fbpx

Cəmiyyət

Cəmiyyət

Gürcüstan: Stalin yaşamağa davam edir

Read this article on other language
Download article
image_pdf
image_pdf

Ölümündən 70 il keçməsinə baxmayaraq, Stalinin kabusu hələ də gürcüləri təqib edir. Və bu ona görə baş verir ki, ölkə daxili və xaricindəki müxtəlif qüvvələr öz məqsədlərinə çatmaq – Gürcüstanın Qərbə, liberal dünyaya, Avropa ailəsinə qoşulmasının qarşısını almaq – üçün totalitar sovet diktatorunun imicindən istifadə edirlər. Stalinin obrazının bu cür alətləşdirilməsi olduqca süni çıxır və onun doğma vətənində xeyli təəccüblə qarşılanır. Əslən Gürcüstandan olmasına baxmayaraq, Stalinə qarşı nostalgiya hissi Gürcüstanda o qədər də güclü deyil.

Pravoslav Milad bayramı bu il Gürcüstanda milli birlik günü kimi qeyd olunmadı. Yanvarın 7-də şəhər sakinləri Sameba kimi tanınan Müqəddəs Üçlük Katedralında Moskva Matronasına həsr olunmuş yeni ikonanı heyrətlə aşkar etdilər: Matronasın tam təsviri ətrafında düzülmüş on yeddi kiçik səhnənin birində Stalinin təsviri də var idi. 1885-1952-ci illərdə yaşamış və xüsusən də rus qadınları arasında populyar ibadət obyekti olan qeyri-rəsmi müqəddəs Matronasın qarşısında Sovet diktatoru boz paltoda görünürdü. Bu hadisə Gürcüstanda şiddətli qarşıdurmaya səbəb oldu. Son vaxtlar Gürcüstanda iki qüvvə arasında sivilizasiya müharibəsi gedir: bir tərəfdə “Avropalı” olmağa can atanlar (son sorğuya görə 3,7 milyon gürcünün 80%-dən çoxu özünü belə xarakterizə edir[i]), digər tərəfdə isə cəmiyyətin müxtəlif təbəqələri və deyəsən keçmiş müstəmləkəçi hakimiyyət ilə barışmağa meyilli olan hökumət.

Stalinin təsviri “xüsusilə bu il, Stalinin göstərişi ilə Gürcüstanın müstəqilliyini bərpa etmək istəyən minlərlə soydaşımızın bolşeviklər tərəfindən öldürüldüyü 1924-cü ilin avqust üsyanının yüz illiyini qeyd etdiyimiz bir vaxtda qəbuledilməz idi.” Bunu Gürcüstanın totalitar keçmişini araşdıran tarixçilər kollektivi olan Sovlabın üzvü, deputat Georgi Kandelaki deyir. Bir vaxtlar qərbyönümlü Gürcüstan prezidenti Mixail Saakaşvilinin Vahid Milli Hərəkat partiyasında sədr müavini olmuş Kandelaki sözünə belə davam edir: “Təəssüf ki, bu, Stalin obrazı ilə bizi Qərb dünyasından ayırmağa çalışan Rusiya təhlükəsizlik xidmətlərinin və təbliğatının nəticəsidir.”[ii] Son rəy sorğuları göstərir ki, məsələn, gürcülərin 43%-i (2021-ci illə müqayisədə 12% çox) SSRİ dövründə mədəniyyətin və milli dəyərlərin daha yaxşı qorunduğunu hesab edir.[iii]

“Kandelaki və digər liberastlar[iv] bu polemikanı sırf siyasi məqsədlər üçün qurublar.” Bu sözləri Gürcüstanın Qərb və Rusiya arasında neytral mövqe tutmasını müdafiə edən millətçi Gürcüstan Patriotları Alyansı partiyasının baş katibi İrma İnaşvili deyib. O və daha əlli nəfər petisiyaçı 2020-ci ildə Rusiya prezidenti Vladimir Putinə açıq məktub ünvanlayaraq Gürcüstan və Rusiya arasında “səmimi və mehriban” münasibətlərin qurulmasında Putindən “kömək” istəmişdi.

Xanım İnaşvili əslində bu yeni ikonanın sponsoru idi. “Biz şəfalandırıcı möcüzələri ilə tanınan Moskva Matronasından xərçəng xəstəliyindən əziyyət çəkən yaxın dostlarımızdan birini xilas etməsi üçün bir gürcü rahibəsindən bu ikonanı “yazmasını” xahiş etdik. Bu ikonanın hündürlüyü 2,7 metr, Stalinin təsviri isə 10 santimetrdir. Kandelakinin iddialarının əksinə olaraq, bu, Stalinin deyil, Matronasın ikonasıdır. Stalinin 1943-cü ildə Matronas ilə məsləhətləşməyə getdiyi bu səhnəni təsvir etməyə qərar verən müəllif idi, mən yox,” – deyə gürcü siyasətçi müsahibəmiz üçün hazırladığı qeydlərə baxaraq izah edir.[v]

Gürcüstanda hökm sürən gərgin şəraitdə, Ukraynadakı müharibə və oliqarx Bidzina İvanişvilinin rəhbərliyi altında hökumətin Moskva ilə yaxınlaşması fonunda Stalinin obrazı Gürcüstan cəmiyyətindəki ziddiyyətləri dərinləşdirir. “Moskva Matronasının Gürcüstanda populyar olduğu fikri doğru deyil. Bu, bir növ süni yaradılmış fikirdir. Əlbəttə ki, biz bunun Rusiya xüsusi xidmət orqanlarının işi olduğundan şübhələnirik. Belə ki, biz bilirik ki, Putin öz gücünü əsasən tarixin məhz Stalinin şəxsiyyəti ətrafında yenidən yazılması ilə proyeksiya edir. Matrona, bir tərəfdən, 1939-cu ilin avqust ayında Molotov-Ribbentrop paktına zidd olan nasizmi məğlub edən Rusiya haqqında Putinin hekayəsi ilə, digər tərəfdən, pravoslavlıq və müasir Rusiyanın imperialist ambisiyalarını əsaslandırmağa xidmət edən pravoslav Stalin arasında əlaqə qurmağa çalışır,” deyə Gürcüstan Pravoslav Kilsəsinin eksperti Mindiaşvili bildirib.[vi]

Bir sıra ipucları gürcü liberallarını, avropayönümlüləri inandırır ki, bu, Rusiya tanklarının Cənubi Osetiyanı və ölkənin bir hissəsini işğal etməsindən 15 il sonra Putin rejiminin onların ölkəsində apardığı hibrid müharibənin növbəti təzahürüdür. Rus Pravoslav Kilsəsinin eksperti Nikolay Mitroxin də aşağıda izah etdiyi kimi, vəziyyət belədir: “Moskva Matronası Moskvanın təbliğat vasitəsi deyil. Doğuşdan kor olan bu Müqəddəsə xüsusilə Rusiya və postsovet məkanında qadınlar ibadət edirlər. Lakin Moskva Patriarxlığı Stalin ilə Moskva Matronasının görüşməsini qəbul etmir, bu da o deməkdir ki, bu görüş Rus Kilsəsi tərəfindən rəsmi olaraq tanınmır.”[vii]

Ancaq ölkənin sovet tarixi ətrafındakı siyasi qarşıdurma yaxınlaşmaqda olan Stalinist təbliğat bombası hücumu ilə bağlı qorxuları gücləndirir. 2020-ci ilin avqustunda keçmiş rusiyalı oliqarx Mixail Xodorkovskinin layihəsi sayılan Dosye Mərkəzinin ifşasının ardınca  İnaşvilinin də rəhbərlik etdiyi Gürcüstan Patriotları Alyansı partiyası Kremldən birbaşa pul almaqda ittiham olunub. Rusiya Federasiyası Prezidenti Administrasiyasının üzvü, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) generalı Vladimir Çernovun komandasından hakerlər tərəfindən oğurlanmış sənədlər göstərir ki, partiya 2020-ci il parlament seçkiləri zamanı təşviqat aparmaq və Rusiyanın bir kommunikasiya şirkətinin xidmətlərindən istifadə etmək üçün 1,5 milyon avroya yaxın pul alıb. “Bunlar feyk sənədlərdir”- deyən xanım İnaşvili Stalini “tənqid etdiyini, çünki Stalinin ondan fərqli olaraq dindar olmadığını” vurğulayaraq, Stalinin “səriştəli strateq və böyük siyasətçi olduğunu” etiraf edib.[viii]

Gürcü kilsəsinə gəlincə, onun Moskva ilə əlaqələri ölkənin avropayönümlü vətəndaşlarını narahat edir. 2021-ci ilin sentyabrında Dövlət Təhlükəsizlik Xidmətinin adı açıqlanmayan keçmiş zabiti milli kilsə ilə bağlı vaxtilə işlədiyi bu qurumdan əldə etdiyi minlərlə sənədi ictimaiyyətə açıqladı. Onların içərisində yüzlərlə sənəd kilsə iyerarxları ilə SSRİ DTK-sının varisi olan FSB arasında saysız əlaqələrdən bəhs edirdi. Kilsə rəhbərinin özü, möhtərəm Patriarx II İlya “Rusiya mətbuatına dedi ki, Stalin kimi siyasətçilər hər min ildən bir dünyaya gəlir,” – deyə Beka Mindiaşvili xatırladıb.[ix]

Yanvarın 9-da milli fəal Nata Peradzenin ikonanın üzərinə mavi boya atmasından sonra qalmaqal daha da şiddətləndi. Çox keçmədən o, beş günlük həbs cəzasına məhkum edildi.  Dərhal, zorakı  hərəkətlərilə ad çıxarmış ultramillətçi və Rusiyayönümlü Alt-İnfo hərəkatı xanım Peradzenin evinin qarşısında  yürüş təşkil etdi. “Patriarxın bu açıqlamalarını və ya Moskva Matronasının bu ikonasını çox da siyasiləşdirməməliyik. Hesab edirəm ki, dünya tarixində böyük rol oynayan bir şəxsiyyətin doğulduğu bir ölkədəyik və bu, insanların niyə ilk olaraq bu liderin qanlı əməllərinə nəzər yetirmədiklərini izah edir. Gürcüstanda gürcü ləhcəsi ilə rus dilində danışıb, planetin yeddidə birini idarə etmiş Stalini üstün tuturuq. Biz buna təəssüf edə bilərik, mən özüm də təəssüf edirəm, amma biz də bunu başa düşməliyik.”[x] Bu fikirləri politoloq və Gürcüstan Ortodoks Kilsəsinin ekspert komitəsinin üzvü Levan Abaşidze səsləndirib.

Gürcüstandakı bir neçə ictimai bölünmə Stalinin simasında təcəssüm edib: gürcü cəmiyyətində əksərən rusiyayönümlü və Moskva ilə açıq-aşkar əlaqələri olan anti-Qərb siyasi qüvvələr ilə avropayönümlü oyunçularla arasında toqquşmalar baş verir. Georgi Kandelaki təəssüflənərək bunları qeyd edir: “2012-ci ildə Gürcü arzusu partiyası hakimiyyətə gələndən bəri ölkəmizdə Stalinin onlarla heykəlinin necə yenidən peyda olmasının şahidi olduq. Bunu 2015-ci ildə İkinci Dünya Müharibəsinin başa çatmasının 70-ci ildönümünü qeyd edən zaman qələbənin bir gürcü sayəsində əldə edildiyindən, bu günün Gürcüstan üçün nə qədər vacib və xüsusi olduğunu söyləyən o dövrün baş naziri İrakli Qaribaşviliyə də şamil etmək olar.”[xi] Qeyd edək ki, Gürcüstanda İkinci Dünya müharibəsinin bitməsi ilə bağlı şənliklərin indi Rusiyada olduğu kimi mayın 9-da, yaxud Qərbdə olduğu kimi mayın 8-də keçirilməsi ilə bağlı müzakirələr gedir.

Bu sivilizasiya döyüşü zərərsizdir. Bu, cəmiyyətin növünə, dövlətə, idarəçiliyə, eləcə də gürcülərin arzuladığı həyata dərindən sirayət edir. “Bu səbəbdən həm rusların, həm də bəzi yerli qüvvələrin təbliğatı gürcülərin böyük əksəriyyətinin Avropa və Qərb istəklərinə qarşı mübarizədə Stalin fiquruna güclü şəkildə arxalanır. Hesab edirəm ki, informasiya uğrunda dezinformasiyaya qarşı hazırkı mübarizədə yaddaşla bağlı məsələlər nəzərə alınmalıdır. Təəssüf edirəm ki, saxta xəbərlərə qarşı cəbhə yaradanlar bunu kifayət qədər qeydə almırlar,” cənab Kandelaki belə hesab edir.[xii]

Bu xüsusda Sovlabın kollektivi tərəfindən Tiflisdəki Höte İnstitutunda bu yaxınlarda təqdimatı keçirilmiş Gürcüstan Stalinə qarşı adlı kitab yenicə çap olunub. Kitab milli arxivlərə giriş imkanlarının getdikcə məhdudlaşdırılmasına baxmayaraq, tarixçilərin bəzən nəşr olunmamış sənədləri araşdırdıqları eksperimental layihədir. Mətnin yazılması tanınmış gürcü yazıçısı Laşa Buğadzeyə həvalə edilib. “Bu, 1921-ci ildə rus dilində nitq söyləyən zaman gürcü fəhlələri tərəfindən fitə basılan və milyonlarla insanın ölümündə məsuliyyət daşıyan gerçək Stalini göstərən materialları təvazökar qələmimlə geniş auditoriyaya çatdırmaq qayəsidir. Bu çox önəmlidir, çünki rus təbliğatı və bu təbliğatı burada yayan qüvvələr, necə ki əski tiranlıqların təkrarlanmasını istisna edib, müasirlik vəd edən Stalinin iyirminci əsrimizi bizdən qopardığı kimi, gələcəyimizi də əlimizdən alırlar,”  – deyə Buğadze bildirib.[xiii]

Qeyd və istinadlar


[i] MDİ (Milli Demokratiya İnstitutu), “Gürcülərin nəbz yoxlanışı  – 2023-cü ilin martında aparılmış telefonla soğudan (MDİ üçün CRRC-Gürcüstan tərəfindən 2023-cü ilin martında aparılmışdır, səh.50)

[ii] Müəllifin Giorgi Kandelaki ilə müsahibəsi

[iii] https://twitter.com/ReimaginingG/status/1655548406947885056

[iv] “Pederast” sözünə aid neologizm. Keçmiş Sovet İttifaqı respublikalarında sağçılar liberallara hücumlarında tez-tez homoseksuallıqdan istifadə edirlər.

[v] Müəllifin İrma İnaşvili ilə müsahibəsindən

[vi] Müəllifin Beka Mindiaşvili ilə müsahibəsindən

[vii] Müəllifin Nikolay Mitroxin ilə müsahibəsi

[viii] Müəllifin İrma İnaşvili ilə müsahibəsindən

[ix] Müəllifin Beka Mindiaşvili ilə müsahibəsindən

[x] Müəllifin Levan Abaşidze ilə ilə müsahibəsindən

[xi] Müəllifin Giorgi Kandelaki ilə müsahibəsi

[xii] Yenə orada

[xiii] Müəllifin Laşa Buqadze ilə müsahibəsindən

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.