fbpx

Cəmiyyət

Cəmiyyət

Qərb-Azərbaycan əlaqələri: Ölkə seçim ərəfəsindədir

Read this article on other language
Download article
image_pdf
image_pdf

Rəsmi Bakının xarici siyasəti artıq bir neçə aydır müəmma dövrünə qədəm qoyub. Təxmini 1995-ci ildən etibarən Azərbaycanın xarici siyasətində iki əsas xətt çox bariz görünürdü: Moskva ilə yüksək siyasi əlaqələr; Qərb ilə yüksək iqtisadi və siyasi əlaqələr. Bunun adı balanslı xarici siyasətdir. Qısa rezumesi isə belə idi: Azərbaycan heç vaxt Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatında, Avrasiya İttifaqında yer almır. Eyni şəkildə,  nə NATO-ya, nə də Avropa İttifaqına üzv olmağa can atır.

Ancaq 2014-cü ildən, postsovet ölkələrində demokratizasiyanın üçüncü həmləsindən sonra İlham Əliyev bu balanslı xarici siyasəti davam etdirib-etdirməməkdə tərəddüdə düşdü. Məhz həmin il ilk dəfə olaraq ABŞ-Azərbaycan münasibətlərində açıq siyasi gərginlik yaranmağa başladı. Gərginlik il boyu ABŞ-a qarşı dövlət və hakimiyyət yönümlü mediada propaqandayla, siyasi fəallara və vətəndaş cəmiyyətinə qarşı repressiyalarla davam etdirildi və ilin sonunda Azadlıq Radiosunun Bakı ofisinin bağlanması ilə özünün kuliminasiya nöqtəsinə çatdı.

Ancaq bu, bütövlükdə Qərb-Azərbaycan əlaqələrinin yol ayrımı deyildi. Sadəcə olaraq, İlham Əliyevin öz hakimiyyətini qorumaqda qətiyyətli olacağına dair Qərb siyasi mərkəzlərinə ünvanladığı açıq mesajı idi. Məhz bundan sonra o, 1999-cu ildən start götürmüş, özündə siyasi-iqtisadi-hüquqi (insan hüquqları kontekstli) uyğunlaşmaları ehtiva edən avrointeqrasiya prosesinə özünün redaktə tezisini irəli sürdü: Bütün gələcək sazişlərdən siyasi-hüquqi məsələlər (insan hüquqları kontekstli) çıxarılmalı, Qərb-Azərbaycan əlaqələri iqtisadi sazişlərlə məhdudlaşmalıdır. Məhz bu səbəbdən Avropa İttifaqı və Azərbaycan arasında assosiativ, daha sonrakı adı ilə ikitərəfli sazişin imzalanması mümkün olmadı. Ancaq ötən il Azərbaycan və Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Bu sənəddə artıq “insan hüquqları” ifadəsi keçmir.

Sual oluna bilər ki, 2014-cü ildə konfrontasiya belə yüksək həddə çatmışdısa, bəs hansı şərtlər Qərb-Azərbaycan münasibətlərinin qırılmasını önlədi? Birincisi, həmin vaxt baş verən qarşıdurmada geosiyasi şərtlər həlledici faktor kimi iştirak etmirdi. ABŞ-Aİ münasibətləri sinxron deyildi. Üstəlik, Aİ daxilində deinteqrasiya meyilləri güclənmişdi (məsələn, Brexit). İkincisi, ABŞ Əfqanıstandan çıxmamışdı və ABŞ-Azərbaycan münasibətlərinin əsas mahiyyətini təşkil edən təhlükəsizlik məsələsində rəsmi Bakı hələ də çox əhəmiyyətli logistika mərkəzi idi. Üçüncüsü, Rusiyanın Ukraynanın işğalına yönəlmiş müharibəsi hələ başlamamışdı və Qərb siyasi mərkəzlərində kiçik avtoritar rejimlər təhlükə kimi qavranılmırdı. Dördüncüsü, Rusiyanın təsir dairəsindən Gürcüstanın zəif demokratiyasını Azərbaycanın enerji və Türkiyənin siyasi-iqtisadi yardımı ilə qorumağa çalışan Qərb üçün rəsmi Bakı vaz keçilməz tərəfdaş idi.

Bu günlərdə yenidən ABŞ-Azərbaycan münasibətləri gərginləşməyə başlayıb. Yenə də hakimiyyət yönümlü mediada sərt anti-Amerika propaqandasına start verilib. Qərb “casus”larının susdurulacağı anonsu verilməkdədir. Rəsmi Bakı bu dəfəki qarşıdurmanı da ənənəvi olaraq erməni lobbisinin ABŞ adminstrasiyasına təsirinin təzahürü kimi təqdim edir. Əlbəttə, ABŞ siyasi elitasına erməni lobbisinin təsiri haqqında iddiaların həqiqət payı var. Konqresdəki son dinləmələrin təşkilatçıları da əsasən ermənipərəst mövqeyi ilə tanınan konqresmenlərdir. Lakin erməni lobbisinin ABŞ-Azərbaycan münasibətlərini pozmağa qadir olmasına inanmaq sadəlövhlük olardı. Ortada Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində qələbəsi, işğal olunmuş bütün əraziləri işğaldan azad etməsi, Xankəndi daxil olmaqla bütün Azərbaycan ərazisində öz suverenliyini bərpa etməsi faktı var və bütün bu proses boyu nə Avropanın, nə də ABŞ-ın sərt müqavimətinin şahidi olduq. Halbuki bu, erməni lobbisi üçün ölüm-qalım məsələsi idi. Bu prosesdə ABŞ siyasi elitasını rəsmi Bakıya qarşı ayağa qaldırmağa nail olmayan lobbinin indi yaranan gərginliyin yeganə memarı kimi təqdim olunması propaqandadan başqa bir şey deyil. Üstəlik, açıq-aydın görünür ki, rəsmi Bakı da münasibətlərin konfrontasiyasında çox maraqlıdır.

Əsl reallıq isə tamamilə başqadır. 2014-cü ildən fərqli olaraq, bu dəfə vəziyyət kökündən dəyişib. ABŞ Əfqanıstandan çıxıb və rəsmi Bakı təhlükəsizlik müstəvisində Ağ Evin gözündə əhəmiyyətlilik dərəcəsini xeyli itirib. Rusiya–Ukrayna müharibəsi kollektiv Qərb tərəfindən demokratiyalar və avtokratiyalar arasındakı savaş kimi qavranılır. Yəni hazırkı geosiyasi vəziyyət beynəlxalq avtoritar koalisiyanın fəal ölkələri ilə Qərb demokratiyasının cəbhələşməsini şərtləndirir. Bu baxımdan, dünənə qədər Qərb dəyərləri üçün təhlükə kimi görülməyən Azərbaycan kimi kiçik avtokratiyalar Putinlə rəsmi müttəfiqlik münasibətləri kontekstində artıq əməkdaşlıq üçün belə təhlükəli sayılmağa başlanılıb. Əgər əvvəlki dövrlərdə rəsmi Bakıya münasibətdə Qərbin ümumi yanaşması “demokratiyaya inandırma yolu ilə islahatlara cəlb etmə” çərçivəsini aşmırdısa, artıq hamı başa düşür ki, bu metod keçmişdə qalıb. Bu baxımdan, deyə bilərik ki, artıq Qərb dairələrində Əliyevlə münasibətlərin hansı istiqamətdə aparılması ilə bağlı qənaətlər yekunlaşır. Hamıya aydındır ki, o, demokratiya cəbhəsinin sıralarına qoşulmaq niyyətində deyil.

Bütün bunları yaxşı anlayan Əliyev, üstəlik, qlobal siyasətdə olduqca güc itirən Rusiyanın lokomotivi olduğu beynəlxaq avtoritar koalisiyanın revanş dövründən tənəzzül dövrünə qədəm qoyması reallığında öz avtokratiyasının müdafiəsi üçün alternativlər axtarışına  məhkumdur. Alternativlər nədir? Əgər Qərb-Azərbaycan əlaqələrinin iqtisadi miqyasına baxsaq, əslində rəsmi Bakının alternativi yoxdur, deyə bilərik. Azərbaycanın xarici ticarətdən qazandığı hər 100 dolların 91-i enerji sektorundan gəlir. Söhbət Avropaya satılan neft-qaz məhsullarından əldə olunan gəlirlərdən gedir. Nəzərə alsaq ki, Azərbaycanın bütün strateji sənədləri də (Milli Təhlükəsizlik Konsepsiyası 4.1.2) Qərbə inteqrasiyanı özünün Milli təhlükəsizliyinin əsas aspekti kimi rəsmiləşdirib, bu halda məntiqlə Azərbaycan öz gələcəyini xilas etmək üçün dərhal avtokratik cəbhəni tərk etməli və qarşı cəbhəyə sığınmalıdır.

Bəs bu Əliyevin özü üçün də xilas yoludurmu? Deyil. Məsələ burasındadır ki, demokratik cəbhəyə sığınmaq Əliyev üçün hakimiyyətdən getməyin qum saatını işə salmaq mənasını daşıyır. Ancaq onun məqsədi öz hakimiyyətini əbədi olaraq qorumaqdır. Məhz bu səbəbdən prezidentliyinin 20 illiyini qeyd etdiyi zaman kəsiyində Əliyev ilk dəfə çətin seçimlə üz-üzə qalıb. Bu, hər şeyi itirməklə çox şeyi itirmək arasındakı seçimdir. Göründüyü kimi, vəziyyət çox mürəkkəbdir. Bir tərəfdən, Əliyev ardıcıl olaraq anti-Qərb ritorikasına sədaqət nümayiş etdirir, digər tərəfdən isə ölkənin geostrateji istiqamətinin dəyişdiyinə dair rəsmi mövqe ortaya qoymaqdan hələlik yayınır.

Əgər Əliyev demokratik cəbhəni seçmiş olsa, qazanan yalnız Azərbaycan olacaq. Əliyev özü isə zaman içərisində avtokratik gücünü, ardınca da hakimiyyətini, yəni hər şeyi itirməli olacaq. Əgər avtokratik cəbhəni seçsə, Əliyev dərhal Qərbdə yerləşən bütün əmlakını, maliyyəsini və ölkə iqtisadiyyatı üçün hər şey demək olan neft pullarını itirməli olacaq. Ancaq hakimiyyətini xilas edəcək. Belə ağır, üstəlik, nəticələri öncədən tam bəlli olmayan seçimə məhkumluq rəsmi Bakının xarici siyasətini hazırda müəmmaya bürüyüb.

İlkin görünən ştrixlər odur ki, Əliyevin seçimi Qərblə Rusiya arasında olmayacaq. Rusiya çox zəifləyib və Kreml təkbaşına Əliyev avtokratiyasını qorumaq gücündə deyil. O, belə bir seçimi Putin-Ərdoğan-Rəisinin timsalında regional avtoritar birlik və Qərb arasında etmək niyyətindədir. Bu amilin təsirinin nəticəsidir ki, artıq Əliyev bir tərəfdən yanvar ayında Tehrandakı səfirliyimizə terror hücumundan sonra düşmənçilik həddinə çatmış İran-Azərbaycan münasibətlərini dostluq səviyyəsinə qaldırmağa çalışır, digər tərəfdən açıq tekstlə uzaq xarici ölkələrin Qafqazda mövcudluğuna lüzum görmədiyini – hansı ki, əvvəllər bu kimi ifadələr yalnız Moskva və Tehranın ritorikasına aid idi– tez-tez səsləndirməyə başlayıb.

 Regional avtoritar birlik yetəri qədər güclü olmasa və iddialı proqramlar bəyan etməklə məhdudlaşsa belə, yenə də kiçik avtoritar ölkələrin legitimliyini artırmaqla onların maraqlarına xidmət edə bilir. Siyasi liderlər həvəslə özlərini regional inteqrasiya tərəfdarları kimi təqdim etməyi və regional təşkilatın mövcudluğundan siyasi qazanc əldə etməyi bacarırlar. Artıq 3 ilə yaxındır səsləndirilən Cənubi Qafqaz ölkələrini və Rusiya, Türkiyə, İranı əhatə edən 3+3 formatı əslində qurulması planlaşdırılan regional avtoritar birliyin kamuflyaj adıdır. Gürcüstanın bu formatda iştirak etmədiyi qətidir. Qərblə əlaqələrini intensivləşdirən Ermənistanın bu formatda iştirakının müvəqqəti xarakter daşıdığı aydındır. Geriyə qalır 3+1, yəni üç güclü avtoritar mərkəz və Azərbaycan. Əliyevin niyyəti məhz bu regional avtoritar birliyin çətiri altında öz avtokratiyasını xilas etməkdir.

Əlbəttə, Əliyev çox istərdi ki, geosiyasi şərtlər Rusiya-Ukrayna müharibəsi öncəsinə qayıtsın. Onun avtokratiyası da cəbhələşmənin şərtləndirdiyi seçimə məcbur qalmasın. Ancaq qeyd etdiyim kimi, mövcud geosiyasi şərtlər Qərb demokratiyaları ilə avtokratiyalar arasındakı cəbhələşməni dərinləşdirdikcə onun seçim etmək məcburiyyəti daha da artacaq.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.