fbpx

iqtisadiyyat

iqtisadiyyat

Bakıda fəaliyyət göstərən kuryerlərin büdcəsi

Read this article on other language
Download article
image_pdf
image_pdf

Xidmət sektorunda rəqəmsal həllərin inkişafı məşğulluğun yeni formasını – platforma işçiliyini ortaya çıxarıb. Platforma işçiliyi ənənəvi işçi münasibətlərindən birdəfəlik qazanc anlayışı və daimi iş yerinin olmaması ilə fərqlənir. Burada müxtəlif platformalar vasitəçi rolunu oynayır və işçiləri işəgötürən ilə yalnız bir dəfəlik əlaqələndirir. Yəni şirkətlər tam ştatlı işçilər əvəzinə müstəqil podratçılar və frilanserləri işə götürürlər. Azərbaycanda taksi sektoru və yemək çatdırılma xidmətləri başda olmaqla, bir çox sahələrdə platforma işçilərinin sayı artmaqdadır. Finlandiyada yaradılan və qida çatdırılma xidməti olan Wolt un 2019-cu ildə Azərbaycan bazarına daxil olması ilə Azərbaycanda kuryer olaraq çalışanların sayında artım müşahidə edilməyə başlandı. Sonrakı dövrdə digər qlobal şirkətlərin də bazara daxil olması, eləcə də eyni xidmətləri təklif edən yerli təşəbbüslərin ortaya çıxması,kuryerlərin sayında gözlə görülə bilən artıma səbəb oldu.

Dövlət Statistika Komitəsinin kuryerlərin istifadə etdiyi əsas nəqliyyat vasitəsi olan motosiklların sayı ilə bağlı statistikası da bu fikri təsdiqləyir. Belə ki, rəsmi rəqəmlərə görə, əgər Azərbaycanda 2018-ci ildə 3 206 ədəd motosikl var idisə, kuryerlərin sayının artmağa başladığı 2019-cu ildə bu rəqəm 4 069-a, 2020-ci ildə 4 594-ə, 2021-ci ildə isə 5 284-ə bərabər olub. Yəni 2018-2021-ci illər ərzində ölkədəki motosikllərin sayı 65% artıb. Pandemiya məhdudiyyətləri səbəbi ilə bir çox ictimai iaşə obyektinin sərt karantin rejimi dövründə fiziki olaraq fəaliyyət göstərməməsi, eləcə də son illər ölkədə bank kartlarının istifadəçilərinin artması səbəbindən nağdsız ödənişlərin genişlənməsi də ölkədə kuryer xidmətlərinə olan tələbi artıran amillərdən biridir.

Təəssüflər olsun ki, hazırda Bakıda kuryer olaraq fəaliyyət göstərənlərin dəqiq sayı ilə bağlı platforma şirkətləri tərəfindən göstəricilər açıqlanmayıb. Lakin işçi hüquqlarının müdafiəsi üzrə ixtisaslaşan İşçi Masası Həmkarlar İttifaqı Koalisiyasının həmtəsisçisi Afiəddin Məmmədov bizə bildirdi ki, onların hesablamalarına görə, hazırda Bakıda fəaliyyət göstərən kuryerlərin sayı altı min nəfərdən çoxdur. Məsələn, sadəcə Bolt Food şirkətinin işçilərindən ibarət Telegram kanalının üç min nəfərə yaxın üzvü var.

Azərbaycanda son illər kuryer olaraq fəaliyyət göstərən şəxslərin sayının artması ilə yanaşı, onların əmək hüquqlarının pozulması ilə bağlı iddialar da artmağa başladı. 2022-ci il ərzində kuryerlər bir neçə dəfə aksiyalar (yürüş, tətil və s.) həyata keçirərək ödənişlərinin artırılmasını tələb etmişdilər. Kuryerlərin əsas narazılığı əldə etdikləri gəlirin onların iş saatlarına və qət etdikləri məsafəyə adekvat olmaması ilə bağlıdır. Bu baxımdan, bizim araşdırmamızın əsas məqsədləri Bakı şəhəri və ona yaxın ərazilərdə fəaliyyət göstərən kuryerlərin sosial-iqtisadi profilinin üzə çıxarılması, kuryer olaraq çalışan şəxslərin iş saatı, gəlir və xərc göstəricilərinin müəyyən edilməsi, eləcə də insanları bu sahəyə yönəldən səbəblərin öyrənilməsi ilə bağlıdır. 

Sorğu iştirakçılarının sosial-demoqrafik göstəriciləri

Araşdırma çərçivəsində Bakı və Xırdalan şəhərlərində fəaliyyət göstərən 118 kuryerlə üzbəüz sorğu götürülüb.[1] Sorğu prosesi 2023-cü ilin 27 fevral-30 mart tarixləri arasında baş tutub. Sorğu ümumilikdə 37 sualdan ibarət olub və aşağıdakı istiqamətləri əhatə edib:

  1. Respondentlərlə bağlı ümumi məlumatlar.
  2. Respodentlərin gəlir və xərcləri ilə bağlı məlumatlar.
  3. Respondentlərin iş şəraiti ilə bağlı məlumatlar.

Sorğuda iştirak edən respodentlərin hamısı kişilərdən və Azərbaycan vətəndaşlarından ibarət olub. İşçi Masası Həmkarlar İttifaqı Koalisiyasının məlumatına görə, hazırda Bakıda kuryer olaraq olaraq fəaliyyət göstərən qadınların sayı təxminən 60 nəfərə yaxındır ki, bu da bütün kuryerlərin 1 faizdən az hissəsini təşkil edir. Kuryer fəaliyyəti ilə həmçinin xarici vətəndaşlar da məşğul olur (Türkiyə, Pakistan və s.). Onların sayına dair hər hansı dəqiq məlumatımız yoxdur, amma təxmin edilir ki, onlar da təxminən kuryerlərin 2-2,5%-ni təşkil edir.

Sorğu iştirakçılarının yaş qrupları üzrə analizi göstərir ki, kuryerlərin 90%-ə yaxını yaşı otuzadək olan şəxslərdən ibarətdir. Sorğuda iştirak edən kuryerlərin cəmi 1.7%-nin yaşı 35-dən çox olub.

Diaqram 1: Sorğu iştirakçılarının yaş qrupları üzrə bölgüsü

Sorğu iştirakçılarının qeydiyyatda olduqları yerlə bağlı soruşulan suallardan məlum olur ki, respodentlərin 44%-i Abşeron yarımadasında (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu) qeydiyyatdadır. Yerdə qalan 56%-lik hissənin rəsmi qeydiyyat yeri isə ölkənin digər şəhər və rayonlarıdır. Ümumi sorğu iştirakçılarının 7%-i ərazisi işğala məruz qalan rayonların sakinləridir. Bu baxımdan, Bakıda kuryer olaraq çalışmaq imkanının ölkənin digər bölgələrindən iş tapmaq üçün Bakıya gəlməyə səbəb olduğu üzə çıxır. Buraya sırf iş axtarmaq üçün gələnlərlə yanaşı, Bakıya təhsil almağa gələn şəxslər də daxildir.

Sorğu iştirakçılarının 37%-i tələbə olduğunu, 63%-i isə hazırda təhsil almadığını bildirib. Tələbə olduğunu bildirən 44 kuryerdən cəmi biri təhsilini qiyabi olaraq, qalanları isə əyani olaraq almaqdadır. Kuryerlər arasında tələbələrin payının bu qədər çox olması tələbələr arasında öz xərclərini qarşılamaq baxımından platforma işçiliyinə böyük tələb olduğunu üzə çıxarır.

Sorğu iştirakçılarının ailə vəziyyəti ilə bağlı suala verdikləri cavablardan görünür ki, kuryerlərin əhəmiyyətli hissəsi subaydır. Rəyi soruşulanların 86%-i subay, 14%-i isə evli olduğunu bildirib.

Respodentlərin dörddə üçü – 75%-i ailəsi ilə birgə, 25%-isə tək yaşadığını bildirib.

 

Kuryerlərin sosial-iqtisadi vəziyyəti

Kuryerlərin sosial-iqtisadi vəziyyəti ilə bağlı suallara keçməzdən əvvəl, biz sorğunun əhatə etdiyi orta statistik kuryeri təsvir etməyə çalışacağıq. İlk əvvəl qeyd etmək lazımdır ki, sorğu çərçivəsində biz sadəcə məşhur qida çatdırılma şirkətləri ilə çalışanları yox, konkret restoran, poçt və digər istiqamətlərdə çalışan kuryerlər ilə də danışmağa cəhd etmişik. Sorğu nəticələrindən aydın olur ki, 118 respodentin 104-ü yalnız bir şirkət ilə çalışır (Woltun payına 79-u düşür). Daha 10 nəfər iki və ya üç şirkətin tətbiqindən istifadə edir. Respodentlərin qalanları isə müxtəlif restoran, aptek və poçt ilə çalışan kuryerlər idi.

Kuryerlərin hüquqi statusuna gəldikdə isə qeyd etmək lazımdır ki, əgər 118 nəfərdən 55-ində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) var idisə, onlardan 63-ü VÖEN-siz çalışanlardır. Eyni zamanda kuryerlərin 54-ü platforma şirkətləri ilə birbaşa yox, vasitəçi şirkət vasitəsilə çalışırlar. Yəni göründüyü kimi kuryerlərin böyük hissəsində hüquqi status da qeyri-müəyyəndir. Yalnız kuryerlərin 47%-i formal olaraq Azərbaycan qanunvericiliyinə görə fərdi sahibkar statusuna malikdir. Qalanları isə nə Əmək Məcəlləsi ilə çalışırlar, nə də hər hansı digər hüquqi statusa malikdilər. Bu göstərici Azərbaycanda əmək bazarında qeyri-rəsmi münasibətlərinin nə qədər yüksək olmasının göstəricisi hesab edilə bilər.

Sorğuda iştirak etmiş orta statistik kuryer motosikl (45 nəfər) və velosipeddən (56 nəfər) istifadə edir. Moped istifadə edənlər üçüncü yerdə qərarlaşıb. Bundan başqa skuter istifadə edən, piyada hərəkət edən kuryerlər də mövcuddur.

Diaqram 2: Kuryerlərin istifadə etdikləri nəqliyyat vasitələrinin növünə görə bölgüsü (faizlə)

İstifadə etdikləri nəqliyyat növünün yaşına dair ən çox rast gəlinən “1 ilə kimi” (əsasən velosiped) və “1-3 il” (əsasən motosikl və moped) cavablarıdır. Başqa sözlə, sorğuda iştirak edən orta statistik kuryer 1 illik velosiped və ya 2 illik motosikl istifadə edir.

Respondentlərin 90%-i üçün kuryer fəaliyyəti əsas iş yeridir. Bəs niyə məhz bu iş? Bu suala cavablar əsasən iki variant arasında dəyişirdi: maddi ehtiyac və sərbəst iş qrafiki. Hər iki variantı kuryerlərin 40%-i seçib. Maraqlı məqam ondan ibarətdir ki, sərbəst iş qrafiki variantını seçənlərin böyük hissəsi (42,5%) Bakı qeydiyyatı olan şəxslərdir, amma məhz maddi ehtiyac variantını seçənlərin 85%-i müxtəlif bölgələrdə qeydiyyatı olan şəxslərdir. Bu sahəyəyə gəlmə səbəbini işsizlik kimi göstərənlərin sayı yalnız 4% idi. Eyni zamanda,ğp kuryer işləmək üçün səbəblər arasında respondentlərin 2%-i  motosikl sevgisini göstəriblər.

Cədvəl 1: Sorğu iştirakçılarının “Niyə bu işi seçmisiniz?” sualına verdikləri cavablar

Abşeron yarımadasında qeydiyyatda olanlar Digər bölgələrdə qeydiyyatda olanlar Ümumi
Sərbəst iş qrafiki 42.9% 37.7% 39.8%
Maddi ehtiyac 32.7% 44.9% 39.8%
Əlavə gəlir üçün 8.2% 4.3% 5.9%
Yüksək gəlir imkanı 6.1% 5.8% 5.9%
İşsizlik 6.1% 2.9% 4.2%
Digər 2.0% 2.9% 2.5%
Motosikl sevgisi 2.0% 1.4% 1.7%
Ümumi 100% 100% 100%

 

Araşdırma çərçivəsində kuryerlərin neçə ildir bu sahədə fəaliyyət göstərdiyi də öyrənilib. Cavab kimi biz üç variant təklif etmişdik: “0-6 ay”, “6-12 ay” və “1 ildən çox”. Məlum oldu ki, respondentlərin tam yarısının təcrübəsi 6 ayı keçmir. Daha 21%-nin təcrübəsi 6 ay və 1 il arasındadır və digərlərinin təcrübəsi isə 1 ili keçir. Sonuncular arasında hətta 9 və 14 il təcrübəsi olanlar da var.

Kuryer  olaraq fəaliyyət göstərən şəxslərin kuryerlik sahədə çalışmağa davam etməkdə maraqlı olub-olmaması araşdırma çərçivəsində öyrənilən məsələlərdən biridir. Bunun üçün sorğu iştirakçılarına- “Bu sahədə qalmaq niyyətindəsinizmi?” -sualı verilib. Respondentlərin cəmi 35%-i%-i  bu sahədə qalmaq istəmədiklərini bildirib və qeyd edib ki, indi əlavə və ya başqa iş axtarırlar. Sorğu iştirakçılarının 40%-i isə bildirib ki, hal-hazırda başqa iş axtarmır, lakin kuryerliyə müvəqqəti iş kimi baxır, yəni gələcəkdə bu sahədə çalışmaq istəmir. Digər tərəfdən, kuryerlərin cəmi 25%-i bildirib ki, bu sahədə çalışmağa davam etmək niyyətindədir və başqa iş axtarmır. Bu cavabı verənlərin yarısının kuryerlik sahəsində orta təcrübəsi 2,4 il təşkil edir. Yəni göründüyü kimi nisbətən daha təcrübəli olan şəxslər kuryer kimi çalışmağı davam etmək niyyətindədilər. (Lakin istisna kimi qeyd edək ki, yuxarıda qeyd etdiyimiz 9 və 14 il təcrübəsi olan hər iki şəxs bildirib ki, hazırda əlavə iş axtarmırlar, amma kuryerliyə də müvəqqəti iş kimi baxırlar.)

Sorğumuzda qeyd olunduğu kimi respondentlərin 75%-i öz ailələri ilə yaşayır. Bəs kuryerlərin ailənin gəlirində rolu nədir? Ailəsi ilə yaşayan şəxslərin 60%-i bildirib ki, ailədə onlardan daha çox qazanan var. Daha 18%-i öz cavabında qeyd edib ki, ailədə onlardan başqa qazananlar var, amma buna baxmayaraq, kuryer qazancı ailədə ən yüksək gəlir mənbəyini təşkil edir. Sorğunun nəticələrinə görə, ailədə ən çox qazanc əldə edən şəxsin kuryer olduğu ailələrdə yaşayan kuryerlərin orta aylıq gəliri 809 manata bərabərdir. Qalan 22%-i ev təsərrüfatı yalnız kuryer qazancından asılıdır. Bu tip ailələrdə yaşayan kuryerlərin orta aylıq gəliri 700 manata bərabərdir.

Kuryerlər arasında daha çox etiraza səbəb olan məsələ onların gəlirləridir. Bəs kuryerlərin əldə etdiyi orta aylıq gəlir hansı səviyyədədir? Bunu müəyyən etmək üçün biz respondentlərə bir neçə sual ünvanladıq:

  1. Son 1 ayda kuryer fəaliyyətindən nə qədər qazanmısınız? (şirkətdən aldığı)
  2. Son 1 ayda nə qədər bəxşiş almısınız?
  3. Əlavə işiniz varsa, həmin işdən son 1 ayda qazancınız nə qədər olub?

Birinci suala respondentlər arasında yalnız 1 nəfər cavab verməyib. Cavablardan məlum olub ki, kuryerlərin yarısında son 1 ay ərzində qazanc 300-600 AZN arasında olub (qrafik 1). İkinci yerdə 601-900 AZN arasında qazanc əldə edənlər gəlir.

Qrafik 1. Kuryerlərin aylıq gəlir səviyyəsi

Ümumən isə sorğunun nəticələrindən bəlli olur ki, kuryerlərin orta aylıq qazancı 646 AZN təşkil edir (bəxşişlər nəzərə alınmadan). Bu Azərbaycan üzrə qeydə alınmış  rəsmi orta aylıq əməkhaqqı səviyyəsi olan 854,5 AZN-dən 200 manat azdır. Daha bir vacib məsələ median gəlir səviyyəsi ilə bağlıdır. Bizim sorğumuzun nəticələrinə görə, kuryerlər arasında median gəlir 550 AZN təşkil edib. Lakin Azərbaycanda adətən istifadə olunan orta aylıq əmək haqqı iqtisadiyyat üçün heç də böyük əhəmiyyət daşımır. Çünki orta aylıq əmək haqqı hesablanarkən ölkədə əmək haqqı ilə çalışan bütün şəxslərin aylıq maaşları toplanır və işçilərin sayına bölünür. Belə olduqda, yüksək əmək haqqı alan azsaylı insanların hesabına orta aylıq göstərici daha yüksək olur. Bu baxımdan, medain əmək haqqı əmək bazarındakı vəziyyəti daha real olaraq göstərə bilir. Median kiçikdən böyüyə doğru düzülmüş sırada ortada duran rəqəmdir (rəqəmlərin 50% mediandan sağda, 50% isə solda yerləşir). Bizim sorğumuzun nəticələrinə görə, kuryerlər arasında median əmək haqqı 550 manata bərabərdir. Yəni onların kuryerlərin yarısı 550 AZN-dən az, qalan yarısı isə ondan çox gəlir əldə edir. Təəssüf ki, ölkədə 2022-ci ilin nəticələrinə görə median əməkhaqqı səviyyəsi haqqında məlumat dərc olunmayıb, amma 2021-ci ilin nəticələrinə görə, bu göstərici 410 AZN idi.

Əlavə gəlirlər barədə danışarkən, biz qeyd etmişdik ki, kuryerlərin yalnız 10%-də əlavə iş var. Amma bu əlavə iş də ortalama 526 AZN gəlir gətirir (düzdür burada tamamilə fərqli göstəricilər var, 300 manatdan 1200 AZN-ə kimi). Bəs müştərilər tərəfindən edilən əlavə ödənişlər (yəni tipslər, başqa adı ilə çaypulu) nə qədər qazanc gətirir?

Bunu müəyyən etmək üçün biz həmçinin kuryerlərə bir dəqiqləşdirici sual da ünvanlamışdıq. Bu sual sifarişlərin neçə faizində bəxşiş verilməsi ilə bağlı idi. Kuryerlərin cavablarına görə, ortalama (həm orta, həm median) göstərici 20%-dir. Yəni kuryerlər hər beş  sifarişdən birində əlavə ödəniş alırlar. Bəs bu ödənişin həcmi nə qədərdir? Daha doğrusu, ay ərzində kuryerin müvafiq ödənişlər hesabına qazandığı məbləğ nə qədərdir? Sorğunu cavablandıran respondentlərin 53%-nin bəxşiş kimi aldıqları gəlirləri aylıq 30 AZN-i keçmir. Daha 27%-də aylıq bəxşişlərin həcmi 60 AZN-i keçmir. Qalanlarında isə aylıq bəxşiş həcmi 60 AZN-dən yüksəkdir. Maraqlıdır ki, sorğu iştirakçılarının 6%-də 100 AZN və daha 6%-də bu ödənişlərin həcmi 100 AZN-i də üstələyir.

Cədvəl 2. Müxtəlif iqtisadi rayon sakinləri üzrə orta əməkhaqqı 

İqtisadi rayon İqtisadi rayonda qeydiyyatda olan kuryerin orta qazancı, AZN İqtisadi rayon üzrə orta aylıq əməkhaqqı, AZN Fərq, % ilə
Bakı 740.44 1 079.80 -31.43%
Abşeron 495.58 689.10 -28.08%
Dağlıq Şirvan 1020.00 555.10 83.75%
Gəncə-Daşkəsən 962.50 611.10 57.50%
Qarabağ 704.70 537.20 31.18%
Qazax-Tovuz 426.16 575.20 -25.91%
Lənkəran-Astara 736.50 543.00 35.64%
Mərkəzi Aran 641.25 525.70 21.98%
Şirvan-Salyan 865.50 624.80 38.52%

 

Kuryerlərin iş saatları

Platforma iqtisadiyyatın ən ciddi problemi iş qrafikidir. Bir çox tədqiqatlarda və sorğularda qeyd olunur ki, məhz platforma iqtisadiyyatı çərçivəsində həftəlik iş saatların həcmi artır. Misal üçün, 2021-ci ildə frilanserlər arasında keçirilmiş sorğunun nəticəsinə görə məlum olmuşdu ki, işçilərin 37%-də iş qrafiki 41-50 saat, 15%-də isə 51-60 saat təşkil edir. Dünya üzrə müxtəlif şəhərlərdə kuryerlərin də əsas tələblərindən biri də məhz iş qrafikinin tənzimlənməsidir. Azərbaycan da bir çox hallarda bu problemlər ilə üzləşir.

Kuryerlərin iş qrafikini müəyyən etmək üçün onlara aşağıdakı sualları ünvanladıq:

  1. İş qrafikiniz necədir?
  2. Son bir ayda neçə gün işləmisiniz?
  3. Son 1 ayda gündə ortalama neçə saat işləmisiniz?

Kuryerlərin 83%-i hər gün işləməyə çalışırlar, ən azı iş qrafikiniz necədir sualına cavabında “gündəlik” deyiblər. Yəni kuryerlərin 83%-i hər hansı başqa bir işləri çıxmazsa, hər gün işləyirlər və onların işə çıxmama səbəbi istirahət etməklə bağlı olmur. Respondetlərin 8%-i həftədə 5 gün, 3%-i isə həftədə 6 gün çalışdıqlarını bildirib. Kuryerlərin daha 4%-i, günaşırı, yəni bir gündən bir çalışdığını bildirib. Sorğu iştirakçılarından yalnız 1 nəfər “ayda bir dəfə”, bir nəfər isə “həftədə bir dəfə” variantını seçib.

“Son bir ayda neçə gün işləmisiniz?”- sualına verilən cavablardan aydın olur ki, sorğuda iştirak edən kuryerlərin 33%-i son bir ayda hər gün işləyib. Respodentlər arasında iş günün sayına görə median göstərici 25 gün təşkil edib. Başqa sözlə, orta statistik kuryer həftənin 6 gününü işləyir.

Bununla bərabər iş istismarın daha bir göstəricisi gündəlik iş saatlarıdır. Əmək məcəlləsi gündə 8 saatdan çox işləməyi qadağan edir. Amma kuryerlər əmək müqaviləsi ilə çalışmadıqları üçün müvafiq məcəlləyə uyğun fəaliyyət göstərə bilmirlər. Nəticə etibarilə məhz gündəlik iş saatları cəhətindən ciddi problemlər müşahidə olunur. Ortalama (həm də median) iş saatı kuryerlərdə gündəlik 9 saat təşkil edir. Başqa sözlə, əgər Əmək Məcəlləsi həftəlik iş saatını 40 saat ilə məhdudlaşdırıbsa, kuryerlərdə bu göstərici 54 saatdır.

Cədvəl 3: Kuryerlərin orta günlük iş saatı üzrə bölgüsü 

Günlük ortalama iş saatı Göstərici
4-8 saat 42%
9-12 saat 50%
12 saatdan çox 8%

 

Kuryer işinin Əmək Məcəlləsi ilə tənzimlənməməsinin yaratdığı ən böyük problemlərdən biri də kuryerlərin  istifadə etdikləri vəsaitlərlə bağlıdır. İşəgötürən tərəfindən onların işçi kimi yox, məhz xidmət göstərən kimi qəbul edilməsi nəticəsində kuryerlər göstərdikləri xidmət ilə bağlı bütün xərcləri faktiki olaraq özləri qarşılamağa məcbur olurlar. Yəni kuryerlərin istifadə etdikləri motosikl və ya mopedin yanacaq, təmir xərcləri və eyni zamanda işçilərin  qidalanma  xərcləri, həmçinin digər bütün xərclər onların şəxsi hesabına həyata keçirilməlidir.

Kuryerlərin xərcləri

Birbaşa iş fəaliyyətinə aid olan xərclərə gəldikdə görə bilərik ki, motosikl və ya moped istifadə edən orta statistik kuryer ay ərzində yanacağa 130 AZN vəsait xərcləyir. Bununla bərabər ay ərzində müxtəlif təmir, nəqliyyat vasitəsi üçün hər hansı detalın alınmasına ortalama 50 manat xərclənir. Yəni biz yuxarıda qeyd etdiyimiz orta gəlirdən həmçinin bu xərcləri də çıxmalıyıq.

Cədvəl 4. Kuryerlərin qazancı və iş fəaliyyəti ilə bağlı xərcləri 

İstifadə etdiyi nəqliyyat vasitəsi Ümumi qazanc (şirkətdən aldığı + tips) Yanacaq xərci Təmir/detal xərci Nahar xərci Qalıq
Velosiped 527.64 0,00 38.44 91.83 397.37
Motosikl 939.87 137.44 165.44 143.04 493.95
Moped 642.35 140.00 69.83 128.47 304.05

 

Yuxarıda qeyd etmişik ki, kuryerlərin 68%-də Bakı qeydiyyatı yoxdur. Bu o deməkdir ki, bu şəxslərin böyük hissəsi Bakıda fəaliyyət göstərdiyindən kirayə qalmalıdırlar. Sorğuda iştirak edənlərin 56 nəfəri və ya 47%-i məhz kirayədə qalır. Onların ortalama kira xərci 250 AZN təşkil edir. Kuryerlərin sosial-iqtisadi vəziyyətini qiymətləndirərkən bunu da nəzərə almaq lazımdır.

Cədvəl 5. Kirayə qalan kuryerlər üzrə hesablama 

İstifadə etdiyi nəqliyyat vasitəsi Bütün xərclərdən sonra qalıq Kirayə xərcləri Kirayə xərclərindən sonra qalıq
Velosiped 397.37 248.07 149.30
Motosikl 493.95 305.60 188.35
Moped 304.05 250.00 54.05

 

İş vaxtında nahar da gündəlik 3 AZN həcmindədir. Bu da müvafiq qrafika uyğun hesablasaq, aylıq 75 AZN deməkdir. Başqa sözlə, əgər kuryer motosikldən istifadə edirsə, o zaman onun iş fəaliyyəti ilə bağlı aylıq xərci 255 AZN təşkil edir (daha ətraflı cədvəl 4-də).

Kirayə qalan şəxslərdə vəziyyət daha da çətindir. Belə ki, onlarda nəqliyyat vasitəsinin növündən asılı olaraq bütün xərclər və kirayədən sonra maksimum 200 AZN civarında vəsait qalır. Hətta moped sürüb, Bakıda kirayədə qalanlarda vəziyyət daha da pisdir. Ona görə təsadüfi deyil ki, “borcunuz varmı?”- sualına respondentlərin 72%-i cavabında “var” deyiblər.

Nəticə

Əmək Məcəlləsinin 89-cu maddəsində qeyd olunur ki, “işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zaman” gündəlik və həftəlik olaraq səkkiz və qırx saatdan çox müəyyən edilə bilməz. Azərbaycanda əsasən qida çatdırılması ilə məşğul olan kuryerlər arasında keçirtdiyimiz sorğu göstərir ki, onların əhəmiyyətli hissəsi gün ərzində 9 saat, həftə ərzində isə 54 saat çalışır. Bu iş şəraitin əmək məcəlləsinə zidd olmasına baxmayaraq, bu sahə dövlət tərəfindən ümumiyyətlə tənzimlənmir. Səbəb də çox sadədir. Bu sahədə məşğul olan şəxslər ya birbaşa VÖEN ilə, yəni fərdi sahibkar olaraq müvafiq sistemlərə qoşulur və ya VÖEN-siz olaraq vasitəçi vasitəsilə çalışır. Bu da o deməkdir ki, bütün münasibətlər ya xidmət müqaviləsi çərçivəsində, ya da ümumiyyətlə heç hüquqi statusu olmadan həll olunur. Bu da həddindən artıq yüksək istismara səbəb olur.

İstismarın daha bir tərəfi ondan ibarətdir ki, bu sahədə məşğul olan şəxslərin böyük hissəsi öz əmək fəalliyyəti ilə bağlı yaranan xərcləri öz cibləri hesabına ödəməli olurlar. Bu da ilkin olaraq nisbətən daha yüksək görünən gəlirləri qat-qat azaldır. Cədvəl 4-də göstərmişik ki, şirkətdən və ya tips (çaypulu) formasında əldə etdikləri qazanc Azərbaycan şəraitində nisbətən yüksək görünsə də (537-939 manat arasında), reallıqda işçilərin əmək fəaliyyəti ilə bağlı xərcləri çıxıldıqda əllərində 300-400 manat civarında vəsait qalır.

Başqa tərəfdən, bu sahədə çalışanların kifayət qədər çox hissəsi tələbədir və eyni zamanda əsas qeydiyyat ünvanları Bakıdan kənardır. Yəni, başqa sözlə, kuryer fəaliyyəti faktiki olaraq gənclər arasında işsizlik problemini həll edir. Uğurlumu həll edir? Bunu demək çətindir. Kirayədə qalan şəxslərin gəlirlərinin əhəmiyyətli hissəsi məhz icarə ödənişlərinə gedir. Başqa tərəfdən əyani oxuyan tələbələrin çox olmasından təxmin edə bilərik ki, onların böyük hissəsi təhsil haqqlarının vacib hissəsini məhz kuryer fəaliyyətindən qazanc hesabına qarşılayırlar.

 

Qeyd:

[1] Sorğu çərçivəsində ümumilikdə 300-ə yaxın kuryerə yaxınlaşılıb. Kuryerlərin əhəmiyyətli hissəsi sorğuda iştirak etmək istəməyib. Buna səbəb olaraq bu tip sualların onlara işlərində problem yarada biləcəyini, eləcə də, tezliklə sifariş gözlədiklərini və gedəcəklərini bildiriblər.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.