fbpx

iqtisadiyyat

iqtisadiyyat

Yaşıl enerji hədəfləri: bir addım irəli, iki addım geri

Read this article on other language
Download article
image_pdf
image_pdf

Fevralın 13-də Azərbaycanın enerji sektorunda maraqlı bir hadisə baş verdi: rəsmi məlumatlarda deyildiyi kimi, Mingəçevir şəhərində müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. Stansiyanın planlaşdırılan gücü ölkənin elektrik enerjisi sisteminin mövcud gücünün 17%-nə bərabədir.  Amma bu hadisəni maraqlı edən stansiyanın nəhəngliyi deyil. Diqqəti xüsusi cəlb edən odur ki, Azərbaycan hökuməti ənənəvi yanacaqla işləyən ən böyük stansiyanı yaşıl enerji hədəflərilə bağlı son dərəcə iddialı hədəf və təşəbbüslər ortaya qoyduğu bir dövrdə inşa etməyə başlayır. Bəs söhbət hansı hədəflərdən gedir?

30 faizlik hədəf və enerji infrastrukturunun hazırkı vəziyyəti

Hökumətin 2021-ci il 2 fevralda təsdiqlədiyi Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərindəki 5 istiqamətdən biri də məhz bərpa olunan enerji mənbələri potensialına malik ərazilərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsidir. Bu prioritetlər çərçivəsində hazırlanan 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyası sənədində qarşıya qoyulan strateji hədəf elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 2026-cı ilədək 24%-ə, 2030-cu ilədək isə 30 %-ə çatdırılmasıdır. Öz növbəsində, bu hədəfə çatmaq üçün planlaşdırılan və artıq bəzilərinin icrasına hazırlıq görülən xeyli təşəbbüslər də var və bura daxildir:

  1. Xızı və Abşeron rayonları ərazisində Səudiyyə Ərəbistanı Krallığının ACWA Power və BƏƏ-nin Masdar şirkətləri ilə 470 MVt gücündə 2 stansiyanın (külək və günəş) qurulması;
  2. Cəbrayıl rayonunda Böyük Britaniyanın BP neft şirkəti tərəfindən 240 meqavat gücündə günəş stansiyasının qurulması;
  3. Kəlbəcər və Laçın rayonları ərazisində 400 MVt gücündə külək elektrik stansiyalarının tikintisi, 150 MVt gücündə damüstü günəş enerjisi sistemlərinin qurulması, 83 MVt gücündə 18 ədəd kiçik SES-in bərpası.

Yuxarıda qeyd olunan təşəbbüslərin ölkənin elektrik enejisi infrastrukturuna 1300 MVt  ətrafında əlavə güc qatacağı gözlənilir ki, bu da Mingəçevirdə artıq tikintisinə start verilən istilik stansiyasının (İES) gücünə yaxındır. Lakin nəzərə alaq ki, hazırda Azərbaycanın son illər istifadəyə verdiyi İES-lərin qoyuluş gücündən istifadə əmsalı bərpa olunan enerji mənbələrini az qala 3-4 dəfə üstələyir. Bu, o deməkdir ki, ənənəvi yanacaqla işləyəcək stansiyanın istehsala verdiyi töhfə də elə həmin miqyasda yüksək olacaq. Yəni əgər Azərbaycan hökuməti 2030-cu ilə qədər yaşıl enerji hədəfinə nail olmaq istəyirsə, bərpa olunan enerji növləri hesabına istifadəyə verilən gücün həcmi ənənəvi stansiyalardan dəfələrlə artıq olmalıdır. Məsələn, son illər dünyada istismara verilən güclərin orta hesabla 75-80%-i bərpa olunan mənbələrin payına düşür. Bərpa Olunan Enerji üzrə Beynəlxalq Agentliyin məlumatına görə, 2021-ci ildə qlobal miqyasda 300 min MVt elektrik enerjisi gücü istifadə dövriyyəsinə daxil olub ki, ondan cəmi 50 min MVt-ı məhz ənənəvi yanacağa əsaslanan stansiyalardır.

Doğrudur, Azərbaycan hökuməti Masdar şirkətilə əlavə olaraq 4000 MVt gücündə yaşıl enerji layihələrinin reallaşdırılması (quruda 1000 MVt gücündə sənaye miqyaslı günəş və 1000 MVt gücündə külək enerjisi, həmçinin dənizdə 2000 MVt gücündə inteqrasiya edilmiş külək və yaşıl hidrogenə əsaslanan stansiyalar) üçün də iş aparır. Lakin bu layihələrin 2030-cu ilə qədər həyata keçiriləcəyi real deyil.

Hazırkı dövrə enerji güclərinin mövcud strukturuna gəldikdə, rəsmi statistikanın məlumatına görə, hazırda Azərbaycanın elektrik stansiyalarının qoyuluş gücü 7965,2 MVt təşkil edir ki, ondan 81,5%-i (6649,4 MVt) İES-lərin, 18,5%-i (1315,1 MVt) isə alternativ enerji mənbələrinin (o cümlədən 14,5%-i və ya 1157,2 MVt su stansiyalarının, 4%-i yaxud 158.6 MVt isə külkək, günəş və tullantıların emalı üzrə stansiyaların) payına düşür. İstehsal olunan elektrik enerjisinin isə 91%-i İES-lərin, 9%-i alternativ mənbələrin hesabına təmin olunur. Ayrıca olaraq külək və günəş stansiyalarının ümumi istehsalda payı 0,4%-ə yaxındır.

Qoyuluş güclərindən istifadə əmsalı da stansiyalar üzrə çox fərqlidir. Məsələn, İES-lər üzrə 43%, SES-lər üzrə 14%, külək stansiyaları üzrə 8%, günəş stansiyaları üzrə 14%, məişət tullantılarının emalı üzrə 50% ətrafında olub.

Hökumətin ənənəvi enerji mənbələrinin genişlənməsindən gözləntiləri və dünya enerji sisteminin reallıqları

Məqaləni hazırlayarkən ayrı-ayrılıqda enerji məsələləri üzrə ixtisaslaşmış 2 mütəxəssislə belə bir sual ətrafında müzakirə apardıq: İES-lər hesabına ölkənin enerji sisteminin qoyuluş gücünün sürətlə genişləndirilməsilə hökumət nəyi hədəfləyir? Yaxın gələcək üçün ölkənin daxili istehlakında bərpa olunan enerji mənbələri hesabına qarşılanması mümkün olmayan sıçrayışlı artım gözlənilirmi? Yoxsa hökumət daha çox Rusiya-Ukrayna müharibəsi dalğasında Avropa ölkələrinin artan tələbatını nəzərə alaraq elektrik enerjisinin ixracatçısına çevrilməyi hədəfləyir?

Mütəxəssislərin iddiası budur ki, hətta yaxın illərdə daxili istehlakda 20-25% intervalında artım olsa belə, mövcud qoyuluş gücləri hesabına istehsalı genişləndirmək üçün potensial var. Onlar bəzi İES-lərin öz qoyuluş gücündən aşağı rejimdə çalışdığını qeyd edirlər. Qısası, 2001-2009-cu illərdə daxili tələbatın yüksək olduğu, bərpa olunan enerji mənbələrindən enerji almaq üçün təşəbbüslərin məhdudluğu şəraitində Şimal-1 stansiyasının, modul stansiyalarının tikintisi qaçılmaz zərurət idi. İndi isə belə bir zərurət mövcud deyil və bütün resurslar bərpa olunan enerji layihələrinə yönəldilməlidir. İxrac potensialını artırmaq hədəflənirsə, o da məhz yaşıl enerji hesabına baş verməlidir.

Enerji sahəsinə bağlı şəxslər qısa müddətdə ixrac potensialının genişləndirilməsinə nail olmaq istəyini daha ağlabatan versiya hesab edirlər və dövlət başçısının sözügedən İES-in təməlqoyma mərasimindəki çıxışında da əsas vurğu ixrac amilinə yönəlmişdi. Mövzunu müzakirə etdiyim enerji ekspertlərinin fikrincə, 1280 MVt gücündə yeni İES əgər ideal şərtlərdə (il ərzində mümkün olan maksimum 8 000 saat) çalışsa, bu stansiya ölkənin enerji sistemi üçün əlavə olaraq 8,5-9 mlrd. kvt/saat elektrik enerjisi qazandıra bilər. Ən optimal normativlərlə bu qədər elektrik istehsalı üçün 1,6-1,8 mlrd. kubmetr təbii qaz tələb olunacaq. Sırf iqtisadi baxıldıqda, hazırkı qiymətlərlə bu həcmdə qazı ixrac etmək onun sayəsində yaranan elektrik enerjisinin ixracından daha çox gəlir gətirə bilər ölkəyə.

Məsələn, hətta hazırkı dünya bazar qiymətlərindən daha ucuz (hər 1000 kub metr üçün 400-450 dollar) birja qiymətləri şəraitində 1.6-1,8 mlrd. kubmetr qaz ixracı 700-800 mln. dollar gəliri təmin edəcək. Lakin Azərbaycan hökuməti ötən il hər kv/saatı 0,07 dollar olmaqla 1,7 mlrd. kv/saat elektrik enerjisi ixracından 125 mln. dollar ixrac gəliri əldə edib. Yəni hazırkı heç də ucuz olmayan bu qiymətlər qalsa belə, 1280 MVt gücə malik İES-in istehsal etdiyi elektrik enerjisinin ixracı ölkəyə 600-650 mln. dollar gəlir təmin edə bilər.  Nəzərə almaq lazımdır ki, bu bazar çox mürəkkəb və dəyişkən bazardır. Əvvəla, ona görə ki, təbii ehtiyatlardan fərqli olaraq alternativ enerji potensialına daha çox ölkə sahibdir və bu, bazarda sərt rəqabətin mövcudluğuna geniş imkanlar verir. Məsələn, təbii sərvətə malik olmayan ölkə alternativ enerji hesabına özünün enerji asılılığını azaltmaq fürsəti qazanır. Almaniya bunun bariz nümunəsidir.

Digər tərəfdən, yeni texnologiyaların sürətli inkişafı alternativ enerjinin həcmin həddən artıq sürətlə genişləndirməklə yanaşı, dəyərini də aşağı salır. Dünyanın ən nəhəng elektrik enerjisi ixracatçılarının belə ümumi ixrac gəlirlərində xüsusi çəkisi çox kiçikdir. Məsələn, BMT-nin comtrade informasiya bazasına daxil olan göstəricilərin təhlili göstərir ki, ən böyük ixracatçılardan biri olan Fransa 2021-ci ildə az qala 70 mlrd. kv/saat enerji ixracından 7 mlrd. dollar gəlir əldə edib və Azərbaycan bu səviyyədə ixrac potensialı yaratmaq üçün hazırkı qoyuluş güclərini ən azı 3,5-4 dəfə artırmalıdır. Amma elektrik enerjisi ixracının nə dərəcədə səmərəli olması məsələnin yalnız iqtisadi tərəfidir. Bundan başqa, müzakirəyə cəlb etdiyimiz enerji ekspertləri bilavasitə sahənin özü ilə bağlı spesifik texniki məhdudiyyətlərə də diqqət çəkirlər. Məsələn, əsas arqumentlərdən biri budur ki, transformasiya itkilərinin yüksək olması səbəbindən elektrik enerjisinin uzaq məsafələrə ötürülməsi texniki cəhətdən həmişə əlverişli olmur. Burda ən ciddi problem Azərbaycanın öz elektrik enerjisini sinxron rejimdə ötürə biləcək beynəlxalq nəql infrastrukturuna çıxışının olmamasıdır. Belə ki, Azərbaycan hələlik dünya bazarına Gürcüstan-Türkiyə xətti vasitəsilə çıxa bilir. Bu 2 nəql məntəqəsi isə bir-birinə yalnız sinxron rejimin alternativi olan çevirici yarımsatansiyalar vasitəsilə bağlıdır.

Sonda vacib olan bir məqamı qeyd etmək çox önəmlidir: enerji sektorunda spontan qərarların alınması sektorun orta və uzunmüddətli inkişafı ilə bağlı ciddi əsaslandırılmış strategiyanın olmaması ilə bağlıdır. Bu strategiya beşilliklər üzrə yaxın 25 il üçün ölkənin yaşıl enerji hədəflərini, bu hədəflərə yetişmək üçün həyata keçiriləcək layihələri, onların maliyyə tutumunu dəqiq müəyyən etməlidir. Öz növbəsində, strateji sənədlər rəflərdə toz basacaq, görüntü yaradacaq sənədlər yox, hökumət üçün dəqiq öhdəliklər müəyyən edən sənədlər olmalıdır.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.