Cəmiyyət

Cəmiyyət

Azərbaycanın müasir tarixi siyasətçilərin şərhində: Əbdülrəhman Vəzirov – II Hissə

Read this article on other language
Download article
image_pdf
image_pdf

Hakimiyyət, müxalifət, ziyalılar

(Məqalənin ilk hissəsinə keçid bu mətnin sonundadır)

Respublikanın sosial problemlərini müəyyənləşdirən Vəzirov qısa zamanda müxtəlif layihələrin icrasına başladığını qeyd edir. Vəzirov ilk növbədə sosial gərginliyi azaltmaq üçün DQMV-nin erməni icmasının kəskin narazılığına səbəb olan problemləri aradan qaldırmağa çalışır. Belə ki, vilayətdə yeni poliklinika, xəstəxana inşa edilir, mebel fabrikası genişləndirilir, Badarçay üzərində su anbarının tikilməsi ilə evlərin su ilə təchizatı təmin olunur, vilayət televiziyası təşkil edilir. Həmin dövrdə Azərbaycanın müxtəlif bölgələrində fərdi yaşayış evlərinin, 31 xəstəxananın, tibb məntəqələrinin, hamamların tikintisinə başlanılıb. İnşaat işlərinin sürətlənməsi 1989-cu ildə Sumqayıtda bütün barakların (baraklar ümumi mətbəxi və sanitar qovşağı olan, adətən qoşun, xəstə və fəhlələrin müvəqqəti yaşaması üçün nəzərdə tutulan bir və ya iki mərtəbəli yüngül tikililər idi) sökülməsinə imkan yaratdı. Bir çox bölgələrə təbii qazın verilməsinə başlanıldı. 1989-cu ildə radio zavodunda Korvet kompüterlərinin istehsalına başlanıldı. Vəzirov xatırlayır ki, onun sosial layihələri cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb, məsələn, hamam tikdirməsi xalq arasında düzgün başa düşülmədi, onu Qarabağ problemini həll etməkdənsə, hamam tikməkdə günahlandırdılar. Lakin o düşünürdü ki, sosial problemlərin həll edilməsi narazılıqların azalmasına, etnik qarşıdurma və ərazi iddialarına son qoyulmasına səbəb ola bilər.  

\Vəzirov eyni zamanda müxtəlif sahələrdə rüşvətxorluğa qarşı fəal mübarizə apardığını vurğulayır, bununla əlaqədar ali təhsil müəssisələrinə qəbulun şəffaf keçirildiyini qeyd edir. Ticarətdə monopoliyanın qarşısını almaq üçün daxili rüsumların tətbiq edildiyini, nəticədə Bakı bazarlarında meyvə-tərəvəz bolluğunun yarandığını bildirir. Vəzirov ticarətdəki monopolistlərlə mübarizənin narazılıq doğurduğunu,  İsa Qəmbərin bu haqda onu xəbərdar etdiyini də yazır.[1] “Bir nəfər mənə dedi ki, bu işi təşkil edənlər 2 həftə ərzində 200 milyon rubla qədər gəlir itiriblər. Onlar deyirlər ki, biz istənilən məbləği ödəməyə hazırıq, amma Vəzirov gələn ilin yayına qədər hakimiyyətdə qalmamalıdır.”[2]

Vəzirov rəhbərliyi dövründə ən böyük uğurunu hakimiyyətlə xalq arasında körpü yaratmasında görür. Vəzirov qeyd edir ki, partiya rəhbərliyi artıq uzun illər idi ki, xalqla təmasda olmurdu, rəhbərlər əyalətlərə gedəndə yollar bağlanır, əhalinin şikayətləri hakimiyyət tərəfindən dinlənilmirdi, yəni fəhlə-kəndli hakimiyyətinin qapıları nə fəhlələrə, nə də kəndlilərə açıq deyildi. Vəzirov qəlbən demokrat olduğunu, hakimiyyətin xalqa xidmət etməli olduğunu düşündüyünü bildirir. Bu məqsədlə o, hakimiyyəti xalqa əlçatan etmiş, yolların bağlanması praktikasından imtina etmiş, xalqla sıx təmas qurmağa çalışmışdı. Vəzirov özü də daxil olmaqla bütün rəhbər vəzifəli şəxslərin telefon nömrələrinin dərc edilməsi haqqında göstəriş vermiş, məsul şəxsləri xalqı dinləməyə vadar etmişdi.[3] Vəzirov “gələcəkdə hakimiyyətin bütün strukturunda təmsil olunanların xalqa hesabatlı olmasını istədiyini” bildirir. Bununla yanaşı, Vəzirov hakimiyyəti dövrünə təsadüf etmiş (1989-cu ilin martında SSRİ Ali Sovetinə) yeganə seçkilərin demokratik şəraitdə keçirilməsini təmin etmək istəməmişdi.

Vəzirov xatirələrində Qarabağ münaqişəsi, bu münaqişədə Moskvanın və Ermənistan SSR rəhbərliyinin, həmçinin Ermənistan və Azərbaycan ziyalılarının rolu haqqında geniş fikir yürüdür. Tarixə ekskurs edən Vəzirov yazır ki, sovet dövründə Dağlıq Qarabağın Ermənistana verilməsi ilə bağlı üç cəhd olub. Birinci cəhdin qarşısını Mircəfər Bağırov alıb, ikinci cəhdin qarşısını isə Nikita Xruşşov alıb. 1962-ci ildə ermənilər Böyük Ermənistan ideyasından danışaraq Türkiyə və Qarabağ ermənilərinin Ermənistanla birləşməsini istədiklərini deyəndə Xruşşov Ermənistana birləşmək istəyən bütün Qarabağ ermənilərinə avtobus və yük maşınları verməyə hazır olduğunu bildirib.[4] Vəzirov yazır ki, ermənilərin üçüncü cəhdinə Moskva çevik, adekvat reaksiya verə bilmədi, bunun əsas səbəbi isə Qorbaçova yaxın olan MK üzvlərinin, xüsusilə də Siyasi Büronun üzvü Aleksandr Yakovlevin ermənipərəst mövqeyi idi.  

Ermənistan rəhbərliyi ilə dəfələrlə görüşən Vəzirov münaqişənin sülh yolu ilə həll olunmasına çalışdığını deyir, lakin Ermənistan rəhbərliyinin Azərbaycana qarşı düşmən mövqe tutduğunu vurğulayır. Ermənistan rəhbərliyinin Dağlıq Qarabağın erməni icmasının separatçı çıxışlarını dəstəkləməsini Vəzirov Qarabağ komitəsi ilə Ermənistan kommunistləri arasında hakimiyyət uğrunda mübarizə ilə izah edir. Vəzirov yazır ki, Qarabağ komitəsinin rəhbəri Levon Ter-Petrosyan inanırdı ki, münaqişə onların hakimiyyətə gəlməsinə yardım edəcək. Bu fikir Azərbaycan müxalifətində də mövcud idi. Vəzirov bununla əlaqədar AXC yaradıcılarından Vaqif Səmədoğlunun sözlərini xatırlayır: “Ermənistanda gedən demokratik proseslərə mane olmaq lazım deyil.” Vəzirov Vaqif Səmədoğlunun sözlərini belə şərh edir: Ermənistandakı demokratik proseslər Qarabağın Ermənistana birləşdirilməsi tələbindən başqa bir şey deyildi, bu tələbi demokratik proses adlandıran və onu təşviq edən AXC əslində separatçıları dəstəkləmiş olurdu. Vəzirov xüsusi olaraq vurğulayır ki, Qarabağ münaqişəsinin alovlanmasında təkcə Ermənistan deyil, digər müttəfiq respublikaların müxalif qüvvələri,  o cümlədən xarici qüvvələr maraqlı idi. “Litvanın Syaudis-i,[5] Ukraynanın RUX-u,[6] Moldova və Estoniyanın Xalq Cəbhələri, Orta Asiya respublikalarında milli hərəkatlar erməni separatçılarının qələbə qazanmasında maraqlı idilər”, çünki bunun SSRİ-nin dağılmasına səbəb olacağını düşünürdülər. Bu işdə xarici qüvvələr, Azadlıq Radiosu, BBC, Azad Avropa, Amerikanın Səsi də fəallıq göstərir, təxribatlarla münaqişəni alovlandırırdılar.[7] Vəzirov eyni zamanda vurğulayır ki, münaqişə başlayan zaman Azərbaycanda yarım milyonluq erməni icması var idi və nə separatçıları, nə də Ermənistan rəhbərliyini onların taleyi maraqlandırmırdı, Ermənistan rəhbərliyi Moskvanın bütün qərarlarına etinasız yanaşırdı.

Vəzirov xatirələrində və müsahibələrində Azərbaycan müxalifətinə münasibətini ətraflı izah edir. Vəzirov xatırlayır ki, hakimiyyətə gəldikdən bir ay sonra AXC təsis konfransı keçirdi. Bundan sonra respublikada müxtəlif siyasi qüvvələr, eyni zamanda kölgə iqtisadiyyatının üzvləri “Dağlıq Qarabağ münaqişəsi zəminində mənə qarşı birləşdilər.”[8] AXC-nin radikal qoluna Əbülfəz Elçibəyin, solçulara Zərdüşt Əlizadənin, liberallara isə İsa Qəmbərin başçılıq etdiyini yazan Vəzirov onların arasında fitnəkar, simasız qüvvələrin olduğunu vurğulayır və qeyd edir ki, bu qüvvələr bir qədər sonra Bakıda mağazaları dağıdaraq, şəxsi maşınlara xəsarət yetirərək talançılıqla məşğul olmağa başladılar. Vəzirov xüsusi olaraq qeyd edir ki, 1993-cü ildə Füzuli ermənilər tərəfindən işğal olunmamışdan qabaq onun dayısının evi AXC üzvləri tərəfindən dağıdılmışdı. Bununla yanaşı, Vəzirov AXC sıralarında ağıllı, müdrik insanların olmasını da inkar etmir.  

Vəzirov müxalifəti tənqid etsə də, onu qadağan etməyin əhəmiyyətsiz olduğunu düşünüb və müxalifətlə əməkdaşlıq etməyə üstünlük verdiyini, xüsusilə Qarabağ probleminin həllində müxalifətlə konstruktiv dialoq qurmağa çalışdığını bildirir. Vəzirov AXC-nin rəsmi qeydiyyatına, qəzetlərinin nəşrinə icazə verdiyini, nümayəndələrinin televiziyada çıxışına imkan yaratdığını yazır. 1989-cu ilin aprelində Vəzirov AXC üzvlərini qəbul edərək Qarabağ uğrunda birgə mübarizə üçün gücləri birləşdirməyə cəhd göstərib, lakin AXC əməkdaşlıq etmək istəməyib. AXC tətil komitəsinin iclaslarında fəhlələr kütləvi tətillərə çağrılırdı və tətillərin məqsədinin Qarabağı müdafiə etmək olduğu bildirilirdi. Vəzirov yazır ki, tətillərin Dağlıq Qarabağı necə müdafiə edəcəyini anlaya bilmirdi. Bakıda keçirilən tətillərdə bir milyondan çox insanın iştirak etməsi haqqında məlumatları həqiqətdən uzaq sayan Vəzirov qeyd edir ki, həmin dövrdə paytaxtda cəmi 1,2  milyon əhali yaşayırdı, sənaye müəssisələrində çalışanlar isə bu mitinqlərə qoşulmur, qayda-qanunu qorumağa çalışırdılar.[9]

Vəzirov müxalifətin məsuliyyətsiz şüarlarının Azərbaycan və azərbaycanlılar üçün faciəli nəticələrə səbəb olduğunu qeyd edir. Müxalifətin tez-tez Cənubi Azərbaycanı birləşdirmək haqqında səsləndirdiyi şüarlar tezliklə Tehranı Ermənistanı dəstəkləməyə vadar etdi, Dağlıq Qarabağda azərbaycanlılar üçün muxtariyyətin tələb edilməsi isə azərbaycanlı icmanın tamamilə DQMV-dən qovulması ilə nəticələndi. Vəzirov yazır ki, 1990-cı ilin yanvarında Bakıya qoşun yeridilməsinin səbəbi də AXC-nin məsuliyyətsiz addımları idi. 1989-cu ilin dekabrında Cəlilabad rayon partiya komitəsinin və milisin binası dağıdıldı, hakimiyyət AXC nümayəndələri tərəfindən ələ keçirildi, Naxçıvanda İranla sərhəd zolaqları dağıdıldı, dəmiryolları blokadaya alındı. 1990-cı ilin yanvarında AXC Lənkəranda sovet hakimiyyətini devirərək Talış-Muğan respublikasının yaradıldığını elan etdi, Bakıdakı mitinqlərdə “ermənilərsiz Bakı” şüarları səsləndirilməyə başlandı. Ardınca AXC qeyri-qanuni silahlı dəstələr yaratdı. Bütün bunlar SSRİ rəhbərliyi tərəfindən qanuni hakimiyyətin devrilməsinə cəhd kimi qiymətləndirildi, hərbiçiləri qəti addım atmağa vadar edən isə AXC silahlı dəstələrinin Bakı ətrafında saxlanılan nüvə sursatı anbarlarına hücum ehtimalı oldu. Beləliklə, Vəzirov iddia edir ki, 1990-cı ilin yanvarında baş verənlər AXC rəhbərliyinin düşünülməmiş, məsuliyyətsiz siyasətinin nəticəsi idi. AXC rəhbərliyi yanvar hadisələrini 1990-cı ilin yazında keçirilməsi nəzərdə tutulan seçkilərdə mümkün qələbəsinin qarşısının alınması cəhdi kimi şərh etsə də, bu, həqiqətə uyğun deyildi. Vəzirov seçkilərdə AXC-nin uğur qazanacağının mümkünsüzlüyünə inanırdı.  Vəzirov yazır ki, həmin hadisələrdən bir müddət sonra Bakıya gələndə ilk işi Şəhidlər Xiyabanını ziyarət etmək olub, lakin orada AXC rəhbərlərindən bir nəfərin də məzarını tapa bilməyib.  

1990-cı ilin yanvarında Bakıya qoşun yeridilməsi və qan tökülməsinin beynəlxalq aləmdə rezonans doğurmamasının, sovet hakimiyyətinin qınanmamasının səbəbi bu əməliyyatın milli qırğının qarşısının alınması kimi təqdim edilməsi idi. 1989-cu ildə ABŞ dövlət katibi Ceyms Beyker SSRİ Xarici İşlər naziri Eduard Şevardnadze ilə danışıqlar zamanı bildirib ki, SSRİ rəhbərliyi vəziyyəti nəzarətə almaq üçün Bakıda ciddi tədbirlərə əl atarsa, ABŞ rəhbərliyi bunu anlayışla qarşılayacaq.[10] Beynəlxalq aləmin Azərbaycan və azərbaycanlılara münasibətinə toxunan Vəzirov yazır ki, Ermənistandan bütün azərbaycanlı icması qovulanda nə beynəlxalq təşkilatlar, nə də sovet rəhbərliyi bunu qınamadı.

Vəzirov AXC-nin hakimiyyətə gəlməsini milli-azadlıq hərəkatının nəticəsi kimi görmür, qeyd edir ki, bu, SSRİ-də hakimiyyətin zəifləməsi nəticəsində mümkün olub. Vəzirov vurğulayır ki, hakimiyyət zorakılıq hüququndan istifadə etmək istəmədikdə bu hüququ başqaları ələ keçirir və hakimiyyətin həmin hüququ geri alması olduqca çətinləşir.[11] Vəzirov bunu sovet hakimiyyətinin erməni separatçılara qarşı sərt tədbir görmək istəməməsi ilə bağlı yazır: “hakimiyyət zorakılıq hüququndan istifadə etmədi,  bu hüquq separatçılar, özlərini müxalifət adlandıran qüvvələr tərəfindən ələ keçirildi.” Bu qüvvələr isə qısa zamanda mafioz qrupların əlində oyuncağa çevrildi. Vəzirov bunu əsas götürərək yazır ki, erməni-azərbaycanlı qarşıdurması nə dini, nə də etnik münaqişədir, bu münaqişə siyasi xarakter daşıyır.[12] Vəzirov eyni zamanda qeyd edir ki, bölgəni yaxşı tanıdığı üçün onu bölüşdürməyin mümkün olmayacağını anlayırdı.

Vəzirov 1992-ci ildə AXC sıralarında bir-biri ilə rəqabət aparan 22 qrupun yarandığını bildirir. Bu qrupların hamısının adında “milli” sözü var idi, lakin onları millət və milli maraqlar az düşündürürdü.[13] Vəzirov köçkünlərin və Qarabağdan qovulmuşların AXC-ni dəstəkləməsini, onların rəhbərlərinə inanmasını belə izah edir: “bu insanları AXC vasitəsilə hakimiyyətə gəlməyə can atan qüvvələr manipulyasiya edirdilər.” AXC-nin arxasınca gedənlər kütlə idi, AXC arxasında kütləni görüb bütün dünyanın onun arxasında durduğunu düşünürdü, dərk etmirdi ki, kütlədən istifadə edənlər əsil siyasətçilərdir və kütlə həmin siyasətçiləri hakimiyyətə gətirmək üçün çalışır.[14] Vəzirov xüsusi olaraq vurğulayır ki, bu fikirlərini görüşlərin birində Əbülfəz Elçibəyə deyib, lakin Elçibəy ilk vaxtlar onun sözlərinə əhəmiyyət verməyib, sonralar isə onun haqlı olduğunu etiraf edib.[15] Vəzirov AXC-nin qısa zamanda hakimiyyəti itirməsinin iki səbəbini qeyd edir. Əvvəla, xalq onların idarə etmək qabiliyyətində olmadığını anladı, ikincisi isə onlar Qarabağı müdafiə edə bilmədilər, torpaqlar itirildi.

Azərbaycan ziyalılarının 1980-90-cı illərin müxalifət hərəkatında iştirakını təhlil edən Vəzirov yazır ki, 1985-ci ildən respublikada tarixi təftişə yönəlmiş Oğuz, Tərəqqi, Varlıq kimi təşkilatlar fəaliyyət göstərirdi, onlar gənc ziyalıların nümayəndələrindən ibarət idi. Ziyalıların bir hissəsi bu təşkilatlara qoşulmuşdu və anti-hökumət şüarları səsləndirdikləri üçün hansı vəzifələri tutacaqları ilə maraqlanırdılar. Vəzirov müxalifət cəbhəsində aktivlik göstərənlərin sovet cəmiyyətində uğur qazana bilməyənlərdən ibarət olduğunu vurğulayır. Bəzi ziyalılar bu hərəkatın hansı faciəyə səbəb olacağını sonradan dərk etdilər.[16] Vəzirov eyni zamanda elmi araşdırmalarda Azərbaycan ziyalılarının, xüsusilə tarixçilərin Ermənistan ziyalılarına uduzduğunu yazır. Vəzirov vurğulayır ki, Ermənistan Elmlər Akademiyasının alimləri illərlə güclərini tarixi faktların saxtalaşdırılmasına, separatçılığın əsaslandırılmasına yönəltmişdilər. Azərbaycanın elmi potensialının zəifliyi, alimlərin acizliyi isə göz qabağında idi. Vəzirov xatırlayır ki, Qarabağ münaqişəsinin həlli üçün ziyalıların nə düşündüyünü anlamaq, onlardan dayaq almaq istəyib. Ziyalılarla görüşlərdən heç bir nəticə əldə edə bilmədiyini  qeyd edən Vəzirov yazır ki, bütün görüşlərdə ziyalılar yalnız küçələrin, meydanların adlarını dəyişməkdən danışırdılar. “Azərbaycan SSR Elmlər Akademiyası Prezidiumunun üzvləri ilə görüşdən əvvəl son 5 ildə  Azərbaycan alimlərinin respublikanın sosial-iqtisadi və mənəvi inkişafı ilə bağlı hansı təşəbbüslər irəli sürdüyü ilə maraqlandım, məlum oldu ki, belə bir təşəbbüs olmayıb. Yazıçılar Birliyinin üzvləri ilə görüş də bir nəticə vermədi, məlum oldu ki, onların potensialından istifadə olunmayıb, onlar xırda məsələlərlə maraqlanırlar. Qarabağ faciəsi ilə üz-üzə qalmış xalqa güclü ziyalı lazım idi, amma məlum oldu ki, xalqın parçalanmasının təşəbbüskarı elə ziyalıların özləridir.”[17]

Vəzirov azərbaycanlılar tərəfindən ona ünvanlanan bir çox suallara verdiyi cavabları xatirələrinə əlavə edib. Məktubların birində Vəzirovun naxçıvanlılara neqativ münasibətinin səbəbi soruşulur. Vəzirov yazır ki, naxçıvanlılar arasında çoxlu sayda dostları olub, heç bir zaman Azərbaycanı bölgələrə bölməyib və yerlibazlığın qəti əleyhdarı olub. Lakin onun hakimiyyəti dövründə naxçıvanlıların narazılığını doğuran hallar olub. Bu halların səbəbkarı isə onun özü deyil, partiyanın verdiyi qərarlar olub. Vəzirov yazır ki, 1988-ci ildən başlayaraq Moskva partiya və dövlət aparatının ixtisarına başlayıb. Azərbaycanda yüksək vəzifələrin böyük hissəsi ləğv edilib. İxtisarlar nəticəsində MK-da 15 şöbədən cəmi 5-i qalıb, mərkəzi aparat işçilərinin sayı isə 50% azalıb. Azərbaycanda da yüksək vəzifələri Naxçıvan klanının üzvləri tutduğundan vəzifəsini itirmiş kifayət qədər naxçıvanlı var idi. Narazılıq doğuran da məhz bu idi.[18]

Vəzirov xatirələrində hakimiyyət və lider haqqında fikirlərini bölüşür və yazır ki, adətən ölkəni əyalətlərdən gələnlər idarə edir, onlar karyera üçün hər şey etməyə hazır olanlardır, onların özlərini önə çəkmək kimi unikal qabiliyyəti var. Vəzirov güclü elit təbəqənin mövcud olduğu mühitdə əyalətdən gələnlərin hakimiyyətə necə yüksəlməsinə də aydınlıq gətirir. Adətən elit təbəqələr öz aralarına yadları qəbul etmirlər. Lakin elit təbəqələr arasında parçalanma baş verdikdə onlar öz içərilərindən kiminsə yüksəlməsinə imkan vermir, kənardan birini içəriyə dəvət edirlər, çünki düşünürlər ki, bu kənar şəxsi idarə etmək, nəzarətdə saxlamaq asan olacaq. Lakin elit təbəqə unudur ki, adət etmədiyi, yad mühitə düşmüş əyalət nümayəndəsi mövqeyini qorumaq üçün tezliklə öz yerlilərini arxasınca dartır, onların köməyi ilə mövqeyini möhkəmlətməyə çalışır və buna nail olur.

Nəticə

Əbdülrəhman Vəzirov sovet nomenklaturasının səciyyəvi nümayəndəsidir. Gənc yaşlarında Avropa və Amerikanın inkişaf etmiş dövlətlərinə səyahət etmək, Qərb mədəniyyəti, cəmiyyəti və siyasi sistemi ilə yaxından tanış olmaq imkanına malik olmuş Vəzirov sovet cəmiyyətini, marksizm-leninizm ideologiyasını daha cazibədar və ədalətli hesab edib. Vəzirov Kommunist Partiyasının ideyalarına inanan, sosial layihələrini, hətta sərt idarəçilik sistemini dəstəkləyən kommunist olub. Qəlbən demokrat olduğunu iddia edən Vəzirov Stalinin idarəetmə metodlarını tarixi zərurət hesab edib, Kommunist Partiyasının təbliğatı və təşviqatı altında mükəmməl sovet vətəndaşının yetişdirildiyinə inanıb. Vəzirov sovet dövlətinin son illərində həm partiya rəhbərliyində, həm də cəmiyyətdə baş verən mənəvi-etik geriləməni böyük faciə hesab edib.

Sözsüz ki, rəhbər vəzifəyə təyin olunan zaman respublikada mövcud olan böhranlı vəziyyətə görə Vəzirovu günahlandırmaq olmaz. Vəzirovun hakimiyyəti dövründə Azərbaycan heç bir torpaq itirməyib,  yanvar ayında Bakıya qoşun yeridilməsində də onun rolu olmayıb, bu qərar onunla razılaşdırılmadan qəbul edilib. Bu hadisəni sovet rəhbərliyinin ona qarşı təxribatı kimi qəbul edən Vəzirov bundan sonra hakimiyyətlə əməkdaşlıqdan imtina edib.

Vəzirov sovet hakimiyyəti ilə münasibətlərini təhlil edərkən qeyri-səmimi davranır, hakimiyyəti tənqid edərkən onun bir nümayəndəsi, dövlət nomenklaturasının üzvü kimi deyil, kənar şəxs kimi çıxış edir. Konformist olmaq istəmədiyini deyən Vəzirov əslində sovet hakimiyyətinin bir qrup seçilmiş təbəqə, bürokratik aparat üçün yaratdığı bütün imkanlardan bəhrələnə bilib, sovet hakimiyyəti altında əzilən, bütün hüquqlarından məhrum edilmiş, tamamilə dövlətin iradəsindən asılı vəziyyətə salınmış sovet vətəndaşlarının mənəvi-etik deqradasiyasının səbəbini görmək istəməyib. Vəzirov mafioz qruplar adlandırdığı insanların partiya və dövlət orqanlarında yüksək vəzifə tutanlardan ibarət olduğunu, kölgə iqtisadiyyatının da onlar tərəfindən idarə edildiyini bilsə də,  bunu etiraf etmir. Vəzirov sovet hakimiyyəti ilə sovet cəmiyyəti arasında artıq illərdir ki, dərin bir uçurumun olduğunu görsə də, onun səbəbləri haqqında danışmaqdan çəkinib.  

Bununla belə Vəzirov Azərbaycan xalqının daha yaxşı idarəçiliyə, daha yaxşı rəhbərə, sosial həyata layiq olduğunu, demokratiyanın Azərbaycan xalqına yad olmadığını hesab edirdi. Vəzirov hakimiyyəti xalqa əlçatan etməyin, hakimiyyətdə olanların fəaliyyətini isə cəmiyyətin nəzarətinə tabe etməyin yolları haqqında düşündüyünü deyirdi.

Məqalənin birinci hissəsi:


Qeydlər və istinadlar:

[1] Yenə orada, 236.

[2] События 20 января 1990 года. 215 kл. https://www.youtube.com/watch?v=-AyJsXO7XLg

[3] Везиров, 2018, 192.

[4] Yenə orada, 208-9.

[5] Syaudis (Hərəkat) 1988-1990-cı illərdə Litva SSR-da ictimai-siyasi təşkilat olmuşdur.

[6] RUX (Ukrayna Milli Hərəkatı) 1989-cu ildə Ukrayna SSR-da yaradılmış siyasi partiyadır.

[7] Везиров, 2018, 198.

[8] Yenə orada, 200.

[9] Yenə orada, 201.

[10] Yenə orada, 229.

[11] Везиров, 2018, 256.

[12] Yenə orada, 212.

[13] Везиров, 2018, 203-4.

[14] Yenə orada.

[15] Yenə orada.

[16] Yenə orada, 199.

[17] Везиров, 2018, 194.

[18] Yenə orada, 225.

Paylaş
FacebookTwitter

Facebook Comment
bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.