fbpx

Cəmiyyət

Cəmiyyət

Qayə və gerçəklik arasında: Azərbaycan Yazıçılar Birliyinin mənşəyi

Read this article on other language
Download article
image_pdf
image_pdf

2022-ci ilin oktyabr ayında Azərbaycan Yazıçılar Birliyi[1] (AYB) özünün səs-küylü XIII qurultayını keçirdi. Milli Dram Teatrının binasında keçirilmiş tədbir öz iştirakçılarının performativ nitqləri ilə Sovet dövrünün son illərini xatırladırdı.[2] Performativ o mənada ki, nə deyildiyi və ya natiqin öz dediyinə inanıb-inanmadığı o qədər də vacib deyildi. Daha vacib olan çıxış ayinini yerinə yetirmək və hakim diskursa sadiqliyini nümayiş etdirmək  idi. Bu formal oxşarlığa rəğmən, Azərbaycanda hakim diskursun məzmunu dəyişikliyə məruz qalıb və özündə Sovet dövrünə xas utopizmi ehtiva etmir. Stalinizmin məhsulu olan AYB-nin  müasir Azərbaycanda daşıdığı məna və funksiyalar isə öz dövrünün siyasi-ideoloji kontekstində nəzərdən keçirilməlidir.

İndiki zamanın keçmişlə eyniləşdirilməsinin digər üzü keçmişin tamamilə indiyə tabe edilməsidir ki, bu tendensiyanı müstəqillik dövrü Azərbaycan tarixşünaslığının Sovet tarixinə  postkolonial münasibətində müşahidə etmək mümkündür.[3] Özünün formalaşmasında da Sovet millətlər siyasətinin payı az olmayan milli tarixşünaslıq bu siyasəti mərkəzin (Moskva) ucqarlara (qeyri-rus millətlərinə) zorla yeritdiyi və onları nəzarətdə saxlamağa hesablanmış parçala və hökm sür strategiyasının bir hissəsi kimi nəzərdən keçirir. Sovet Yazıçıları İttifaqı (SYİ) isə sözügedən siyasətin ədəbi sferadakı inikası kimi özünün qısnayıcı funksiyasına reduksiya olunur. Nəticədə, Sovet dövrü ədəbiyyatının sosial-siyasi tarixinə dair müzakirələr əsasən repressiyalara və yazıçılar arasındakı intriqalara fokuslanır.[4] Bu məqalə isə AYB-nin  mənşəyini nəzərdən keçirərək mərkəzi periferiyaya, Kommunist Partiyasını ədəbi kadrlara qarşı qoyan ikiqütblü analitik çərçivəyə alternativ və daha kompleks yanaşma sərgiləmək məqsədi daşıyır.

SYİ-nin (həmçinin yerli ittifaqların) tarixindən danışarkən ona iki əsas prizmadan yanaşmaq vacibdir. Birinci baxış bucağı Partiya və ədəbiyyat arasındakı münasibətləri nəzərdən keçirməklə onun institusional əsasları ilə maraqlanır. İkinci prizma isə mərkəz və periferiya ikilisinə köklənərək, Sovet millətlər siyasətinin ideoloji tərəfinə nəzər salır. Uyğun olaraq, məqalənin birinci hissəsi SYİ-nin yaranmasına gətirib çıxaran siyasi proseslərdən və ittifaqın Sovet ədəbi mühitində yol açdığı dəyişikliklərdən bəhs edir. İkinci hissə isə təşkilatın  çoxmillətli Sovet ədəbiyyatının strukturlaşmasındakı roluna həsr olunur. 

Qılınc və Qələm: Partiya və ədəbiyyat münasibətləri

Ədəbiyyat Partiyanın mədəniyyət siyasətində mərkəzi yeri tuturdu. Mütaliənin bolşeviklərin şəxsiyyət kimi formalaşmasında və təşkilatlanmasında oynadığı rolu nəzərə alsaq, bu vəziyyət o qədər də təəccüb doğurmur.[5] Partiyanın diqqətini yazılı ədəbiyyata cəmləməsi çox zaman müəllifin daxili aləminin güzgüsü kimi görülən mətni senzuraya məruz qoymağın asanlığı ilə də izah oluna bilər. Əsas aləti hamının yiyələndiyi dil olan və məhz buna görə də ələçatımlılığı ilə seçilən ədəbiyyatdan fərqli olaraq musiqi və rəssamlıq kimi incəsənət sahələrində ideoloji tənqidin meyarlarını müəyyənləşdirmək daha müşkül məsələ idi. Bu kimi səbəblərdən dolayı Sovet ədəbiyyatı, xüsusən də 1930-cu illərdə digər incəsənət növlərinə öncüllük edirdi və onun təcrübəsi qəlib kimi başqa sahələrə tətbiq olunurdu. SYİ-nin yaradılması ilə özünün pik nöqtəsinə çatan Stalinin mərkəzləşdirmə kampaniyası sözün Sovet cəmiyyətindəki mövqeyini daha da möhkəmləndirmiş oldu. Təsadüfi deyil ki, bəstəkar və rəssamları birləşdirən ittifaqlar yalnız sonrakı illərdə SYİ-nin nümunəsində yaradılmışdı.

Daima diqqət mərkəzində olmaq ədəbiyyat xadimlərinə nüfuz və maddi imtiyazlar bəxş etməklə yanaşı, onları həm də məhrumiyyətlərə düçar edirdi. 1937-ci ilin repressiya qurbanlarının böyük əksəriyyətinin söz adamları olması Stalinizmin digər üzü idi. Hələ 30-cu illərdə Politbüro üzvləri hökümət orqanlarına nəzarəti bölüşdürəndə Stalin məhz mədəniyyətin idarəçiliyini öz öhdəliyinə götürmüşdü. O, ədəbi biliklərinin məhdudluğuna rəğmən, bu sahədə ən xırda qərarın qəbulunda belə iştirak edirdi. Ədəbiyyata bu cür obsessiv müdaxilə “onun bolşevik reallığının və həmin reallığın subyektlərinin istehsalındakı başlıca roluyla bağlı idi.”[6] Partiyanın Sovet yazıçısından ideoloji məhsuldarlıq tələbi öz simvolik əksini insan ruhunun mühəndisləri (injeneri çeloveçeskix duş) metaforasında tapmışdı. Mərkəzi Komitəni Sovet Yazıçılarının I Qurultayında təmsil edən A. A. Jdanovun öz çıxışı zamanı Stalinə istinad edərək işlətdiyi bu bənzətmə birinci beşillik planla başlayan sənayeləşmə çağının məhsulu idi. Jdanova əsasən, insan ruhunun mühəndislərinin əsas məqsədi “reallığı özünün inqilabi təşəkkülündə təsvir etməkdir.”[7] Həmin reallığın subyektləri isə onu öz əlləriylə qurmaqda olan; həm yaradan, həm də Sovet ədəbiyyatı vasitəsilə yaradılan zəhmətkeşlər idi. Mühəndis bənzətməsi həmçinin  ədəbi mühitin yeknəsəqləşməsi və Sovet yazıçısının bürokratik aparatın bir hissəsinə çevrilməsi prosesinin əlamətlərindən biri idi. 

Müqəddimə: 1920-ci illər

Sovet tarixini birmənalı şərh etmək çətindir. O, bir tərəfdən gələcəyə yönəlmiş hürriyyət layihəsi, digər tərəfdən isə 30-cu illərdə öz pik həddinə çatmış, Kommunist Partiyasının cəmiyyətin bütün sahələrinə nüfuz etmək səyləri ilə xarakterizə olunan paranoya maşını idi. Bu ikitirəlik bir çox tarixçilər tərəfindən Sovet təcrübəsinin müasirliyin (modernity) bir modeli olması ilə əlaqələndirilir. Aleksey Yurçakın Lefort paradoksu[8] adlandırdığı sözügedən fenomen müasirliyin əsas xüsusiyyətlərindən biri olub tərəqqiyə çağıran maarifçi şüarın mövcud gerçəklik daxilində yetərsizliyindən irəli gəlir. Şüarın irəliyə doğru davamlı yubadılması radikal dəyişikliyin hələ gerçəkləşmədiyi gerçəkliyi daha çox nəzarətdə saxlamağı tələb edir. Bu modern təşviş Bolşevizmin ədəbiyyata münasibətində də öz əksini tapmışdı.

Sovet hakimiyyətinin ilk illərində Partiyanın gündəmində olan əsas məsələ köhnə rejimin yetişdirdiyi yol yoldaşları (poputçiki) ilə radikal proletar yazarlar arasında balans yaratmaq idi. Bu cür mötədil siyasətin əsasında inqilabdan sonrakı dönəmdə proletarların ədəbi istehsal vasitələrini ələ keçirməyə hazır olmaması gerçəkliyi dayanırdı. 20-ci illərin ədəbi siyasəti proletar ədəbiyyatının triumfunun vəd edildiyi gələcəyin tarixi reallıqlara uduzmasından doğurdu. Trotskinin Partiyanın incəsənət siyasəti məqaləsi də Yeni İqtisadi Siyasətin (NEP) ədəbiyyatda analoqu olan Partiya mövqeyini ifadə edirdi: “Partiya tarixi prosesə deyil, proletariata bələdçilik edir. Bəzi sahələrdə partiya birbaşa və amiranə bələdçilik edir. Elə sahələr var ki, orada nəzarət və kömək edir. Başqalarında ancaq kömək edir. Nəhayət, elə sahələr var ki, orada öz rolunu axtarır. Partiya incəsənətə əmr verə bilməz. O, sadəcə qoruya, kömək edə və dolayı yolla bələdçilik edə bilər və etməlidir.”[9] Trotskinin köhnə rejim nümayəndələrinə yumşaq münasibəti Kommunist Partiyasının 18 iyun 1925-ci il tarixli Partiyanın bədii ədəbiyyat sahəsində siyasəti qətnaməsində də təkrarlanırdı.[10]

Özünün mülayim tonuna rəğmən nə Trotskinin, nə də Partiyanın yanaşması ədəbiyyata ideoloji iş xaricində mövcudluq tanımırdı. Leninin hələ 1905-ci il inqilabından sonra çap olunmuş Partiya təşkilatlanması və partiya ədəbiyyatı məqaləsi Bolşevizmin dəftərində neytral ədəbiyyat anlayışına yer olmadığından xəbər verirdi: “Ədəbi iş ümumi proletar işinin bir hissəsi, işçi sinfinin şüurlu avanqardının hərəkətə gətirdiyi vahid və böyük sosial-demokrat mexanizminin bir vinti olmalıdır. Ədəbi iş təşkilatlanmış, planlaşdırılmış və vahid sosial-demokrat partiya işinin bir hissəsi olmalıdır.”[11] Sonralar SYİ-nin yaradılması və Sosialist Realizminin rəsmi janr elan edilməsi ilə daha da möhkəmlənmiş, ədəbi prosesə hər cür müdaxiləyə haqq qazandıran bu dünyagörüşü Sovet İttifaqının son günlərinədək öz mövcudluğunu qorumuş ehkam idi.

Sözügedən dövrdə bir-biriylə mübarizə aparan yüzlərlə ədəbi təşkilat və dərnəyin mövcudluğu şəraitində ədəbiyyata münasibətdə vahid siyasi xəttin yoxluğu daima dəyişən maraqların nəzərə alınmasını tələb edirdi. Başqa sözlə, “Partiya hər hansı bir qrupa birbaşa dəstək olmaqdan imtina etməklə və qərarvermə azadlığını özündə saxlamaqla hakim mövqeyini qorumuş olurdu.”[12] Ədəbi sferadakı hərc-mərcliyin qarşısını almaq və proletar yazarların poputçiklərlə höcətini yatırmaq məqsədilə 1925-ci il qətnaməsinə tərəfdar ruhda yaradılmış Sovet Yazıçıları Birliyi Federasiyası[13] (FOSP, 1927) belə mövcud vəziyyətdə köklü dəyişikliyə gətirib çıxarmadı. Əksinə, Stalinin birinci beşillik planı elan etməsi ilə Partiyanın köhnə yazarlara münasibətdə güzəştli mövqeyinin proletar qrupların xeyrinə dəyişməsi Federasiyanın ilkin məramını sual altında qoydu. Rusiya Proletar Yazıçıları Assosiasiyası (RAPP) tezliklə monopoliyanı ələ keçirərək Federasiyanı özünə tabe etməyə və faktiki olaraq Partiyanın ədəbi sferada  vuran əlinə çevrilməyə nail oldu.[14]

Sovet hakimiyyəti digər periferiyalarda olduğu kimi Azərbaycanda da daha gec möhkəmlənmişdi. Bu həm vətəndaş müharibəsinin qarğaşası, həm də  YİS-in ucqarlara münasibətdə güzəştli mövqeyi ilə izah oluna bilər. Nəticədə, 20-ci illərin Azərbaycan ədəbiyyatı Çar Rusiyası dövründə formalaşmış söz adamlarının inhisarında qalıb özünün inqilabdan öncəki romantik füyuzatçılıq və maarifçi realizm istiqamətlərini qoruyub saxlayırdı. Ədəbi özünüifadənin mərkəzlə müqayisədə azadlığı və Partiyanın Bakını Şərq İnternasionalı xəyalının mərkəzinə çevirmə planları radikal poetik formaları təbliğ edən rus şairlərini Bakıya cəlb etmişdi. Bu da formalaşmaqda olan Azərbaycan proletar ədəbiyyatını füyuzatçı ənənəylə avanqard rus ədəbi cərəyanlarının qovuşma nöqtəsinə çevirmişdi.[15] Bakıdakı Şərq Xalqları Qurultayında (1920) yaradılmış Sovet Propaqanda Şurasının 1925-ci ildə təsis etdiyi, proletar yazarları birləşdirən Gənc qızıl qələmlər təşkilatının üzvlərinin yaradıcılığı bu sintezin təcəssümü idi. Təşkilat qısa bir zaman ərzində köhnə ədəbi xadimlərin cəmləşdiyi Ədəbiyyat cəmiyyətini sıxışdırmağa müvəffəq olmuşdu. 1927-ci ildə yaradılmış Qızıl qələmlər cəmiyyəti yol yoldaşları ilə proletar yazarları bir araya gətirsə də, Stalinist mədəni inqilabın aqressiv dalğası cəmiyyətin fəaliyyətinə milliyyətçi sapmalar ittihamıyla son qoymuşdu. Buna baxmayaraq, Qızıl qələmlər buraxıldıqdan sonra onun köhnə ədəbiyyatı təmsil edən üzvlərinin bir çoxu yeni yaradılmış və RAPP-ın yerli analoqu olan Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinə qoşulmuşdular. 

SSRİ Sovet Yazıçıları İttifaqının yaradılması

Politbüronun qəbul etdiyi Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında 23 aprel 1932-ci il qərarı ilə Sovet İttifaqında güc-ədəbiyyat münasibətləri özünün yeni mərhələsinə qədəm qoydu. Qərar proletar  assosiasiyaların ləğv edilməsini və Sovet hakimiyyətini dəstəkləyən bütün yazıçıları yeni yaradılacaq SYİ ətrafında birləşdirməyi nəzərdə tuturdu.[16] Bununla da beşillik planın sonunda proletar ədəbiyyatın püxtələşməsi ilə əlaqədar mövcudluğu artıq lüzumsuz sayılan RAPP-ın əldə etdiyi monopoliya faktiki olaraq Partiyaya ötürülmüş oldu. Eyni ilin 7 mayında Mərkəzi Komitənin Təşkilati Bürosunun qəbul etdiyi qətnamə isə Politbüronun göstərişinin həyata keçirilməsi üçün ittifaq və respublikalar səviyyəsində təşkilati komitələrin yaradılmasını qərara aldı.[17] Təşkilati Komitənin əsas vəzifəsi SYİ-nin strukturunu müəyyənləşdirmək və Sovet Yazıçılarının Ümumittifaq Qurultayına hazırlığı təşkil etmək idi. O, özünün iki illik mövcudluğu ərzində  qəzet və jurnalların redaktorluğunun dəyişdirilməsi, yazıçıların təhsili və maddi təminatı, kitab çapının milliləşdirilməsi, ədəbi briqadaların təşkili və digər ədəbi-təşkilati məsələlərin həllinə nail oldu. Siyasi cəhətdən isə Partiya Təşkilati Komitənin (daha sonra İttifaqın) daxilində öz fraksiyasını yaratmaqla ədəbi prosesə birbaşa nüfuz etmək imkanlarını genişləndirdi.

1932-ci il qərarının əsas məqsədi Sovet yazıçısını mərkəzləşmiş güc aparatı ətrafında birləşdirmək idi. Bu bürokratikləşmə prosesi öz əksini Təşkilati Komitənin ilk plenumunun gündəliyində mərkəzi yer tutan dəstəbazlıqla (qrupovşina) mübarizə kampaniyasında tapmışdı. Plenumda köhnə yazarlara münasibətdə yumşalma müşahidə olunsa da, bu, yol yoldaşlarının neytral ədəbiyyat çağırışına tolerant münasibətin deyil, onlara hakim yanaşma ətrafında birləşmək şansının verilməsinin göstəricisi idi.[18]

SYİ-nin əmələ gətirdiyi ədəbi mövcudluq şəkli Sovet yazıçısı modelini  formalaşdırmağa nail oldu. Sovet ədəbi müzakirələri ədəbiyyatın əsasən özündən kənar və ya özüylə birbaşa əlaqəsi olmayan tarixi faktorlarla qarşılıqlı əlaqəsinin kontekstində baş tuturdu. Stalinizmin daha da kəskinləşdirdiyi bu şüurlu tarixiləşmə[19] yazıçılıq işinin nəzəri aspektlərindən daha çox zamanın hökmünə tabe olan praktiki yanını ön plana çıxarırdı. Artan mərkəzləşmə sözügedən praktikliyin şəxsi təzahürləri üçün də münbit şərait yaratmışdı. Kerol Emiyə əsasən, SYİ-nin əsas məqsədi Sovet yazıçısının dövlət kadrına çevrilməsi idi və təşkilat bu istiqamətdə üç əsas funksiyanı yerinə yetirirdi: “Təşkilatlanmış müzakirələr vasitəsilə partiya siyasətini yazıçılara çatdırmaq; yazıçıların zavodlara, kolxozlara və tikinti layihələrinə səfərini maliyyələşdirməklə kommunist ədəbiyyatının yaradılmasını təmin etmək və ədəbiyyat xadimlərinin maddi ehtiyaclarını qarşılamaq.”[20] İnqilabdan sonra fəaliyyəti dayandırılmış Ədəbiyyat Fondunun (Litfond) yenidən qurulması sonuncu funksiyanın həyata keçirilməsində mərkəzi rol oynayırdı. Fondun Moskva yaxınlığında (Peredelkino) yazıçılar üçün tikdiyi bağ evləri kompleksi mərkəzdə hadisələrin yeni gedişindən yararlanan tərəfin təkcə Partiya olmadığının bariz nümunəsi idi. Bunu bir çox yazıçıların bağ evi siyahısına düşmək üçün göstərdiyi canfəşanlıqdan görmək olar.[21] Əlbəttə ki, ədəbiyyat xadimlərinə göstərilən dəstək onların özlərini mövcud diskurs daxilində nə cür ifadə etmələrindən asılı idi. Bu vəziyyət bir sıra yazıçıları ədəbi mühitdən təcrid edərək yaradıcı sükuta məhkum etmişdi. Ancaq onu da danmaq olmaz ki, Stalinizmin Sovet yazıçısına bəxş etdiyi imtiyazlar onu düçar etdiyi repressiyalar qədər tarixi baxımdan presedentsiz idi.[22] 

Sovet millətlər siyasəti və ədəbiyyat

SYİ-nin yaradılması Partiya ilə ədəbiyyat xadimləri arasında münasibətləri formal müstəviyə daşımaqla bərabər, həm də çoxmillətli Sovet İttifaqında qeyri-rus xalqlarının ədəbiyyatına nəzarət mexanizmlərini yaratmış oldu. 1920-ci illərdə Moskvanın nəzarətindən demək olar ki, kənarda qalmış milli ədəbiyyatların mərkəzə hesabatlılığı Stalinizmin yaratdığı milli ədəbi kadrlar və sistematik tərcümə işi vasitəsilə artmış oldu. Bu istiqamətdə atılmış həlledici addımlardan biri Sovet yazıçılarının təlim-təhsili ilə məşğul olmaq üçün 1933-cü ildə yaradılmış Qorki adına Ədəbiyyat İnstitutu, digəri isə 1939-cu ildən buraxılan və milli ədəbiyyatları rus dilində geniş Sovet oxucusuna çatdıran Xalqlar dostluğu almanaxı (Drujba narodov) idi. Ədəbi kadrlar yerlərdəki vəziyyət, həmçinin sinfi düşmənlər haqqında informasiyanın (donos) mərkəzə ötürülməsində mühüm rol oynayırdılar. Buna baxmayaraq, Partiyanın milli respublikalar haqqında hər hansı məlumat əldə edə bilməsi yalnız yerli nümayəndələrin vasitəçiliyi ilə mümkün idi, çünki mərkəzdəkilər periferiya xalqlarının dillərini öyrənməkdə nadirən maraqlı idilər.[23] Bu isə milli nümayəndələrə öz mədəni müqəddəratlarını müəyyən etməkdə düşünüldüyündən daha çox azadlıq vermiş olurdu.

Yüksək Stalinizm dövrü Stalinin bir ölkədə sosializm qurmaq ideyası ilə əlaqələndirilib çox vaxt Trotskisayaq inqilaba xəyanət və 20-ci illərin beynəlmiləlçiliyindən uzaqlaşma kimi analiz olunur. Ancaq 30-cu illərin sonuna doğru inqilabi şövqün get-gedə sönükləşməsinə baxmayaraq, Stalinist diskurs özünün utopikliyini tamamilə itirməmişdi.[24] SYİ  dövrün artan etatizminin təzahürü olmaqla yanaşı, həm də xalqlar dostluğu ideyası ətrafında birləşən və ya birləşdirilməyə çalışılan çoxmillətli Sovet ədəbiyyatını qalıcı bir instituta çevirdi. Bu ədəbiyyat qeyri-rus millətlərinin özünüifadə şəklini hər nə qədər qəlibə salsa da, özündə onlar arasında fərqlərin bir gün yoxa çıxacağına dair inamı qoruyub saxlayırdı.

Sovet Millətlər Siyasəti

Çar Rusiyasının tabeliyində olmuş periferiyaların (Qafqaz və Mərkəzi Asiya) Qırmızı Ordu tərəfindən ələ keçirilməsi və SSRİ-nin tərkibinə qatılması anti-imperialist bolşevik hakimiyyəti qarşısında vəzifə qoymuşdu ki, özünü hər vəchlə köhnə rejimdən ayırd etsin. Bunun nəticəsi isə müsbət ayrıseçkilik vasitəsilə böyük rus şovinizmindən əziyyət çəkmiş etnik qruplar üçün tarixi ədaləti bərpa etməyi qarşısına məqsəd qoymuş Sovet millətlər siyasəti idi.[25] Millətlər siyasəti bolşeviklərin ucqarlardakı milli quruculuğa ikitirəli münasibətilə xarakterizə oluna bilər. Bu ikitirəlik öz əksini siyasi millətçiliyə münasibətdə kəskin antoqonizmlə milli mədəniyyətləri (formaca milli, məzmunca sosialist) dəstəkləyən etnik partikulyarizmin (etnik mənsubiyyətin təbii fakt kimi qəbul edilməsi) birgə mövcudluğunda tapmışdı.[26]

Gerçəklikdən öndə gedən sinifsiz cəmiyyət vədi ucqarların Moskva vaxtıyla paralel olmayan tarixi inkişafı və ya bolşeviklərin diliylə desək, periferiyanın geridəqalmışlığı səbəbindən daha da yubanırdı. Sovet millətlər siyasətinin məqsədi isə mərkəzlə periferiyanın tarixi saatını eyni vaxta kökləmək idi. Marksizmin mərhələli tarix ideyasından qaynaqlanan bu siyasət milli quruculuğu sinifsiz cəmiyyətə keçid mərhələsi kimi zəruri şər hesab edirdi. Zəruri şər millətlərin vəhdətinin (sliyanie) qeyri-müəyyən vaxta qədər təxirə salındığı şəraitdə xroniki hal alaraq Sovet sisteminin daimi elementinə çevrildi. Milli olanı beynəlmiləllə ayrılmaz cütlüyə çevirmiş bu prosesin müjdəsini Stalinin türkmən kolxozçuları ilə 1935-ci il görüşündə irəli sürdüyü və sinfi təsnifatdan uzaq olan xalqlar dostluğu şüarı verdi. Stalinizmin etnik-ərazi əsaslı mədəni millətçiliyi vasitədən öz-özlüyündə məqsədə çevirən və klassiklərə qayıdışla xarakterizə olunan sağa tərəf meylliliyi heç də utopiyadan tamamilə imtina kimi anlaşılmamalıdır. Əksinə, birinci və ikinci beşillik planların Stalinin təbirincə daxildəki sinfi düşmənlərin axırına çıxması yeni xalqlar dostluğu xəyalını şərtləndirirdi. 

Çoxmillətli Sovet ədəbiyyatı dünya ədəbiyyatı kimi

Son zamanlar Sovet tarixşünaslığında və müqayisəli ədəbiyyat sahəsində geniş müzakirə olunan mövzulardan biri çoxmillətli Sovet ədəbiyyatına dünya ədəbiyyatı nümunəsi kimi yanaşmağın mümkünlüyüdür. Dünya ədəbiyyatı haqqında nəzəriyyələri deskriptiv və normativ olmaqla iki yerə bölmək olar. Deskriptiv nəzəriyyələr dünya ədəbiyyatını milli ədəbiyyatların toplusu kimi gördüyü halda normativ nəzəriyyələr bununla kifayətlənməyib həm də ədəbiyyatın beynəlmiləl olmalı olduğu haqqında dəyər mühakiməsi yürüdür.[27] Suzi Franka görə, çoxmillətli Sovet ədəbiyyatı ilə “ədəbiyyata humanizmin universal dəyərlərinə əsaslanan tərbiyə vasitəsi kimi”[28] yanaşan normativ nəzəriyyələr arasında oxşarlıq var. Onu qeyd etmək vacibdir ki, sözügedən universal humanizm heç də bəşərin immanent dəyərə sahib olması fikrinə əsaslanmırdı.[29] Kökündə insanın mövcud gerçəklik daxilində çatışmazlığı və bu çatışmazlığın islah oluna biləcəyinə dair inam yatan Sovet humanizmi özünün gələcəyə doğru yönəlmiş vahid və transendent insan modelinə əsaslanaraq qeyri-insani olanı ram etməyə çalışırdı. Təsadüfi deyil ki, bolşeviklər Sovet xalqlarını mədəni qərb geridəqalmış şərq olmaqla iki qrupa bölmüşdülər. Bir etnik qrupun nümayəndələrinin digərindən daha az insan olması məntiqinə əsaslanan bu iyerarxiya və xilaskar pafosu olmadan paternalist millətlər siyasətini təsəvvür etmək çətindir.

Bu baxımdan  bolşeviklər Qərb missionerlərinin açdığı cığırla hərəkət etmiş kimi görünürlər, amma postkolonial yanaşma  onların nəyə görə qeyri-rus xalqlarının  mədəniyyətlərini inkişaf etdirməyə can atdığını və bu istiqamətdə maddi resurslar səfərbər etməsini izah etməkdə yetərsizdir. Əlbəttə ki, rus dilinin Sovet mədəniyyətləri arasında körpü rolunu oynayan hakim, beynəlmiləl dilə çevrilməsi faktı danılmazdır. Digər tərəfdən isə çoxsaylı etnik qruplardan təşkil olunmuş Sovet imperiyasında müxtəliflikdə vəhdət tapmaq problemli məsələ idi. Əgər millətlər nə vaxtsa bir-birinə qarışıb vahid Sovet xalqını (Sovetskiy narod) əmələ gətirəcəkdisə, bəs o xalqın dili nə olacaqdı?[30] Müxtəliflik heç vaxt ləğv oluna bilmədi, çoxmillətli Sovet ədəbiyyatı isə vahid ədəbiyyata çevrilmək yerinə milli ədəbiyyatların rus dilinin vasitəçiliyi ilə nümayiş etdirildiyi səhnə rolunu oynamaqla kifayətləndi.

Çoxmillətli Sovet ədəbiyyatı yalnız nəzəriyyədə qalan dünya ədəbiyyatı ideyası deyildi. Samuel Hockinin vurğuladığı kimi “dünya ədəbiyyatının qurultaylar, mükafatlar, müxtəlif millətlərin ədəbiyyatını özündə cəmləyən antologiyalar və jurnalların çapı vasitəsilə institutlaşması məhz Sovet İttifaqında baş tutmuşdu.”[31] Sözügedən təşkilatlanma SYİ-nin yaradılması ilə daha da sistematik hal almış oldu. Dünya ədəbiyyatı ideyasının kökləri rus poeziyasının gümüş dövrünə gedib çıxsa da, onu reallaşdırmaq üçün görülmüş tədbirlər sporadik olmaqla yanaşı, həm də özünün qərbyönümlülüyü ilə seçilirdi. Məsələn, maarif naziri Lunaçarskinin dəstəyi ilə yaradılmış Vsemirnaya literatura (Ümumdünya ədəbiyyatı, 1918-1924) nəşriyyat evinin şərq ədəbiyyatı silsiləsindən olan nəşrləri Çar Rusiyası dövrünün şərq ədəbiyyatını ekzotik araşdırma obyektinə çevirmiş şərqşünaslıq (orientalizm) ənənəsini davam etdirirdi.[32] Ümumiyyətlə, milli ədəbiyyatlar mərkəz tərəfindən geridəqalmış hesab olunur, rus  təcrübəsi isə Sovet xalqları üçün etalon xarakteri daşıyırdı. Rus ədəbiyyatının 19-cu əsrdə dövlət müdaxiləsi ilə ildırımsürətli inkişafı qərb modeli əsasında baş tutmuşdu və özünün nailiyyətlərinin qərb tərəfindən tanınmasına can atırdı. Milli respublikalarda 30-cu illərdə başlayan sürətli ədəbi quruculuq işləri sözügedən qərbmeyilli təcrübənin ikinci əl tətbiqi idi.[33]

Moskvada yazarların bağ evi növbəsinə düzüldüyü bir vaxtda 1932-ci il qərarı ilə qəfil üzləşən əksər  qeyri-rus xalqlarının ədəbiyyatı maddi məhdudiyyətlər içərisində öz mövcudluğunu qorumağa çalışırdı. Kitab çapı üçün kağız çatışmazlığı, olan-qalan yazıçıların idarəçiliyə cəlb olunması və ədəbi tənqidin zəifliyi Təşkilati Komitənin müzakirələrində yerli nümayəndələrin şikayətləndiyi ən aktual problemlər idi.[34] Bu baxımdan Sovet Azərbaycanının vəziyyəti də ürəkaçan deyildi. Azərbaycan milli ədəbiyyatı hələ inqilabdan öncəki illərdə formalaşmağa başlasa da, həmin dövrü milli hərəkatların  birinci mərhələsinə aid edə bilərik.[35] Sözügedən mərhələ intellektual azlığın milli kimlik axtarışı ilə xarakterizə olunur. Sonrakı illərin təlatümü isə milli ədəbiyyatın təşkilatlanması və geniş oxucu kütləsi arasında yayılmasını qeyri-mümkün etmişdi. Bunun üçün münbit şərait stabilliyin qismən bərpa olunduğu 30-cu illərdə yaranmışdı. Millətlər siyasətinin ironiyası da ondan ibarət idi ki, Sovet Azərbaycanı faktiki suverenliyi olmaya-olmaya suveren millətlərə xas olan populyar milli mədəniyyətin formalaşmasına nail olmuşdu.

Təşkilati Komitənin ümumittifaq plenumlarında Azərbaycan nümayəndəsi şair Tağı Şahbazi də milli təşkilati komitənin şəraitsizliyindən və nəşriyyatların maddi çətinliklərindən şikayət edirdi.[36] Digər yerli nümayəndələr kimi o da qurultaya hazırlıq üçün mərkəzdən maddi dəstəyə ehtiyacın olduğuna eyham vururdu. Bütün bu şikayətləri nəzərə alan Təşkilati Komitə yerlərə briqadalar göndərmək qərarını qəbul etdi. Böyük əksəriyyəti nüfuzlu rus yazıçılarından ibarət briqadaların əsas məqsədi yerlərdə ədəbiyyatın cari vəziyyətini, təşkilati komitələrin işini araşdırıb onlara köməklik göstərmək və şahidi olduqları mənzərəni mərkəzə məruzə etmək idi. Mərkəzdən gələn yazıçılar çox nadir hallarda milli ədəbiyyatların inkişafına can yandırırdılar. Məsələn, Azərbaycana göndərilən briqadaya rəhbərlik etmiş keçmiş RAPP üzvü Moisey Averbaxın işə səhlənkar münasibəti barədə üçüncü plenumda səslənən şikayətlərdən sonra Təşkilati Komitənin Katibliyi Bakıya Aleksandr Afinogenovun başçılığı altında yeni komanda göndərmişdi. Mərkəz yazıçılarının yerlərdəki ədəbiyyata ötəri yanaşması ondan irəli gəlirdi ki, onlar briqada səlahiyyətlərini Moskvada baş verən əsas müzakirələrdən və yaradıcı fəaliyyətdən yayındıran ikincidərəcəli iş kimi görürdülər.[37] Bütün bunlara baxmayaraq, briqadaların fəaliyyəti periferiya ədəbiyyatına mərkəzdən gələn diqqətin və ən əsası maddi dəstəyin artmasına səbəb oldu. Yerli nümayəndələrin təkidi və mərkəzin müxtəliflikdə harmoniyanı proyeksiya etmək tələskənliyi bir araya gələrək bu irəliləyişi mümkün etmişdi. 

Sovet Yazıçılarının I Qurultayı

Qurultayın ilk günündə həmin ərəfədə Stalinin ədəbi ikonaya çevirdiyi Maksim Qorki qərb və rus ədəbiyyatı tarixinə dair uzun mühazirəylə çıxış etmişdi . O, çıxışının sonuna yaxın qeyri-rus ədəbiyyatlarını yada salaraq, Sovet ədəbiyyatının “ancaq rus ədəbiyyatından ibarət olmadığını”[38] bildirsə də, bu faktı vurğulamağa ehtiyac duyması vurğulanan faktın özündən daha maraqlıdır.  Yazıçının sözlərinə görə, “milli azlıqların ədəbiyyatı da Puşkinlər yaratmaq qabiliyyətindəydi.”[39] Qorkinin bu ifadəsi rus ədəbiyyatının təcrübədə üstünlüyünə eyham vursa da, onda milli müstəsnalıqdan əsər-əlamət yoxdur. Yazıçıya görə, rus ədəbiyyatının yüksək mövqeyi rus xalqının fitrətən üstünlüyündən irəli gəlməyib müəyyən tarixi inkişaf prosesinin nəticəsi idi. Müstəmləkə zülmü altında əzilmiş xalqlar isə Sovet dövrünə qədər həmin prosesdən məhrum idilər.

Milli respublikalarda ədəbi institutlaşmanın geridə qalması səbəbiylə qurultaya hazırlıq zamanı onlar qarşısında iki əsas vəzifə qoyulmuşdu: ideoloji baxımdan adekvat milli ədəbiyyat tarixini yazmaq və özünün yazıçılar ittifaqını formalaşdırmaq. Qurultayın ilk günündə söz verilən milli nümayəndələrin hər biri təmsil etdikləri respublikanın ədəbi tarixi haqqında mühazirəylə çıxış etmişdilər. Onlar ədəbiyyat tarixini orta əsrlərdən ta Sovet hakimiyyəti illərinə kimi nəql edərək müxtəlif dövrlərdə, bir-birindən fərqli mühitlərdə yetişmiş şair və yazıçıları vahid milli şüurun fasiləsiz axınının bir hissəsi kimi təsvir edirdilər.

Çoxmillətli Sovet ədəbiyyatının digər xüsusiyyətlərindən biri də onun yazılı ədəbiyyata, xüsusilə monumental roman janrına köklənməsi idi. Bu isə milli əlifbası olmayan və ana dilində yazılı ədəbiyyatı yeni inkişaf etmiş millətlərin ədəbi tarix yaratmaq səylərini daha da çətinləşdirirdi. Stalinizmin yüksək mədəniyyət və monumentalizm sevdası hələ 20-ci illərin ortalarına qədər ərəb əlifbasını işlətmiş və rus işğalından öncə farsdilli ədəbi orbitin bir hissəsi olmuş Azərbaycanın vəziyyətini o qədər də üstün qılmırdı. Azərbaycan Yazıçılar İttifaqının ilk sədri Məmmədkazım Ələkbərli qurultaydakı çıxışında Azərbaycan ədəbi tarixini Zibeydə Xatun adlı, deyilənə görə türk, fars və ərəb dillərində yazıb-yaratmış 8-ci əsr şairindən başlamışdı.[40] Kimliyi sual doğuran bu personaj milli kanona qatılmağa müvəffəq olmasa da, azərbaycanlı rəsmilərin öz milli ədəbiyyatlarının tarixi dərinliyini nümayiş etdirmək səylərinin  təcəssümü idi. Sözügedən meyil öz əksini həm də əsərləri dövrümüzə fars dilində gəlib çatmış, özü isə çox güman ki, 12-ci əsrdə Gəncədə yaşayıb-yaratmış Nizami Gəncəvinin milli kanona salınması və Azərbaycanın Puşkini statusunu qazanmasında tapmışdı. Şeirlərini həm də türkcə yazmış və bu baxımdan daha az problematik olan digər namizəd Məhəmməd Füzulinin (16-cı əsr) ədəbi pyedestala qaldırılmamasının səbəbi də məhz qədimlik prinsipi idi.

 I Qurultaya qədərki dövrdə  çoxmillətli Sovet ədəbiyyatının kanonları hələ tam oturuşmamışdı. Məsələn, Əlişir Nəvai özbək xalqının Puşkininə çevrilənə qədər Azərbaycan və Türkmənistan da şairə iddia edirdi.[41] Milli təmsilçilərin qurultaydakı çıxışları bu kimi fikir ayrılıqlarına son qoymağa və milli ədəbiyyatların gələcək trayektoriyalarını cızmağa yardımçı oldu. Əgər əsrin əvvəllərində Firudin bəy Köçərlinin yazdığı Azərbaycan türklərinin ədəbiyyatı bir milli intellektualın öz irsini kəşf etmək cəhdi idisə,[42]  Stalinist millətlər siyasəti bu irsin sadə xalq arasında populyarlaşması və milli yaddaşda bərkidilməsi üçün lazım olan təşkilati strukturları təmin etmiş oldu.

Çoxmillətli Sovet ədəbiyyatının ayinləri

Yazıçılar İttifaqının yaranması ilə təsisatlaşan çoxmillətli Sovet ədəbiyyatı normativ ideal olmaqla yanaşı, həm də bir çoxu dövrümüzə qədər öz mövcudluğunu qoruyub saxlayan ədəbi ənənələrin formalaşmasında həlledici rol oynamışdı. Bu ədəbi ənənələri linqvistik və mərasim xarakterli olmaqla iki şərti qrupa bölmək olar. Tərcümə və antologiyalar Sovet xalqlarını mətndə görüşdürürdüsə, qurultay, dekada və yubiley kimi mərasimlər onları fiziki olaraq bir araya gətirirdi. Bu görüş özünün romantikləşdirilmiş təsvirində yer almayan praktiki problemlərin Sovetsayağı həllinin nəticəsi idi.

Dilin milli spesifikliyi səbəbindən tərcüməsiz dünya ədəbiyyatının mövcudluğunu təsəvvür etmək çətindir.[43] Bu  vəziyyət müxtəliflikdə harmoniya tapmağa çalışan çoxdilli Sovet imperiyasında da tərcüməni zəruri edirdi. Rus dilinin Sovet xalqlarının bir-biriylə tanışlığı üçün praqmatik həll yolu hesab olunmasına baxmayaraq, Sovet tərcümə təcrübəsi təkcə rus və qeyri-rus ədəbiyyatları arasında ünsiyyət kanalı deyildi. O, özündə milli ədəbiyyatlar arasında tərcüməni də ehtiva edirdi.[44] Periferiya mətninin Moskvaya səyahətini  sətiraltı tərcümə (podstroçniki) reallaşdırırdı.[45] Çox vaxt anonim qalan sətiraltı tərcüməçilər orijinal mətnin rus dilinə hərfi tərcüməsini həyata keçirirdilər. Meydana gələn yeni mətnin bədii tərcüməsini edən mərkəzdəki yazıçı və şairlərin böyük əksəriyyəti isə tərcümə etdikləri dili bilmirdilər. 1939-cu ildə Vladimir Luqovskoy və Səməd Vurğunun redaktorluğu ilə mərkəzi dövlət nəşriyyatı GİXL tərəfindən nəşr olunmuş Azərbaycan şeiri antologiyası da sətiraltı tərcüməyə əsaslanırdı. Antologiyanın çapı Azərbaycan ədəbiyyatının Sovet kanonunda debütü və dolayı yolla dünya ədəbiyyatına çıxışı hesab oluna bilər.[46] O, eyni zamanda trayektoriyası Ələkbərlinin nitqində cızılmış milli ənənə quruculuğunda önəmli irəliləyiş idi.

Stalinizmin repressiya və məhrumiyyətlərinin fonunda artan bayram abu-havası Sovet hakimiyyətinin öz vətəndaşlarıyla emosional bağ quraraq özünə legitimlik qazanmaq cəhdi idi.[47] Eynilə SYİ-nin yaranmasının təntənəli şəkildə qeyd edildiyi I Qurultay da Partiyanın daxili auditoriyaya aşılamaq, xarici tamaşaçıya (imperialist qərbə) isə sübut etmək istədiyi müxtəliflikdə vəhdətin teatrallaşdırılmış mücəssəməsi idi. Bu cür mərasimlər həmçinin müxtəlif xalqların nümayəndələrinin bir araya gəldiyi beynəlmiləl görüş məkanı idi. Belə bir tribunanın mövcudluğu milli respublikalara öz ədəbi kanonlarını yaratmaq və onları Sovet xalqları önündə sərgiləmək imkanı yaradırdı.

Mədəniyyətin mərkəzdə nümayişi yerli kadrlar üçün xüsusi əhəmiyyət daşıyırdı, çünki bununla onlar özlərinə ümumittifaq səviyyəsində diqqət cəlb etməyə nail olurdular. Moskvada keçirilən incəsənət dekadaları (on gün davam edən tədbirlər silsiləsi) özünün canfəşanlığı ilə seçilirdi. Bunu Azərbaycan rəhbərliyinin (Mircəfər Bağırov) Moskvada milli musiqi və xalq yaradıcılığının nümayişinə həsr olunmuş Azərbaycan incəsənətinin dekadasına (1938) hərtərəfli hazırlığından görmək mümkündür.[48] Ancaq ədəbiyyat Sovet mədəniyyətinin məhək daşı idi. Millətin sivilliyinin başlıca nişanəsi kimi görülən yazılı söz tarixi Sovet millətlərinin bir növ keçid ayini (rite of passage) kimi nəzərdən keçirilə bilər.  Bədii yetkinlik böyük önəm kəsb edib xüsusi mərasimlə qeyd olunmalıydı. 1938-ci il dekadasında isə Azərbaycan yazılı ədəbiyyatı  yetərincə təmsil olunmamışdı . Xüsusi olaraq milli ədəbiyyata həsr olunmuş 1940-cı il dekadası bu çatışmazlığı aradan qaldırmaq məqsədi daşıyırdı.[49] Dekadada  ədəbi irsinin qədimliyini sərgiləməklə Azərbaycan özünü Stalinist sivilizasiyanın layiqli nümayəndəsi kimi təsdiqləmiş olurdu.

30-cu illərin ədəbi həyatında digər mühüm hadisə Puşkinin ölümünün yüzillik yubileyi idi. 1937-ci ildə bütün Sovet İttifaqı boyunca təntənəli surətdə qeyd olunmuş və Puşkini qəhrəman zirvəsinə ucaltmış yubiley dövrün klassiklərə qayıdışının əlaməti olub, həm də 20-ci illərdə boğulmuş rus milli qürur hissinin reabilitasiyasını müjdə verirdi.[50] Bu hadisə-tədbir digər Sovet xalqlarını da öz milli şairlərini qeyd etməyə həvəsləndirərək Sovet yubiley təcrübəsinin etalonuna çevrilmişdi. Sovet yubiley praktikası müxtəlif şəxsiyyətlərin, tarixi hadisələrin və institutların ildönümünü əhatə etsə də, hər bir respublikanın öz milli dühasını qeyd etməsi xüsusi əhəmiyyətə malik idi. Milli şüurun ali daşıyıcısı kimi görülən dahi şair obrazı romantik millətçiliyin ənənəvi komponentlərindən biridir. Eyni zamanda onun özünə Stalinist diskursda yer tapması üçün beynəlmiləl dildə danışması (və ya danışdırılması) labüd idi. Bu labüdlüyün digər ucunda yerli kadrların öz ədəbi dühalarının dünya ədəbiyyatı səviyyəsində tanınmasından doğan qürur hissi vardı.

Gürcüstan öz dühasını (Şota Rustaveli) digər respublikalardan daha əvvəl anmağa  müvəffəq olmuşdu. Şairin elə 1937-ci ildə baş tutmuş 750 illik yubileyi qeyri-rus xalqları üçün presedent yaratmış tədbir idi.[51] Zaqafqaziya (Cənubi Qafqaz) xalqları arasında mərkəz tərəfindən daha da qızışdırılan mədəni rəqabətə baxmayaraq, Azərbaycanın hələ ədəbiyyat dekadasından bəri hazırlığına başladığı Nizami Gəncəvinin 800 illik yubileyi yalnız 1947-ci ildə baş tutmağa müvəffəq olmuşdu. Buna səbəb Nizaminin milliləşdirilməsindən doğan diskursiv və təşkilati problemlər idi. Şairin azərbaycanlaşdırılmasına geyindirilən ideoloji don yerli kadrların  millətlər siyasəti diskursundan necə yararlandığının nümunəsi idi. Belə ki, Nizaminin farsların zülmü altında azərbaycanca yaza bilməməsi və xilaskar Sovet hakimiyyətinin (başda Stalin olmaqla) bu tarixi yanlışı düzəltməsi kimi epik bir ssenari dövrün nəbzini tutmağı bacarmışdı.[52] Təşkilati maneə isə nizamişünaslıq üzrə ixtisaslaşmış və Nizamini fars şairi hesab edən Leninqrad Şərqşünaslıq İnstitutunun SSRİ-dəki elmi avtoriteti idi. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaradılması ilə sözügedən avtoritetin yerli ədəbiyyatşünasların əlində cəmlənməsinə  nail olunmuşdu.[53]

Ədəbi institutları yeni formalaşmış Sovet Azərbaycanında gedən milli-mədəni quruculuq işləri başqa millətlərin təcrübələrinə istinad edirdi. Yerli təcrübənin məhdudluğu mərkəzin çox zaman mücərrəd olan gözləntilərini hər vəchlə qarşılamağa çalışan milli kadrlarda təlaşa yol açırdı. Təlaş repressiya dövrünün qorxu mühitinin məhsulu olmaqla yanaşı, həmçinin özünü önəmli və bəzən daha üstün görülən xarici seyrçinin önündə sərgiləmə qayğısından irəli gəlirdi. Bütün bunlara baxmayaraq, Stalinist millətlər siyasəti çox zaman eyni çətir altında obyektləşdirilən şərq ədəbiyyatının və onun bir nümunəsi kimi Azərbaycan ədəbiyyatının subyektləşməsinə təkan vermişdi.

 

Qeydlər və istinadlar:

[1] Müstəqillik dövründə Azərbaycan Yazıçılar İttifaqının adı Azərbaycan Yazıçılar Birliyinə dəyişdirilib. Sovet Yazıçıları İttifaqının  bütöv adı isə 1954-cü ilə kimi SSRİ Sovet Yazıçıları İttifaqı idi.

[2] Alexei Yurchak, Everything Was Forever, Until It Was No More: The Last Soviet Generation (Princeton: Princeton University Press, 2005), 18-21.

[3] Burada postkolonial dedikdə eyniadlı nəzəri cərəyan deyil, ümumən Sovet təcrübəsini müstəmləkəçiliyə tay tutan dünyagörüşü nəzərdə tutulur.

[4] Cəmil Həsənov, Ağ ləkələrin qara kölgəsi (Bakı: Gənclik, 1991); Ziya Bünyadov, Qırmızı Terror (Bakı: Azərnəşr, 1993).

[5] Yuri Slezkine, The House of Government: A Saga of the Russian Revolution (Princeton: Princeton University Press, 2017).

[6] Katerina Clark and Evgeny Dobrenko, eds., Soviet culture and power: a history in documents, 1917-1953 (New Haven: Yale University Press, 2007), xiii.

[7] Первый Всесоюзный съезд советских писателей 1934: стенографический отчёт (Москва: Художественная литература, 1934), 4.

[8] Yurchak, Everything Was Forever, 10-14.

[9] Л.Д. Троцкий, “Партийная политика в искусстве,” Литература и революция (Москва: Главполитпросвет 1923), http://az.lib.ru/t/trockij_l_d/text_1923_literatura_i_revolutzia.shtml.

[10] “Резолюция ЦК ВКП(б) ‘О политике партии в области художественной литературы’,” Между молотом и наковальней: Союз советских писателей СССР: Документы и комментарии, ред. Т.М. Горяева, т. 1 1925-июнь-1941 гг. (Москва: РОССПЭН, 2011), 30-32.

[11] В.И. Ленин,  “Партийная организация и партийная литература,” Новая Жизнь 12 (13 Ноября 1905), https://www.marxists.org/russkij/lenin/1905/09/part%20lit.htm.

[12] Clark and Dobrenko, eds., Soviet culture and power, 49.

[13] FOSP çox zaman Yazıçılar İttifaqının prototipi hesab edilir.

[14] Clark and Dobrenko, eds., Soviet culture and power, 150.

[15] Leah Feldman, On the Threshold of Eurasia: Revolutionary Poetics in the Caucasus (Ithaca: Cornell University Press, 2018), 176-182.

[16] “Постановление Политбюро ЦК ВКП(б) ‘О перестройке литературно-художественных организаций’,” Между молотом и наковальней, 128.

[17] Clark and Dobrenko, eds., Soviet culture and power, 153-155.

[18] Carol Any, The Soviet Writers’ Union and Its Leaders: Identity and Authority under Stalin (Evanston: Northwestern University Press, 2020), 62, https://doi.org/10.2307/j.ctv16t6ncb.6.

[19] Ədəbiyyat müəyyən tarixi təşəkkülün tərkib hissəsi kimi adətən tarixçilər tərəfindən postfaktum kontekstuallaşdırılır. Kontekstuallaşdırma özündə ədəbiyyatda eyham olunduğu güman edilən tarixi proseslərin dil vasitəsilə şüurlu ifadəsini ehtiva edir. Şüurlu tarixiləşmə dedikdə Sovet ədəbi diskursunun öz tarixiliyinin fərqində olan subyektləri formalaşdırdığı nəzərdə tutulur.

[20] Any, The Soviet Writers’ Union and Its Leaders, 3.

[21]  Eyni yerdə, 70.

[22]  Clark and Dobrenko, eds., Soviet culture and power, xiv.

[23] Kathryn Schild, “Between Moscow and Baku: National Literatures at the 1934 Congress of Soviet Writers,” (PhD diss, University of California, 2010), 157.

[24] Katerina Clark, Moscow, the Fourth Rome: Stalinism, Cosmopolitanism, and the Evolution of Soviet Culture, 1931-1941 (Cambridge, MA: Harvard University Press, 2011).

[25] Terry Martin, The Affirmative Action Empire: Nations and Nationalism in the Soviet Union, 1923-1939 (Ithaca and London: Cornell University Press, 2001), 15-20.

[26] Yuri Slezkine, “The USSR as a Communal Apartment, or How a Socialist State Promoted Ethnic Particularism,” Slavic Review 53, no. 2 (1994): 415.

[27] С.К. Франк, “Проект многонациональной советской литературы как нормативный проект мировой литературы (с имперскими импликациями),” Имагология и компаративистика 11 (2019): 235,  http://vital.lib.tsu.ru/vital/access/manager/Repository/vtls:000659523.

[28] Eyni yerdə, 240.

[29] Neni Panourgiá, “Immanent Human(Ism)s: Engagements with James A. Boon.” Anthropological Quarterly 90, no. 4 (2017): 1169.

[30] 1950-ci ildə Stalin tərəfindən tənqid atəşinə tutulana qədər Sovet İttifaqında dominant dil nəzəriyyəsi olmuş Nikolay Marın yeni dil nəzəriyyəsi kommunizmin özüylə qeyri-milli, universal dil gətirəcəyini iddia edirdi.

[31] Samuel Gold Hodgkin, “Lahūtī: Persian Poetry in the Making of the Literary International, 1906-1957” (PhD diss., The University of Chicago, 2018), 25.

[32] Maria Khotimsky, “World Literature, Soviet Style: A Forgotten Episode in the History of the Idea,” Ab Imperio 3, no. 13 (2013): 143.

[33] Isabelle Ruth Kaplan, “The Art of Nation-building: National Culture and Soviet Politics in Stalin-era Azerbaijan and Other Minority Republics” (PhD diss., Georgetown University, 2017), 21, http://hdl.handle.net/10822/1047813.

[34] Schild, “Between Moscow and Baku,” 52-61.

[35] Miroslav Hroch, “National Self-Determination from a Historical Perspective,” Canadian Slavonic Papers / Revue Canadienne Des Slavistes 37, no. 3/4 (1995): 284-285, http://www.jstor.org/stable/40869721,

[36] Schild, “Between Moscow and Baku,” 54-56.

[37] Eyni yerdə, 71.

[38] Первый Всесоюзный съезд, 15.

[39] Eyni yerdə.

[40] Eyni yerdə, 113.

[41] Boram Shin, “Inventing a National Writer: The Soviet Celebration of the 1948 Alisher Navoi Jubilee and the  Writing of Uzbek History,” International Journal of Asian Studies 14, no. 2 (2017): 124-125.

[42] Köçərli öz kataloqunda Nizami Gəncəviyə yer ayırsa da, onu şeirlərindən birinə istinad edərək iranlı şair kimi təqdim edir. Firudin Köçərli, Azərbaycan ədəbiyyatı, I cild (Bakı: Avrasiya Press, 2005), 100.

[43] David Damrosch, What is World Literature? (Princeton: Princeton University Press, 2003), 281.

[44] Milli ədəbiyyatlar arasında tərcümə də çox vaxt rus dilinin vasitəçiliyi ilə baş tuturdu.

[45] Susanna Witt, “The Shorthand of Empire: Podstrochnik Practices and the Making of Soviet Literature,” Ab Imperio 3 (2013): 155-161.

[46] Kaplan, “The Art of Nation-building,” 187-195.

[47] Karen Petrone, Life Has Become More Joyous, Comrades: Celebrations in the Time of Stalin (Bloomington: Indiana University Press, 2000), 6.

[48] Bu hazırlıq həm də repressiya dövrünün qeyri-müəyyənliyinin doğurduğu səksəkədən irəli gəlirdi. Kaplan, “The Art of Nation-building,” 136-138.

[49] Eyni yerdə, 183-184.

[50] Slezkine, “The USSR as a Communal Apartment,” 443.

[51] Rustavelinin Sovet kanonundakı yüksək nüfuzunda Stalinin Gürcüstanla şəxsi bağlarının rolu böyük idi. Eric R. Scott, Familiar Strangers: The Georgian Diaspora and the Evolution of Soviet Empire (Oxford: Oxford University Press, 2016), 77.

[52] Kaplan, “The Art of Nation-building,”  195-202.

[53] Eyni yerdə, 237-240.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.