2024-cü ilin oktyabr ayından etibarən Bayırşəhərin — xüsusilə Təzəpir məscidinin ətrafını və ona bitişik bir sıra küçələri (Zərgərpalan, Nizami, Abdulla Şaiq, Çingiz Mustafayev, Tolstoy, Mirzə Fətəli Axundov, Nabat Aşurbəyova, Murtuza Muxtarov, Bəşir Səfəroğlu və digər küçələri) əhatə edən ərazinin sökülməsi ilə bağlı xəbərlər mediada mütəmadi olaraq yayılmağa başlayıb. Bu yazılarda söküntülər çoxsaylı “yararsız” və “bərbad vəziyyətdə olan” binaların mövcudluğu ilə əsaslandırılır. Halbuki bu ərazidə planlaşdırılan söküntülər Bayırşəhəri “Xüsusi Mühafizə Zonası” kimi müəyyən edən Bakı Baş Planına (Dövlət Komitəsi, 2022, 80) ziddir və şəhərsalma fəalları, məhəllə sakinləri və Bakı mədəni elitası tərəfindən etirazla qarşılanır. Buna baxmayaraq, ayrı-ayrı binaların sökülməsi davam edir və Bayırşəhərin gələcəyi ilə bağlı narahatlıqlar artmaqdadır. Müzakirələr əsasən memarlıq irsi məsələsi ətrafında cəmlənib: Bayırşəhər bütövlükdə qorunmağa dəyəcək qədər əhəmiyyətlidirmi, yoxsa əsasən bərpası mümkün olmayan, köhnə və qəzalı binaların toplusudur və onların arasında yalnız bir neçə “memarlıq incisi” gizlənib? Eyni zamanda, fəallar və ziyalılar Bayırşəhərin Bakı şəhərinin mərkəzi hissəsinin urban kimliyi üçün əhəmiyyətini vurğulayır, burada bir neçə nəsildir yaşayan və Azərbaycanın elm, incəsənət və dövlət qulluğuna töhfə verən icmasının mədəni irsinə diqqət çəkirlər. Bu davamlı mübahisə Bayırşəhərin taleyini müəyyən edəcək əsas sualı qarşımıza qoyur — bəs irs nədən ibarətdir?
Rəsmi İrs Diskursu və Bayırşəhər
Azərbaycanda irsə dair rəsmi anlayış qlobal Rəsmi İrs Diskursu (RİD) ilə üst-üstə düşür. RİD tarixi baxımdan nisbətən yeni bir fenomendir və əsasən Avropa modernliyinə və sənayeləşmə dövrünün tarixinə söykənir. Bu dövrdə dini məbədlər, qalalar və saraylar kimi əvvəlki epoxanın maddi mirası köhnə elitalar tərəfindən qorunmağa və xatırlanmağa layiq obyektlər kimi qəbul edilirdi (Smith 2006). Zamanla bu tip strukturlar qlobal irs diskursunun və praktikasının mərkəzinə çevrildi.
Azərbaycan RİD-i ilkin olaraq Sovet irs institutları vasitəsilə mənimsədi. Sovet İttifaqı UNESCO-da iştirakı çərçivəsində RİD-i qəbul etdi və öz memarlıq irsini beynəlxalq irs institutlarına daxil etmək üçün ciddi səylər göstərdi (Deschepper 2019). Bu proses əsasən yuxarıdan aşağıya yönəlmişdi və digər yerlərdə olduğu kimi, qədim və orta əsrlərə aid keçmişi prioritetləşdirirdi. Modernlik və sənayeləşmə dövrü isə nadir hallarda beynəlxalq irs kimi tanınmağa layiq hesab olunurdu; Sovet İttifaqında belə obyektlər irs statusu qazanırdısa da, bu adətən yerli tarix muzeyləri (rusca: krayevedçeskiye) və ya zavod muzeyləri vasitəsilə həyata keçirilmiş olurdu (Sklokina və Kulikov 2019). Bu yanaşmanın hazırda dünyada tədricən dəyişməyə başlayan bir çox problemlərindən biri, modernliyin, birincisi, xatırlanmağa dəyər hesab edilməməsi, ikincisi isə, modernliyin mahiyyət etibarilə Qərbə və qloballığa aid olması, buna qarşılıq yalnız modernlikdən əvvəlki tarixin həqiqi milli keçmişin daşıyıcısı ola biləcəyi fərziyyəsidir.
Post-sovet Azərbaycanı bu irs yanaşmasını miras alıb. Müstəqillik dövründə Azərbaycan institutları qlobal irs təşkilatları ilə birbaşa əməkdaşlıq imkanına sahib olsalar da, irs nədir və nəyi qorumağa dəyərmi kimi sualların özü, hələ də, sovet dövrünün yuxarıdan aşağıya yönəlmiş diskursundan qaynaqlanır. Həmin diskurs isə əsasən modernlikdən və sənayeləşmədən əvvəlki dövrə aid sarayları və dini məbədləri üstün tuturdu. Bu mənada, Azərbaycanın sənayeləşmə dövründən – yəni XIX əsrin sonu – XX əsrin əvvəllərindən sonra formalaşmış, əsasən orta təbəqə və fəhlə sinfinə məxsus yaşayış evlərindən ibarət olan Bayırşəhərin RİD baxımından öz-özlüyündə dəyərli sayılmaması təəccüblü deyil.
RİD-in digər bir xüsusiyyəti isə miqyas məsələsidir. UNESCO irsi qlobal, milli və yerli əhəmiyyət daşıyan kateqoriyalara ayırır. Lakin bu əhəmiyyət miqyasları (qlobaldan yerliyə doğru) çox vaxt səhv şəkildə dəyər miqyası kimi başa düşülür; sanki qlobal səviyyədə əhəmiyyətli sayılan irs yerli olanlardan daha dəyərlidir. Halbuki irsin dəyəri təkcə miqyasla ölçülə bilməz. Yerli irs müəyyən icmalar üçün çox daha böyük emosional və ya mənəvi dəyərə sahib ola bilər — bu dəyər isə onun qlobal əhəmiyyəti ilə müqayisəolunmazdır. Bundan əlavə, qlobal bilik istehsalı və mübadiləsinin mürəkkəb və qeyri-bərabər xarakteri, həmçinin qlobal səviyyədə tanınma üçün tələb olunan çətin bürokratik prosedurlar səbəbindən yerli irsin regional və ya beynəlxalq səviyyədə tanınması çox uzun çəkə bilər. Lakin bu, RİD-in tələblərinə əsasən qlobal əhəmiyyət kateqoriyasına daxil olmayan milli və ya yerli irsin qorunmamalı olduğu anlamına gəlmir. Əksinə, bu, o deməkdir ki, sual fərqli qoyulmalıdır. Bu obyekt (bina, şəhər hissəsi və s.) qlobal irs statusuna uyğundurmu? sualını vermək əvəzinə, Bu obyekt niyə dəyərlidir və kim üçün dəyərlidir? sualı verilməlidir. İrsə dair sualların bu cür yenidən formalaşdırılması Bayırşəhər ətrafında davam edən memarlıq incisi və ya yararsız bina dixotomiyasından kənara çıxmağa imkan verər.
Bəs niyə Bayırşəhər Bakı üçün bu qədər əhəmiyyətlidir və niyə fəallarla icma üzvləri onun sökülməsinə etiraz edirlər? Bu sualın cavabını Bakının sənayeləşmə və neft bumu ilə sürətlənmiş özünəməxsus şəhərsalma tarixində tapmaq olar. XIX əsrin əvvəllərində baş vermiş Rusiya işğalı dövrünə qədər indiki Bayırşəhər ərazisi seyrək məskunlaşmış bir məkan idi və burada əsasən karvansaraylar və hamamlar kimi ticarətə xidmət edən bir neçə tikili mövcud idi (Fatullayev 1978, 9–10) (bax: Şəkil 1a). Lakin 1809-cu ildən etibarən, xüsusilə də 1828-ci il Türkmənçay müqaviləsindən sonra bu ərazi İçərişəhər (yəni Qala və ya Köhnə Şəhər) divarlarının xaricində salınmış ilk planlı rayon oldu. Rayonun planı həmin dövrün ən qabaqcıl şəhərsalma prinsiplərinə uyğun şəkildə hazırlanmışdı. Yeni rayon şəbəkə planından — yəni küçələrin bir-biri ilə düzbucaqlı bucaqlarda kəsişdiyi şəhərsalma formasından istifadə edirdi (Fatullayev 1978, 11–13) (bax: Şəkil 1b). Avropa və Yaxın Şərqdə bu şəhərsalma forması qədim Yunanıstan və Roma şəhərlərinə qədər uzanır. O, Avropada erkən orta əsrlərdə tərk edilmiş, lakin İtalyan İntibahı dövründə yenidən dirçəlməyə başlamışdır. XVIII əsrdən etibarən Avropa və Yeni Dünyada tikilən və yenidən qurulan şəhərlərdə, XVIII əsrdə zəlzələdən sonra yenidən qurulan Lissabondan başlayaraq Barselona, La Plata, Amerika şəhərləri və XIX əsrdən etibarən dünyanın bir çox digər şəhərlərinə qədər, bu məkan təşkili sistemi geniş tətbiq olunmuşdur (Sennett 2018).
Şəkil 1a: Bakı şəhərinin planı, 1806.

Mənbə: Wikimedia commons.
Şəkil 1b: Bakı qalasının Forştadt ərazisi ilə birlikdə baş planı, 1854.

Mənbə: Fatullayev (1978, 18). İçərişəhər və Bayırşəhərin küçə planlarının fərqli quruluşuna diqqət yetirin.
Bakı üçün şəbəkə planının tətbiqi böyük bir yenilik idi. Bakının ən qədim məhəlləsi olan İçərişəhər tamamilə fərqli prinsiplər əsasında qurulmuşdur — bu prinsiplər İslam şəhərsalma ənənələri üçün xarakterikdir. Belə planlaşdırmada dolama, kölgəlik təmin edən küçələr, ailə məkanları kimi istifadə olunan daxili həyətlər və damlar əsas rol oynayırdı. Bayırşəhər isə düz və paralel küçələri ilə təkcə şəhərin yeni hissəsi deyildi, həmçinin məkan yeniliyi, şəhərsalma modernləşməsi və Qərb şəhərsalma ideyalarının mənimsənilməsi baxımından da simvolik bir məkan idi. Buna görə də Bayırşəhər yalnız binalar toplusu deyil, həm də şəhərsalma innovasiyasının, urbanistik modernləşmənin və Bakının həm qlobal iqtisadi sistemə, həm də məkanın modern təmsil formalarına inteqrasiyasının abidəsidir (Şəkil 2).
Şəkil 2. Bayırşəhərdə düzbucaqlı bucaqlarla kəsişən küçələr

Şəbəkə planı bariz bir yenilik olsa da, bu, Qərb şəhərləşmə modelinin sadəcə olaraq yenidən istehsalı demək deyildi. Bütün yenilikçi xüsusiyyətləri ilə birlikdə, Bayırşəhər həm maddi, həm də sosial baxımdan yerli landşafta, mədəniyyətə və ənənəyə bağlı qalmışdır. Bayırşəhərin tikintisində istifadə olunan əsas material yerli mənşəli əhəngdaş idi — bu, qədim dövrlərdən bəri Bakıda istifadə olunan və Şirvan-Abşeron memarlıq məktəbinin əsas üslubi xüsusiyyətinə çevrilmiş materialdır. Binaların çoxunda həmçinin ənənəvi ornamentlərdən ilham alan, oyma daşdan hazırlanmış dekorativ elementlərə rast gəlinir ki, bu da yerli sənətkarlıq ənənələrinin davam etdirildiyini göstərir (bax: Şəkil 3).
Şəkil 3: Daş oyma və orijinal taxta qapı, Bayırşəhər.

Lakin modern yenilikçiliyin və yerli mədəniyyətin ən mühüm şəkildə qovuşması maddi sahədə deyil, sosial müstəvidə baş verdi. Qıvrımlı, dar küçələrə malik köhnə şəhərlərlə, düz xətt üzrə salınmış yeni məhəllələrin yanaşı mövcudluğu, əlbəttə, təkcə Bakıya xas əlamət deyildi — bu, Avropa, İslam mədəniyyətinə aid və postkolonial kontekstlərin müxtəlif nümunələrində də müşahidə olunurdu. Məsələn, Edinburqun Köhnə və Yeni şəhərləri, Lissabonun Castelo qalası və Pambalin məhəllələri, Əlcəzairdəki Kasba və ville européenne zonaları, eləcə də Daşkənd, Beyrut və digər şəhərlərin köhnə və yeni hissələri bu prosesin nümunələrindəndir. Əsasən Rusiya imperiyası dövründə inşa edilmiş Bayırşəhər ilə Bakı da bu postkolonial kontekstə daxil edilə bilər. Lakin fərqli və bəlkə də, unikal olan cəhət ondan ibarətdir ki, Əlcəzair və Daşkənddə köhnə və yeni şəhərlərin məkan sərhədləri eyni zamanda müstəmləkəçilərlə müstəmləkələşdirilənlər arasındakı sosial sərhədləri ifadə etdiyi halda, Bakının şəbəkə planlı Bayırşəhəri yerli əhalinin geniş təbəqəsini əhatə edir və şəhərin çoxmillətli, canlı urban icmasının formalaşdığı məkana çevrilirdi. Tarixi olaraq Bayırşəhər bir-birinə bitişik bir neçə etno-dini məhəllədən ibarət idi. Burada müsəlman, yəhudi, erməni və rus–Qərb mənşəli icmalar yaşayırdı və bu ərazi şəhər divarlarından başlayaraq indiki Nizami metrosu və Səməd Vurğun küçəsinə qədər geniş bir sahəni əhatə edirdi (DeHaan 2018). Bununla belə, qeyd etmək lazımdır ki, İçərişəhərə daha yaxın hissələr əsasən zadəganlar, tacirlər, neft milyonçuları və onların xidmətçiləri kimi imtiyazlı təbəqələrin yaşayış məkanı idi. Neft bumu dövründə və neft sərvətinin şəhərə axını şəraitində bu yeni şəhər hissəsində məkan təşkili baxımından həlledici amil etnik mənsubiyyət deyil, sinfi fərq idi.
Bakının həyət mədəniyyəti: Sovetöncəsi və Sovet irsi
Bayırşəhərin müəyyənedici xüsusiyyətlərindən biri Avropa memarlıq üslublarının yerli məkan təşkili ənənələri ilə sintezidir. Daxili həyət (rusca: двор) bu mədəni qovuşmanın ən bariz nümunələrindən biridir. Müsahibə aldığımız memarlıq tarixçisinin sözlərinə görə, həyət mədəniyyəti XIX əsrdə məhz Bayırşəhərdə formalaşmağa başlamışdır. Şəbəkə planı burada İçərişəhərlə müqayisədə daha iri həcmli evlərin tikilməsinə imkan yaradırdı. Bu böyük evlər daxili həyəti əhatə edirdi və həmin həyət bir neçə binanın sakinləri üçün ortaq sosial məkan funksiyasını daşıyırdı (bax: Şəkil 4).
Bolşeviklərin Bakını ələ keçirməsindən sonra Bayırşəhərdəki bir çox böyük evlər milliləşdirilərək kiçik mənzillərə bölündü. Bu, sürətli şəhərləşmə şəraitində fəhlə sinfinə mənzil təmin etmək məqsədi daşıyırdı. Bu tip yaşayış forması kommunal mənzillər (rusca: коммунальные квартиры) kimi tanınır və həmin dövrün mühüm sosial-mədəni və iqtisadi fenomeni hesab olunur. O, keçmiş mülkədarların repressiyaya məruz qalmış nəsilləri ilə şəhərə gələn yeni fəhlə sinfi ailələri arasında dəyişən ictimai-sinfi münasibətləri əks etdirirdi.
Şəkil 4. Ortaq həyət, Bayırşəhər

Mənbə: Leyla Əliyeva. Şəkil müəllifin öz icazəsi ilə təqdim olunur.
Şəbəkə quruluşu və iri mənzillərin bölünməsi ilə əmələ gələn bu kombinasiya Bayırşəhəri müxtəlif etnik, dini və sinfi mənşəyə malik ailələrin eyni intim həyət məkanını bölüşdüyü unikal bir şəhər icması formasının — həyət mədəniyyətinin beşiyinə çevirdi. Bu gün bu həyətlər şəhər tarixinin iki tamamilə fərqli dövrünün canlı yaddaşıdır: bir vaxtlar yerli varlılara məxsus olan və İslam ənənələrinə uyğun şəkildə layihələndirilmiş bu məkanlar sovet dövründə tamamilə fərqli, lakin özünəməxsus şəhər formasına çevrildi. Zaman keçdikcə bu çoxailəli həyətlər yeni mədəni məna qazandı. Bakı həyətləri postsovet dövründə müxtəlif peşə, dini, milli və sosial mənşədən olan insanların birgəyaşayış məkanı kimi tanındı və bu müxtəliflik onların əsas dəyəri kimi təqdim olundu. Bakı həyətləri incəsənətdə — musiqidə, poeziyada və kinoda tez-tez istinad edilən bir motivə çevrilmişdir. Burada formalaşmış davranış qaydaları isə əsl bakılı dəyərləri kimi tərənnüm olunur. Bu davranış və dəyərlərə ortaq məkanların paylaşılması, birgə bayram süfrələrinin qurulması, qarşılıqlı qayğı və dəstək şəbəkələrinin mövcudluğu, böyüklərə gündəlik hörmət və eyni zamanda qadınlar və ailə həyatı üzərində patriarxal sosial nəzarət daxildir.
Bazar iqtisadiyyatı və şəhərin yenidənqurulması
Bazar iqtisadiyyatına keçidlə birlikdə Bayırşəhər ərazisi bir sıra mühüm transformasiyalardan keçmiş və bu proses bəzi tarixi məhəllələri fiziki baxımdan parçalamışdır. Məsələn, 2008–2013-cü illərdə həyata keçirilmiş böyük yenidənqurma layihəsi çərçivəsində tarixi Bayırşəhərin geniş bir hissəsi Qış Parkı və Mərkəzi Park üçün sökülmüşdür. Bu yenidənqurma layihəsi yerli icmanın məcburi köçürülməsi ilə müşayiət olunmuş, nəticədə sakinlər də parçalanmış şəkildə şəhərin kənar ərazilərinə səpələnmişdir (Valiyev & Wallwark 2019). Layihə yerli sakinlərin müqaviməti ilə qarşılaşsa da, onlar prosesi dayandıra bilməmişdilər — bunun əsas səbəblərindən biri həm ərazi, həm də sakinlər haqqında mövcud olan stiqma, eləcə də geniş ictimaiyyətin dəstəyinin və təşkilatlanmanın olmaması idi. Nəticədə, bir sıra əhəmiyyətli memarlıq abidələri, Tahmazov qardaşlarının evi (1900–2016), Hacı Fərəcullah hamamı (1888–2016, əvvəllər Azərbaycan Dövlət YUĞ Teatrının binası), Mehmandarovların malikanəsi (1911–2009), Gülam Şərifovun evi (1910–2016, bir vaxtlar Abbas Mirzə Şərifzadənin evi) və Şollar su qülləsi (1917–2016), həmişəlik itirilmişdir.
Bayırşəhərin qalan hissəsi də bazar iqtisadiyyatına keçidin təsirinə məruz qalmışdır. Bir çox sakin mənzillərini özəlləşdirmiş, bəziləri onları yeni sahiblərə satmış, digərləri isə — xüsusilə birinci mərtəbədə yaşayanlar — mülklərini mağaza və kafe kimi kommersiya obyektlərinə çevirmişlər. Bu iqtisadi adaptasiya prosesləri ərazinin sosial və demoqrafik quruluşunda əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmışdır. Tipik hallardan biri gənc nəslin daha müasir və geniş yaşayış məkanlarına üstünlük verməsidir; digərləri isə kiçik məbləğdə pul kompensasiyası müqabilində ərazidən köçmüşlər. Bəzən bu mənzillər ərazidən kənarda yaşayan şəxslər tərəfindən investisiya məqsədilə əldə olunur — məqsəd isə onları söküb yenidən inşa etməklə maliyyə gəliri əldə etməkdir. Lakin bu məhəllələrin əhalisinin böyük əksəriyyəti (öz ifadələri ilə desək, mütləq çoxluğu) köçürülməyə və Bayırşəhərin həyətlərinin sökülməsinə qarşıdır. Yaşlı sakinlər adətən mədəni, tarixi və memarlıq dəyərlərini əsas səbəb kimi göstərirlər. Baxmayaraq ki, müqavimət göstərənlərin bəziləri bu evlərin ilk sahiblərinin nəvələridir (və bu gün adətən həmin evlərdə yalnız bir kiçik mənzilə sahibdirlər), bununla belə, Sovet İttifaqı dövründə bu əraziyə köçmüş sakinlər də Bayırşəhərdə söküntülərə qarşı çıxır və onun mədəni və memarlıq əhəmiyyətinə sadiq olduqlarını bildirirlər.
Bundan əlavə, sakinlər bildirirlər ki, tarixi binalar üzərində rəngli işarələr qoymaqla başlanan bu söküntü planı onlara lazımi şəkildə izah edilmir. Onların sözlərinə görə, bu işarələri vuran şəxslər kobud davranır, rəsmi vəsiqə təqdim etmir və bir-birini təkzib edən məlumatlar verirlər ki, bu da məhəllədə böyük qeyri-müəyyənlik və narahatlıq yaradır. Ərazi çox vaxt Bakı mərkəzi üçün utancverici və geridə qalmış bir məkan kimi təqdim olunur; söküntünü dəstəkləyənlər isə sakinlərin narazılıqlarını etibarsızlaşdırmaq üçün bu məhəllələri narkotik yuvası və ya siçanlarla dolu evlər kimi təsvir edən stereotiplərdən istifadə edirlər. Azərbaycan Memarlar İttifaqının açıqlamasına əsasən, bu ərazi üçün rəsmi şəkildə təsdiqlənmiş yenidənqurma layihəsi yoxdur. Yerli mediada yayılan yeganə məlumat sahənin Mərkəzi Parkın genişləndirilməsi planlarına daxil edilməsi ilə bağlıdır. Bu vəziyyət Royun terminologiyası ilə desək, “şəhər informallığı” yaradır (Roy 2009). Belə hallarda əsas qərarvericilər yenidənqurma (bizim halda – söküntü) üçün podratçılara xüsusi səlahiyyətlər verirlər və bu prosesdə əhali, yəni həmin məkanlarda yaşayan icmalar planlaşdırma prosesindən tamamilə kənarda qalır.
Alternativlər nələrdir?
Ərazinin tarixinə ümumi baxış göstərir ki, Bayırşəhərin irs dəyəri onun ərazisində yerləşən memarlıq abidələrinin sərhədlərini aşır. Bu məhəllə həm tarixi, həm də sosial dəyərə malikdir və uzun illər formalaşmış şəhər icmasının yaşayış məkanıdır. Söküntü qərarı sakinlər arasında populyar deyil və ciddi narazılıq yarada bilər. Ərazinin memarlıq abidələri qorunmaq şərti ilə belə yaşıl parka çevrilməsi, Bayırşəhərin tarixi şəbəkə quruluşunu və simvolik həyət mədəniyyətini məhv edəcək, eyni zamanda yerli sakinlərin ərazidən çıxarılmasına gətirib çıxaracaq. Bəs alternativ nədir?
Bayırşəhər sakinlərinin böyük bir hissəsi hesab edir ki, məhəllənin turizm məqsədilə yenidən inkişaf etdirilməsi həm onların yaşayış şəraitini yaxşılaşdırmaq, həm məhəlləyə rifah və canlanma gətirmək, həm də icmanı daha geniş dünyaya açmaqla onları köçürülmə təhlükəsindən qorumaq üçün ən sağlam alternativdir. İnsanlar qərbli turistlər əraziyə gəlib binaları və tarixi taxta qapıları çəkərkən qürur hissi keçirirlər. Həqiqətən də, qlobal miqyasda tarixi məhəllələrin turistikləşdirilməsi — yəni bu ərazilərin restoranlar, incəsənət qalereyaları, tarixi binaların və yerli sənətkarlığın nümayiş olunduğu məkanlar vasitəsilə turizmə açılması — mədəni irsin iqtisadi dəyərə çevrilməsi üçün geniş yayılmış strategiyadır (Ferro və b. 2024). Bu cür strategiyalar çox vaxt yerli icmalar üçün gəlir mənbələri yaradır, yaradıcı sənayelər və mütəxəssislər üçün yeni fəaliyyət sahələri açır. Bakıda belə bir yanaşma artıq bir neçə mərkəzi və bir-birinə bitişik küçələrin (xüsusilə İslam Səfərli, Həzi Aslanov, Lev Tolstoy, Mirzə İbrahimov və Başir Səfəroğlu küçələrinin) yenidən qurulmasında istifadə olunmuşdur. Bu, tarixi abidələrin qorunmasını təmin etməklə yanaşı, həmin ərazini şəhərin turistik mərkəzinə çevirmişdir. Bu strategiyanın tətbiqi həmçinin Bayırşəhərin dirçəlməsinə, həm də Bakının mədəniyyətlərarası mübadilə və zənginləşmə məkanı kimi şəhər imicinin möhkəmlənməsinə töhfə verə bilər.
Əgər turistikləşdirmə strategiyası qəbul edilərsə, bu zaman ərazinin gentrifikasiyanın qarşısını almaq son dərəcə vacib olacaq. Gentrifikasiya dedikdə, əmlak və kirayə qiymətlərinin artması nəticəsində aşağı gəlirli sakinlərin evlərindən sıxışdırılıb çıxarılması prosesi nəzərdə tutulur. Əmlak qiymətlərinin bahalaşması bəzən köçməyi cəlbedici bir seçimə çevirə bilir — bu, insanlara doğma məhəllələrindən kənarda, yaşayış şəraitlərini yaxşılaşdırmaq imkanı verə bilər. Lakin bu cür yerdəyişmə, uzun illər ərzində formalaşmış icmaların parçalanmasına, qarşılıqlı dəstək şəbəkələrinin dağılmasına və insanların şəhərin mərkəzindəki mədəni, təhsil və sosial infrastruktura çıxış imkanlarının azalmasına səbəb olur. Bu səbəbdən, turistikləşdirmənin yaratdığı iqtisadi imkanlar əhalinin maraqları və yaşayış şəraitinə təsiri kontekstində diqqətlə nəzərdən keçirilməlidir.
Şəhərsalma üzrə ədəbiyyat göstərir ki, məkanlar insanların yaşadıqları yerlə emosional bağ qurması nəticəsində mənalı yerlərə çevrilir (Gans 1962; Fried 2000). Gentrifikasiya mənzil və kirayə qiymətlərinin kəskin artmasına gətirib çıxardığından, Bayırşəhərdə yaşayan və əsasən mənzillərin sahibləri olan insanlar bu prosesin nəticələrindən müəyyən fayda əldə edə bilirlər. Nəticədə, bəziləri üçün gentrifikasiyaya məruz qalmış məhəllədən köçmək cəlbedici bir seçim kimi görünə bilər. Lakin bu, məhəllənin ruhunun qorunmasına zərər vura bilər. Buna görə də Bayırşəhərin gələcəyi ilə bağlı qərar vacib bir mənəvi dilemmanı ortaya çıxarır: Ərazinin tarixi və mədəni əhəmiyyətini nəzərə alaraq, onun tarixi binalarının qorunması — hətta bu, bazar mexanizmlərinin diktə etdiyi şəkildə sakinlərin köçürülməsi bahasına başa gəlsə belə — məcburi köçürülmə və ərazinin tamamilə sökülməsi ilə müqayisədə daha az zərərli seçim kimi görünür. Xüsusilə də nəzərə alsaq ki, hər iki nəticədən qaçmağa imkan verən real alternativ, hələ ki, təklif olunmayıb.
Lakin söküntü və köçürülmə ilə müşayiət olunan qoruma siyasətindən kənarda üçüncü bir yol da mümkündür. İcma əsaslı şəhər yenilənməsi yanaşması ərazinin yalnız iqtisadi mübadilə dəyərini deyil, eyni zamanda onun istifadə dəyərini — yəni insanların bu məkanla emosional bağlılığını da nəzərə alır (Logan & Molotch, 1987). Şəhər hakimiyyəti digər ölkələrdə həyata keçirilmiş və tez qazancdan daha çox yerli qürur, mədəniyyət və icma iştirakını önə çəkmiş layihələrdən dərs götürməlidir. Belə icma yönümlü yanaşmanın bir nümunəsi Portuqaliyanın Lissabon şəhərində həyata keçirilən BIP/ZIP layihələridir. Bu strategiya məhəllələrin sosial xəritələşdirilməsini və yerli icmaların öz ərazilərindəki yenidənqurma proseslərinə fəal cəlb edilməsini nəzərdə tutur — bu məqsədlə yerli təşəbbüslərə qrantlar ayrılır, mikromaliyyə kreditləri verilir və ailələrin öz məhəllələrinin iqtisadi dirçəlişinə qoşulmaları təşviq olunur (URBACT, nd). Bu nümunədən ilhamlanaraq, sakinlər, yerli mədəniyyət assosiasiyaları və Dövlət Komitəsinin nümayəndələri bir araya gətirilərək mənzil şəraitini, sosial obyektləri və ictimai məkanları xəritələşdirmək üçün bir sıra icma görüşləri təşkil oluna bilər. Bu proses Bayırşəhərin sosial-iqtisadi potensialını üzə çıxarmağa xidmət edərdi. Ərazinin yenidən qurulması layihəsi Baş Planın icra mərhələsində pilot layihə kimi irəli sürülə bilər. Bu layihəyə müxtəlif könüllü və peşəkar təşkilatlar, eləcə də bir neçə universitetdən tələbələr cəlb edilərək sosial xəritələşdirmə və qiymətləndirmə proseslərinə dəstək göstərə bilərlər. Bir neçə aylıq birgə əməkdaşlıq icmaya inkişaf üçün əsas istiqamətləri müəyyənləşdirməyə və mikroqrant təkliflərini qiymətləndirməyə imkan verər. Yaşayış şəraitinin yaxşılaşdırılması, mikrosahibkarlığın və yerli sənətkarlığın dəstəklənməsi məqsədilə yönəldilən maliyyə yardımı, sakinlərə istehsallarını artırmaq və şəhərin dəyişən iqtisadi reallığında rəqabət qabiliyyətini qorumaq imkanı yaradardı.
İcma əsaslı şəhər yenilənməsinin başqa bir nümunəsi Misirin Qahirə şəhərindəki Darb Al-Ahmar məhəlləsidir. Əvvəllər Qahirənin ən yoxsul və sıx məskunlaşmış ərazilərindən biri olan bu məhəllədə həyata keçirilən layihə Misir hökuməti, Qahirə qubernatorluğu və Ağa Xan Mədəniyyət Fondu tərəfindən birgə icra edilmişdir. Layihə sakinlərin yaşayış şəraitini yaxşılaşdırmaqla yanaşı, eyni zamanda tarixi binaların bərpası və qorunmasını da təmin etmişdir. Layihənin ilk mərhələsi sakinlərin ətraflı sorğusunun aparılması ilə başlanmışdır ki, bu da onların ehtiyaclarını və imkanlarını anlamağa yönəlmişdi. Növbəti mərhələlərdə isə sakinlərin yaşayış və əmək fəaliyyətini dəstəkləyən tədbirlər hazırlanmışdır. Bu tədbirlərə mikromaliyyə kreditləri və qrantlar daxildir ki, onların sayəsində sakinlər öz məhəllələrinin yenidən canlandırılmasında fəal iştirak edə bilmiş, eyni zamanda öz ailələri və şəhər üçün gəlir və iqtisadi dəyər yaratmışlar (Sehayeb 2011).
Oxşar bir yanaşma Bayırşəhərdə də tətbiq oluna bilər. Bu, sakinlərin fəal iştirakı ilə həyata keçirilməli və yerli icmanın tərkibinin, sakinlərin ehtiyaclarının, eləcə də mövcud bacarıqlarının dəyərləndirilməsini əhatə etməlidir. Belə bir yanaşma gələcəkdə Bayırşəhər iqtisadiyyatına sakinlərin birbaşa inteqrasiyasını təmin edərək, onların bacarıqlarını artırmaq üçün imkanlar yaradacaq və gentrifikasiyanın mənfi təsirlərini azalda biləcək. Sakinlərin yenidənqurma prosesinə cəlb edilməsi həmçinin hazırda əhali ilə rəsmi qurumlar arasında şəffaf kommunikasiya çatışmazlığından qaynaqlanan narazılıq və gərginliyin aradan qaldırılmasına töhfə verə bilər.
Nəticə
Bayırşəhər sadəcə köhnə qədim binalar toplusu deyil. Onun İçərişəhər yaxınlığında yerləşməsi, şəbəkə planlı quruluşu, daxili həyət mədəniyyəti və yerli daş oyma ənənəsini daşıyan maddi irsi göstərir ki, bu məhəllə Bakının şəhər toxumasının mühüm bir hissəsidir və şəhərin modernliyə keçid dövrünü əks etdirir. Bu məhəllənin sökülməsi, müasir innovasiya ilə yerli mədəniyyət və ənənələrin sintezini təcəssüm etdirən və Azərbaycanın qlobal iqtisadi sistemə inteqrasiyası tarixində mühüm yer tutan bir mərhələnin silinib atılması deməkdir. Əksinə, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İçərişəhərlə yeni salınmış Qış Parkı arasında yerləşən bu ərazinin icma əsaslı yenidən canlandırılması şəhər mərkəzinin həm bakılılar, həm də turistlər üçün yaşamaq, işləmək və istirahət etmək üçün cəlbedici bir məkana çevrilməsinə şərait yarada bilər. Belə bir yenilənmə prosesi şəhərin keçmiş tarixi ilə bu günün gözəlləşdirmə və möhtəşəm memarlıq vurğusunu birləşdirərək şəhər davamlılığı hissini gücləndirər. Azərbaycanın bu məqsədi həyata keçirmək üçün həm resursları, həm də mütəxəssis potensialı mövcuddur.
Ədəbiyyat siyahısı
DeHaan, H. D. (2018). Baku’s Soviet vnye. The Future of (Post) Socialism: Eastern European Perspectives, 145.
Deschepper, J. (2019). Between future and eternity: a Soviet conception of heritage. International Journal of heritage studies, 25(5), 491-506.
Fatullayev, Sh. (1978) Gradostroitelstvo Baku XiX-nachala XX vekov. Leningrad: Stroyizdat
Ferro, L., György, E., Oláh, G., Teixeira Lopes, J., Sonkoly, G., Apolinário, S., … & Ricardo, J. (2024). Gentrification and touristification in urban heritage preservation: threats and opportunities. Cultural Trends, 1-16.
Fried, M. (2000). CONTINUITIES AND DISCONTINUITIES OF PLACE. Journal of Environmental Psychology, 20(3), 193–205.
Gans, H. J. (1962). The urban villagers: Group and class in the life of Italian-Americans. Free Press.
Logan, J. R., & Molotch, H. L. (1987). Urban fortunes: The political economy of place. Berkeley, CA: University of California Press.
Map of Baku, 1806. Available at: https://upload.wikimedia.org/wikipedia/commons/c/cb/Map_of_Baku_in_1806.jpg (last accessed 9.11.2025).
Roy, A. (2009). Why India cannot plan its cities: informality, insurgence and the idiom of urbanization. Planning Theory, 8(1), 76–87.
Sennett, R. (2018). American cities: the grid plan and the Protestant ethic. In Gridded Worlds: An Urban Anthology (pp. 207-225). Cham: Springer International Publishing.
Sklokina, I., & Kulikov, V. (2021). Industrial Heritage and Its Multiple Uses in Donbas, Ukraine. Region, 10(1), 33-60.
Shehayeb, D. (2011). Backtracking to sustainable urban development and working with local communities: the al-Darb al-Ahmar project in islamic Cairo. Interview with Dina Shehayeb by Pierre-Arnaud Barthel. Égypte/Monde Arabe, (8), 109-129.
Smith, L. (2006). Uses of heritage. Routledge.
State Committee on Urban Planning and Architecture of the Republic of Azerbaijan. (2022). Baku 2040: General plan of Baku city. Baku: State Committee on Urban Planning and Architecture of the Republic of Azerbaijan.
URBACT (n.d.) THE BIP/ZIP STRATEGY – EMPOWERING LOCAL COMMUNITIES IN PRIORITY DISTRICTS OF LISBON. Available online: https://urbact.eu/articles/bipzip-strategy-empowering-local-communities-priority-districts-lisbon
Valiyev, A., & Wallwork, L. (2019). Post-Soviet urban renewal and its discontents: gentrification by demolition in Baku. Urban Geography, 40(10), 1506-1526.

