Ətrafımızda baş verən hər bir hadisə müəyyən müddət keçdikdən sonra tarixin tədqiqat obyektinə çevrilir. Bu obyektlərin tədqiqi, təhlili və qiymətləndirilməsi üçün çox zaman məxfi, şəxsi və dövlət əhəmiyyətli bir sıra sənədlərə çıxış tələb olunur. Tədqiqatçılar adətən bu sənədləri hadisələrin üstündən 70 il keçdikdən sonra əldə edə bilirlər. Hesab olunur ki, 70 il ərzində tədqiq edilən hadisələrdə iştirak etmiş insanlar artıq dünyada olmayacaq və bu da həmin hadisələri şəxsi həyata müdaxilə etmədən tədqiq etmək imkanı verəcək.
Hadisənin tarixin tədqiqat obyektinə çevrilməsi üçün ən azı 70 il lazım olmasına baxmayaraq, Azərbaycan tarixi dərsliklərində ən son hadisələr də əks olunub. Bu hadisələrin həm iştirakçıları, həm də müşahidəçilərinin sağ olmasına baxmayaraq, onlar ciddi şəkildə təhrif edilir. Çünki bu təsvir həmin hadisələrdən sonra dünyaya gəlmiş nəsillər üçün nəzərdə tutulub. Bu səbəbdən də hakimiyyət düşünür ki, müasir dövrdə baş verən siyasi prosesləri tarixin bir parçası kimi istədiyi kimi nəql edə bilər.
1990-1993-cü illərdə baş verən hadisələrin üstündən 30 ildən bir qədər çox vaxt keçib. Bu isə o deməkdir ki, Azərbaycanda həmin hadisələri görməyən bir nəsil yetişib və bu nəsil həmin hadisələri hakimiyyətin dilindən dinləyir. Lakin bu nəslin valideynləri, baba-nənələri ya həmin hadisələrin müşahidəçiləri, ya da iştirakçıları olub. Onların bu hadisələri necə xatırlaması isə yaddaşları, təhlil etmək qabiliyyəti və şəxsi maraqlarından irəli gəlir. Bu baxımdan hələlik tarixə çevrilməmiş, lakin Azərbaycanın hazırkı sosial vəziyyətinə ciddi təsir göstərmiş 1990-cı illərin əvvəllərində baş verən siyasi proseslər haqqında dövrün siyasətçilərinin nə düşündüyü, həmin dövrü necə şərh etdikləri maraq doğurur.
Azərbaycanda şəxsi xarakterli mənbələrin (xatirələr, memuarlar, yazışmalar və s.) yaradılması ənənəsi güclü deyil. Siyasətçilər isə bu sahədə ümumiyyətlə məhsuldar deyillər. 1990-1993-cü illərdə Azərbaycan rəhbərliyində təmsil olunmuş dörd siyasətçidən (Əbdülrəhman Vəzirov, Ayaz Mütəllibov, Əbülfəz Elçibəy (Əliyev), Heydər Əliyev) yalnız birinin, Vəzirovun memuarları mövcuddur. Əliyev memuar yazmasa da, onun, demək olar ki, bütün çıxışları, müsahibələri və nitqləri kitab şəklində dərc olunub. Çıxışlarında Əliyev həm iştirakçısı, həm də müşahidəçisi olduğu siyasi prosesləri şəxsi nöqteyi-nəzərindən şərh edərək qiymətləndirib.
Bu yazı 1990-1993-cü illər arasında Azərbaycanda baş vermiş mühüm siyasi transformasiyaların Heydər Əliyev tərəfindən necə şərh edildiyinə həsr olunub. Bu təqdimat həm Sovet Azərbaycanına, həm də müstəqil Azərbaycana rəhbərlik etmiş sovet bürokratının hakimiyyət uğrunda mübarizəni necə görməsini, bu mübarizədə şəxsi yeri və rolunu necə müəyyənləşdirməsini və qiymətləndirməsini, həmçinin özünün hakimiyyətə hansı şəraitdə və şərtlər altında qayıtmasını əks etdirir.
1990-1993-cü illər Heydər Əliyevin gözü ilə
Heydər Əliyev Sovet Azərbaycanı KP MK-nın 11-ci birinci katibi, Azərbaycan Respublikasının 3-cü prezidentidir. Heydər Əliyev siyasi karyerası ilə bağlı heç bir xatirə və ya şəxsi mənşəli mənbə yazmayıb, lakin onun çıxışları, nitqləri, müsahibələri və bəyanatlarından ibarət Müstəqilliyimiz əbədidir adlı 38 cilddən ibarət külliyyat 1997-2011-ci illər arasında Azərnəşrdə nəşr olunub. Müasir Azərbaycanın tarixini Əliyevin gözü ilə bərpa etmək üçün bu külliyyatın 1-ci kitabındakı çıxışlarından, müsahibələrindən, bəyanat və müraciətlərindən istifadə edilib.
Heydər Əliyev 1987-ci ilin oktyabrında əvvəlcədən xəbərdarlıq edilmədən Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən, iki gün sonra isə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən çıxarılıb. Bundan sonra üç il ərzində dəfələrlə Baş katib Mixail Qorbaçovla əlaqə saxlamağa cəhd göstərsə də, bu cəhdləri uğursuzluqla nəticələnib. 1990-cı il yanvarın 19-da Qorbaçov özü Azərbaycandakı vəziyyətlə bağlı Əliyevə zəng edib. Əliyev bu söhbətin təfərrüatlarına varmaq istəmədiyini deyir. Ehtimal etmək olar ki, Qorbaçov Azərbaycandakı gərginlikdə onu günahlandırıb və söhbət kəskin tonda bitib, bir gün sonra isə Bakıya sovet qoşunları yeridilib.[1] Əliyev vəzifədən getdikdən sonra ona Azərbaycana qayıtmağa icazə verilmədiyini deyir. Əliyev Azərbaycana nə zaman qayıtdığını dəqiqləşdirmir, lakin 1991-ci ilin mayında böyük qardaşı Hüseyn Əliyevin dəfn mərasimində iştirak etmək üçün Bakıya gəldiyini qeyd edir. Həmin dövrdə Əliyev artıq Naxçıvan Ali Sovetinin sədri vəzifəsini tuturdu. Əliyev Naxçıvanı vətəni hesab etsə də, həyatının Naxçıvan dövrünü “üç illik mühacirət dövrü” adlandırır.[2]
Rəsmi sənədlər deyir ki, Əliyevə Azərbaycana gəlməyi qadağan edən olmayıb. Lakin onun siyasi ambisiyaları respublika rəhbərliyini ciddi narahat edib. Bu səbəbdən də 1990-cı ilin mayında Azərbaycan SSR Ali Sovetinin sessiyasında prezident postu təsis edilərkən, respublika rəhbəri Ayaz Mütəllibov konstitusiyaya prezidentliyə namizədlər üçün yaş həddini 70 yaş müəyyən edən xüsusi maddənin daxil edilməsinə nail olub və bununla da Əliyevin prezidentliyə namizəd olmasının qarşısı alınıb. Əliyev 1990-cı ildən Azərbaycanda olub, həmin ilin sentyabrında keçirilmiş Azərbaycan Respublikası Ali Sovetinə seçkilərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (NMSSR) Babək rayonu 340 nömrəli Nehrəm seçki dairəsindən namizədliyini irəli sürüb və deputat seçilib. Bir il sonra isə NMSSR Ali Sovetinin sədri olub. Əliyev deyir ki, Naxçıvanda onu qarşılamağa 60 min adam toplaşmışdı və onlar “Ə-li-yev!” deyə qışqırırdılar.[3] Qeyd edək ki, rəsmi məlumatlara görə, həmin dövrdə NMSSR-də 294 minə yaxın insan yaşayırdı, yəni Əliyevi qarşılayan və qışqıranlar 60 min idisə, bu rəqəm muxtar respublikanın əhalisinin 20.4%-i təşkil edirdi.[4]
Əliyev Naxçıvanda Ali Sovetin sədri olduğu dövrdə muxtar respublikadakı şərait və fəaliyyəti haqqında bir çox çıxış və müsahibələrində məlumat verir. Əliyev həmin dövrdə Naxçıvanda əhalinin işıq və qazın olmamasından əziyyət çəkdiyini, xüsusilə də qış vaxtı vəziyyətin ağır olduğunu deyir. Soyuqdan donmamaq üçün Naxçıvan meşələrinin 70%-inin baltalandığını qeyd edir.[5] Əliyev deyir ki, bu problem Azərbaycan hakimiyyəti (Azərbaycan Xalq Cəbhəsi) tərəfindən süni surətdə yaradılmışdı, onlar xüsusi olaraq Naxçıvanı blokadada saxlayırdılar ki, əhali Əliyevə qarşı çıxsın.[6] Digər bir müsahibəsində Əliyev AXC hakimiyyətinin ondan qorxduğunu qeyd edir və əlavə edir ki, hakimiyyətdəkilər Naxçıvandakı məişət problemlərinin onu hakimiyyətdən uzaqlaşdırmağa yardım edəcəyini düşünürdülər.[7]
Əliyev məişət problemlərini həll etmək üçün köhnə əlaqələrini işə saldığını, İran və Türkiyəyə səfər edərək hər iki ölkədən həm maliyyə, həm də xammal şəklində yardım alaraq problemi həll etdiyini qeyd edir. Əliyev Türkiyə prezidenti Süleyman Dəmirəlin ona 100 milyon dollar kredit verdiyini, İran prezidenti Əli Rəfsəncaninin də ona yardım etdiyini vurğulayır.[8] Əliyev Naxçıvanda hakimiyyətdə olarkən iki şeyi ən böyük uğuru hesab edir. Birinci, Ermənistan qoşunları tərəfindən Naxçıvana hücumun olmayacağı ilə bağlı Ermənistan prezidenti Levon Ter-Petrosyanla razılaşması; ikinci SSRİ Sərhəd Qoşunlarının Naxçıvandan çıxarılmasıdır. Ermənistanla 300 km uzunluğunda sərhədi olan Naxçıvanın Ermənistanla döyüşə bilməsi olduqca çətin olardı və bu səbəbdən də razılaşma Naxçıvan əhalisi tərəfindən böyük sevinclə qarşılandı.[9] Əliyev şəxsən Naxçıvanda yerləşən sərhəd qoşunları hissələrinin və motoatıcı diviziyanın silahlarını təhvil aldığını, onları Naxçıvanın Müdafiə nazirinə təhvil verdiyini deyir.[10]
Əliyevin Azərbaycanda hakimiyyətə qayıtmasına imkan verən bir çox səbəblər olub. Bunların içərisində iki səbəb, Qarabağ münaqişəsi və münaqişənin dərinləşməsi fonunda respublikanın siyasi qüvvələri arasında mübarizənin artması mühüm rol oynayıb. Bu mübarizə bəzi hallarda silahlı qarşıdurmaya çevrilib. Bu qarşıdurmalardan ikisi, Surət Hüseynovla AXC hakimiyyəti və Ələkrəm Hümbətovla AXC, sonra isə Heydər Əliyev arasındakı qarşıdurma Əliyevin hakimiyyətə qayıtması və möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb edib. Əliyev çıxışlarında hər iki münaqişə haqqında geniş mülahizələr yürüdüb.
Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtması haqqında danışarkən bunun Prezident Elçibəyin dəfələrlə və təkidli dəvətlərindən, arxasınca bir neçə dəfə Naxçıvana təyyarə göndərilməsindən sonra baş verdiyini vurğulayır.[11] Bununla əlaqədar Əliyev AXC ilə olan münasibətlərinə də aydınlıq gətirir. Əliyev qeyd edir ki, Naxçıvanda hakimiyyətdə olarkən AXC üzvlərinə vəzifə verən məhz o olmuşdu, lakin sonradan onlar özlərini həmin vəzifələrə layiq aparmadılar. Əliyev düşünürdü ki, AXC-nin sosial bazası heç zaman geniş olmamışdı. AXC Qarabağ münaqişəsi fonunda 1988-ci ildə yaranmışdı və kommunist rejiminə qarşı çıxırdı. Sovet dövlətinin Qarabağ problemini həll edə bilməməsi əhalinin narazılığına səbəb olmuşdu, AXC bu narazılıqları dilə gətirirdi və bu səbəbdən də xalq tərəfindən geniş müdafiə edilirdi.[12] Əliyev xalqın qəti şəkildə AXC ətrafında birləşməsini 1992-ci ilin mayında Mütəllibovun hakimiyyətə gəlməsinin uğursuz cəhdi ilə əlaqələndirir və deyir ki, Mütəllibovun həmin düşünülməmiş addımı xalqın narazılığına səbəb oldu və xalq AXC tərəfinə keçdi, iyun ayında keçirilən seçkilərdə isə Elçibəy Azərbaycanın prezidenti seçildi.
Əliyev bu seçkinin saxtalaşdırıldığını, əslində xalqın Elçibəyi seçmədiyini söyləyir və iddia edir ki, “Xalq Cəbhəsi hakimiyyətə siyasi partiya kimi normal demokratik mübarizədə gəlməmişdir.”[13] Əliyev deyir ki, hakimiyyətə gəldikdən sonra Elçibəy bütün vəzifələrə AXC üzvlərini təyin edir, özü isə AXC rəhbəri kimi qalmaqda davam edir. Əliyev deyir: “Əbülfəz Əliyev düşünürdü ki, o, Xalq Cəbhəsinin sədridirsə, prezident seçilmişdirsə, deməli, bütün rəhbər vəzifələrə AXC üzvlərini təyin edə bilər.”[14] AXC hakimiyyətinin kadr siyasətinə toxunan Əliyev deyir: “Kiçik elmi işçi, yazıçı olan bu adamlar dövlətin nə demək olduğunu başa düşmürlər. Halbuki özləri azadlıqdan, hürriyyətdən və haqq-ədalətdən dəm vurur, bunlardan ağızdolusu danışırlar, axırı nə oldu – hamılıqla oğurluğa qurşandılar!” Daha sonra əlavə edir:
"Elçibəylə Naxçıvandan telefon söhbətləri zamanı və fevralda mən onunla görüşərkən və sonralar, artıq iyun ayında, bizim yeni görüşümüz zamanı, mən ona demişdim ki, o, çox böyük siyasi səhvə yol verir. O, gərək prezident seçilən kimi Xalq Cəbhəsinin sədri vəzifəsindən gedəydi, çünki onu Xalq Cəbhəsi deyil, məhz Azərbaycan xalqı prezident seçmişdir. Lakin, təəssüflər olsun, o, AXC-yə nəinki üstünlük verir, həm də büsbütün və tamamilə yalnız AXC-yə arxalanırdı."[15]
Fevral görüşündə Əliyev Elçibəyə hakimiyyətdə olan insanların idarəetmə qabiliyyətini tənqid etdiyini söyləyir:
""Belə siyasət uğursuzluğa məhkumdur." Lakin Elçibəy “çox düşüncəsiz cavab verdi: ‘Biz idarə etməyi öyrənirik. Qoy təcrübəsizlər təcrübə toplasınlar. Toplamazlar, biz onları işdən çıxarar və yerlərinə başqalarını qoyarıq.’ Dedim: "Harda görünüb ki, xalqın başında dəlləklik öyrənəsiniz. Onun üzərində eksperimentlər aparırsınız?""[16]
Əliyev müsahibə və çıxışlarında Elçibəyə münasibəti haqqında da məlumat verir. O bildirir ki, heç bir zaman Elçibəyə müxalifətdə olmayıb. Onunla ilk dəfə 1993-cü ilin fevralında görüşüb, həmin görüşə qədər Elçibəyi şəxsən tanımayıb. Bu görüşdə Əliyev Elçibəyin ona NMSSR Ali Sovetinin sədri kimi lazımi diqqət göstərmədiyini, Naxçıvana yardım etmədiyini deyir. Üstəlik əlavə edir ki, AXC ona divan tutmaq üçün Naxçıvanı blokadaya aldırdı. Bu da onların münasibətinə təsir göstərən mühüm amil olub. Əliyev deyir ki, aralarında hər hansı sərt qarşıdurma olmayıb. [17]
Əliyev Elçibəyin xahişi ilə Bakıya gəlməsinin səbəbindən danışır: “bir ilə yaxın hakimiyyətdə olan AXC işlərin fəna olduğunu, xalqın onları didib-dağıdacağını anladıqdan sonra” onu Bakıya dəvət edir.[18] Vəziyyətin ciddi şəkil almasına səbəb isə Surət Hüseynovla bağlı problem olur. Bakıya gəldikdən sonra onun hansı vəzifə tutacağı müzakirə olunur. İlk təklifi, baş nazir vəzifəsini Əliyev qəbul etmir. 1993-cü il iyunun 11-də İsa Qəmbər Ali Sovetin sədri vəzifəsindən istefa verdikdən sonra deputatlar ona bu vəzifəni tutmağı təklif edirlər və o, əvvəl Hüseynovla görüşmək istədiyini, sonra qərar verəcəyini bildirir. Əliyev Hüseynovla görüşdükdən sonra Bakıya qayıdır və iyunun 15-də ona təklif edilən vəzifəni qəbul edir.[19]
Əliyev onun Bakıda hakimiyyətə qayıtmasına səbəb olan Hüseynovla ilk dəfə 1993-cü il iyunun 13-də tanış olduğunu deyir. Hüseynov artıq bir il idi ki, Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin Fövqəladə səlahiyyətli nümayəndəsi idi. Əliyev deyir ki, iyunun 4-də AXC silahlı dəstələri Hüseynova və onun hərbi hissəsinə qarşı təxribat törətmişdilər. Təxribatdan sonra Hüseynov Elçibəy və komandasının istefasını tələb etməyə başladı. Prezident də onun bəzi tələblərini yerinə yetirmişdi: Baş nazir (Pənah Hüseynov), Parlamentin sədri (İsa Qəmbər), Müdafiə naziri (Rəhim Qazıyev), Daxili işlər naziri (Abdulla Allahverdiyev) və Milli təhlükəsizlik naziri (Fəxrəddin Təhməzov) istefa vermişdilər.[20] Əliyev bütün gecəni Surət Hüseynovla yaranmış vəziyyəti müzakirə etdiyini deyir:
"Səhərisi o, məni şəhərə apardı. Mən döyüşlərin izlərini, dağıdılmış tikililəri, yanıb külə dönmüş mənzilləri gördüm, cinayətin izlərini gördüm ... İyunun 16-da Surət Hüseynovun qoşunları Xalq Cəbhəsinin hərbi birləşmələri ilə qarşılaşdı. Döyüş getdi, ölənlər oldu. Təbii ki, mən qardaş qırğınına yol verə bilməzdim. Axı onsuz da bu illər ərzində xalqın qanı çox tökülmüşdü. Mən Surətlə razılığa gəldim ki, onun qoşunları Bakıya girməyəcək, paytaxtda döyüş, qırğın olmayacaqdır."[21]
Əliyev Hüseynov-AXC qarşıdurmasını AXC liderlərinin cinayəti adlandırır. Bu görüşdən sonra geri dönən Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetin sədri vəzifəsinə seçilir. Əliyev bu vəzifəyə səs çoxluğu ilə seçildiyini demir, qeyd edir ki, “parlamentin bir çox deputatı, habelə Prezident Əbülfəz Elçibəyin özünün tövsiyələri ilə mən Azərbaycan Ali Sovetinin sədri seçilmişəm.”[22] 1993-cü il iyunun 15-də Əliyev ilk dəfə Milli Məclisdə Ali Sovetin sədri kimi çıxış edir. Həmin iclasda Prezident Elçibəy də iştirak etmişdi. Çıxışı zamanı Əliyev AXC hakimiyyəti dövründə Azərbaycanda aparılan siyasətin düzgün olmasından, bazar iqtisadiyyatı prinsiplərindən, respublikada mövcud olan hürriyyətdən, azadlıqdan danışmış, ümumən, son bir ildə respublikada AXC hakimiyyəti dövründə aparılan siyasətin düzgün və doğru olduğunu, özünün də bu siyasətin tərəfdarı olduğunu qeyd etmişdi.[23] Əliyev çıxışı zamanı Prezident Elçibəyin xarici siyasətini də müsbət qiymətləndirir. Respublikada yaranmış gərginliyin üç səbəbini göstərir: 1) Qarabağ münaqişəsi, 2) Surət Hüseynovla qarşıdurma və 3) etnik qruplar arasında münasibətlərin pozulması, yəni AXC-nin türkçülük siyasəti. Əliyev eyni zamanda vurğulayır ki, onun məqsədi kreslo tutmaq deyil, o, Azərbaycan xalqının yanında olmaq istəyir və fevral ayında bu salonda çıxış edərkən də xalqının yanında olmaq istədiyini demişdi, lakin “onda məni qəbul etmədilər”, indi isə “İsa Qəmbər, Pənah Hüseynov, Azərbaycanın prezidenti Əbülfəz Elçibəy məndən xahiş edirlər ki, gəlib burada bir vəzifə tutum, bərabər bu məsələlərin həll olunmasında iştirak edim.”[24] Çıxışı zamanı Əliyev həmçinin söz verir ki, ona qarşı pis rəftar etmiş heç kimdən qisas almayacaq.
Bu çıxışından iki həftə sonra Ostankino dövlətlərarası televiziya şirkətinə verdiyi müsahibəsində Əliyev AXC hakimiyyəti haqqında tamamilə fərqli fikirlər səsləndirir. Əliyev Azərbaycanın ağır vəziyyətdə olmasını AXC rəhbərliyi və bilavasitə Elçibəyin adı ilə bağlayır.[25] Elçibəyi spirtli içki düşkünlüyündə, respublikaya rəhbərlik etmək əvəzinə sərxoşluqla məşğul olmaqda ittiham edir,[26] respublika rəhbərliyində yüksək vəzifə tutan AXC üzvlərini isə fırıldaqçı adlandırır.[27] Sonrakı çıxışlarında Əliyev açıq şəkildə Azərbaycanın müstəqilliyinin AXC və ya xalq hərəkatı ilə bağlanmasına qarşı çıxır və bildirir: “Bu müstəqillik tarixi prosesdir, onu ictimai-siyasi proseslər əsasında əldə etmişik. Qoy heç kəs deməsin ki, kimsə bir qəhrəman kimi bu müstəqilliyin sərkərdəsidir.”[28] Əliyev Ali Sovetin sədri vəzifəsini əldə etdikdən iki həftə sonra 34 yaşlı Surət Hüseynovu Baş nazir təyin edir və bu qərarını belə izah edir:
"Surət Hüseynov Yevlaxda iri bir zavod direktoru olub, deməli, istehsalatçıdır. İqtisadiyyatın problemlərini bilir. Mən ona baş nazir vəzifəsini təklif etdim və əminəm ki, əl-ələ verib işləyəcəyik. Mən bütün təcrübəmi onunla bölüşəcəyəm. Əlbəttə ki, bizim üçün başlıca problem təcrübəli işçilər, ağıllı və vicdanlı mütəxəssislər yığmaqdır."[29]
Əliyevin hakimiyyətə qayıtmasına şərait yaradan münaqişələrdən biri də Ələkrəm Hümbətovla AXC arasında qarşıdurma idi. Hümbətov AXC Lənkəran şöbəsinin rəhbəri idi. 1992-1993-cü illərdə Qarabağ uğrunda döyüşən Lənkəran (Göytəpə) alayını yaradıb və onun sıralarında polkovnik rütbəsində döyüşüb. Həmin dövrdə Azərbaycan Müdafiə nazirinin döyüş hazırlığı üzrə müavini vəzifəsini tutub. Milliyyətcə talış olan Hümbətov sonradan AXC-ni türk millətçiliyində ittiham edərək onun sıralarını tərk edir, Surət Hüseynovun qiyamından sonra Azərbaycanın 7 cənub rayonunda (Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı Cəlilabad, Biləsuvar) Talış-Muğan Muxtar Respublikası yaradıldığını elan edir.
Əliyev Hümbətovla gərginliyin yaranmasında əvvəlcə Ayaz Mütəllibovu, sonra isə Surət Hüseynovu ittiham edir. Əliyev Hümbətovu Mütəllibova xidmət etməkdə günahlandırır və məqsədinin onu hakimiyyətdən uzaqlaşdırmaq və Azərbaycanı parçalamaq olduğunu deyir.[30] Əliyev çıxışlarında bir neçə dəfə Hümbətovla görüşdüyünü qeyd edir və etiraf edir ki, bu görüşlərdə Hümbətovun tələbləri heç də Talış-Muğan Respublikasını yaratmaq və yaxud Azərbaycanı parçalamaq olmayıb. Əliyev müsahibələrində açıq şəkildə deyir ki, Hümbətovu narahat edən onun hakimiyyətinin legitimliyi olub. Görüşlərdə Hümbətov Milli Məclisin Əliyevi Ali Sovetin sədri seçmək kimi bir səlahiyyətə malik olmadığını, sədr seçmək üçün Ali Sovetin sessiyasının çağırılmalı olduğunu deyir və sessiyanın çağrılmasını tələb edib. Hümbətov eyni zamanda 1993-cü ilin avqust ayında keçirilməsi nəzərdə tutulan və Elçibəyin hakimiyyətdən uzaqlaşdırılması məqsədi daşıyan referendumun keçirilməsinin qarşısını almağa çalışıb. Hümbətovun üçüncü tələbi prezident idarə üsulunun ləğv edilməsi və parlament idarə üsuluna keçid olub. Əliyev Hümbətovun tələblərini şərh edərək onun məqsədinə aydınlıq gətirir. Əliyev deyir ki, Hümbətovun məqsədi Ali Sovetin sessiyasını çağırmaq və Mütəllibovu Moskvadan Azərbaycana gətirərək prezident etmək idi.[31] Hümbətovun səylərinə baxmayaraq, 1993-cü il avqustun 29-da Azərbaycan Respublikasında “Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə etimad göstərilməsi haqqında Azərbaycan Respublikasının ümumxalq səsverməsi (referendumu)” keçirildi. İddiaya görə, seçicilərin 90%-dən çoxunun iştirak etdiyi referendumda əhali Elçibəyə etimad göstərmədi.
Əliyev Hümbətovla münaqişəsini həll etmək üçün bütün səlahiyyətləri Hüseynova verir. Hüseynov bir neçə dəfə Lənkərana səfər etsə də, problemi həll edə bilmir. Əliyev deyir ki, Hüseynov münaqişəni həll etmək əvəzinə Hümbətova dəstək verirdi. Bundan sonra Əliyev 1993-cü il avqustun 23-də televiziya vasitəsi ilə xalqa müraciət edir və deyir ki, avqustun 18-dən 19-a keçən gecə Baş nazir Hüseynov Gəncədə müşavirə keçirmiş və bu müşavirəyə Hümbətovu da dəvət etmişdi. Bu müşavirədən sonra cənub bölgəsində vəziyyət yenə də ağırlaşıb.[32] Əliyev deyir ki, avqustun 22-də Lənkəranda Hümbətovla əhali arasında qarşıdurma yaranmış və vətəndaşlara qarşı silah işlədilmişdi. Bu hadisədən sonra Əliyev Lənkəran şəhəri İcra başçısı, AXC üzvü Hüseynqulu Məmmədovu vəzifəsindən azad edir və onun yerinə uzun illər Lənkəran şəhər Partiya komitəsinin katibi işləmiş Dilrubə Camalovanı təyin edir. Əliyev müraciətində xüsusi olaraq vurğulayır ki, “‘Lənkəran amilini’ saxlayan adamlar açıqca deyiblər ki, bunu Heydər Əliyevə təzyiq göstərmək üçün saxlamışıq.”[33]
Əliyevin hakimiyyətə qayıtmasına şərait yaradan ən böyük səbəb, sözsüz ki, Qarabağ problemi olub. Əliyev çıxışlarında və müsahibələrində Qarabağ münaqişəsinin irimiqyaslı müharibəyə çevrilməsi ilə bağlı bir neçə məsələyə toxunur. İlk növbədə SSRİ və Azərbaycan rəhbərliyinin düzgün siyasət yürütmədiyini qeyd edir, hakimiyyətin vaxtında lazımi tədbirlər görmədiyini düşünür. Əliyev AXC hakimiyyətini orduya lazımi diqqət yetirməməkdə günahlandırır və bu səbəbdən də torpaqların bir qisminin işğal olunduğunu deyir:
"Neçə ildir Azərbaycan təcavüzə məruz qalmışdır, lakin ordusunu yarada bilməmişdir. Müstəqilliyini elan etdikdən sonra da yarada bilməmişdir. Çünki ordunu yaratmaq istəməmişlər. Ondan ayrı-ayrı məqsədlər üçün istifadə etmişlər ... dünən Füzuli rayonunun İcra başçısı çıxışında açıq etiraf etdi ki, Füzuli rayonu verilməli idi, onu ayrı-ayrı qruplar qəsdən verdilər."[34]
Əliyev Azərbaycanın müharibədə uğur qazanmamasını siyasi qarşıdurmanın hərbi cəbhəyə təsirində görürdü. Əliyev çıxışlarında iddia edir ki, Azərbaycan rəhbərliyi ordu yaratmaq əvəzinə silah-sursatı ayrı-ayrı dəstələrin, mafioz qrupların əlinə verib və bu dəstələr cəbhədə istədikləri kimi hərəkət edir, lazım bildikdə torpaqları müdafiə edir, lazım bilmədikdə isə dəstələri döyüş bölgəsindən çəkərək torpaqları bilərəkdən ermənilərə təhvil verirlər.[35] Əliyev deyir ki, “Füzulidən, Cəbrayıldan gələn məlumatlar göstərir ki, bu torpaqları satan, birinci növbədə, oranın ayrı-ayrı mafioz qüvvələri və həm də Cəbrayılda, həm də Füzulidə icra hakimləri olmuşlar.”[36] İddialarını sübut etmək üçün Əliyev işğal olunmuş ərazilərdə ordunun döyüşmədiyini, heç bir itkinin olmadığını və yaxud da ölənlərinin sayının az olduğunu göstərir: “Axırıncı döyüşlərdə 20-30 nəfərədək adam həlak olmuşdur … Cəbrayıldakı 2 min nəfərlik briqadadan 1.950 nəfəri mövqeləri tərk edərək Arazın o biri sahilinə – İrana keçmişdir.”[37]
Əliyevin fikrincə insanların ordudan yayınması da torpaqların işğal olunmasına imkan yaradırdı. Əliyev çıxışlarında dəfələrlə qeyd edir ki, bütün vətəndaşlar, əli silah tutan kişilər səfərbər olmalı və vətəni qorumalıdır. O, keçmiş SSRİ respublikalarında xidmət edən azərbaycanlı hərbiçiləri vətənə qayıtmağa təşviq edir, Azərbaycan gənclərini vətəndaş borcunu layiqincə yerinə yetirməyə çağırır: “Bəzi valideynlər şəxsi hisslərini ümummilli hisslərdən üstün tutaraq balalarını Azərbaycandan kənara çıxarmışlar, yaxud da orada-burada gizlətmişlər, orduya getməyə qoymamışlar.”[38] Çıxışlarının birində hətta Səməd Vurğundan sitat gətirərək (müsəlləh əsgərəm mən də bu gündən) hamını səfərbər olmağa çağırır, “əli silah tutan hər kəsin vətəni qorumaq vətəndaşlıq borcudur” deyir.
Əliyev çıxışlarında fərariliyin ordunu zəiflətdiyini vurğulayır, əsgərlərin kütləvi fərariliyindən danışırdı. Bunun səbəbini gənclərdə vətənpərvərlik hissinin itməsində, ümumi milli məfhumlara biganəlikdə görürdü. Fikrini sübuta yetirmək üçün diqqəti gənclər arasında cinayətkarlığın artmasına yönəldirdi: “1992-ci ildə cinayət törətdiklərinə görə məhkum olunmuş şəxslərin 60 faizi 30 yaşınadək olan gənclərdir.”[39] Hakimiyyətə gəldikdən sonra Əliyev bu problemi həll etmək üçün bütün fərarilərin cəzalandırılmasını tələb etdiyini, lakin sonradan onları əfv etdiyini bildirir. Əliyevin çıxışlarından məlum olur ki, nə hədə-qorxu, nə də əfv əsgərlər arasında fərariliyin səviyyəsini azaltmayıb. Artıq prezident seçildikdən sonra xalqa müraciətlərinin birində Əliyev deyir:
"Hər bir fərari ictimaiyyətdə, cəmiyyətdə nifrətlə qarşılanmalıdır, bilməlidir ki, əgər fərarilik edirsə, xalqına, millətinə, ölkəsinə, öz doğma atasına-anasına xəyanət edir. Sizə müraciət edirəm, o fərarilərə müraciət edirəm. Onlar çox səhv yoldadırlar. Xalqın bu ağır günündə qaçıb gizlənmək olmaz."[40]
Digər çıxışında isə qeyd edir ki, “fərərarilik edən, səfərbərlikdən yayınan gənclərin valideynlərinə, qohum-əqrəbasına müraciət edirəm. Bildirmək istəyirəm ki, onlar da öz övladlarının, qohum-əqrəbalarının fərariliyinə görə, səfərbərlikdən boyun qaçırdıqlarına görə məsuliyyət daşıyırlar.”[41]
Əliyev çıxışlarında bildirirdi ki, ordunu zəiflədən səbəblərdən biri də geniş yayılmış rüşvətxorluqdur: “Batalyonlarda 400-500 nəfər əvəzinə 15-18 nəfər olur və 400 nəfər üçün pul, ərzaq və sairə alınır, komandirlər məvacib veriləndən beş gün əvvəl əsgərlərin 70-80 faizini evlərinə buraxır, onların pullarını alıb ciblərinə qoyurlar. Üstəlik, onları evlərinə buraxmaq üçün də rüşvət alırlar.”[42]
Əliyev bir çox çıxış və müsahibələrində Azərbaycanın gələcək siyasi sistemi haqqında danışıb. 1993-cü ilin iyununda Milli Məclisin iclasında iştirakı zamanı və sonralar da Əliyev demokratiyanın, insan haqlarının, siyasi plüralizmin tərəfdarı olduğunu, bir daha keçmiş Kommunist Partiyasının rəhbərliyi altında yaradılmış siyasi rejimə qayıdılmayacağını vurğulayıb. O, Azərbaycanın gələcəyini prezident idarə üsulunda görür və parlament idarə üsuluna qarşı çıxırdı. Bunu Əliyev bu cür izah edirdi:
"Biz parlament idarə formasına hələlik hazır deyilik. Ona görə də prezident institutu mütləq olmalıdır. Parlament idarə forması üçün gərək sabit ənənələr olsun. Bu ənənələr isə öz-özünə meydana gəlmir."[43]
Əliyev deyirdi ki, parlament idarə üsulu üçün tam formalaşmış, qanuni əsaslarla fəaliyyət göstərən güclü siyasi partiyalar lazımdır və Azərbaycanda belə partiyalar olmadığı üçün parlament idarə üsulu respublika üçün təhlükəlidir.[44] Bununla əlaqədar Əliyev tarixə də ekskurs edir və Azərbaycan Respublikasının (1918-1920) tarixini xatırladır. Əliyev qeyd edir ki, keçən əsrin əvvəllərində Azərbaycan dövlətçiliyinin dağılmasının səbəblərindən biri siyasi partiyalar arasında çəkişmə və intriqalar olmuşdur:
"Bu parlament sistemi dövlətin yaşamasına imkan vermədi və ayrı-ayrı qruplar, partiyalar arasında gedən çəkişmələr, çarpışmalar, intriqalar özü-özlüyündə bu dövlətin adına ləkə vurdu. Mən bunu nə üçün deyirəm? Ona görə ki, biz bundan ibrət dərsi almalıyıq. Biz o dövrü, o demokratik hökumətin fəaliyyətini qiymətləndiririksə və belə bir mərhələnin tariximizdə olması ilə fəxr ediriksə, həmin proseslərin qüsurlarını da bilməliyik ki, o səhvləri daha buraxmayaq".[45]
Əliyevin parlament üsul-idarə formasına dair fikirləri onun siyasi xətti ilə bağlı bir sıra ümumiləşdirməyə imkan verir. O, istənilən siyasi diskussiyanı və debatları intriqa və çəkişmə kimi görür, çünki yaşadığı və bir siyasətçi kimi formalaşdığı sovet mühitində hər hansı bir məsələ haqqında rəhbərliyin fikrindən fərqli bir fikir söyləmək düşmənçilik, intriqa, hakimiyyətə etiraz, siyasi etibarsızlıq kimi qiymətləndirilib. Parlament sistemi hər hansı bir şəxsin hakimiyyətini təmin etmədiyi üçün Əliyev bunun xaosla nəticələnəcəyini düşünür, çünki o, hakimiyyət bir yumruqda (əldə) birləşərsə, güclü olar prinsipinə inanır. Əliyev həmçinin əsrlər boyu demokratik ənənə və prinsiplərdən uzaq qalmış Azərbaycan xalqının belə prinsiplər altında yaşamağa hazır olmadığını düşünür. O, hesab edir ki, xalqın yerinə düşünən hakimiyyət olmalıdır. Hakimiyyət isə bir əldə olduqda daha səmərəli fəaliyyət göstərə bilər.
Əliyev hakimiyyətin səmərəliliyini dövlətin möhkəmliyi və sabitliyi ilə eyniləşdirir, səmərəli hakimiyyət təməl azadlıqlar, qanunun aliliyi ilə əsaslandırılmır, ordu, hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə əlaqələndirilir. O, dəfələrlə çıxışlarında hakimiyyət məsələsinə toxunub, xalqı açıq şəkildə respublikada prezident seçilməzsə, vəziyyətin daha acınacaqlı, daha ağır olacağı, ən başlıcası isə dövlət müstəqilliyinin itiriləcəyi ilə təhdid edib:
"Xalq öz sözünü deməlidir. Xalq necə yaşamaq istəyirsə, qoy desin, əgər indiyə qədərki kimi, bundan da pis yaşamaq istəyirsə, qoy desin. Əgər xalq doğrudan da ağır vəziyyətdən xilas olmaq istəyirsə, qoy onu da desin."[46]
Və yaxud: “Əgər xalq yenə də bu vəziyyətdə yaşamaq istəyirsə, öz fikrini bildirsin. Yaxud başqa vəziyyətdə yaşamaq istəyirsə, yenə də fikrini bildirsin.” Sonda isə əlavə edir: “Mən bu sözlərimlə nə xalqa, nə də ayrı-ayrı seçicilərə heç bir təsir və təzyiq göstərmək istəmirəm.”[47] Əliyev eyni zamanda siyasi liderlərin ideallaşdırılmasını, məsələn, AXC tərəfindən Məmməd Əmin Rəsulzadənin ideallaşdırılmasını düzgün hesab etmir, bunu xəstəlik adlandırır.[48]
Çıxışları Əliyevin demokratiya və siyasi plüralizmi necə başa düşdüyünü anlamağa imkan verir. Əliyevə görə, iqtidar-müxalifət münasibətləri iki prinsip üzərində qurulur. Birinci prinsip ideologiyadır. Əliyevə görə, ideologiyanın özü müstəqil dövlət ideyası və milli-əxlaqi dəyərlərdən ibarətdir. Əliyev 1993-cü ildə deyir: “İndi bizdə ideoloji müxtəliflik yoxdur, çünki həm hakimiyyət, həm də müxalifət dövlət müstəqilliyinin tərəfdarıdır.” İdeologiyanın bir hissəsinin milli əxlaqa, mədəniyyətə, dinə söykəndiyini deyən Əliyev burada da müxalifətlə iqtidar arasında bir fərq görmədiyini qeyd edir.[49] Əliyevə görə ikinci prinsip vəzifədir və müxalifətdə olanlarla hakimiyyətdə olanlar arasında mübarizə vəzifə uğrundadır: “Sən vəzifədəsən, mən yox, mən səninlə mübarizə aparacağam ki, sənin vəzifəni əldə edəm.”[50] Beləliklə, Əliyevin nəzərində ideologiya bir ərazidə dövlət yaradaraq hakimiyyəti əldə saxlamaq vasitəsidir. Məhz bu səbəbdən Əliyevin ideologiyasında təməl azadlıqları görmək mümkün deyil. Əliyevin demokratiyanın prinsiplərindən biri olan azad mətbuata münasibəti də iqtidar-müxalifət prizmasından izah olunur, bu izahda vətəndaş cəmiyyətinin yeri görünmür, azad mətbuatın mümkünlüyü isə şübhə altına alınır:
"Qəzetlər nə ilə çıxır? Bu yaxınlarda mən Ali Sovetdə işləyəndə Azərbaycan qəzetini çıxarmaq mümkün olmurdu, dayanmışdı, dövlətin pulu yox idi. Amma Cümhuriyyət qəzeti həftədə üç dəfə çıxır. Azadlıq qəzeti ondan da yaxşı çıxır. Müsavat qəzeti Azərbaycandan da böyük çıxır. Onlar bu pulları haradan alırlar? Bunlar qan-tərlə qazanılmış pullardırmı? Bu pullar haradan gəlir? Bu qəzetlər hansı vəsaitlə çıxır? Bu, mafioz qrupların vəsaiti deyilmi? Bəlkə bu qəzetləri babalarından qalmış pullarla çıxarırlar?[51]
Nəticə
Keçən əsrin son illərində başlamış Dağlıq Qarabağ uğrunda müharibə, bu müharibə fonunda müxtəlif siyasi qruplar arasında gərginləşən münasibətlər müstəqillik əldə etmiş Azərbaycanın siyasi sisteminə ciddi təsir göstərdi. Müstəqillik elan edildikdən sonra təqribən bir ilə yaxın demokratik hakimiyyət altında yaşamış Azərbaycan 1993-cü ilin iyulunda Əliyevin hakimiyyətə qayıtması ilə faktiki olaraq keçmiş kommunist rejiminə döndü.
Çıxış və müsahibələrində azadlıq, demokratiya və hürriyyətin tərəfdarı olduğunu deyən Əliyev Elçibəyi prezident elan etmiş seçkilərin saxtalaşdırıldığını iddia etdi və bununla da kommunist rejimi devrildikdən sonra Azərbaycanda heç bir demokratiyanın olmadığını sübut etməyə çalışdı. Elçibəyin prezident seçildikdən sonra da AXC sədri postundan istefa etməməsini siyasi naşılıq adlandıran Əliyev özü ölənə qədər Yeni Azərbaycan Partiyasının sədri oldu, rəhbər vəzifələrə də məhz sədri olduğu partiyanın üzvlərini, keçmiş kommunist bürokratları və ya onların övladları və qohumlarını təyin etdi.
Əliyev öz hakimiyyəti dövründə işğal edilmiş torpaqların AXC tərəfindən təyin olunmuş icra başçıları tərəfindən satıldığını iddia etdi. Ordudan yayınanlara ictimai nifrət tələb edən Əliyev unudurdu ki, özü də vaxtilə müharibədə (İkinci Dünya müharibəsi) iştirak etməyib, hakimiyyətə qayıtmağa cəhd etdiyi dövrdə 30 yaşı olan oğlu İlham Əliyev də Qarabağ müharibəsi zamanı orduya qoşulmayıb.
Fərarilik və satqınlıq ittihamlarına söykənən Əliyev tezliklə AXC üzvlərinin hamısını hakimiyyətdən uzaqlaşdırdı və onları keçmiş kommunist partiyası katibləri ilə əvəz etdi. Demokratiyanı xaos adlandıran Əliyev xalqı milli qarşıdurma, qardaş qırğını, dövlət müstəqilliyini itirməklə təhdid etdi. Xalqı inandırmağa çalışdı ki, bu xaosdan qurtarmağın yeganə yolu onun hakimiyyətinin möhkəmlənməsindən keçir. “Elçibəyin dəvəti” ilə Ali Sovetin sədri vəzifəsini əldə edən Əliyev bir neçə aydan sonra prezident kürsüsünə əyləşdi. Əliyevin siyasi baxışları, hakimiyyəti necə əldə etməsi, siyasi rəqiblərinə münasibəti çıxışlarında, müsahibələrində əks olunsa da, tarix dərsliklərində tamamilə başqa cür təqdim olunur.
Qeyd və istinadlar
[1] “Mən sizə heç nə vəd etmirəm”, “Sobesednik”in müxbirinə müsahibə. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Kitab 1, Azərnəşr, 1997, 51.
[2] İstanbulda Mətbuat Mərkəzində jurnalistlər və kütləvi informasiya vasitələri nümayındələri üçün mətbuat konfransında bəyanat, Əliyev, 408.
[3] “Mən sizə heç nə vəd etmirəm”, 52.
[4] Всесоюзная перепись населения 1989 года. Распределение городского и сельского населения областей республик СССР по полу и национальности. Нахичеванская АСССР, https://www.demoscope.ru/weekly/ssp/resp_nac_89.php?reg=70.
[5] “Mən sizə heç nə vəd etmirəm”, 48,
[6] Yazıçı Aleksandr Proxanov ilə müsahibə, Əliyev, 59.
[7] Mən xalqa minnətdaram, Əliyev, 48.
[8] Yenə orada.
[9] “Mən sizə heç nə vəd etmirəm”, 52.
[10] Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarından seçilmiş xalq deputatları və həmin rayonlardan olan rəhbər işçilər və ziyalılarla görüşdə yekun sözü, Əliyev, 79.
[11] Ostankino dövlətlərarası televiziya şirkətinə müsahibə. Əkiyev, 22-3.
[12] Yenə orada, 26.
[13] “Nezavisimaya qazeta”nın müxbirinə müsahibə, Əliyev, 117.
[14] Ostankino, 26.
[15] Yenə orada, 27.
[16] Yazıçı Aleksandr Proxanovla müsahibə, 59
[17] Yenə orada.
[18] Yenə orada.
[19] Yenə orada.
[20] Ostankino, 25.
[21] Yazıçı Aleksandr Proxanovla müsahibə, 61.
[22] Ostankino, 22.
[23] Azərbaycan Respublikası Milli Məclisinin iclasında çıxış. Əliyev, 10.
[24] Yenə orada, 13.
[25] Ostankino, 22-31.
[26] “Mən xalqa minnətdaram”, “Rossiyskiy fermer” qəzetinin müxbiri ilə söhbət, Əliyev, 46.
[27] Mən sizə heçnə vəd etmirəm, Əliyev, 52.
[28] Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdə çıxış, Əliyev, 150.
[29] Yazıçı Aleksandr Proxanovla söhbət.
[30] Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarından seçilmiş xalq deputatları və həmin rayonlardan olan rəhbər işçilər və ziyalılarla görüşdə giriş sözü, Əliyev, 63-75.
[31] Yenə orada, 71.
[32] Azərbaycan milli televiziyası ilə xalqa müraciət, Əliyev, 90-100.
[33] Yenə orada, 99.
[34] Cəbhəyanı bölgədə-İmişli, Füzuli, Beyləqan, Şəmkir, Ağcabədi rayonlarında və Gəncə şəhərində görüşlər zamanı çıxışlar, Əliyev,
[35] Müstəqil Azərbaycanın dövlətçiliyini və ərazi bütövlüyünü qorumaq hər birimizin borcudur, Əliyev, 101-116.
[36] Yenə orada, 111.
[37] Cəbhəyanı bölgədə-İmişli, Füzuli, Beyləqan, Şəmkir, Ağcabədi rayonlarında və Gəncə şəhərində görüşlər zamanı çıxışlar, Əliyev, 285.
[38] Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə çıxış, Əliyev, 176.
[39] Yenə orada, 173.
[40] Beyləqan rayonunda ictimaiyyətin nümayəndələri ilə görüşdə və hərbiçilərin müşavirəsində çıxışlar, Əliyev, 502.
[41] Ermənistanın Azərbaycana qarşı təcavüzünün güclənməsi ilə əlaqədar respublika milli televiziyası və radiosu ilə xalqa müraciət, Əliyev, 517.
[42] Azərbaycanın siyasi partiyalarının və ictimai hərəkatlarının rəhbərləri ilə görüşdə çıxış, Əliyev, 252.
[43] Nezavisimaya qazeta, Əliyev, 117-118.
[44] Yenə orada, 117.
[45] Azərbaycan Respublikası Elmlər Akademiyasında, Əliyev, 154.
[46] Müstəqil Azərbaycanın dövlətçiliyini və ərazi bütövlüyünü qorumaq hər birimizin borcudur, Əliyev, 114-15.
[47] Yenə orada.
[48] Azərbaycan Respublikası Elmlər Akademiyasında, 156.
[49] Azərbaycanın siyasi partiyalarının, 249.
[50] Yenə orada, 250.
[51] Yenə orada, 255.

