fbpx

Cəmiyyət

Cəmiyyət

Fərd, yoxsa qrup: biliyin subyekti kimdir? Qrup epistemologiyası bizə nə verə bilər?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bilik fəlsəfə tarixinin ən dramatik mövzularından biridir. Mövzunun mürəkkəbliyi ilə yanaşı, bu dramatikliyin səbəbi bilik fenomeninin güc və məsuliyyət kimi ictimai həyatın ən vacib konseptlərinə bağlı olması faktıdır. Bilik güc gətirir, amma bilik həm də məsuliyyətin əsas şərtlərindən biridir. Məhz bu ictimai və siyasi kontekstdə biliyin subyekti sualı getdikcə daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Sualın bir tərəfində mərkəzləşmiş və paylaşılan (desentralizasiya olunmuş) güc strukturlarında biliyin instrumental əhəmiyyəti və rolu durursa, digər tərəfində də bu cür strukturlarda biliyin özü ilə gətirdiyi məsuliyyət kimi maraqlı bir araşdırma istiqaməti uzanır. Xüsusən də sonuncusu, yəni kollekiv məsuliyyət hadisəsi avtomatik olaraq qrupların bilik subyekti hesab olunub-olunmaması haqqında müzakirə üçün əsas yaradan bir müstəvidir.

Bəs qrupların bilik subyekti olub-olmaması sualının yeniliyi nədir?

60-70-ci illərdən başlayaraq epistemologiyada yeni bir istiqamət getdikcə daha aydın görünməyə başladı: sosial epistemologiya. Başlanğıcda sosial epistemologiyanın sualları əsasən sosial faktorların biliyə təsirini araşdırmaq istiqamətində idi. Bu zaman bilik hələ kartesian (Dekartdan gələn) ənənəyə uyğun olaraq fərdi bir mental hadisə olaraq görülürdü və sosial epistemologiya sosial faktorların məhz bu fərdi müstəvidə başa düşülən bilik fenomeninə təsirini araşdırmağa çalışırdı. Biliyin subyekti isə fərd olaraq qalırdı. Araşdırmalar irəlilədikcə sosial epistemologiyanın istiqaməti həm də bilik subyektinin ontoloji statusunu əhatə etməyə başladı. Biliyin sosial xarakteri sadəcə sosial faktorların fərdi bilik hadisəsinə təsiri ilə məhdudlaşmayıb, biliyin subyektinin sadəcə fərdlər deyil, həm də qruplar ola biləcəyi fikrini də ehtiva etməyə başladı. Biliyi bu aspektdən araşdıran sosial epistemologiya istiqaməti qrup epistemologiyası adlanır.

Sosial epistemologiya araşdırmalarında bu fokus dəyişməsini daha sadə dildə parafraz edək. Kim bilir? sualındakı kim adətən fərdləri əhatə edir.

  1. Kim bilir?
  2. Sokrat/Səyyarə, Rövşən və Bəhruz/proqramçı/taksi sürücüsü/tələbə/həkim/uşaq/insan və s. bilir.

Bu cavab cümləsinin mübtədasında həm də toplu isimləri (hərfi mənada, ya da məcazi mənada) işlədə bilərik: ¨Jüri / kollegiya /elmi şura /xalq /rəyasət heyəti /hökumət /universitet /auditoriya və s. bilir.¨ İkinci misalda biz bu subyektlərin nəyisə bilməsindən ancaq metaforik mənada danışırıq, ən azı, ənənəvi yanaşmaya görə. Məsələn, jüri bilir deyiriksə, bilənin əslində jürini təşkil edən fərdlər olduğu nəzərdə tutulur. Ya da xalq bilir deyiriksə, bilənin əslində xalqı təşkil edən ayrı-ayrı fərdlər olduğu qəbul edilir və s.

Lakin biliyin subyekt mənbəyi üzərində daha detallı düşündükdə görünməyə başlayır ki, müəyyən biliklər sırf fərdi müstəvidə ümumiyyətlə yarana bilməz. Məsələn, əksər elmi biliklərin istehsalı üçün mürəkkəb və qrup halında əqli fəaliyyət, buna uyğun da iş bölgüsü tələb olunur. Bu, əsasən biliyin yaranması (istehsalı) müstəvisindəki əsas düşündürücü məqamdır. Biliyin istehlakı ilə bağlı da vəziyyət heç də bundan daha aydın deyil. Bizim biliklərimizin əksəriyyəti və daha vacib görüləni (məsələn, elmi biliklər) sadəcə etibar əsaslıdır. Yəni başqalarının bizə verdiyi informasiyaların doğru olduğuna etibar edirik və həmin məlumatları öz biliyimiz olaraq səciyyələndiririksə, əsaslandırma olaraq başqalarının bizə təqdim etdikləri məlumatlara istinad ilə kifayətlənməli oluruq. Məsələn, təhsilimiz boyu aldığımız biliklərin əksəriyyətinin yaranma yolunu özümüz bir də keçə bilmərik, buna ehtiyac da yoxdur. Dərsliklərdə bizə ötürülən biliklərin əksəriyyətini özümüz bir də empirik olaraq yoxlaya bilmirik. Məsələn, biz Amerikanın kəşfinin, ya da elektrik lampasının ixtirasının ancaq tarixçəsini və rekonstruksiyasını öyrənirik. Bu biliklərin ortaya çıxması üçün lazım olmuş səyahətləri, eksperimentləri özümüz şəxsən bir də təzədən təkrarlamırıq. Bizim bu məlumatların doğruluğunu yoxlamaq üçün əksər hallarda sadəcə bir yolumuz qalır: bu məlumatları içində olduğumuz biliklər sistemindəki başqa məlumatlarla müqayisə etmək. Məsələn, Amerikanın kəşfi ilə bağlı detalları fərqli mənbələrdən araşdıraraq, nəticələri bir-biri ilə müqayisə edə, hansı mənbənin məlumatının doğru, hansınınkının isə yanlış olduğu haqqında bir qərara gələ bilərik.

Sual yarana bilər ki, bəs ¨biliyin subyekti olmaq¨ nə deməkdir? Bu sualın cavabı iki istiqamətdə düşünülə bilər. Bir tərəfdən, biliyin subyekti olmaq biliyi yaratmaq, istehsal etməkdir. Buna aktiv bilmə – müvafiq olaraq da, aktiv bilik – deyək. Digər tərəfdən, ¨biliyin subyekti olmaq¨ artıq istehsal edilmiş bilikləri mənimsəmək, onu istehlak etməkdir. Buna passiv bilmə (bilik) deyək. Passiv bilmə (bilik) bizim bizdən əvvəl və elə bizim dövrümüzdə də istehsal olunan bilikləri mənimsəməyimizdir. Belə ki, biz bu bilikləri öyrənirik, amma onları öyrənəndə yenidən yaratmırıq. Buna həm ehtiyacımız, həm də imkanımız yoxdur. Passiv bilik həm də bizim kollektiv bilik hövzəmizi, ümumi dövriyyədə və istifadədə olan epistemik razılaşmalarımızı təşkil edir.

Aktiv bilmə (bilik) isə hələ məlum olmayan mətləblərin ortaya çıxarılmasıdır. Bura elmi ixtiralar, tapıntılar, eləcə də elmi olmayan yeni məzmunlar, məsələn, kulinariyada hansısa yeni tapıntı, idmanda nailiyyəti artırmaq üçün yeni fəndin aşkar edilməsi və s. aid edilə bilər. Aktiv bilik, yəni bilik istehsalı adətən ayrı-ayrı fərdlərin nailiyyəti kimi, ayrı-ayrı fərdlərin müəllifliyində görünür (Muşdiyeva 2018). Aktiv bilik müəllifi ilə subyekti üst-üstə düşən bilikdir. Passiv biliyin subyekti isə adətən o biliyin müəllifi olmur. Qrup epistemologiyasının qarşısında duran çağırış ondan ibarətdir ki, məhz ayrı-ayrı fərdlərin yox, qrupların aktiv bilik subyekti, yəni istehsalçısı olub-olmadığını yoxlaya bilsin.

Ümumiyyətlə, bilik anlayışının tarixinə baxsaq, görürük ki, biliyin üzərində ən çox düşünülmüş, müzakirə edilmiş, müxtəlif başqa definisiyalara yol açmış tərifi biliyin əsaslandırılmış doğru inam definisiyasıdır. Buna fəlsəfə tarixində biliyin üçşərtli definisiyası deyirlər. Bu üçşərtli definisiyanın çox müxtəlif metamorfozları var. Bundan əlavə, epistemologiyada biliyə tərif verməyin, yəni biliyi analiz etməyin qeyri-mümkünlüyünü iddia edən yanaşmalar da var. Bu kiçik yazı çərçivəsində bütün bu variasiyalara toxuna bilməyəcəyim üçün biliyin üçşərtli klassik definisiyasında qalaq. Bu klassik üçşərtli definisiyanı analiz etsək, yəni onun içindəki məlum üç şərtə – inam, doğruluq, əsaslandırma – baxsaq, görürük ki, bu üç şərtdən ancaq biri – inam – fərdi mental bir halı ifadə edir. Qalan ikisi – doğruluq və əsaslandırma – sadəcə fərdi müstəvidə başa düşülə bilməz. Bu iki şərt biliyi sırf fərdi mental hadisə olaraq görməyin qeyri-mümkün olduğunu göstərir. Bunun üçün elementar olaraq doğruluğun və əsaslandırmanın nə olması haqqında azca düşünmək kifayət edir, belə ki, hər ikisi fərdi mental hadisə olan inamın biliyə kvalifikasiya edə bilməsinin qeyri-fərdi faktorlara bağlı olduğunu ifadə edir.

Qısası, biliyin sırf fərdi hadisə olmaması, sosial faktorların biliyin təməl şərtlərinə aid olması fikri yeni deyil. Yeni olan fərdlərdən başqa, qrupların da bilik subyekti (ingilisdilli ixtisas ədəbiyyatında intellectual agent) olaraq görülə biləcəyi fikridir.

Kollektiv biliyin subyekti haqqında sualın siyasi konteksti

Qrup subyektli biliyin mümkün olub-olmaması sualının aktuallaşmasında həm də siyasi kontekstlər vacib rol oynamışdır. İşlək demokratik sistemli ölkələrdə seçicilərin onlara açıq-aşkar yalan danışan namizədlərə səs verməsi, həqiqətin vacib olmaması iddiası ətrafında gedən məlum post-truth(post-həqiqət) müzakirələri, konspirologiyaların popularlığının artması və s. kimi hadisələr ictimai-siyasi proseslərdə epistemik aspektlərə, məlumat və biliyin roluna və təsir gücünə diqqəti intensivləşdirdi. Bu yanaşmanın bizim cəmiyyətlə əlaqədar maraq kəsb edən tərəfi də siyasi kontekstdir. Qrupların bilik subyektləri ola bilib-bilməməsi sualı kollektiv (siyasi) məsuliyyət mövzusu çərçivəsində aktuallaşır. Bu siyasiliyin iki istiqaməti var: iqtidar tərəfdən açıq-aşkar rasional kontekstlərə hücum, yalan və təbliğat, digər tərəfdən vətəndaşların bir tərəfdən iqtidar yalanını bilə-bilə ona loyallığı, həmçinin iqtidarın yalanını bildiyi halda doğru olan ilə maraqlanmaması, hətta özünün doğrulara çıxışını bloklaması.

Kollektiv məsuliyyət avtoritar sistemlərdə yaşayan, repressiv idarəetməyə məruz qoyulan cəmiyyətlər ilə əlaqəli ən çox əhəmiyyət kəsb edən suallardan biridir. Burada bir tərəfdən bu cəmiyyətlərin müəyyən siyasi iqtidarlara onların iradələrinə müdaxilə üçün elə özləri tərəfindən şərait yaradılmasının məsuliyyəti nəzərdə tutulursa, digər tərəfdən də belə avtoritar sistemlərdə siyasi kriminal aktlarda (kütləvi rüşvət, seçki saxtalaşdırılması və s. kimi müxtəlif kollektiv cinayətlər) iştiraka razılığın (ən azından buna qarşı çıxmamağın) gətirdiyi məsuliyyət nəzərdə tutulur. Başqa sözlə, avtoritar cəmiyyətlərdə qrup olaraq həm özümüzə edilən haqsızlıqdan (qurban statusu), həm də başqalarına qarşı edilən haqsızlıqlarda iştirakdan (başqalarına zərər vermənin bir forması, buna görə də əxlaqsızlıq) məsul tutuluruq. Bu kollektiv məsuliyyətdən mənalı bir formada danışa bilmək üçün isə avtomatik olaraq kollektiv biliyin mümkün olub-olmaması sualı ilə üzləşirik. Belə ki, məsuliyyət bilik anlayışı ilə sıx bağlı olan bir konseptdir. Fərdi müstəvidə adətən haqqında biliyin olmayan bir şeydən məsul tutulmursan. Bəs kollektiv müstəvidə bu necədir? Kollektiv məsuliyyətdən danışmaq üçün bizə kollektiv biliyin nə olmasını, ümumiyyətlə, belə bir şeyin mümkün olub-olmaması sualı ətrafında düşünmək vacib olur.

Aktiv, passiv və reaktiv bilik

Qrupların bilik subyekti olub-olmaması sualını düşünmək üçün ilk əvvəl biliyin yaranması prosesi ilə bağlı bir neçə dəqiqləşdirmə etmək lazım gəlir. Birinci dəqiqləşdirmə biliyin aktiv və passiv forması ilə bağlıdır. Qrup(lar) bilə bilərmi? / Qrup(lar) bilik sahibi ola bilərmi? sualına cavabı iki epistemoloji istiqamətdə axtarmaq olar: biliyin yaradılması/istehsalı (məsələn, hər hansı bir elmi ixtira) və biliyin paylaşılması/istehlakı (bu ixtiranın öyrənilməsi, onun üstündə refleksiyalar və s./əksər orta məktəb dərsliklərində, akademiyada istifadə olunan məlumatlar) (Muşdiyeva 2018). Bu ikisi eyni epistemik hadisə deyil. Bu istiqamətdə irəliləyərək biliyin aktiv, reaktiv və passiv formalarından danışa bilərik. Biliyin yaranması/istehsalını aktiv epistemik hadisə, biliyin paylaşılması/istehlakını isə passiv epistemik hadisə adlandıraq. Reaktiv bilik bu ikisi arasında bir yerdədir. Məsələn, bir elmi ixtira aktiv bilikdirsə, onun öyrənilib başa düşülməsi, başqalarına (şagirdlərə, tələbələrə və s.) öyrədilməsi də passiv bilikdirsə, bu ixtiranın tənqidi reaktiv bilikdir. (Bu arada, biliyin formalarının aktiv, reaktiv və passiv olaraq fərqləndirilməsi bir çox Gettier problemi misallarının çözülməsi üçün də əsas yarada bilərdi, belə ki, bu üç fərqləndirmə Gettier misallarının çoxunu ortadan qaldırır. Amma bunlar bu yazının mövzusu deyil.)


Bilik evolutiv hadisədir

Biliyi evolutiv bir hadisə olaraq başa düşürəm və biliyi yaşamaq uğrunda mübarizənin bir forması olaraq izah edən yanaşmaları qəbul edirəm. Bu mənada, bilik bizim dünya ilə münasibətimizdə sığortalayıcı funksiya daşıyır. Bilik bizim dünyaya münasibətdə həm fərdi, həm də kollektiv yaddaşımızı sığortalamaq cəhdimizin nəticəsidir. Biz bu və ya digər formalarda dünya ilə üzləşirik və bunun nəticəsində bu dünya haqqında müəyyən bir informasiya (qıcıq) dalğasına məruz qalırıq. Bilik bu informasiya (qıcıq) məzmunlarını iki istiqamətdə sığortalamaq cəhdimizin məhsuludur.

Birincisi, biz bir yandan bizim məruz qaldığımız informasiyanın obyektiv reallıq dediyimiz, adətən bizdən asılı olmayan faktiki reallıq kimi ifadə edilən faktlara uyğun gəlib-gəlmədiyini yoxlamalıyıq. Başqa sözlə, biz sığortalamalıyıq ki, bizim məruz qaldığımız informasiya, məsələn, hallusinasiya məhsulu deyil, onun obyektiv istinadı var. Biliyin klassik üçşərtli definisiyasında bu, doğruluq şərti ilə ifadə olunur. Yəni biz dünya haqqında məruz qaldığımız informasiyanı bu dünyanın faktları ilə (bizə əlçatanlığı imkan verdiyi qədər) yoxlayırıq. Onlar bir-birinə uyğun gəlirsə, biz həmin məlumatları doğru, uyğun gəlmirsə, yanlış hesab edirik. Həm də biz yoxlayırıq ki, bu informasiya bizim içində olduğumuz əvvəlki bilik sistemi (kollektiv yaddaş) ilə üst-üstə düşür, yoxsa yox (Muşdiyeva 2021).

Digər tərəfdən isə biz dünya haqqında məruz qaldığımız informasiyanı sosial-intersubyektiv müstəvidə sığortalamaq ehtiyacındayıq. Üçşərtli definisiyada bu ehtiyac əsaslandırma şərti ilə ifadə olunur. Biz bu məruz qaldığımız informasiyanı sosial konvensiyalar (razılıqlar) və bunlara müvafiq kodlar çərçivəsi daxilində həm başqaları, həm də özümüz üçün əsaslandıra bilməliyik.

Fərdi müstəvidə baxılanda, biliyin yaranması/istehsalı biliyin sığorta funksiyasını tam (məsələn, uğurlu halda hər üç şərtin ödənməsi ilə) və aktiv olaraq özündə əks etdirir. Biliyin yaranması/istehsalı evolutiv (təkamül) xarakterlidir və yaşamaq uyğunda mübarizənin aktiv və offensiv bir aktıdır. Biliyin paylaşılma/istehlak forması isə bunu natamam (adətən, bu zaman hər üç şərt ödənmir) və passiv şəkildə nümayiş etdirir.

Aktiv biliyin aktiv biliksizliyə deformasiya olunması

Bura kimi biliyə pozitiv mənada – yəni biliyin mövcud olduğu hallara baxdıq. Ancaq bəzi qrupların epistemik davranışını müşahidə etdikdə bir qəribəlik diqqət çəkir: sağ qalmaq uğrunda mübarizə, evolutiv/təkamül akt(ı) olaraq bilik yaradılması (istehsalı) deyil, aktiv olaraq biliyin sabotajı, biliksizliyin təşkil edilməsi müşahidə olunur. Bu, əksərən avtoritar idarə olunan cəmiyyətlərdə – o cümlədən bizim cəmiyyətdə və əksər postsovet məkanı cəmiyyətlərində – rast gəlinən hadisədir.

Postsovet məkanında/avtoritar cəmiyyətlərdə qrupların epistemik davranışının aktiv biliksizlik/bilik sabotajı olması iddiasını, əslində, sorğu və s. digər sosial araşdırma alətləri ilə araşdırmaq və təsbit etmək lazımdır. Amma bu cür araşdırmaların aparılması üçün hazırda əlimdə imkanlar yoxdur, həmçinin bu, belə bir araşdırma keçirmək istəyənlər üçün risklidir və mövcud siyasi şəraitdə təhlükəsiz deyil. Bundan başqa, insanların fərdi, yaxud qrup halında epistemik davranışları autentik şəraitdə və süni şəraitdə (sorğular, müsahibələr və s.) çox fərqlənə bilər. Ona görə də işin indiki mərhələsində hələlik bu iddianı – avtoritar idarə olunan cəmiyyətlərdə aktiv biliyin aktiv biliksizliyə deformasiya olunması iddiasını – ancaq müşahidə əsaslı ümumiləşdirmə və hipotetik təsbit olaraq saxlamaqla kifayətlənməli oluram.

Bu arada, kollektiv epistemik deformasiyalar sadəcə avtoritar idarə olunan cəmiyyətlərdə rast gəlinən hadisə deyil. Aşağıda kollektiv biliksizliyi izah etməyə çalışan üç konsept təqdim ediləcək ki, bunlar əsasən demokratik idarə olunan qərb cəmiyyətlərində kollektiv biliksizlik formalarını analiz etməyə çalışır: epistemik şar, exo çəmbəriepistemik bunker. Bu sahədə yazılmış çoxsaylı ixtisas ədəbiyyatında da, yenə də, əsasən demokratik idarə-üsullu cəmiyyətlər fokus nöqtəsi olaraq görülür.

Beləliklə, müşahidələrimizə əsasən, gəldiyimiz qənaət ondan ibarətdir ki, avrtoritar sistemli cəmiyyətlərdə qrupların epistemik davranışı onunla səciyyələnir ki, bilik yaradılmasından/ istehsalından daha çox aktiv olaraq biliksizliyin yaranmasına/istehlasına  can atılır. Yuxarıda qeyd etmişdim ki, biliyi aktiv və passiv olaraq iki tipə bölür, bu bölgünü də biliyin evolutiv/takəmül çərçivəsində bir hadisə olması ilə əlaqələndirirəm. Aktiv bilik (bilik istehsalı) daha intensiv evolutiv vəziyyətlərdə, yəni daha kritik yaşamaq uğrunda mübarizə situasiyalarında ortaya çıxır. Passiv bilik isə bunun əksinə olaraq, daha az intensiv, daha rahat evolutiv şəraitdə rast gəlinir. Bu evolutiv situasiyalar azadlıq indeksinin yuxarı olduğu cəmiyyətlərdə və azadlıq indeksinin aşağı olduğu avtoritar idarə olunan cəmiyyətlərdə fərqlidir. Məsələn, azad (və müvafiq olaraq rifahı yuxarı olan) cəmiyyətlərdə evolutiv situasiya daha yaxşı (fərdi rifah, iqtisadi, elmi və s.) nəticələr uğrunda rəqabətdirsə, azadlıq indeksi aşağı olan cəmiyyətlərdə evolutiv situasiyalar əksər hallarda insanların təhlükəsizlik qayğılarını ön plana çəkir. Buna müvafiq olaraq da aktiv evolutiv akt kimi bilik istehsalı yox, biliksizliyin istehsalı, aktiv biliksizlik təşkili baş tutur. (Əlavə araşdırılmalar üçün sual: niyə mütləq aktiv biliyin saxlanması zərurəti yaranır? Yəni, avtoritar cəmiyyətlərdə niyə sadəcə aktiv bilikdən imtina (yəni bilik istehsalından imtina) təhlükəsizlik aspektindən kifayət etmir? Bunun səbəbi biliyin təkamül fenomeni olmasında ola bilərmi? Məsələn, təkamül bir tərəfdən təhlükəsizliyin təminatını tələb edirsə, digər tərəfdən də hər hansısa səbəbdən aktiv bilik istehsalını tələb edir ki, bunun da deformativ anomaliya versiyası olaraq aktiv biliksizlik ortaya çıxır. Bu səbəb nə ola bilər? Buna müvafiq evolutiv situasiya nə ola bilər?)

Aktiv biliksizliyin formları

Kollektiv biliksizlik haqqında bir çox araşdırmalar var. Bizə bu araşdırmalardan yuxarıda artıq adlarını qeyd etdiyim üç konsept maraqlıdır: epistemik şar, epistemik exo çəmbəri, epistemik bunker. Bu konseptlərin kollektiv biliksizliyin bəzi formalarını necə izah etdiyinə baxaq.

Epistemik şar (epistemic bubble) (C Thi Nguyen) elə bir kollektiv epistemik vəziyyətdir ki, bir qrup insan müəyyən bir bilikdən məhrum qalır, çünki bunun üçün lazım olan məlumata çıxışı yoxdur. Ehtimal edilir ki,  lazım olan məlumatlara çıxış təmin edilən kimi bu biliksizlik halı bilik halına keçid edəcək.

Epistemik exo çəmbəri (C Thi Nguyen) epistemik şardan fərqli olaraq, sadəcə məlumatın əlçatan olması səbəbindən yaranan kollektiv biliksizliyi təsvir etmir. Epistemik exo çəmbərində təsvir edilən kollektiv biliksizlik situasiyasında bu biliksizliyin səbəbi onu bölüşən qrupların lazımi məlumata çıxışın olmaması deyil, onların ümumiyyətlə ətrafdan gələn məlumatı selektiv və qərəzli əsaslarla qəbul etmələridir. Belə qruplar adətən epistemik cəhətdən homogen, yəni bir-birinin mövqelərini və artıq mövcud olan bilik sistemlərini qəbul edən fərdlərdən ibarət olur, bu fərdlər də adətən ancaq bir-birinin səsini eşidir və ancaq bir-birinin perspektivini təsdiqləyən və exo kimi təkrarlayan məlumatları qəbul edirlər.

Epistemik bunker (Katherine Furman) konsepti isə izah etməyə çalışır ki, bu yuxarıdakı iki konseptdə təsvir olunan kollektiv epistemik davranışınların (əsas da exo çəmbəri) funksiyası nədən ibarətdir. Epistemik bunker konsepti bu funksiyanı evolutiv çərçivədə təqdim edir və qrup üzvlərinin təhlükəsizlik məqsədi ilə özlərini təhlükə mənbəyi ola biləcək məlumatlardan təcrid etməsini təsvir edir.

Bu üç konsept bizə aktiv biliyin aktiv biliksizliyə (trans-)deformasiyasını izah etmək üçün nə verir? Yuxarıdakı üç konseptin bu aspektdə vəd etdiyi üstünlük ondan ibarətdir ki, onlarda intuitiv  və implisit də olsa, biliyin evolutiv (təkamül) aspektinə vurğu qoyulur, əsas da epistemik bunker konseptində. Epistemik bunker konsepti öz növbəsində əvvəlki iki konseptin – epistemik şar və epistemik exo çəmbəri – davamı olaraq görülə bilər, belə ki, onlara reaksiya və onlarda ifadə olunan fikrin davamını təşkil edir.

Bəs aktiv biliyin aktiv biliksizliyə (trans-)deformasiyasının epistemik cəhətdən kafi izahı üçün bu konseptlərdə nə çatmır? Yuxarıdakı üç konseptdə epistemik analiz üçün çatışmayan əsas şey odur ki, epistemik kontekst (background) aydın deyil. Bilik konsepti daha çox intuitivdir. Bilinmir ki, bu konseptlərdə bilik deyiləndə nə başa düşülür, hansı bilik konseptindən çıxış edilir.

Bu fonda aktiv biliyin aktiv biliksizliyə (trans-)deformasiyasını izah edə bilmək üçün qrup epistemologiyasına müraciəti şərtləndirən səbəb odur ki, yuxarıdakı hər üç konsept qrupların epistemik davranışlarını təsvir və təqdim edir, amma bu davranışın mərkəzində duran əsas hadisənin – biliyin – mahiyyətini (bununla da biliyin subyekti məsələsini) izah etmir. Burda əsas məqam ondadır ki, hər üç konseptdə təqdim olunan kollektiv epistemik davranış ənənəvi epistemologiyanın fərd fokuslu yanaşmasından yayınan bir hadisədir, amma bu yayınmanın məhsulu/nəticəsi olan biliyin ənənəvi fərd fokuslu epistemologiya kontekstində təqdim olunduğu təəssüratı yaranır. Belə ki, müəlliflərin çıxış etdikləri bilik anlayışının çərçivəsinin nədən ibarət olması ilə bağlı ayrıca bir izah yoxdur.

Aktiv biliksizlik qrup epistemologiyası kontekstində

 Bu sadalanan üç konsept avtoritar idarə olunan cəmiyyətlərdəki kollektiv epistemik sabotaj davranışını yalnız qismən təsvir edə bilir. Burda da məlumat əlçatmazlığı səbəbli kollektiv biliksizlik (epistemik şar), selektiv məlumat istehlakı və selektiv etibar səbəbli kollektiv biliksizlik davranışları müşahidə olunur. Ancaq avtoritar idarə olunan cəmiyyətlərdə həm də bir qədər fərqli quruluşda kollektiv epistemik sabotaj forması müşahidə edilir: əqli nəticəni labüd edəcək epistemik şərtlərin ləğv edilməsi. Bir növ, epistemik özünüdağıtma. Bu tip davranış zahirən epistemik şar konseptinin təsvir etdiyi davranışa oxşaya bilər. Belə ki, burda da lazımlı məlumata çıxış olmadığından bilik baş tutmur. Amma epistemik şardakı biliksizlikdən fərqi budur ki, epistemik şarda olan biliksizliyin səbəbi olan məlumat çatışmazlığı epistemik subyektlərin (bilik(sizlik) sahibi olan insanlar) məruz qaldığı bir şəraitdir və xarici səbəblidir. Epistemik özünü ləğvetmədə də biliksizliyin səbəbi lazımi məlumatın əlçatan olmamasıdır. Amma burda bunu epistemik kollektiv özü təşkil edir. İnsanlar bilərəkdən özlərinin məlumat qaynaqlarına çıxışlarını, ya da məlumat qaynaqlarının özlərinə çıxışını bağlayırlar ki, müəyyən mətləblər haqqında bilik sahibi ola bilməsinlər (məsələn, xəbər oxumamaq davranışı). Bu, exo çəmbərində təsvir olunan davranışdan fərqlənir. Belə ki, exo çəmbəri sakinləri məlumatdan imtina etmirlər, onu selektiv formada dəyərləndirirlər (yəni, eşitmək istədikləri məlumatı doğru, eşitmək istəmədiklərini isə yanlış olaraq təsnifatlandırırlar). Epistemik özünüləğvdə isə özün məlumata çıxışını bloklayırsan. 

Bu davranışın epistemik mexanizmi, strukturu fərqlidir və yuxarıdakı üç konsept (epistemik şar, exo çəmbəri və epistemik bunker) bunları izah edə bilmir, ya da ancaq qismən müəyyən aspektlərini izah edə bilir. Epistemik özünüləğv davranışını analiz edə bilmək üçün bizə ayrıca konsept lazımdır ki, bizi həm də analiz üçün lazım olacaq müvafiq anlayışlar ilə təmin edə bilsin. Bunun üçün əvvəlcə yuxarıda təqdim etdiyimiz qrup epistemologiyası sahəsində aparılan araşdırmalara müraciət edəcəyəm. Sonra isə kollektiv epistemik özünüləğv davranışını izah etmək üçün öz konseptimi təqdim edəcəyəm. Bu haqda ayrıca bir yazıda daha ətraflı oxuya biləcəksiniz.

İstifadə edilmiş ədəbiyyat:

  • Fleck, Ludwik (1980). Entstehung und Entwicklung einer wissenschaftlichen Tatsache, Suhrkamp
  • Fricker, Miranda ; Graham, Peter ; Henderson, David & Pedersen, Nikolaj Jang (eds.) (2019). The Routledge Handbook of Social Epistemology. New York, USA: Routledge.
  • Furman, Katherine (2023). Epistemic Bunkers. Social Epistemology 37 (2):197-207.
  • Gilbert, Margaret (1987). Modelling Collective Belief. Synthese, 73(1): 185–204.
  • Gilbert, Margaret (1989). On Social Facts. New York: Routledge.
  • Gilbert, Margaret (2004). Collective Epistemology. Episteme, 1(2): 95–107.
  • Goldman, Alvin I. (1979). What Is Justified Belief? Justification and Knowledge, George S. Pappas, ed., Dordrecht: Springer, 1–23. doi:10.1007/978-94-009-9493-5_1
  • Goldman, Alvin I. (1987). Foundations of Social Epistemics. Synthese, 73(1): 109–144.
  • Goldman, Alvin I. (1999). Knowledge in a Social World. Oxford: Oxford University Press.
  • Goldman, Alvin I. (2010). Why social epistemology is real epistemology. In Adrian Haddock, Alan Millar & Duncan Pritchard (eds.), Social Epistemology. Oxford University Press, Usa. pp. 1-29.
  • Hecker, Achim (2012), Knowledge Beyond the Individual? Making Sense of a Notion of Collective Knowledge in Organization Theory. Organization Studies 33(3):423-445
  • Lackey, Jennifer (2014). Essays in Collective Epistemology. Oxford: Oxford University Press.
  • Lackey, Jennifer (2016). What Is Justified Group Belief? Philosophical Review, 125(3): 341–396.
  • Lackey, Jennifer (2020). The Epistemology of Groups. New York, NY: Oxford University Press.
  • Nguyen, C. Thi (2020). Echo chambers and epistemic bubbles. Episteme 17 (2):141-161.
  • Muşdiyeva, Tinay. “İntellektual ənənə, rasionallıq, azadlıq.” Baku Research Institute, May 1, 2018. https://bakuresearchinstitute.org/intellektual-enene-rasionalliq-azadliq-2/.
  • ———. “Veritas: Doğruluq və doğruluq nəzəriyyələri haqqında.” Baku Research Institute, August 9, 2021. https://bakuresearchinstitute.org/veritas-dogruluq-ve-dogruluq-nezeriyyeleri-haqqinda-2/.
  • O’Connor, Cailin. “Social Epistemology.” In The Stanford Encyclopedia of Philosophy, Summer 2024. Metaphysics Research Lab, Stanford University, 2024. https://plato.stanford.edu/archives/sum2024/entries/epistemology-social/.
  •  Pariser, Eli (2011).The Filter Bubble: How the New Personalized Web Is Changing What We Read and How We Think. Penguin. Archived from the original on January 19, 2021. Retrieved October 11, 2020.
  • Steup, Matthias ; Turri, John & Sosa, Ernest (2008). Contemporary Debates in Epistemology, 2nd Edition. Wiley-Blackwell.

Əlavə məlumat üçün ədəbiyyat:

  • Broncano-Berrocal, Fernando & Carter, Adam (eds.) (2020). The Epistemology of Group Disagreement. Routledge.
  • Brown, Jessica (2022). Group Belief for a Reason. Aristotelian Society Supplementary Volume 96 (1):1-22.
  • Brown, Jessica (2024). Groups as Epistemic and Moral Agents, Oxford: Oxford University Press.
  • France, Alex (2017). Cass R. Sunstein: #Republic: Divided Democracy in the Age of Social Media: Princeton, Princeton University Press, 2017. [Hardback] [310 + ix pp.]. Ethical Theory and Moral Practice 20 (5):1091-1093.
  • Collin, Finn (2013). Two Kinds of Social Epistemology, Social Epistemology Review and Reply Collective, 2(8): 79–104.
  • Floridi, Luciano (2016). The philosophy of information, Oxford: Oxford University Press.
  • Greco, John (2021). What Is Social Epistemic Dependence? Philosophical Topics, 49(2): 113–132.
  • Harris, K. R. (2023). Beyond belief: On disinformation and manipulation. Erkenntnis: 1–21.
  • Lackey, Jennifer (2014). Part I. The debate between summativists and non-summativists. Social process reliabilism : solving justification problems in collective epistemology / Alvin I. Goldman ; When is there a group that knows? : distributed cognition, scientific knowledge, and the social epistemic subject / Alexander Bird ; A deflationary account of group testimony. In Essays in Collective Epistemology. Oxford University Press.
  • Lackey, Jennifer (2020). Epistemic duties regarding others. K. McCain and S. Stapleford, eds., Epistemic Duties, New York: Routledge, 281–295
  • Levy, Neil & Alfano, Mark (2020). Knowledge From Vice: Deeply Social Epistemology. Mind 129 (515):887-915.
  • Longino, Helen E. (1990). Science as Social Knowledge: Values and Objectivity in Scientific Inquiry, Princeton, NJ: Princeton University Press.
  • McCain, Kevin ; Stapleford, Scott & Steup, Matthias (eds.) (2021). Epistemic Dilemmas: New Arguments, New Angles. New York, NY: Routledge.
  • Mathiesen, Kay (2007). Introduction to special issue of social epistemology on “collective knowledge and collective knowers”. Social Epistemology 21 (3):209 – 216.
  • McKenna, Robin (2023). Non-Ideal Epistemology. Oxford: Oxford University Press.
  • Pariser, Eli (2011). The Filter Bubble: What the Internet is Hiding from You. New York: Penguin Press, 294 pp.
  • Tuomela, Raimo (1992). Group Beliefs. Synthese, 91(3): 285–318.
Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.