fbpx

Cəmiyyət

Cəmiyyət

Beynəlxalq Cinayət Məhkəməsi Putini həbs edə bilərmi?

Read this article on other language
Download article
image_pdf
image_pdf

17 mart 2023-cü il tarixində Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Rusiya Federasiyasının prezidenti Vladimir Putinin və Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Komissar Mariya Lvova-Belovanın həbsinə order verilməsi ilə bağlı bəyanat verdi. Bu bəyanatda Putin və Belovanın Roma Statutunun 8-ci maddəsinin (2)(a)(vii) və (2)(b)(viii) bəndlərinə zidd olaraq uşaqların işğal olunmuş Ukrayna ərazilərindən qeyri-qanuni deportasiyası və transferinə görə məsuliyyət daşıdıqları barədə ağlabatan əsasların olduğu qeyd olunur.[1]  Bu qərarın Putinə nə kimi təsiri ola bilər?

 

Beynəlxalq Cinayət Məhkəməsi nə vaxt yaranıb və məqsədi nədir?

Roma Statutu kimi tanınan müqavilə 17 iyul 1998-ci ildə 160 dövlətin iştirak etdiyi  konfransda qəbul edilib və bu müqaviləyə əsasən ilk dəfə daimi Beynəlxalq Cinayət Məhkəməsi yaradılıb. Hazırda 123 dövlət Roma Statutuna tərəfdar çıxıb və müqaviləni ratifikasiya edib.[2] Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasında məqsəd soyqırımı, insanlığa qarşı cinayətlər, müharibə, təcavüz cinayətlərində ittiham olunan şəxsləri araşdırmaq və mühakimə etməkdir.[3]

Məhkəmə dövlətləri deyil, şəxsləri mühakimə etmək səlahiyyətindədir və yerli ədalət mühakimə sistemini əvəz etmir. Bu o deməkdir ki, Beynəlxalq Cinayət Məhkəməsinin faəliyyəti tamamlayıcılıq prinsipinə əsaslanır və üzv dövlətlər ilk olaraq özləri baş vermiş cinayətlə bağlı araşdırmanı aparmalıdır.[4] Dövlət cinayətdə şübhəli bilinən şəxsləri mühakimə etmək istəmədikdə və ya mühakimə etmək iqtidarında olmadıqda Beynəlxalq Cinayət Məhkəməsi təhqiqat apara və həmin şəxsləri mühakimə edə bilər.[5] Dövlət başçıları daxil olmaqla, dövlət agentlərinin və ya üsyançı qrupların liderlərinin mühakimə edilməsi məhkəmə tərəfindən həyata keçirilə bilər.[6] Roma Statutunu ratifikasiya etməmiş dövlətlər də Roma Statutunun 12-ci maddəsinin 3-cü bəndinə əsasən, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdikyasiyasının öz ərazisində tətbiqini qəbul edə bilər.[7]

Roma Statutunun 13-cü maddəsinə əsasən, 3 halda Beynəlxalq Cinayət Məhkəməsi baş verən cinayətlərlə bağlı araşdırmanı başlaya bilər. Bunlar üzv dövlətlərdən birinin 14-cü maddəyə istinad edərək prokurora müraciət etməsi, BMT nizamnaməsinin VII fəsli altında fəaliyyət göstərən Təhlüksəzilik Şurasının prokurora müraciət etməsi və ya 15-ci maddəyə istinadla prokurorun öz təşəbbüsü ilə təhqiqat aparması hallarında ola bilər.[8] Beynəlxalq Cinayət Məhkəməsinin polis gücü yoxdur, həbs orderi çıxmış şəxslərin saxlanılması üçün Roma Statutunu ratifikasiya etmiş dövlətlər məsuliyyətlidirlər. Onlar şübhəli bilinən şəxləri Məhkəməyə təslim etməlidir.[9]

 

Ukrayna və Rusiya Roma Statuna tərəfdar çıxmış dövlətlərdirmi?

Ukrayna Roma Statunu ratifikasiya etmiş dövlətlər sırasında deyil. O, Roma Statutuna qoşulmaq üçün 2000-ci ildə sənədi imzalasa da, 2001-ci ildə Ukrayna Konstitusiya məhkəməsi Roma Statutunun Konstitusiyanın 124-cü maddəsi ilə ziddiyyətli olduğunu bəyan etdiyi üçün Roma Statutunu ratifikasiya etməmişdi.[10]Lakin  Ukrayna 9 aprel 2014-cü il tarixində Roma Statunun 12-ci maddəsinin 3-cü bəndini əsas tutaraq,  Beynəlxalq Cinayət Məhkəməsinin yurisdikyasını öz ərazisində qəbul edib. İlk qəbul zamanı Maydan hadisələri nəticəsində  iddia olunan cinayətlərin araşdırılması üçün 21 noyabr 2013-cü ildən 22 fevral 2014-cü ilə qədər olan  dövr müəyyənləşdirilsə də, 8 sentyabr 2015-ci ildə Ukrayna ikinci bəyannamə ilə 20 fevral, 2014-cü ildən etibarən qeyr-müəyyən müddətə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasının tətbiqini öz ərazisində qəbul edib.[11]

2 iyun fevral 2016-cı ildə isə Ukrayna Konstitusiyasının 124-cü maddəsinə  “Ukrayna Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunda nəzərdə tutulmuş Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanıya bilər” – bəndi əlavə edilib.[12] Bu dəyişiklikdən sonra Roma Statutunu ratifikasiya etməsi üçün konstitusional mane olmasa da, Ukrayna Roma Statutunu hələ də ratifikasiya etməyib. Ukraynanın Roma Statutunu ratifikasiya etməməsi ona təşkilatın işində aktiv iştirak etməsinə imkan vermir. Ukrayna assambleyanın üzvü ola bilmir, bu da onun istər prokurorluğun  və hakimlərin seçilməsində, istərsə də assambleyada hər hansı bir məsələni qaldırmasına mane olur.[13]  Qeyd edək ki, Avropa İttifaqı və Ukrayna arasında bağlanmış Assosasiya Müqaviləsinin 8-ci maddəsinə görə də, Ukrayna Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etmək öhdəliyi var. [14]

Rusiya Beynəlxalq Cinayət məhkəməsinin Roma Statusunu ratifikasiya etmiş və ya yurisdiksiyasını öz ərazisində qəbul etmiş dövlətlər sırasında deyil. 2000-ci ildə Roma Statunu imzalamasına baxmayaraq, üzv olmaq üçün müqaviləni ratikasiya etməmişdi.  Ratifikasiya etməmə səbəbi kimi  Roma Statutunun Rusiya Federasiyası konstitusiyasının 118-ci maddəsi ilə ziddiyyət təşkil etməsini göstərmişdi. Belə ki, həmin maddəyə əsasən, Rusiyada ədalət mühakiməsini Rusiya Federasiyasının Konstitusiyası və Federal Konstitusiya hüququ həyata keçirə bilər.[15] Bununla belə, Rusiya Roma statutunu ratifikasiya etməsi üçün konstitusiyada hər hansı bir dəyişiklik etməmişdi. 2016-cı ildə  Putinin fərmanı ilə Rusiya Roma Statutuna qoşulma prosesindən ümumiyyətlə imtina etdi.  Rusiya Xarici işləri naziri bu qərarın “Beynəlxalq Cinayət Məhkəməsinin onunla bağlı ümidlərini doğrultmadığını və həqiqətən müstəqil olmadığı” ilə bağlı olduğunu bildirmişdi.[16]   

 

Putin həbs edilə bilərmi?

5 Mart 2023-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Ukraynadakı vəziyyətin araşdırılması üçün Roma Statutunun 14-cü maddəsini əsas götürərək, 39 dövlətin ona müraciət etdiyini bildirdi.[17] Putin və Belova Roma statutunun 8-ci maddəsi altında düşən cinayətdə ittiham olunurlar. Həmin 8-ci maddə aşağıdakıları təsbit edir: 

  1. Xüsusi plan və ya siyasətin bir hissəsi kimi və ya bu növ cinayətlərin geniş miqyaslı formasının bir hissəsi kimi törədildikdə, Məhkəmənin hərbi cinayətlərə münasibətdə yurisdiksiyası var.
  2. Bu Nizamnamənin məqsədinə uyğun olaraq,“müharibə cinayətləri” bu mənaya gəlir:

(a)  12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması, yəni müvafiq Cenevrə Konvensiyasının müddəalarına əsasən qorunan şəxslərə və ya əmlaka qarşı aşağıdakı hərəkətlərdən hər hansı biri:

…(vii) Qeyri-qanuni deportasiya və ya köçürmə və ya qeyri-qanuni həbs;

b) Beynəlxalq hüquq normaları çərçivəsində müəyyən edilmiş, beynəlxalq silahlı münaqişə zamanı tətbiq olunan qanun və adətlərin digər ciddi pozuntuları, yəni aşağıdakı hərəkətlərdən hər hansı biri:

.. (viii)  İşğalçı Dövlət tərəfindən öz mülki əhalisinin bir hissəsinin işğal etdiyi əraziyə birbaşa və ya dolayı yolla köçürülməsi və ya işğal edilmiş ərazinin əhalisinin hamısının və ya bir hissəsinin bu ərazi daxilində və ya ondan kənarda deportasiyası və ya köçürülməsi;[18]

2013-cü ildən bəri Ukrayna Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını öz ərazisində qəbul etdiyi və Putin həmin ərazidə baş verən cinayətdə birbaşa şübhəli olduğu üçün Beynəlxalq Cinayət Məhkəməsinin Putinlə bağlı bu qərarının verilməsində hüquqi əsası vardır. Lakin Rusiya  Roma Statutuna qoşulmadığı üçün Putinin həbs edilməsi indiki vəziyyətdə mümkün görünmür. Belə ki, hazırda dövlət başçısı olaraq Putinin immuniteti mövcuddur. Dövlət başçılarına verilən immunitetin bir səbəbi xarici liderlərin təmsil etdikləri dövlətin suveren müstəqilliyinin simvolu olaraq onlara hörmət göstərmək, digər səbəbi isə xarici liderlərin diplomatik fəaliyyələrini yerinə yetirdiyi zaman hər hansı bir maneə ilə üzləşməsinin qarşısını almaqdır.[19]

 Beynəlxalq Cinayət Məhkəməsinin presedentində Putinlə oxşar vəziyyət Sudan prezidenti Ömər əl Bəşirlə bağlı olmuşdu. 4 mart 2009-cu ildə Məhkəmə əl Bəşirin həbs edilməsi üçün order vermişdi.[20] Baxmayaraq ki, Sudan Roma Statutuna tərəfdar çıxmamışdı, BMT Təhlükəsizlik Şurasının Roma Statutunun 13-cü maddəsinə istinadı ilə Beynəlxalq Cinayət Məhkəməsinin Sudan üzərində yurisdiksiyası yaranmışdı.[21] Lakin həbs orderinin verilməsinə baxmayaraq, əl Bəşirin həbsi yalnız o hakimiyyətdən gedəndən sonra mümkün oldu. Üstəlik, prezident olduğu müddətdə o bir sıra dövlətlərə də səfər etmişdi. Afrika Liqası rəsmi olaraq həbs orderindən imtina etmişdi, Afrika İttifaqı isə Roma Statutunun 16-cı maddəsinə istinad edərək, BMT Təhlükəsizlik Şurasının əl Bəşirin həbsini 12 ay təxirə salınması üçün müraciət də etmişdi.[22]

Roma statutunun 27-ci maddəsinin 1-ci bəndinə əsasən, şəxsin dövlət və ya hökumət başçısı, hökumət və ya parlament üzvü, seçilmiş nümayəndə və ya dövlət məmuru olması onu heç bir halda məsuliyyətdən azad etmir. Həmin maddənin 2-ci bəndi isə Məhkəmənin həmin şəxs üzərində yurisdiksiyasının həyata keçirməsi üçün həm yerli, həm də beynəlxalq hüquqda nəzərdə tutulmuş vəzifə səlahiyyətlərinə aid edilə bilən toxunulmazlıqlar və ya xüsusi prosesual qaydaların mane olmadığını vurğulayır.[23]Lakin diplomatik imuniteti olan şəxsi təhvil verməsi üçün Məhkəmənin üzv dövlətdən üzv olmayan dövlətə qarşı beynəlxalq hüquqda götürdüyü öhdəliyini pozacaq tələb irəli sürə bilməyəcəyi statutunun 98-ci maddəsində təsbit olunub. Bu yalnız Məhkəmənin  Roma statutunu ratifikasiya etməmiş dövlətlə həmin şəxsin imunitetinin götürülməsi ilə bağlı razılıq əldə etməsindən sonra mümkündür.[24] Beləliklə, Roma Statutuna əsasən, dövlətlərin Beynəlxalq Cinayət məhkəməsinin sorğusuna əsasən barəsində həbs orderi verilmiş şəxsi Məhkəməyə təhvil vermək öhdəliyi var, lakin onlar Roma Statutuna tərəfdar çıxmamış dövlət rəsmisini həbs edib, təslim etsələr, beynəlxalq hüquqla nəzərdə tutulmuş öhdəliklərini pozmuş olacaqlar.[25]

Rusiya Roma Statutunu ratifikasiya etmədiyi üçün Putinin statunun 27-ci maddəsi altında mühakimə olunması praktiki olaraq mümkün görünmür. Putindən fərqli olaraq Beynəlxalq Cinayət Məhkəməsinin əl Bəşirlə bağlı həbs orderinin verilməsi BMT Təhlükəsizlik Şurasının Roma Statutunun 13-cü maddəsinə istinad edərək Məhkəməyə müraciəti ilə  bağlı idi. Bu müraciət Sudanın Roma Statutunu ratifikasiya etməməsinə baxmayaraq, Məhkəmənin Sudanda yuridiksiyanı təsbit edirdi.[26] Rusiya BMT Təhlükəsizlik Şurasınıın 5 üzvündən biri olduğu üçün qurumun Putinlə də bağlı eyni tərz müraciəti mümkün görünmür. Bu da Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya üzərində yurisdiksiya yaratmayacağını göstərir. Bundan başqa, hazırda Putin Rusiya prezidenti olduğu üçün Rusiyanın Putinin dövlət başçısı olaraq immunitetinin ləğvi real deyil. Putinin həbsinə orderin verilməsini daha çox  daha çox siyasi təzyiq olaraq görmək olar. Qısaca, Putinin Rusiya prezidenti olacağı müddətdə həbs orderi ilə bağlı verilmiş qərarın icrasının mümkünlüyü görünmür.

 

Qeydlər və istinadlar:

[1] International Criminal Court, Statement by Prosecutor Karim A. A. Khan KC on the issuance of arrest warrants against President Vladimir Putin and Ms Maria Lvova-Belova, (03.17.2023) https://www.icc-cpi.int/news/statement-prosecutor-karim-khan-kc-issuance-arrest-warrants-against-president-vladimir-putin

[2] International Criminal Court, The State Parties to the Rome Statute https://asp.icc-cpi.int/states-parties

[3] International Criminal Court, Understanding the International Criminal Court, 2020, p 10 https://www.icc-cpi.int/sites/default/files/Publications/understanding-the-icc.pdf

[4]  Simmons, Beth A., and Allison Danner. “Credible Commitments and the International Criminal Court.” International Organization 64, no. 2 (2010): 225–56. p230, http://www.jstor.org/stable/40608014

[5]Arsanjani, Mahnoush H. “The Rome Statute of the International Criminal Court.” The American Journal of International Law 93, no. 1 (1999): 22–43. P24 https://www.jstor.org/stable/pdf/2997954.pdf?refreqid=fastly-default%3Af0b3946f0d75156d1df4d36a83642a79&ab_segments=0%2Fbasic_search_gsv2%2Fcontrol&origin=&initiator=search-results

[6]  Jo, Hyeran, and Beth A. Simmons. “Can the International Criminal Court Deter Atrocity?” International Organization 70, no. 3 (2016): 443–75. P 443 https://www.jstor.org/stable/pdf/24758127.pdf?refreqid=fastly-default%3A36b800d327d8eea2072d110804db05b1&ab_segments=0%2Fbasic_search_gsv2%2Fcontrol&origin=&initiator=search-results

[7] Rome Statute of the International Criminal Court, Article 12, (2011) https://www.icc-cpi.int/sites/default/files/RS-Eng.pdf

[8] Rome Statute of the International Criminal Court, Article 13, (2011) https://www.icc-cpi.int/sites/default/files/RS-Eng.pdf

[9] International Criminal Court, Understanding the International Criminal Court, (2020) p35 https://www.icc-cpi.int/sites/default/files/Publications/understanding-the-icc.pdf

[10] Pravo, Выпуск №5 (893) – Уголовное право и процесс, https://pravo.ua/articles/ochevidnoe-i-verojatnoe/

[11] International Criminal Court, Information for victims, Ukraine https://www.icc-cpi.int/victims/ukraine

[12] Ukraine must ratify the Rome Statute: Joint letter to the President of Ukraine, (30.09.2019)  https://www.iphronline.org/ukraine-must-join-the-icc-joint-letter-to-the-president-of-ukraine.html

[13] Human Rights Watch, Q&A: Justice Efforts for Ukraine (29.03.2023)  https://www.hrw.org/news/2023/03/29/qa-justice-efforts-ukraine

[14] Parliamentarians for Global Action, Ukraine and the Rome Statute  https://www.pgaction.org/ilhr/rome-statute/ukraine.html

[15] Constitute, Russian Federation 1993 (rev.2014) https://www.constituteproject.org/constitution/Russia_2014?lang=en

[16] Grame, Robbie, Why Russia just withdrew from the ICC https://foreignpolicy.com/2016/11/16/why-russia-just-withdrew-from-icc-putin-treaty-ukraine-law/

[17] nternational Criminal Court, Statement of ICC Prosecutor, Karim A.A. Khan QC, on the Situation in Ukraine: Receipt of Referrals from 39 States Parties and the Opening of an Investigation  https://www.icc-cpi.int/news/statement-icc-prosecutor-karim-aa-khan-qc-situation-ukraine-receipt-referrals-39-states

[18] Roma Statute of the International Criminal Court, Article 8 https://www.icc-cpi.int/sites/default/files/RS-Eng.pdf

[19]    Tunks, Michael A. “Diplomats or Defendants? Defining the Future of Head-of-State Immunity.” Duke Law Journal 52, no. 3 (2002): 651–82.  P464 https://doi.org/10.2307/1373165

[20] SCHARF, MICHAEL P. “INTRODUCTORY NOTE TO THE INTERNATIONAL CRIMINAL COURT’S ARREST WARRANT FOR OMAR AL BASHIR, PRESIDENT OF THE SUDAN.” International Legal Materials 48, no. 3 (2009): 463–65. P463  http://www.jstor.org/stable/20695894.

[21] El-Masri, Samar. “The Legality of the International Criminal Court’s Decision against Omar Al-Bashir of Sudan.” International Journal 66, no. 2 (2011): 371–90.  P383, http://www.jstor.org/stable/27976098

[22] SCHARF, MICHAEL P. “INTRODUCTORY NOTE TO THE INTERNATIONAL CRIMINAL COURT’S ARREST WARRANT FOR OMAR AL BASHIR, PRESIDENT OF THE SUDAN.” International Legal Materials 48, no. 3 (2009): 463–65. p464  http://www.jstor.org/stable/20695894.

[23] Roma Statute of the International Criminal Court, Article 27, (2011)  https://www.icc-cpi.int/sites/default/files/RS-Eng.pdf

[24] Roma Statute of the International Criminal Court, Article 98, (2011) https://www.icc-cpi.int/sites/default/files/RS-Eng.pdf

[25]  Akande, Dapo. “International Law Immunities and the International Criminal Court.” The American Journal of International Law 98, no. 3 (2004): 407–33. p421 https://doi.org/10.2307/3181639

[26] SCHARF, MICHAEL P. “INTRODUCTORY NOTE TO THE INTERNATIONAL CRIMINAL COURT’S ARREST WARRANT FOR OMAR AL BASHIR, PRESIDENT OF THE SUDAN.” International Legal Materials 48, no. 3 (2009): 463–65.  p463, http://www.jstor.org/stable/20695894

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.