fbpx

Cəmiyyət

Cəmiyyət

Ermənistan- Azərbaycan keçmişinin yenidən qiymətləndirilməsi: elm adamları nə edə bilər?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bizim peşəmiz – erməni və Azərbaycan cəmiyyətlərinin, onların tarixi keçmişinin və bu gününün öyrənilməsi qəsb olunub. Keçmişin nəqli, tarixin izahı siyasi maraqlar tərəfindən ələ keçirilərək siyasi ideologiya halına gətirilib. Erməni-Azərbaycan tarixi və xüsusilə Qarabağ münaqişəsinin alovlanması və eskalasiyası  kontekstində akademik tədqiqatlar siyasiləşdirilib, hətta aqressiv determinizmə və kütləvi zorakılığa haqq qazandırmaq üçün bir vasitəyə çevrilib.

Erməni və Azərbaycan cəmiyyətlərində keçmişlə bağlı hakim olan hekayələr və bu hekayələr üzərində qurulan milli kimliklər elmi dürüstlük və intellektual maraqla bir araya sığmır. İstənilən həqiqətən peşəkar tarixçi, antropoloq, sosioloq, politoloq, hətta arxeoloq və ya linqivist belə hakim izahları akademik, elmi və ya sadəcə desək qəbuledilən hesab etməz.

Bu düşüncələr, a priori, ermənilərlə azərbaycanlılar arasında sülhün bərqərar olmasını təmin edə bilməz. Bu gerçəklik özünü 2020-ci ilin fevral ayında Münhen Təhlükəsizlik Konfransında əyani şəkildə nümayiş etdirmişdi. O zaman Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan əllərinə düşmüş unikal fürsəti, yəni sülhün təmin olunması yolunda perspektivlərin müzakirəsini, müvafiq olaraq 1747-ci və eramızdan əvvəl 140-cı illərdə başlanan tarix hekayələrinin yarışına çevirmişdilər.[i] Bu debat qarşıdurmanın bütün tərəflərindən olan diqqətli, obyektiv müşahidəçilərin təlaşına səbəb olmuşdu. Yeddi ay sonra isə iki ölkə arasında müharibə başladı.

Ağır sovet mirası 

Ermənistan-Azərbaycan tarixi keçmişinə dair müasir elm hələ də sovet akademik irsinin yükündən yaxa qurtara bilmir. Sovet dövründə bölgənin tarixi sovet milli siyasətini həyata keçirmək və avtoritar sovet dövlətinin geosiyasi maraqlarının təşviqini təmin etmək məqsədilə həddən artıq siyasiləşdirilmiş və alətə çevrilmişdi. Burada iki məsələ diqqəti xüsusilə cəlb edir.

Bunlardan birincisi mədəniyyət, kimlik və dövlətçilik haqqında bilik istehsalının yerliləşdirilməsi idi. Sovet İttifaqını araşdıranların hamısının bildiyi kimi, Sovet rejimi korenizatsiya (yerliləşdirmə) siyasətindən çıxış edərək fəaliyyət göstərirdi ki, bu da Terri Martinin “pozitiv diskriminasiya imperiyası” adlandırdığı unikal bir nümunənin əsasını qoyurdu.[ii] Bir tərəfdən Sovet dövləti, digər imperiyalar kimi müəyyən qrupları deportasiyalarla, aclıqla və digər repressiya növləri ilə cəzalandırırdısa, digər tərəfdən də, ənənəvi imperiyalardan fərqli olaraq, öz ərazisində yaşayan xalqların mədəniyyətini irəli aparır, yerli elitaları yüksəldirdi. Sistemin əsas işlərindən biri xalqın özünün mədəni ziyalı təbəqəsini formalaşdırmaq idi ki, bu təbəqə uğurla öz milli qrupu haqqında bilikləri və mədəniyyəti istehsal etmək hüququnun sahibliyinə yiyələnmişdi. Bunun yekunu biliyin etnikləşdirilməsi olmuşdu ki, bu da öz növbəsində ortodoksal millətçilik adlandırılan nəsnənin meydana çıxmasına gətirib çıxarmışdı. Nəticədə, Sovet dövrünün son onilliklərində Cənubi Qafqazın kollektiv şəkildə ümumi tarixini yazmaq üçün edilən ardıcıl cəhdlər bu siyasətdən qaynaqlanan, bu gün metodoloji millətçilik adlandırdığımız nəsnə səbəbilə uğursuzluğa düçar olmuşdu.[iii]

İkinci məsələ, milli kimlik haqqında primordialist anlayışların tətbiqi idi. Sovet hökumətinin kimliyə və millət anlayışına münasibəti zaman keçdikcə fərqlənirdi. 1920-ci illərdə milli kimliyə daha konstruktiv yanaşma mövcud idisə, 1930–cu illərdən vəziyyət tədricən dəyişmiş, milli kimliyi üzvü, kvazi – genetik, zamanla dəyişməz kimi qiymətləndirən daha mühafizəkar yanaşmaya keçilmişdir ki, bunu da millətşünaslıq elmi primordializm adlandırır. Bu cür mühafizəkar yanaşma da nəticədə müasir millət, milli mənsubiyyət (milliyyət) anlayış və kateqoriyalarını köhnələşdirib qədim keçmişə daşımaq cəhdlərinə səbəb olmuşdu. Bu yanaşma milli əraziyə olan iddiaları əsaslandırmaq mahiyyəti daşıdığından digər qruplar bölgəyə daha sonra gələnlər hesab olunmalı idilər ki, bu da tarixdəki miqrasiyaların ifrat səviyyədə siyasiləşdirilməsi ilə nəticələnirdi. Bu hal Cənubi Qafqaz kimi həmişə yerdəyişmələrə məruz qalmış bölgə üçün istehza doğuran xüsusi bir faciə idi. 1970-ci illər üçün primordializm artıq Sovet Transqafqazının tarixçiləri arasında müzakirələri zəhərləyən əsas maddəyə çevrildi və onun təsiri bölgə boyu tarix kitablarında hələ də hiss olunmaqdadır.[iv]

1970-1980-ci illər ərzində bu debatlar akademik jurnallarda, elmi qarşıdurmalarda və xəritələrdə özünü büruzə verərkən, geniş ictimai məkanda hələ rəsmi Sovet beynəlmiləlçiliyi dominantlıq edirdi. Lakin məhz bu miras 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərinin qızğın millətçi mühitini formalaşdırdı. Bu dövrdə əvvəllər yalnız alimlər arasında mübahisələrlə, akademik nəşrlərlə məhdudlaşan debat və çəkişmələr cəmiyyətə siraət etdi. Əvvəllər akademik olan kateqoriyalara yeni ictimai mənalar verildi: yerli kimi qiymətləndirilməyənlər nankor qonaqlara, imtiyazlı qruplar isə – əzabkeş ev sahiblərinə çevrildilər.[v] 1960-70-ci illərdə Azərbaycan və Ermənistanda bir-birilə rəqabət aparan etnik akademiyalar sırf millətçi baxışlara elmi xeyir-dua verdi və hər iki milləti viran qoyan etnik təmizləmə praktikasının güman ki legitim əsasını qoydu.

Lakin milli dirçəlişlərə və hərəkatlara rəhbərlik edən ziyalıların əksəriyyəti hakimiyyəti 1990-cı illərdəki müharibələrin nəticəsində ortaya çıxan liderlərə itirdi. Cənubi Qafqazda Əbülfəz Elçibəy, Zviad Qamsaxurdia, Levon Ter-Petrosyan və Artur Mkrtçyan kimi milli hərəkatlara rəhbərlik edən bir çox elm adamları gec-tez cəmiyyətin müxtəlif təbəqələrindən olan liderlərlə (əksər hallarda keçmiş kommunist partiyası iyerarxiyasından olanlara) əvəz olundu. Yalnız Vladislav Ardzinba əvvəllər bir ziyalı olaraq rəhbərlik etdiyi milli hərəkatın nəticəsi kimi Abxaziya prezidenti olaraq hakimiyyətdə qala bildi. 1990-cı illərin ortalarından bəri Cənubi Qafqazdakı münaqişələrin deintellektualizasiyası baş verdi və onların intellektual trayektoriyaları ayrıldı. Bunun səbəbləri qələbə, yaxud məğlubiyyəti nəzərə alan realist baxışların üstünlük təşkil etməsi, dövlət quruculuğunun prioritetləşdirilməsi və akademik peşənin ciddi iqtisadi çətinliklər fonunda iflası idi.

Bugünkü akademik senzura

Siyasi müdaxilə və ictimai elmlərin formalaşması həm Ermənistanın, həm də Azərbaycanın ortaq paylaşdığı uzun dövrlük bir irsə malikdir. Universitetlərə və elmi müəssisələrə də təsiri daxil olmaqla, Stalinizmin irsi – hələ araşdırılmalı, hissə-hissə dərk edilib və tənqid edilməlidir. Bununla belə, qeyd edilməlidir ki, keçmişi ideologiyalaşdıran daha uzun bir tarix var. Hələ XIX əsrin ikinci yarısında formalaşan sekulyar intelligentsiyalar sırf milli hekayələrin yaranıb, inkişaf etməsinə öz töhfələrini vermişlər. Milli və totalitar düşüncələr sovet sistemində birgə yaşayış içində idi, Sovet İttifaqı dağıldıqda isə milli olan asanlıqla dominant mövqeyi ələ keçridi. Hətta universitet sistemləri daxilində də mövcud olan bu keçmiş irsi hissə-hissə yenidən təhlil etməklə akademik dairələri bu fərqli təzyiqlərdən azad edə bilərik.

Əks təqdirdə, bu özünə tətbiq edilmiş əyrilik  (kənardan tətbiq edilən kolonial və ya neokolonial basqıdan fərqli olaraq) baha başa gələcəkdir. Təbliğat intellektual və elmi  bilik axtarışının yerinə keçdikdə cəmiyyətlər öz kollektiv yaddaşlarından uzaqlaşdırıla, yadlaşdırıla bilər. Senzura yolu ilə tətbiq olunan təbliğat bir müddət davam edə bilər, amma reallıq həmişə sonda öz yerini tutur və cahillikləri cəmiyyətlərə çox baha başa gəlir. Bu çox baha başa gələn ziyanlardan biri də davamlı senzura olur. Erməni və Azərbaycan cəmiyyətləri fərqlidirlər və bu iki ölkədə senzura praktikası fərqli formalarda təzahür edir.

Azərbaycanda Sovet İttifaqının dağılması dövlətin nəzarətində olan ictimai elmlər üçün akademik dürüstlüyü və azadlıqları təmin edə bilmədi. Əksinə, digər amillərlə yanaşı, Ermənistan-Azərbaycan qarşıdurması tarixin siyasi məqsədlər üçün silaha çevrilməsini daha da sürətləndirdi. Sadə dillə desək, dövlət rəsmiləri akademik qurumların işinə açıq şəkildə müdaxilə etməyə və tarixçilərə keçmişə aid nəyi yazmaq və necə şərh etmək barədə  istiqamət verməyə başladı. Akademik azadlıqlar və dürüstlük əsassız şəkildə təfsir edilən milli maraqlara qurban verildi. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aparıcı nümayəndələrindən biri olan professor Yaqub Mahmudovun bir dəfə dediyi kimi, Azərbaycan tarixçiləri prezidentin əsgərləri oldular.[vi] Azərbaycanın bir əldə cəmləşdirilmiş siyasətində dövlət başçısı muzey kuratorlarının, kartoqrafların, ensiklopediya redaktorlarının işinə düzəlişlər məqsədilə müdaxilə edir. Dövlət hansı mövzuların işlənməli və yayılmalı olduğunu müəyyən edir və müasir siyasi gündəliyin ehtiyaclarından asılı olaraq keçmiş də daim dəyişir. Bu şəraitdə on illərdir ki, alimlərin iki millət arasındakı rəqabətə verdiyi töhfə, yumşaq desək, xeyirxah olmayıb. Geniş ictimaiyyət tərəfindən öz sahələrində hörmət və nüfuz sahibi kimi qəbul edilən və dinlənilən tarixçilərlə yanaşı digər ziyalılar da elmi tədqiqatların keyfiyyətinə və ümumən elmi etikaya ciddi zərbə vuraraq, qarşıdurmanı daha da alovlandırıblar.

Ermənistanda ictimai sektorda daha geniş plüralizm müşahidə olunur, burada həm də Şimali Amerika, Yaxın Şərq və Avropanın qabaqcıl universitetlərində fəal olan diasporanın mövcudluğu səbəbindən bilik istehsalı mərkəzləşdirilməyib. Ermənistanda senzura fərqli şəkildə, özünü tarixi keçmişin qoruyucuları elan edənlərin vasitəsilə baş verir. Bu proses akademik müzakirələrdən imtina etməklə və fərqli fikir daşıyıcılarına sosial media dövründə adi hala çevrilmiş xain və ya xarici dövlətlərin agenti damğası vurmaqla həyata keçirilir. Az da olsa, bəzən fiziki təcavüzlər, məsələn, bir həmkarını elmi konfransdan zorla çıxarılması da olur.  Əksər hallarda isə senzura digər elmi araşdırmaları susdurmaq, görməzlikdən gəlmək və onların dəyərini inkar etməklə həyata keçirilir. Senzura həmçinin münaqişənin xoş olmayan reallıqlarına susqunluq nümayiş etdirməyi də özündə ehtiva edir. Məsələn, Dağlıq Qarabağ ətrafındakı ərazilər heç vaxt Qarabağ mübahisənin bir hissəsi olmayıb və 1992-1994-cü illərdə işğal edilib, lakin həmin ərazilərə xitabən Ermənistanda istifadə olunan azad edilmiş ərazilər ifadəsinə heç bir erməni ziyalısı etiraz etməyib. Oxşar şəkildə, işğalın Ermənistanın daxili siyasətinə zərərli təsirləri ölkədəki erməni alimləri tərəfindən heç vaxt təhlil və ya tənqid ediməyib.

Yeni növ mübahisə

Biz yuxarıda göstərilən problemi çözmək üçün akademik qaydalara və ciddiliyə riayət etməklə siyasi müdaxilələrdən və ideoloji qərəzdən qoruna bilən təhlükəsiz məkan yaratmağı təklif edirik. Universitetlər hər yerdə bu cür mühiti təmin etməlidir və bu həm Ermənistan, həm də Azərbaycanda belə olmalıdır. Buna görə də biz zamanla genişlənəcəyinə ümid etdiyimiz akademik azadlıqlar adaları yaratmalıyıq. Üstəlik, bizim müzakirələri milli tarixlər  çərçivəsində sərt təcrid olunmuş vəziyyətdə saxlamaqdansa, Ermənistan-Azərbaycan münaqişəsini kollektiv şəkildə ümumi qəbul edilmiş akademik parametrlər çərçivəsində kollektiv müzakirə edə biləcəyimiz əməkdaşlıq məkanına ehtiyacımız var. Yalnız tənqidi, akademik əməkdaşlıq sayəsində və metodoloji çağırışlara cavab axtarmaqla biliklərimizin hüdudlarını genişləndirə bilərik.

Beləliklə, biz Ermənistanla Azərbaycanın tarixi keçmişi haqqında akademik azadlığa, dürüstlüyə və həqiqi araşdırmaçılığa əsaslanaraq yuxarıda sadlanan problemlərdən uzaq duran yeni növ söhbətə başlamağa təvəzökar bir cəhd göstəririk. Biz inanırıq ki, bu prinsiplərə əsaslanan səmimi müzakirələr və fikir mübadiləsi, hazırda müzakirəsi çıxılmaz vəziyyət yaradan bir çox mübahisəli mövzulara yeni mənalar gətirməyə və yeni izahlar tapmağa kömək edə bilər. Ən əsası, inanırıq ki, bu qarşılıqlı əlaqələr bizə erməni və Azərbaycan cəmiyyətlərinə belə bir mesajı ötürməyə kömək edəcəkdir ki, hər iki tərəf üçün mübahisəli tarixi mövzuların akademik məsələlər kimi dəyərləndirilməsi onların rəqabət və düşmənçilik üçün savaş alətinə çevrilməsindən qarşılıqlı şəkildə daha çox faydalıdır.

Fevral ayında erməni və Azərbaycan tədqiqatçılarının, həmçinin beynəlxalq alimlərin də iştirakı ilə Brüssel Azad Universitetində (Université libre de Bruxelles) keçirilən ilk uğurlu elmi konfrans təşəbbüsün ümumi səmərəliliyinə və gələcəkdə genişlənməsinə ümidlərimizi xeyli gücləndirdi. Gənc araşdırmaçılar da daxil olmaqla, onlarla tədqiqatçı aktiv və səmərəli müzakirələrə səbəb olan çıxışlar etdilər. Adətən ixtilaflara və qızğın mübahisələrə gətirib çıxaran mövzulardan yayınılmadı, onlar sakit və elmi bir mühitdə müzakirə edildi. Bu təşəbbüs  hələ çox gənc və kövrək olsa da, bu ilk görüş ruhlandırıcı atmosferdə yaxşı bir başlanğıc təklif etmiş oldu. Ümid edirik ki, növbəti görüş daha da çox maraq doğuracaq və bu gün erməniləri və azərbaycanlıları bölən tarixi məsələlərin akademik müzakirələrinin genişlənməsinə töhfə verəcək.

Biz öz tərəfkeşliyini, selektivliyini və subyektivliyini bizə diktə edən hegemon təbliğatlar əsrində yaşayırıq. Alimlərin edə biləcəyi şey isə tarixi onun dürüstlük, müfəssəllik və plüralistlik kimi mətləbləri ilə birgə yenidən geri qaytarmaqdır.

İstinadlar

[i] ‘Nikol Pashinyan and Ilham Aliyev Hold Public Debate in Munich’, 20 February 2020, YouTube, https://www.youtube.com/watch?v=u_V2cafAhug

[ii] Terry Martin, The Affirmative Action Empire: Nations and Nationalism in the Soviet Union, 1923-1939 (Ithaca and London: Cornell University Press, 2001).

[iii] Methodological nationalism privileges nations or nation-states as the sole or primary actor and unit of analysis in social and historical processes.

[iv] On late Soviet debates see Viktor A. Shnirelman, The Value of the Past: Myths, Identity and Politics in Transcaucasia, Senri Ethnological Studies 57 (Osaka: National Museum of Ethnology, 2001). On contemporary influences see Flora Ghazaryan and Mirkamran Huseynli, ‘Armenian and Azerbaijani History Textbooks: Time for a Change’, Caucasus Edition, 5, 1 (2022): 53-89.

[v] Thornike Gordadze, “La Géorgie et ses “hôtes ingrats,” Critique internationale 10, January (2001): 163–176.

[vi] “Aprel döyüşləri böyük qələbənin uğurlu başlanğıcıdır” (“The April fighting augurs the beginning of a great victory”), Academy of Sciences of Azerbaijan, 6 April 2017, https://science.gov.az/az/news/open/5359

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.