fbpx

Cəmiyyət

Cəmiyyət

Azərbaycanın inzibati ərazi bölgüsünə hörmət edən varmı?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycan hökuməti hər kəs mənim inzibati ərazi bölgümə istinad etməlidir tələbinə özü əməl edirmi? Hökuməti israrla təkid edir ki, hər kəs – bütün şəxslər və dövlətlər Qarabağla bağlı fikir səsləndirəndə Azərbaycan Respubliksının mövcud inzibati ərazi bölgüsünə istinad etməlidir. Məsələn, Dağlıq Qarabağ ifadəsi yerli mətbuatda ya istifadə edilmir, ya da dırnaq arasında yazılır; xarici dövlətlər bu ifadəni istifadə edəndə hökumət cavab verir ki, “Azərbaycan ərazisində ‘Dağlıq Qarabağ’ adlı inzibati ərazi vahidi yoxdur.” Lakin aydın şəkildə görünən budur ki, hökumət özü öz tələbinə əməl etmir. Gəlin iki fakta baxaq.

Birincisi, həqiqətən də Azərbaycanda Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur çünki Dağlıq Qarabağ Muxtar Vilayəti 1991-ci il 26 noyabr tarixində Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə ləğv edilib. Lakin Qarabağ münaqişəsinə dair aparılan danışıqlar prosesində imzalanan sənədlərdə mütəmadi olaraq Dağlıq Qarabağ ifadəsi öz əksini tapıb. Niyə? Hökumət buna aydınlıq gətimir. Həmçinin, 2020-ci il 10 noyabr tarixində imzalanan Üçtərəfli Bəyanatda da münaqişəli əraziyə Dağlıq Qarabağ deyilir. Əvvəlki yazımda da qeyd etdiyim kimi, aydın olmayan məsələ budur ki, həmin bəyanat imzalananda da “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi yox idi; bəs nəyə görə həmin sənəddə münaqişə zonası məhz Dağlıq Qarabağ adlandırılırdı? İki sözdən ibarət bu söz birləşməsi Azərbaycanda belə qıcıq yaradırsa, Üçtərəfli Bəyanatda niyə bu ifadə öz əksini tapırdı?”

İkincisi, hökumət və onun mətbuatı Ağdərə rayonundan danışmır və israrla iddia edir ki, Kəlbəcər və Ağdam rayonları işğaldan azad edilib. Halbuki hazırkı inzibati ərazi bölgüsünə görə, həm Kəlbəcər, həm də Ağdam rayonlarının, eləcə də Tərtər rayonun bir qismi işğal altındadır, ya da Azərbaycan nəzarətində deyil. Belə ki, 1992-ci il 25 avqust tarixində Ağdərə rayonunun bəzi kəndləri Azərbaycan Ali Soveti tərəfindən Tərtər rayonuna verilib. Sonra isə həmin ilin 13 oktyabr tarixində Azərbaycan Ali Sovetinin qərarı ilə Ağdərə rayonu ləğv edilib. Rayonun 8 kəndi Ağdama, 23 kəndi Kəlbəcərə, Ağdərə şəhəri də daxil olmaqla digər əraziləri Tərtərə verilib. Üçtərəfli Bəyanatın müvafiq olaraq 2-ci və 6-cı maddələrində qeyd edilir ki, Ağdam rayonu 2020-ci il 20 noyabr, Kəlbəcər rayonu isə 2020-ci il 15 noyabr tarixinədək Azərbaycana qaytarılmalıdır. Halbuki həmin sənəddə Ağdam və Kəlbəcər rayonları deyiləndə Azərbaycanın 1992-ci il 25 avqust tarixindən əvvəlki inzibati ərazi bölgüsünə istinad edilir. Çünki Ağdərənin Kəlbəcər və Ağdama verilən kəndləri Azərbaycana qaytarılmayıb. Yəni hazırkı inzibati ərazi bölgüsünə görə, Kəlbəcər və Ağdam rayonlarının bəzi kəndləri hələ də işğal altındadır, yaxud da Azərbaycanın nəzarətində deyil. Buna baxmayaraq, Azərbaycan iddia edir ki, Kəlbəcər və Ağdam rayonları tam olaraq işğaldan azad edilib. Bunu iddia etməklə isə hökumət özü özünün hazırkı inzibati ərazi bölgüsünə istinad etmir.

Bu iki nümunə – münaqişəli ərazinin rəsmi sənədlərdə Dağlıq Qarabağ adlandırılması və Ağdərə adlı rayonun mövcudluğunun faktiki olaraq qəbul edilməsi onu göstərir ki, Azərbaycan hökuməti hər kəs mənim inzibati ərazi bölgümə istinad etməlidir tələbinə özü əməl etmir. Hökumət niyə öz tələbinə əməl etmir? Hökumətin özünün belə əməl etmədiyi tələbə başqalarının əməl etməsini gözləməsi nə dərəcədə ağlabatan və ədalətlidir? Bunlar açıq qalan suallardır.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.