fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Məna və bildirim haqqında (III Hissə)

Read this article on other language
Download article
image_pdf
image_pdf

III

Yerlər, anlar, zaman kəsimləri məntiqi baxımdan predmetlərdir; buna görə hansısa müəyyən bir yerin, anın və ya zaman kəsiminin linqvistik işarələnməsi xüsusi ad kimi qəbul edilməlidir. Bir az əvvəl tamamlıq və təyin budaq cümlələrində gördüyümüz kimi, indi də yer və zaman zərflik budaq cümlələri bu cür xüsusi adların yaranmasında eyni tərzdə istifadə edilə bilər. Eyni qaydada yerlər və s. bildirən anlayış ifadələri da yaradıla bilər. Burada da qeyd etmək lazımdır ki, bu budaq cümlələrin mənası baş cümlədə yenidən verilə bilməz, çünki cümlənin mühüm bir tərkib hissəsi – yəni yer və ya zamanın müəyyən edilməsi çatışmır və yalnız nisbi əvəzlik və ya bağlayıcı ilə işarələnir.[i]

Tamamlıq, təyin və zərflik budaq cümlələrində gördüyümüz kimi, şərt budaq cümlələrində də əksər hallarda qeyri-müəyyən işarəedici hissə olur ki, ona da sonrakı cümlədəki eyni cür hissə uyğun gəlir. Hər iki hissə bir-birinə göndərimlənməklə, hər iki cümləni bir qayda olaraq yalnız bir fikri ifadə edən bütöv cümləyə çevirirlər. “Əgər bir ədəd 1-dən kiçik, 0-dan böyükdürsə, onda onun kvadratı 1-dən kiçik, sıfırdan isə böyükdür” cümləsində bu hissə budaq cümlədə “bir ədəd”, sonrakı cümlədə isə “onun”-dur. Məhz bu qeyri-müəyyənlik vasitəsi ilə məna bir qanundan gözlənilən ümumilik əldə edir. Və məhz bu səbəbdən budaq cümlə məna olaraq tam fikrə malik deyil, sonrakı cümlə ilə birlikdə yalnız bir fikri ifadə edir ki, onun da hissələri artıq fikir deyil. Ümumilikdə bir hipotetik hökmdə iki hökmün qarşılıqlı əlaqədə verilməsi düzgün deyildir. Bu cür və ya oxşar şəkildə deyildikdə, “hökm” sözü mənim “fikir” sözü ilə bağlamış olduğum elə bir mənada istifadə edilir ki, onu bu cür ifadə edərdim: “Hipotetik bir fikirdə iki fikir qarşılıqlı əlaqədə verilir.” Bu, yalnız o zaman doğru ola bilər ki, qeyri-müəyyən işarəedici hissə çatışmasın;[ii] amma onda heç bir ümumilik olmazdı.

Şərt budaq və baş cümlədə zaman anı qeyri-müəyyən işarələnəndə tez-tez feilin—bu halda indiki zamanı bildirməyən – indiki zamanı vasitəsi ilə düzəlir. Bu zaman bu qrammatik forma baş və budaq cümlədə qeyri-müəyyən işarəedici hissədir. “Günəş Xərçəng Tropiki üzərində olanda, şimal yarımkürəsində ən uzun gün olur” cümləsi bunun üçün bir misaldır. Budaq cümlənin mənasını baş cümlədə ifadə etmək burada da mümkün deyil, çünki bu məna tam bir fikir deyil; əgər biz “Günəş Xərçəng Tropiki üzərindədir” desəydik, onda bizim indiki zamana işarə etmiş olardıq və bununla mənanı dəyişərdik. Eyni dərəcədə baş cümlənin mənası da fikir deyil; yalnız baş və budaq cümlədən təşkil olunmuş bütöv fikrə malikdir. Bundan başqa şərt və konseqvent („Səbəb-nəticə əlaqəli cümlə“- red.) cümlədə çoxlu ümumi hissələr də qeyri-müəyyən işarələnə bilər.

Aydındır ki, “kim”, “nə” ilə tamamlıq budaq cümlələri və “harada”, “nə vaxt”, “harada olursa”, “nə vaxtsa” ilə zərflik budaq cümlələri çox vaxt mənasına görə şərt budaq cümlələri kimi başa düşülməlidir; məsələn, “Kim ki qıra toxunur, özünü bulaşdırır.”

Təyin budaq cümlələri də şərt budaq cümlələrinin yerində çıxış edə bilər. Belə ki, yuxarıda misal çəkdiyimiz cümlənin mənasını biz “1-dən kiçik və 0-dan böyük olan ədədin kvadratı 1-dən kiçik və 0-dan böyükdür” (“das Quadrat einer Zahl, die kleiner als 1 und größer als 0 ist,ist kleiner als 1 und größer als 0”) formasında ifadə edə bilərik.

Əgər baş və budaq cümlələrin ümumi hissəsi xüsusi adla işarələnsə, məsələ tam başqa cür olar. “Sağ cinahında təhlükə olduğunu başa düşən Napoleon özü qvardiyasını düşmən üzərinə yönəltdi” (“Napoleon, der die Gefahr für seine rechte Flanke erkannte, führte selbst seine Garden gegen die feindliche Stellung”) cümləsində hər iki fikir ifadə edilib:

1) Napoleon sağ cinahında təhlükə olduğunu başa düşdü;

2) Napoleon özü qvardiyasını düşmən üzərinə yönəltdi.

Bunun nə vaxt və harada baş verdiyi yalnız kontekstdən bilinə bilər; amma bu, kontekst vasitəsi ilə müəyyən olunmuş hesab edilməlidir. Əgər biz bütöv cümləni təsdiqdə səsləndiririksə, onda bununla biz hər iki hissəni eyni anda təsdiq edirik. Bu hissələrdən biri yanlışdırsa, onda bütöv cümlə yanlışdır. Burada biz elə hal ilə qarşılaşırıq ki, budaq cümlənin özünün – əgər biz onu zaman və yer işarələri ilə tamamlasaq – ayrılıqda tam fikri var. Buna görə, budaq cümlənin bildirimi doğruluq dəyəridir. Deməli, biz gözləyə bilərik ki, o, bütöv cümlənin doğruluğuna ziyan vermədən eyni doğruluq dəyərli cümlə ilə əvəzlənə bilər. Bu da bir haldır; yalnız diqqət yetirilməlidir ki, sırf qrammatik səbəbdən onun subyekti “Napoleon” olmalıdır, çünki yalnız onda o, “Napoleon”a məxsus təyin budaq cümləsi formasına gətirilə bilər. Ancaq əgər onun bu formada ifadə olunması tələbindən əl çəkilsə və “və” ilə bağlanmağa icazə verilsə, onda bu məhdudiyyət aradan qalxar.

“Hərçənd ki” (“obgleich”) ilə başlayan budaq cümlələrdə də tam fikir ifadə olunur. Bu bağlayıcının əslində heç bir mənası yoxdur və həm də cümlənin mənasını dəyişmir, onu yalnız xüsusi tərzdə işıqlandırır.[iii] Bütöv cümlənin doğruluq dəyərinə toxunmadan, əslində biz güzəşt budaq cümləsini eyni doğruluq dəyərli başqası ilə əvəz edə bilərdik; ancaq bu zaman işıqlandırma – tragik məzmunlu bir mahnını kiminsə şən bir tərzdə oxumaq istəməsi kimi – bir balaca uyğunsuz görünər.

Sonuncu hallarda bütöv cümlənin doğruluğu hissə cümlələrin doğruluğunu ehtiva edir. Budaq cümlə qeyri-müəyyən işarəedicinin yerinə xüsusi ad və ya ona bərabər sayılası nəyisə ehtiva etməklə tam fikir ifadə etdikdə məsələ başqa cür olur. “Günəş artıq doğubsa, səma çox buludludur” cümləsində zaman indiki zamandır – yəni müəyyəndir. Yeri də müəyyən olmuş kimi düşünmək lazımdır. Burada deyilə bilər ki, budaq cümlə və baş cümlənin doğruluq dəyərləri arasındakı əlaqə elə olsun ki, orada şərt budaq cümləsinin Doğrunu, baş cümlənin isə Yanlışı bildirdiyi bir hal olmasın. Uyğun olaraq, səma çox buludludur ya yox, hələ indi Günəş doğmayıbsa belə və həmçinin Günəşin artıq doğduğu və səmanın çox buludlu olduğu halda belə bizim cümləmiz doğrudur. Söhbət burada doğruluq dəyərlərindən getdiyindən, hissə cümlələrdən hər biri, bütöv cümlənin doğruluq dəyərini dəyişmədən, eyni doğruluq dəyərli başqa birisi ilə əvəzlənə bilər. Əlbəttə, burada da işıqlandırma əsasən yersiz olar: fikir bir az duzsuz görünər; ancaq bunun onun doğruluq dəyərinə dəxli olmaz. Bu zaman diqqət yetirilməlidir ki, elə yan fikirlərə rastlanır ki, onlar əslində ifadə edilmir və buna görə onları cümlənin mənasına aid etmək olmaz; deməli, onların doğruluq dəyərinin əhəmiyyəti ola bilməz.[iv]

Bununla da sadə hallar müzakirə edilmiş oldu. Gəlin indi öyrəndiklərimizə yenidən qısa nəzər salaq!

Budaq cümlə əksərən məna olaraq fikrə deyil, yalnız onun hissəsinə malik olur və beləliklə o, bildirim olaraq doğruluq dəyərinə də malik olmur. Bunun səbəbi ya ondadır ki, budaq cümlədə sözlər vasitəli bildirimə elə malik olur ki, budaq cümlənin mənası deyil, bildirimi fikir olur; ya da ki, budaq cümlə ondakı qeyri-müəyyən işarəedici hissə səbəbindən elə natamamdır ki, o, yalnız baş cümlə ilə birlikdə bir fikir ifadə edir. Hərçənd, elə hallar da olur ki, orada budaq cümlənin mənası tam bir fikirdir; bu halda, əgər qrammatik əngəl yoxdursa, o, bütöv cümlənin doğruluq dəyərinə toxunulmadan, eyni doğruluq dəyərinə malik başqası ilə əvəzlənə bilər.

Əgər qarşıya çıxan bütün budaq cümlələr nəzərdən keçirilsə, onda tezliklə eləsinə rastlanılar ki, bu çərçivələrə çox da uyğun gəlməsin. Bunun səbəbi gördüyüm qədəri ilə odur ki, bu budaq cümlələrin belə sadə mənası yoxdur. Göründüyü kimi, demək olar ki, biz həmişə ifadə etdiyimiz əsas fikirləri yan fikirlərlə birləşdiririk: o yan fikirlər ki, ifadə edilməməsinə baxmayaraq, dinləyici psixoloji qanunlara əsasən onları sözlərimizə bağlayır. Onlar özlüyündə demək olar ki, əsas fikrin özü kimi sözlərimizlə bağlı göründüyündən biz istəyirik ki, belə bir yan fikri də ifadə edək. Bununla cümlənin mənası daha zəngin olur və ola da bilər ki, biz cümlələrdən daha sadə fikirlərə malik olaq. Bəzi hallarda cümlə belə başa düşülməlidir. Başqa hallarda yan fikrin cümlənin mənasına aid olması və ya onu sadəcə müşayiət etməsi şübhəli ola bilər.[v] Ola bilsin aşkarlana bilər ki, “Sağ cinahında təhlükə olduğunu başa düşən Napoleon özü qvardiyasını düşmən üzərinə yönəltdi” cümləsində təkcə hər iki yuxarıda göstərilmiş fikir deyil, həm də təhlükənin bilinməsi onun qvardiyanı düşmən üzərinə yönəltməsinin səbəbi idi fikri ifadə edilir. Əslində bu fikrin yalnız yüngülcə təşviq edilməsi, yoxsa həqiqətən ifadə edilməsi şübhəli ola bilər. Gəlin “Napoleonun qərarı təhlükənin bilinməsindən əvvəl alınsa idi, cümləmiz yanlış olardımı?” sualını nəzərdən keçirək. Cümləmiz buna baxmayaraq doğru olsa idi, onda yan fikrimiz cümləmizin mənasının hissəsi kimi başa düşülməməli idi. Yəqin ki, bu nəticəyə gəlinəcəkdir. Başqa halda vəziyyət tamamilə qarışıq olardı: biz onda cümlələrdən daha çox sadə fikirlərə malik olardıq. Əgər biz indi “Napoleon sağ cinahında təhlükə olduğunu başa düşdü” cümləsini eyni doğruluq dəyərli başqası ilə, məsələn, “Napoleonun artıq 45-dən çox yaşı var idi” cümləsi ilə əvəzləsək, onda bununla tək birinci deyil, üçüncü fikrimiz də dəyişmiş olardı: və bununla – əgər onun yaşı qvardiyanı düşmən üzərinə yönəltmək qərarının səbəbi deyilsə – üçüncü fikrin doğruluq dəyəri də fərqli ola bilərdi. Buradan görünür ki, nəyə görə belə hallarda eyni doğruluq dəyərli cümlələr həmişə bir-biri ilə əvəzlənə bilməz. Cümlə onda elə məhz başqa bir cümlə ilə bağlantısı hesabına özü-özlüyündə tək olduğundan daha çox şey ifadə edir.

Gəlin indi elə hallara baxaqki, orada beləsinə mütəmadi olaraq rast gəlinir. “Bebel xəyal edir ki, Elzas-Lotaringiyanın geri qaytarılması ilə Fransanın qisas yanğısı yatırıla bilər” cümləsində nə baş, nə də budaq cümləyə aid olmayan iki fikir ifadə edilir:

1) Bebel inanır ki, Elzas-Lotaringiyanın geri qaytarılması ilə Fransanın qisas yanğısı yatırıla bilər;

2) Elzas-Lotaringiyanın geri qaytarılması ilə Fransanın qisas yanğısı yatırıla bilməz.

Birinci fikrin ifadəsində budaq cümlənin sözləri özlərinin vasitəli bildiriminə malik olduqları halda, eyni sözlər ikinci fikrin ifadəsində adəti bildirimə malikdir. Buradan görürük ki, ilkin mürəkkəb cümlədə budaq cümlə fərqli bildirimlərlə – biri fikir, digəri isə doğruluq dəyəri olmaqla – iki dəfə götürülməlidir. Doğruluq dəyəri budaq cümlənin tam bildirimi olmadığından biz onu sadəcə eyni doğruluq dəyərli başqası ilə əvəzləyə bilmərik. “Bilmək”, “tanımaq”, “məlumdur ki,…” ifadələri ilə də vəziyyət eyni cürdür. Səbəb budaq cümləsi və onun baş cümləsi ilə biz ayrılıqda cümlələrə uyğun gəlməyən çoxlu fikirlər ifadə edirik. “Buzun xüsusi çəkisi sudan yüngül olduğundan o, suyun üzündə üzür” cümləsində biz bunlara malikik:

1) Buzun xüsusi çəkisi sudan yüngüldür;

2) Əgər nəyinsə xüsusi çəkisi sudan yüngüldürsə, onda o, suyun üzündə qalır;

3) Buz suyun üstündə üzür.

Hər halda əvvəlki iki fikir üçüncü fikri ehtiva etdiyindən onu ayrıcaolaraq verməyə ehtiyac yox idi. Ancaq nə birinci və üçüncü, nə də ki, ikinci və üçüncü birlikdə cümləmizin mənasını təşkil etmir. İndi göründüyü kimi, “buzun xüsusi çəkisi sudan yüngül olduğundan” (“weil das Eis spezifisch leichter als Wasser ist”) budaq cümləsində həm bizim birinci fikrimiz, həm də ikinci fikrimizin bir hissəsi ifadə edilir. Bu səbəbdən budaq cümləmizi sadəcə eyni doğruluq dəyərli başqası ilə əvəz edə bilmərik; çünki bununla ikinci fikrimiz də dəyişmiş olardı və ona görə də onun doğruluq dəyəri də dəyişə bilərdi. “Dəmirin xüsusi çəkisi sudan yüngül olsa idi, o, suyun üstündə üzərdi” cümləsində də vəziyyət eyni cürdür. Burada biz hər iki fikrə – dəmirinxüsusi çəkisi sudan yüngül deyiləgər nəyinsə xüsusi çəkisi sudan yüngüldürsə, onda o, suyun üzündə qalır fikirlərinə – malikik. Budaq cümlə yenə də bir fikir və o biri fikrin bir hissəsini ifadə edir. Əgər əvvəl nəzərdən keçirdiyimiz “Şlezviq-Holşteyn Danimarkadan alındıqdan sonra Prussiya ilə Avstriyanın araları dəydi” cümləsi Şlezviq-Holşteyn bir dəfə Danimarkadan alındıfikrini ifadə edirmiş kimi başa düşülsə, onda biz, birincisi, bu fikrə, ikincisi, budaq cümlə tərəfindən daha dəqiq müəyyən edilmiş vaxtda Prussiya və Avstriyanın araları dəydi fikrinə malikik. Burada da budaq cümlə yalnız tək fikir deyil, başqa fikrin bir hissəsini də ifadə edir.Bu səbəbdən ümumilikdə onu eyni doğruluq dəyərli başqası ilə əvəz etmək olmaz.

Dilin verdiyi bütün imkanları tükətmək çətindir; ancaq mən ümid edirəm ki, nəyə görə bütöv mürəkkəb cümlənin doğruluq dəyərinə təsir etmədən budaq cümləni eyni doğruluq dəyərli başqası ilə əvəzləməyin həmişə mümkün ola bilməməsinin səbəbləri əsasən göstərilmiş oldu. Bu səbəblər aşağıdakılardır:

1) Fikrin yalnız bir hissəsini ifadə etməklə, budaq cümlə heç bir doğruluq dəyəri bildirmir;

2) Budaq cümlə əslində doğruluq dəyəri bildirir, ancaq onun mənası bununla məhdudlaşmır- bir fikirdən əlavə digər fikrin bir hissəsini də əhatə edir.

Birinci hal,

1) sözlər vasitəli bildirimə malik olarsa,

2) cümlənin bir hissəsi xüsusi ad olmaq əvəzinə yalnız qeyri-müəyyən olaraq işarə edərsə, baş verir.

İkinci halda budaq cümlə iki dəfə götürülməlidir – bir dəfə adəti bildirimi ilə, o biri dəfə vasitəli bildirimi ilə; yaxud budaq cümlənin bir hissəsinin mənası eyni zamanda başqa bir fikrin – budaq cümlədə birbaşa ifadə edilənlə birlikdə baş və budaq cümlənin tam mənasını təşkil edən fikrin – hissəsi ola bilər.

Yetərli ehtimalla buradan belə bir nəticə çıxır ki, budaq cümlənin eyni doğruluq dəyərli başqası ilə əvəzlənməsi mümkün olmayan hallar bizim doğruluq dəyəri mənası bir fikir olan cümlə bildirimidir baxışımızın əleyhinə deyil.

İndi isə başladığımız nöqtəyə geri dönək!

Əgər “a = a” və “a = b”-nin idraki dəyərlərinin ümumilikdə fərqli olduğunu tapdıqsa, bu onunla izah olunur ki, idraki dəyər üçün cümlənin mənası, yəni cümlədə ifadə olunan fikir heç də onun bildirimindən – bu, onun doğruluq dəyəridir – az əhəmiyyət kəsb etmir.Ancaq əgər a = b-dirsə, onda “b”-nin bildirmi “a”-nınkı ilə və deməli, “a = b”-nin doğruluq dəyəri də “a = a”-nınkı ilə eynidir.Buna baxmayaraq, “b”-nin mənası “a”-nın mənasından və bununla “a = b”-də ifadə olunmuş fikir “a = a”-da ifadə olunmuşdan fərqli ola bilər; bu zaman hər iki cümlə eyni idraki dəyərə malik olmurlar. Əgər biz, yuxarıdakı kimi, “hökm” dedikdə fikirdən onun doğruluq dəyərinə addım başa düşsək, onda həm də deyəcəyik ki, hökmlər müxtəlifdir.

Qeydllər və istinadlar

[i]Bu cümlələrdə həm də müxtəlif interpretasiyalar asanlıqla mümkündür. “Şlezviq-Holşteyn Danimarkadan alındıqdan sonra Prussiya ilə Avstriyanın araları dəydi” cümləsinin mənasını biz həm də “Şlezviq-Holşteynin Danimarkadan alınmasından sonra Prussiya ilə Avstriyanın araları dəydi” formasında yenidən verə bilərik. Kifayət qədər aydındır ki, bu formada Şlezviq-Holşteyn Danimarkadan bir dəfə alınmışdır fikri mənanın hissəsi olaraq anlaşılmamalıdır; bu, “Şlezviq-Holşteynin Danimarkadan alınmasından sonra” ifadəsinin ümumiyyətlə bildirimi olması üçün zəruri şərtdir. Əlbəttə, bu cümlə həmçinin belə başa düşülə bilər: bununla deyilməlidir ki, Şlezviq-Holşteyn Danimarkadan bir dəfə alınmışdır. Onda biz elə hala rastlayırıq ki, onu sonradan nəzərdən keçirmək lazım olacaqdır. Fərqi daha aydın başa düşmək üçün gəlin özümüzü Avropa tarixini az bilməklə Şlezviq-Holşteynin Danimarkadan alındığını yanlış hesab edən bir çinlinin yerinə qoyaq. Birinci versiyada o, bizim cümləmizi nə doğru, nə də yanlış hesab edəcək; budaq cümlənin bildirimi olmadığı səbəbindən onun bildirimi olduğunu inkar edəcək. Budaq cümlə, görünür ki, yalnız zamanı müəyyən edər. Əgər o, bizim cümləni, əksinə, ikinci versiyada başa düşsə, onda o, budaq cümlədə yanlış hesab edəcəyi, onun üçün bildirimsiz olan bir fikri idafə olunmuş tapacaq.

[ii]Hərdən linqvistik işarə çatışmır və o, bütöv kontekstdən çıxarılmalıdır.

[iii]“Ancaq”, “buna baxmayaraq”la da vəziyyət oxşardır.

[iv]Bizim cümləmizin fikri bu cür də ifadə oluna bilərdi: “ya Günəş hələ indi çıxmayıb, ya da səma çox buludludur” — buradan görmək olar ki, bu cür cümlə birləşməsi necə başa düşülməlidir.

[v]Bu, “Təsdiq yalan, and yalançı şahidlikdirmi?” sualı üçün vacib ola bilər.

Tinay Muşdiyeva, “Freqe fəlsəfəsi nədir və tərcüməsi nəyə görə lazımdır?!”:

https://bakuresearchinstitute.org/az/azerbaijani-frege-f%C9%99ls%C9%99f%C9%99si-n%C9%99dir-v%C9%99-t%C9%99rcum%C9%99si-n%C9%99y%C9%99-gor%C9%99-lazimdir/

Freqe, “Məna və bildirim haqqında (I Hissə)”:

https://bakuresearchinstitute.org/az/azerbaijani-m%C9%99na-v%C9%99-bildirim-haqqinda/

Freqe, “Məna və bildirim haqqında (II Hissə)”:

https://bakuresearchinstitute.org/az/azerbaijani-m%C9%99na-v%C9%99-bildirim-haqqinda-ii-hiss%C9%99/

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.