fbpx

iqtisadiyyat

iqtisadiyyat

İstehlakçıların iqtisadi gözləntiləri son 1 ildə necə dəyişib?

Read this article on other language
Download article
image_pdf
image_pdf

İstehlakçı inam indeksi (İİİ) istehlakçıların şəxsi maliyyə vəziyyətini və iqtisadiyyatla bağlı mövcud vəziyyəti qiymətləndirmələrini müəyyən etməyə imkan verən göstəricidir. Bu indeks həmçinin istehlakçıların gələcəkdəki gözləntilərini, eləcə də yaxın gələcəklə bağlı xərcləmə meyllərini ölçmək məqsədi daşıyır. Əhalinin gözləntilərini başa düşmək həm dövlət, həm də biznes strukturlarının fəaliyyətinə müsbət təsir edir. Şirkətlər öz əməliyyatlarını tənzimləyə bilir, dövlət isə vergi daxilolmaları ilə bağlı baş verəcək dəyişikliklərə hazır olur. Əgər istehlakçının əminliyi aşağı düşərsə və qənaət etmək istəyi artarsa, o zaman əksər istehsalçılar öz istehsal həcmlərini azaltmağa məcbur olacaqlar. Artdığı halda isə bunun əksi müşahidə olunacaq.

Eyni zamanda qeyd olunmalıdır ki, Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilərdən aydın olur ki, 2022-ci ilin yanvar ayından bəri ardıcıl 16 aydır ki, Azərbaycanda iki rəqəmli inflyasiya qeydə alınır. Sonuncu açıqlamaya görə, ölkədə inflyasiya göstəricisi 13.5%-ə bərabərdir. Bu, Mərkəzi Bankın inflyasiya ilə bağlı hədəf diapozonundan (2-6%) iki dəfə artıq yüksək göstərici deməkdir. İşsizlik səviyyəsi də pandemiyanın başladığı 2020-ci ilə nəzərən aşağı düşsə də, hələ də pandemiyadan öncəki göstəricilərdən yüksək olaraq qalmaqdadır. Bu göstəricilər əhalinin gözləntilərinə təsirsiz qalmır.

Digər ölkələrdən fərqli olaraq Azərbaycanda İİİ ilə bağlı göstəricilər dərc edilmir. Bunu nəzərə alaraq biz 2022-ci ilin may ayında Bakı Araşdırmalar İnstitutunda bu indekslə bağlı öz hesablamamızı dərc etmişdik. Bir il sonra yenidən eyni indekslə bağlı alternativ sorğu keçirdik və sorğunun nəticələri əsasında hesablama apardıq. Əsas məqsədimiz ötən ilin eyni dövrü ilə müqayisədə istehlakçıların iqtisadi gözləntiləri ilə bağlı baş verən dəyişikliklərin öyrənilməsidir. 

Sorğunun sosial-iqtisadi demoqrafiyası

İndeksi hesablamaq məqsədilə biz 17 fevral – 31 mart 2023-cü il tarixlərində onlayn sorğu keçirdik. Qeyd edək ki, 2022-ci ildəki sorğu da təxmini eyni dövrü (17 fevral -20 mart) əhatə edib. Sorğu iştirakçılarının sosial-demoqrafik göstəriciləri 2022-ci ildə keçirilən sorğunun iştirakçılarının müvafiq göstəriciləri ilə uyğunluq təşkil edir. Tədqiqat sualları üzrə informasiyanın toplanması və emalı aşağıdakı kimi təşkil olunub.

Ev təsərrüfatlarının indiki vəziyyətini və gələcək ilə bağlı gözləntilərini qiymətləndirmək üçün internet üzərindən Google Forms saytı vasitəsilə onlayn sorğu keçirmişik. Sorğu haqqında məlumatı sosial şəbəkələr vasitəsilə yaymışıq və vətəndaşlara sorğuda iştirak üçün müraciətlər etmişik. Sorğuda ümumilikdə 360 respondent iştirak edib.  Sorğu sualları aşağıdakı istiqamətləri əhatə edib:

i. Respondentlərlə bağlı ümumi məlumatlar (yaş, cins, yaşadığı ərazi, təhsil, gəlir səviyyəsi, məşğulluq və ailə vəziyyəti);
ii. Respondentlərin ölkə iqtisadiyyatının son 12 aydakı vəziyyəti ilə bağlı düşüncələri;
iii. Respondentlərin ölkə iqtisadiyyatının növbəti 12 aydakı vəziyyəti ilə bağlı gözləntiləri.

Respondentlərin tərkibinə dair məlumat aşağıdakı kimidir:

  1. Respondentlərin 62%-ini (222 nəgər) kişilər, 38%-ini (138 nəfər) isə qadınlar təşkil edib;
  2. Respondentlərin 68.6%-ini 29 yaşadək olanlar, 30.3%-ini 30-49 yaş arası şəxslər, 1.1%-ini isə 50 yaşdan yuxarı şəxslər təşkil edib;
  3. Respondentlər ölkədəki 14 iqtisadi rayonun 13-ünü təmsil edirlər (Şərqi Zəngəzur iqtisadi rayonu təmsil olunmur).
  4. Ən çox respondent paytaxt Bakı şəhərini (66.4%) təmsil edib. Növbəti yerlərdə Mərkəzi Aran (10.6%), Qarabağ (8%) və Abşeron-Xızı 6.4%) iqtisadi rayonları qərarlaşıb. Yerdə qalanları isə digər iqtisadi rayonlarda yaşayan respodentlərdən ibarət olub;
  5. Respondentlərin böyük əksəriyyəti ali təhsilli şəxslərdən ibarət olub (84%). Sorğu iştirakçılarının 8%-i kollec və ya peşə məktəbi məzunlarından, daha 8%-i isə orta təhsilli şəxslərdən ibarət olub;
  6. Respondentlərin 61%-i muzdlu çalışan, 11% isə özünü işsiz kimi göstərib. Daha 7% cavabında özünü fərdi sahibkar olaraq qeyd edib. Sorğu iştirakçılarının 21%-lik hissəsi isə iqtisadi qeyri-fəal əhali qrupuna daxil olan şəxslərdən (tələbələr, təqaüdçülər, evdar qadınlar) ibarət olub;
  7. Respondentlərin 39%-inin aylıq gəliri 1000 manatdan çox olan şəxslərdən ibarət olub. 0-344 manat arası aylıq gəliri olan şəxslər bütün sorğu iştirakçılarının 29%-ini təşkil edib.  Sorğuda iştirak edənlərin 13%-i aylıq gəlirlərinin 700-100 manat, 11%-i 345-499 manat, 7%-i isə, 500-699 manat aralığında olduğunu bildirib.
  8. Respondentlərin 71%-ini subay, 29%-ini isə evli şəxslər təşkil edib;
  9. Sorğuda ən çox ailə üzvlərinin sayı üç nəfərdən ibarət olan şəxslər iştirak edib (24.4%). Sorğu iştirakçılarının 24,2%-inin ailə üzvlərinin sayı ikiyə, 18%-nin ailə üzvlərinin sayı beşə, 15.3%-inin ailə üzvlərinin sayı dördə bərabər olub. Respondentlərin 6.9%-inin ailə üzvlərinin sayı beşdən çox olub. Tək yaşayan respondentlər isə bütün sorğu iştirakçılarının 11.1%-ini təşkil edib.

Göründüyü kimi, sorğuda iştirak edənlərin sosial-iqtisadi demoqrafiyası Azərbaycan əhalisinin sosial-iqtisadi demoqrafiyası ilə tam uyğunluq təşkil etmir. Bunun da əsas səbəbi sorğunun məhz sosial şəbəkələr vasitəsilə yayımlanmasıdır. Buna baxmayaraq, güman edirik ki, respondentlər arasında regionlarda yaşayan şəxslərin və təqaüdçülərin sayının artması bu təhlildən çıxan nəticələri müsbət istiqamətdə dəyişdirməyəcəkdi.

İndeksin hesablanma üsulu

Biz “Respondentlərin ölkə iqtisadiyyatının son 12 aydakı vəziyyəti ilə bağlı düşüncələri” və “Respondentlərin ölkə iqtisadiyyatının növbəti 12 aydakı vəziyyəti ilə bağlı gözləntiləri” qruplarına daxil olan suallara verilən cavablar əsasında İstehlakçı İnam İndeksini hazırlamışıq.

İlk əvvəl, suallara uyğun olaraq qoyulan cavabları aşağıdakı qruplar üzrə böldük: müsbət, qismən müsbət, neytral, qismən mənfi və mənfi. Növbəti mərhələdə həm müsbət, həm mənfi cavabların ümumi cavablarda payını tapdıq. Bu məqsədlə, balansa riayət etmək üçün aşağıdakı düsturdan istifadə etdik:

Müsbət cavabların payı = (müsbət + ½ qismən müsbət) / ümumi cavabların sayı * 100

Mənfi cavabların payı = (mənfi + ½ qismən mənfi) / ümumi cavabların sayı * 100

Hər göstərici üzrə indeksi müəyyən etmək üçün biz balans üsulundan istifadə etmişik. Üsul çərçivəsində neqativ cavabların sayını müsbət cavabların sayından çıxaraq müəyyən edirik. Sıfırdan aşağı olan cavablardan qaçmaq üçün biz bu rəqəmlərin nəticəsinə 100 əlavə edirik. Başqa sözlə, aşağıdakı düstur alınır:

Müsbət cavabların payı – mənfi cavabların payı + 100 = sual üzrə indeks göstəricisi

İİİ iki göstəricinin ədədi orta rəqəmidir. Biri mövcud vəziyyəti əks etdirir, digəri isə gözləntilər ilə bağlıdır. Bizim sorğuda da verilən sualları iki yerə bölmək olar: “Respondentlərin ölkə iqtisadiyyatının son 12 aydakı vəziyyəti ilə bağlı düşüncələri” və “Respondentlərin ölkə iqtisadiyyatının növbəti 12 aydakı vəziyyəti ilə bağlı gözləntiləri”. Bunu nəzərə alaraq, hər sual üzrə indeks göstəricisini alan kimi onları qrup çərçivəsində cəmləyirdik. Hər iki qrup üzrə indeks göstəriciləri də ədədi orta üsulu vasitəsilə müəyyən edilirdi. Nəticədə, İstehlakçı İnam İndeksi üzrə düstur aşağıdakı formadadır:

İstehlakçı İnam İndeksi = (mövcud vəziyyət ilə bağlı + gözləntilər)/2

Müvafiq olaraq nəticələri aşağıdakı formada təsnifatlandıra bilərik:

0-99 – neqativ gözləntilər

100 – neytral gözləntilər

101-200 – müsbət gözləntilər. 

Sorğunun nəticələri

Yuxarıda qeyd olunduğu kimi, sorğu zamanı respondentlərə birbaşa istehlakçı inam indeksi ilə bağlı 10 sual verilmişdi. Bu suallar  2 qrupa bölünürdü. Hər bir qrupa aid 5 sual vermişik. Aşağıdakı nəticələri də bu suallara uyğun olaraq sadalayırıq.

Respondentlərin ölkə iqtisadiyyatının son 12 aydakı vəziyyəti ilə bağlı düşüncələri

Sual 1: Ötən 12 ay müddətində ailənizin (ev təsərrüfatınızın) maliyyə vəziyyəti necə dəyişib?

İnsanların gələcək ilə bağlı gözləntiləri keçmiş hadisələr əsasında qurulur. Məhz buna görə sualların birinci qrupu keçən il hiss etdikləri vəziyyət ilə bağlıdır.

Diaqram 1. Ötən 12 ay müddətində ailənizin (ev təsərrüfatınızın) maliyyə vəziyyəti necə dəyişib?

Sual 2: Ötən 12 ay müddətində ölkənin ümumi iqtisadi vəziyyətinin dəyişməsini necə qiymətləndirirsiniz?

Keçən il olduğu kimi, ölkə iqtisadiyyatına münasibətdə respondentlər, demək olar ki, vahid fikrə malik idilər. Sadəcə pessimistlərin sayı bu dəfə daha çoxdur.

Diaqram 2. Ötən 12 ay müddətində ölkənin ümumi iqtisadi vəziyyətinin dəyişməsini necə qiymətləndirirsiniz?

 Sual 3: Ötən 12 ay müddətində istehlak qiymətlərinin dəyişməsini necə qiymətləndirirsiniz?

Respondentlər bu dəfə də keçən il ərzində baş vermiş qiymət dəyişikliyinə yanaşmada həmrəylik göstəriblər.

Diaqram 3. Ötən 12 ay müddətində istehlak qiymətlərinin dəyişməsini necə qiymətləndirirsiniz?

Sual 4: Hal-hazırkı dövrü uzunmüddətli istifadə əşyalarının alışlarını (mebel, elektrik məişət avadanlıqları, maşın, ev və s.) həyata keçirmək üçün uğurlu vaxt hesab edirsinizmi?

İnsanların mövcud iqtisadi vəziyyət ilə bağlı baxışlarını ifadə edən göstəricilərdən biri də məhz istehlakçıların iri alışlar etmək istəyidir. Bu alışlar üçün uyğun vaxt hesab olunursa, o zaman iqtisadi vəziyyətin qənaətbəxş olduğunu demək mümkündür. Əks halda iqtisadiyyatda neqativ proseslərin baş verdiyini təxmin etmək olar.

Diaqram 4. Hal-hazırki dövrü uzunmüddətli istifadə əşyalarının alışlarını (mebel, elektrik məişət avadanlıqları, maşın, evə və s.) həyata keçirmək üçün uğurlu vaxt hesab edirsinizmi?

Sual 5:Ailənizin cari maliyyə vəziyyətini aşağıdakılardan hansı daha yaxşı təsvir edir?

Cari maliyyə vəziyyətinə dair sual ünvanlayarkən biz əsas meyar qismində gəlir və xərc nisbətini götürmüşük. Gəlirlərin xərcləri üstələməsi müsbət maliyyə vəziyyətinin göstəricisidir. Əks hallar isə mənfi göstəricidir.

“Mütəmadi olaraq borclanırıq” cavabı verən respondentlər arasında nisbi çoxluğu ən aşağı gəlir qrupuna aid olan insanlar tutur. Onların bu qrupda payı 48%-dir. Amma ümumən hər qrup üzrə bu şəxslərin sayı bərabər paylanıb (misal üçün, ən yüksək gəlirli qrupda borclananların sayı 11%-dir). Cari maliyyə vəziyyəti təkcə gəlir səviyyəsindən yox, həmçinin ailə tərkibindən də asılıdır. Mütəmadi borclanan qrupdakıların 50%-inin (66% – bundan sonra əksi qeyd olunmayıbsa, mötərizədə 2022-ci ilin göstəriciləri əks olunacaq) ev təsərrüfatında 4 və ya daha çox insan yaşayır. Yığımlar edən qrupdakıların isə 52%-inin (45%) ev təsərrüfatında 1-3 nəfər yaşayır.

Diaqram 5. Ailənizin cari maliyyə vəziyyətini aşağdakılardan hansı daha yaxşı təsvir edir?

Respondentlərin ölkə iqtisadiyyatının növbəti 12 aydakı vəziyyəti ilə bağlı gözləntiləri

Sual 6:Gələcək 12 ay müddətində ailənizin maliyyə vəziyyətinin dəyişmə gözləntisini necə qiymətləndirirsiniz?

Respondentlər arasında ailənin gələcək maliyyə vəziyyəti ilə bağlı gözləntilərini optimist adlandırmaq olar. Diaqram 6-dan göründüyü kimi, 2022-ci ilin göstəriciləri optimist olduğu halda, 2023-cü ilin göstəriciləri daha da optimistdir. Başqa tərəfdən, son 12 ayda vəziyyətin pisləşdiyini qeyd edən respondentlər arasında 19% (26%) növbəti 12 ayda çox və ya qismən maliyyə vəziyyətinin yaxşılaşacağını düşünür. Bu göstərici isə 2022-ci il ilə müqayisədə azalıb. Eyni zamanda qeyd etmək lazımdır ki, maliyyə vəziyyətinin yaxşılaşacağını düşünənlər arasında 43% ən yüksək gəlir qrupuna, 28% isə ən aşağı gəlir qrupuna aiddir.

Diaqram 6. Gələcək 12 ay müddətində ailənizin maliyyə vəziyyətinin dəyişmə gözləntisini necə qiymətləndirirsiniz?

Sual 7:Gələcək 12 ay müddətində ölkənin ümumi iqtisadi vəziyyəti barədə gözləntinizi necə qiymətləndirirsiniz?

Keçən il olduğu kimi, ailənin maliyyə vəziyyəti ilə bağlı optimist baxış ölkənin ümumi vəziyyətinə aid olunmur. Hətta müqayisə etsək, görə bilərik ki, pessimist düşünənlərin sayı cuzi olsa da artıb. Eyni zamanda, ailənin maliyyə vəziyyətinin yaxşılaşacağını düşünənlər arasında pessimistlər daha azdır. Belə ki, müvafiq qrupa aid olan respondentlərin yalnız 48%-i vəziyyətin pisləşəcəyini düşünür. Daha 23% təxmin edir ki, vəziyyət dəyişməyəcək. Yəni təxmin edə bilərik ki, ailə gəlirinin gələcəkdə artma təxminləri iqtisadiyyatdakı vəziyyətlə bağlı deyil. 

Diaqram 7. Gələcək 12 ay müddətində ölkənin ümumi iqtisadi vəziyyəti barədə gözləntinizi necə qiymətləndrirsiniz?

Sual 8:Ötən 12 ayla müqayisədə gələcək 12 ayda istehlak qiymətlərinin dəyişməsi gözləntilərinizi necə qiymətləndirirsiniz?

Ölkə iqtisadiyyatının gələcəyi ilə bağlı mənfi fikirlərin əsas səbəbi qismində qiymətlər ilə bağlı olan qeyri-müəyyənliyin olmasını təxmin etmək olar. Son zamanlar müşahidə olunan yüksək inflyasiya templəri gələcək ilə baxışların optimist olmasına imkan vermir.

Diaqram 8. Ötən 12 ayla müqayisədə gələcək 12 ayda istehlak qiymətlərinin dəyişməsi gözləntilərinizi necə qiymətləndirirsiniz?

Sual 9:Gələcək 12 ayda işsiz əhalinin sayının dəyişməsi gözləntilərinizi necə qiymətləndirirsiniz?

Pessimist yanaşma həmçinin daha bir suala cavabda özünü biruzə verir. Bu da gələcək 12 ay ərzində ölkə ərazisində işsizlərin sayı ilə bağlıdır. Keçən ildən fərqli olaraq bu dəfə 1% düşünür ki, işsizlik kəskin azalacaq.

Diaqram 9. Gələcək 12 ayda işsiz əhalinin sayının dəyişməsi gözləntilərinizi necə qiymətləndirirsiniz?

Sual 10:Gələcək 12 ayda pul yığmaq ehtimalınız varmı?

Gözləntilər arasında gələcək 12 ayda yığım etmək ehtimalının da aşağı olması başa düşüləndir. 

Diaqram 10. Gələcək 12 ayda pul yığmaq ehtimalınız varmı?

İndeksin hesablanması

İndeksi hesablayarkən biz 2022-ci il ilə müqayisədə hər hansı ciddi dəyişikliyin olmasını müşahidə etmirik. Ümumən baxsaq, görə bilərik ki, respondentlərin böyük hissəsi nə indiki vəziyyəti müsbət qiymətləndirirlər, nə də ki gələcək vəziyyət ilə onlarda müsbət gözləntilər mövcuddur. Nəticə etibarilə, keçən il olduğu kimi yalnız bir sual üzrə – “Gələcək 12 ay müddətində ailənizin maliyyə vəziyyətinin dəyişmə gözləntisini necə qiymətləndirirsiniz?” – indeks göstəricisi müsbət tendensiya göstərir. Bu sual üzrə indeks göstəricisi 109,58-ə bərabərdir. Digər suallar üzrə göstəricilər 100-dən aşağıdır,yəni neqativ fikirdə olanlar çoxluq təşkil edir.

Sual 2022 2023
Ötən 12 ay müddətində ailənizin (ev təsərrüfatınızın) maliyyə vəziyyəti necə dəyişib? 88,05 90,00
Ötən 12 ay müddətində ölkənin ümumi iqtisadi vəziyyətinin dəyişməsini necə qiymətləndirirsiniz? 48,50 45,97
Ötən 12 ay müddətində istehlak qiymətlərinin dəyişməsini necə qiymətləndirirsiniz? 17,03 14,17
Hal-hazırkı dövrü uzunmüddətli istifadə əşyalarının alışlarını (mebel, elektrik məişət avadanlıqları, maşın, ev və s.) həyata keçirmək üçün uğurlu vaxt hesab edirsinizmi? 73,59 80,56
Ailənizin cari maliyyə vəziyyətini aşağıdakılardan hansı daha yaxşı təsvir edir? 87,15 93,47
Gələcək 12 ay müddətində ailənizin maliyyə vəziyyətinin dəyişmə gözləntisini necə qiymətləndirirsiniz? 104,92 109,58
Gələcək 12 ay müddətində ölkənin ümumi iqtisadi vəziyyəti barədə gözləntinizi necə qiymətləndirirsiniz? 65,86 65,28
Ötən 12 ayla müqayisədə gələcək 12 ayda istehlak qiymətlərinin dəyişməsi gözləntilərinizi necə qiymətləndirirsiniz? 47,39 55,56
Gələcək 12 ayda işsiz əhalinin sayının dəyişməsi gözləntilərinizi necə qiymətləndirirsiniz? 57,31 62,08
Gələcək 12 ayda pul yığmaq ehtimalınız varmı? 69,34[1] 73,33
İstehlakçı İnam İndeksi 65,92[2] 69,00

 

Metodologiyada qeyd etdiyimiz kimi, İİİ iki göstərici əsasında formalaşır. Onların biri indiki vəziyyəti, digəri isə gözləntiləri əks etdirir. Bizim sorğuya əsasən, son 12 aydakı vəziyyət ilə bağlı indeks göstəricisi 64,83 (62,87) təşkil edir. Yəni keçən il qeydə alınmış göstərici ilə müqayisədə yalnız cuzi artım müşahidə edilir. Gələcəyə dair gözləntilər ilə bağlı indeks göstəricisi isə 73,17 (67,76)-ə bərabərdir. Burada daha yüksək artım müşahidə olunur. Göründüyü kimi, bir il ərzində respondentlər arasında gələcəyə inam nisbətən daha çox artıb.

Bu iki rəqəmin ədədi ortası da İstehlakçı İnam İndeksini təşkil edir. Hesablamalarımıza görə, bu göstərici 69 (65,31)-a bərabərdir. 

Əlavə suallar

Sorğu çərçivəsində respodentlərdən İstehlakçı İnam İndeksini hesablamaq üçün istifadə edilən göstəricilərlə yanaşı, bir neçə əlavə suallar da soruşulub. Respodentlərin yarısı borclanma mənbəyinin məhz banklar olduğunu bildirib. Ötən illə müqayisədə bankların borclanma mənbələri arasında xüsusi çəkisi bir qədər də artıb.

Cədvəl 1: 2022 və 2023-cü illərdə keçirilən sorğuların nəticələri əsasında respondentlərin əsas borclanma mənbəyi ilə bağlı suala verdikləri cavabların nəticələri

Borclanma mənbəyi Xüsusi çəki
2022 2023
Kredit təşkilatlarından (banklardan) alınan borclar (kreditlər) 44,0% 49,4%
Borcumuz yoxdur 33,6% 30,3%
Tanışlardan (qohumlardan) alınan borclar 17,7% 14,2%
Ticarət obyektlərindən alınan kreditlər (nisyə mal) 3,4% 4,2%
Digər fiziki şəxslərdən faizlə (sələmlə) alınan borclar 0,6% 1,4%
Lombarddan alınan borclar 0,7% 0,6%

 

Cədvəl 1-dən göründüyü kimi, 2022-ci illə müqayisədə 2023-cü ildə borclanma mənbələri arasında ticarət obyektlərindən alınan kreditlərin və digər fiziki şəxslərdən faizlə alınan borcların ümumi borclanma mənbələri arasında payı nisbətən artıb. Tanış və qohumlardan borc aldığını bildirən respodentlərin sayında isə 2022-ci illə müqayisədə azalma müşahidə edilib. Borcumuz yoxdur deyən respodentlərin də xüsusi çəkisi aşağı düşüb. Əgər 2022-ci ildə hər 100 respodentindin təxminən 67-sinin borcu var idisə, 2023-cü ildə bu rəqəm 70-ə yüksəlib.

Sorğu çərçivəsində eyni zamanda respondentlərin ölkədə həyata keçirilən iqtisadi siyasətə güvənib-güvənmədikləri də soruşulub. Cavablardan aydın olur ki, respondentlərin böyük əksəriyyəti– 69.4%-i ölkədə həyata keçirilən iqtisadi siyasətə güvənmir. Respondentlərin cəmi 9.4 faizi ölkədə həyata keçirilən iqtisadi siyasətə güvəndiklərini, 21.2%-i isə qismən güvəndiklərini bildirib.

Cədvəl 2: 2022 və 2023-cü illərdə keçirilən sorğuların nəticələri əsasında respondentlərin “hökümətin iqtisadi siyasətinə güvənirsinizmi?” suala verdikləri cavabların nəticələri

Hökümətin iqtisadi siyasətinə güvənirsinizmi? Xüsusi çəki
2022 2023
Güvənirəm 5,30% 9.44%
Qismən güvənirəm 22,10% 21.12%
Güvənmirəm 72,60% 69.44%

 

Cədvəldən göründüyü kimi, 2022-ci illə müqayisədə hökümətin iqtisadi siyasətinə güvəndiyini bildirənlərin xüsusi çəkisində nisbi artım qeydə alınsa da, hələ də hər 10 sorğu iştirakçısından yeddisi hökümətin iqtisadi siyasətinə güvənmədiyini ifadə edib.

Nəticə

Sorğunun nəticələri göstərir ki, sosial-iqtisadi göstəricilərin mənfi diapazonda olması əhalinin iqtisadi gözləntilərinin də neqativ olmasına yol açır. İndeksin 100-ədək qiymət alması istehlakçıların neqativ, 100-dən yüksək qiymət alması isə pozitiv gözləntilərinin olmasını göstərir. Ötən illə müqayisədə indeksin 66-dan 69-a yüksəlməsi cüzi artımın olduğunu göstərsə də, hələ də istehlakçıların gözləntiləri mənfi olaraq qalması deməkdir. İstehlakçıların gözləntiləri əsasən keçmiş təcrübələr əsasında formalaşır. Sorğunun nəticələri onu göstərir ki, ötən 12 ay ərzində baş vermiş hadisələr istehlakçılara əsasən mənfi yöndə təsir edib. İndeksin hesablanması üçün istifadə edilən 10 sualdan 9-unda respondentlərin gözləntilərinin mənfi, cəmi birində (o da yalnız ailələrin şəxsi gələcəyi ilə baxışlar ilə bağlıdır) isə müsbət olması üzə çıxır.

Sorğu iştirakçılarının ötən 12 ayla müqayisədə ölkənin sosial-iqtisadi vəziyyətinin necə dəyişməsi ilə bağlı suala verdikləri cavablar onu göstərir ki, əhali 2022-ci ildə ölkənin iqtisadi vəziyyətinin 2021-ci illə müqayisədə daha da çətinləşdiyini hesab edir.  Bütün bunlar onu göstərir ki, ötən bir il ərzində hökümət əhalinin sosial-iqtisadi vəziyyəti ilə bağlı çağrışlarına adekvat cavab verə bilməyib. Adekvat cavab verməməsinin də nəticəsi olaraq əhalinin müvafiq qərara güvəni də ciddi sürətdə dəyişməyib. Sorğu göstərir ki, respondentlərin 90%-i hələ də hökumətin qərarlarına güvənmir. Əhalinin gözləntilərinin yerinə yetirilməsi baxımından hökümətin öz sosial-iqtisadi siyasətini gözdən keçirməsi zəruridir.

 

Qeydlər:

[1] Bəzi metodoloji məsələlər ilə bağlı “Gələcək 12 ayda pul yığmaq ehtimalınız varmı?” sualına olan cavablara dair keçən ilki göstəricilər yenidən hesablanaraq dəqiqləşdirilib. Ümumi göstəriciyə bu ciddi təsir göstərməyib.

[2] Əvvəlki qeydə uyğun olaraq indeks özü dəqiqləşdirilib. Amma əvvəlki göstərici ilə müqayisədə 0,61 artım qeydə alınıb. Bu nə ümumi nəticəyə, nə də göstəricilər əsasında gəldiyimiz fikirə heç cür təsir etmir.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.