fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Corc Berkli, Hilas və Filonus arasında üç dialoq. Ön söz

Read this article on other language
Download article
image_pdf
image_pdf

Corc Berkli (1685-1753) məşhur britaniyalı filosofdur. Onun Hilas və Filonus arasında üç dialoq (Three Dialogues between Hylas and Philonous) əsəri qabaqcıl universitetlərin bir çoxunda fəlsəfə ixtisası üzrə təhsil alan ilk kurs tələbələrinə oxunması tövsiyə olunan əsərlərdən biridir. Əsər dünyanın onlarca müxtəlif dillərinə tərcümə edilmişdir.

Mətnin sonunda tərcüməyə Anar Cəfərovun yazdığı Ön sözə keçid yerləşdirilmişdir.

Dünyanın ümumi fikri, həmçinin təbiətin və bəsirətin məqsədi bundan ibarət görünür ki, nəzəri düşüncələrin sonu praktika, yaxud həyat və fəaliyyətlərimizin yaxşılaşdırılması və tənzimlənməsidir. Buna baxmayaraq nəzəri elmlərlə daha çox məşğul olanlar, görünür, əsasən başqa düşüncədədirlər. Əslində, ən sadə şeyləri dolaşdırmaq üçün çəkilən əziyyətləri – hisslərə inamsızlığı, şübhə və tərəddüdü, hər bir elmə girişdə gərəkli olan mücərrədləşdirmə və dəqiqləşdirməni – nəzərdən keçirsək, onda qəribə görünməz ki, asudə vaxtı və marağı olan insanlar həyatın praktik tərəflərini nəzərə almadan, həmçinin daha zəruri və vacib biliklər barədə məlumatlı olmadan həmin asudə vaxt və marağı  səmərəsiz axtarışlara həsr ediblər. 

Qəbul olunmuş fəlsəfi prinsiplərə görə, şeyləri qavramaqla onların mövcudluğundan əmin olmuruq. Həmçinin bizə öyrədilir ki, onların gerçək təbiətlərini hisslərimizə verilənlərdən fərqləndirək. Skeptisizm və paradokslar da buradan yaranır. Şeyi görüb hiss etməyimiz, dadıb iyləməyimiz kifayət etmir: onun gerçək təbiəti, mütləq xarici mahiyyəti yenə də bizdən gizli qalır. Çünki öz beynimiz tərəfindən uydurulan fiksiya olmasına baxmayaraq, onu bütün zehni qabiliyyətlərimiz üçün əlçatmaz etmişik. Hisslər yanıldıcıdır, ağıl isə təkmil deyil. Biz həyatı o şeylərə şübhə etməklə keçiririk ki, digərləri onları aşkarca bilir; o şeylərə inanmaqla ömür sürürük ki, digərləri onlara gülür və ciddi yanaşmır.

Ona görə məşğul insan zehnini səmərəsiz axtarışlardan yayındırmaq üçün bu dolaşıqlıqların mənbəyini araşdırmaq zəruri görünür; və əgər mümkündürsə, bu zaman elə prinsiplər təqdim edilməlidir ki, onlar öz aşkar mahiyyətləri ilə birlikdə həmin dolaşıqlıqları asanlıqla həll edərək, özlərini zehnə əsl prinsiplər kimi qəbul etdirsin və onu arxasınca düşdüyü sonsuz axtarışların əlindən qurtarsın; hər şeyi görən bir Allahın Birbaşa Bəsirəti və ruhun təbii Ölməzliyinin aydın sübutu ilə bu prinsiplər fəzilətləri də öyrənmək və tətbiq etmək üçün ən rahat hazırlıq, həmçinin ən güclü motivasiya kimi görünsün.  

Bu məqsədi mən 1710-cu ildə çap olunmuş “İnsan biliyinin prinsipləri” haqqındakı traktatın birinci hissəsində nəzərdən keçirmişəm. Amma ikinci hissəni çap etməmişdən əvvəl zəruri hesab etdim ki, birinci hissədə təqdim edilmiş prinsipləri daha aydın və tam izah edim; həmçinin onları yeni işıq altında nümayiş etdirim – və bu, aşağıdakı “Dialoqların” əsas vəzifəsidir.

Bu əsərdə məqsədim əvvəlki əsərdəki biliklərlə tanışlığı ehtiyac görmədən görüşlərimi ən asan və tanış şəkildə oxuculara təqdim etməkdir; xüsusən də ona görə ki, onlar filosofların sağlam düşüncə və insanların təbii görüşləri üzərində indiyə qədər üstünlük edən önyarğılarına çox müxalifdir.     

Əgər burada təbliğ etməyə çalışdığım prinsiplər doğru olaraq qəbul edilsə, düşünürəm ki, onlardan aşkar şəkildə hasil olan nəticələr bundan ibarət olacaq: Ateizm və Skeptisizm tamamilə dağıdılacaq, bir çox dolaşıq məsələlər aydın olacaq, böyük çətinliklər həll ediləcək, elmin bir sıra lazımsız hissələri ixtisar ediləcək, nəzəri düşüncələr praktika ilə əlaqələnəcək və insanlar paradokslardan sağlam düşüncəyə geri dönəcəklər.

Bu qədər çox sayda dəqiqləşdirilmiş və adi olmayan anlayışlara bir dövrə nəzər saldıqdan sonra digər insanlarla oxşar düşüncəyə gəlməyin, ola bilsin, bəzilərinə qəliz görünə bilməsinə baxmayaraq, düşünürəm ki, fəlsəfənin dolaşıq labirintlərində gəzişdikdən sonra təbiətin tələblərinə qayıdış heç də xoşagəlməz hiss olmaz. Bu, uzun sürən səyahətdən sonra evə qayıdışa bənzəyir: insan keçdiyi çətinlik və dolaşıqlar üzərində həzz ala-ala düşünür, sakitlik tapır və gələcəyə daha çox can rahatlığı ilə baxmağa başlayır. 

Məqsədim Skeptikləri və İnancsızları ağıl vasitəsilə inandırmaq olduğundan təfəkkürün ən sərt qanunlarını ciddi şəkildə izləməyə cəhd etmişəm. Və ümid edirəm tərəfsiz oxucuya aydın olacaq ki, əzəmətli Allah anlayışı və rahat Ölməzlik gözləntisi təbii olaraq ciddi və metodik düşüncədən sonra yaranır – düşüncə libertinləri (ki, onlar məntiqin qaydalarına din və ya hökumətin məhdudiyyətlərindən heç də çox dözə bilmirlər) tərəfindən tam da uğursuz olmayaraq azad düşüncə adlandırılan bu sərbəst və qeyri-müəyyən yolun nəticəsinin nə olmasından asılı olmayaraq.

Yəqin məqsədimə belə bir irad olacaqdır: madam ki, məqsəd zehni çətin və faydasız suallardan azad etməkdir, onda o, yalnız bəzi düşünən insanlara təsir edəcək. Hərçənd, əgər onların düşüncələri düzgün əsaslarda olsaydı, əxlaqın və təbiət qanunlarının öyrənilməsi istedadlı insanlar arasında daha geniş yayılardı, skeptisizmə aparan məyusluqlar aradan qalxardı, səhv və düzün ölçüləri dəqiq müəyyən olunardı, həmçinin təbii dinin prinsipləri incəliklə yerbəyer edilmiş və aydın əlaqələnmiş bir sıra digər elmlərin sistemi kimi requlyar sistemlərə müncər olunardı – düşünmək üçün əsaslar var ki, bu nəticələrin nəinki olduqca çox təhrif olunmuş fəzilət hissinin bərpasına tədrici təsiri olar, həm də, vəhyin insanın araşdırmalarına əlçatan olan bu sahələrinin düzgün təfəkkürə daha çox uyğun olduğunu göstərməklə, onlar bütün sağlam düşüncəli və önyarğısız şəxslərə idrakımızdan kənar müqəddəs möcüzələrin ciddi və ehtiyatlı təfsirini nizamlı təqdim edər.

Qalır onu arzu edim ki, oxucu “Dialoqlar”ı sona qədər oxumadan onun haqqında mühakimələrdən çəkinsin. Əks halda oxucu əsərin məqsədini düzgün anlamadan, yaxud davamında izahını tapa biləcək çətinliklər və ya iradlar səbəbindən onu kənara qoya bilər. Məqsədini, sübutlarını, çətinliklərin həllini, həmçinin hissələrinin əlaqəsini və quruluşunu başa düşmək üçün bu cür traktatlar ilk olaraq tam şəkildə oxunmalıdır. Əgər məlum olsa ki, traktat ikinci dəfə oxunmağa layiqdir, düşünürəm ki, onda bu, onun planını tam aydın edəcək; xüsusən, əgər “Görmə” haqqında bir neçə il əvvəl yazdığım əsərə və “İnsan biliyinin prinsipləri” traktatına – harada ki, bu “Dialoqlar”da inkişaf etdirilən müxtəlif anlayışlar yenə də nəzərdən keçirilir və ya onlar başqa işıq altına qoyulur, həmçinin təbii olaraq bu anlayışları möhkəmləndirməyə və izaha cəhd edən digər məqamlar araşdırılır – müraciət edilərsə.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.