Ölkə Prezidentinin 26 may 2026-cı il tarixli sərəncamı ilə Azərbaycanda 2027-2030-cu illər üzrə maliyyə inklüzivliyinin genişləndirilməsinə dair dövlət proqramı təsdiqlənib. Maliyyə inklüzivliyi bir anlayış olaraq iqtisadiyyatın bütün aparıcı və dəyər yaradan institusional vahidlərinin – ilk növbədə ev təsərrüfatlarının və biznesin ən zəruri maliyyə xidmətlərinə (bank, sığorta və s.) əlverişli şərtlərlə əlçatanlığının təmin edilməsini nəzərdə tutur.
Dövlət proqramı kifayət qədər genişdir, çoxsaylı tədbirləri və qiymətləndirmə indikatorlarını özündə əks etdirir. Analiz üçün kifayət qədər məqamların olduğu sənəddə elə ilk baxışdan diqqəti cəlb edən vacib bir boşluğa toxunmağa ehtiyac var. Söhbət maliyyə xidmətlərinə əlçatanlıqda coğrafi fərqlərə səthi yer ayrılmasından gedir. Doğrudur, proqramda qeyd edilir ki, region, kənd və qəsəbələrdə maliyyə əlçatanlığı şəhər yerlərinə nisbətən aşağıdır. Məsələnin maraqlı tərəfi odur ki, hökumət təbliğatı son 20 ildə regional inkişafda böyük uğurlar qazanıldığını iddia etməkdən yorulmasa da, proqramda belə bir qeyd var:
Yetərli biznes həcmi formalaşmadığı üçün maliyyə institutları müəyyən coğrafi ərazilərdə maliyyə xidmətləri göstərməkdə maraqlı olmur, bununla da kənd və ucqar yerlərdə maliyyə əlçatanlığında problemlər yaranır.
Bir qədər ehtiyatla ifadə edilmiş bu cümlədə deyilən odur ki, bölgələrdə biznes son dərəcə zəif olduğundan maliyyə institutları həmin coğrafiyaya getmir. Bu nəticə Mərkəzi Bankın regionlar üzrə açıqladığı statistikadan da aydın görünür. Belə ki, hazırda iqtisadiyyat üzrə ümumi kreditləşmənin (30,7 mlrd. manat) 80%-i Bakı və Abşeron yarımadasının payına düşür. Yəni ölkənin əyalətlərinə hər 100 manat kreditdən cəmi 20 manatı gedib çıxır. Yaxud sənədin başqa bir yerində qeyd edilir ki, kənd yerlərində fəaliyyət göstərən sahibkarların maliyyə mənbələrinə çıxışının məhdud olması onların məhsuldarlığını və investisiya imkanlarını azaldır.
Amma məsələ ondadır ki, maliyyə inklüzivliyinin genişləndirilməsi proqramı xidmətlərə əlçatanlığı coğrafi səbəblərlə, o cümlədən kənd-şəhər fərqlərinin olmasını isə yalnız ümumi sözlərlə ifadə edir. Bu isə problemin kəskinliyini görməyə və kəskinlik dərəcəsinə uyğun tədbirlər və qiymətləndirmə indikatorlarının müəyyən edilməsinə imkan vermir. Halbuki proqramın analiz hissəsində Bakı ilə müqayisədə regionlarda, şəhərlə müqayisədə kəndlərdə xidmətlərə əlçatanlıqda fərq olduğu vurğulanırsa, bu təsbit konkret rəqəmlərlə ifadə edilməli idi. Məsələn, həm regionlar, həm də kənd və şəhərlər üzrə bank hesablarının (bura bütün hesablar – cari, əmanət, kart, hesablaşma və s. daxildir), POS terminalların və bankomatların əhalinin hər 10 000 nəfərinə düşən sayı, kreditlərin, əmanətlərin və nağdsız ödənişlərin xüsusi çəkisi, bankların və bank olmayan kredit təşkilatlarının filial və şöbələrinin əhalinin hər 100 000 nəfərində düşən sayı, internet bank xidmətlərindən istifadə edən subyektlərin və belə xidmətlərin ümumi göstəricilərdə payı kimi mühüm göstəricilər əsasında real vəziyyət sənədin analiz bölməsində təqdim olunmalı idi.
Öz növbəsində, bu gün həm fiziki maneələr, xüsusən bank strukturlarının əhalinin xeyli hissəsi üçün əlverişli məsafədə yerləşməməsi səbəbindən, həm də rəqəmsal infrastrukturdakı boşluqlara (məsələn, internetlə əhatə səviyyəsinin aşağı olması, davamlı elektrik kəsintiləri səbəbindən internetdəki fasilələr və s.) görə regionlararası fərqləri ortaya qoymaq çox vacibdir.
Yaxud bank hesablarının sayı və onların regionlar üzrə bölgüsü kəmiyyət göstəricisi kimi vacib olsa da, aktiv hesabların ümumi göstəriciyə nisbəti daha vacibdir. Bu, məsələn cari və ya kart hesablarından son 12 ayda ən azı bir dəfə istifadə edildiyini göstərir. Bakı və regionlar, yaxud şəhərlə kənd müqayisə edildikdə aktiv hesabların nisbəti necədir?
Nəhayət, maliyyə savadlılığının regionlar üzrə ölçülməsi və real fərqlərin ortaya qoyulması çox vacibdir. Çünki maliyyə inklüzivliyinin genişlənməsi təkcə fiziki və rəqəmsal maneələrin mümkün qədər az olması ilə bağlı deyil. Belə ki, paytaxt və iri şəhərlərdən ucqarlara doğru getdikcə insanların böyük əksəriyyətinin potensial maliyyə xidmətləri ilə bağlı bilikləri, onlardan istifadə bacarıqları aşağı olduqda, bu xidmətlərdən istifadə meyli də zəif olur. Bu sahədə vəziyyəti hansısa hazır mənbələrdən statistik rəqəmləri toplamaqla öyrənmək mümkün deyil. Mərkəzi Bank ya birbaşa özünün tədqiqat mərkəzi, ya da hansısa beyin mərkəzlərinə sifariş etməklə keyfiyyət sorğuları əsasında regionlar, eləcə də kənd və şəhər üzrə maliyyə savadlılığının vəziyyətini müntəzəm olaraq öyrənməlidir. Hətta mümkündür ki, bu araşdırmalar əsasında “regional maliyyə savadlılığı” indeksi də açıqlansın.
Hər halda maliyyə inklüzivliyini genişləndirməyi hədəfləyən mötəbər bir hökumət sənədində coğrafi fərqlərin etibarlı rəqəmlər əsasında əks etdirilməməsi dövlət proqramı üçün mühüm bir boşluqdur.

