DİN

DİN

Hicab qadağası: “dünyəvilik” və dövlətin uzun əli

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bu yazıda son günlərdə ölkənin əsas gündəminə çevrilən məktəblərdə hicab qadağası məsələsini müzakirə etməyə çalışacağam. Yaranan böhran və onun doğurduğu reaksiyalar oxucuya məlum olsa da,  yenə də qısaca müzakirənin çərçivəsini göstərmək lazım gəlir.

Azərbaycan hakimiyyəti Nazirlər Kabinetinin sentyabrın 21-də Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinə etdiyi dəyişikliyə istinad edərək, əvvəlcə şagirdlərin, daha sonra isə müəllimlərin də dini simvol kimi səciyyələndirilən hicabla dərslərdə iştirakını qadağan etdi. Bu addımı isə hakimiyyət təhsilin dünyəviliyi prinsipi ilə əsaslandırdı. Sonrakı mərhələdə qərara həm küçədə, həm də sosial mediada verilən reaksiyalara cavab olaraq, həm hakimiyyət nümayəndələri, həm də dəstəkçiləri hakimiyyətin “hicabı qadağan etmək fikrinin olmadığı”nı  bəyan etdi[i]. Bu çıxışlardan belə nəticəyə gəlmək olar ki, hakimiyyət dini etiqad və inancların fərdlərin şəxsi həyatında sərbəst şəkildə yaşanmasını məqbul hesab etsə də, dövlət qurumları daxilində dini simvolların nümayişinə tolerant yanaşmaq niyyətində deyil. Elə isə, iki məqamı aydınlaşdırmağa ehtiyac yaranır: (1) Azərbaycan hakimiyyəti dünyəvilik dedikdə nəyi nəzərdə tutur? və (2) Hakimiyyət dini ictimai məkandan (məsələn, təhsil müəssisələrindən) uzaq tutmaqla nəyə nail olmağa çalışa bilər? İkinci sualı bir az fərqli və daha aydın formada qoyası olsaq: Dini şəxsi həyatın sərhədləri daxilinə sıxışdırmaq/ictimai məkandan uzaqlaşdırmaq nə deməkdir?

Bu məqalədə mən iddia edirəm ki, hicabın və digər dini geyim formalarının, eləcə də görünən dini simvolların ictimai məkanlardan kənarlaşdırılması sekulyarizmin təzahürü kimi deyil, dinə qarşı mübarizə kimi oxunmalıdır. Başqa sözlə, hakimiyyətin vicdan azadlığına hörmətlə yanaşdığına dair bütün iddialarına baxmayaraq, dinin şəxsi həyatın sərhədləri daxilinə sıxışdırılması cəhdinin praktiki olaraq sekulyar prinsiplərə sadiqlik hədlərini aşıb etiqad azadlığının tapdalanmasına çevrildiyini iddia edirəm.

Aydındır ki, sözügedən addım sadəcə vicdan azadlığını deyil, həm də təhsil və əmək hüququ da daxil olmaqla, bir çox təməl hüquqları tapdalayır, habelə uzunmüddətli perspektivdə, məsələn, uşaqların təhsil almaq hüququnun tapdanması daha böyük mənfi nəticələr doğurma potensialı daşıyır. Elə isə yaranan böhranı həll etməyə çalışarkən ilk növbədə uşaqların təhsil hüququnun məhdudlaşdırılmasının doğuracağı mənfi nəticələr diqqət mərkəzində olmalıdır. Həmçinin dövlət vətəndaşlarından hüquqlarından birini qorumaq üçün digərini kompromisə getməyi tələb etməməlidir. Başqa sözlə, uşaq və yeniyetmələr etiqad azadlıqlarını qorumaq üçün təhsil hüquqlarından, müəllimlər isə əmək hüquqlarından imtina etməyə məcbur edilməməlidir. Bu yazıda sözügedən qərarın inanclıları məhz belə bir seçim qarşısında qoyduğunu müdafiə edirəm.

Həmçinin, onu da qeyd edim ki, aşağıda Konstitusiyanın müvafiq maddəsinə toxunsam da, müzakirə mövzusu məsələnin hüquqi tərəfi yox, sosioloji baxımdan müzakirəsidir.

Bu yazı hakimiyyət rəsmilərinin və hakimiyyətyönümlü şəxslərin bu addımı geosiyasi təhlükələrlə əsaslandırmağa çalışmasına da münasibət bildirmir. Bu iddiaların inandırıcılığı və ya nə qədər yaxşı əsaslandırıldığı bir tərəfə, hətta bu qəbildən təhlükələrin mövcudluğu həqiqət olsa belə, dövlət sözügedən təhlükəsizlik məsələlərinin xərcini vətandaşlarına onların təməl azadlıqlarını məhdudlaşdıraraq  ödətməməlidir.

Azərbaycan hakimiyyəti dünyəvilikdedikdə nə başa düşür?

Əvvəla, aydındır ki, onlar özlərinin sekulyarizm kimi qəbul etdikləri anlayışa istinad edirlər. Azərbaycan qanunvericiliyində sekulyarizm yerinə dünyəvi/dünyəvilik sözünün işlədilməsi spesifik tarixi təcrübədən qaynaqlanır. Yəqin ki, Azərbaycan dilindəki dünyəvi sözü rus dilindəki светский (dünyaya aid) sözündən hərfi tərcümədir (calque) və bu sözlə dövlət idarəetməsində, təhsildə və bu qəbildən olan qurumlarda hərəkət nöqtəsinin din olmadığı nəzərdə tutulur. Əslində, fərqli ənənələrdən gələn və bu anlayış üçün fərqli terminlərdən istifadə edən ölkələrin sekulyarizm anlayışları arasında da müəyyən fərqlər var. Məsələn, Fransa İnqilabından təsirlənmiş və bu anlayış üçün laisizm terminindən istifadə edən ölkələrlə, anqlo-sakson ölkələrin sekulyarizm/sekulyarlaşma yanaşmaları arasında əhəmiyyətli fərqlər müşahidə olunur. Belə ki, fransız laisizmi dövləti və ictimai institutları dindən təmizləməyi və dövlətin bu məsələlərdə mütləq neytrallığını hədəfləyir. Anqlo-sakson tərzi sekulyarizm isə fərqli dinlərin ictimai məkanda bərabər hüquqları paylaşmasını və dövlətin bu məsələlərdəki səlahiyyətlərinin məhdudlaşdırılmasını təmin etməyə çalışır. Birinci nümunədə əsas hədəf dövlət institutlarını dinin təsirindən qorumaq olduğu halda, ikinci nümunədə məqsəd dini icmaları dövlətin təsirindən qorumaqdır.[ii] Lakin bütün hallarda dünyəvilik/sekulyarizm/laisizm bəsitcə din və dövlətin (habelə onun fərqli qurumlarının) bir-birindən ayrılmasını nəzərdə tutur.

Gəlin əvvəlcə, konstitusiyanın müvafiq maddəsinə qısaca nəzər salaq. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsi ölkədə “dinin dövlətdən ayrı” olduğunu, habelə yalnız “insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin” təbliğinin qadağan olunduğunu (II bənd) bəyan edir. Həmçinin, sözügedən maddənin III bəndi də ölkədə “təhsilin dünyəvi olduğunu” elan edir.[iii] Burada bir neçə məsələyə toxunmaq vacibdir. Dinin dövlətdən ayrı olduğu ilə bağlı hüquqi prinsip tarixi olaraq dövlətə din üzərində hər hansı təhəkküm haqqı vermir, əksinə, bu prinsipin məqsədi dinin dövlət işlərinə qarışmasının qarşısını almaqdır. Maddənin ikinci bəndi isə ümumilikdə ölkədə dinin təbliğini sərbəst elan edir. Habelə, maddənin üçüncü bəndindəki təhsilin dünyəviliyi ilə bağlı iddia tarixi olaraq təhsilverənlər və ya təhsilalanların dindən uzaq qalmalı olduqlarını tələb etmir. Bu müddəanın məqsədi təhsilin formasının, üsulunun və predmetinin dini inancdan qaynaqlanmasına icazə verməməkdir. Başqa sözlə, dünyəvilik prinsipinə görə, hər hansı elmi nəzəriyyə və ya fakt dinə uyğun gəlmədiyi halda bu səbəbdən rədd oluna bilməz. Məsələn, təkamül nəzəriyyəsi dinin yaradılış hekayəsini rədd etdiyi və ya onunla toqquşduğu üçün təhsil proqramından çıxarıla bilməz. 

Deməli, dövlətin əsas qanununun müddəaları ölkəni sekulyar dövlət kimi təsbit edirsə, hər hansı dini inanc daşıyıcısı olmaq (konstitusiyada işarə olunan ekstremist dinlər istisna olmaqla) üstünlük və ya əskiklik səbəbi sayılmamalıdır. Elə isə böhrana səbəb olmuş son qərarı necə izah etmək olar? Fikrimcə, burada Azərbaycanın din-dövlət münasibətləri ilə bağlı tarixi təcrübəsinin izlərinə baxmaq lazımdır. Belə ki, tarixi olaraq, (Qərbdə) sekulyarizm, başqa sözlə, dinlə dövlətin bir-birindən ayrılması insanlara dini inanclarına görə məhdudiyyətlərin qoyulması kimi deyil, bu qadağaların (xüsusilə dini qurumlar tərəfindən qoyulduğu halda) yoxluğu kimi başa düşülüb. Yəni dünyəvilik/sekulyarlıq dövlətin dindarların işlərinə qarışması deyil, dinin dövlət işlərinə qarışmaması halıdır. Buna görə də tarixi ədəbiyyatda vicdan azadlığına adətən “ilk azadlıq” deyilir. Çünki modernləşmə prosesində dini qurumların təsir gücünün zəiflədilməsi ilə insanların qazandıqları ilk hüquq din dəyişmək və ya dindən çıxmaq hüququ olub və Qərbdə modern dövlət kilsənin gücünü qıraraq bu hüququn təminatçısına çevrilib. Yəni sekulyarizm dedikdə dünyəvi amallarla dindarların azadlıqlarının məhdudlaşdırılması deyil, bir dini qrupa aid olanların, dini səbəblərlə özləri ilə eyni qrupa aid olmayanların azadlıqlarını məhdudlaşdırmasına və bu məqsədlə dövlət institutlarından istifadə edilməsinə imkan verilməməsi başa düşülür. Hazırkı nümunə üzərindən düşünsək, dünyəvilik prinsipi müəllimin və ya şagirdin hicab geyinməsi ilə pozulmur. Bu prinsipin pozulması üçün müəllimin digər şagirdlərini hicab geyinməyə məcbur etməsi, geyinməyənləri qısnaması və sair kimi halların baş tutması tələb olunur.

Lakin Azərbaycanın yaşadığı Sovet təcrübəsində sekulyarizm anti-dini xarakter qazanıb və bu mənada Sovet sekulyarizmini klassik mənada dinin dövlətdən ayrılması adlandırmaq olmaz. İnqilaba qədərki kommunist nəzəriyyədə dövlətin və təhsilin dinin təsirlərindən təmizlənməli olduğu vurğulansa, Sovet tarixi boyunca dövlətin dinə münasibəti bir neçə dəfə dəyişsə və ateizm heç vaxt rəsmi əqidə kimi tanınmasa da[iv] , əslində din ən çox sərbəstlik gördüyü dövrlərdə belə dövlətin tam nəzarətində olub. Sekulyarlaşmanın din və dövlətin qarşılıqlı olaraq bir-birilərinin sərhədlərinə hörmət etməsi əvəzinə (modernləşmədən öncəki qarşılıqlı əlaqənin tərsinə çevrilməsi ilə), dinin tamamilə dövlətin tabeliyinə alınması cəhdi sadəcə Sovet İttifaqına, hətta kommunist rejimlərə xas deyil. Lakin yenə də, Azərbaycan nümunəsində bu təcrübənin izləri görülür. Başqa sözlə, Azərbaycan hakimiyyəti dinə heç bir müstəqil məkan tanımır, dini qurumları öz intensiv təftişinə məruz qoyur, hətta din xadimlərini dövlət məmuruna çevirir. Dinə qarşı “bizim öz adətlərimiz”in qoyulmasında (“kəlağayı aksiyası”) da Stalin və ondan sonrakı Sovet modernləşməsinin izləri gözə dəyir. Belə ki, inqilabdan sonrakı ilk illərdə həm din, həm də milli simvollar rədd olunsa da, Stalin dövründən başlayaraq, millət inşası prosesi çərçivəsində milli hesab olunan mədəniyyət və simvollar yenidən sahiblənilmişdi.

Bununla belə, Sovet hakimiyyəti ilə Azərbaycan iqtidarı arasında olduqca əhəmiyyətli fərqlər var. Sovet hakimiyyəti və onun rəsmi ideologiyası açıqca dinlərə qarşı idi və dini ümumilikdə yoxa çıxmağa üz tutmuş, keçmişin arzuolunmaz qalığı kimi görürdü. Lakin Azərbaycan hakimiyyətinin rəsmi ideologiyasında dinin yeri var: Azərbaycan bayrağının rənglərindən biri İslamı təmsil edir, dini bayramlar rəsmi tətil günləridir, təbliğ edilən qurucu fiqurun adını daşıyan məscid (Heydər Məscidi) inşa edilir, yaxud sovet dövründə yıxılmış məscidlər yenidən inşa edilir və sair (siyahını xeyli genişləndirmək olar; mən sadəcə çox bariz əlamətlərin adını çəkirəm).

Deməli, Azərbaycan hakimiyyəti dini yox etmək istəmir, sadəcə onu nəzarət altında saxlamaq, xüsusilə siyasiləşməsinin (burada dar mənada; yəni siyasi hakimiyyətə iddia etməsinin) qarşısını almaq istəyir. Bunun üçün dini icmaları total nəzarət altında saxlamağa, mümkün olduğu hallarda onları öz tərəfinə çəkməyə, bu mümkün olmadıqda onları zərərsizləşdirməyə çalışır. Azərbaycandakı dini icmalarla işləyən dövlət institutlarının məqsədi də dini təhsil verən müəssisələrdən məscidlərə qədər bütün dini qurumlar üzərində bu total nəzarəti təmin etməkdir. Buna görə də Azərbaycan hakimiyyəti kənardan təsirlənən və ya hər hansı şəkildə müstəqil davranmağa çalışan dini cərəyanlara qarşı tamamilə dözümsüzdür.

Elə isə, Azərbaycan hakimiyyəti dünyəvilik dedikdə, sosioloji ədəbiyyatda nəzərdə tutulan mənada sekulyarlıqdan, yəni dinin dövlətdən ayrı olmasından deyil, dini sferanın tamamilə dövlət nəzarətində olmasından bəhs edir. Düşünürəm ki, hakimiyyət bunu əsasən müstəqil dini qurumlara etibar etmədiyinə, onları potensial təhlükə kimi gördüyünə görə edir. (Xaricdəki maraq qruplarının dini kanallarla təsir güclərini artırmağa çalışması ehtimalı da tamamilə istisna edilə bilməz, lakin təkrar edim ki, bunlar vətəndaşların təməl hüquq və azadlıqlarını məhdudlaşdırmaq üçün əsas ola bilməz.)

Bəs etirazlara səbəb olan qərarı verməkdə hakimiyyətin motivasiyası nədir? Bunu ölkədəki qeyri-şəffaflıq mühitində dəqiq bilməyin mümkün olduğunu düşünmürəm. Lakin hansı səbəbdən olursa olsun, praktiki olaraq, hakimiyyət dünyəvilik adı altında inanclılara qarşı təzyiqi artırır, onları təqib edir və inanclı qrupları ictimai məkandan daha da sıxışdırmağa çalışır. Rəsmi diskursda (və hakimiyyət dəstəkçilərinin rəylərində) bu dinin “şəxsi həyatda yaşanmalı” olduğu ilə açıqlanır. Elə isə, ikinci sualımıza keçirik: Dini və ya bizim nümunəmizdə, İslamı şəxsi həyatın sərhədləri daxilinə sıxışdırmaq mümkündürmü? Daha doğrusu, etiqad azadlığını tapdamadan, insanların dinlərini ictimai məkandan uzaq tutmasını tələb etmək olarmı?

Din şəxsi məsələ ola bilərmi?

Sualın qısa cavabı mənfidir. Din, ən azından İbrahimi dinlər, yeni dövr spiritualizm cərəyanlarından fərqli olaraq, fərdi şəkildə deyil, sosium halında təcrübə olunan fenomendir. Onları ictimai məkandan təcrid etmək, bir mənada onları qadağan etmək deməkdir.

Hərçənd, Azərbaycan hakimiyyəti buna cəhd edən, yəni dini tamamilə rədd etmədən, onu ictimai məkandan sıxışdırmağa çalışan ilk iqtidar deyil, daha öncə fərqli ölkələrdə bu istiqamətdə addımlar atılıb və heç bir halda arzuolunan nəticə əldə edilməyib. Bizə ən yaxın nümunə kimi Türkiyənin təcrübəsini göstərmək olar. Həm Türkiyədə respublika qurulduqdan sonra atılan addımların[v], həm də daha yaxın tarixdən olan 28 fevral 1997-ci il (tr. 28 Şubat darbesi)[vi] hadisələrinin adını çəkə bilərik. Birinci halda dinin sıxışdırılması İslamçı sağın yüksəlməsi ilə, bu yüksəlişin qarşısını almağa yönəlmiş, ikinci hadisə isə İslamçı mühafizəkarların hakimiyyəti tamamilə inhisara alması ilə nəticələnmişdi. Ümumilikdə, həm Yaxın Şərqin, həm də Şərqi Avropa ölkələrinin yaxın tarixi fərqli ölkələrdəki bu kimi cəhdlərin bütün hallarda dinlərin ictimai məkana qayıtması ilə nəticələndiyini göstərir.[vii]

Lakin burada mənim müzakirə etmək istədiyim məqam bu deyil. Yəni mən bu addımlara “başımıza bəla olacaq” deyə qarşı çıxmağı təklif etmirəm. Mənim vurğulamaq istədiyim bu addımların etiqad azadlığını tamamilə pozduğudur. Başqa sözlə, dini və dindarları ictimai məkandan, xüsusilə hazırkı nümunədəki kimi sıxışdırmağın praktiki olaraq dini qadağan etmək mənasına gəldiyini iddia edirəm.

Əvvəlcə, gəlin uşaqların valideynləri tərəfindən hicaba məcbur edildikləri ilə bağlı iddialara nəzər salaq. Hərçənd, qadağanın müəllimləri də ehtiva etməsi bu iddianı mənasızlaşdırır. Lakin istənilən halda, uşaqların, yəni bütün orta məktəb şagirdlərinin hicablarını açmaq, yaxud məktəbdən kənarlaşdırılmaq seçimi qarşısında qoyulması belə asanlıqla “uşaqları zərərli təsirdən qorumaq” kimi şərh edilə bilməz. Daha doğrusu, eyni zamanda həm belə bir iddiayla çıxış etmək, həm də insanların inanc azadlığına hörmət etdiyimizi demək mümkün deyil.

İlk növbədə ona görə ki, İslam hüququnun beş əsas məktəbi — Hənəfi, Maliki, Şafii, Hənbəli və Cəfəri məzhəblərinin — ənənəvi olaraq həddi-büluğa çatmış müsəlman qadınların məhrəm olmayan kişilərin yanında saçlarını örtməsini vacib hesab edir. Həmçinin, İslama görə valideyn öz uşağının doğru (dini) tərbiyyəsinə görə məsuliyyət daşıyır. Başqa sözlə, valideyn öz övladının dini məsələlərdəki tərbiyəsinə və onun axirətinə görə cavabdehdir. Valideyn uşağına halal-haramı, nəyin vacib, nəyin qadağan olduğunu və sair öyrətməlidir. İndi gəlin bütün qeyri-realist arzu və gözləntilərimizi bir kənara qoyaq və dindar bir ailənin öz uşağına nəyi öyrətməyə meyilli olacağını düşünək. Əlbəttə, valideyn uşağını öz dünyagörüşünə uyğun yetişdirmək istəyəcək və uşağın da hər hansı fiziki zor və ya məcburetməyə məruz qalmadan bu təsir altına düşmə və başını bağlamaq istəmə ehtimalı çox yüksəkdir. Məsələ orasındadır ki, biz burada dövlətin hansı hallarda bu məsələlərə müdaxilə edə biləcəyini müzakirə etməliyik. Qərarın müdafiəçiləri bir çox hallarda fərqində belə olmadan dövlətə gündəlik həyat üzərində çox böyük səlahiyyətlər verilməsini müdafiə edirlər.

Digər tərəfdən, “uşaq məcbur edilir” iddiası da çox bulanıq iddiadır. Çünki bir çox hallarda həm ailə, həm də dövlət uşağın yerinə qərar verir, başqa sözlə, onun qərarlarını və ya qərar vermə məsuliyyətini öz üzərinə götürür. Məsələn, alkoqollu içkilərin və tütün məmulatlarının istifadəsi ilə bağlı potensial sağlamlıq risklərinə görə onların satışına yaş məhdudiyyətləri tətbiq edilir. Beləliklə, burada əsas məsələ yalnız uşağın hicab taxıb-taxmamasına dövlətin, yoxsa ailənin qərar verməli olması deyil, həm də uşağın öz iradəsinin və dini inanclarının necə nəzərə alınmasıdır. Bu, xüsusilə hicab taxmağın uşağın şəxsi seçimi və dini inancının ifadəsi olduğu hallarda əhəmiyyət kəsb edir.

Mənim fikrimcə, uşağın dini inanclarını ifadə etməsi, o cümlədən hicab taxıb-taxmaması ilə bağlı qərarlar, ən azı prinsip etibarilə, uşağın digər hüquqları pozulmadığı müddətdə, onun özünün və ailəsinin ixtiyarına buraxılmalıdır. Başqa sözlə, uşaq konstitutsiyada qeyd olunan zərərli cərəyanların təsiri altına düşmürsə, ailəsi onun təhsil haqqını əlindən almır və ya onu erkən yaşda evləndirmirsə (və s.), habelə ona qarşı hər hansı formada zorakılıq göstərmirsə, dövlət bu məsələlərə qarışmamalıdır. Cəmiyyətin sekulyar seqmentinin nümayəndələri bu yanaşmadan razı olmasalar da, digər seçimin dövlətin, xüsusilə Azərbaycan nümunəsindəki kimi gücünü sui-istifadə etməyə son dərəcə meyilli olan dövlətin əlinə həddindən artıq güc vermək olacağını başa düşməlidirlər.

Lakin qeyd etdiyim kimi, qərarın müəllimlərə də şamil olunması məsələnin uşaqları qorumaq olmadığını bariz şəkildə göstərir. Deməli, dövlət dini və onun simvollarını ictimai məkandan tamamilə sıxışdırmaq istəyir və eyni zamanda məqsədinin etiqad azadlığını tapdalamaq olmadığını iddia edir. Elə isə gəlin qısaca bu iddianın nə qədər tutarlı olduğuna baxaq. Yuxarıda qeyd etdiyim kimi, İslam hüququnun beş əsas məktəbinə əsasən, həddi-büluğa çatmış müsəlman qadınların saçlarını örtməsi vacibdir və bu məktəblərin davamçıları tərəfindən həmin tələb müzakirəyə açıq məsələ kimi qəbul edilmir. Yəni dövlət hicablı müəllimləri işdən uzaqlaşdırmaqla onları iki seçim arasında qoyur: ya dinindən, ya da əmək hüququndan imtina etmək. Burada qadına “hicabı evində bağla” demək son dərəcə absurddur. Hicab əmri ictimai məkanda keçərlidir, evdə bağlanmasına ehtiyac yoxdur. Başqa sözlə, hakimiyyət nümayəndəsinin “cüdo kimonosu ilə üzgüçülük” bənzətməsi əksinə işləyir, yəni dövlət qadınlardan “kimono ilə üzməyi” tələb edir.

Daha da bəsitləşdirəsi olsaq, insanları həm İslamın vacib əmrlərindən birini pozmağa məcbur edib, həm də vicdan azadlığına hörəmətlə yanaşıldığını demək olmaz. Bu, insanlara həm namaz qılmağı qadağan edib, həm də dinlərini yaşmalarına mane olmadığımızı demək kimidir. Başqa sözlə, burada söhbət örtünmə əmrinin təbiətindən gedir. İslam hüququnun beş əsas məktəbinin ənənəvi şərhlərinə əsasən, həddi-büluğa çatmış müsəlman qadınların saçlarını örtməsi sadəcə tövsiyə və ya şəxsi seçim məsələsi deyil, dini öhdəlik hesab olunur. Burada məsələni yaxın keçmişdə qüvvəyə minmiş başqa bir qadağayla müqayisə etmək olar. Azərbaycan hakimiyyəti 2025-ci ildə yaxın qohum evliliyini qadağan etdi. Prinsipcə, bu qadağa İslama ziddir, çünki İslam bu tip evliliyə icazə verir və Quranın əmrinə görə, Allahın icazə verdikləri qadağan (halal buyurduqları haram) edilə bilməz (Maidə: 87; Təhrim:1). Lakin bu halda dindarlar məsələyə (sosial mediadakı bəzi etirazlar istisna olmaqla) reaksiya vermədilər. Çünki yaxın qohum evliliyinin hökmü ilə hicab hökmü arasında ciddi fərq var. Qohum evliliyi İslamda əmr olunmur, buna sadəcə icazə (rüxsət) verilir. Başın örtülməsi isə İslam hüququnun beş əsas məktəbinin ənənəvi şərhlərinə əsasən, həddi-büluğa çatmış müsəlman qadınlar üçün dini öhdəlik hesab olunur. Başqa sözlə, inanclıları dünyəvi nizamı pozmaq və Allahın qanunları tətbiqə çalışmaqda, yaxud ekstremizmdə ittiham edə bilmərik. Məsələ orasındadır ki, dövlət inanclıları seçimsiz qoyur və onların ən təməl etiqad azadlıqlarını əllərindən alır.

Məktəbdə hicabla dərs deyən müəllimin dünyəvilik prinsipinə uyğunluğuna gəldikdə, müəllimlərə sadcə məktəbdə dini təbliğ etmək, yaxud hər hansı dərs predmetini/faktı/nəzəriyyəni, dinə uyğun olmadığı üçün tədris etməkdən imtina və ya təhrif etməyə görə məhdudiyyət qoyula bilər. Müəllimlərin sadəcə hicab geyinməklə uşaqlara təsir etməsi ilə bağlı iddia isə əsassızdır. Uşaqları vakuumda böyütmürük və onlar fərqli insanların təsiri altına düşür və ya onlardan nümunə götürürlər. Dövlət yalnız konstitusiyada qeyd olunan zərərli inancların, yaxud (məsələn) uşağı təhsildən uzaqlaşdıracaq dini hökmlərin uşaqlar arasında yayılmasından narahat olmalıdır, uşağı 18 yaşı tamam olana qədər dinlərin varlığından xəbərsiz saxlamağa can atmamalıdır.

Son olaraq, bəzi sosial media istifadəçiləri dindar müəllimlərin məktəbdə uşaqlara din təbliğ etməsi ilə bağlı iddialar səsləndirirlər. Belə hallarda həqiqətən dünyəvilik prinsipi pozulur təəssüratı yaranır. Lakin bu halların qarşısını işlək təhsil institutları qurmaq, ədalətsizlikləri aradan qaldırmağa çalışmaq və təhsilin keyfiyyətini artırmaqla almaq daha ağlabatan olardı.

Nəticə

Hakimiyyət sözügedən qadağanı dünyəvilik prinsipinə sadiqlikliklə əsaslandırmağa çalışsa da, şagird və müəllimlərin başlarını örtməsinin bu prinsipi necə pozduğu aydın deyil. Belə ki, dünyəvilik prinsipi insanlara inanclarını yaşamağı qadağan etmir. Təhsilin üsul və predmetinə dini motivli hər hansı dəyişiklik edilmədiyi halda, müəllim və ya şagirdin öz inancının atributlarını daşıması etiqad azadlığı çərçivəsində başa düşülməlidir. Görünür, hakimiyyət dünyəvilik dedikdə sözə sosioloji və tarixi ədəbiyyatda qəbul ediləndən fərqli məna yükləyir. Bu halda inanclılara faktiki olaraq öz etiqadlarına uyğun yaşamaq və geyinmək qadağan olunur. Başqa sözlə, İslam hüququnun beş əsas məktəbinin ənənəvi şərhlərinə əsasən, saçların örtülməsi dini öhdəlik hesab edildiyindən, dövlət bu yanaşmanı qəbul edən şagirdləri dini inanclarını ifadə etmək və təhsil hüquqlarından istifadə etmək, müəllimləri isə dini inanclarını ifadə etmək və peşə fəaliyyətlərini davam etdirmək arasında seçim etməyə məcbur edir.


Qeyd və istinadlar:

[i] https://www.bbc.com/azeri/articles/cmx2z8345lj5o

[ii] Qısa bir giriş və geniş bir ədəbiyyat siyahısı üçün bax.: Andrew Copson (2019), Secularism: A Very Short Introduction, Oxford University Press, Oksford.

[iii] Azərbaycan Respublikasının Konstitusiyası, Maddə 18, (https://meclis.gov.az/documents/konstitusiya-az.pdf, səh. 5)

[iv] Bu məsələni başqa bir yazıda daha ətraflı müzakirə etmişəm: Araz Bağırov (2025), Sovet ittifaqında dinə qarşı və ateizm uğrunda mübarizə, Bakı Araşdırmalar İnstitutu: https://bakuresearchinstitute.org/sovet-ittifaqinda-dine-qarsi-ve-ateizm-ugrunda-mubarize/

[v] Uzun perspektivdə Türkiyə Respublikası qurucularının laisist siyasətinə qarşı verilən reaksiyayya nümunə üçün, Bax.:Şerif Mardin (2015), Türkiye’de Din ve Toplumsal Değişme: Bediüzzaman Said Nursi Olayı, İletişim Yayınları, İstanbul.

[vi] Bax.: Ali Bayramoğlu (2018), 28 Şubat: Bir Müdahalenin Güncesi, İletişim Yayınları, İstanbul

[vii] Məsələn, bax.: Jose Casanova (1994), Public Religions in the Modern World, The University of Chicago Press, Çikaqo.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.