Cəmiyyətin büdcə proseslərində fəal iştirakının olması, eləcə də hökumətdən hesabat tələb edə bilməsi onun büdcə barədə detallı məlumatlara çıxışı sayəsində mümkündür. Xüsusi istisnalarla, dövlət sirri bəhanəsi ilə və beynəlxalq təcrübədə qəbul edilmiş yanaşmalardan savayı heç bir arqumentlə vətəndaşın büdcə informasiyalarına çıxışı məhdudlaşdırıla bilməz. Kənd və şəhər fərqi olmadan ölkənin istənilən ucqar coğrafi məntəqəsində məskunlaşan insanlar yaşadıqları ərazidə təhsilə, səhiyyəyə, infrastruktura çəkilən xərclərin həcmi, ölkənin müdafiəsinə ayrılan vəsaitin məbləği, onun təhlükəsizliyini və asayişini qoruyan, müdafiəsini təmin edən polisin, təhlükəsizlik işçisinin, hərbçisinin, eləcə də sağlamlığına və övladının təhsilinə görə məsuliyyət daşıyan həkimin və müəllimin aldığı aylıq məvacibin məbləği barədə məlumatı rahat şəkildə, elə internet mənbələrindən əldə edə bilməlidir. Yalnız bu halda ictimai məlumatlar əlçatan hesab olunur.
Son illər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi öz saytı vasitəsilə açıqlanan büdcə informasiyalarının miqyasını xeyli genişləndirib. Amma məsələ təkcə informasiyaların kəmiyyətində yox, həm də keyfiyyətindədir. Bəzən böyük həcmli ixtiyari bir mətn ondan qat-qat kiçik mətndən daha az informasiya verə bilir. Bu baxımdan açıqlanan büdcə informasiyalarının və sənədlərin sayı ilə yanaşı, onların tərkibi, əhatə dairəsi, tamlığı, ictimai faydalılığı və ehtiyacı qarşılaya bilmək səviyyəsi son dərəcə əhəmiyyətə malik olur. Beynəlxalq Valyuta Fondu və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) kimi beynəlxalq təşkilatların büdcə şəffaflığı və büdcə məlumatlarının ictimaiyyət üçün açıqlaması sahəsində verdikləri tövsiyələr məlumatlara əlçatanlığın qabaqcıl standartını müəyyənləşdirir.
Dövlət büdcəsi layihəsinin parlament müzakirəsi dövründə bütün büdcə informasiyalarını açıqlamalı olan Milli Məclis isə növbəti ilin dövlət büdcəsi barədə Qanun layihəsini dərc etməklə kifayətlənir. Büdcə məlumatlarının açıqlığının qeyd olunan meyarlara nə dərəcədə uyğun gəlib-gəlmədiyini qiymətləndirmək üçün bu sahədə qəbul edilmiş beynəlxalq standartlara baxmaq yetərli olmaya bilər. Faydalı yanaşmalardan biri ölkələrarası müqayisənin aparılmasıdır. Bu zaman xüsusilə eyni regiona aid, yaxşı təcrübə kimi götürülə biləcək ölkələrin bir-birilə müqayisə edilməsi obyektiv mənzərəni görməyə imkan verir.
Son 10-15 ildə Azərbaycanla yanaşı, Cənubi Qafqazın digər 2 ölkəsində – Gürcüstan və Ermənistanda da ictimaiyyətin büdcə məlumatlarına əlçatanlığının artırılması üçün xeyli işlər görülüb. Bunu nəzərə alaraq regionun 3 ölkə üzrə ictimaiyyətə açıqlanan büdcə informasiyalarının müqayisəli analizi aparılıb. Amma bir məqamı nəzərə almaq vacibdir: təqdim olunan analiz büdcə layihəsi təsdiqlənəndən sonra açıqlanan yox, məhz layihə müzakirəyə çıxarılana və parlamentdə müzakirə olunan dövrdə cəmiyyət üçün açıqlanan büdcə sənədlərini analiz edir. Çünki məhz bu dövrdə məlumat açıqlığı büdcə müzakirəsində ictimai iştirakçılığı təşviq etmək baxımından əhəmiyyətlidir.
Analiz aşağıdakı 4 bölmədən ibarətdir:
- Büdcə informasiyalarının əlçatanlığı sahəsində beynəlxalq təşəbbüslər
- Gürcüstan hökumətinin növbəti maliyyə ili və ortamüddətli dövr üzrə cəmiyyətə açıqladığı büdcə informasiyaları
- Ermənistan hökumətinin növbəti maliyyə ili və ortamüddətli dövr üzrə cəmiyyətə açıqladığı büdcə informasiyaları
- Azərbaycan hökumətinin növbəti maliyyə ili və ortamüddətli dövr üzrə cəmiyyətə açıqladığı büdcə informasiyaları
İcmalda Cənubi Qafqazın hər üç ölkəsinin 2026-cı il və növbəti 3 illə bağlı büdcə məlumatlarının açıqlanma səviyyəsi qiymətləndirilir. Analizdə hər 3 ölkə üzrə büdcə məlumatları hər ölkənin milli valyutasında təqdim edilib. Büdcə informasiyaları və büdcə sənədlərinin müqayisəsi ilə yanaşı, büdcə göstəriciləri üzrə də ölkələrarası fərqləri görmək üçün hesabatın işləndiyi dövrdə (noyabr 2025) Azərbaycan, Gürcüstan və Ermənistan milli valyutalarının ABŞ dollarına qarşı orta aylıq məzənnələri əsasında hesablama aparmaq mümkündür və maraqlanan hər kəs bunu asanlıqla edə bilər. Qeyd edilən dövr üzrə ölkələrin Mərkəzi Banklarının müəyyənləşdirdiyi məzənnə belə olub: 1 ABŞ dolları – 2,7 gürcü larisi, 1 ABŞ dolları – 382 erməni dramı, 1 ABŞ dolları – 1,7 Azərbaycan manatı.
Analitik icmalın tamını buradan pdf fayla keçid edərək oxuya bilərsiniz.

