Cəmiyyət

Cəmiyyət

Tənqidi Nəzəriyyə (Frankfurt Məktəbi): Hissə 1

Read this article on other language
Download article
image_pdf
image_pdf


Bütün dünyada güclənən siyasi avtoritarizm, liberal sistemin hər yeni böhranda yeni formalarda üzə çıxan disfunksionallığı, yeni müharibələr, zorakılığın yeni müstəvilərdə reproduksiyası, (siyasi) xurafatın yeni epistemik fenomenlər olaraq alətləşdirilməsi və təbliği kimi hadisələr elə təəssürat yaradır ki, sanki XX əsrin əvvəlinə qayıtmışıq və o dövrün dramatik hadisələri cəmiyyətlər üçün tamamilə refleksiyasız ötüb keçib. Bütün bunlarla bağlı artan tənqidin əsas istiqamətini hazırda sol yönümlü refleksiyalar təyin edir. Bu kontekstdə diqqət çəkən yanaşmalardan biri yenidən aktuallıq qazanmış Tənqidi Nəzəriyyədir.

Tənqidi Nəzəriyyə 1920-ci illərdə Almaniyanın Frankfurt şəhərində Sosial Tədqiqatlar İnstitutunda Maks Horkhaymer və Teodor Adornonun təşəbbüsü ilə başlamış marksizmə əsaslanan fəlsəfi tənqid ənənəsidir.[1] Yarandığı və əllinci illərdə yenidən bərqərar olduğu şəhərin adına istinadən Frankfurt Məktəbi olaraq da tanınır. Tənqidi Nəzəriyyə cəmiyyətin sadəcə izah edilməsini yox, onun tənqid yolu ilə dəyişdirilməsini qarşısına məqsəd qoyur. Bunun üçün fəlsəfə və sosiologiya metodoloji baza olaraq götürülür. Bilik istehsalı (o cümlədən fəlsəfi refleksiya) özlüyündə məqsəd deyil, əxlaqi cəhətdən qəbul edilə biləcək ədalətli cəmiyyətin yaradılmasının yollarından biridir. Bunun üçün cəmiyyət və onun oturuşmuş strukturları bir bütöv olaraq başa düşülməli, radikal tənqidə məruz qoyulmalıdır. Bunun üçün ayrı-ayrı elm sahələri bir-biri ilə əlaqəli şəkildə düşünülməli, daha ədalətli və azad cəmiyyətin qurulması üçün dəyərləndirilməlidir.

Ümumilikdə götürdükdə, Frankfurt Məktəbi adı əslində ədəbiyyatda bu ənənənin əsasən birinci nəsli ilə assosiasiya olunur. Belə ki, bu həm sinxron, həm də diaxron mənada geniş bir fəlsəfi refleksiya sahəsini əhatə edən yanaşmadır. Tənqidi Nəzəriyyə hazırda cəmiyyətin tənqidi və dəyişdirilməsi, ictimai normativlərin və perspektivlərin analizi, ictimai diaqnozlaşdırma, ictimai emansipasiya və s. istiqamətlərdə araşdırmalar aparan bir çox təşəbbüsün ehtiva olunduğu fəlsəfi ənənədir. Bura feminist nəzəriyyəni, tənqidi irq nəzəriyyəsini, kvir nəzəriyyəsini, dekolonial araşdırmaların geniş spektrini, müxtəlif siyasi, sosial, aktivist hərəkatlarını, epistemologiya və əxlaq sahəsində bir çox yenidən dəyərləndirmələri aid etmək olar.

Frankfurt Məktəbi ilə başlayan Tənqidi Nəzəriyyənin təxminən 1980-ci ilə qədər davam edən tarixini iki nəsilə bölmək olar. Belə ki, bu dövrdə Tənqidi Nəzəriyyə əsasən almandilli intellektual sferada tanınırdı. 1980-ci illərdən etibarən Tənqidi Nəzəriyyənin beynəlmiləşmə dövrü başlayır və üçüncü və dördüncü nəsilləri əhatə edir. Buna səbəb bir tərəfdən qloballaşmanın sürətlənməsi ilə ictimai-siyasi böhranların getdikcə daha oxşar xarakter qazanmağa başlamasıdır. Digər səbəb Tənqidi Nəzəriyyənin təqdim etdiyi analiz alətlərinin, çıxış nöqtəsi olaraq götürdüyü anlayışların cəmiyyət(lər)i ayrı-ayrılıqda təhlil edilə biləcək  yox, bütövlükdə öyrənilməli olan nəsnə(lər) kimi başa düşməsidir.

Tənqidi Nəzəriyyəyə əsasən, insan ağlı tarixi və lokal şərtlərə görə formalaşsa da, fərqli intellektual davranış, ənənə, məhsul və s. ilə nəticələnir. Buna baxmayaraq, insan ağlının bu tarixi və lokal şərtlərə görə formalaşmasının mexanizmləri eynidir. Məsələn, eyni avtoritar rejimlərdə yaşayan insanların intellektual və epistemik davranışları zamandan və yerindən asılı olmayaraq, oxşar və ortaq cəhətlərə malik olur. Buna görə də Tənqidi Nəzəriyyə fəlsəfi refleksiyanın da sistematik və totalitar (cəmiyyəti bir bütöv olaraq görməsi) olmalı olduğunu iddia edir. Fəlsəfi refleksiyanın, ümumiyyətlə epistemik fəaliyyətin və insan ağlının tarixiliyinə və lokallığına fokuslanan Tənqidi Nəzəriyyə digər tərəfdən də bunları sosial emansipasiyanı şərtləndirən universal bir alət və mexanizm kimi görür. Burada sosial emansipasiya deyiləndə cəmiyyət(lər)in öz(lər)ini güc iyerarxiyası və istismara əsaslanan struktural ədalətsizlikdən azad etməsi nəzərdə tutulur. Tənqidi Nəzəriyyə insan ağlının lokallığı və tarixiliyi ilə onun universal xarakterini bir-birinə zidd aspektlər kimi yox, bunun tam tərsi olaraq görür. Bu da müasir qloballaşmış dövrün problemlərini analiz edə bilmək üçün kifayət qədər vədedici bir yanaşmadır ki, Tənqidi Nəzəriyyənin yenidən aktuallaşmasında bunun da rolu az deyil.

Məhz bu kontekstdə Tənqidi Nəzəriyyənin azərbaycanlı oxucu tərəfindən də nəzərə alınmalı olduğu bir fəlsəfi yanaşma olduğu fikrindəyəm. Azərbaycanın həm tarixi, həm hazırda içində olduğu ictimai-siyasi hadisələr (qlobal və regional güc konstellasiyası, geniş mənada ABŞ-Russiya qütbləşməsi, birinci və ikinci Qarabağ müharibələri, sülh danışıqları, milliyyətçiliyin güclənməsi, sosial ədalətsizlik) və cəmiyyətin olduqca ziddiyyətli intellektual həyatı (aydınlanma-irrasionallıq (din), proqressivlik-ənənə qütbləri arasında gərilən ictimai refleksiya)  lokal xarakteri ilə yanaşı, həm də birbaşa olaraq daha geniş regional və qlobal proseslərlə bağlıdır. Azərbaycanda, həmçinin ümumilikdə Azərbaycan ilə bağlı problemlərin analizi üçün – istər siyasi və aktivizm, istərsə də sırf intellektual aspektdən olsun – Tənqidi Nəzəriyyə çox maraqlı refleksiya platforması təklif edə bilər. Burada nəzərdə tutduğum Tənqidi Nəzəriyyənin ¨bizim¨ kontekstə və problemlərə ¨tətbiq¨ etmək deyil. Tənqidi Nəzəriyyənin maraqlı tərəfi də məhz ondadır ki, onu ¨tətbiq¨ etmək mümkün deyil, çünki onun əsas prinsiplərindən biri ağlın özünürefleksiyası və ¨permanent tənqid¨dir, hazır reseptlər deyil. Məhz bu aspekt mənə ¨bizim məsələlərin¨ – cəmiyyət quruculuğu, dövlət və dövlətçiliyin necə başa düşülməsi, dövlət-vətəndaş münasibətlərindəki deformasiyalar, sosial əxlaq, siyasi zorakılığa münasibət, tarixin dəyərləndirilməsi və s. – düşünülməsi və danışılmasının yaradıcı, kopyalayıcı olmayan yollarının tapılması təşəbbüsündə çox vədedici gəlir.

Bu intellektual vədin detallarına girməzdən əvvəl bu yazının birinci hissəsində Tənqidi Nəzəriyyənin qısa tarixini təqdim etmək istəyirəm. İkinci hissədə isə Tənqidi Nəzəriyyənin əsas konseptlərini daha detallı təqdim edəcək və Azərbaycan kontekstində hansı məsələlərin Tənqidi Nəzəriyyə ənənəsində düşünməyin mümkünlüyü və perspektivləri haqqında danışacağıq.

Birinci nəsil Tənqidi Nəzəriyyə

Frankfurt Məktəbi ifadəsi əslində şərti bir addır. Birincisi, belə bir məktəb fiziki mənada mövcud deyil. Tənqidi Nəzəriyyənin başlanğıcı qoyulduğu müəssisə Frankfurtdakı Sosial Tədqiqatlar İnstitutudur. Bundan başqa, Frankfurt Məktəbinin əsası Frankfurtda qoyulsa da, birinci nəslin əsas və təməl əsərləri mühacirətdə yazılıb:

Az qala bütün nəzəri mətnlər və empirik biliklər axı Frankfurtda yox, mühacirətdə, əsasən də Nyu-Yorkda yaranıb. Ümumilikdə doqquz bəndli ‘Sosial Tədqiqatlar Jurnalı’ artıq elə ikinci sayından etibarən artıq Almaniyada işıq üzü görə bilmədi. Horkhaymerin jurnaldakı ən vacib yazıları Nyu-Yorkda yazıldı.  Eyni şeyi Leo Löventalın klassik ədəbiyyat sosiologiyasına həsr olunmuş işləri, Adornonun musiqinin sosiologiyası, Markuzenin sosial-fəlsəfi, Frommun sosial-psixoloji, Pollok, Kirxhaymer və Noymanın dövlət nəzəriyyəsinə həsr olunmuş yazıları haqqında da demək olar. ‘Aydınlanmanın Dialektikası’ və ‘İnstrumental Zəkanın Kritikası’ Kaliforniyada yarandı, ‘Avtoritar Şəxsiyyət’ üçün araşdırmalar da elə orada aparılmışdı. Qısası, Horkhaymer və Adornonun 50-ci illərin əvvəlində post-faşist (qalıq) Almaniyasına transfer etdikləri əqli kapitalın böyük hissəsi ümumiyyətlə Frankfurtda yaranmayıb. … ‘Frankfurt Məktəbi’nin əsasını təşkil edən şeylərin yaranması ona görə mümkün oldu ki, onun müəllifləri yəhudilər və sosialistlər olaraq Frankfurtdan qovuldular.[2]

Deməli, Frankfurt Məktəbinin qurulmasının faktiki tarixi 1923-cü ildə Feliks Vaylın imkanlı ailəsinin maliyyə dəstəyi ilə Sosial Tədqiqatlar İnstitutunun yaradılması ilə başlayır. Təşəbbüsün məqsədini marksist ənənə çərçivəsində nəzəriyyə və praktikanın elə bir sintezi təşkil edirdi ki, bunun sayəsində cəmiyyəti sadəcə təsvir etməklə kifayətlənməyərək onu tənqid yolu ilə həm də dəyişmək mümkün olsun.

Məktəbin simasını təşkil edən komanda hələ ancaq 1930-cu illərin əvvəllərində toplandı. Buraya direktor Maks Horkhaymerdən başqa, Teodor Adorno, Herbert Markuze, Erix Fromm, Valter Benyamin və Fridrix Pollok daxil idi. Bu komandanın ambisiyası klassik marksizmi Froyd, Veber və Nitsşe ilə genişləndirərək həm fəlsəfəni, həm də sosiologiyanı özündə birləşdirən bir radikal tənqid metodologiyası yaratmaq idi. Mövzular avtoritarizmdən fərd-cəmiyyət əlaqələri, kollektiv psixologiya, kapitalizmin fərdin və kollektivin psixologiyasına, siyasi davranışına və s. təsiri, epistemik fəaliyyətin təməlləri və sairəyə qədər geniş idi. Klassik marksizmdən fərqli olaraq, bu müəlliflər inanırdılar ki, cəmiyyətdə proqressiv dəyişikliklərin əldə edilməsinin yolu sadəcə iqtisadiyyat əsaslı tədqiqatla mümkün deyil, cəmiyyətə bütün aspektləri (psixoloji, mədəni, ideoloji, maddi (kütləvi media) və s.) ilə birlikdə bir bütöv olaraq öyrənmək lazımdır. Ancaq belə sistemli bir tənqidi korpusun köməyi ilə sosial emansipasiyaya – cəmiyyətin iyerarxik hegemoniyadan, istismardan və total yadlaşmadan azad olmasına nail olmaq olar.

1933-cü ildə nasional-sosialistlərin hakimiyyətə gəlməsi ilə Sosial Tədqiqatlar İnstitutu bağlandı, 1934-cü ildən başlayaraq, fəaliyyətini Nyu-Yorkda Kolumbiya Universitetində davam etdirdi. Bu dövrdə mətnlərin həm ingiliscə, həm də almanca nəşr olmasına baxmayaraq, frankfurtçuların intellektual ünsiyyət dili almanca olaraq qalırdı. Onlar amerikan intellektual cameəsində çox az tanınırdılar, demək olar ki, ora inteqrasiya ola bilməmişdilər. Onların tələbə auditoriyaları çox məhdud idi, əsas intellektual ünsiyyətləri və işləri elə öz aralarında baş tuturdu. Bu mərhələdə Horkhaymer və Adornonun birgə müəllifliyi ilə Aydınlanmanın Dialektikası, Fromun Azadlıq qorxusu, Markuzenin Ağıl və İnqilab kitabı kimi təməl əsərlər ərsəyə gəldi.

İkinci Dünya Müharibəsi bitəndən sonra Sosial Tədqiqatlar İnstitutu 1949-cu ildə rəsmi olaraq Frankfurta geri qayıtdı. Təxminən 10 il davam edən bu post-mühacirət dövründə institutda müzakirə olunan mövzular əsasən mədəniyyətin tənqidi, sosial psixologiya, idarə olunan dünya, kütlə mədəniyyəti və s. idi. Bu dövr daha çox institut daxili struktur dəyişiklikləri, intellektual və metodoloji haçalanmalar, birinci nəsil frankfurtçuların getdikcə daha çox bədbinləşməsi və Tənqidi Nəzəriyyənin qarşısına məqsəd qoyduğu sosial emansipasiyanın mümkünlüyünə skeptik münasibətin artması ilə səciyyələnir. Müəlliflərin bir çoxu Frankfurtu tərk edib digər Almaniya universitetlərinə səpələnirlər.

İkinci nəsil Tənqidi Nəzəriyyə

Tənqidi Nəzəriyyənin ikinci nəsli post-mühacirət dövründə Horkhaymer və Adorno ilə Frankfurtda Sosial Tədqiqatlar İnstitutunda sıx əməkdaşlıq etmiş Yürgen Habermasın adı ilə bağlıdır. 1950-ci illərdə institut daxilində gedən müzakirələr və haçalanmaların kontekstində Habermasın intellektual xətti getdikcə birinci nəsil frankfurtçulardan aralanmağa başladı. Onun əsas tənqid obyekti Horkhaymer, Markuze və Adornonun yanaşmalarındakı radikallıq və bədbinlik idi. Bu tənqidlərin əsasında Habermas tədricən öz nəzəriyyəsini inşa etdi. Onun nəzəriyyəsini birinci nəsil frankfurtçularından fərqləndirən əsas məqam ədəbiyyatda kommunikativ dönüş adı ilə tanınan yanaşmadır.

Habermas birinci nəsil müəlliflərinin ağlın tənqidində ancaq instrumental zəkaya müraciətini yetərsiz sayır və bunu onların əvvəl-axır gəlib çıxmalı olduqları bədbinliyin əsas səbəbi olaraq görür. Habermas bu bədbinliyi bölüşmür və öz mövqeyini rasionallığın iki anlayışını fərqləndirməklə əsaslandırmağa çalışır. Kommunikativ dönüşün təməl mətni sayılan Kommunikativ Fəaliyyət Nəzəriyyəsində o instrumental rasionallıqdan (yəni ağlın praktiki və praqmatik məqsədlərə – məsələn, sənayeləşmiş cəmiyyətlərdə kütləvi məhsul istehsalına bağlı olması) başqa həm də kommunikativ rasionallığın (ağlın ünsiyyət ilə bağlı olması) qəbul edilməli olduğunu vacib sayır. Birinci nəsil müəlliflərini skeptik bədbinliyə uğradan sosial emansipasiya idealını Habermas bu kommunikativ rasionallığın analizi və müvafiq normativ tənzimləmələr ilə əldə edilə biləcəyinə inanır və bunun üçün dominantlıq və iyerarxiyadan azad iqtidarsız ünsiyyət idealının və bunu mümkün edəcək normativ prinsiplərin əsaslarını hazırlayır. Bu normativ prinsiplər ədəbiyyatda Habermasın diskurs etikası olaraq tanınır.

Üçüncü nəsil Tənqidi Nəzəriyyə

Tənqidi Nəzəriyyənin 1980-2000-ci illəri əhatə edən üçüncü nəslinin əsas fiquru Habermasın tələbəsi olmuş Aksel Honnet sayılır. Honnetin mövqeyi ilə Tənqidi Nəzəriyyə ənənəsində növbəti fokus qırılması baş verir. Əgər Habermas sosial emansipasiyanın mümkünlüyünü kommunikativ rasionallığa və diskurs etikasına bağlayırdısa, Honnet bunu uğurlu ünsiyyətin sosial şərtlərində, daha dəqiq olaraq, sosial qəbullanmada axtarır. Onun 1992-ci ildə nəşr edilmiş Qəbullanma uğrunda Mübarizə kitabında təqdim etdiyi sosial qəbullanma nəzəriyyəsi üç fərqli qəbullanma müstəvisini fərqləndirir:

sevgi – emosional qəbul edilmə və tanı(n)ma, cəmiyyətdə özünə inamın təməli,

qanun – hüquqi bərabərlik,  özünə hörmətin təməli,

həmrəylik – sosial dəyərvermə, özünə dəyərvermənin təməli.

Honnetə görə, bütün siyasi və sosial münaqişələrin təməlində qəbullanma uğrunda mübarizə durur. Qəbullanmanın olmaması, ya da məhdudluğu yadlaşmaya, marginallaşmaya və sosial təcridə aparır. Sosial proqres yalnız bun(lar)ın öhdəsindən gəlməklə mümkündür. Üçüncü nəsil Tənqidi Nəzəriyyənin fokuslandığı daha konkret mövzular miqrasiya, sosial ədalət, qlobal ədalət və sairədir.

Müvəqqəti xülasə

Bu xülasə yazısında Tənqidi Nəzəriyyə ənənəsinin təxminən 80 illik (1930-2010) tarixi qısa formada təqdim olundu. Tənqidi Nəzəriyyə bu dövr üçün mövzu, metodologiya, məzmun və refleksiya fokusunun dəyişməsi ilə səciyyələnən üç intellektual nəsilə bölünə bilər. Bu bölünmə, təbii ki, şərtidir, belə ki, hər yeni nəsil əsas olaraq özündən əvvəlki nəslin intellektual bazası üzərində qurulub. Bu mənada, bütün qırılmalara baxmayaraq, hər üç nəsil üçün ortaq olaraq səciyyələndirilə bilən intellektual prinsiplər və üstünlüklər qeyd edilə bilər. Bunlardan ilki cəmiyyəti bir bütöv olaraq düşünmək ambisiyasıdır. Cəmiyyətlər bir-birindən qopmuş ayrı-ayrı elm sahələrinin müstəvisində və təmassız regional vahidlər olaraq analiz edilə və başa düşülə bilməz, bunun üçün bunların hamısını özündə ehtiva etmək iqtidarında olan bir fəlsəfi yanaşma vacibdir. İkinci ortaq prinsip tənqidin normativliyidir. Sosial tənqidin məqsədi daha ədalətli cəmiyyət(lər) qurmaq olmalıdır. Üçüncü ortaq prinsip refleksivlikdir. Bununla bütün nəsillər üçün keçərli olan öz nəzəri refleksiyasının şərtlərinin özlərini analiz edə bilmək ambisiyasıdır. Dördüncü prinsip isə praktika ilə əlaqəni itirməməkdən ibarətdir. Tənqidi Nəzəriyyə sosial dəyişiklik ilə bağlantı qurulmadan uğurlu sayıla bilməz.


Tənqidi Nəzəriyyənin dördüncü nəsli, ya da beynəlmiləşmə dövrünün təqdimatını yazının ikinci hissəsinə saxlayıram. Bunun səbəbi dördüncü nəslin məzmun və metodologiya baxımından əlavə, həm də intellektual şəbəkələşmə aspektində tamam başqa bir mərhələdə olmasıdır. Tənqidi Nəzəriyyənin Azərbaycan (ümumiyyətlə post-sovet) məkanındakı siyasi, sosial və intellektual proseslərin refleksiyası üçün maraq kəsb edən aspektləri də bu yeni mərhələnin detalları ilə bağlıdır. Ona görə dördüncü nəslin təqdimatını Tənqidi Nəzəriyyənin bizim üçün niyə maraqlı ola biləcəyi haqqında düşüncələrlə eyni yazıda təqdim etmək daha məqsədəuyğun olacaqdır.

İstifadə olunmuş ədəbiyyat:

Bittlingmayer, Uwe H., Demirović, Alex & Freytag, Tatjana (Hg.),  Handbuch Kritische Theorie,Springer VS 2019

Bronner, Stephen Eric, Critical Theory: A Very Short Introduction, Oxford University Press 2011

Celikates, Robin, and Jeffrey Flynn. 2023. “Critical Theory (Frankfurt School).” In The Stanford Encyclopedia of Philosophy, eds. Edward N. Zalta and Uri Nodelman. Metaphysics Research Lab, Stanford University. https://plato.stanford.edu/archives/win2023/entries/critical-theory/

Dubiel, Helmut, Kritische Theorie der Gesellschaft, Weinheim und München: Juventa Verlag 1988

Dubiel, Helmut, Kritische Theorie der Gesellschaft. Eine einführende Rekonstruktion von den Anfängen im Horkheimer-Kreis bis Habermas, 2. Aufl. 2001

Gordon, Peter, Espen Hammer, and Axel Honneth (eds.), The Routledge Companion to the Frankfurt School, London: Routledge 2029

Hoy, David Couzens and Thomas McCarthy, Critical Theory, Oxford: Blackwell 1994

Thompson, Michael J. (ed.), The Palgrave Handbook of Critical Theory, New York: Palgrave Macmillan 2017

Türcke, Christoph, Bolthe, Gerhard, Einführung in die Kritische Theorie, Darmstadt: Wissenschaftliche Buchgesellschaft 1994

Schwandt, Michael, Kritische Theorie: Eine Einführung, Schmetterling 2009

Schweppenhäuser , Gerhard, Kritische Theorie, Reclam, 2010


Qeyd və istinadlar

[1] Kritische Theorie; ingilisdilli ədəbiyyatın dominantlığına görə hazırda daha çox Critical Theory olaraq tanınır.

[2] Dubiel, Helmut. Kritische Theorie der Gesellschaft. Juventa Verlag Weinheim und München 1988, 14.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.