plüralizm və demokratik idarəçilik prinsipləri ilə açıq şəkildə ziddiyyət təşkil edən baxışlara malik şəxslər daxil edilmişdir. Bu şəxslər daha çox avtoritar idarəçilik modeli və sərt təhlükəsizlik diskursu ilə tanınır.[10] Məsələn, 2020-2024-cü illərdə Azərbaycan nümayəndə heyətinin tərkibində AŞPA üzvü kimi fəaliyyət göstərən Erkin Qədirli sağ avtoritarlıq tərəfdarı olduğunu demişdi[11], eləcə də 2011-2024-cü illərdə[12] Azərbaycanı AŞPA-da təmsil edən Fazil Mustafa Avropa Şurası standartlarının Azərbaycanda tətbiqini və ya bu istiqamətdə alternativ hesabat və qiymətləndirmələri müdafiə edən şəxsləri “düşmən” adlandırmışdı.[13]

Nümayəndə heyətinin əsas fəaliyyəti ölkədə insan hüquqları, seçkilər və siyasi azadlıqlarla bağlı tənqidi məzmunlu hesabatların Assambleyada qəbul edilməsinin qarşısını almağa yönəlmişdi.[14] Bu məqsədlə müxtəlif siyasi manevrlərdən, prosedur imkanlarından və qeyri-formal əlaqələrdən istifadə edilmiş, tənqidi hesabatların yetərli səs toplamaması halları isə açıq şəkildə “müsbət nəticə” kimi qarşılanmışdır.[15] Belə davranış nümayəndə heyətinin monitorinq mexanizmlərini əməkdaşlıq aləti kimi deyil, təhlükə kimi qəbul etdiyini göstərirdi.

Bütün bu faktorlar birlikdə onu deməyə əsas verir ki, AŞPA-da fəaliyyət göstərən Azərbaycan nümayəndə heyəti Azərbaycan xalqını təmsil etməmişdi. Bu nümayəndəlik modeli daha çox mövcud avtoritar idarəçilik sisteminin[16], siyasi mütləqiyyət rejiminin və onun legitimlik ehtiyaclarının beynəlxalq müstəvidə müdafiəsinə xidmət etmişdi. Nəticə etibarilə AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyəti parlament diplomatiyasının klassik funksiyasından uzaqlaşaraq, normativ dəyərlərlə dialoq aparan tərəf deyil, həmin dəyərlərə qarşı müdafiə mövqeyi tutan siyasi mexanizm kimi formalaşmışdı.  

Kürü diplomatiyası

2001-ci ildən etibarən Azərbaycanın Avropa Şurası ilə əməkdaşlıq münasibətlərinin bəzi mərhələlərində müşahidə olunan deformasiyalarda mühüm rol oynayan digər amil qeyri-formal təsir mexanizmlərinin formalaşması olmuşdur. Kürü diplomatiyası termini məhz 2001–2013-cü illər arasında intensiv xarakter alan bu dövrün mahiyyətini ifadə etmək üçün siyasi leksikona daxil edilmişdir.[17] Normativ mahiyyətinə görə Avropa Şurası üzv dövlətlərə demokratik dəyərləri və hüquqi standartları ötürməli olduğu halda, bu dövrdə əks istiqamətli proses müşahidə edilmişdir. Azərbaycan Avropa Şurasının bəzi strukturlarına öz siyasi mədəniyyətinə xas olan qeyri-şəffaf təsir üsullarını ixrac etmişdir.

Bu təsir mexanizmləri müxtəlif formalarda özünü göstərmişdir. AŞPA-nın bəzi üzvlərinə Azərbaycan istehsalı bahalı xalçalar, qiymətli suvenirlər və digər maddi əşyalar hədiyyə edilmiş, yüksək səviyyəli beynəlxalq tədbirlərə dəvət adı altında bütün xərcləri qarşılanan səfərlər təşkil olunmuşdur.[18] Bundan əlavə, deputatlara və onların ailə üzvlərinə lüks hotellərdə yerləşmə, bahalı restoranlarda qəbul, fərdi diqqət və imtiyazlar təqdim edilmiş, kürü bankaları xüsusi qablaşdırmada milli hədiyyə kimi paylanmışdır. Həmçinin, AŞPA deputatlarını ələ almaq üçün seks işçilərindən də istifadə edilib. Məsələn, AŞPA üzrə məruzəçi Dik Martinin ifadəsinə əsasən, Bakıdakı rəsmi missiya zamanı gecə saat 01:00 radələrində onun mehmanxana otağının qapısı döyülmüş, qapı dəliyindən baxdıqda şampan şüşəsi ilə birlikdə yarı-çılpaq geyimli iki gənc qadının təqdim edildiyi müşahidə olunmuş, lakin o, qapını açmaqdan imtina etmişdir.[19]

Bəzi hallarda kürü diplomatiyası birbaşa maliyyə köçürmələri və pul vəsaitlərinin ötürülməsi ilə müşayiət olunmuşdur. Məsələn, İtaliyada AŞPA-nın keçmiş üzvü Luka Volonte Azərbaycan hakimiyyətinin maraqlarına uyğun mövqe nümayiş etdirmək müqabilində külli miqdarda pul vəsaiti almaqda təqsirli bilinmiş və rüşvət ittihamı ilə İtaliyada məhkum edilmişdir.[20] Oxşar araşdırmalar Almaniya və Belçikada da aparılmışdır. Almaniyada Xristian-Demokrat İttifaqının bəzi keçmiş deputatları barəsində korrupsiya və qanunsuz lobbiçilik ittihamları ilə istintaq tədbirləri görülmüş[21], Belçikada isə AŞPA-nın keçmiş üzvlərinin fəaliyyətinə dair cinayət işləri açılmışdır.[22] Bu işlərin bir qismi məhkəmə qərarları ilə nəticələnmiş, bir qismi isə siyasi karyeraların sona çatması ilə yekunlaşmışdır.

Müxtəlif ölkələrdə aparılan bu proseslər bir daha göstərmişdir ki, kürü diplomatiyası adlandırılan praktika ayrı-ayrı şəxslərin fərdi davranışı deyil, strukturlaşmış və koordinasiyalı təsir modelidir. Qeyd edək ki, bu cinayət işləri və məhkəmə araşdırmaları əsasən Avropa ölkələrinin hüquq-mühafizə orqanları tərəfindən aparılmış, korrupsiya əməllərinin mənbəyi olan tərəfdə – yəni Azərbaycanda isə hər hansı hüquqi reaksiya müşahidə edilməmişdir. Azərbaycanda nə bu fəaliyyətlə bağlı cinayət işi açılmış, nə də hətta formal xarakter daşıyan daxili istintaq prosedurları həyata keçirilmişdir.[23]

İcra olunmayan öhdəliklər

Azərbaycanın Avropa Şurası qarşısında üzvlük zamanı üzərinə götürdüyü əsas siyasi və hüquqi öhdəliklərin icrası sahəsində vəziyyət illər keçdikcə sistemli şəkildə pisləşmişdir. Üzvlük prosesinin başlanğıcında demokratik keçidin əsas indikatorları kimi təqdim edilən bu öhdəliklər[24] nəinki yerinə yetirilməmiş, əksinə, avtoritar konsolidasiyanın dərinləşməsi fonunda formal xarakter almışdır.

Siyasi məhbus probleminin aradan qaldırılması Azərbaycanın Avropa Şurasına qəbulunun əsas şərtlərindən biri olduğu halda, bu sahədə müşahidə olunan dinamika açıq-aşkar əks istiqamətdə inkişaf etmişdir. Zaman keçdikcə siyasi motivli həbslər istisna hal olmaqdan çıxaraq, idarəetmə texnologiyasının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Müxalif siyasətçilər, vətəndaş cəmiyyəti fəalları, jurnalistlər və hüquq müdafiəçiləri qondarma ittihamlar əsasında azadlıqdan məhrum edilmişdir.[25] Xüsusilə korrupsiya araşdırmaları aparan jurnalistlərin hədəfə alınması, dindarların kütləvi həbsi, eləcə də cəmiyyətə qorxu mesajı vermək üçün təşkil olunan süni dövlət çevrilişi ssenariləri siyasi repressiyanın institusionallaşdığını göstərmişdir.[26]

Seçki institutu demokratik legitimliyin mənbəyi olmaq funksiyasını tamamilə itirmişdir. Prezident, parlament və bələdiyyə seçkiləri ardıcıl şəkildə kütləvi saxtalaşdırmalar, inzibati resursların total səfərbərliyi və real siyasi rəqabətin boğulması şəraitində keçirilmişdir. Beynəlxalq müşahidə missiyalarının əhəmiyyətli hissəsi bu seçkiləri azad və ədalətli kimi tanımadığı halda, bəzi beynəlxalq instansiyaların kürü diplomatiyası təsiri altında loyal mövqe nümayiş etdirməsi hər bir saxta seçkinin rəsmi diskursda demokratiyaya doğru növbəti addım kimi təqdim olunmasına imkan vermişdir.[27] Bu isə seçkilərin mahiyyətcə legitimlik istehsal edən deyil, legitimlik imitasiyası yaradan mexanizmə çevrildiyini göstərir.

Normativ səviyyədə də Avropa standartlarından sistemli uzaqlaşma baş vermişdir. Qanunvericilik bazası tədricən mürtəceləşdirilmiş, siyasi partiyalar haqqında qanun sərtləşdirilərək real siyasi fəaliyyət imkanları məhdudlaşdırılmışdır. Konstitusiya dəyişiklikləri və saxta referendumlar vasitəsilə hakimiyyətin bir əldə fasiləsiz qalması və cəmlənməsini təmin edən mexanizmlər qurulmuşdur.[28] Diqqətçəkən məqam ondan ibarətdir ki, bu referendumların hamısı Azərbaycanın Avropa Şurasına üzvlüyü dövründə keçirilmiş, lakin təşkilat tərəfindən real sanksiyalar deyil, əsasən formal və təsirsiz bəyanatlarla kifayətlənilmişdir. İfadə azadlığı, dinc toplaşma azadlığı və media sahəsində qanunvericilik ardıcıl şəkildə sərtləşdirilmiş, ilkin üzvlük öhdəlikləri paketinə daxil olan bir sıra fundamental vədlər isə indiyədək yerinə yetirilməmişdir.[29] Xüsusilə Milli azlıqlar haqqında qanunun qəbul edilməməsi, Regional və ya Azlıqların Dilləri üzrə Avropa Xartiyasına qoşulmamaq və Alternativ hərbi xidmət haqqında qanunun qəbul olunmaması bu öhdəliklərin kağız üzərində qaldığını təsdiqləyir.[30]

Demokratik institutların yaradılması ilə bağlı formal tələblər də praktik olaraq təsirsiz qalmışdır. Məsələn, insan hüquqlarının qorunması məqsədilə təsis edilmiş Ombudsman institutu real müdafiə mexanizmi kimi deyil, hakimiyyətin legitimlik vitrini funksiyasını yerinə yetirən struktur kimi fəaliyyət göstərmişdir.[31] Bu cür institutlar nə müstəqil mövqe sərgiləyə bilmiş, nə də sistemli hüquq pozuntuları fonunda effektiv müdaxilə imkanına sahib olmuşdur.

Beləliklə, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icrası sahəsində yaranmış vəziyyət ayrı-ayrı çatışmazlıqların cəmi deyil, avtoritar idarəetmənin möhkəmləndirilməsinə xidmət edən ardıcıl siyasətin nəticəsi kimi qiymətləndirilməlidir.

AŞPA-dan kənarlaşdırma

Uzun illər Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün 2024-cü ildə Azərbaycan nümayəndə heyəti AŞPA-dan kənarlaşdırıldı.[32] Bu qərar Avropa Şurasının uzun illər göz yumduğu sistemli pozuntulara verdiyi gecikmiş siyasi reaksiya idi.[33] Avropa Şurası uzun illər boyu Azərbaycanın sistemli pozuntularına münasibətdə passiv qalmış, yalnız formal bəyanatlar vermişdi. Azərbaycan təcrübəsi göstərdi ki, beynəlxalq institutlar müəyyən mərhələyə qədər normativ prinsiplərdən kənara çıxan davranışlara tolerant yanaşsalar da, bu vəziyyətin davamlı olması mümkün deyil və sonda reaksiya qaçılmaz olur.

Avropa Şurasının tarixində Azərbaycan təcrübəsi ən ağır və bərpa olunması çətin zərbə kimi qiymətləndirilə bilər. Qərarın icrası, həm də AŞPA-nın öz dəyərlərinə sədaqətini nümayiş etdirməli olduğunu göstərir: güzəştə getmək, siyasi kompromis və ya diplomatik manevrlər dəyərlərin tətbiqini əvəz edə bilməz. Avropa Şurası ciddi, prinsipial və ardıcıl olmalı, üzvlərinin dəyərlərə sadiqliyini qorumaqda kompromisə getməməlidir. Bu qərar həm də gələcəkdə Avropa Şurasının digər üzv dövlətlər üçün normativ nümunə yaratması baxımından strateji əhəmiyyət daşıyır.

Azərbaycan tərəfi üçün bu kənarlaşdırma yalnız diplomatik problem yaratmaqla qalmamış, həm də Avropa hüquqi-siyasi məkanında ölkənin etibarına ciddi zərbə vurmuşdur. İnsan hüquqları, demokratiya və hüquqi dövlət prinsipləri Avropa Şurasının əsas dəyərlərini təşkil edir və bütün üzv dövlətlər üçün normativ istiqamət kimi müəyyən edilmişdir. Lakin Azərbaycan bu dəyərlərdən uzun illər uzaq qalmış, hətta yaxın gələcəkdə buna əməl etməyə ciddi niyyət göstərməmişdir. Bu baxımdan, Azərbaycan nümayəndə heyətinin Avropa Şurası və AŞPA-dan narazılığı, hansısa arqument və ya hüquqi əsas göstərməyə cəhd etməsi Avropa standartlarına qarşı davam edən sistemli müqavimətin təzahürüdür.

25 ilin yekunu

İyirmi beş illik üzvlüyün yekununa nəzər saldıqda tərəflərin qazandıqları və itirdikləri məqamlar daha aydın görünür. Azərbaycan bu müddət ərzində Avropa hüquqi mexanizmlərinə çıxış əldə etdi. Lakin bu imkanlar real demokratik transformasiyaya çevrilmədi. Dövlət idarəçiliyi avtoritar xarakterini qorudu, hüquqi institutlar siyasi iradəyə tabe edildi və Avropa Şurasına üzvlük daha çox formal status kimi qaldı. Avropa Şurası isə üzvlüyün coğrafiyasını genişləndirsə də, normativ üstünlük iddiasını və mənəvi legitimliyini ciddi şəkildə zəiflətdi.  

Nəticə etibarilə, Azərbaycan–Avropa Şurası münasibətləri postsovet məkanında demokratik institutların formal xarakter alaraq necə imitasiya oluna bildiyini, beynəlxalq təşkilatların isə bu imitasiya qarşısında hansı həddə qədər təsirli ola bildiyini göstərən ibrətamiz siyasi təcrübədir. Bu münasibətlər bizə bir daha göstərdi ki, hansısa təşkilata üzvlük və deklarativ öhdəliklər demokratik dəyərlərin təminatı üçün kifayət deyil. Yalnız sistemli nəzarət, prinsipial mövqe və siyasi iradə bu dəyərlərin real şəkildə həyata keçirilməsini təmin edə bilər.


Qeyd və İstinadlar

[1] Assembly.coe.int, Azerbaijan’s application for membership of the Council of Europe, https://assembly.coe.int/nw/xml/XRef/X2H-Xref-ViewHTML.asp?FileID=8943&lang=EN

[2] Bax: Əbilov, Ataxan Vəli oğlu. Avropa Şurası və Azərbaycan / elmi red. A. Rəcəbli.- Bakı: QAPP-POLIQRAF NPK, 2001. 100.

[3] Echr.coe.int, Avropa İnsan Hüquqları Konvensiyası, https://www.echr.coe.int/documents/d/echr/convention_aze

[4] Echr.coe.int, European Court of Human Rights, https://www.echr.coe.int/

[5] Esiweb.org, Caviar Diplomacy – How Azerbaijan silenced the Council of Europe, https://www.esiweb.org/publications/caviar-diplomacy-how-azerbaijan-silenced-council-europe

[6] Esiweb.org, The European Swamp (Caviar Diplomacy Part 2) – Prosecutors, corruption and the Council of Europe, https://www.esiweb.org/publications/european-swamp-caviar-diplomacy-part-2-prosecutors-corruption-and-council-europe

[7] Esiweb.org, Caviar Diplomacy – How Azerbaijan silenced the Council of Europe, https://www.esiweb.org/publications/caviar-diplomacy-how-azerbaijan-silenced-council-europe

[8] Odihr.osce.org, Azerbaijan 2024 early presidential and parliamentary elections: ODIHR observation missions final reports, https://odihr.osce.org/odihr/elections/azerbaijan/586800

[9] Freedomhouse.org, Nations in Transit 2024: Azerbaijan, https://freedomhouse.org/country/azerbaijan/nations-transit/2024

[10] Pace.coe.int, PACE resolves not to ratify the credentials of Azerbaijan’s parliamentary delegation, citing a failure to fulfil “major commitments”, https://pace.coe.int/en/news/9358

[11] Bbc.com, Avtoritarlıq şərhləri Erkin Qədirlini REAL-dakı vəzifəsindən uzaqlaşdırdı, https://www.bbc.com/azeri/azerbaijan/2014/05/140513_erkin_gadirli_real_movement

[12] Pace.coe.int, Г-н Фазиль МУСТАФА (Азербайджан, АЛДЕ), https://pace.coe.int/en/members/6682/mustafa

[13] Meydan.tv, AŞPA üzvü: “Onlar şimal və cənub qonşumuz tərəfindən dəstəkənir”, https://www.meydan.tv/az/article/milli-suranin-sedri-hokumet-demoqrafik-menzereni-guzgu-kimi-ortaya-qoymalidir/

[14] Esiweb.org, Azerbaijan debacle: The PACE debate on 23 January 2013, https://www.esiweb.org/publications/azerbaijan-debacle-pace-debate-23-january-2013

[15] Azertag.az, AŞPA-da “siyasi məhbuslarla” bağlı hesabatın qəbul edilməməsi Azərbaycanın haqlı mübarizəsinin məntiqi nəticəsidir, https://azertag.az/xeber/aspa_da_siyasi_mehbuslarla_bagli_hesabatin_qebul_edilmemesi_azerbaycanin_haqli_mubarizesinin_mentiqi_neticesidir-200260

[16] Hrw.org, Council of Europe Should Address Azerbaijan Rights Crackdown, https://www.hrw.org/news/2024/09/25/council-europe-should-address-azerbaijan-rights-crackdown

[17] Esiweb.org, Caviar Diplomacy – How Azerbaijan silenced the Council of Europe, https://www.esiweb.org/publications/caviar-diplomacy-how-azerbaijan-silenced-council-europe

[18] Esiweb.org, The European Swamp (Caviar Diplomacy Part 2) – Prosecutors, corruption and the Council of Europe, https://www.esiweb.org/publications/european-swamp-caviar-diplomacy-part-2-prosecutors-corruption-and-council-europe

[19] Coe.int, REPORT of the Independent Investigation Body on the allegations of corruption within the Parliamentary Assembly, https://assembly.coe.int/Communication/IBAC/IBAC-GIAC-Report-EN.pdf

[20] Occrp.org, Italian Court Sentences Former Council of Europe MP for Bribery, https://www.occrp.org/en/news/italian-court-sentences-former-council-of-europe-mp-for-bribery

[21] Occrp.org, Germany Indicts Two Ex-MPs for Bribery, https://www.occrp.org/en/news/germany-indicts-two-ex-mps-for-bribery

[22] Oc-media.org, Council of Europe MPs suspected of ‘corruptive’ activities for Azerbaijan, https://oc-media.org/council-of-europe-mps-suspected-of-corruptive-activities-for-azerbaijan/

[23] Esiweb.org, Caviar Diplomacy – How Azerbaijan silenced the Council of Europe, https://www.esiweb.org/publications/caviar-diplomacy-how-azerbaijan-silenced-council-europe

[24] Pace.coe.int, Azerbaijan’s application for membership of the Council of Europe

Opinion 222 (2000), https://pace.coe.int/en/files/16816/html

[25] Amnesty.org, Azerbaijan 2025, https://www.amnesty.org/en/location/europe-and-central-asia/azerbaijan/report-azerbaijan/

[26] Pace.coe.int, Reported cases of political prisoners in Azerbaijan, Resolution 2322 (2020), https://pace.coe.int/en/files/28584/html

[27] Odihr.osce.org, Azerbaijan 2024 early presidential and parliamentary elections: ODIHR observation missions final reports, https://odihr.osce.org/odihr/elections/azerbaijan/586800

[28] Venice.coe.int, Azerbaijan, Opinion on the draft modifications to the Constitution, https://www.venice.coe.int/webforms/documents/default.aspx?pdffile=CDL-AD(2016)029-e

[29] Venice.coe.int, Documents, Azerbaijan, https://www.venice.coe.int/webforms/documents/?country=41&year=all

[30] Pace.coe.int, Azerbaijan’s application for membership of the Council of Europe

Opinion 222 (2000), https://pace.coe.int/en/files/16816/html

[31] Abzas.org, The Ombudsman’s report does not contain a single sentence about political arrests or torture, https://abzas.org/en/2025/4/the-ombudsmans-report-does-no9595b438-c/

[32] Pace.coe.int, PACE resolves not to ratify the credentials of Azerbaijan’s parliamentary delegation, citing a failure to fulfil ”major commitments”, https://pace.coe.int/en/news/9358

[33] Strasbourgobservers.com, The Parliamentary Assembly of the Council of Europe, is at it again. On the non-ratification of the credentials of Azerbaijan’s parliamentary delegation, https://strasbourgobservers.com/2024/03/08/the-parliamentary-assembly-of-the-council-of-europe-is-at-it-again-on-the-non-ratification-of-the-credentials-of-azerbaijans-parliamentary-delegation/

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.