SSRİ yarandıqdan qısa müddət sonra ölkənin imperialist dövlətlərdən təcrid olunması prosesi başlamış, xarici ölkələrdə nəşr olunan elmi ədəbiyyatın, mətbuatın ölkəyə gətirilməsinə məhdudiyyətlər qoyulmuşdu. İkinci Dünya müharibəsindən sonra başlanan Soyuq Müharibə isə xarici aləmlə əlaqələrin minimuma endirilməsi ilə nəticələnmişdi. Belə bir şəraitdə, sözsüz ki, mədəni-elmi əlaqələr, alimlər arasında elmi mübadilə və müzakirələr də zəifləmişdi. Bu dövrdə eyni problemi araşdıran müxtəlif ölkə alimlərinin əldə etdiyi elmi nəticələrin nə qədər üst-üstə düşdüyünü müəyyənləşdirmək, yəni müqayisəli təhlil aparmaq maraqlıdır. Bu məqalədə mən Azərbaycanın türkləşməsi ilə bağlı keçən əsrin birinci yarısında Azərbaycan və Türkiyə tarixşünaslığının əldə etdiyi elmi nəticələri müqayisə edəcəyəm.
Elmi mübadilə imkanlarından məhrum olsalar da, Azərbaycan və Türkiyə alimləri tədqiqat zamanı eyni mənbələrdən, eyni tədqiqat metodlarından istifadə ediblər və məntiqlə Azərbaycanın türkləşməsi ilə bağlı iki ölkənin alimlərinin əldə etdikləri elmi nəticələr üst-üstə düşməlidir. Lakin mən iddia edirəm ki, hər iki ölkənin tarixçiləri Azərbaycanın türkləşməsi prosesini Səlcuq işğalları ilə əlaqələndirsə də, onlar bu prosesi fərqli mərhələlərə bölürlər. Azərbaycan alimləri Azərbaycanın türkləşməsini vahid bir proses kimi görüb onun Səlcuq işğalları ilə başlayıb, məhz bu işğallarla bitdiyini hesab edirlər. Türkiyə alimləri isə Azərbaycanın türkləşməsini üç mərhələyə bölürlər. Onların fikrincə, türkləşmə prosesi Səlcuqlarla başlayıb, monqolların dövründə güclənib və nəhayət, Səfəvilər dövründə başa çatıb.
Bu iddiamı əsaslandırmaq üçün 20-ci əsrin əvvəllərində Azərbaycanda yazılan tarixi əsərlərdə türkləşmə ilə bağlı irəli sürülən konsepsiyaya aydınlıq gətirəcəyəm. Azərbaycan tarixşünaslığının təhlili üçün yalnız bir akademik tədqiqatı, 1950-60-cı illərdə dərc edilmiş 3 cildlik Azərbaycan tarixi kitabının 1-ci cildini təhlil edəcəyəm. Bu kitab Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşları tərəfindən yazıldığı üçün Sovet tarixşünaslığının azərbaycanlıların etnogenezi ilə bağlı əsas konsepsiyasını formalaşdırmışdı. Sonra isə Türkiyə tarixşünaslığının qeyd edilən problemlə bağlı araşdırmalarında inkişaf etdirilən fikirləri təhlil edəcəyəm.
Azərbaycan xalqının etnogenezi: Sovet tarixşünaslığının konsepsiyası
SSRİ-də tarix elmi fəhlə-kəndli hökumətinin ideoloji silahı hesab edildiyi üçün tarixin yaradılması bilavasitə Kommunist Partiyasının nəzarəti, tövsiyələri və tapşırıqları əsasında həyata keçirilirdi. Azərbaycan tarixinin yaradılması da Azərbaycan Kommunist Partiyası (AKP) Mərkəzi Komitəsinin (MK) yaxından iştirakı ilə baş vermişdi.
1955-ci ildə sonradan 3 cildlik olacaq 2 cildlik Azərbaycan tarixi kitabının hazırlanması ilə əlaqədar Azərbaycan Kommunist Partiyası (AKP) Mərkəzi Komitəsinin (MK) birinci katibi İmam Mustafayev və MK katiblərinin iştirakı ilə tarixçi mütəxəssislərin və arxiv işçilərinin dəvət olunduğu geniş iclas keçirilir. Müzakirənin əsas mövzusu isə Azərbaycan xalqının tarixinin rəsmi konsepsiyasının yaradılması olur. Müzakirələrin sonunda əldə edilən nəticələrə görə tarixçilər Azərbaycanın qədim tarixi və etnogenez məsələsini şərh edərkən (1) Midiyanın Azərbaycana aid olduğunu sübut etməli, yalnız bir tayfanı, arizantları ari saymalı, digər tayfaların İran mənşəli olmasını rədd etməli idilər; (2) Manna və Midiyanın Azərbaycanda yaşamış tayfalar tərəfindən yaradıldığı və onların Azərbaycanın erkən dövlətləri olduğu sübut edilməli idi; (3) albanlar azərbaycanlıların sələfi elan edilməli idi; (4) azərbaycanlıların midiyalılardan yaranması və sonradan bu prosesə albanların da qoşulduğu qeyd olunmalı idi; və nəhayət, (5) Səfəvi dövlətinin dili, sərhədləri, etnik mənşəyi ilə bağlı yekdil fikir formalaşdırılmalı idi.[i] Göründüyü kimi, müzakirə zamanı tarixçilərin qarşısına Azərbaycan xalqını türkləşdirmək kimi bir vəzifə qoyulmamışdı.
1958-ci ildə Azərbaycan SSR EA Nəşriyyatında Tarix İnstitutu əməkdaşlarının hazırladığı Azərbaycan tarixi kitabının 1-ci cildi çap olundu. Kitabda iddia olunurdu ki, “Azərbaycan[ii] ərazisində yaradılmış tayfa ittifaqları və qədim dövlətlərin dili kuti-lullubi dili olub.”[iii] Kitaba görə, Azərbaycan ərazisində mövcud olmuş ən qədim dövlət hesab edilən Manna kiçik kuti-lullubi dövlətlərindən ibarət olub, irandilli olmayan midiyalılar isə “sonradan iranlılaşdırılmağa məcbur ediliblər.”[iv] Müəlliflər qeyd edirdilər ki, Azərbaycan xalqının təşəkkülü prosesi miladdan əvvəl 3-1-ci minilliklərdə başlamış və bu prosesdə bölgədə yaşamış müxtəlif tayfalar, “mannalılar, kaspilər, kadusilər, midiyalıların bir hissəsi və haqqında tarixin səhih məlumat saxlaya bilmədiyi bir çox başqaları” iştirak etmişdilər.[v] Azərbaycan SSR ərazisində mövcud olmuş ən qədim dövlət olan Albaniya ərazisində isə “ən böyük tayfa albanlar idi, onlardan başqa bu dövlətin ərazisində, qarqarlar, hillər (hellər), lihlər (lehlər)” yaşayıblar.[vi]
Tarixi mənbələrə istinad edən Azərbaycan alimləri Azərbaycanın türkləşməsini bilavasitə Səlcuq işğalları ilə əlaqələndirirlər. Müəlliflər yazırlar ki, səlcuqlara qədər Azərbaycanın cənub hissəsində azəri, şimalında isə Aran dilində danışırdılar. Azəri dili “hazırda Azərbaycanın cənub rayonlarında yaşayan talışların dilinə yaxın olub.”[vii] Bununla tarixçilər oxucuların diqqətinə çatdırırlar ki, səlcuq işğallarına qədər Azərbaycan ərazisində vahid dil olmayıb. Azərbaycanda vahid dilin yaranması və əhalinin türk dilində danışması səlcuq işğallarının nəticəsidir.[viii] Tədqiqatçılar bunun səbəbini də izah edirlər: “Miladın əvvəllərindən başlayaraq, Azərbaycan türkdilli köçəri tayfaların ardı-arası kəsilmək bilməyən hücumlarına məruz” qalıb. Bu tayfalar “daha yığcam halda Azərbaycan ərazisinə iki dəfə, 5-7 və 11-12-ci əsrlərdə yürüş” ediblər.[ix] Türkləşmənin ikinci səbəbi kimi köçəri tayfalardan ibarət olan səlcuq türklərinin Azərbaycanın oturaq əhalisi ilə sıx təmasda olması göstərilir. Köçəri olduqları üçün daima yeni otlaqlar axtaran gəlmələr yerlilərlə ünsiyyət qurmağa məcbur idilər və bu da onların dilinin yerli əhali tərəfindən mənimsənilməsinə səbəb olub.[x]
Düzdür, kitab səlcuqların yerli dili mənimsəməsi əvəzinə yerlilərin onların dilini mənimsəməsi səbəbini izah etmir. Lakin düşünürəm ki, bunun üçün ən azından iki səbəb göstərmək olar. Birincisi, gəlmələrin siyasi üstünlüyə malik olması, yəni əraziləri işğal edərək hakim mövqeyə sahib olmaları, ikincisi, gəlmələrin sayca yerli əhalidən daha çox olması. Kitab isə yerli əhalinin türk dilini (kitabda “Azərbaycan dilini” yazılıb, yəni səlcuqların dili Azərbaycan dili adlandırılıb) qəbul etməsinin səbəbini onun asan və sadə olması ilə izah edir. Beləliklə, müəlliflər belə bir nəticəyə gəlirlər: Əksər dövlətlərdə olduğu kimi, Azərbaycanda da yerli əhali gəlmə əhalinin, işğalçıların dilini mənimsəyib.
Səlcuqların bölgəyə işğalçı kimi gəlməsi və hərbi üstünlüklərindən istifadə edərək yerli dövlətləri özlərinə tabe etməsi, yerli əhali ilə onlar arasında gərgin münasibətlərin hökm sürməsi tədqiqatçılar tərəfindən inkar edilmir. Kitab qeyd edir ki, Səlcuqların Azərbaycana ilk yürüşləri 1009-cu ildə başlamış, Məlikşahın (1072-1092) dövründə isə “Gəncə və bütün Aran Səlcuqların əsarəti altına düşmüşdü. Xalq üsyanından qorxan yadellilər əhalinin hesabına 48 minlik ordu saxlayırdılar.”[xi] Kitab 11-ci əsrin əvvəllərindən sonuna qədər Azərbaycana “səlcuqların kütləvi köçləri” haqqında məlumat verir, ərəb mənbələrinə əsaslanaraq, “1086-cı ildə Məlikşahın Muğana və Arana göndərdiyi türklərin düzənliklərdə, dağlarda və qalalarda çəyirtkən kimi yayılmasından” bəhs edir. Yaqut Həməviyə istinadən yazılır ki, “Muğan çoxlu kəndləri və çəmənlikləri olan vilayət idi, onu indi (öz heyvanlarını) otarmaq üçün türklər tuturlar.”[xii]
Beləliklə, Sovet tarixşünaslığının konsepsiyasına görə, Azərbaycan xalqının formalaşmasında bölgədə yaşayan, ora yürüş və köç edən bir çox tayfalar iştirak edib. Qədim zamanlarda, miladdan əvvəl isə bu ərazilərdə yaşayanlar türkdilli olmayıblar. Türklərin bu ərazilərə ilk böyük yürüşləri erkən orta əsrlərə təsadüf edib. Azərbaycanın türkləşməsi isə səlcuq işğallarının nəticəsində baş verib.
Türkiyə tarixşünaslığı Azərbaycanın türkləşməsini necə izah edir?
Türkiyə tarixşünaslığında Azərbaycanın türkləşməsi ilə bağlı tədqiqatlar azdır. Bu məsələyə Türkiyə tarixinin bir çox mühüm problemlərinin, məsələn, Anadolunun türkləşməsi, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətinin yaranmasında Anadolu türklərinin rolu, Osmanlı-Səfəvi müharibələri kimi problemlərin tədqiqi zamanı toxunulmuşdur. Bundan başqa, keçən əsrin əvvəllərində Rusiya imperiyasından Türkiyəyə mühacirət etmiş bir çox azərbaycanlılar və digər türk mənşəli alimlər Azərbaycanın tarixi coğrafiyası, dili, folkloru ilə bağlı araşdırmalar aparmışlar ki, bunlar da dolayısı ilə Azərbaycanın türkləşməsi məsələsinə aydınlıq gətirməyə yardım edib.
Sovet Azərbaycanından fərqli olaraq, 20-ci əsrin əvvəllərində Türkiyə hakimiyyəti tarixçi alimlər qarşısında Türkiyə millətinin tarixinin mümkün qədər qədimləşdirilməsi və türkləşdirilməsi kimi bir vəzifə qoymuşdu. Tarixçi alimlərə bu mesaj bilavasitə cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkdən gəlirdi. “Türkiyə tarix tezisi” kimi tanınan bu konsepsiyanın əsas yaradıcısı isə Əhməd bəy Ağaoğlu hesab olunur. Bu konsepsiyanın əsasında Qərbi Asiyanın ən qədim sivilizasiyası hesab edilən Hittitlərin türkləşdirilməsi dururdu.[xiii] Türkiyənin əksər tarixçiləri bu konsepsiyanı qəbul etməmiş və bu səbəbdən də akademik postlarını itirməli olmuşdular. Bu yazıda adları qeyd olunan alimlər də həmin kateqoriyaya aiddirlər.
Hakimiyyətin təşviq etdiyi konsepsiyanı qəbul etməyənlərdən və zərər görənlərdən biri Əhməd Zəki Vəlidi Toğan olub. Milliyyətcə başqırd olan Zəki Vəlidi Azərbaycan Yurt Bilgisi adlı məcmuədə Azərbaycanın (o dövrdə Azərbaycan Sovet Sosialist Respublikası) tarixi coğrafiyasına aid silsilə məqalələrində bölgədə mövcud olmuş şəhər və dövlətlər, onların əhalisi və dili haqqında məlumat verir.[xiv] Vəlidi yazır ki, “İranda Qubad ibn Firuzun (488-531) hakimiyyətinin sonlarına yaxın Sasani ordusu Araz və sonra Kür çaylarının şimalına keçərək, Nuşirəvan dövründə Dərbəndə kimi bütün Albaniyanı işğal edincəyədək, buralar xəzərlərə (xəzərlər türkdilli tayfadır-müəllif), daha doğrusu, hunlara tabe [vəziyyətdə] qalmışdır.”[xv] Aranın mərkəzi şəhərlərindən olan Qəbələni təsvir edən Vəlidi 9-cu əsr müəllifi al-Balazurinin onu Xəzər şəhəri kimi təqdim etdiyini, 646-cı ildə şəhər ərəblər tərəfindən işğal olunduqdan sonra da buraya türklərin yerləşdirildiyini vurğulayır. (Vəlidi “Aran” dedikdə müasir Azərbaycan Respublikasının ərazisini nəzərdə tutur). Arana gələn türklərin bir qismi Türküstandan[xvi] idi.[xvii] 10-cu əsr ərəb müəllifi al-Məsudiyə istinad edən Vəlidi yazır ki, şəhər müsəlmanlarla məskunlaşsa da, ətraflardakı bütün əhali qeyri-müsəlmanlardan ibarət idi. 11-ci əsrin Şəkisi haqqında məlumat verən Vəlidi yenə də ərəb mənbələrinə söykənərək şəhərin həm əhalisinin, həm də hakim sülalənin qeyri-türk və qeyri-müsəlman, vilayətin isə Ərməniyəyə aid olduğunu qeyd edir. Vəlidi həmçinin yazır ki, Şəkiyə bitişik olan Qanıq (Alazan) və Qobur hövzələri “monqollardan əvvəl xristian və qeyri-türk ünsürlər ilə məskun idi.”[xviii]
Beləliklə, Vəlidi türk tayfalarının Azərbaycana ilk köçünü erkən orta əsrlər dövrünə (5-7-ci əsrlər) bağlayır, lakin qeyd edilən dövrdə onlar bölgədə dominant qrup deyildilər. Bunu Vəlidinin Aranla bağlı şərhlərindən görürük. Ərəb müəlliflərindən Məqdisiyə və İstəxriyə istinad edən alim yazır ki, ərəb istilaları dövründə Aran adlanan vilayətin əhalisi “aran dilində danışırdı və ermənilərlə qardaş münasibətdə idilər.” Vəlidi həmçinin qeyd edir ki, Bərdə müəyyən dövrlərdə “bütün Azərbaycan, Aran və Ermənistanın heyətləri cəmindən təşəkkül tapmış ümumi valiliyin mərkəzi olduğundan” ilkin mənbələrdə (məsələn, anonim müəllifin Hüdud al-Ələm və əl-Biruninin əsəri) “Şirvan şəhərləri də ‘Ərməniyə’ vilayətindən sayılmışlar.”[xix] 11-12-ci əsrlərdə Aran ərazisinə köçürülən və köçən türklərin sayında kəskin artım baş versə də, onların yalnız bir qismi, xüsusən də “Azərbaycan tərəfdən gələnlər öz mövqelərini mühafizə ede bilmişlər (…) başqaları [isə] ya özləri çıxıb getmişlər və yaxud hökumətlər (yəni hakimlər və ya tayfa başçıları) tərəfindən başqa yerlərə köçürülmüşlər.”[xx] Beləliklə, Vəlidiyə görə, Azərbaycan ərazisinə ən güclü türk axını səlcuqlu dövründə başlasa da, həmin dövrdə bu ərazilər tamamilə türkləşməmişdi, bu proses monqol dövründən sonra başa çatmışdı.
Mükrimin Halil Yınanc türklərə xüsusi rəğbəti ilə seçilsə də, tədqiqatları Türkiyə hakimiyyətinin təşviq etdiyi konsepsiyaya uyğun olmamışdır. Yınanc Aran (müasir Azərbaycan Respublikası) və Azərbaycanın (İran Azərbaycanı nəzərdə tutulur) türkləşməsi məsələsinə bir neçə tədqiqatında toxunur.[xxi] Tədqiqat zamanı geniş həcmdə ərəb, fars, suryani, erməni, bizans və Qərb mənbələrindən istifadə edən alim Səlcuqların özlərinin uzun müddət hər hansı yazılı mənbə yaratmadıqlarını, bu səbəbdən də tədqiqat obyekti ilə bağlı türkdilli mənbələrin az olduğunu diqqətə çatdırır. Halil Yınanc türklərin müasir Azərbaycanda məskunlaşmasının ilkin mərhələsini 1018-1021-ci illər arasında türkmənlərin kiçik müsəlman əmirliyi olan Şəddadoğullarının ərazisinə girməsi, əvvəl Naxçıvanı, sonra isə Arazı keçərək Dovini[xxii] işğal etməsi ilə əlaqələndirir.[xxiii]
1025-ci ildə Sultan Mahmud Qəznəvi Arslan bəy bin Səlcuqu həbs etdikdən sonra ona tabe olan boy və oymaqları Xorasana köçürdü. Lakin bu türkmənlər bir müddət sonra Xorasan hakiminə qarşı üsyan qaldırdılar, üsyanı yatırtmaq üçün Sultan Mahmud şəxsən Xorasana gəldi və üsyankar türkmənləri darmadağın etdi. Halil Yınanc yazır ki, 2000-ə qədər çadırdan ibarət olan bu türkmənlər dağlara, çöllərə səpələnərək özlərinə yeni məskən axtarmağa başladılar və sonunda Bizansın hücumlarından qorunmaq üçün silahlı dəstələrə ehtiyacı olan Azərbaycan hökmdarı Vahsudan (Rəvvadi sülaləsinin nümayəndəsi nəzərdə tutulur) onları himayəsi altına aldı.[xxiv] Bir müddət sonra bu türkmənlər Bizans sərhədini keçərək həmin ərazilərə yayılmağa başladılar.
11-ci əsrin ortalarına doğru erməni, gürcü, Aran və Bizans arasında müharibələr zamanı Aran və Azərbaycan hakimləri türkmənləri öz tərəflərinə çəkdi, bu müharibələr türkmənlərə Arazı keçərək ermənilərin yaşadığı bir çox şəhərləri ələ keçirmək imkanı verdi. Dağıdılan şəhərlərin əhalisi ya öldürülür, ya da əsir götürülürdü. Lakin 1041-ci ildə Vahsudan türkmənlərin 30-a yaxın oymak başçılarını bir ziyafətə dəvət edərək öldürdükdən sonra türkmənlər Azərbaycanı tərk etdilər, onların bir qismi Urmiya, bir qismi isə Hakkari istiqamətinə köç etdilər. Kürdlərlə döyüşlərdə qələbə qazana bilməyən türkmənlər ətraf ərazilərə dağıldılar.[xxv]
Təqribən həmin illərdə Səlcuq sultanı Toğrulun əmisi oğlu Kutulmuş (və ya Kutalmış) bütün Azərbaycanı işğal edir, Arazı keçərək Arana, müasir Gürcüstan və Ermənistana girir. Yınanc yazır ki, həmin dövrdə bölgədə erməni və gürcü krallıqlarından başqa, “iki müsəlman hökuməti mövcud idi.” Bunlardan biri Şirvanşahlar, digəri isə Naxçıvan, Dəbil və Gəncəni əhatə edən Şəddadoğulları hökuməti idi. Kutulmuş Şəddadoğulları üzərinə hücum etsə də, Gəncənin uzun mühasirəsi bir nəticə verməmişdi.[xxvi]
Yınanc türkmənlərin bütün Cənubi Qafqaz bölgəsini ağır döyüşlərlə ələ keçirdiyini, bəzən uzun sürən döyüşlərin bir nəticə vermədiyini vurğulayır; bu uzun və əzablı köçmə və köçürülmə prosesinin yarım əsrdən çox sürdüyünü, Göycəgöl hüdudundan başlayaraq, Anadolunun ortasından keçməklə Qızılırmağın kənarlarına qədər uzandığını qeyd edir. İkinci Səlcuq sultanı Alp Arslanın dövründə (1029/1030-1072) türkmənlər Qafqaz və Anadolunun şərqinə bir neçə yürüş edirlər. Bu yürüş nəticəsində ermənilər Araz hövzəsi və şərqi Anadoludan toplum olaraq köçüb cənubi Anadolu və Kilikiyaya sığınmağa məcbur olurlar. Ermənilərin tərk etdiyi bütün ərazilər türkmən boyları və ulusları tərəfindən işğal edilir.[xxvii] Anadoluda Səlcuq dövlətini qurmuş Kutulmuşun oğlu I Şah Süleymanın dövründə Cənubi Qafqazın, o cümlədən Aranın türkləşməsi prosesi davam etmiş, Məlik şah Aran və Azərbaycanı idarə etmək üçün bu əraziləri bir əmirlik altında birləşdirmiş, əmisi oğlu Kütb al-Din İsmayılı onun hökmdarı təyin etmişdi. Bu dövrdə Gəncədə Şəddadoğulları hakimiyyətlərini qoruya bildikləri üçün Aran vilayətinin mərkəzi Beyləqan idi.[xxviii]
Halil Yınanc Cənubi Qafqaz, o cümlədən Azərbaycan və Anadolunun türkləşməsini mümkün edən bir neçə səbəb göstərir. Yınanc yazır ki, erkən orta əsrlərdən başlayaraq bölgədə gedən aramsız müharibələr (İran-Bizans, Ərəb-Bizans), Bizansda Makedoniya sülaləsinin hakimiyyəti dövründə daxili çəkişmələr, ərəblərin, qıpçaqların bölgəyə davamlı hücumları şəhərlərin, qalaların, istehkamların dağıdılması və əhalinin qırılması, əsir götürülməsi ilə nəticələnmişdi. Əhalinin kəskin azalması xəzinəyə daxil olan vergiləri azaltmış, bu isə Bizans imperatorlarını xəzinəni doldurmaq üçün vergi və mükəlləfiyyətləri kəskin şəkildə artırmağa məcbur etmişdi. Bizans imperatorlarının daxili çəkişmələr və xarici hücumlar fonunda ədalətsiz, soyğunçu idarəçiliyi, dini zəmində sıxışdırmalar, xüsusilə də ortodoks xristian olmayan ermənilərə qarşı diskriminasiya əhalinin əksəriyyətində narazılıqlara səbəb olmuş, nəticədə yerli əhali imperatorlarının zülmündən qurtarmaq üçün gəlmə türklərə müqavimət göstərməmiş, əksinə onlara sığınmışdır.[xxix] Cənubi Qafqazda gəlmə türklərə qarşı əsas müqaviməti xristian əhali, erməni və gürcü feodalları təşkil etmişdi. Lakin onlar sayca az və hərbi cəhətdən zəif olduqlarından məğlubiyyətə uğramış, Cənubi Qafqaz tabe edildikdən sonra Bizans imperiyası hissə-hissə istila olunmağa başlanmışdı.
Halil Yınancın fikrincə, türk boy və oymaqlarının köçü bir istiqamətli olmamışdı. Qafqazdan və İrandan Anadolu istiqamətinə hərəkət edən türklər müxtəlif dövrlərdə əks istiqamətə, yəni Anadoludan Qafqaza və İrana köç etmişdilər. Məsələn, 12-ci əsrdə səlcuq dövlətləri arasında daxili çəkişmələr dövründə erməni və gürcü feodalları türklər üzərində bir neçə qələbə qazanmış, nəticədə Aranda məskunlaşmış türk boy və oymaqları Anadoluya köçmüşdülər. Bu proses monqol və Teymuri işğalları dövründə də davam etmiş, işğalçılara müqavimət göstərə bilməyən türklər Anadolu və Rumelinə qaçmışdılar. 14-cü əsrdən başlayaraq türk tayfa ittifaqlarının yaranması və uğurlu hərbi əməliyyatlar aparması, İranın böyük hissəsini işğal etməsi nəticəsində isə türklər əks istiqamətə, Anadoludan İran, Azərbaycan və Arana köç etmişdilər.[xxx] Qaraqoyunlular İranda hakimiyyəti itirdikdən sonra onlara məxsus boy və oymaqlar Ağqoyunlu Uzun Həsən tərəfindən təqibə məruz qaldıqları üçün onlar İranı tərk etmiş və yenidən Anadoluya qayıtmışdılar. Eyni proses 16-cı əsrin əvvəllərində Səfəvilərin qalibiyyətli hərbi yürüşləri nəticəsində baş vermiş, Anadolunun bir çox şiə mənsəbinə məxsus boy və oymaqları İrana köçmüş, təqib olunduqları üçün Ağqoyunlu ittifaqına məxsus boylar isə geriyə, Anadoluya qaçmışdır. Bütövlükdə, Halil Yınancın hesablamalarına görə, 10-11-ci əsr arası Orta Asiyadan və digər bölgələrdən Qafqaz və Anadolu bölgəsinə 1 milyondan çox türk köç edib. Bunların içərisində hərbi qüvvələr 100-150 min nəfərdən çox olmayıb, yerdə qalanlar ailə üzvləri və köçəri tayfalardan ibarət olub.[xxxi]
Keçən əsrin türk tarixçilərindən Faruk Sümərin Azərbaycanın türkləşməsinə dair fikirləri İslam Ensiklopedisi üçün yazdığı silsilə məqalələrdə, həmçinin oğuzların, səlcuqların sosial-siyasi tarixinə həsr olunmuş əsərlərində əks olunub. “Azərbaycanın türkləşməsi tarixinə ümumi bir baxış” adlı məqaləsində Sümər Azərbaycanın türkləşməsini “səlcuq, monqol və monqol dövründən sonrakı dövr” olmaqla, üç mərhələyə ayırır və monqol dövrünü bu prosesin ən mühüm mərhələsi hesab edir.[xxxii] Sümər Azərbaycan dedikdə İran Azərbaycanını nəzərdə tutur, müasir Azərbaycan Respublikası ərazisini isə Aran və Muğan kimi qeyd edir. Sümər yazır ki, Azərbaycanın türkləşməsinin ilk mərhələsi olan səlcuqlar dövründə türkmənlər bütövlükdə Aran və Muğan bölgəsində, cənubda isə Urmiya gölünün qərbində və İran Kürdüstanı ilə Şəhri-Zor[xxxiii] arasında məskunlaşmışdılar. Cənubi Azərbaycanın Təbriz, Ərdəbil, Xalxal kimi vilayətlərində türkmənlər çox az idi və şimali Azərbaycanla müqayisədə bu dövrdə cənubi Azərbaycan daha az türkləşmişdi. Bu səbəbdən də qeyd edilən ərazilər səlcuqlara tabe deyildi və məmlüklərə iqta olaraq verilirdi. Tarixçi bunun səbəbini Aranın türkmənlərin yaşayış tərzinə uyğun olan daha əlverişli təbiətə malik olması ilə deyil, coğrafi mövqeyi ilə izah edirdi: Aran uc vilayəti, yəni qeyri-müsəlman dövlətlərlə həmsərhəd zona idi və xristianlara qarşı müqəddəs müharibələrin aparıldığı ərazi hesab edilirdi. Aranda məskunlaşmış türkmənlər gürcülərə qarşı yürüşlər təşkil edir, əsir və qənimətlər ələ keçirir, güclənirdilər. Bu səbəbdən monqolların yürüşləri ərəfəsində bu bölgədə türklərin sayı həddən artıq çox idi və bu ərazilər həmin dövrdə artıq bir türk ölkəsi hesab edilirdi.[xxxiv] Sümərin fikrincə, Aranda türklərin sayının artması oğuzlardan başqa bu ərazilərə monqolların yürüşü ərəfəsində Xarəzmşah Cəlaləddinlə birgə gəlmiş türklər və onlara qohum olan qıpçaqların çoxlu sayda yürüşləri ilə də əlaqədar idi. Lakin qıpçaqlar Aranda möhkəmlənə bilməmiş və geriyə qayıtmağa məcbur olmuşdular. Beləliklə, Xalil Yınancın ardınca Sümər də iddia edir ki, səlcuq axını Azərbaycanın türkləşməsi prosesini başlatsa da, səlcuqlar bu ərazilərdə möhkəmlənə bilməmişdilər.
Sümər vurğulayır ki, Səlcuqlar dövründə Aran və Azərbaycanda yerləşmiş türkmənlər və Xarəzmdən gələnlər monqol işğalları başlayanda bu əraziləri tərk edib Anadoluya yerləşdilər.[xxxv] Aran və Azərbaycanda Səlcuq dövrünə aid türk mənşəli coğrafi adların az olmasının əsas səbəblərindən biri məhz bu idi. Sümər Hülakülər (Elxanilər) dövlətinin ən qüdrətli dövründə Azərbaycanda türkmənlərin mövcud olmasına aid hər hansı bir mənbə tapa bilməyib.[xxxvi] Tədqiqatçı bunu məğlub olan köçəri türklərin bütün boy və oymaqları ilə birgə yurdlarını tərk etmək adəti ilə bağlayır.
Səlcuq dövrü ilə müqayisədə türkləşmənin ikinci mərhələsini əhatə edən monqol dövründə bölgədə türk mənşəli çoxlu sayda coğrafi adlar peyda olur. Tədqiqatçı ilk olaraq Göycə gölünü xatırladır və yazır ki, Van gölünün şimalındakı Karsantı Hülakü xan dövrünə aid mənbələrdə Aladağ kimi, müasir Ermənistan ərazisində yerləşən Sevan gölü isə Abaqa xanın dövründə (1265-1282-ci illər) Kokçə teniz kimi qeyd olunur. Hülakü xanın dövründən başlayaraq, Azərbaycanda bir çox yer adları mənbələrdə artıq türk və monqolca qeyd olunur. Sümər hesab edir ki, monqol işğallarında iştirak edən tayfaların bir qismi monqol, bir qismi isə türk olduğundan hər iki dilə aid coğrafi adlar peyda olmağa başlayır. Bu proses Əbu Səid Bahadur xana qədər davam edib, bundan sonra üstünlük türk dilinə keçib. Sümər eyni zamanda monqol işğallarında iştirak etmiş türkləri iki hissəyə bölür; birinciləri əslən türk mənşəli, ikinciləri isə türkləşmiş monqollar hesab edir. Birincilərin əsasını uyğurlar təşkil edirdi. Hülakü dövləti yarandıqdan sonra onlar çoxlu sayda İrana köç etmişlər. Onların bir qisminin dövlət məmuru kimi Hülakü dövlətində yüksək vəzifə tutduqları haqqında mənbələr geniş məlumatlar verir. Sümər bu mənbələrdən ən önəmlisi olan Olcaytu xanın tarixini yazmış Əbül Qasım Kaşaninin əsərindəki siyahıya istinad edir.[xxxvii]
Beləliklə, Sümər iddia edir ki, İran, Azərbaycan və Aranda türk mənşəli əhalinin artmasının səbəbi monqol bayrağı altında bu ərazilərə çoxlu sayda türklərin gəlməsi olmuşdur. Onların bir qismi dövlət məmuru kimi fəaliyyət göstərmiş, bir qismi isə monqol xanları, şahzadələri və noyonlarının nökərləri, kölələri kimi xidmətdə olmuşdular. Çoxluqda olduqları üçün tədricən türk dili dominant dilə çevrilmiş, həm Azərbaycanın türkləşməsi, həm də monqolların özlərinin türkləşməsi baş vermişdi.[xxxviii] Bu proses Azərbaycanın şimalında başlamış və cənubunda, xüsusilə, Marağa, Xoy və Urmiya gölü ətrafındakı ərazilərdə davam etmişdi. Sümərin fikrincə, Hülakülər dövründə Osmanlı dövlətindən İran, Aran və Muğana başlayan türk tayfalarının köçü bir əsrdən çox davam etmişdi.[xxxix] Köçəri türk tayfalarının Azərbaycana güclü axını 1336-cı ildə Əbu Səidin ölümündən sonra başlayır. Bölgədəki siyasi qarışıqlıq Rumelidə yaşayan bir çox türk tayfalarının Azərbaycana köçməsinə səbəb olmuşdu.
Sümər qeyd edir ki, 18 il hakimiyyətdə olmuş Çobanilər dövründə Anadoludan Azərbaycana gətirilmiş ordunun əksəriyyətini türklər təşkil etmişdi. Mənbələr eyni zamanda Çobanilərin hakimiyyəti dövründə Muğan və Aranda çoxlu sayda türkmənlərin yerləşdiyindən xəbər verir və bu türkmənlərin əsasən Çobanlı tayfasına aid olduğu bildirilir.[xl] 14-cü əsrin sonlarında, Cəlairilərin yüksəlişi dövründə bir çox türkmən tayfaları, o cümlədən Qaraqoyunlular, monqol-Sutaylı tayfasına məxsus torpaqları ələ keçirmiş, Naxçıvan, Xoy və Göycə gölünün cənub hissəsində hakimiyyəti ələ almış, hətta Təbrizə qədər gedib çıxa bilmişdilər. Lakin türkmənlərin Azərbaycan, Aran və Muğanda möhkəmlənməsinə Teymurun işğalları mane olur. Sümərə görə, Hülakülər dövlətinin zəifləməsindən Cəlairilərə qədər olan dövr (13-15-ci əsrin ortaları) Azərbaycan, Aran və Muğanın türkləşməsinin ən yüksək nöqtəyə çatdığı dövr olub. Bu dövr mənbələrində əvvəlki mənbələrdə rast gəlinməyən çoxlu sayda türk mənşəli yer adlarına rast gəlinir. Anadoludan gələn türklər Azərbaycanda və Aranda saldıqları yeni məskənlərə tərk etdikləri yurdların adını verirdilər.
Azərbaycanın türkləşməsinin üçüncü mərhələsi bilavasitə Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövründə Azərbaycan, Aran və Muğana türkmən tayfalarının axını ilə bağlıdır. Bu dövr həm də qeyd edilən ərazilərin türkləşməsinin başa çatması dövrüdür. Sümər yazır ki, Azərbaycanı, İranı, İraqi-Əcəm və Ərəbi, Farsı ələ keçirərək böyük bir imperatorluq qurmuş Qaraqoyunlular dövründə müasir Türkiyənin şərqində məskunlaşmış çoxlu sayda türkmən tayfaları Azərbaycana köç etmişdi. Bundan başqa, Qaraqoyunlu Cahanşah Qara Ulus adlı böyük tayfanın bir hissəsini Ərəb İraqından Azərbaycana köçürmüşdü. Qaraqoyunluları məğlub edən Ağqoyunlular sayca daha çox idilər. Nəticədə türkmənlər Azərbaycan hüdudlarını aşaraq geniş ərazilərə, İraqi-Əcəmə də yayılmağa başladılar. Anadoludan Azərbaycana ən böyük köç isə Səfəvilər dövründə baş vermişdi. Beləliklə, Anadoluda yaşayan türkmənlərin sayı kəskin şəkildə azalmışdı.[xli] Təkcə Antalyadan İrana Səfəvi dövlətinin yaranması dövründə minlərlə türkmən köç etmişdi. Onlar sonralar İranda Təkəli adı ilə tanınmışdılar.[xlii] Köç edən tayfalar içərisində həm köçəri türkmənlər, həm də oturaq türklər var idi. Bu köçlər nəticəsində türk dili İranın qərb hissəsində hakim dilə çevrilir. Sümər 17-ci əsrdə İrana səyahət etmiş Avropalı səyyah Jan Şardenə istinadən yazır ki, həmin dövrdə İranda Əbhərdən sonra gələn şəhərlərdə fars dilində danışılır, ora qədər isə xalqın danışdığı dil Osmanlıda danışılan dil ilə tam eyni olmasa da, ondan az fərqlənən türk dilidir.
Osmanlının müxtəlif yerlərindən, xüsusilə də Anadoludan İran, Aran və Muğana edilən köçlər bir müddət sonra Osmanlı imperiyasının maliyyə vəziyyətinə təsir etməyə başladı. Dövlətin ərazisindən vergi ödəyən əhalinin kütləvi axını Osmanlı-Səfəvi müharibələrinə son verən 1555-ci il Amasiya sülh müqaviləsinə dövlətlərin ərazilərini tərk etmiş əhalinin geriyə qaytarılması haqqında maddə əlavə edilməsi ilə nəticələndi.[xliii] Lakin Osmanlı imperiyasından Azərbaycana türk köçlərinin qarşısını almaq mümkün olmadı. Bu köçlər hətta Şah Abbasın dövründə də davam etmiş, onların ən böyüyü Ərzurum-Pasin arasında yaşayan Müqəddəmoğulları oymağı və Şah Abbasın xidmətinə daxil olmuş, Şahsevənlər kimi tanınan İraq türkmənləri idi.[xliv]
Azərbaycanın türkləşməsində monqol dövrünün xüsusi çəkiyə malik olmasını tarixi tədqiqatlarla yanaşı dilçi alimlərin təhlilləri də təsdiq edir. Türkoloq Əhməd Cəfəroğlu monqol mənşəli sözlərin Azərbaycan dilində istifadəsinin Elxanilər dövrünə təsadüf etdiyini bildirir. Bu sözlər bir çox hallarda həm məna, həm də tələffüz cəhətdən ilkin versiyadan fərqlənmiş, türk dilinin ahəng qaydasına uyğunlaşdırılmışdır.[xlv] Cəfəroğlu xüsusilə hündür, hənir, nohur, tala, yekə, lap, şilə kimi sözlərin üzərində dayanır, onların işlənmə arealını təhlil edir. Cəfəroğlu Azərbaycan dilindəki antroponimləri izah edərkən monqol işğallarının buraxdığı yerli dilə yad olan izlərin üzərində dayanır. O, Azərbaycan dilində işlədilən monqol mənşəli sözlər içərisində Qambay, Ulağay, Arçil, Nogay kimi şəxsi adları, qaraul, yasaul, darğa, ğoşun kimi dövlət təsisatlarına aid, kürəkən kimi ailə münasibətlərinə aid terminləri təhlil edir.[xlvi] Bu tədqiqatlar Faruk Sümərin monqol dövründə hər iki dilin, türk və monqol dilinin yanaşı işlədilməsi, monqol tayfalarının tədricən türkləşməsi iddiasını möhkəmləndirir.
Nəticə
İkinci dünya müharibəsinə qədərki dövrdə SSRİ Türkiyə ilə sıx münasibətlərə malik deyildi. Müharibə bitdikdən sonra başlanan Soyuq Müharibə, SSRİ-nin Türkiyəyə ərazi iddiaları, Türkiyənin NATO-ya üzv olması iki dövlət arasında münasibətləri daha da gərginləşdirir. Siyasi sahədə soyuqluq iki dövlətin elm və mədəniyyət xadimləri arasındakı əlaqələrə də mənfi təsir göstərmişdi. Hər iki dövlətin alimləri qarşı tərəfin sosial-siyasi həyatını, baş verən prosesləri təhlil etsələr də, elmi mübadilələr ciddi şəkildə məhdudlaşdırılmışdı. Buna baxmayaraq, Türkiyə alimlərinin, xüsusilə tarixçi və dilçilərin SSRİ-nin türk mənşəli xalqlarının tarixini, sosial-mədəni inkişafını araşdıran çoxlu sayda əsərləri işıq üzü görmüşdü. Bunun bir səbəbi həmin dövrdə Türkiyədə keçmiş Rusiya imperiyasından mühacir etmiş böyük icmanın olması idisə, digər səbəbi Türkiyənin milli tarixinin yaradılması idi.
Elmi mübadilələrin aşağı səviyyədə olduğu, siyasi qarşıdurmanın hökm sürdüyü bir dövrdə aparılan tarixi-filoloji tədqiqatlar hər iki dövlətin alimlərinin elmi nəticələrinin ziddiyyət təşkil etmədiyini, uyğun və oxşar nəticələrin əldə edildiyini göstərir. Azərbaycan alimlərindən fərqli olaraq, Türkiyə alimlərinin daha geniş mənbə bazasından istifadə etməsi, müxtəlif dillərdə yazılmış tarixi narrativlərin müqayisəli təhlili onlara daha dərin araşdırma aparmaq və əsaslandırılmış konsepsiyalar formalaşdırmaq imkanı vermişdi. Həm Türkiyə, həm də Azərbaycan tarixşünaslığı Azərbaycanın türkləşməsini səlcuq işğalları ilə əlaqələndirir. Lakin Azərbaycan tarixşünaslığından fərqli olaraq, Türkiyə tarixşünaslığı Azərbaycanın türkləşməsinin səlcuq işğalları ilə başa çatmadığını, səlcuqların Azərbaycanda möhkəmlənə bilmədiyini, bu prosesin monqollar dövründə davam etdiyini və Səfəvilər dövründə başa çatdığını iddia edir.
Düşünürəm ki, bunun bir səbəbi aparılan tədqiqatların məqsədi ilə bağlı idi. Azərbaycan tədqiqatçılarının Azərbaycanda yaşayan xalqların etnik mənşəyini türkləşdirmək kimi bir missiysı yox idi. Onların əsas məqsədi Azərbaycan xalqının etnogenezi ilə bağlı əsaslı konsepsiya formalaşdırmaq idi. Bu konsepsiya Azərbaycan xalqının formalaşmasında yalnız türkdilli xalqların iştirakı fikrini rədd edirdi və bu prosesdə müxtəlif etnik qrupların iştirakı fikrini qəbul edirdi. Türk tədqiqatçıları isə bilavasitə Anadolu və ətraf bölgələrin türkləşməsi prosesi ilə maraqlanırdılar. Məhz bu məqsəd Türkiyəli tədqiqatçıları daha geniş bölgələri və tarixi dövrü araşdırmağa, çoxlu sayda yazılı mənbələri təhlil etməyə sövq etmişdi. Bu səbəbdən də Azərbaycan tarixşünaslığı türkləşməni vahid bir proses, Türkiyə tarixşünaslığı isə üç mərhələdən ibarət davamlı bir proses kimi təqdim edir.
Qeyd və İstinadlar
[i]Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin geniş iclası. 1955. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-Siyais Sənədlər Arxivi (ARPİİİSSA), f.1, siy.41, iş 486, v.2-29.
[ii]Azərbaycan dedikdə kitab həm müasir Azərbaycan Respublikasının (kitabda bura “Azərbaycanın şimal hissəsi” və ya “Şimali Azərbaycan” deyilir), həm də elmi ədəbiyyatda İran Azərbaycanı kimi qeyd olunan (kitabda bura “Azərbaycanın cənub hissəsi” və ya “Cənubi Azərbaycan” deyilir) ərazini nəzərdə tutur. İran Azərbaycanı müasir İranın şimal-qərbindəki tarixi-coğrafi ərazidir və hazırda İranın 3 vilayətini (Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbil) əhatə edir.
[iii] Azərbaycan tarixi 3 cilddə, 1-ci cild, Azərbaycan SSR EA Nəşriyyatı, 1958, 40.
[iv] Yenə orada, 42, 50.
[v] Yenə orada, 62.
[vi] Yenə orada, 65-66.
[vii] Yenə orada, 188.
[viii] Yenə orada, 186.
[ix] Yenə orada, 186-7.
[x] Yenə orada.
[xi] Yenə orada, 154-5.
[xii] Yenə orada, 157.
[xiii]Can Erimtan. “Hittites, Ottomans and Turks: Ağaoğlu Ahmed Bey and the Kemalist Construction of Turkish Nationhood in Anatolia”, Anatolian Studies, 2008, Vol. 58 (2008), pp. 141-171.
[xiv]Togan, Ahmet Zeki Valldi, “Azərbaycanın Tarihı Coğrafyası”, Azerbaycan Yurt Bilgisi, Cilt: I, Sayı: 2, Şubat 1932, Istanbul 1932, 69-83; Sayı:3, Mart 1932, Istanbul 1932,.123-132; Sayı: 4-5, Nisan – Mayıs 1932, Istanbul 1931. 145-156.
[xv] Əhməd Zəki Vəlidi. Azərbaycanın tarixi coğrafiyası. (Təhsil, 2009), 44.
[xvi] Türküstan Asiyada tarixi bölgədir, onun ərazisi qərbdə Xəzər dənizi, şərqdə Qobi səhrası, şimalda Sibir, cənubda isə İran, Əfqanıstan, Pakistan və Tibet ilə kəsişir.
[xvii] Vəlidi. Azərbaycanın tarixi coğrafiyası, 44-5.
[xviii] Yenə orada, 56-7.
[xix] Yenə orada, 23.
[xx] Yenə orada, 56-7.
[xxi] Mükrimin Halil. Türkiye Tarihi: Səlcuqku Devri. I Anadolunun fethi. İstanbul: Akşam Matbaas;, 1934; Mükrimin Halil Yınanc. Türkiye tarihi. Selcuklar Devri. İstanbul: Bürhaneddin Matbaası, 1944.
[xxii] Azərbaycan tarixşünaslığında Dvin kimi qeyd olunur.
[xxiii] Mükrimin Halil, 1934, 19.
[xxiv] Mükrimin Halil Yınanc, 1944, 37.
[xxv] Yenə orada, 45.
[xxvi] Yenə orada, 50-1.
[xxvii] Yenə orada, 89.
[xxviii] Yenə orada, 124-6.
[xxix] Yenə orada, 169-7.
[xxx] Yenə orada, 173, 175.
[xxxi] Yenə orada, 181.
[xxxii] Faruk, Sümer. “Azerbaycan’ın Türkleşmesi Tarihine Umumi Bir Bakış”. BELLETEN 21, sy. 83 (Temmuz 1957), 429.
[xxxiii] Şəhri-Zor 1554-1862-ci illər arası Osmanlı imperiyası ərazisində mövcud olmuş əyalətdir, mərkəzi Kərkük şəhəri olmuşdur.
[xxxiv] Sümer. “Azerbaycan’ın Türkleşmesi, 431.
[xxxv] Yenə orada, 435.
[xxxvi] Yenə orada.
[xxxvii] Ebu’l-Kasım Abdullah b. Ali. Tarih-i-Olcaytu. [Ayasofya Kütüphanesindeki yazma nüsha]. 139a.
[xxxviii] Sümer. “Azerbaycan’ın Türkleşmesi, 439.
[xxxix] Faruk, Sümer. Safevi Devletinin Kuruluşu ve Geliçmesinde Anadolu Türklerinin Rolu. Ankara: Güven Matbaası, 1974, 15.
[xl] Sümer. “Azerbaycan’ın Türkleşmesi, 441.
[xli]Faruk, Sümer. XV. Asırdan itibaren Anadolu’dan Iran’a vuku bulan göçler, Türk Yurdu, Sayı ı (234), 1954, s. 36- 42.
[xlii] Faruk, Sümer. Safevi Devletinin Kuruluşu ve Geliçmesinde Anadolu Türklerinin Rolu. Ankara: Güven Matbaası, 1974, 12.
[xliii] Yenə orada, 90-1.
[xliv] Yenə orada, 173.
[xlv]Ahmet, Caferoğlu. “Azeri Lehçcsinde Bazi Moğol Unsurları”, AYB. CiIt: I, Sayı: 6-7, Haziran Tcmımız 1932, Istanbul 1932, 216.
[xlvi]Ahmet, Caferoğlu. “Azerbaycan Antroponimisine Dair Notlar”. Journal of Turkish Language and Literature, Vol. 8, 1958: 1-7.

