fbpx

iqtisadiyyat

iqtisadiyyat

İcra Hakimiyyəti başçıları investoru necə həvəsləndirə bilər?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Prezident Əliyevin nəyin bahasına olursa-olsun, əyalətlərə investor cəlb etməklə bağlı yerli icra hakimiyyəti başçılarına tapşırıqları son 4-5 ilin trendidir. 2015-ci ilin neft böhranına qədər belə çağırışlar eşitməmişdim. Həmin dövrdə dünya neft bazarlarında kəskin qiymət ucuzlaşması, ölkənin 1 ilin içərisində 15 mlrd. USD valyuta ehtiyatını itirməsi, iqtisadi geriləmə və onun yaratdığı sosial gərginlik hökumətə çox ağır şok yaşatdı. O anda yada düşdü ki, 10 ildən çox ölkəyə axan havayı neft pullarının yerini investorların sərmayələri ilə doldurmaq ən real alternativdir. Əliyev 2016-cı ilin sentyabrında Salyandakı Şirvan-Muğan magistral su kəmərinin açılışı zamanı yerli icra hakimiyyəti başçılarına ilk çağırışını etdi. Sonralar oxşar çağırış bir neçə dəfə oldu. Sonuncu dəfə isə avqust ayının 24-də Biləsuvar və Saatlı rayonlarına yeni icra hakimiyyəti başçılarının təyinatı zamanı bölgələrə yerli və xarici investorların cəlbinin vacibliyi xatırladıldı.

Bəs gerçəklik nədən ibarətdir: bölgələrə investisiyaların getməməsinin əsas səbəbi yerli icra hakimiyyətlərinin qabiliyyətsizliyi, rüşvətxorluğudurmu? Ən mühümü, investor cəlb etmək sahəsində yerli icra hakimiyyətlərinin hansı səlahiyyətləri var – həm real-praktiki, həm də hüquqi baxımdan?

Biznes mühitinin yaradılmasında yerli icra hakimiyyətlərinin səlahiyyətləri 

Bu institutun fəaliyyəti prezident fərmanı ilə təsdiqlənən Əsasnamə ilə tənzimlənir. Həmin sənədə əsasən yerli səviyyədə əlverişli biznes mühitinin yaradılması, sahibkarlığın inkişafı, eləcə də sərmayənin cəlbinin təşviqi baxımından görə biləcəyi xeyli iş var. Məsələn, hüquqi və fiziki şəxslər tərəfindən sərmayə qoyuluşu üçün şərait yaratmaq bu səlahiyyətlərdən biri kimi göstərilir. Amma bu səlahiyyəti necə reallaşdıra bilər? Yenə də Əsasnaməyə baxırıq və bu məqsədə xidmət edəcək aşağıdakı uzun siyahını görürük:

      • yerli sosial-iqtisadi inkişaf proqramlarının hazırlanmasını təşkil etmək və onları təsdiq etmək;
      • aidiyyəti dövlət orqanları ilə birlikdə aqrar bölmənin inkişafına yönəldilmiş investisiya layihələrinin həyata keçirilməsi üçün şərait yaratmaq;
      • aqrar bölmədə sahibkarlığın inkişafı və yerli istehsalçıların dəstəklənməsi üçün tədbirlər görmək;
      • kənd təsərrüfatı məhsullarının istehsalçıları və emalçıları üçün aqroservis, aqrokimyəvi, zoobaytar və digər xidmətlər göstərilməsinə nəzarəti həyata keçirmək;
      • Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısına daxil olan məhsulların (məsələn, alkoqollu içkilərin və tütünün) satışına razılıq vermək;
      • rəqabətin və bazar iqtisadiyyatının inkişafı üçün şərait yaratmaq, sahibkarlıq subyektlərinin yaradılmasına və fəaliyyət göstərməsinə kömək göstərmək;
      • ərazidə mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək vermək;
      • dövlət mülkiyyətində olan torpaq ehtiyatlarından səmərəli istifadə üçün tədbirlər görmək;
      • təsdiqlənmiş memarlıq layihələrini qeydiyyatdan keçirmək;
      • memarlıq obyektinin layihəsini və layihənin texniki və ekoloji ekspertiza qaydalarını memarlıq-planlaşdırma tapşırıqları verən orqanla razılaşdırmaqla təsdiq etmək;
      • müvafiq səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək;

Göründüyü kimi, uzun bir siyahıdır, amma həm də səlahiyyətlərin real və qeyri-müəyyən (mücərrəd) olduğu siyahı. Məsələn, həm yuxarıda adı çəkilən Əsasnaməyə, həm də Şəhərsalma və Tikinti Məcəlləsinə (74, 75 və 76-cı maddələr) görə, biznesə başlamaq üçün zəruri bina tikmək istəyən iş adamları icra hakimiyyəti başçılarının real hüquqi səlahiyyətlərilə üzləşirlər. Tikinti və memarlıq sənədləri, bu sahədə zəruri rəy və icazələr yerli icra hakimiyyətlərinin qələmindən keçir (Bakı şəhəri istisna olmaqla). Hətta bina tikintisi üçün bələdiyyədən torpaq alası və ya icarəyə götürəsi iş adamları da Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanuna (6.5-ci maddə) əsasən, həmin torpaq üçün yerli icra hakimiyyəti başçılarının rəyini gözləməlidirlər. Yaxud dövlət mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqların icarəyə verilməsində bütün fermerlərə bərabər və şəffaf şərait yaratmaqla aqrar bölmədə sahibkarlığın inkişafına dəstək verə bilərlər – yəni bu da kifayət qədər real səlahiyyətdir.

Amma məsələn,  yerli icra hakimiyyətləri rəqabətin və bazar iqtisadiyyatının inkişafı üçün hansı şərait yarada bilərlər? İnhisarçılığın və bazarda hökmran mövqedən istifadənin qarşısını almaq üçün antiinhisar orqanından daha geniş səlahiyyətə malikdirlərmi? Sahibkarların maliyyə resurslarına bərabər çıxış fürsətlərinin yaradılmasında dövlətin maliyyə təsisatlarından daha təsirli rıçaqlara sahibdirlərmi? Yaxud icra hakimiyyəti başçıları sahibkarların pozulan mülkiyyət hüquqlarının və iqtisadi maraqlarının qorunması baxımından məhkəmə sisteminin ədalətli fəaliyyətini təmin etmək gücünə (səlahiyyətlərinə) malikdirlərmi?

Heç şübhəsiz, bölgələrə investorların marağını azaldan müəssisə qurarkən, tikinti icazələri alarkən icra hakimiyyətlərində üzləşdikləri qanunsuzluqlar səbəblər sırasında ola bilər, amma həlledici səbəb ola bilməz. Biznesi əyalətlərdən qaçıran səbəb bütövlükdə ölkədən qaçıran səbəblərdir. Söhbət mülkiyyət hüquqlarını, bütövlükdə iqtisadi maraqları qoruyacaq müstəqil məhkəmələrin olmaması, çevik və effektiv qanunlar qəbul edən və azad seçkilər əsasında formalaşan müstəqil parlamentin olmaması, azad media və vətəndaş cəmiyyətinin, biznesin maraqlarını qoruyan müstəqil biznes Ombudsmanının yoxluğu, kapitalın sərbəst hərəkəti ilə bağlı sərt nizamnamalar (məhdudiyyətlər), ixtisaslı və yüksək texnologiyalarla işləmək sahəsində bilik və bacarıqları olan işçi qüvvəsinin yoxluğu, zəruri keyfiyyətdə olmayan infrastruktur və s. kimi vacib amilləri göz önünə alsaq, biznes qurmanın ilk pilləsində tikinti icazələrinə görə yerli səviyyədə tələb olunan rüşvət və ya başqa qanunsuzluqların sərmayədarların yerlərdən qaçışına səbəb olduğunu düşünmək sadəlövhlük olardı.

Yeri gəlmişkən, bu yaxınlarda Əliyev də yerli biznesin ölkədən qaçmasından narahatlığını dilə gətirdi. O, ötən ay yeni təyin edilən icra hakimiyyəti başçıları ilə görüşündə xaricə sərmayə qoyan yerli sahibkarları ilk növbədə öz ölkəsinə investisiya qoymağa çağırdı. Bu çıxış həmin adamların təkcə əyalətlərdən və ya Bakıdan yox, bütövlükdə ölkədən qaçışının etirafıdır.

Yerli icra hakimiyyətlərinin ilk atmalı olduğu addım

Bu qurumların hazırkı şərtlərdə investorların marağını cəlb etmək üçün təsirli görünə biləcək ilk işi şəffaflıq ola bilərdi. Başçılar özlərindən başlamalıdır: yerli hakimiyyətlərin saytında hər il özlərinin gəlir və əmlak vəziyyətinə dair bəyannaməni yeniləyərək yerləşdirməli, bunun ardınca rayonun real iqtisadi potensialı ilə bağlı ən zəruri məlumatları daimi ictimailəşdirməlidirlər. Məsələn, X rayonuna sərmayə qoymaq istəyən əcnəbi Azərbaycana gəlmədən həmin rayonda aqrar sektora və ya ərzaq sənayesinə yatırım etmək istəyirsə, həmin rayonun iqtisadi potensialı, eləcə də kənd təsərrüfatına yararlı bələdiyyə və dövlət torpaqlarının həcmi, icarəyə götürə biləcəyi sərbəst torpaq sahələrinin həcmi, rayonu investor üçün cəlbedici edən digər resursların real miqyası, ərazidə əhalinin yaşayış, məşğulluq və təhsil səviyyəsinə dair etibarlı statistik məlumatlar barədə detallı məlumat almaq imkanı olmalıdır.

İxtiyari bir yerli icra hakimiyyətinin saytına daxil olun, görün orada xarici nədir, hətta yerli sərmayəçiləri para yatırtmağa həvəsləndirən hansısa məlumat varmı? Əksinə həmin sayta daxil olan iş adamı, hətta belə planı olsa belə, sonda ondan imtina edər. Qısası, gənc nəsil icra başçılarının sələflərindən fərqli olaraq investorları rüşvətlə boğmaq təcrübəsindən imtina edə bilər, amma bunun əyalətlərdə investisiya mühitinin yaxşılaşması üçün həlledici təsiri olmayacağı yuxarıda qeyd edilən köklü səbəblər üzündən mümkün olmayacağı bəllidir.

Bölgələrdə kütləvi ictimai etimada söykənən seçkili yerli özünüidarə hakimiyyətinin idarəçiliyi bərqərar edilməli, biznesin taleyi ilə bağlı qərarlar mərkəzdən təyin olunan bir şəxsin kabinetində yox, insanların öz aralarından etimad göstərib seçdiyi kollegial yerli seçkili şuralarda (yerli parlamentlərdə) qəbul edilməlidir. Yerli ictimai rəyin etimad göstərib güvənmədiyi idarəçiliyə sərmayə sahibinin öz mülkiyyətini etibar etməsi nə dərəcədə məntiqli və real görünür?

Bölgələrə investisiyaların qısa statistik mənzərəsi 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə ölkədə məhsul istehsalı sahələrinə, xidmət sektoruna və yaşayış evlərinin tikintisinə ümumilikdə 18,538 mlrd. manat investisiya qoyulub (əsas kapitala qoyuluşlar nəzərdə tutulur). Həmin vəsaitlərin 13,287 mlrd. manatı (təxminən 72%) Abşeron yarımadasının (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu) payına düşür. Öz növbəsində, bu sərmayələrdən 12,250 mlrd. manatı bilavasitə məhsul istehsalının yaradılmasına yönəldilib ki, bu hissədə Abşeron yarımadasının payı 84% (yerdə qalan bölgələrin payı 16%) təşkil edir.

2019-cu ildə Abşeron yarımadasından kənarda ən çox sərmayə qoyulan 5 rayon və şəhər Gəncə, Şəmkir, Şəki, Siyəzən və Quba olub (180-200 mln. manat intervalında). Ən az sərmayənin qoyulduğu 5 inzibati ərazi vahidləri isə Biləsuvar, Saatlı,  Samux, Naftalan və Balakən (11-19 mln. manat intervalında) olub.

Lakin bu məsələdə də statistika o qədər qeyri-şəffaf və qeyri-müəyyəndir ki, hər rayon və şəhər üzrə qoyulan sərmayələrin hansı hissəsinin dövlət və özəl sektora aid olduğu, iqtisadiyyatın sahələri (aqrar, sənaye, turizm və s.) üzrə həmin sərmayələrin necə bölündüyü barədə məlumatları tapmaq müşküldür.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.