fbpx

Cəmiyyət

Cəmiyyət

Elita yoxluğu problemi haqqında bəzi mülahizələr

Read this article on other language
Download article
image_pdf
image_pdf

Fransa ilə Yüzillik müharibənin başa çatmasından az sonra İngiltərənin öz daxilində müharibə başladı. Bu müharibə 30 il davam etdi. Bir-biri ilə düşmən olan iki əyan nəsli Plantagenetlərin hakimiyyət irsi uğrunda mübarizə aparırdı. Bu nəsillərdən birinin (Lankasterlər) gerbində al qızılgül, digərində isə (Yorklar) ağ qızılgül təsvir olunduğundan bu müharibəni Qızılgüllər müharibəsi adlandırırdılar. O dövrdə Lankasterlərdən olan kral VI Henrinin ruhi-psixi sarsıntılar keçirməsi və varisinin olmaması ona qarşı müxalifətin güclənməsinə səbəb olurdu. Yaranmış şəraitdə ailənin hakimiyyətinə zərər gəlməməsi üçün kralın hamilə xanımı kraliça Marqarita özünü regent (hami) elan etməyə cəhd göstərmişdi. Lakin xeyli əyanı ətrafına yığmağa müvəffəq olmuş hakimiyyətə iddialı Yorklu Riçard kraliçanın regent olmasına mane olaraq özü bu mənsəbə sahib çıxmışdı. Az sonra kralın səhhətinin nisbətən yaxşılaşması və kraliçanın oğlan uşağı dünyaya gətirməsi Lankasterlərin yenidən güclənməsinə, bununla da iki tərəf arasında vətəndaş müharibəsinin qızışmasına səbəb olmuşdu. Daim tərəflər arasında loyallıqlarını dəyişən, gah da öz patronlarına dönük çıxan feodal əyanların xeylisi bu müharibədə məhv oldu. Nəticədə Lankaster və Yorkların hakimiyyətə iddialı kişi nəslinin nümayəndələri tamamilə sıradan çıxdıqdan sonra Tüdorlar nəslinin nümayəndəsi VII Henri taxt-taca sahib olmuşdu. Henri Tüdor hakimiyyətə gələndən sonra ona itaət göstərməyən feodallara divan tutdu, mülklərini əllərindən alıb varlandı, parlamenti isə öz istəklərini möhürlə təsdiqləyən formal quruma çevirdi. Eyni zamanda yeni lord titullarının verilməsində, belə demək olarsa, xeyli xəsislik edən Henri özünün mütləq hakimiyyətini xeyli gücləndirməyə nail oldu. Henri bunları ona görə edə bildi ki, vətəndaş müharibəsi elitanı sıradan çıxartmış, müqavimət gücünü xeyli zəiflətmişdi.

İstəməzdim ki, kimsə bu tarixdən gətirdiyim nümunəyə istinad edərək müasir dövrümüzün konkret siyasi simaları arasında analogiyalar axtarsın. Məni konkret fərdlərin taleyi deyil, cərəyan edən ictimai-siyasi proseslər maraqlandırır. Bu münasibətimin çox sadə bir səbəbi var. Məncə, fərdlər ictimai-siyasi proseslərin çox vacib, amma bütün hallarda yardımçı elementləridir. Daha önəmli olan isə elitadaxili və elitalararası mübarizənin nəticələrinin dövlətin taleyində oynadığı roldur. İngiltərə tarixindən gətirdiyim nümunə də məhz bu baxımdan maraqlıdır. Elitadaxili mübarizə yeni İngiltərənin doğumuna gətirib çıxardı. Buna baxmayaraq ayrı-ayrı fərdlərin rolunu da yaddan çıxartmayacağam.

Qanun şahdır

Bəziləri sual verə bilərlər ki, bizə, ümumiyyətlə, elita nəyə gərəkdir? Nə olsun ki, konstitusiyaya görə, hakimiyyətin mənbəyinin xalq olduğu demokratiyayıq? Əslində biz ölkədə hakimiyyətin bir ailə daxilində dövr etdiyi monarxik bir sistem qurmaq istəyirik. Bir də ki, monarxiyanın, daha doğrusu mütləq hakimiyyətin nəyi pisdir? Ən azından bir adamın nazı ilə oynayacağıq. Bu yüzlərlə, minlərlə adamın istəyini təmin etməkdən daha yaxşıdır, daha asandır. Biləcəksən  ki, hamıdan bir adama şikayət edə bilərsən; bircə onun özündən ona şikayət edə bilməzsən. Şaha yalnız müdrikliyi, adilliyi, aqilliyi haqqında mədhiyyələr demək olar. Lap məşhur nağılda olduğu kimi.

Nağıl nədir, belə hallar gerçək həyatımızın normasına çevrilib. Heç yadımdan çıxmaz, 2000-ci illərin başlanğıcında cəmiyyətdə Qarabağ münaqişəsinin həlli ilə bağlı nə isə bir narahatçılıq hiss olunurdu. Birdən görünməmiş fövqəladə hadisə baş verdi. Tanınmış ziyalıların bir qrupu Heydər Əliyevə açıq məktubla müraciət etdi. Ziyalılar H. Əliyevdən izahat (!) tələb etdilər. Elə sevindim ki! O vaxtlar yaşım qırxı keçməsinə baxmayaraq, görünür, hələ də çox sadəlövh idim. H. Əliyev müraciəti imzalamış tanınmış ziyalılardan üçünü – Bəxtiyar Vahabzadəni, Anarı, Qabili qəbul etdi. Bu “xalq elçiləri” ilə prezidentin görüşünə tamaşa edərkən bir vətəndaş kimi özümü təhqir olunmuş hiss etdim. Necə deyərlər, utanıb yerə girdim. Bu görüşün iştirakçıları təxminən 220 il sonra dahi Bomarşenin Fiqaronun toyundakı Fiqaronun öz ağasına siyasət və siyasətçilərin nədən ibarət olduğunu izah etdiyi səhnəni gözümün qarşısında canlandırdılar. H. Əliyev münaqişənin həlli hamıya məlum ən bəsit həqiqətləri insanlar tərəfindən dərk olunması qeyri-mümkün ilahi sirr kimi ziyalılarımıza təqdim edirdi. Şəxsən tanıdığım və  intellektlərinə şübhə  etmədiyim ziyalı elitamızın bu nümayəndələri isə onu heyranlıqla dinləyir, minnətdarlıqlarını bildirirdilər. Sən demə, bu bəsit həqiqətlər onların heç ağlına belə gəlmirmiş. Onlara acıyırdım. Onlara yazığım gəlirdi. Onlara qəzəblənirdim. Xalq elçiləri rolunda çıxış edən ziyalı elitamızın nümayəndələri ağaya xoş gəlmək üçün özlərini qanmaz yerinə qoymuşdular. Başqa bir misal. Milli Məclisin iclaslarından birində parlamentimizin üzvü, tanınmış müğənnimiz Zeynəb Xanlarova “minlərlə can qurban” olmuş, ondan “ötrü can verməyə cümlə hazır”, ondan  “ötrü qan tökməyə cümlə qadir” olduğumuz, “qəhrəman övladın şanlı Vətəni”nin adını dəyişdirib “Heydər Əliyev adına Azərbaycan” qoymağı təklif etdi.

Deyəcəksiniz ki, hə, nə olsun?  Bir insanın şəninə tərif deməkdən dilimiz qurumaz ki. Məgər Sovetlər dövründə Sov.İKP MK-nın Baş katibi Brejnevə:

“Ey qardaşımız, dostumuz, hörmətli Brejnev,

Biz böylə cəlal görməmişik öz yaşımızdan,

İlham alırıq səndən, əziz qardaşımızdan,

Gəl, yurduma şöhrət gətirirsən gəlişinlə,

Qəlbində məhəbbət gətirirsən gəlişinlə…”

deyən bizlər deyildik?

Təəssüflər olsun ki, hər şey göründüyü qədər sadə deyil. Mənə etiraz edənlər XlV Lüdovikin “Dövlət mənəm” (l’etat c’est moi) kəlamını yada sala bilərlər. Mənimsə yadıma başqa bir məşhur kəlam düşdü: “Qanun şahdır, şah qanun deyil.” Qəribəsi ondan ibarətdir ki, ilk nəzərdən tam ziddiyyət təşkil edən bu kəlamların hər ikisi monarxiya düşüncə tərzinin məhsuludur. Əvvəllər mən də bu cur düşünürdüm. Fransa kralının “dövlət mənəm” iddiasını hakimiyyətin mütləqliyinin son, ən yüksək məqamı kimi dərk edirdim. İndi isə fikrimi dəyişmişəm. İddia etmirəm ki, daha müdrik olmuşam. Əsla. Sadəcə olaraq hər hansı bir fikrin müxtəlif ictimai-siyasi və sosial-iqtisadi formasiyalar çərçivəsində tam fərqli məzmun  daşıdığını anlamışam. Bir vaxtlar anladım ki, kral “dövlət mənəm” deyəndə bizə sovetlər dövründə Kommunist partiyasına dair aşılandığı kimi öz hakimiyyətinin qeyri-məhdudluğunu nəzərdə tutmurdu. Nə qədər qəribə səslənsə də, monarxiyalarda indiki avtoritar rejimlərdən fərqli olaraq hökmdarın hakimiyyətini məhdudlaşdıran güclü bir institut var idi – İlahi Yaradan! Lüdovik kral hakimiyyətinin ilahi mənşəyinə işarə vururdu. Daha dəqiq desək, o, mütləq hakimiyyətin mənşəyinin xalq deyil, Tanrı olduğunu bəyan edirdi. Bu isə çox ciddi məhdudiyyətdir. Burada söhbət həm ilahi və kilsə qarşısındakı məsuliyyətdən, həm də dövlətin və xalqın yaradan tərəfindən müəyyənləşdirilmiş qanunlar əsasında idarə edilməsi məcburiyyətindən gedir.

Bu amil dünyəvi və ilahi hakimiyyət arasında çox ciddi problemlərin yaranmasına, bir sıra hallarda isə katolik kilsəsinin parçalanmasına gətirib çıxarırdı. Fransa və İngiltərə taxt-tacları ilə Roma papası arasındakı qarşıdurmaları yada salmaq kifayətdir. Böyük Britaniya katolik kilsəsindən ayrılmasının acısını bu günə qədər çəkir. Şimali İrlandiyadakı bu günə qədər öz həllini tapmayan qarşıdurmanın ilkin səbəbi məhz İngiltərə kralı ilə Roma papası arasındakı münaqişə idi. Krallar hətta evlilik və boşanma kimi məsələlərin həllini belə Papa ilə razılaşdırmaq məcburiyyətində idilər. VIII Henrinin xanımı Araqonlu Yekaterinanı boşamaq istədiyi üçün Roma ilə münaqişəsi başlayır və bu, kralın reformasiyaya münasibətini dəyişir. Belə ki, o, Papadan ispaniyalı xanımı ilə nikahını ləğv etməyi və ingilis olan Anna Boleynlə evlənməsinə icazə verməsini xahiş edir. Lakin Papa VII Kliment krala rədd cavabı verir. VIII Henri qətiyyətli bir addım atır: Yekaterina ilə nikahını ləğv edir, Anna Boleynlə evlənir. Bu, Roma ilə açıq münaqişəyə gətirib çıxarır. Kralın təkidi ilə 1529-cu ildən 1536-cı ilə qədər parlament bir neçə qərar qəbul edir ki, bunlar İngiltərədə Romadan müstəqil olan milli kilsənin yaradılmasına yönəlir. Bu qərarlar həmçinin Romaya apellyasiya verilməsinin qadağan olunması və ingilis ruhaniləri üzərində Papa ədliyyəsinin ləğvi haqqında idi. 1534-cü ildə Ali üstünlük adı verilən iki akt isə VIII Henrini İngiltərə kilsəsinin ali başçısı elan edirdi, kilsə isə Anqlikan kilsəsi adlandırılırdı.

İslam tarixində də buna oxşar problemlərlə qarşılaşırıq. Vaxtilə, bu günün  təbirincə desək, Nəsimi üzərində qurulmuş dini məhkəmənin protokollarını oxumuşam. Vallah, indiki Azərbaycan məhkəmələri ilə müqayisə etsək, çox ciddi müzakirələr və mübahisələr olub. Əgər yaddaşım məni aldatmırsa, edam qərarı belə yekdilliklə qəbul edilməyib.

Beləliklə, mütləq monarxiyalarda belə hökmdarın hakimiyyətini məhdudlaşdıran və doqmaları rəhbər tutan çox güclü institutlar da vardı. İngilislərdə bu hələ XIII əsrdə Maqna Kartanın qəbulu ilə başlamışdı. Məhz bu qarşılıqlı tənzimlənən münasibətlər dövlətin idarə olunmasında qərarların qəbuluna təsir imkanları olan elitanın tərkibini və dəyərlər sistemini, o cümlədən, hökmdar-təbəə asılılığının sərhədlərini müəyyənləşdirirdi.

“Ağa deyir: – sür dərəyə! – sür dərəyə”

Demokratiyalarda hökmdarın hakimiyyətini məhdudlaşdıran qurumlar və xalqın bu və ya digər dərəcədə kollektiv qərarvermədə iştirakı zəruridir. Özünü demokratiya adlandıran Azərbaycan tipli  müasir avtoritar ölkələrdə isə biz mütləq hakimiyyət forması ilə qarşılaşırıq. Vətəndaş-dövlət münasibətlər formulu bütün qaydaları tam birtərəfli şəkildə müəyyənləşdirilən və istənilən vaxt eyni dərəcədə birtərəfli qaydada dəyişdirilən ağa-nökər münasibətləri ilə əvəz olunur. Mənim fikrimcə, bu tip hakimiyyətlərdə elitanın müəyyən qanunauyğunluq tətbiqi nəticəsində formalaşmasını, yəni meritokratiyanı mütləq hakimə şəxsi sədaqət əvəz edir. Hakimin maraqları və ya ixtiyari istəkləri ilə şəxsə münasibət ifratdan ifrata, sevgidən nifrətə çevrilə bilir. Yəni münasibətlərdə təminatlı stabillik mövcud olmur. Bu isə elitanın qrup maraqları və dəyərləri olan bir təbəqə kimi formalaşması imkanlarını çox çətinləşdirir, bir sıra hallarda isə qeyri-mümkün edir. Elitasız isə heç bir ictimai inkişafdan söhbət gedə bilməz.

John Hopkins Universitetinin bir nəşrində qeyd edildiyi kimi hətta oturuşmuş demokratiyalarda da siyasi institutların legitimliyi və demokratik siyasi oyunun qaydaları üçün elit konsensusu əvəzedilməzdir və mütləq vacibdir (sia qua non).[i] Düzdür, Trampın timsalında  xalq seçiminin  heç də həmişə  optimal olmadığını görürük. Ən azından çoxumuza elə gəlir. Amma xalq, seçimini dəyişmək haqqını da özündə saxlayır.

İndi isə Azərbaycana qayıdaq. Mən düşünürəm ki, H. Əliyev ailə hakimiyyətinin davamlılığını təmin etmək üçün çox qüsurlu, hətta mən deyərdim ki, bir qədər rəzil, amma kifayət qədər səmərəli bir idarəetmə sistemi yaratmışdı. Bu klassik oliqarxik sistem idi.  Əslində dövlət doğrudan da bir şirkət kimi idarə olunurdu. Bu şirkətin əsas səhmdarı o özü və ailəsi idi. Hər bir nazir-oliqarx bu şirkətin səhmlərinin az da olsa, bir hissəsinin sahibi idi.  Hər bir nazir-oliqarx sahib olduğu səhmlərin miqdarı çərçivəsində qəbul olunan qərarlara təsir gücünə malik idi. Bəlkə də belə bir  illüziya ilə yaşayırdı. Rotasiya, kooptasiya, yəni kəmiyyətcə və keyfiyyətcə genişlənmə  imkanlarının, demək olar ki, sıfıra bərabər olması bu sistemin strateji baxımdan ən qüsurlu cəhəti idi: Ramiz Mehdiyev, Artur Rəsizadə, Kəmaləddin Heydərov, Murtuz Ələsgərov, Ziya Məmmədov, Bəylər Əyyubov, Fərhad Əliyev, Eldar Mahmudov, Əli İnsanov klanları. Əliyevlər başda olmaqla bu 9 məmur şirkəti idarə edirdi. Mənəvi elita adlandırdığımız yaradıcı və intellektual elitanın isə qərarların qəbuluna təsir imkanları gündən-günə azalırdı və bu gün sıfır səviyyəsindədir.

Bununla yanaşı H. Əliyevin yaratdığı sistem bir sira vacib alətlərinin vasitəsilə hakimiyyətin sosial baza baxımından dayanıqlığını təmin edirdi. Birincisi, söhbət hamıya məlum və əhalinin böyük hissəsinin hiddətinə səbəb olan regional bazadan, yəni siyasi, iqtisadi, təhsil, elmi və s. idarəetmənin sədaqət səbəbi ilə ancaq naxçıvanlılara və Ermənistandan gələn azərbaycanlılara həvalə edilməsindən gedir. İkincisi, oliqarxik sistemdə ağa-nökər münasibətləri nə qədər qəribə səslənsə də, müəyyən mənada sosial funksiya da yerinə yetirirdi. Hakimiyyətə yaxın və ya orada təmsil olunan oliqarxların hər birinin  ətrafında böyük bir nökərlər ordusu yaranırdı. Nəticədə qazancın, kapitalın hərəkəti birtərəfli, yalnız aşağıdan yuxarıya doğru  deyil, qarşılıqlı idi. Hər bir nazir-oliqarxın ətrafındakı nökərlər ordusuna az da olsa, pay düşürdü. Bu isə onların həm ağalarına, həm də rejimə olan sədaqətlərini təmin edirdi. Bir ümid ona qalırdı ki, ikinci və ya üçüncü nəsildə bu nazir-oliqarxların varisləri normal bir siyasi elitar zümrəyə çevriləcəklər.

Səbəbini dəqiq deyə bilmərəm, amma nə üçünsə 2015-ci ildən başlayaraq hakim ailə H. Əliyevin yaratdığı bu oliqarxik sistemi dağıtmağa başladı. Bu gün 1990-cı illərdə vəzifələrə təyin edilmiş oliqarxların mütləq əksəriyyəti hakimiyyətdən uzaqlaşdırılıb. Üzdə qalan bir-ikisinin də qərarların qəbuluna təsir imkanları minimuma endirilib. Oliqarxlar məhv edilib, mülkiyyəti xeyli qisimdə əlindən alınıb. Hamı kimi mən də buna sevinirəm. Lakin burada bir əmma var…

Siyasi hakimiyyətin, mülkiyyətin və kapitalın bir ailənin əlində təmərküzləşməsinin öz-özlüyündə çox təhlükəli bir hal olmasına baxmayaraq, bu məni o qədər də narahat etmir. Necə deyərlər, olacağa  çarə yoxdur. Bir də ki, o mülkiyyət və kapitaldan mənə heç bir pay düşmürdü. Məni narahat edən başqa məsələdir. Biz siyasi elita yoxluğu təhlükəsi ilə üz-üzə qalmışıq. Nazir-oliqarxları əvəz edən menecerlər elita ola bilməzlər. Menecerlərin köklü maraqları olmadığı üçün, onların taleyüklü qərarların qəbuluna heç bir ciddi təsiri ola bilməz. Onlar ən yaxşı halda bu və ya digər qərarın daha düzgün, daha səmərəli icrası yollarını təklif edə bilərlər. Elə bu səbəbdən onlar hakimiyyətin də ciddi sosial dayağı ola bilməzlər.

Bir onu bilirəm ki, elita bir ailədən ibarət ola bilməz. Ağa özünün Allah olduğuna inana bilər. Onda bu günümüzə şükür edərik.

İstinadlar

[i] https://muse.jhu.edu/article/225422/pdf

Qeyd: Bu məqalədə səsləndirilən fikirlər müəllifə məxsusdur və Bakı Araşdırmalar İnstitutunun mövqeyini əks etdirməməsi mümkündür.  

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.