Cəmiyyət

Cəmiyyət

Ən pis işləri kasıblar görməlidir? Bəlkə, pis işləri bölüşdürək?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Pis iş haqqında danışanda ağlınıza hansı iş növləri gəlir? Təmizlik? Paket və yemək çatdırılması? Tikinti? Zibil yığımı? Uşaq baxımı? Gecə növbəsində konveyer işi? Yol təmiri? Mədənçilik? Kanalizasiya təmiri?

Hər kəsin pis işin nə olduğuna dair öz təsəvvürü var. Bu təsəvvürlər fərqli olsa da, adətən ortaq xüsusiyyətləri bölüşürlər: monoton tapşırıqlar, ağır əmək, aşağı ixtisas tələbləri, aşağı əməkhaqqı, yaxud da məhdud karyera irəliləyişi. Son illərdə siyasi filosoflar yeni bir sual verməyə başlayıblar: işi pis edən nədir və daha vacibi, bu işi kim görməlidir?

Bu məqalə pis işin niyə ədalət problemi olduğunu izah edən iki yanaşmanı təqdim etməklə başlayır: biri perfektsionist, digəri isə anti-perfektsionist çərçivə daxilində. Perfektsionist çərçivədə biz bəzi iş formalarına xas olan xüsusiyyətləri müəyyən edə bilərik. Belə işlər fiziki və ya psixi sağlamlığa zərər verə, darıxdırıcı təkrarçılıqdan ibarət ola, insan muxtariyyətini zəiflədə və insan bacarıqlarının inkişafına şərait yaratmaya bilər. Bütün bunlar isə yüksək əvəzlənmə ilə nəticələnir, yəni işçilərin əvəzlənməsini asanlaşdırır. Həmçinin, bu xüsusiyyətlər insanların inkişafı, yaxud çiçəklənməsi üçün zəruri olan şərtlərə effektiv çıxışını azaldır. Perfektsionistlərin iddiası bu deyil ki, bu xüsusiyyətlərə malik işlər tərif etibarilə ədalətsiz və ya mənəvi baxımdan yanlışdır. Əksinə, iddia budur ki, bu xüsusiyyətlərə sistematik şəkildə malik olan işlər fərdlərin dəyərli insan qabiliyyətləri inkişaf etdirməsi üçün mövcud olan şərtlərə təsir etdiyi dərəcədə ədalət məsələsi kimi qiymətləndirilməlidir.

Eyni zamanda, anti-perfektsionist çərçivədə bəzi iş formaları fərdlərin bərabər imkanlarını məhdudlaşdıran xüsusiyyətlərə malik ola bilər. Konkret olaraq, belə işlər institusional dar keçidlərdən keçə bilməyənlər (məsələn, aztəminatlı ailələrdə doğulanlar, ali təhsilli olmayanlar və s.) tərəfindən icra olunur. Buradakı iddia da bu işlərin tərif etibarilə mənəvi baxımdan yanlış və ya pis olması deyil. Anti-perfektsionistlər üçün məhz bu xüsusiyyətlərin mövcudluğu belə işlərin dövlət tənzimlənməsi və ya ədalətlə bağlı digər müdaxilələr üçün uyğun məsələ olduğunu göstərir. Başqa sözlə, fərdlərin öz yaxşı həyat anlayışlarını icra etmək üçün bərabər imkanlarını sistematik şəkildə zəiflədən işlər ədalət nöqteyi-nəzərindən problemlidir.

Pis işin icrasının hər iki yanaşma daxilində ədalət problemi yaratdığını göstərdikdən sonra, bu məqalədəki müzakirə bu işlərin necə bölüşdürülməli olduğu sualına yönəlir. Daha sonra diqqət konkret bir kateqoriyaya, yəni zəruri pis işə (ZPİ) cəmlənir. ZPİ cəmiyyətin fəaliyyəti üçün zəruri olan, lakin onu icra edənlərin rifahına zərər verən iş kimi başa düşülür. Bu məqalədə mən ZPİ-nin bölüşdürülməsi ilə bağlı üç əsas təklif təhlil edib, ilk iki təklifin qeyri-kafi olduğunu iddia edirəm. Sonuncu təklifə görə zəruri pis işlər bütün vətəndaşlar arasında kollektiv şəkildə bölüşdürülməlidir. Mən bu təklifi bir qədər təkmilləşdirərək məqaləni yekunlaşdırıram.

Perfektsionist çərçivədə pis iş

Perfektsionizmə görə, dövlət yaxşı həyat anlayışlarının bəzilərini təşviq etməli, dəyərsiz olanlarını isə çəkindirməlidir. Bu yanaşmaya görə, siyasi nəzəriyyə hansı həyat anlayışının dəyərli və ya çiçəklənən həyat anlayışı sayıldığını müəyyənləşdirməlidir (Raz 1986). Perfektsionist baxımdan iş ona görə vacib məsələdir ki, o, insan çiçəklənməsini ya təşviq edir, ya da ona əngəl olur. Əgər müəyyən bir iş növünün icrası fərdlərin çiçəklənməsinə mənfi təsir göstərirsə, dövlət əmək bazarını, iş sistemini və iş bölgüsünü yenidən elə qurmalıdır ki, hər kəs insan çiçəklənməsinə bərabər şəkildə çıxış əldə edə bilsin.

Bu mənada pis iş dedikdə insanların çiçəklənmə imkanlarını zəiflədən, insan qabiliyyətlərinin inkişafına və həyata keçirilməsinə mane olan müəyyən xüsusiyyətlərə malik işlər nəzərdə tutulur. Belə işlər adətən işçinin fiziki və psixoloji rifahını zəiflədir, muxtariyyətini azaldır, bacarıqlarının formalaşmasını məhdudlaşdırır və onun həyatda mənalı məqsədləri izləmək qabiliyyətini azaldır.

Bəzi empirik sübutlar göstərir ki, rutin istehsal tapşırıqları işçilərin ambisiyasını, təşəbbüskarlığını və həyat məqsədlərinə yönəlmiş fəaliyyətini zəiflədir (Kornhauser 1965); sadə işlərin icrası insanı zehni baxımdan süstləşdirir, düşünməyə ehtiyacın azlığı və fiziki təkrarlar insanın muxtariyyətini sarsıdır (Kohn and Schooler 1983). Müxtəlif ədəbiyyatda filosoflar bu cür işlərin mənfi tərəflərini ifadə etmək üçün “ağır”, “rutin”, “mənasız” və ya “çirkli” kimi terminlərdən istifadə edirlər; lakin onları birbaşa “pis iş” adlandırmırlar (Schwartz 1982; Yeoman 2014; Arnold 2011). Əsas odur ki, bu yarlıqların hamısı ümumi olaraq insan çiçəklənməsini zəiflədən iş formalarına işarə edir. Belə işlərin icrası birbaşa olaraq insanın çiçəklənən həyat yaşamaq qabiliyyətinə təsir etdiyinə görə, perfektsionist filosoflar bunu ədalət məsələsi kimi qəbul edirlər.

Bəs çiçəklənmə həyatda yeganə dəyərli məqsəd deyilsə, onda necə? Bəzi insanlar üçün ailə, incəsənət, din və ya dostluq işdən daha vacib ola bilər. Əgər dövlətin müəyyən bir yaxşı həyat anlayışını təşviq etməli olduğu fikrini kənara qoysaq, onda işi siyasi mənada yenə də pis adlandırmaq mümkündürmü? Əgər mümkündürsə, dövlətin əmək bazarına müdaxilə etməsi üçün prinsipial əsas qalırmı?

Anti-Perfektsionist çərçivədə pis iş

Perfektsionizm müəyyən yaxşı həyat anlayışı idealına bağlı olduğu halda, anti-perfektsionizm bu bağlılığı rədd edir, pis işin niyə əhəmiyyətli olduğunu və dövlətin bununla bağlı nə etməyə haqqı olub-olmadığını tam fərqli şəkildə izah edir. Anti-perfektsionistlər iddia edirlər ki, liberal dövlət hansı həyatın dəyərli və ya dəyərsiz olduğunu müəyyən etməməlidir. Vətəndaşların hər birinin öz yaxşı həyat anlayışları var. Vətəndaşların bu mövzuda qərarvermə prosesinə istənilən müdaxilə paternalizmdir və fərdlərin öz müqəddəratını təyin etmə azadlığını məhdudlaşdırır (Kymlicka 2002; Quong 2010). Bu baxımdan, işin fərdlərin rifahı üçün vacib olub-olmadığını müəyyən etmək dövlətin vəzifəsi deyil.

Perfektsionizm ilə anti-perfektsionizm arasındakı mübahisə əsasən dövlətin konkret siyasətlərlə əmək bazarına müdaxilə edib-etməməsi ilə bağlı deyil. Əsas məsələ bu siyasətlərin ictimai əsaslandırılmasında hansı növ mülahizələrin legitim səbəb kimi istifadə oluna bilməsidir. Anti-perfektsionizmə görə, pis işin pisliyi onun insan çiçəklənməsini təşviq etməməsindən, yaxud iş tapşırıqlarının daxili olaraq öz-özlüyündə qüsurlu olmasından qaynaqlanmır. Tapşırıq səviyyəsində təkrarlanan, əllə görülən (manual) və ya xidmət yönümlü işlərdə öz-özlüyündə yanlış heç nə yoxdur. Anti-perfeksionistlərə görə, iş yalnız o zaman pis olur ki, o, işçilərin öz yaxşı həyat anlayışlarını icra etmək qabiliyyətini sistematik şəkildə zəiflədir.

Bərabər imkan fərdlərin öz məqsədlərini həyata keçirməsi üçün həlledicidir. Fərdlər həyatlarının müxtəlif mərhələlərində müxtəlif və müqayisə olunmaz məqsədləri izləmək üçün davamlı və bərabər imkanlara malik olmalıdırlar (Fishkin 2014). Müxtəlif iş növlərinin icrası insanın həyat keyfiyyətinə və karyera inkişafına ciddi təsir göstərir. İmkanlara çıxışımızın böyük hissəsi iş vasitəsilə formalaşır: güclü akademik nəticələr arzuolunan işlərə yol aça bilər, işdə yaxşı nəticələr göstərmək isə daha sonrakı yüksəlişlərə və üstünlüklərə gətirib çıxara bilər. Buna görə də hər bir rəqabətin nəticəsi növbəti rəqabətlər üçün giriş rolunu oynayır. Əgər müəyyən iş növləri yalnız məhdud irəliləyiş imkanları və ya ədalətli faydalar təqdim edirsə, bu cür işlər əsaslı şəkildə pis iş kimi təsnif edilə və beləliklə, ədalət məsələsinə çevrilə bilərlər.

Belə işlərin əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar bacarıq və ya məziyyət yığımı üçün çox az imkan yaradır, yaxud, demək olar, heç bir ilkin səriştə tələb etmir – yəni qısa müddətli təlimdən sonra istənilən şəxs bu tapşırıqları yerinə yetirə bilir. Məsələn, təmizlik xidmətlərində çalışan işçilər bir neçə saatlıq təlimlə işi görə bilirlər. Bu işlər nəticəsində, demək olar, bacarıq yığımı yaranmır deyə işçi üçün sosial kapital və ya sosial yüksəliş imkanı formalaşmır. Nəticədə, bir ay təcrübəsi olan işçi ilə bir il təcrübəsi olan işçi arasında bacarıq baxımından ciddi fərq olmur. Bu xüsusiyyət vacibdir, çünki o, imkanların bərabərliyini sistematik şəkildə məhdudlaşdırır: iş əldə etmək özü bir imkandır və hər bir imkan adətən növbəti imkana keçid rolunu oynayır. Əgər iş bacarıq inkişaf etdirmək imkanı yaratmırsa, o, işçini gələcək imkanlara da hazırlamır. Nəticədə, belə işlər fərdlərin gələcək perspektivlərini məhdudlaşdırır və beləliklə, onlar əsaslı şəkildə pis iş kimi təsnif edilə bilərlər.

Yekunda, anti-perfektsionist yanaşmada institusional dar keçidlərdən keçə bilməyənlərin icra etdiyi və onların bacarıq, qabiliyyət, yaxud rəqabət qabiliyyətinin inkişafına uyğun təcrübə yığmasına imkan verməyən işə pis iş deyilir. Belə işləri görən şəxslər növbəti imkanlar üçün rəqabət aparmağa zəruri resurslardan məhrum qalırlar. Anti-perfektsionist çərçivədə bu cür başa düşülən pis iş hansısa konkret yaxşı həyat anlayışını pozduğuna görə deyil, fərdlərin öz yaxşı həyat anlayışlarını həyata keçirmək imkanını əsassız şəkildə məhdudlaşdırdığına görə ədalətsizdir.

Beləliklə, artıq pis işi anlamaq üçün iki çərçivəmiz var: perfektsionist və anti-perfektsionist yanaşmalar. Pis iş ya insanın çiçəklənən həyat yaşamaq qabiliyyətinə mənfi təsiri ilə, ya da fərdlərin öz yaxşı həyat anlayışlarını həyata keçirmək üçün bərabər imkanlardan məhrum edilməsi ilə müəyyən olunur. Bu fərqlərinə baxmayaraq, hər iki yanaşmada pis işin mövcudluğu ədalət məsələsi kimi qəbul edilir. Hər iki yanaşma göstərir ki, belə işlərin bölgüsünə müdaxilə etmək üçün dövlətin və ya cəmiyyətin legitim əsasları mövcuddur ki, ədalət təmin edilsin və fərdlərin rifahı qorunsun.

Zəruri Pis İş

Artıq perfektsionist və anti-perfektsionist yanaşmalar çərçivəsində pis işin iki tərifini bilirik. Bu təriflər arasında üst-üstə düşən işlər ola bilər; məsələn, zibil yığımı, konveyer xətti işi və əllə tullantı təmizləmə kimi bəzi iş növləri hər iki çərçivədə pis iş kimi qiymətləndirilə bilər. Hər bir çərçivə daxilində bütün pis iş formalarının tam siyahısını verməyə ehtiyac yoxdur. Əsas olan odur ki, pis iş mövcuddur: onun əhatə dairəsi yanaşmadan asılı olaraq dəyişə bilər, lakin mövcudluğu danılmazdır. Bu bölmədə diqqətimi pis işin xüsusi bir kateqoriyasına, yəni zəruri pis işə (ZPİ) yönəldirəm.

Bəzi əsas məhsul və xidmətlər cəmiyyətin fəaliyyəti üçün zəruridir. Məsələn, təhsil, təhlükəsizlik, qida, təmiz su, sanitariya. Bu əsas məhsulların istehsalı, yaxud bu xidmətlərin göstərilməsi insan əməyi tələb edir və mən bunu zəruri iş adlandırıram. Hər kəs təmiz küçələrdən, müntəzəm zibil yığımından, nəqliyyatdan, bələdiyyə tikintisindən və elektron avadanlıqlardan asılıdır. Cəmiyyət bütövlükdə bu işlərdən asılıdır.

Səhiyyə, təmizlik və mənzil kimi əsas xidmətlərə çıxışın təmin edilməsi səhiyyə, sanitariya və tikinti kimi sahələrdə kifayət qədər əməyin mövcudluğunu tələb edir. Bu zəruri işlər arasında bəziləri yaxşı iş hesab oluna bilər, digərləri isə açıq şəkildə zəruri pis iş kateqoriyasına düşür – istər insan çiçəklənməsini zəiflətməsi baxımından, istərsə də fərdlərin bərabər imkanlarını məhdudlaşdırması baxımından. Bu işlərin normativ əhəmiyyəti xüsusilə vurğulanmalıdır, çünki onları icra edənlər bunu öz rifahları hesabına edib bütövlükdə cəmiyyətə zəruri töhfə verirlər.

ZPİ kateqoriyasına müxtəlif iş növləri daxil ola bilər; məsələn, şəhər sanitariya işləri (küçə təmizliyi, zibil yığımı, yük daşınması, kanalizasiya idarəsi və s.); ictimai nəqliyyat (stansiya və nəqliyyat vasitələrinin təmizlənməsi, təhlükəsizlik yoxlamaları, infrastrukturun saxlanması, nişanların və baryerlərin quraşdırılması və s.); bələdiyyə tikintisi (tikinti tullantılarının yığılması, asfaltlamaya kömək etmək, material daşımaq və s.); ictimai səhiyyə sistemi (tibb bacısı köməkçisi, ləvazımat daşıyıcısı, xəstə qəbulu və s.); ictimai təhsil sistemi (qapı nəzarətçisi, mühafizəçi və s.). Bu işlər cəmiyyətin fəaliyyəti üçün zəruridir.

Bu işlərin təmin etdiyi nemətlər cəmiyyətin fəaliyyəti üçün zəruri olduğuna görə, bəzi filosoflar hesab edirlər ki, ədalət yalnız resursların bölgüsünü deyil, həm də bu nemətlərin istehsalı üçün tələb olunan əməyin bölgüsünü əhatə etməlidir. Bu yanaşma məhsuldar ədalət adlanır (Stanczyk 2012; Berkey 2018). Beləliklə, sual olunur: ZPİ-ni kim yerinə yetirməlidir?

Zəruri pis işi kim görməlidir?

Əksər insanlar zəruri pis iş görmək istəməz. Praktikada isə bu işlər təsadüfi şəkildə bölüşdürülmür. Onlar qeyri-mütənasib şəkildə cəmiyyətin ən az imkana malik, yaxud da ən həssas qruplarının üzərinə düşür: daha az təhsilli olanlar, qaçqınlar, məcburi köçkünlər, kənddən şəhərə köçənlər, qeyri-sabit məşğulluqda olan qadınlar və digər marjinallaşdırılmış qruplar. Bir çoxumuz üçün bu işlər ümumiyyətlə nəzərdən keçirdiyimiz mümkün işlər siyahısına belə daxil olmur, karyera mərkəzləri onları tövsiyə etmir, universitetlər bu işlər üçün təlim vermir və cəmiyyət onları peşə nüfuzu baxımından ən aşağı pilləyə yerləşdirir.

Lakin bir çox insan ZPİ-ni yerinə yetirənlərin ədalətsizliklə üzləşdiyini qəbul edib bu problemi həll etmək üçün real narahatlıq ifadə edir. Yəni insanlar bu cür işləri özləri görmək istəməsələr də, onların mövcud bölgüsünün ədalətsiz olduğunu qəbul edirlər. Bu kontekstdə problemi həll etmək üçün ən azı üç təklif irəli sürmək olar.

Birinci və ən sadə yanaşma kompensasiyadır. Bir variant ZPİ-ni icra edənlər üçün təhsil və təlim imkanlarını artırmaqdır; digər variant isə sadəcə daha yüksək əməkhaqqı təklif etməkdir. Təhsil və təlim vasitəsilə işçilər yeni bacarıqlar əldə edə və gələcəkdə daha geniş imkanlara çıxış qazana bilərlər. Bu şəkildə ZPİ-nin icrası yalnız müvəqqəti vəziyyətə çevrilə bilər və fərdlər sonradan bu vəziyyətdən çıxaraq öz yaxşı həyat anlayışlarını həyata keçirə və çiçəklənə bilərlər. Bundan əlavə, pul kompensasiyası problemi ədalət məsələsindən peşə azadlığı məsələsinə çevirə bilər. Bu baxışa görə, daha yaxşı vəziyyətdə olanlar daha pis vəziyyətdə olanlara zəruri pis iş görmək üçün pul ödəyə bilər. Əgər adekvat əməkhaqqı təklif olunursa və iştirak həqiqətən könüllüdürsə, belə razılaşmalar ədalət prinsiplərini pozmaz.

Lakin kobud reallıq ondan ibarətdir ki, bazarda mürəkkəb işlər üçün vakansiyalar məhdud saydadır. Daha çox təhsil və daha yüksək ixtisas daha çox rəqabət deməkdir. Hamı ali təhsil diplomuna malik olduqda, bu diplom artıq fərqləndirici meyar olmur; magistr diplomu yeni standarta çevrilir. “İmkanların (keyfiyyətli işlərin) sayını artırmadan təhsilə çıxışı artırmaq, imkanlara çıxışı artırmır,” keyfiyyətli işə giriş həddini yüksəldir (Sayer 2009, 14).

Bundan əlavə, təhsilin dəyəri onu əldə edənlərin sayı artdıqca azalır (Brighouse & Swift 2006). Buna görə də ZPİ-nin mövcud olduğu və mürəkkəb iş yerlərinin sayının məhdud qaldığı müddətcə daha çox təhsil və ya təlim resursları zəruri pis işləri görən insanlar üçün daha çox imkanlar yaratmır.

Pul kompensasiyası isə daha problemlidir. Pulun ZPİ-nin icrasından yaranan zərərləri tam kompensasiya edə biləcəyi şübhəlidir. Burada nəzərdə tutulan nemətlərin bir çoxu – məsələn, bacarıq inkişafı, muxtariyyət, özünə hörmət və sosial nüfuz pulla ölçülə bilməz. Hətta həyatın müəyyən mərhələsində bu nemətlərin müvəqqəti itirilməsi belə qalıcı və bərpa olunmayan zərərlərə səbəb ola bilər. Daha da əhəmiyyətlisi odur ki, pul kompensasiyası cəmiyyətdə bərabərsizlikləri dərinləşdirə bilər. Robeyns qayğı işi (burada xəstələrə, yaşlılara və s. qayğı göstərən işçilər nəzərdə tutulur) ilə bağlı bir dilemmanı təsvir edir: bir tərəfdən cəmiyyət qayğı işini yenidən qiymətləndirməli və qayğı göstərənlərə daha çox üstünlüklər verməlidir. Digər tərəfdən isə cəmiyyət mövcud əmək bölgüsünü gücləndirməməlidir, çünki yüksək maaş alan qayğı işçiləri əmək bazarına geri qayıtmaq motivasiyasını itirə bilərlər (Robeyns 2011). Eyni vəziyyət ZPİ üçün də keçərlidir. Biz başa düşürük ki, ZPİ-nin icrası çətindir, vacibdir və ədalətsizdir. Buna görə də ZPİ-ni yenidən qiymətləndirmək istəyirik. Lakin əməkhaqqını artırdıqda, bu işdən çıxmaq daha çətinləşir. Pul kompensasiyası fərdləri həmin mövqedə qalmağa təşviq edir və onların yaxşı və ya mürəkkəb işlərə keçid imkanlarını məhdudlaşdırır.

ZPİ problemi ilə bağlı digər bir təklif rotasiyadır. Bəzi filosoflar təklif edirlər ki, zəruri pis iş və yaxşı iş növbəlilik əsasında bölüşdürülə bilər və beləliklə, hər kəs hər iki növ işi yerinə yetirmək üçün bərabər imkan əldə edər (Murphy 1993; Sayer 2009). Bu yanaşmanın kökləri Karl Marksın Alman İdeologiyası əsərinə gedib çıxır; orada Marks qeyd edir ki, kommunist cəmiyyətdə “insanlar səhər ov edə, günorta balıq tuta, axşam mal-qara saxlaya və nahardan sonra tənqidlə məşğul ola bilərlər” (Marx & Engels 1846/1970, 53). İş rotasiyası tətbiq edildikdə əmək bölgüsündən yaranan bərabərsizlik və yadlaşma azaldıla bilər. Bu yanaşma insanları müxtəlif iş növləri ilə məşğul olmağa təşviq edir, xüsusilə əl və intellektual əməyin birləşdirilməsi yolu ilə bəzi qrupların aşağı ixtisaslı, yaxud aşağı gəlirli işlərdə ilişib qalmasının qarşısını almağa çalışır.

Lakin rotasiya təklif edən hər kəs aşağıdakı çətinliklərlə üzləşir: hamının eyni öyrənmə qabiliyyətinə və motivasiyaya malik olduğunu fərz edə bilərikmi? Əgər cavab mənfidirsə, sadə iş görənlər necə asanlıqla mürəkkəb tapşırıqlara keçə bilər? Bir mühəndis şəhər sanitariya işçisi kimi işləyə bilər, lakin sanitariya işçisi mühəndis kimi işləyə bilməz. Mürəkkəb iş görən birinin sadə işə keçməsi daha asandır, çünki bu işlər aşağı ixtisas tələb edir; əksi isə mümkün deyil. Bu səbəbdən rotasiya həyata keçirilə bilməz.

Əgər yuxarıdakı iki təklif kifayət qədər yaxşı deyilsə və ZPİ qaçılmazdırsa, onda daha inandırıcı cavab yükün ədalətli şəkildə bölüşdürülməsi olur. Getdikcə daha çox filosof iddia edir ki, ZPİ nəsildən-nəslə eyni həssas qrupların üzərinə yüklənmək əvəzinə bütün vətəndaşlar arasında bölüşdürülməlidir. Məsələn, sanitariya, tikinti, qida paylanması və qayğı işi bütün sosial həyatın mümkün olmasını təmin etdiyinə görə, cəmiyyətin hər bir üzvünün bu işlərə töhfə vermək kimi mənəvi borcu var.

Bəzi filosoflara görə, “zəruri pis iş bərabərhüquqlu insanlardan ibarət olan cəmiyyətin bütün üzvləri arasında ədalətli şəkildə bölüşdürülməli olan sosial yükdür” (Schmode 2020), çünki “rutin işi görənlər başqalarının çiçəklənməsi üçün vasitəyə çevrilir … İnsan zəhmətinin ağır və yorucu yükünü yalnız bəzi fərdlər daşıdıqda, digərləri yorğunluqdan xilas olaraq inkişaf etmiş və xoş həyat sürmək azadlığı qazanır” (Veltman 2015). Bu baxışa görə, ZPİ cəmiyyət üçün zəruridir və buna görə də onun yükü və faydaları birlikdə dövriyyədə olmalıdır. Ədalətli cəmiyyətdə yaşamaq yalnız rifahı bölüşmək deyil, həm də rifahı mümkün edən əməyin bölüşdürülməsini tələb edir.

Paul Qomberq və Yan Kandiyali ZPİ-nin bölüşdürülməsi ideyasının ən vacib müdafiəçilərindəndir. Onlar iddia edirlər ki, hamının yaxşı işə çıxışını təmin etməkdən əvvəl, zəruri pis işin özünü bölüşdürmək lazımdır. Qomberqin məqsədi rutin əməyin bütün vətəndaşlar arasında mümkün qədər bərabər şəkildə bölüşdürülməsi və hər kəs üçün daha mürəkkəb qabiliyyətlər əldə etmək imkanının yaradılmasıdır (Gomberg 2007). Kandiyali isə bildirir ki, ədalətsizlik zəruri pis işin özündən deyil, yükün qeyri-bərabər bölüşdürülməsindən qaynaqlanır. Məhz cəmiyyətin bu işlərə ehtiyacı olduğu üçün bütün cəmiyyət ZPİ-nin icrasından faydalanır, lakin cəmiyyətin çiçəklənməsi müəyyən qrupların qurbana çevrilməsi hesabına baş verir və ədalətsizlik də burada yaranır (Kandiyali 2022).

Bu isə çətin, lakin qaçılmaz bir nəticəyə gətirib çıxarır: əgər biz ədalətli cəmiyyət istəyiriksə, ZPİ bölüşdürülməlidir – sistemli, məqsədli və bərabər şəkildə. Zəruri pis iş təkcə xoşagəlməz deyil; o, siyasi və mənəvi baxımdan mühüm nəticələr doğurur. O müəyyən edir ki, kim istirahət edir, kim təhsil və yaradıcılıqdan faydalanır, kim onların altındakı döşəmələri təmizləyir. Əgər biz bərabərliyə inanırıqsa və ədalətə can atırıqsa, onda rahatlığımızın bədəli davamlı olaraq eyni qruplar tərəfindən ödənilməməlidir.

Bölüşdürmə təklifini həyata keçirməyin mümkün yollarından biri məcburi hərbi xidmətlə analogiya qurmaqdır. Cəmiyyət bütün vətəndaşlardan 18 yaşına çatdıqda müəyyən müddət (məsələn, 6-10 ay) sosial xidmət keçməyi tələb edə bilər və bu müddət ərzində onlar ZPİ-ni icra edərlər. Bundan əlavə, fərdlər əmək bazarına daxil olduqdan sonra daha davamlı bir bölüşdürmə forması tətbiq oluna bilər. Məsələn, bütün vətəndaşlardan həftədə müəyyən sabit vaxtı – məsələn, üç-dörd saat və ya konkret bir zaman aralığı (məsələn, cümə günortaları) – ZPİ icrasına ayırmaları tələb oluna bilər; bu, onların vətəndaşlıq borcunun bir hissəsi kimi qiymətləndirilər.

Bəs peşə azadlığı?

Geniş şəkildə qəbul olunan bir baxışa görə, ədalət peşə seçimini məhdudlaşdırmamalıdır və təməl azadlıqlara insanların istədikləri işi seçmək hüququ daxildir. Con Roulzun qeyd etdiyi kimi, “insanların hansı işi gördüyü və onu nə qədər səylə gördüyü, cəmiyyətin təqdim etdiyi müxtəlif stimulları nəzərə alaraq, insanların öz qərarına bağlıdır” (Rawls 2001, 64). Fərqli işlər üçün fərqli stimullar problem deyil, lakin kimisə müəyyən bir işi görməyə məcbur etmək liberal ədalət nəzəriyyələrinin əsas öhdəliklərinə ziddir; bu nəzəriyyələrə görə, peşə azadlığı fərdlər üçün fundamental maraqdır və dövlət müdaxiləsindən azad olmalıdır.

Burada liberal arqumentdən irəli gələn əsas etiraz ondan ibarətdir ki, zəruri pis işin istənilən bölüşdürülməsi məcburi əməkdir və ədalətli dövlət heç kimi belə işi görməyə məcbur etməməlidir. Lakin buna iki cavab vermək olar. Birincisi, peşə azadlığına bu cür ciddi yanaşmaq ZPİ-ni yerinə yetirənlərin çəkdiyi əzabı nəzərə almamaq deməkdir. Zəruri pis işi görməyə məcbur qalmaq ciddi yük yaradır, lakin digər yüklər də ən azı eyni dərəcədə ağırdır: ən az imkana malik qruplar ən pis işləri görürlər. Peşə azadlığı prinsipinin ZPİ-nin bölgüsündəki ədalətsizliyi üstələyə biləcək qədər güclü olduğunu sübut etmək asan deyil.

İkincisi, ZPİ-nin bölüşdürülməsi peşə azadlığının məhdudlaşdırılması kimi deyil, sosial borcun yerinə yetirilməsi kimi başa düşülməlidir. Fərdlər öz əsas işlərini saxlayırlar; sadəcə olaraq, bu ortaq məsuliyyətə töhfə vermək üçün vaxtlarının kiçik bir hissəsini ayırırlar.

Bu İşlərdən Asılı Olanların İş İmkanlarının Azaldılması?

ZPİ-nin bölüşdürülməsinə qarşı digər bir etiraz bu işlərdən asılı olanlarla bağlı narahatlıqdır. Əgər hər kəs bu işlərə töhfə verməyə məcbur edilərsə, bu, aşağı sosial-iqtisadi statusa malik işçilər tərəfindən doldurulan mövqelərin azalmasına səbəb ola bilər. Ağır və aşağı ödənişli olsa da, bu insanlar üçün bu işlər bəzən yeganə sabit və mövcud məşğulluq imkanıdır. Bu baxımdan, yaxşı niyyətli bölüşdürmə siyasəti bu insanların onsuz da məhdud olan seçimlərini daha da azalda bilər.

Lakin bu etiraz bölüşdürmə təklifinin ədalətsiz olduğunu göstərmir; əksinə, uyğun institusional təminatların zəruriliyini vurğulayır. ZPİ-nin bölüşdürülməsi daha pis vəziyyətdə olanları qoruyan tədbirlərlə müşayiət olunmalıdır. Bunlara gəlir dəstəyi, alternativ məşğulluğun təmin edilməsi, yenidən təlim proqramları və s. daxil ola bilər. Burada məqsəd onsuz da imtiyazsız olan şəxslərə əlavə yük yaratmamaqdır.

Bu baxımdan yanaşdıqda, bəzi fərdlərin uzun müddət bu işlərdən iqtisadi sağ qalmaq üçün asılı olması mövcud strukturun ədalətli olduğunu göstərmir; əksinə, bu, təhsilə, resurslara və imkanlara çıxışdakı dərin köklü bərabərsizlikləri əks etdirir. Düzgün qurulmuş bölüşdürmə sistemi bu işlərin azalmasını itki kimi deyil, daha geniş transformasiyanın bir hissəsi kimi qiymətləndirər. Belə ki, həm yüklər daha ədalətli bölüşdürülər, həm də hazırda ən pis vəziyyətdə olanlar üçün real imkanlar genişlənər.

Daha vacibi, ZPİ-nin bölüşdürülməsi bu işi tam ştatlı iş kimi icra edənlərə olan ehtiyacı tam aradan qaldırmayacaq. Cəmiyyətdə yenə də təmizləyicilər, kassirlər və ya tibb bacısı köməkçiləri olacaq, lakin onlar istədikləri fəaliyyətlərlə məşğul olmaq üçün daha çox boş vaxta malik ola bilər, yaxud təkrarlanan əl əməyindən uzaqlaşmaq üçün daha çox imkan əldə edə bilərlər. Bundan əlavə, əgər hər kəs ZPİ-ni bölüşərsə, bu işlər ictimai görünürlük qazanacaq və sosial olaraq gizli qalmayacaq. Bu artan görünürlük kollektiv təzyiq yarada, yeni texnologiyaların və institusional mexanizmlərin tətbiqini təşviq edərək bu işlərin yükünü azaltmağa və nəticədə onları insan çiçəklənməsi ilə uyğun iş formalarına çevirməyə kömək edə bilər. Hazırda zəruri pis işlər cəmiyyətdə prestijli işlər hesab olunmurlar və onları yerinə yetirənlər də çox vaxt sosial baxımdan dəyərsizləşdirilir və ya görməzdən gəlinir. Lakin əgər hər kəs müəyyən dərəcədə zəruri pis işlərlə məşğul olarsa, onda bu işlər tədricən adi əmək kimi qəbul edilər və onların sosial dəyəri ilə prestiji də müvafiq olaraq artar.

Ədalətli cəmiyyət ZPİ-nin olmadığı cəmiyyət deyil, ZPİ-nin eyni insanların üzərinə daimi olaraq düşmədiyi cəmiyyətdir. Əgər küçələr təmizlənməli, zibil yığılmalı və qayğı işi görülməlidirsə, bu məsuliyyət kollektiv şəkildə hamımıza aid olmalıdır. Sual bu deyil ki, kimsə küçələri süpürməlidir, ya yox. Əsl sual budur: niyə bunu hamımız etməməliyik ki?

Ədəbiyyat siyahısı:

Arnold, S. (2011). The Difference Principle At Work. Journal of Political Philosophy, 20(1), 94–118.

Berkey, B. (2018). Obligations of productive justice: individual or institutional? Critical Review of International Social and Political Philosophy, 21(6), 726–753.

Brighouse, H., & Swift, A. (2006). Equality, Priority, and Positional

Goods. Ethics, 116(3), 471–497.

Clark, S. (2015). Good Work. Journal of Applied Philosophy, 34(1), 61–73.

Fishkin, J. (2014) Bottlenecks: A New Theory of Equal Opportunity, Oxford University Press

Gomberg, P. (2018). Work. In S. Olsaretti (Ed.), The Oxford Handbook of Distributive

Justice (pp. 513–532). Oxford University Press.

Hsieh, N. (2007). Survey Article: Justice in Production. Journal of Political

Philosophy, 16(1), 72–100.

Kandiyali, J. (2022). Sharing Burdensome Work. The Philosophical Quarterly, 73(1),

143–163.

Kohn, M. L., & Schooler, C. (1983). Work and personality: An inquiry into the impact

of social stratification. Norwood: Ablex Publishing.

Kornhauser, A. (1965). Mental health of the industrial worker: A Detroit study.

Oxford: Wiley.

Kymlicka, W. (2002). Contemporary political philosophy: An introduction (2nd ed.).

Oxford University Press.

Marx, K., & Engels, F. (1970). The German Ideology (C. J. Arthur, Ed.). International

Publishers. (Original work published 1846)

Murphy, J. B. (1993). The Moral Economy of Labor: Aristotelian themes in economic

theory. Yale University Press.

Quong, J. (2010). What Kind of Liberalism? In Oxford University Press eBooks (pp. 12–44). https://doi.org/10.1093/acprof:oso/9780199594870.003.0002

Rawls, J. (2001). Justice as fairness: A Restatement. Harvard University Press.

Raz, J. (1986). The morality of freedom. Clarendon Press.

Robeyns I. (2011). A Universal Duty to Care, in Gosseries A., Vanderborght Y. (eds.),

Arguing about Justice, Louvain: Press Universitaires the Louvain.

Sayer, A. (2009). Contributive Justice and Meaningful Work. Res Publica, 15(1), 1–16. https://doi.org/10.1007/s11158-008-9077-8

Schmode, F. (2020). What Difference Does It Make? UBI and the Problem of Bad Work. In M. Cholbi (Ed.), The future of work, technology, and basic income (pp. 123–140). Routledge.

Schwartz, A. (1982). Meaningful Work. Ethics, 92(4), 634–646.

Stanczyk, L. (2012). Productive Justice. Philosophy &Amp Public Affairs, 40(2), 144–164.

Veltman, A. (2014). Is Meaningful Work Available to All People? Philosophy & Social Criticism, 41(7), 725–747.

Yeoman, R. (2013). Conceptualising Meaningful Work as a Fundamental Human Need. Journal of Business Ethics, 125(2), 235–251.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.