iqtisadiyyat

iqtisadiyyat

Hay-küylü təbliğat və yarımcan aqrar proqram

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycan hökumətinin yenicə təsdqilədiyi 2023-2030-cü illər üzrə aqrar inkişaf proqramı ilə bağlı son 1 aydır davam rəsmi təbliğat çıxışlar sovetlər dövründəki 5 illik planlarına həsr olunmuş pafoslu məruzələrdi xatırladır. Sanki son 25 ildə ökənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sektorun inkişafı ilə bağlı 10-dan artıq dövlət proqramı və yol xəritəsi qəbul edilməyibmiş, ilk dəfə sahəyə tərəqqi gətirəcək bir hökumət sənədi hazırlanıb. Amma çox uzaq olmayan keçmişdə məhz eyni hökumət aqrar sektorun inkişafına dair geniş yol xəritəsi, ərzaq məhsullarının istehsalının artırılmasına, eləcə də üzümçülüyün pambıqçılığın, tütünçülüyün, çəltikçiliyin, çayçılığın, sitrus meyvəçiliyinin, baramaçılığın (ipəkçiliyin) inkişafına dair müxtəlif dövlət proqramları qəbul edib. Təəssüf ki, strateji əhəmiyyət daşıyan bu qədər hökumət sənədi aqrar sektoru enişdən xilas edə bilməyib. Dövlət Statistika Komitəsinin hesabatları göstərir ki, xüsusilə də son 2 ildə kənd təsərrüfatı sektorunda böyümə tempi əhəmiyyətli dərəcədə zəiflədi və ötən il faktkiki olaraq dayandı.

Şübhəsiz ki, proqram sənədlərinin “sehirli çubuq” gücü yoxdur və keyfiyyətli icra olmadığı halda hətta ən yüksək səviyyədə hazırlanmış strategiya sənədləri böhranın qarşısını ala, yaxud hədəflənən tərəqqini təmin edə bilmir. Lakin o da ola ki, proqram keyfiyyətli hazırlanmasın, xüsusilə də böhranda olan seqmentlər üzrə hədəflər və nəticə indikatorları düzgün müəyyən edilməsin. Məhz Azərbaycan hökumətinin əsas problemi yalnız aqrar sektorda effektiv idarəçiliyinin olmaması ilə məhdudlaşmır, eləcə də yeni 5 illik sahə proqramında xeyli ciddi boşluqlar var. Təqdim olunan yazıda həmin boşluqlardan yalnız bir istiqamət – heyvandarlıq sahəsi üzrə proqramda nəzərə çarpan problemlərə toxunulur.

Azərbaycanda heyvandarlığın inkişafının mövcud vəziyyəti

Rəsmi statistikanın kənd təsərrüfatı ilə bağlı açıqladığı məlumatlar heyvandarlıq sektorunda son dərəcə ziddiyətli mənzərəni ortaya qoyur. 2008-ci ildən etibarən ölkədə heyvanların sayında müəyyən dəyişiklik müşahidə edidiyini nəzərə alaraq, təhlil dövrü kimi 2008-2025-ci illər götürülüb. Həmin dövrdə iribuynuzlu mal-qaranın sayı təxminən 40 min baş azalaraq 2,4 milyon başa yaxın olub. Qoyun və keçilərin sayında 15%-ə yaxın (1,2 mln. baş) azalma olub və ümumi say 6,7 mln. başa enib. Yalnız quşların sayı 40%-dən çox artaraq 29 mln. başa çatıb. Məsələnin ən maraqlı tərəfi budur ki, iri və xırda baş heyvanların sayının azaldığı, yalnız quşların sayının artığı şəraitdə ət istehsalı 71% və ya 165 min ton artımla 390 min tonu ötüb. Ət kəsimində bu qədər kəskin artımın iri və xırda baş heyvanlar  sayının azaldığı dövrə təsadüf etməsi diqqəti cəlb etməyə bilməz. Həm də nəzərə alanda ki, Azərbaycanda ət istehsalının təxminən üçdə ikisi (təxminən 250 min ton) məhz bu kateqoriyadan olan heyvanların hesabına təmin  edilir.  Şübhəsiz ki, heyvan sayı azaldığı dövrdə də ət istehsalının artımı mümkündür. Məsələn, mal-qaranın cins tərkibinin yaxşılaşması səbəblərdən biri ola bilər. Amma proqramda açıqlanan məlumatlardan aydın olur ki, hazırda Azərbaycanda iribuynuzlu mal-qara sürüsünün cəmi 2,5%-i cins heyvanlardır. Aydındır ki, bu kifayət qədər kiçik göstəricidir və onun sayəsində ət istehalının 70%-dən çox artması real deyil. Başqa səbəblər səsləndirənlər oal bilər: məsələn, heyvanların erkən tələf olma səviyyəsinin azalması və kəsimə gedən heyvan sayının artması, heyvanların daha yüksək çəkiyə çatdıqda kəsimə getməsi, hər 100 baş ana heyvana düşən bala sayının yüksəlməsi kimi göstəricilər  məhsuldarlığı artıran mühüm amillərdir. Onların sayəsində heyvan sayının artmadığı şəraitdə ət istehsalını genişləndirən səbəblər kimi çıxış edə bilər. Amma qeyd olunan göstəricilərin heç biri ilə bağlı rəsmi statistika yoxdur. 17 ildə ət istehsalının 71% artmasını uğur kimi təqdim edən rəsmi təbliğat belə məlumatları kənd təsərrüfatı statistikasına daxil etməyə niyə ehtiyac görmür? Aydındır ki, bu qədər hərtərəfli və bir-birilə əlaqəli göstəricilər ictimaiyyət üçün açıq olanda inkişaf rəqəmləri ilə manipulyasi imkanı da məhdudlaşır. Məsələn, niyə bitkiçilik sektoru üzrə məhsuldarlıq göstəriciləri (hər hektara taxıl, pambıq, tərəvəz məhsulları və s.) açıqlanır, amma kəsimə gedən bir heyvan və ya quşun orta məhsuldarlığı barədə hər hansı rəsmi məlumat olmur?   

Xeyli ziddiyətli görünən bu statistik mənzərəyə bir vacib detalı da əlavə etmək lazımdır: ət istehsalının 70%-dən çox artdığı dövrdə ölkənin ət idxalı da 3 dəfədən çox artaraq 90 min tona yaxınlaşıb. 2008-ci ildə ölkənin ət balansında idxalın payı 13% ətrafında idisə, hazırda bu göstərici 25%-ə yaxınlaşıb.

Yeri gəlmişkən, aqrar inkişaf proqramında aqroparkların və intensiv təsərrüfatların sayəsində sektorun böyüməsində əhəmiyyətli rol alacağı vurğulanır. Lakin rəsmi statistika bu təsərrüfatlaırn fəaliyyətinə dair hər hansı normal statistika açıqlamaq əziyyətinə qatlaşmaq istəmir. Məsələn, aqroparkların, eləcə də ümumilikdə kənd təsərrüfatı müəssisələrinin sərəncamında nə qədər heyvan var, ölkədə ət, süd, taxıl və yemlik bitki istehsalının hansı hissəsi onların payına düşür?

İlk baxışdan istənilən yoxsul statistika ciddi problem kimi görünməyə bilər. Amma ciddi və etibarlı, reallığı açıb ortaya qoyan statistik göstəricılərin yoxluğu şəraitində keyfiyyətli strateji sənədlərin hazırlanması da mümkün deyil. Real rəqəmlər olmadan reallığa uyğun idarəetmə qərarları da vermək imkansızdır. Məhz yeni təsdiqlənmiş aqrar inkişaf proqramında statistika yoxsulluğu aydın görünür.

Yeni aqrar inkişaf proqramının böhranda olan heyvandarlıq sektoru ilə bağlı qeyri-müəyyən hədəfləri

Proqramda hədə göstəricilərinin müəyyən edilməsinə fərqli yanaşma var. Məsələn, cins mala-qaranın ümumi sayda xüsusi çəkisinin 2,5%-dən 10%-ə çatdırılması hədəflənir. Bu, monitorinq edilə biləsi göstəricidir. Lakin aqropark və yarımintensiv təsərrüfatlarda xırdabuynuzlu heyvanların sayının 2030-cu ilə qədər 670 min baş artılacağı qeyd edilsə də, baza dövrü (2025-ci il) üzrə mövcud rəqəm təqdim edilmir. Bəlkə hazırkı sayı 665 min başdır və 5 ildə 5 min artım necə tərəqqi sayıla bilər. Dövlət proqramında baza göstəricisi olmadan müəyyən edilən hədəf indikatorları zəif indikatorlardır. Yaxud mal əti istehsalının 5 ildə 20% artarılacağı qeyd edilir. Amma kəsimə gedən bir mal-qaranın orta çəkisinin (məhsuldarlıq) necə dəyicəyinin üstündək sükutla keçilir. Proqram ət istehsalının qısa müddətdə kəskin artımına nail olunacağını deyir, amma ət idxalından asılılığın nə qədər azaldılacağı barədə sənəddə heç nə yoxdur. Maraqlı olan budur ki, proqramda nəzərdə tutulan tədbirlər (cins tərkibinin yaxşılaşdırılması, seleksiya və damazlıq proqramlarının icrası, yarıminetensiv təsərrüfatların inkişafı və s.) əsasən məhsuldarlığın artımını nəzərdə tutsa da, nəticə indikatorları məhsuldarlığı ölçməkdən yayınır. 

Hökumət heyvandarlıq sektorunun yem ehtiyacının qarşılanmasında idxaldan asılılığın azaldılacağını bəyan edir, amma hazırda bu asılılığlın hansı səviyyədə olduğu, 2030-cu ildə hansı həddə düşəcəyi barədə ümumiyyətlə danışmır. Nəticə indikatorları kimi təqdim olunan bəzi göstəricilər (heyvan xəstəliklərinin monitorinqi üzrə rəqəmsal sistemin formalaşdırılması) indikator yox, nəticəyə çatmaq üçün fəaliyyətdir. Sənəddə fəaliyyət (məsələn, yem bazasının yaxşılaşdırılması, elektron uçot, subsidiyalaşdırma və s.), nəticə indikatorları (süd və ət istehsalı üzrə 1 heyvanın məhsuldarlığı, ölüm faizinin aşağı düşməsi, balalama əmsalının yüksəlməsi və s) və təsirlər (ət idxalından asılılığın azalması, fermerlərin gəlirlərinin artmı və s.) arasında əlaqə ümumiyyətlə görünmür.

Nəhayət, təqdim olunan analiz aqrar sektorla bağlı statistik məlumat bazasının kifayət qədər məhdud olduğunu nümayiş etirsə də, yeni proqramda sahənin statistik hesabatlılıq sisteminin təkmilləşdirilməsinə ümumiyyətlə toxunulmur.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.