fbpx

Cəmiyyət

Cəmiyyət

Demokratiya, yoxsa Epistokratiya? İki dəyər arasındakı seçim

Read this article on other language
Download article
image_pdf
image_pdf

Demokratiyada Siyasi Biliyin Əhəmiyyəti adlı əvvəlki məqalədə siyasi biliyi aşağı səviyyədə olan vətəndaşların, nümayəndəli demokratiyanın legitimliyinə necə təhlükə törətdiyini müzakirə etmişdim. O məqalədə təqdim edilən arqumentlər demokratik sistemin həm prosedural, həm də epistemik nöqteyi nəzərdən əsaslandırılmalı olunduğunu müdafiə edərək, demokratiya nəzəriyyəsinin sərhədlərindən kənara çıxmasa da, özüm bitərəf qalaraq, bu məqalədə hazırda demokratiya və epistokratiya nəzəriyyələri arasında mövcud olan debatı təqdim edirəm. Məsələni sadələşdirmək xatirinə “demokratiya” və “epistokratiya” terminlərinə belə tərif vermək olar: hər iki nəzəriyyə vətəndaşların səriştəliliyindən asılı olmayaraq, onların vətəndaş hüquqlarını qəbul etsə də, demokratiyada hər kəsin doğulduğu andan etibarən siyasi hüquqları (seçmək və seçilmək hüququ) var amma epistokratiyada yalnız siyasi bilikli vətəndaşlar bu hüquqlara yiyələnə bilərlər.

Demokratiyanın birbaşa, iştirakçı, nümayəndəli, məşvərətçi, populist, plebisitarian və s. kimi bir-biri ilə rəqabətdə olan nəzəriyyələri olduğu üçün, vahid “demokratiya nəzəriyyəsi”ndən danışmaq elə də doğru deyil. Buna görə də, bu məqalənin məqsədinə uyğun gəldiyi üçün müxtəlif demokratiya nəzəriyyələri arasındakı müzakirələrdən kənarda duracağam. Əlavə olaraq, oxucuların demokratiya ilə bağlı ilkin biliklərinin olduğunu güman edərək xırdalıqları müzakirə etməkdənsə, demokratiya nəzəriyyəsində əsas iki düşüncə məktəbinin olan proseduralistlər və plüralistlərin prinsiplərini qısaca izah edəcəyəm [2]. Lakin epistokratiya bəlkə yeni ideya olmasa da, oxucular üçün yeni bir termindir. Buna görə də iki nəzəriyyənin təsviri arasında balans yaratmaq məqsədi ilə epistokratiyanın prinsiplərini, ələxsus da siyasi hüquqlar mövzuunda epistokratik mövqeyi mümkün qədər geniş təqdim etməyi özümə borc bilirəm.

Məqalənin əsas hissəsində ilk növbədə demokratiya və epistokratiyanın nə olduğunu qeyd edib, sonra da epistokratlara olan etirazları və onların müvafiq cavablarını vurğulayacağam. Bunu qeyd etmək vacibdir ki, bu məqalədəki bütün arqumentlər normativdir və məqalənin əhatə dairəsini məhdudlaşdırmaq üçün bilərəkdən tarixi misallara istinad etmirəm. Bunun əvəzində arqumentlərimi hipotetik misallarla izah edəcəyəm. Məqsədim bu iki nəzəriyyədən birini müdafiə etmək əvəzinə, məsələ ilə bağlı oxucular arasında ictimai debat yaratmaqdır. Ümid edirəm ki, oxucular arasından kimsə bu nəzəriyələrdən birini tənqid və ya müdafiə edəcək.

Deməliyəm ki, bu debatdakı demokratiya tərəfdarları adətən ən sonda qeyri-mümkünlük arqumentindən istifadə edirlər. Yəni, demokratlar adətən özlərini belə müdafiə etməyə çalışırlar ki, “epistokratiya qeyri-mümkündür çünki, biz insanların əksəriyyətinin əlindən onların siyasi hüquqlarını alsaq, onda onlar bu siyasətə qarşı üsyan edəcəklər və xaos yaranacaq. Buna görə də, dinc cəmiyyətin qorunması üçün demokratiya və onun pis tərəflərinə öyrəşməliyik”. Bu doğru da ola bilər, yanlış da və ən əsası, demokratiyanın dəyərindən bəhs edərkən bunun heç bir əhəmiyyəti yoxdur. Məsələn, on səkkizinci əsrdə əksər insanlar inanırdılar ki, demokratik ideyaların tətbiqi monarxların idarə etdiyi dövlətlərdə çox təhlükəlidir. Lakin bu monarxiyanın demokratiyadan yaxşı olduğu mənasına gəlmirdi. Eyni prinsipi burada da tətbiq edə bilərik, yəni, bəlkə də hazırki siyasi şəraitdə epistokratiyanın mümkün olub-olmadığını və onun necə tətbiq edilməli olduğunu bilmirik. Amma sübut etməli olduğumuz məsələ budur: hansı daha yaxşıdır? Və nəyə görə demokratiya, ya da epistokratiya normativ nöqteyi nəzərdən daha üstündür? Bu qeyri-mümkünlük arqumenti ilə həm də onu demək istəyirlər ki, epistokratiyanın arzuolunan olub-olmamasından asılı olmayaraq, bütün bu müzakirələr mənasızdır çünki epistokratiya utopiyadır. Ancaq biz utopiyaların əhəmiyyətini unutmamalıyıq. Uruquvaylı yazıçı Eduardo Qaleanonu parafraz etsək, utopiyalar bizim üfüqümüz kimidirlər, hətta onlara çatmaq mümkün olmasa da, onlar bizim doğru yolda olduğumuzu göstərir və inkişaf üçün bizə stimul verirlər.

Demokratiya və epistokratiya arasında seçim etmək asan deyil. Çünki bu məsələ ilə məşğul olmaq qaçınılmaz olaraq iki güclü dəyərlər arasındakı seçimə çevrilir: bir tərəfdən “insanın öz həyatına təsir edən kollektiv qərarvermə prosesində iştirak etmək hüququ” və digər tərəfdən isə, “insanın siyasi cahillər tərəfindən müdaxiləyə məruz qalmaması hüququ”. Siyasi fəlsəfədə əxlaqi dilemmalar ilə qarşılaşdıqda soruşulmalı olan doğru sual “düzgün cavab nədir?” deyil. Nə mən, nə də başqası demokratiya və epistokratiya arasındakı düzgün seçimin nə olduğunu deyə bilməz. Buna görə də hansının daha vacib olduğuna siz qərar verməlisiz və bunu etməklə də siz öz arqumentlərinizi məqbul əsaslarla müdafiə etməyi bacarmalısız.

Demokratiya

Demokratiyanın bütün konsepsiyaları tərəfindən qəbul edilmiş mərkəzi prinsipi odur ki, hər bir vətəndaşın öz həyatına təsir edəcək kollektiv qərarvermə prosesində birbaşa və ya dolayı yolla iştirak etmək hüququ var. Bunu etməklə, vətəndaş deputatlar tərəfindən qəbul edilmiş qanuna tabe olarkən azad qala biləcək. Demokratiyanın bir çox nəzəriyələri olsa da, demək olar ki, bütün nəzəriyyəçilər siyasi nümayəndəlik anlayışını qəbul edir. Bu baxımdan, Nadiya Urbinatinin nümayəndəli demokratiya tərifini sizə təqdim etməyi faydalı sayıram: nümayəndəli demokratiya “vətəndaşların səs verərək və hökumətlərinin nə etdiyini bilərək görərək və alternativ [siyasi] fəaliyyət istiqamətləri təklif edərək [kollektiv qərarvermə prosesində] iştirak etdiyi” rəy tərəfindən idarə olunan hökumət formasıdır (Urbinati 2014, 6 vurğu əlavə edilmişdir). Geniş bir tərif olaraq bu, bütün demokratiya nəzəriyyəçiləri tərəfindən qəbul edir. Lakin, onlar yenə də, demokratiyanın əsaslandırılması məsələsində müxtəlif fikirdədirlər. “Demokratiya niyə dəyərli və digər növ idarəetmə formalarından üstündür?” sualı proseduralistlər və plüralistlər tərəfindən fərqli cür cavablandırılır. Birincilər, demokratiyanı hər bir fərdin daxili olaraq dəyərli olduğunu və hansısa bir səbəbə görə onların siyasi hüquqlardan məhrum edilməsinin əxlaqsızlıq olduğunu iddia edərək əsaslandırırlar. Bu görüşə görə, sadəcə olaraq hansısa bir ölkədə doğulduğu üçün bütün vətəndaşların siyasi hüquqları olmalıdır.

Proseduralist demokratlar bu əsaslandırma ilə qane olsalar da, plüralistlər iddia edirlər ki, “lakin tək götürdükdə Daxili Bərabərlik İdeyası qəbul etdiyimiz nəticəni – və əlbəttə ki, demokratiyanı – əsaslandırmaq üçün kifayət qədər güclü deyil” (Dahl 1989, 84). Bu görüşə görə, Daxili Bərabərlik İdeyasının iki ciddi çatışmazlığı var. Birincisi odur ki, bu prinsipin dözə biləcəyi bərabərsizliyin miqdarı “qətiyyən” məlum deyil ya da, başqa sözlə desək, bərabərliyin sərhədləri qeyri-dəqiqdir (Dahl 1989, 98). Bu ideyanın ikinci zəif cəhəti odur ki, fərdlərin daxili bərabərliyi hərkəsin öz maraqlarını ən yaxşı özünün bildiyi mənasını ifadə etmir. Və bu iki zəifliyin nəticəsinə əsaslanaraq, məşhur siyasi nəzəriyyəçi Robert Dahl belə yekunlaşdırır ki, “əgər hər bir şəxsin maraqları bərabər nəzərə alınsa və əgər [hamıdan] daha üstün olan qəyyumlar qrupu [epistokratların] fərdlərin bərabər nəzərə alınmasını ən yaxşı təmin etsə, bu o demək olar ki, sözsüz ki, qəyyumluq [epistokratiya] arzuediləndir və təbii ki, demokratiya arzuedilən deyil” (Dahl 1989, 88). Qısası, Dahl göstərir ki, demokratiyanın tamamilə prosedural əsaslandırılması onun legitimliyini şübhə altına salır. Buna görə də, demokratiyanı həm Daxili Bərabərlik İdeyasını, həm insanların şəxsi inkişafını, həm də onların azadlığını təmin edə biləcək ən yaxşı hökumət forması olduğunu göstərərək əsaslandırmaq olar.

Tək demokratik hökumətin mövcudluğu şərti bu məqsədlərə çatmaq üçün kifayət olmasa da və praktikada heç də demokratik ölkələr demokratik nəzəriyənin bütün tələblərinə cavab verməsələr də, yenə də fərdi inkişaf və azadlıq vətəndaşlar üçün arzuolunandır. Demokratiyanın proseduralist əsaslandırılması epistokratiya, ya da Dahlın sözü ilə desək qəyyumluq, tərəfindən rədd edilsə də, demokratiyanın plüralist əsaslandırılması “böyük insan kütləsi arasında [fərdlərin şəxsi azadlıqlarını] inkişaf etdirməsi üçün insanların özlərini demokratik qaydada idarə etməsi kifayət olmasa da lazımdır” iddiası əsasında qurulduğu üçün o, bu təhlükəni dəf edə bilir (Dahl 1989, 93). Əlavə olaraq, plüralist konsepsiyaya görə, demokratiya eyni zamanda göstərməlidir ki, ən azından insanların əksəriyyəti özünü idarə edə və özləri üçün ən yaxşı şeyin nə olduğunu bilirlər. Dahlın dediyi kimi, “demokratiya yalnız orta statistik vətəndaşın özünü idarə etməyə hazır olduğu şərti ilə əsaslandırıla bilər [və] səriştəsizliyin açıq-aydın göstərilmədiyi şəraitdə (…) hər bir kəsin maraqlarının ən yaxşı özü tərəfindən bilindiyi iddiası qəbul edilməlidir” (1989, ss. 97, 100 vurğu müəllifə aiddir). “Şəxsi azadlığı paternalist avtoritetlə” əvəz etmək istəyəndə (məsələn, vətəndaş əqli qüsurlu olduğu üçün öz həyatı haqqında qərar verə bilməyəndə) iddiaçı, yəni dövlət, sübut yükü ilə mükəlləfdir (Dahl 1989, 101). Bu tələbin bir şərti də odur ki, əgər şəxs öz maraqlarının nə olduğunu bilmirsə, onun başqalarının həyatı barədə qərar qəbul etməsinə imkan vermək olmaz.

İstənilən demokratiya nəzəriyyəsi yetkin və əqli qabiliyyətə malik olan və olmayan vətəndaşlar arasında fərq qoymağı bacarmalıdır. Bu məsələlərdə mükəmməl və ziddiyyətsiz bölgü yoxdur. Məsələn, əksər ölkələrdə sesvermə yaşı 18 yaşdır və siyasi hüquqların mənimsənilməsi üçün ixtiyari olaraq seçilmiş bu rəqəm ümumilikdə qəbul edilir çünki insanların əksəriyətinin yaşadıqları müddətdə yetkin olacaqları gözlənilir. Lakin ölkədəki azlıqları və az təminatlı vətəndaşları siyasi aktivlikdən kənarlaşdırmaq üçün asanlıqla manipulasiya edilə biləcəyindən kimin əqli qabiliyyətli hesab edilməsi ilə bağlı bölgü çox ziddiyyətlidir. Həm də demokratiyada kimin “səriştəli” sayıldığına, yəni, elementar siyasi biliyin nə olduğu və demokratik vətəndaşın nəyi bilməli olduğuna dair nəzəriyyəçilər tamam fərqli fikirlər söyləyirlər. Çox müzakirəli və ziddiyyətli mövzu olsa da, məhkəmə, qanunvericililk, ya da icraedici orqan tərəfindən hansısa bir qırmızı xətt çəkilməlidir. Eyni zamanda, səriştəli və səriştəsiz vətəndaşlar arasındakı bu bölgü əlqi qabiliyyətlilik prezumpsiyası ilə aparılmalıdır (demokratik nəzəriyyəçilər tərəfindən irəli sürülən müxtəlif səriştəlilik tərifləri üçün baxın, Dahl 1989, 100; Carpini və Keeter 1996, 10-11; Estlund 2008, 228; cf. Brennan 2016, 29).

Yekunlaşdırsaq, demokratiya nəzəriyyələrinə görə, bütün vətəndaşlar anadangəlmə siyasi hüquqlara sahibdirlər və konkret bir şəxsin əqli qabiliyyətli olmadığı və ya əqli qüsurlu olduğu üçün öz qərarlarını verə bilmədiyi dövlət tərəfindən sübut edilməyənə kimi bu hüquqlar heç bir qurum tərəfindən məhdudlaşdırıla bilməz. Bütün vətəndaşların səsi eynidir və bu onu göstərir ki, varlı və kasıb, cavan və qoca, təhsilli və təhsilsiz olmasından asılı olmayaraq bütün vətəndaşlar bərabərdirlər.

Epistokratiya

Tam tərsinə, epistokratiyanın əsas prinsipi odur ki, yalnız siyasi səriştəli fərdlər siyasi hüquqlara, yəni seçmək və seçilmək hüququna, sahib olmalıdır çünki hər bir hüquq özü ilə məsuliyyət də gətirir və yalnız səriştəli vətəndaşların öz davranışlarına görə məsuliyyət daşıya biləcəyini güman etmək olar. Epistokratlar iddia edirlər ki, vətəndaşların siyasi cahilliyini nəzərə alsaq, o zaman epistokratiyanın – siyasi səriştəliliyin siyasi hüquqlar üçün şərt olduğu bir sistemin – hansısa bir forması, ya da, ən azından səlahiyyətli epistokratik komitələrin olduğu bir demokratiya indiki demokratiyadan üstündür (Christiano 2008, 104-105; López-Guerra 2014, 3-4; Brennan 2011; 2016, 11-18). Epistokratik və demokratik səriştəlilik konseptlərinin əsas fərqləri odur ki, əvvəlki çox daha tələbkardır və iddiaçının vətəndaş olduğunu deyir; buna görə də iddia edir ki, sübutetmə öhdəliyi vətəndaşın üzərinə düşür. Başqa sözlə desək, demokratik nəzəriyyə vətəndaşın səriştəsizliyinin sübut edilməsində dövlətin mükəlləf olduğunu desə də, epistokratik nəzəriyyə vətəndaşdan səriştəli olduğunu göstərməyi tələb edir. Buna səbəbdən də, epistokratiyaya görə, siyasi hüquqlar anadangəlmə olmur və vətəndaşlar bu hüquqları qazanmalıdırlar.

Rəqib nəzəriyyə demokratiya kimi, epistokratiyanın da bir çox müxtəlif konsepsiyası var amma əsas ideyası budur ki, insanların əksəriyyətinin kollektiv qərarvermə prosesində iştirak etməsi üçün kifayət qədər siyasi biliyi yoxdur. Bu nəzəriyyədə vətəndaşlar öz ölkələrinin hökumət strukturu, siyasi elmlər, iqtisadiyyat və sosiologiyadakı əsas prinsiplər və nəzəriyyələr barədə suallara cavab verəcəkləri səriştəlilik testi verməlidirlər. Əgər sualların yarıdan çoxuna düzgün cavab verə bilsələr, o zaman, deyək ki, növbəti beş il üçün siyasi hüquqlara sahib olacaqlar. İmtahandan kəsilsələr növbəti imtahana qədər onların ikinci, üçüncü, ya da daha çox şansları olacaq. Digər bir metod isə fərdlərə onların biliyinə uyğun qaydada səsvermə hüququ verməkdir. Məsələn, kimsə 100 sualdan 80 suala düzgün cavab versə, onun 1.0 əvəzinə 0.8 səsi olur. Bu baxımdan da biz testi keçən şəxsə tam 1.0 səs də versək, onun səsini düzgün cavablandırdığı sualların sayına uyğun olaraq da bölsək, mükəmmək epistokratik sistemdə hər bir yetkin vətəndaş bilikli olur və onların hər biri də tam siyasi hüquqlara sahib olurlar.

Epistokratiyanı müdafiə etmək, o demək deyil ki, hər siyasi sualın bir düzgün cavabı var və bütün siyasi problemlər instrumental, ya da texnikidir. Siyasi qərarların əxlaqi müstəvisinin olmadığını güman etmək ciddi səhv olardı. Ya da, bu o demək deyil ki, episokratiyada insanlar müxtəlif siyasi məsələlərlə bağlı eyni görüşdə olacaqlar. Epistokratiyanın əsas arqumenti odur ki, yalnız öz siyasi görüşlərini məsələn, məntiqi ardıcıl nəticələr, statistik məlumatlar və s. ilə məqbul əsaslarla müdafiə etməyi bacaran səriştəli vətəndaşlar kollektiv qərarvermə prosesində iştirak etməlidirlər. Hamı “siyasi faktları” öyrənə bilər, yəni, hərkəs ölkədə “nəyin baş verdiyindən” xəbərdar olmaq üçün mütəmadi olaraq siyasi informasiya qəbul edə bilər. Əlavə olaraq, insanlar ardıcıl, məntiqi qərar verməyi və hansı növ arqumentlərin empirik məlumatlar ilə dəstəklənməli olduğunu da öyrənə bilərlər. Buna görə də, epistokratiya heç də vətəndaşların əksərini siyasətdən kənarlaşdırmır. Bunun əvəzinə, o, siyasətçilər də daxil olmaqla bütün vətəndaşları bilikli və öz arqumentlərində ardıcıl olmağa, həmçinin bütün insanların fərdi hüquqlarını tanımağa məcbur edir.

Bu mövqeyi bir neçə misalla izah etmək daha yaxşı olardı. Məsələn, səriştəli vətəndaşlar immiqrasasiya siyasəti barədə fikir ayrılığında ola bilərlər. Biz hər iki tərəfdən öz arqumentlərini faktiki səhv bəyanatlar vermədən məntiqli müdafiə edə bilməsini gözləyirik. Lakin bilirik ki, demokratik ölkələrdə bəzi insanlar əcnəbilərin, deyək ki, ruritaniyalıların, təcavüzkar və cinayətkar olduqlarını – empirik olaraq sübut olunmamış bir iddiadır – əsas gətirərək onların ölkəyə buraxılmasına qarşıdırlar. Belə vətəndaşların seçilmək üçün hər şeyi etməyə hazır olan və immiqrasiya məsələsində qəti olacağına söz verən bir siyasətçiyə səs vermək hüququ olmalıdırmı? Ya da Doğru Allaha ibadət etməyən bütün insanların cəzalandırılmalı olduğuna, məsələn, qadınların örtünməyə və bütün digər dinlərin nümayəndələrinin əlavə vergi ödəməyə məcbur edilməli olduğuna, evlilikdən kənar cinsi münasibətin kriminalizasiya edilməli olduğuna və s. inanan fanatik dindarın səsvermə hüququ olmalıdırmı? Eyni zamanda, yalnız “əsas etnik qrupun” nümayəndələrinin tam vətəndaş hesab edilməli olduğuna və dövlətin etnik azlıqlarla müqayisədə əsas etnik qrupa üstünlük verməli olduğuna inanan millətçi fanatikə siyasi hüquqlar verilməlidirmi?

Bütün siyasətçilərin öz seçicilərinin səriştəli fərdlərdən ibarət olduğunu bildiyi bir epistokratik cəmiyyət təsəvvür edin. Həmin siyasətçilərin faktiki səhv bəyanatlar verməyə curət edəcəklərini hesab edirsinizmi? Onlar başa düşəcəklər ki, səriştəli vətəndaşları öz siyasi platformalarının ən yaxşısı olduğuna məntiqli arqumentlərlə inandırmalıdırlar. Bu ssenaridə siyasətçi kütləyə xitab edərək, həmçinin dini və millətçi retorika və simvollardan istifadə edərək səs qazana bilməz. Səriştəli vətəndaş “siz hansı allaha inanırsız?” deyə soruşmur. Onlar “sizin iqtisadi, şəhərsalma, xarici əlaqələr, ekologiya və insan hüquqları barədə platformanız nədir?” deyə soruşurlar. Qısası, öz aralarındakı fikir ayrılıqlarından asılı olmayaraq, səriştəli vətəndaşların bir-birləri ilə narazılıqları əsassız və irrasional səbəblərdən qaynaqlanan səriştəsiz vətəndaşlardan çox daha yaxşı kollektiv qərarlar qəbul edəcəkləri danılmazdır.

Bir epistokrat deyərdi ki, başqalarının həyatına təsir edəcək hər bir hərəkətdə biz səriştəlilik tələb edirik və öz səhvlərinə görə də hər bir fərdi məsul tuturuq. Misal üçün, sürücülük üçün insanlardan xüsusi lisenziya tələb edilir və heç kəs maşın sürməyin anadangəlmə insan hüququ olduğunu iddia etmir. Səriştəsiz sürücü başqa insanların həyat və təhlükəsizliyinə təhlükə törətdiyi üçün dövlət sürücülük imtahanı tələb edir və yol hərəkəti qaydalarını pozanları cəzalandırır. Bu baxımdan səsvermə də başqa insanların həyatına təsir edir, lakin “pis səsvermə” üçün heç bir cəza yoxdur və bütün yetkin vətəndaşlar səriştəliliklərindən asılı olmayaraq anadangəlmə siyasi hüquqlara sahibdirlər. Nəyə görə səriştəli vətəndaş səriştəsiz vətəndaşlar tərəfindən qəbul edilmiş kollektiv qərarı qəbul etməlidir? Hökumətin və ya iqtisadiyyatın necə işlədiyini bilməyən səriştəsiz vətəndaş nəyə görə hökumət, ya da, iqtisadiyyat haqqında qərarvermədə iştirak etmək hüququna malik olmalıdır? Biz, məsələn, səriştəsiz həkimə, mühəndisə, sürücüyə və müəllimə inanmırıq. Eyni zamanda biz onların bizim üzərimizdə söz sahibi olmaqlarına da imkan vermirik – onlara bizim həyatımıza təsir edəcək qərarlar qəbul etmə fürsəti verilmir. O zaman, niyə səriştəsiz vətəndaşa inanılmalı, ya da ən azından, ona seçmə və seçilmə hüququ verilməlidir? Səsverməni fərqli edən nədir? Bu, demokratların cavab verməli olduğu ən vacib və həyati suallardan biridir.

Demokratları inandırmaq üçün bir epistokrat deyərdi ki, epistokratiya və demokratiya əslində heç də göründüyü kimi fərqli deyil. Birincisi, anarxistlərdən fərqli olaraq, hər iki tərəf inanır ki, fərdlər dövlətsiz cəmiyyətdə yaşamaq və əməkdaşlıq etmək qabiliyyətində deyillər. Təhlükəsizlik və yaxşı həyat üçün dövlət, yəni, ierarxik təsisat, vacibdir. Bu da o deməkdir ki, insanlar kollektiv qərarlara və/və ya qəbul edilmiş qanunlara tabe olmasalar, onları buna məcbur etmək lazımdır. İkincisi, hər iki tərəf də hər bir fərdin maraqlarının və sağlamlığının eyni dərəcədə əhəmiyyətli olduğunu nəzərdə tutan əxlaqi aksiom olan bərabər nəzərə alınmaq prinsipini qəbul edir. Üçüncüsü, adətən bu prinsipi aydın şəkildə qəbul etməkdə könülsüz olsalar da, epistokratlar kimi demokratlar da siyasi hüquqlar məsələsində səriştəliliyin əhəmiyyətli olduğuna inanırlar. Məsələn, səriştəsiz olduqları üçün uşaqlar siyasi hüquqlardan məhrum edilirlər. Siyasi nəzəriyyəçilər, həmçinin demokratik ölkələrdəki yetkin insanlar doğru olaraq inanırlar ki, uşaqlar öz həyatları barədə qərar qəbul edə bilmədikləri üçün onların kollektiv qərarvermə prosesində iştirakına da icazə vermək olmaz. Uşaqların tam vətəndaşlıqdan məhrum edilməsi həm də, onların özünə fayda verir. Bu isə onu göstərir ki, əslində siyasi hüquqlar üçün səriştəliliyin əhəmiyyətli olduğunu demokratlar da qəbul edirlər. Bu halda, siyasi elmlər üzrə alimlərin empirik tədqiqatları vətəndaşların əksəriyyətinin onları səriştəli edəcək elementar şeyləri bilmədiyini göstərirsə, o zaman, onlar niyə səriştəli vətəndaş hesab edilməlidirlər?

Siyasi iştirakın əxlaqi cəhətdən neytral akt olduğunu iddia etmək ciddi səhv olardı. Səslərimiz başqa insanların həyatına təsir etdiyi üçün bizim, ən azından, pis səsverməmək kimi öhdəliyimiz var. Hətta bir səs milyonlarla insanın yaşadığı cəmiyyətdə elə də təsir gücünə sahib olmasa da, başqalarına zərər verməmək və onların həyatlarına təsir edəcək pis qərarlar qəbul etməmək əxlaqi borcumuzdur. Libertarian filosof Ceyson Brennan Demokratiya Əleyhinə kitabında iddia iddia edir ki, günahsız və səriştəli vətəndaşlar “üzərində siyasi hakimiyyət icra edə bilməsinlər” deyə səriştəsiz vətəndaşların siyasi hüquqlarını məhdudlaşdırmaq lazımdır (Brennan 2016, 17). Çünki demokratiya hər vətəndaşın özü üçün seçim etdiyi bir sistem deyil. Demokratiyada hansısa bir ölkədə “həmişə bəzi insanlar,” xoşbəxtlikdən əksəriyyət, “hərkəs üçün” seçir (Brennan and Hill 2014, 86). Səsvermənin insanları, hətta əleyhinə səs versələr də, öz seçdikləri qanuna tabel olmağa imkan verdiyi ideyası o qədər gülüncdür ki, filosof Xristofer Uellman demokratik vətəndaşın seçim imkanları ilə əsir düşmüş insanın seçimlərini müqayisə edərək, bu ideyanı belə lağa qoyur:

Həqiqətən də vətəndaşların səs verdikləri qanuna bağlı olduqlarını demək əsirin onu qaçırtmış adamın onu bıçaqlamaqdansa, güllələməyi üstün tutmasının həmin əsirin güllələnməyə razılıq verməsini deməklə əxlaqi cəhətdən eynidir (…) İki vəziyyət əhəmiyyətli olaraq bir-birinə bənzəyir çünki nə vətəndaş, nə də əsir məcbur edilib-edilməyəcəyini seçə bilməz. Necə ki reaksiyasından asılı olmayaraq axırda əsir öldürüləcək (və hətta onu qaçırdanın suallarına cavab verməsə də), vətəndaş da necə səs verməsindən asılı olmayaraq, qanunlara məcbur tabe ediləcək (və hətta o, səs verməsə də) (Wellman 2005, 9).

Bu analogiyadan da göründüyü kimi, ciddi olaraq desək demokratiyada azadlıq sənin öz qəbul etdiyin qanunlara tabe olduğun mənasını kəsb etmir. Sən hələ də başqa hamı tərəfindən qəbul edilmiş qanunlara tabe olursan çünki statistik olaraq baxdıqda, bir səsin demək olar ki, heç bir təsiri yoxdur. Bu nöqteyi nəzərdən, demokratiyada siyasi iştirakın əhəmiyyətli simvolik mənası var (“hamı bərabərdir”), halbuki, demokratiyanın reifikasiya edilməsi mənim öz qanunlarıma tabe olduğum nəticəsini çıxarmır. Əlavə olaraq, demokratik ölkələrdə vətəndaşların bütün qanunların müəllifi olduğu və buna görə də, qeyri-demokratik ölkələrdə olduğu kimi qanunların onlara məcbur tətbiq edilmədiyi iddiası həm də o deməkdir ki, hər bir vətəndaş qanunlara tabe olarkən azad qala bilmək üçün səsvermədə iştirak etməlidir. Çünki seçkidə iştirakdan imtina etmiş vətəndaşlar qanunların müəllifləri deyillər. Buna görə də, demokratik yolla qəbul edilmiş qanunlar seçkidə iştirak etməyən vətəndaşlara məcbur qəbul etdirilir. Bu baxımdan da, biz əgər epistokratiyanı seçsək, ən azından, kollektiv qərarları səriştəsiz və cahil vətəndaşlar yox, bilikli vətəndaşlar verəcəklər və nəticədə bizim sistemimiz bütün cəmiyyət üçün daha yaxşı nəticələr hasil edəcək.

Sonda demək istərdim ki, məncə, hər birimiz özümüzə bu vacib sualları verməliyik: Mən siyasi olaraq səriştəliyəmmi? Əgər eləyəmsə, onda arasında yaxşı insanlar olan qohumlarımın, dostlarımın və tanışlarımın da olduğu siyasi olaraq səriştəsiz fərdlərin mənim həyatım barədə qərar vermək hüquqları olmalıdırmı? Əgər sətiştəsizəmsə, o zaman niyə mənim siyasi cahil davranışlarım başqasının həyatına təsir göstərməlidir? Cahil olmağıma baxmayaraq kollektiv qərarvermə prosesində iştirak etmək hüququnu haradan alıram? Nəhayət, siyasi hüquqlar üçün siyasi sətiştəlilik şərt deyilsə, onda birincini fərqli edən nədir?

Qeydlər və istinadlar:  

[1] Bu məqalədə Haydelberg Universitetində yazdığım magistr tezisimin bəzi hissələrini özümə istinad vermədən istifadə edirəm. Təmiz proseduralizmi tənqid edərək, demokratiyanın plüralist əsaslandırılmasını müdafiə edən Cahillər Tərəfindən İdarə: Diarxik Demokratiyanın Tənqidi adlı tezisimi buradan oxuya bilərsiniz:

https://www.academia.edu/36593433/Rule_by_the_Ignorants_A_Criticism_of_Diarchic_Democracy

[2] Hər bir fərdin siyasi hüquqlarının olması prezumpsiyasını inkar edən instrumental demokratları iki səbəbə görə analizimə daxil etmirəm. Birincisi, demokratiyanın yalnız instrumental əsaslandırılmasını müdafiə edən siyasi filosofların sayı çox da deyil (instrumentalist mövqe üçün baxın, Arneson 2009). İkincisi, onların arqumentləri haradasa epistokratınkına bənzəyir və mən instrumental demokratiya ilə epistokratiya arasındakı sərhəddi müəyyənləşdirmək niyyətində deyiləm çünki,  bu hazırkı məqalənin məqsədlərindən kənara çıxır, həmçinin bir çox demokratik nəzəriyyəçi iddia edir ki, zamanda instrumental demokratiyanın epistokratiyaya çevrilməsi qaçınılmazdır.

 

Ədəbiyyat Siyahısı

Brennan, Jason. Against Democracy. Princeton: Princeton University Press, 2016.

———. The Ethics of Voting. Princeton: Princeton University Press, 2011.

Brennan, Jason, and Lisa Hill. Compulsory Voting: For and Against. New York, NY [u.a.]: Cambridge University Press, 2014.

Carpini, Michael X. Delli, and Scott Keeter. What Americans Know about Politics and Why It Matters. New Haven: Yale University Press, 1997.

Christiano, Thomas. The Constitution of Equality: Democratic Authority and Its Limits, 2008.

Dahl, Robert Alan. Democracy and Its Critics. New Haven [u.a.]: Yale University Press, 1989.

Estlund, David M. Democratic Authority. Princeton, NJ: Princeton University Press, 2008.

López-Guerra, Claudio. Democracy and Disenfranchisement: The Morality of Electoral Exclusions. 1. ed. Oxford [u.a.]: Oxford University Press, 2014.

Urbinati, Nadia. Democracy Disfigured: Opinion, Truth, and the People. Cambridge, Massachusetts: Harvard University Press, 2014.

Wellman, Christopher Heath. A Theory of Secession. Cambridge University Press, 2005.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.