fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Bərabərlik və ədalət

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bərabərlik və bölüşdürücü ədalət

Bəzi insanların sərvəti digərlərindən daha çoxdur. Bəziləri ağızlarında gümüş qaşıqla doğulurlar. Bəzilərinin isə həyatda, demək olar, heç şansı olmur. Bir çox sol liberal, sosialist və digərləri kimi Con Roulz da bunun ədalətli olub-olmadığını sorğulamışdı.

Harvard professoru olan Roulz sağlığında ABŞ-ın, tarixdə isə indiyə qədər yaşamış ən zəngin insanlardan biri idi. Ancaq Roulzun dediyi kimi, bu zənginlik əsasən yaxşı bəxtdən qaynaqlanırdı. Belə ki, Roulz doğuşdan intellektual baxımdan istedadlı idi, onun yüksək intellekt, yaradıcılıq və vicdanlılığa genetik meyli vardı. O, intellektual istedadını inkişaf etdirən, onu həyatda uğurlu olmağa sövq edən, onu özəl hazırlıq məktəbində və Prinstonda oxutmağa pulu yetən zəngin ailədə anadan olmuşdu. Əgər Roulz daha pis genlərlə doğulsaydı, valideynlərinin insan kapitalı və ya pulu az olsaydı, çox güman uğur qazana bilməzdi. Lakin, Roulz deyərdi ki, o, bu yaxşı taleyə layiq olmaq üçün heç bir iş görməyib. Biz doğulmamışdan əvvəl ruhlarımızı bədənseçmə cənnətində məziyyət sınağından keçirib ən yüksək bal toplayan ruhları zəngin, aşağı bal toplayanları isə gettolarda yaşayan valideynlərin körpələri olaraq dünyaya gətirmirlər. Roulz deyərdi ki, o, genetik və sosial lotereya udub.

Bu cür səbəblərə görə, Roulz hansısa bir insanın həyatda həqiqətən də öz statusuna layiq olduğuna çox şübhə ilə yanaşırdı. Hətta yaxşı seçimlərinə görə uğur qazansalar belə, Roulz düşünürdü ki, insanların keçmişi və ya genləri necəsə onların yaxşı seçimlərini izah edir və buna görə də onlar öz uğurlarına layiq deyillər. Roulz inanırdı ki, sən hansısa xüsusiyyətə və ya hərəkətə (məsələn, vicdan, istedad və ya çox çalışmağa qərar vermək) əsasən yaxşı və ya pis nəticəyə o halda layiq ola bilərsən ki, həmin xüsusiyyət və ya hərəkətin özünə də layiq idin. Ancaq o fikirləşdi ki, etdiyin hər seçim son nəticədə sənin genlərindən və ya vəziyyətindən irəli gəlir – sən isə genlərinlə vəziyyətinə layiq deyilsən. Beləliklə, Roulz belə nəticəyə gəldi ki, sosial bərabərsizliklər layiqlilik və ya məziyyət əsasında əsaslandırıla bilməz. Roulz qeyri-bərabər layiqliliyin bərabərsizliyi əsaslandırmaq üçün kifayət etmədiyini düşünsə də, hər kəsin vəziyyətini yaxşılaşdırması şərti ilə bərabərsizliyin əsaslandırıla biləcəyinə inanırdı.

Roulz deyə bilər ki, tutaq ki, biz heç birimizin əvvəllər iddiası olmayan hansısa resursu – məsələn, bir piroqu eyni vaxtda tapdıq.[1] Piroqu bölüşdürməyin ən təbii və ən az şikayətə səbəb olacaq yolu hamıya bərabər pay verməkdir. Ancaq bunun sehrli bir piroq olduğunu düşünək. Necə kəsdiyimizdən asılı olaraq piroqun ölçüsü kiçilir və ya böyüyür. Güman edək ki, piroqu qeyri-bərabər şəkildə bölüb hər kəs daha böyük bir parça verməyin bəzi yolları var. Roulz deyərdi ki, əgər biz rasionalıqsa və paxıl deyiliksə, hər birimiz qeyri-bərabər amma daha böyük dilimi bərabər dərəcədə kiçik dilimdən üstün tutarıq.

Buradakı analogiya bazarların real dünyada necə işlədiyi ilə bağlıdır. Roulz başa düşürdü ki, bizim gəlirimiz, sərvətimiz və imkanlarımız kapital yığımından asılıdır. İnsanları çox işləməyə, istedadlarından ağılla istifadə etməyə, resursları ən yaxşı şəkildə istismar etməyə və sairə həvəsləndirmək və onlara imkan vermək üçün ən azı müəyyən dərəcədə iqtisadi bərabərsizlik zəruridir.

Roulz iqtisadçıların “Pareto üstün” nəticələrinə üstünlük verməli olduğumuzu iddia edərdi. A vəziyyətindən B vəziyyətinə keçid o halda “Pareto irəliləyiş”dir ki, heç kimin vəziyyəti pisləşmədən ən azı bir nəfərin vəziyyəti yaxşılaşır. Daha dəqiq desək, C vəziyyəti o halda “Pareto optimaldır” ki, kiminsə vəziyyətini pisləşdirmədən ən azı bir insanın vəziyyətini yaxşılaşdırmaq mümkün deyil.

Roulz deyə bilər ki, bərabərlikdən Pareto üstün nəticələr naminə imtina etməli olduğumuz aydındır, amma bu vəziyyətdə hansı Pareto üstün gedişin ən ədalətli olması sualı ortaya çıxır. Aşağıdakı üç cəmiyyəti nəzərdən keçirək (Cədvəl 1). Güman edək ki, hər birinin fərqli fundamental təsisatları var deyə bu cəmiyyətlərdə gəlir səviyyələri müxtəlif qruplar üzrə fərqli bölünür. İndi üç müxtəlif qrupun əldə etdiyi orta gəliri nəzərdən keçirək: ixtisassız işçilər, ixtisaslı işçilər və peşəkarlar.

Cədvəl 1.

 BərabəristanSərvətartıranıstanAdilistan
İxtisassız$1,000$15,000$20,000
İxtisaslı$1,000$75,000$50,000
Peşəkar$1,000$500,000$100,000

Roulz deyərdi ki, rasional və paxıl olmayan insanlar bu misalda ya Sərvətartıranıstan, ya da Adilistanda yaşamağa üstünlük verər. Sərvətartıranıstan ilə Adilistanın hər ikisi də Bərabəristanla müqayisədə Pareto üstündür. Beləliklə, bərabərlik fetişizmimiz yoxdursa, hər iki cəmiyyətin də Bərabəristandan daha yaxşı olduğunu görəcəyik. Ancaq burada bir sual ortaya çıxır, hansı cəmiyyət daha yaxşıdır, Sərvətartıranıstan, yoxsa Adilistan?

Roulz deyərdi ki, adilrasional qərar prosedurunun nəticəsinin nə olacağını soruşmaqla bu suala cavab tapa bilərik. Ədalət rasional qaydada sövdələşən (bazarlıq edən) insanların adil şərtlər altında razılaşacağı şeydir. Bu məqsədlə Roulz Orijinal Mövqe adlandırdığı fikir eksperimentini ortaya atdı.

Orijinal Mövqedə ədalət prinsiplərini seçmək üçün sövdələşənlər bir yerə toplanırlar. Seçəcəkləri ədalət prinsipləri isə onların yaşayacaqları cəmiyyətin təsisatlarını müəyyən etmək üçün istifadə olunur. Sövdələşənlər iqtisadiyyat və sosiologiya ilə bağlı baza biliklərinə sahib olurlar. Onlar insanın necə olduğunu və dünyada orta dərəcədə qıtlığın olduğunu bilirlər. (Yəni hər kəsi kifayət qədər şeylə təmin edəcək kifayət qədər resurs var, lakin hər kəsi istədiyi hər şeylə təmin edəcək kifayət qədər resurs yoxdur.) Amma qərarın adil olması – heç kimin xeyrinə qərəzli olmaması – üçün sövdələşənlər “cəhalət pərdəsi” altına yerləşdirilirlər.

Sövdələşənlər özləri haqqında bəzi faktları bilmirlər. Məsələn, onlar yaxşı həyat anlayışlarının nə olacağını, hansı dinə inanacaqlarını, hansı fəlsəfi doktrinanın tərəfdarı olacaqları, cəmiyyətdə hansı mövqedə (yəni statusda, sinifdə) doğulacaqları, hansı təbii istedadlara sahibi olacaqları və ya həmin istedadların dəyərinin nə olacağını bilmirlər. Roulz iddia edir ki, cəhalət pərdəsi altında tərəflər ədalətin iki təməl prinsipini seçəcəklər:

1. Hər bir şəxs hamı üçün eyni azadlıqlarla uyğun gələn bərabər təməl azadlıqlar toplusu ilə təmin edilməlidir.
2. Sosial və iqtisadi bərabərsizliklər elə təşkil edilməlidir ki, onlar (a) ən çox faydanı cəmiyyətdə ən imtiyazsızlara versin və (b) adil imkan bərabərliyi şəraitində hamıya açıq olan vəzifələrə aid olsun.[2]

    Bizi burada ikinci prinsip maraqlandırır. Roulz düşünürdü ki, biz ən imtiyazsız işçi sinfinin tipik üzvünün əldə edəcəyi malların (gəlir, istirahət və s.) ümumi dəyərini maksimuma çatdırmağa meyilli olan təsisatları seçməliyik. Roulz bunu “Fərq Prinsipi” adlandırdı. Beləliklə, yuxarıdakı Cədvəl 1-ə qayıtsaq, görərik ki, Fərq Prinsipi Adilistanı Sərvətartıranıstandan üstün tutur.

    Roulz düşünürdü ki, Orijinal Mövqedəki sövdələşənlər Fərq Prinsipini seçəcəklər, çünki bu, onlara istənilən digər mümkün sistemdən daha yüksək minimum zəmanət verir. Bu minimum isə ləyaqətli həyat üçün kifayətdir. Bundan əlavə, sövdələşənlər hər bir gəlir kateqoriyasında insanların neçə faizinin olduğunu bilmir. Sərvətartıranıstandakı 1000 nəfərdən 999-unun ildə 100.000 dollar və ya daha çox qazanc əldə etdiyini bilsəydik, riskə gedib bəxtimizi sınaya bilərdik! Lakin Roulz sövdələşənlərə Orijinal Mövqedə bu biliyi qadağan etdiyinə görə tərəflər riskdən yayınırlar və  elə prinsip seçməyə çalışırlar ki, həmin prinsip tətbiq ediləndə ən imtiyazsız vəziyyətdə olacaqları cəmiyyətdə belə mümkün olan digər istənilən cəmiyyətdən daha yaxşı vəziyyətdə olsunlar.

    “Fərq Prinsipi” bərabərlikçi (eqalitarian) deyil, üstünlükçüdür (prioritariandır). Bu prinsipə görə, biz işçi sinfində ən imtiyazsız olan təbəqənin rifahına əlavə əhəmiyyət verməliyik. Prinsipcə bu, tarixdə indiyə qədər görülməmiş dərəcədə radikal bərabərsizliyə imkan verir – bir şərtlə ki, bu bərabərsizlik ən imtiyazsız olanlara fayda versin.

    Nəzərə al ki, Roulzun ikinci ədalət prinsipi özlüyündə ən imtiyazsız insanlara deyil, ən imtiyazsız işçi sinfinə aid olan insanlara şamil edilir. Roulz ədalət deyəndə bir növ adil qarşılıqlılığı nəzərdə tuturdu. Roulza görə, əgər sən “sosial məhsul”un istehsalına kömək etmisənsə, onun üzərində ədalət iddian var. Piroqu bişirməyə kömək etmisənsə, yalnız onda onun bir dilimini tələb edə bilərsən. Beləliklə, Roulz deyərdi ki, ağır əlilliyi ucbatından işləyə bilməyən insanlara xeyriyyəçilik və şəfqət borcumuz ola bilər, amma ədalətin tələbi olaraq onlara resurs vermək borcumuz yoxdur.[3]

    Roulzun ədalət prinsipləri mücərrəddir. Onları necə tətbiq etməyi bilmək və ya bu prinsiplərin konkret olaraq hansı təsisatları seçdiyini müəyyənləşdirmək böyük əmək və sosial elmi bilik tələb edir. Roulzun özü hesab edirdi ki, ədalət prinsiplərinin ən yaxşı həyata keçirilə biləcəyi cəmiyyət yüksək səviyyədə tənzimlənən bazar cəmiyyətidir, lakin Roulzun haqlı olub-olmaması bazarların və dövlətlərin necə işlədiyinə dair müəyyən fərziyyələrdən asılıdır.

    Bir çox eqalitarianlar (bərabərlik tərəfdarları) hesab edirdilər ki, Roulz iqtisadi bərabərlikdən uzaqlaşmanı əsaslandıra bilmədi. Görkəmli marksist filosof olan G. A. Koen şikayətlənirdi ki, Roulz insan təbiətinin pis tərəflərini qəbul etdiyi üçün özünün ədalət nəzəriyyəsini korladı. Roulz ‘hamının bərabər, amma kasıb olması pisdir’ iddiasında haqlı ola bilər. Lakin Koen düşünür ki, həqiqətən ədalətli cəmiyyətdə hamı bərabər və zəngin olacaq.[4]

    Özünün də dediyi kimi, Roulzun məqsədi “yaxşı nizamlı cəmiyyətin” necə görünəcəyini izah etmək idi. Tərif etibarilə, yaxşı nizamlanmış cəmiyyətdə insanlar ədalətə əhəmiyyət verir və ədalətin tələblərini yerinə yetirirlər.[5] Roulz deyirdi ki, bərabərsizlik yalnız hər kəsin vəziyyətini yaxşılaşdırmaq üçün zəruridirsə, haqlıdır. Lakin Koen şikayətlənirdi ki, Roulzun bərabərsizliyə haqq qazandırdığı arqumenti yalnız o zaman işləyir ki, biz insanların eqoist olduqlarını və ədalətə elə də əhəmiyyət vermədiklərini güman edək. Koen iddia edirdi ki, Roulzun öz premislərinə görə, mükəmməl ədalətli və nizamlı cəmiyyətdə bütün insanlar ədalətə nail olmağa çalışırlar. Bu isə o deməkdir ki, ‘bərabərsizlik yalnız hər kəsin vəziyyətini yaxşılaşdırmaq üçün zəruridirsə, haqlıdır’ fikrini ən istedadlı insanlar da təsdiqləyəcəklər. Əgər belədirsə, onda ən istedadlı insanlar təkcə özlərinə deyil, hər kəsə fayda vermək üçün çox işləməyə hazır olacaqlar. Onlar deyəcəklər ki “biz, ədalətə sadiq olan istedadlılar, daha çox maaş almadan çox çalışmağı və istedadlarımızdan yaxşı istifadə etməyi seçəcəyik. Ona görə də bizə əlavə ödəniş etmək lazım deyil. Yəni bərabərsizlik zəruri və ya haqlı deyil.” Koen hesab edirdi ki, Roulzun Ədalət Nəzəriyyəsi əslində heç də ədalət nəzəriyyəsi deyil.[6] Görünür, Roulzun bu tənqiddən qaçması mümkün deyil.

    Sosial ədalət səhvdirmi?

    Roulzun “Fərq Prinsipi” bölüşdürücü, yaxud sosial ədalət prinsipidir.[7] Bir çox klassik liberal və libertarian filosoflar bölüşdürücü ədalət ideyasının özünün səhv olduğunu düşünürlər. Onlar hesab edirlər ki, sosial ədalət anlayışı qeyri-ardıcıldır.

    20-ci əsr iqtisadçısı F. A. Hayek bəzən iddia edirdi ki, “sosial ədalət” termini “yaşıl fikirlər qəzəblə yatır” ifadəsi kimi cəfəngdir, kateqoriya səhvidir. İdeyalar yaşıl ola və ya yata bilməz. Eynilə, Hayek iddia edirdi ki, bazar cəmiyyətində sərvətin “bölüşdürülməsi” nə ədalətli, nə ədalətsiz, nə adil, nə də qeyri-adildir. Nozikin yox, Roulzun ağzında gümüş qaşıqla (yəni zəngin ailədə) doğulması nə ədalətli, nə də ədalətsizdir. Bunlar “ədalət” termininin düzgün tətbiq olunduğu şeylər deyil.[8]

    Hayek iddia edirdi ki, yalnız qəsdən yaradılmış insan dizaynının nəticələri ədalətli və ya ədalətsiz adlandırıla bilər. Bazarın nəticələri insan hərəkətinin nəticəsidir, amma insan dizaynının nəticəsi deyil.[9] Ekosistem kimi bazar da kortəbii bir nizamdır. Onun öz məntiqi var. Necə ki ekosistemlər öz-özlüyündə biokütləni maksimuma çatdırmağa meyillidirlər, bazar da Pareto səmərəliliyinə və “Pareto sərhəddini” kənarlara doğru itələməyə meyillidir. Ekosistem kimi bazarın da müdiri yoxdur – heç kim onun nəticələrini istiqamətləndirmir. Bazarın ədalətsizliyindən şikayətlənmək ana təbiətin övladlarına qarşı qəddarlığından şikayətlənmək kimidir, yəni məntiqsizdir.

    Nozik isə “bölüşdürücü ədalət” termininin çaşdırıcı olduğundan narahat idi. Bu terminin istifadəsindən belə çıxır ki, sanki sərvət, gəlir və fürsət göydən düşmüş havayı yemdir. Sanki sərvət sehr nəticəsində yaranıb! İndi də onu necə bölüşdürəcəyimizi müəyyənləşdirəcək hökumətə ehtiyacımız var. Lakin Nozik deyirdi ki, sərvət göydən düşməyib, biz meşədə gəzdiyimiz yerdə bölüşdürüləcək sərvət tapmamışıq. Sərvəti insanlar yaradır.

    Nozik iddia edirdi ki, sərvət bölgüsü həyat yoldaşlarının və ya dostların bölüşdürülməsi kimidir. Fikir ver: insanlar kiminlə ünsiyyət quracaqları, dostluq edəcəkləri və ya cinsi əlaqəyə girəcəkləri barədə sərbəst seçim edə biləndə bəziləri digərlərindən daha çox insanla münasibət qura bilir. Bəzilərinin dostu çoxdur, bəzilərinin isə yoxdur. Bəziləri çoxlu cazibədar partnyorlarla cinsi əlaqədə olur, bəziləri isə 40 yaşında da bakir qalır. Nozik düşünürdü ki, bazarda baş verənlər də az-çox buna oxşayır: insanlar başqaları ilə hansı növ qarşılıqlı iqtisadi əlaqədə olacaqları barədə sərbəst seçim etdikdə bəziləri daha çox, bəziləri isə daha az şey əldə edəcəklər. Beləliklə, Nozik soruşur ki, əgər Roulz, yaxud Koen seksin və ya dostluğun yenidən bölüşdürülməsi ideyasını iyrənc hesab edirlərsə, nə üçün sərvətin və ya qarşılıqlı iqtisadi əlaqənin digər faydalarının yenidən bölüşdürülməsi ideyası onları oxşar şəkildə iyrəndirmir?[10]

    Yuxarıda, Cədvəl 1-də, Bərabəristan, Sərvətartıranıstan və Adilistanda sərvətin bölüşdürülməsinə fikir verin. Roulz və digər filosofların əksəriyyəti sizdən soruşur: “Hansı cəmiyyət daha ədalətlidir?” Nozikin ağıllı bir cavabı var: “Bilmirəm. Mənə daha çox məlumat lazımdır!”

    Nozikin fikrincə, çatışmayan şey insanların gəlir və ya sərvəti necə əldə etməsi barədə olan məlumatdır. Eqalitarianizm (bərabərçilik), utilitarianizm (faydaçılıq), Fərq Prinsipi və bölüşdürücü ədalətin bir çox digər nəzəriyyələri ilə bağlı əsas problem budur ki, bu nəzəriyyələrə görə, ədalət əvvəlcədən müəyyən edilmiş bəzi sərvət modellərinə uyğunlaşmaqdan ibarətdir. Əksinə, Nozik deyirdi ki, əsas məsələ insanların nəyə sahib olduqları və ya bəzilərinin digərlərindən daha çox şeyə sahib olub-olmaması deyil, insanların sahib olduqları şeyləri ədalətli yollarla əldə edib-etməmələridir.

    Nozik iki əsas bölüşdürücü ədalət nəzəriyyəsinin olduğunu deyirdi:

    1. Paylayıcı ədalətin model əsaslı nəzəriyyələrinə görə, sərvət, gəlir və ya fürsətin bölüşdürülməsi hansısa mücərrəd modelə uyğun olmalıdır. Gəlin bəzi nümunələrə baxaq:

    i. Eqalitarianizm: sərvət bölgüsü yalnız və yalnız hər kəs eyni miqdarda sərvətə sahibdirsə, ədalətlidir.
    ii. Meritokratiya: sərvət bölgüsü yalnız və yalnız insanlar layiqlilik və ya məziyyətlərinə mütənasib şəkildə sərvətə sahibdirsə, ədalətlidir.
    iii. Roulzçuluq: sərvət bölgüsü yalnız və yalnız o halda ədalətlidir ki, o, işçi sinfinin ən imtiyazsız üzvünün nümayəndəsinin sahib olduğu təməl malları maksimum dərəcədə artırır.[11]
    iv. Utilitarianizm: sərvət bölgüsü yalnız və yalnız xalis məcmu xoşbəxtliyi maksimum dərəcədə artırırsa, ədalətlidir.

      2. Bölüşdürücü ədalətin tarixi nəzəriyyələrinə görə,indiki sərvət bölgüsü yalnız və yalnız hər kəs öz sərvətini düzgün yollarla əldə edibsə, ədalətlidir.

      Nozik düzgün tarixi nəzəriyyənin necə görünəcəyini düşündüyünə dair təkcə bir eskiz çəkib. O, öz nəzəriyyəsini (yaxud onun eskizini) “haqq nəzəriyyəsi” adlandırıb. Birincisi, bu nəzəriyyənin “əldə etməkdə ədalət prinsipi” insanların hansı şərtlərdə sahibsiz resursları özləri üçün mənimsəyə biləcəyini izah edir. Məsələn, bəlkə də sahibsiz torpaqda məhsuldar işləyənlər başqalarına kifayət edəcək miqdarda və indiki keyfiyyətdə torpaq saxlamaq şərti ilə onu əldə edə bilərlər.

      İkincisi, nəzəriyyənin “köçürmədə ədalət prinsipi” insanların öz mülklərini başqalarına haqlı olaraq necə köçürə biləcəyini izah edir. (Məsələn, saatımı sənə versəm, sən ona layiq olmasan belə, saat sənin olur.)

      Üçüncüsü, nəzəriyyənin “kompensasiyada ədalət prinsipi” ilk iki prinsip pozulduqda nə edilməli olduğunu izah edir. Məsələn, bilmədən oğurlanmış saat almışamsa, bəlkə də onu sahibinə qaytarmalıyam.

      Nozik bu prinsiplərin hər birinin mürəkkəb həqiqət olacağını deyib və bizə bütün təfərrüatları verməyə çalışmayıb. Lakin o qeyd edirdi ki, bölüşdürücü ədalətin düzgün tarixi nəzəriyyəsinə görə, ilkin ədalətli vəziyyətdən ədalətli addımlarla yaranan mülk bölgüsünün özü də ədalətlidir. Yəni ilkin olaraq ədalətli – insanların ancaq öz haqları olan mülklərə sahib olduğu ssenari ilə başlasaq, sonra isə insanlar öz mülklərini heç kimin hüquqlarını pozmayacaq şəkildə başqalarına köçürsə, son nəticə nə olursa-olsun (insanlar bərabər və ya qeyri-bərabər sərvətə sahib olsa da) ədalətlidir. Nozik deyirdi ki, Marksın ədalət nəzəriyyəsi “hər kəsdən öz qabiliyyətinə görə, hər kəsə öz ehtiyacına görə” kimi ümumiləşdirilə bildiyi halda, onun nəzəriyyəsinə görə, deyə bilərik ki, “hər kəsə seçdiyi kimi; hər kəsdən seçdiyi kimi.”[12]

      Prinsipcə, Nozikin nəzəriyyəsi radikal bərabərsizliyə icazə verir. (Unutmayın ki, prinsipcə, Roulzun nəzəriyyəsi də belədir.) Amma nəzərə alın ki, Nozik real dünyada gördüyümüz bərabərsizliyə haqq qazandırmaq niyyətində deyildi. Belə ki, biz heç də onun haqq nəzəriyyəsinə əməl etməmişik. Tarixin başlanğıcından bəri bizim həqiqətən azad bazarımız olmayıb. Əvəzində bizim oğurluq, fəth, köləlik və son vaxtlarda saxta kapitalizm, korporativizm, renta axtarışı, patent trolluğu, domen sui-istifadəsi, lisenziya məhdudiyyətləri, ticarətə məhdudiyyətlər, əmək hərəkətliliyinə məhdudiyyətlər, narkotiklə müharibə və s. tariximiz olub. Bunların hamısı ən pis vəziyyətdə olan insanları yoxsullaşdırır və bir çox varlıları ədalətsiz qazancla təmin edir.

      Odur ki, Nozikin insanlar ölərkən senator Con Kerri və ya Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi kimi varlıların kef içində yaşamasının normal olduğunu iddia etdiyini demək səhvdir. Nozik qəbul edirdi ki, tarixi ədalətsizliyi düzəltmək üçün biz mövcud sərvəti yenidən bölüşdürməliyik, yaxud da hökumət rifah proqramları qəbul etməlidir.[13] Nozik fikirləşirdi ki, mükəmməl ədalətli cəmiyyətdə tarixi ədalətsizlik ola bilməz, bəlkə də, keçmiş ədalətsizliyə ədalətli cavab hökumətin rifah proqramları həyata keçirməsidir. Məsələn, mükəmməl ədalətli cəmiyyətdə cinayət məhkəmələri ola bilməz, lakin bu, o demək deyil ki, biz hazırkı cinayət məhkəmələrini ləğv etməliyik.

      Nozik iddia edirdi ki, paylayıcı ədalətin model əsaslı nəzəriyyələri ümumi bir problemlə üzləşirlər: görünür, onlar insanlara cüzi miqdarda belə azadlıq verə bilməzlər. Problem ondadır ki, azadlıq modelləri pozur.

      Məsələn, təsəvvür et ki, nəhayət, ədalət bərqərar oldu və sənin bəyəndiyin bölüşdürücü ədalət modeli meydana gəldi. Nümunə üçün, fərz edək ki, model tam bərabərlikdir: hər kəsin sərvəti bərabərdir. Gəlin bu paylanma modelini P1 adlandıraq. Bir nəfərin hamıdan 250.000 dollar 25 sent daha varlı olduğu digər paylanma modelini isə P2 adlandıraq. Eqalitarian nöqteyi-nəzərdən P2 ədalətsizdir, çünki ədalət məhz tam bərabərlik tələb edir.

      Hal-hazırda ədalət bərqərar olub və biz P1-dəyik. Amma fərz edək, basketbol ustası Lebron Ceyms təklif edir ki, hər oyun üçün ona 25 sent ödəmək şərti ilə insanlar onun oyununa tamaşa edə bilər. Nozik (demək olar ki, eyni) hipotetik nümunəni sosializmlə uyğun olacaq şəkildə təsvir edib. Məsələn, Ceyms icmanın basketbol toplarından istifadə edərək insanlara məqbul olan bir vaxtda icma meydançasında oynayır. Bir il ərzində bir milyon insan Ceymsin oyununu izləyir və beləliklə, indi Ceymsin hamıdan 250.000,25 dollar çox pulu var: bir il ərzində Ceyms 250.000 dollar varlanıb, geridə qalan hər kəsin isə cəmi 25 senti var. Biz indi P2-dəyik.

      Deməli, eqalitarian məntiqlə dünyada ədalətsizlik meydana gəlib! Belə ki, P2 qəbuledilməz, pis paylanma modelidir və əvvəlcədən istisna edilmişdi. Lakin problem ondadır ki, P2 insanların haqları olan şeylərdən istifadə etmələri nəticəsində yaranıb. Nəzərə alaq ki, ədalət bərpa edilmişdi və hər kəs öz haqqı olanı almışdı. Amma insanlar kortəbii şəkildə azadlıqlarını icra etdi və bu da qadağan edilmiş bir paylanma modelinə gətirib çıxardı. Lakin Nozik düşünürdü ki, P2-nin ədalətsiz olduğunu iddia etmək absurddur və beləliklə, model əsaslı ədalət nəzəriyyəsi doğru ola bilməz.

      Nozik ümumiləşdirərək iddia edirdi ki, istənilən model əsaslı paylanmada insanların müəyyən edilmiş modelə əsasən haqlı olaraq sahib olduqları şeylərdən istifadə etmək azadlığı nəticədə modelin özünü pozacaq. Beləliklə, azadlıq və modellər arasında ziddiyyət var. Əhəmiyyətli olan insanların mallarını necə əldə etmələridir, paylanma modeli deyil.

      Nozik insanlara radikal libertarian azadlığın verilməsinin modelləri pozacağını söyləmirdi. Əksinə, o deyirdi ki, insanlara cüzi miqdarda iqtisadi azadlıq – özlərinin uyğun gördükləri qaydada başqalarına 25 sent vermək azadlığı – verilməsi zamanla istənilən modeli asanlıqla poza bilər. Buna görə də Nozik sərvət modelini saxlamağın “fərdlərin hərəkətlərinə və seçimlərinə davamlı müdaxilə” tələb edəcəyindən narahat idi.[14] Model əsaslı ədalət nəzəriyyələri “qarşılıqlı razılaşan yetkin insanlar arasında kapitalist hərəkətləri” qadağan etməlidir.[15]

      Hayek və Nozikin sözlərində həqiqət var. Sərvət bölüşdürülməsinə ziyafətdə tort bölüşdürülməsi kimi yanaşmaq da, sərvəti kimin necə əldə etdiyini soruşmadan kimin nəyə sahib olduğuna diqqət yetirmək də gülüncdür. Amma yenə də sosial ədalətin daha zəif perspektivi adından deyiləcək söz var.

      Gəlin ‘ilk növbədə özəl mülkiyyət təsisatına nə haqq qazandırır?’ sualını yenidən nəzərdən keçirək. İddia etmək olar ki, Con Lok üçün özəl mülkiyyət təsisatı son nəticədə ona görə yaxşıdır ki, o, bizim pozitiv azadlığımızı sistemli şəkildə artırır. Bu təsisat yaxşı nəticələr hasil edir. Amma onda soruşmalıyıq ki, təsisatı əsaslandıracaq qədər yaxşı nəticələr nə sayılır? Roulz, Lok və Nozik – hər biri hansısa növ özəl mülkiyyət təsisatının əsaslandırıla bilən olduğunu düşünürdülər. Onların hamısı təsisatları müdafiə etmək üçün müxtəlif arqumentlər irəli sürürdülər. Hamısı razılaşırdı ki, bu təsisatları əsaslandıran şeyin bir hissəsi onların müəyyən yaxşı nəticələr hasil etməyə meyilli olmasıdır. Lakin Nozik və Lokun istifadə etdikləri standartlar Roulz ilə müqayisədə daha az ciddi nəticəçi idi; Roulz hesab edirdi ki, əsaslandırıla bilməsi üçün xüsusi mülkiyyət sistemi işçi sinfinin ən imtiyazsız üzvünə Nozik və ya Lokdan daha yüksək minimal gəlir təmin etməlidir.

      Analoji olaraq, əgər Nozik və Roulz Amerikan futbolu üçün ən yaxşı qaydaları müzakirə etsəydilər, təhlükəsizlik və sürət arasında fərqli güzəştlər edə bilərdilər. Onların hər ikisi razılaşardı ki, biz futbol oynamalıyıq; lakin futbol üçün ən yaxşı qaydalar toplusunu hansı standartlarla mühakimə etməliyik məsələsində razılaşmazdılar. Onlar bəzi empirik faktlarla bağlı fikir ayrılığına düşərdilər. Nəticədə, onlar optimal qaydalar toplusunun nə olacağı ilə bağlı da razılığa gəlməzdilər.

      Hətta Hayek və Nozik də bu məqamlarla müəyyən qədər razılaşırdılar. Hayek deyirdi ki, bazar təsisatlarının əsas əsaslandırmalarından biri – niyə onları ləğv edib başqa bir şeylə əvəz etməməliyik sualının cavabı – budur ki, bu təsisatlar “müxtəlif şəxslərin öz məqsədləri üçün lazım olan vasitələrin mövcud olma ehtimalını artırmağa” kifayət qədər meyillidirlər.[16] Roulz kimi Hayek də iddia edirdi ki, əgər mümkün təsisatlar toplusu arasından seçim etməli olsaq, onda “oradakı ilkin mövqeyimizin sırf təsadüf nəticəsində müəyyən ediləcəyini bilsək,” seçməyə razı olacağımız təsisatı seçməliyik.[17]

      Daha zəif şəkildə Nozik iddia edirdi ki, özəl mülkiyyət təsisatı Lok müddəasının “kölgəsi” altında idarə olunur. Özəl mülkiyyət təsisatı insanların vəziyyətini özünün mövcud olmadığı vəziyyətlə müqayisədə yaxşılaşdırmalıdır. Nozik deyirdi ki, fərz edək bədbəxtlikdən mənimkindən başqa bütün su quyuları quruyub, amma mənim su quyumda hamıya çatacaq qədər su var. Bu halda, Nozik deyirdi, quyunun suyunda mənim tam mülkiyyət hüququm yoxdur. Mən inhisar qurub suyu istədiyim qiymətə sata bilmərəm. Bəlkə də, belə vəziyyətdə su yenidən kollektivin mülkiyyətinə qayıtmalıdır.[18]

      Bəzi libertarianlar şikayət edirlər ki, bütün vergilər oğurluqdur. Onlar yanlış olaraq hesab edirlər ki, sərvətin yenidən bölüşdürülməsini müdafiə edənlər hökumətin yoxsulları doyuzdurmaq üçün vergi ödəyicilərinin pullarını oğurlaya biləcəyinə inanırlar. Bəlkə də son təhlildə verginin oğurluq olduğu ortaya çıxacaq. Ancaq başa düşmək lazımdır ki, Roulz və digər bölüşdürmə və ya dövlət sosial sığorta tərəfdarları özlərini oğurluq tərəfdarı kimi görmürlər. Bunun əvəzinə, Roulz özəl mülkiyyət təsisatını əsaslandırmaq üçün lazımi standartlarla bağlı Noziklə fikir ayrılığına düşmüşdü. Nozik haqlıdırsa, onda onun haqq nəzəriyyəsi də doğrudur. İnsanların həmişə haqq nəzəriyyəsinə əməl etdiyi ədalətli bir dünyada evsizləri qidayla təmin etmək üçün məndən vergi yığan hökumət həqiqətən oğurluq etmiş olardı. Amma əgər Roulz haqlıdırsa, onda mülkiyyət hüquqları rejimi yalnız Fərq Prinsipini təmin etməyə meyillidirsə, legitimdir. Hökumət dövlət məktəblərini saxlamaq üçün məndən vergi yığırsa, bu, mütləq oğurluq sayılmır, çünki Roulzun nəzəriyyəsinə görə, hökumətin həmin pula haqqı var, mənim isə yox.

      Qeyd: Bu kitab (Brennan, Jason. Political Philosophy: An Introduction. Washington, D.C: Cato Institute, 2016) Kato İnstitutunun və müəllif Ceyson Brennanı razılığı ilə Bakı Araşdırmalar İnstitutu tərəfindən tərcümə və dərc edilmişdir.


      [1] Roulzun bu təfsirini Deyvid Şmitzdən götürmüşəm. David Schmidtz, Elements of Justice (New York: Cambridge University Press, 2006), ss. 187–88, 219.

      [2] Rawls 1971, s. 60.

      [3] Bu mövzuda Roulza qarşı yönəldilmiş tənqid üçün bax, Martha Nussbaum, Frontiers of Justice (Cambridge, MA: Harvard University Press, 2007).

      [4] G. A. Cohen, Rescuing Justice and Equality (New York: Oxford University Press, 2009).

      [5] Rawls 1971, ss. 453–55.

      [6] Bax, Cohen 2009; G. A. Cohen, Why Not Socialism? (Princeton, NJ: Princeton University Press, 2008).

      [7] Bölüşdürücü ədalətin prinsipləri sərvətin, gəlirin və ya digər təməl malların düzgün “bölüşdürülməsi”nin nə olduğunu izah etməyə çalışır. “Sosial ədalət” prinsipləri bölüşdürücü ədalət prinsiplərinin alt toplusudur. Sosial ədalət tərəfdarları hesab edirlər ki, bölüşdürücü ədalət yoxsullara bir növ xüsusi diqqət yetirməyi tələb edir. Məsələn, meritokrat inanır ki, insanlar layiqlilik və ya məziyyətlərinə mütənasib şəkildə gəlir əldə etməlidir. Buna görə də meritokrat insan sosial ədalət prinsipini deyil, bölüşdürücü ədalət prinsipini qəbul edir.

      [8] F. A. Hayek, Law, Legislation, and Liberty, Volume II: The Mirage of Social Justice (Chicago: University of Chicago Press, 1978).

      [9] Adam Ferguson, An Essay on the History of Civil Society (New York: Cambridge University Press, 1996), s. 119.

      [10] Nozick 1974, ss. 150–59. Cohen 1995, ss. 229–44, bu analogiyanı qəbul edib insanların gözlərinin yenidən bölüşdürülməsi barədə düşünür. Cecile Fabre, Whose Body Is It Anyway? (New York: Oxford University Press, 2006) isə gözlərin və digər orqanların icbari şəkildə yenidən bölüşdürülməli olduğunu müdafiə edir.

      [11] Əslində Roulz tam olaraq bunu demir. Onun üçün “Fərq Prinsipi” “Azadlıq Prinsipi”nə və adil imkan bərabərliyi prinsipinə tabedir. Düzünü desək, Roulzun fikrincə, biz Fərq Prinsipini mümkün qədər reallaşdırmağa çalışmalıyıq, lakin Azadlıq Prinsipini və adil imkan bərabərliyi prinsipini yan məhdudiyyətlər kimi qəbul etməliyik.

      [12] Nozick 1974, s. 160.

      [13] Yenə orada, ss. 151–52, 344n2.

      [14] Yenə orada, s. 166.

      [15] Yenə orada, s. 163.

      [16] F. A. Hayek, New Studies in Philosophy, Politics, Economics, and the History of Ideas (Chicago: University of Chicago Press, 1986), ss. 132–34. Tez-tez gözdən qaçan bu sitatı Con Tomasi sayəsində kəşf etdim.

      [17] Yenə orada, s. 132.

      [18] Nozick 1974, s. 180.

      Paylaş
      FacebookTwitter

      Facebook Comment

      abunə olun

      BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

      bg
      For the full operation of the site you need to enable JavaScript in your browser settings.