fbpx

Cəmiyyət

Cəmiyyət

Rusiyanın miqrant ehtiyacı və qorxusu

Read this article on other language
Download article
image_pdf
image_pdf

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Rusiyada qeyri-leqal yaşayan və çalışan vətəndaşlarından 2021-ci il iyunun 15-nə qədər federasiya ərazisini tərk etmək tələb olunub. Rusiya Daxili İşlər nazirinin birinci müavini Aleksandr Qorovoy aprelin 16-da MDB Parlament Assambleyasının Sankt-Peterburqda keçirilən toplantısında üzv ölkələri öz vətəndaşları arasında bu istiqamətdə təbliğat işi aparmağa çağıraraq, Rusiyanı könüllü tərk etməyəcəkləri halda, bu şəxslərin zorla çıxarılacaqları və ölkəyə girişlərinə qadağa qoyulacağı barədə xəbərdarlıq edib. Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda Rusiyada MDB ölkələrindən olan qeyri-leqal miqrantların sayı 1 milyondan çoxdur və onların 120 min nəfəri Azərbaycan vətəndaşıdır. İyunun 15-nə qədər həmin şəxslər ya vətənə qayıtmalı, ya da üçüncü bir ölkəyə getməlidirlər. Bu səbəbdən problem Azərbaycanı da yaxından maraqlandırır. Bu yazıda Rusiyanın ultimativ tələbinin səbəbləri və ümumilikdə Rusiya dövlətinin miqrasiya siyasətində son illər hansı dəyişikliklərin baş verdiyini araşdırmağa çalışmışam.

Rusiya hökumətinin nümayəndəsi tərəfindən ifadə edilən xəbərdarlıqdan sonra bu faktı Rusiya ilə münasibətlərində problem olan MDB ölkələrinə təzyiq kimi qiymətləndirənlər oldu. Doğrudan da Putin hökumətinin postsovet məkanında yeritdiyi siyasətə nəzər yetirdikdə onun bu tip məsələlərdən təzyiq vasitəsi kimi istifadə etmədiyinə inanmaq çətindir. Qərarın Ukrayna ilə Rusiya arasında gərginliyin artdığı və Azərbaycan-Rusiya münasibətlərində İskəndər raketləri ilə bağlı anlaşmazlığın yarandığı dövrdə elan olunması da bu yöndə şübhələri artırır. (Rusiyada 152 min ukraynalı qanunsuz miqrant var.) Amma qərar əslində yeni deyil və 1 il əvvəl – 2020-ci il aprelin 18-də qəbul olunub. Koronavirus pandemiyası ilə əlaqədar prezident Putin tərəfindən imzalanan fərmanla 15 mart 2020-ci il tarixinə qədər Rusiyada qanuni əsaslarla yaşayan əmək miqrantlarına 15 iyun tarixinə qədər ölkədə qalmaq icazəsi verilib. Sentyabrın 23-də imzalanan prezident fərmanı ilə bu müddət dekabrın 15-nə qədər, dekabrın 17-də imzalanan fərmanla isə 2021-ci il 15 iyuna qədər uzadılıb. Yəni Rusiya hökumətinin bugünkü tələbi bir il əvvəlki prezident fərmanına əsaslanır. Ən çox qanunsuz miqrantın Rusiya ilə münasibətlərində hər hansı problem olmayan Özbəkistan (332 min nəfər) və Tacikistandan (247 min nəfər) olması faktı da qərarın siyasi təzyiq xarakteri daşıması barədə fikirlərə şübhə etməyə əsas verir.

Putinin müddəti bir neçə dəfə uzadılan fərmanları qeyri-leqal miqrantların bir qisminin hüquqi status almalarına şərait yaradıb. Belə ki, 2020-ci il ərzində 3,3 milyondan çox əmək miqrantı, o cümlədən, qanunsuz işləyənlər qanuni status alıb. Onlardan 2,2 milyona yaxını müvəqqəti qalma müddətinin uzadılması, 123 mini viza müddətinin uzadılması, 55 minə yaxını iş icazəsi almaq, 921 mini isə patent almaq üçün müraciət edib.

Rusiya qanunvericiliyinə əsasən MDB ölkələri vətəndaşları, yəni ölkəyə vizasız gəlmək hüququ olan şəxslər əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi və ya patent almalıdır. İş icazəsi və patent arasında əsas fərq budur ki, iş icazəsi hüquqi şəxslər (şirkət, müəssisə, təşkilat) və fərdi sahibkarlardan iş almaq hüququ verdiyi halda, patent yalnız fiziki şəxslərin yanında çalışmaq (ev təsərrüfatı işləri, şəxsi sürücü, aşpaz və s.) hüququ verir. Patenti olan əcnəbi vətəndaşların əməyindən sahibkarlıq fəaliyyətində, gəlir gətirən işlərdə istifadə edilə bilməz. Patentin əsas üstünlüyü onu almağın nisbətən asan olması, həm yaşamaq, həm də əmək fəaliyyəti hüququ verməsidir. Amma bununla yanaşı, patent almaq üçün rus dili, Rusiya tarixi və Rusiya qanunvericiliyi ilə bağlı imtahandan keçmək də tələb olunur. Patent 1-3 ay müddətinə verilir və maksimum 1 ilə qədər uzadıla bilər, sonra miqrant ölkəni tərk etməlidir. İş icazəsi almaq üçün isə əcnəbi vətəndaş əvvəlcə işəgötürən tapıb onunla anlaşmalı, sonra müxtəlif sənədlər hazırlayıb, dövlət orqanlarına təqdim etməlidir.

Rusiyanın işçi ehtiyacı

Ərazisinə görə dünyanın ən böyük ölkəsi, əhalisi isə ölkənin miqyasına görə daha az olan Rusiya Federasiyası işçi qüvvəsinə ciddi ehtiyac duyur, xüsusən də, əhali sayının getdikcə azaldığı, hətta demoqrafik böhranın başladığı bir dövrdə. Dövlət Statistikası üzrə Federal Xidmətin (Rosstat) məlumatına görə, 2020-ci ildə Rusiyada ümumi ölüm faizi illik ifadədə 18% (323,8 min nəfər) artıb. Şübhəsiz ki, bu artımda COVİD-19 ciddi rol oynayıb. Rosstat 323,8 min nəfərdən 162 min 249 nəfərinin koronavirusdan öldüyünü bildirir, qeyri-rəsmi məlumatlara görə isə, virusdan qaynaqlanan ölümlər daha çoxdur. Amma Rusiyada demoqrafik geriləmə son 3 ildə tendensiya xarakteri alıb, belə ki, 2018-ci ildə əhalinin sayı təxmini 99,7 min, 2019-cu ildə təxminən 35,6 min nəfər azalıb. Yəni virus olmadan da ölkədə ölüm faizi doğumu üstələməyə başlamışdı. 2020-ci ildə 78 federasiya subyektində doğum göstəriciləri aşağı düşüb, 62 subyektdə ölənlərin sayı artıb, nəticədə ötən il Rusiyada son 15 ilin ən böyük əhali azalması qeydə alınıb. Azalma təxmini 510 min nəfər təşkil edib. 1 yanvar 2021-ci ilə olan məlumata görə, Rusiya əhalisinin sayı 146 milyon 238 min nəfərə yaxındır. Miqrasiya əhalinin azalmasını cəmi 15,9% kompensasiya edib. Miqrantların sayı təxmini 168,3 min və ya 64,9% azalıb.

Prezident Putinin 2024-cü ilə qədər milli hədəflər və Rusiya Federasiyasının inkişafının strateji vəzifələri haqqında 2018-ci ilin mayında imzaladığı fərmanın 1-ci maddəsinin a bəndində əhalinin dayanıqlı təbii artımının təmin edilməsi hökumətin qarşısında vəzifə kimi qoyulub. Lakin bu vəzifəyə nail olmağın qeyri-mümkünlüyü indidən məlumdur. Rusiya hökuməti qarşıdakı 4 ildə əhalinin sayının azalmağa davam edəcəyini və yalnız 2030-cu ildə artım tempi əldə olunacağını proqnozlaşdırır. BMT-nin məlumatına görə, 2050-ci ilədək Rusiya əhalisinin sayı 132,7 milyona qədər azalacaq.

Bu məlumatlar, statistika və proqnozlar deməyə əsas verir ki, Rusiyanın əmək miqrantlarına olan ehtiyacı ildən-ilə artacaq. Hazırda Rusiya əmək bazarı – əsasən də tikinti və aqrar sektorlar pandemiyanın da təsirləri nəticəsində ciddi işçi çatışmazlığı ilə üzləşib. Tikinti sahəsində əmək haqlarının artaraq 90 min rubla çatmasına baxmayaraq, Rusiya vətəndaşları tikintidə işləmək istəmir. Bu səbəbdən Tikinti Nazirliyi əmək miqrantlarının sadələşdirilmiş qaydada ölkəyə cəlb olunması üçün təkliflər hazırlayıb. Baş nazirin müavini Marat Xusnullin ölkədən 1,5 milyon miqrantın getdiyini və əmək resursları çatışmazlığının təhlükəli miqyas aldığını etiraf edib. Kənd təsərrüfatı nazirinin birinci müavini Cambulat Xatuov da əcnəbi işçi cəlb olunması üçün hökumətdən kömək istəyib. Xatuov qeyd edib ki, yerli sakinlər tarlalarda işləmək istəmir. Bu sahədə təxminən yarım milyon işçiyə ehtiyac yaranıb. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev sadələşdirilmiş qaydada əmək miqrantlarının işə cəlb olunmasını dəstəkləsə də, bildirib ki, Rusiya iqtisadiyyatı yüksək ixtisaslı kadrların dəvət olunmasında daha çox maraqlıdır.

Miqrasiya siyasətində paradiqma dəyişikliyi

2018-ci ilin oktyabrında Rusiya prezidenti 2019-2025-ci illər üzrə dövlət miqrasiya siyasəti haqqında fərman imzalayıb. Halbuki bundan əvvəl – 2012-ci ildə təsdiqlənən Siyasət sənədi 2025-ci ilə qədər qüvvədə olmalı idi. Əvvəlkinin vaxtı bitmədən yeni Siyasət sənədinin qəbulunu onunla izah etmək olar ki, Rusiya bu sahədə dövlət siyasətinə təcili dəyişikliklər etmək zərurəti hiss edib.

2012-ci il tarixli sənəddə miqrantların hüquq və azadlıqlarının müdafiəsindən daha çox danışılırdı, qeyri-leqal miqrasiya problemi Rusiya qanunvericiliyinin qeyri-təkmil olması və miqrantlar üçün status almağın mürəkkəb prosedurları ilə izah olunurdu. Yeni Siyasət sənədində isə məsələyə iki fundamental yanaşma görmək olur:

  – birincisi, miqrasiya axınlarının yarada biləcəyi problemlər və təhlükələr;

 – ikincisi, rus identikliyinin və rus mədəniyyətinin dominantlığının qorunması.

Sənədin 10-cu maddəsində qeyd olunur ki, “Yaxın Şərq və Şimali Afrikadan Avropaya intensiv miqrasiya axınları bu ölkələrə kriminal, terrorçu və ektremist strukturların üzvlərinin daxil olmasına da şərait yaradır, neqativ sosial-iqtisadi proseslərin səbəbinə çevrilir. Bu cür neqativ hallar Rusiya və onunla həmsərhəd ölkələr üçün də təhlükə törədə bilər.” Yəni Suriya və Liviyada baş verənlər, bu ölkələrdən Avropaya qaçqın axını Rusiyanı təhlükəsizlik tədbirlərini və sərhəd rejimini gücləndirməyə, qanunvericiliyə yenidən baxmağa sövq edib. Başqa bir tərəfdən, miqrantların sosial davranışı, kriminal hadisələrdə tez-tez adlarının hallanması Rusiya hökumətini və cəmiyyətini narahat edən problemlərdən biridir. Rusiya DİN-in məlumatına görə, 2021-ci ilin yanvarında miqrantların törətdiyi cinayətlər ötən ilin eyni dövrü ilə müqayisədə 6,1% artıb. Həmin ay başqa ölkələrin vətəndaşları, eləcə də vətəndaşlığı olmayan şəxslər tərəfindən RF ərazisində təxmini 3,3 min cinayət törədilib. Miqrantlara qarşı cinayətlər də 18,4% artıb və 1,4 minə yaxın cinayət faktı qeydə alınıb. Dmitri Medvedevin ötən ilin noyabrında pandemiya səbəbi ilə miqrantların Rusiyada qalmasının cinayətkarlığın artmasına səbəb ola biləcəyi barədə açıqlaması da Rusiya hökumətində bununla bağlı narahatlığın olduğunu göstərir.

Amma belə görünür ki, əsas narahatlıq miqrantların kriminogen duruma deyil, Rusiya mədəni mühitinə təsirləri ilə bağlıdır. Dövlət Miqrasiya Siyasətinin 14-cü maddəsində bildirilir ki, “(…) məqsəd həm də Rusiya cəmiyyətinin mədəni-sivilizasion kodunun əsasını təşkil edən rus mədəniyyətinin, rus dilinin və Rusiya xalqlarının tarixi-mədəni mirasının qorunub saxlanılması və müdafiəsidir.” 15-ci maddədə isə ümumilikdə miqrasiya siyasətinə dövlətin baxışı ortaya qoyulur:

“Rusiya Federasiyası əhalisinin təkrar istehsalı və milli iqtisadiyyatı əmək resursları ilə təmin etməyin əsas mənbəyi onun təbii artımı olaraq qalmalıdır. Miqrasiya siyasəti demoqrafik və onunla əlaqəli iqtisadi problemlərin həllində yardımçı vasitədir. Bu siyasət ona yönəlməlidir ki, Rusiya cəmiyyətinin tamhüquqlu üzvünə çevrilməyə və pozitiv sosial əlaqələr sisteminə orqanik şəkildə qoşulmağa hazır olan şəxslərin (o cümlədən ölkəni tərk edənlərin) ölkəyə könüllü şəkildə köçünə əlverişli mühit yaradılsın. Bununla yanaşı (…), Rusiya Federasiyasının qanunlarına əməl edən, onun maddi və mədəni dəyərlərinə hörmətlə yanaşan xarici vətəndaşlar üçün də ölkənin açıqlığını saxlamaq vacibdir.”

Başqa sözlə, qeyd olunur ki, rus və rusdilli miqrantlar dövlət üçün daha arzuolunandır, çünki bu kateqoriyadan olanların cəmiyyətə inteqrasiyasında problem yaranmır. Digərləri isə yerli qanunlara əməl etmək və rus xalqının dəyərlərinə hörmət etməklə ölkədə müvəqqəti işləyə və yaşaya bilər.

2018-ci ildə Miqrasiya Siyasəti ilə yanaşı daha bir sənədə – Milli Siyasət Strategiyasına da dəyişiklik edilib. Putin “Rusiya Federasiyasının 2025-ci ilə qədər nəzərdə tutulan və 2012-ci ilin 19 dekabr tarixində təsdiqlənmiş dövlət milli siyasət strategiyasına dəyişikliklər edilməsi haqqında” fərman imzalayıb. Orada qanunsuz miqrasiya milli təhlükəsizliyə təhdid kimi qiymətləndirilir. Strategiyada rus mədəni dominantlığının saxlanılmasına əsaslanan ümumvətəndaş Rusiya identikliyi anlayışı gətirilir. Buradan görürük ki, Rusiya dövləti federasiyanın bütövlüyünü qorumaq və millətlərarası münasibətləri tənzimləmək siyasətində təməl dəyər kimi rus mədəniyyətinin dominantlığını əsas götürür və multikulturalizmi rədd edir.

Prezident Putin bu il martın 30-da Millətlərarası Münasibətlər Şurasının iclasında çıxışında məktəblərdə əmək miqrantlarının uşaqlarının sayının getdikcə artmasından narahatlığını bildirib:  “Bəzi Avropa ölkələrində, eləcə də Birləşmiş Ştatlarda miqrant uşaqlarının səviyyəsi müəyyən faizə çatdıqda yerli sakinlər övladlarını o məktəblərdən çıxarır. Orada faktiki olaraq, yüz faiz miqrant uşaqlarından formalaşan məktəblər əmələ gəlir (…) Rusiyada buna qətiyyən yol vermək olmaz. Miqrant uşaqlarının sayı elə olmalıdır ki, bu, onları Rusiya dil mühitinə dərindən uyğunlaşdırmağa imkan versin. Nəinki dil, ümumən mədəni mühitə, bizim dəyərlərimizə.”

Rəsmi məlumata görə, hazırda Rusiyada ümumən 10 milyondan çox əcnəbi yaşayır, onların 4 milyonundan çoxu keçmiş sovet respublikalarından olan əmək miqrantlarıdır. Rusiya məktəblərində təxmini 140 min miqrant uşağı təhsil alır. Maarif naziri Sergey Kravtsov bildirib ki, nazirlik miqrant övladlarının fərdi tələbatlarının qiymətləndirilməsi üzrə sistem hazırlayır. Bu sistem uşağın rus dili bilgisi və ümumtədris proqramının mənimsənilməsində üzləşdiyi problemləri müəyyən edib, aradan qaldıracaq.

Nəticə

Rusiyanın bir tərəfdən əmək miqrantlarına böyük ehtiyacı var və bu yazıda göstərildi ki, demoqrafik krizis və yerli əhalinin ağır fiziki əmək tələb edən işlərdə çalışmaq istəməməsi səbəbindən ehtiyac qarşıdakı illərdə yüksələn xətt üzrə davam edəcək. Amma digər tərəfdən Rusiya dövləti ehtiyat edir ki, tənzimlənməyən, nəzarətsiz miqrasiya cinayətkarlığın, o cümlədən terrorizmin, insan alverinin, narkomaniyanın yayılmasına səbəb ola bilər. Yəni dövlət ehtiyacın ehtiyatsızlığa və bunun nəticəsində yeni problemlərə səbəb olmasına yol vermək istəmir. Xüsusən fərqli mədəniyyətlərin təmsilçilərinin, MDB ölkələrindən olan, sovet dövrünü görməmiş, rus dilini bilməyən yeni nəsillərin Rusiyaya kütləvi axını, onların yerli topluma inteqrasiya olmaması bu sahədə problemlərin əsas səbəblərindəndir. Bu tip miqrantların tez-tez yerli sakinlərlə, eləcə də öz aralarında konfliktləri yaranır. Həm miqrantların törətdiyi, həm də onlara qarşı törədilən cinayətlərin artması bu baxımdan diqqətəlayiq faktdır. 2013-сü ildə Moskvanın Qərbi Biryulevo rayonunda azərbaycanlı Orxan Zeynalovun yerli sakini qətlə yetirməsindən sonra baş verən hadisələri, Qafqaz və Orta Asiya mənşəli şəxslərə, onların iş yerlərinə, ticarət nöqtələrinə hücumları xatırlatmaq yerinə düşər.

Bu səbəblərdən Rusiyanın yeni Miqrasiya Siyasəti xarici vətəndaşların sosial-mədəni adaptasiyası və inteqrasiyası məsələlərini də nəzərdə tutur. 2015-ci ildən etibarən Rusiyada müvəqqəti yaşamaq və işləmək istəyən əcnəbilər rus dilindən, Rusiya tarixindən və yerli qanunvericiliyin əsaslarından imtahan verir. Lakin bu və sənədləşmə ilə bağlı tələblər, eləcə də vergi ödəməmək niyyəti bir çox miqrantı qeyri-leqal şəkildə Rusiyada iş tapmağa vadar edir.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.