fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Endrü Çapman: Xarici aləm skeptisizmi

Read this article on other language
Download article
image_pdf
image_pdf

Xarici aləm skeptisizminə giriş və bunu motivasiya edən səbəb[1]

Ətrafınıza baxın – başınızı o tərəf-bu tərəfə fırladıb ətrafınızdakı hər bir şeyi nəzərdən keçirin. İcazə verin asanlıq üçün dəyişəndən istifadə edib belə deyək:

Nəsnələr sizə P kimi görünür.

P – siz ətrafa baxdığınız vaxt nəsnələrin sizə görünmə tərzinin tam təsviridir. Qəti şəkildə sizin üçün aşkardır ki, nəsnələr sizə P kimi görünür. Nəsnələrin sizə necə görünməsinə xüsusi bir çıxışınızın olduğunu söyləyə bilərsiniz. Elə isə aşağıdakı ssenarilərdən hansı biri nəsnələrin sizə P kimi görünməsini daha yaxşı dəstəkləyir, yəni daha çox əsaslandırır?

1. Nəsnələr, həqiqətən də, P kimidir.
2. Siz hal-hazırda olduqca güclü və şər bir şeytan tərəfindən aldadılırsınız. Bu şeytan sizin hissi təəssüratlarınızı elə manipulyasiya etmək bacarığına malikdir ki, bu halda nəsnələr sizə ümumiyyətlə manipulyasiyaya məruz qalmadığınız təqdirdə necə görünürdüsə, elə görünəcək.Buna görə də nəsnələr, əslində, P kimi deyil.

Məsələn, fərz edin, sizə elə görünür ki, stol və stulu olan bir otaqdasınız və kompüter ekranından nəsə oxuyursunuz və s. Əgər 1-ci ssenari doğrudursa, onda siz həqiqətən də stol və stulu olan bir otaqdasınız və kompüterin ekranından nəsə oxuyursunuz və s. Yox, əgər 2-ci ssenari doğrudursa, onda siz stol və stulu olan bir otaqda deyilsiniz və kompüterin ekranından nəsə oxumursunuz və s. Əgər 2-ci ssenari doğrudursa, onda nəsnələr sizə necə göründüklərindən olduqca fərqlidir.[1]

Filosoflar 2-ci ssenarini skeptik ssenari adlandırırlar. Skeptik ssenarilərdə siz öz dəliliniz tərəfindən köklü şəkildə elə azdırılır, aldadılır və ya çaşdırılırsınız ki, nəsnələrin sizə necə görünməsi nəsnələrin əslində necə olmasından fərqlənir. Bəlkə də, fəlsəfə tarixində skeptik ssenariləri irəli sürən ən məşhur adam Rene Dekartdır (1596-1650). Dekart “İlkin fəlsəfəyə dair düşüncələr” kitabında (1641) hal-hazırda yuxuda ola biləcəyini və ya yuxarıdakı 2-ci ssenaridə olduğu kimi, şər şeytan tərəfindən aldadıla biləcəyini fərz edir. Hollivud Total RecallThe Matrix, və Inception kimi filmlərdə skeptik ssenarilərdən istifadə edib.

Elə isə əsas sualımıza qayıdaq: 1-ci və ya 2-ci ssenaridən hansı biri nəsnələrin sizə P kimi görünməsini ən yaxşı şəkildə dəstəkləyir və ya ən yaxşı şəkildə əsaslandırır? Əgər özünüzə qarşı dürüst olsanız, onda bu nəticəyə gələcəksiniz ki, nəsnələrin görünmə tərzi eyni dərəcədə 1-ci və 2-ci ssenarini dəstəkləyir. Daxili, birinci şəxs aspektindən, nəsnələrin sizə görünmə tərzini nəzərə aldıqda 1-ci və ya 2-ci ssenarinin hər biri doğru ola bilərdi. Əgər bu kifayət qədər pis deyilsə, onda əsl sürpriz gəlir: Əgər sizin dəliliniz həm 1-ci, həm də 2-ci ssenarini eyni dərəcədə dəstəkləyirsə, onda özünüzdən kənardakı aləm ilə bağlı hər hansı bir şeyi nə vaxtsa bilməyiniz necə mümkün ola bilər? Bu, xarici aləm skeptisizmi problemi, bəlkə də, müasir epistemologiyanın ən mərkəzi problemidir.

Bəzi insanlar skeptik arqumentlərlə ilk dəfə rastlaşdıqda çiyinlərini çəkirlər (və ya gülürlər). Sizin bu arqumentlərin gücünü gördüyünüzü ümid edirəm. Skeptik arqumentin məğzi ondan ibarət deyil ki, xarici aləmlə bağlı yanıla bilməyimiz uzaq bir ehtimaldır. Əksinə, məğzi bundan ibarətdir ki, nəsnələrin olduqca fərqli şəkildə deyil, elə düşündüyümüz kimi olduqlarına inanmaq üçün heç bir dəlilimiz yoxdur. Əgər nəsnələrin müəyyən bir şəkildə olduqlarına inanmaq üçün heç bir yaxşı dəliliniz yoxdursa, onda siz stol və stulu olan bir otaqda olub kompüterə baxdığına və Yer kürəsində 21-ci əsrdə yaşadığına inanan bir doqmatist deyilsinizmi?!

Xarici aləm skeptisizminə iki cavab [2]

Sağlam düşüncənin məşhur müdafiəçisi, Şotland maarifçi filosof Tomas Rid (1710-1796) arqument gətirirdi ki, skeptik ssenarilərin doğru olmasına inanmaq üçün hər hansı bir pozitiv dəlil olmadığı təqdirdə, sağlam düşüncə epistemoloji tərəzinin gözünü bizim köklü şəkildə aldadılmadığımız nəticəsinin xeyrinə əyir. Oxşar şəkildə, Maykl Hümerdən (2001) sonra çağdaş filosoflar “fenomenal mühafizəkarlıq” kimi tanınan epistemoloji prinsipi müdafiə ediblər. Bu prinsipə əsasən, təkzibedicilər (yəni əsaslandırmamızı üstələyə və ya qüvvədən sala bilən şeylər) olmadığı təqdirdə, bizim xarici aləmin bizə olduğu kimi göründüyünə inanmaq üçün əsasımız var.[3] Bu mövqe mahiyyət etibarilə özündə Ridçi elementləri ehtiva edir. Skeptik ssenariləri nəzərə almaq üçün hər hansı bir yaxşı və pozitiv bir dəlil olmadığı müddətcə, skeptik ssenarilərin xarici aləmlə bağlı biliyimizi məhv etməsinə imkan verməməliyik. Qeyd edək ki, həm Ridin, həm də Hümerin doktrinası, bir növ, “əsaslandırma süstlüyü”nə söykənir. Fərz edilən epistemik mövqeyimiz əsaslandırılmış hesab olunur və bu əsaslandırmanı məhv etmək üçün və ya sual altında qoymaq üçün hər hansı bir pozitiv dəlil olmalıdır.

Bəzi filosoflar xarici aləmlə bağlı ümumi biliksizliyimizi məmnuniyyətlə qəbul ediblər. Yunan filosofu, skeptik fəlsəfə məktəbinin qurucusu Elisli Pirrona (təxminən e.ə. 360-270) görə, bilik qeyri-mümkündür. (Pirronun bütün yazıları itib; biz onun doktrinalarından Sekstus Emprikusun (təxminən 160-210) yazıları vasitəsilə xəbərdarıq.) Pirrona görə, hətta biliyin qeyri-mümkün olduğunu bilmək belə qeyri-mümkündür! Bu, akatalepsiya doktrinasıdır; filosofların qlobal skeptisizm adlandırdıqları şeyin bir formasıdır. (Qısaca desək, qlobal skeptisizm biliyin inkarı deməkdir və xarici aləm skeptisizmindən daha ifratçıdır.) Pirrona görə, biz heç vaxt nəsnələrin təbiətlərini bilə bilmərik və hətta təsadüfən aləmlə bağlı doğru nəyəsə inansaq belə, qısa müddət də olsa, həqiqətlə rastlaşdığımızı əsla bilə bilmərik. Bəziləri bu doktrinanı pessimist kimi dəyərləndirdiyi halda, skeptiklər bu doktrinanı azadedici hesab edirlər. Pirron və ardıcılları bilik iddialarından əl çəkməklə ataraksiya və ya rahatlığa nail olduqlarını ümid edirdilər.

Nəticə

Beləliklə, ətrafımızdakı aləmlə bağlı biliyimiz haqqında müzakirə əsaslandırmamızın müzakirəsi ilə başlayır. Əgər xarici aləm lehinə əsaslandırmanı təmin etmək üçün Hümerin “fenomenal mühafizəkarlıq” prinsipi kimi hər hansı bir yol tapa bilsək, onda ən azı müəyyən qədər bilik əldə etmək şansına malik ola bilərik. Amma əgər biliyin qeyri-mümkün olduğunu (və ya biliyin mümkün olub-olmadığını bilməyin qeyri-mümkün olduğunu…) hesab etsək, onda nəyi böyük bir ehtimalla bilə bilmədiyimizlə bağlı bu qədər narahat olmamaq üçün skeptiklərin psevdodini münasibətini qəbul edə bilərik.

Qeydlər:

1. Əgər şər şeytan ssenarisi sizin üçün həddən ziyadə inanılmazdırsa, onda yuxuda olduğunuzu və ya hallüsinasiya gördüyünüzü və yaxud laboratoriyada olub beyninizin görmə qabığının elektrodlar vasitəsilə təhrik edildiyini təsəvvür edin.
2. Demək olar ki, skeptizim haqqında düşünən filosofların sayı qədər skpetisizmə çoxsaylı cavablar var. Burada yer məhdudiyyətindən dolayı yalnız iki cavabı qeyd edirəm. Digər maraqlı bir sıra cavablar üçün bax: DeRose & Warfield (1999)
3. Tukerin kitabında (2013) Tuley və Hümer tərəfindən müzakirə edildiyi kimi, fenomenal mühafizəkarlığın bu forması, əslində, həddən ziyadə tələsikdir. Bunun daha dəqiq forması belə olacaq: əgər hər hansı bir nəsnə S şəxsinə P kimi görünürsə, onda təkzibedicilər mövcud olmadığı təqdirdə, S müəyyən dərəcədə P üçün ilk baxışda əsaslandırma əldə etmiş olur.

İstinadlar:

– DeRose, Keith, and Ted A. Warfield, eds. Skepticism: A Contemporary Reader. New York: Oxford UP, 1999.

– Descartes, René. Meditations on First Philosophy: In Which the Existence of God and the Distinction of the Soul from the Body Are Demonstrated. Ed. Donald A. Cress. Indianapolis: Hackett Pub., 1993.

– Huemer, Michael. Skepticism and the Veil of Perception. Lanham, MD: Rowman & Littlefield, 2001.

– Tucker, Chris. Seemings and Justification: New Essays on Dogmatism and Phenomenal Conservatism. Oxford: Oxford UP, 2013.

– Reid, Thomas. Thomas Reid’s Inquiry and Essays. Ed. Ronald E. Beanblossom and Keith Lehrer. Indianapolis: Hackett Pub., 1983.

– Sextus Empiricus. Scepticism, Man, & God; Selections from the Major Writings of Sextus Empiricus. Ed. Philip Paul Hallie. Middletown, CT: Wesleyan UP, 1964.

– Vogt, Katja. “Ancient Skepticism.” Stanford Encyclopedia of Philosophy. Stanford University, 24 Feb. 2010. Web. 03 Feb. 2014. <http://plato.stanford.edu/entries/skepticism-ancient/>.

[1]Mənbə: https://1000wordphilosophy.com/2014/02/06/external-world-skepticism/. Bu məqalə “1000wordphilosophy.com” saytından əldə edilən razılıq əsasında Azərbaycan dilinə tərcümə edilib.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.