fbpx

Cəmiyyət

Cəmiyyət

Rusiyada siyasi canlanma

Read this article on other language
Download article
image_pdf
image_pdf

Rusiyanın siyasi həyatında canlanma göz önündədir. Krımın ilhaqından sonrakı eyforiya dövrü başa çatıb, indi rusiyalıları öz gündəlik problemləri və ölkədaxili məsələlər xarici siyasət mövzularından daha çox maraqlandırır. Cəmiyyətdə protest əhval-ruhiyyəsi güclənib və siyasi aktivlik artır. Hakim Vahid Rusiya Partiyasının və prezident Putinin reytinqi tarixi minimumlara (43%-a) enib.

Paytaxt Dumasına seçkilər sentyabrın 8-də, yəni ölkədə müxtəlif səviyyəli seçkilərin təşkil olunacağı vahid səsvermə günündə keçiriləcək. 7,2 milyon seçicinin yaşadığı Moskva Şəhər Duması 45 üzvdən ibarətdir və majoritar sistem üzrə 5 il müddətinə seçilir. Moskva bütün federasiya subyektlərindən daha böyük büdcəyə malikdir, 2019-cu il üçün büdcə 2,7 trilyon rubl həcmində (40 milyard dollara yaxın) müəyyənləşdirilib. Rusiya Dövlət Dumasında təmsil olunmayan siyasi partiyaların namizədləri, eləcə də namizədliyini fərdi qaydada irəli sürənlər birmandatlı seçki dairəsindəki seçicilərin azı 3%-nin (4,5 – 5,5 min arası) imzasını toplamalıdır. Dövlət Dumasındakı siyasi partiyaların rəsmi namizədləri isə imza toplamaq şərtindən azaddır. Moskva Şəhər Dumasına bundan əvvəlki seçkilər Krımın ilhaqından yarım il sonra keçirilmiş və parlamentdənkənar müxalifət namizədlərinin, müstəqillərin zəruri sayda imza toplaya bilmədikləri bir şəraitdə iqtidar partiyası Vahid Rusiya 28 mandat əldə edərək rahat qələbə qazanmışdı. O zaman rəqabətin aşağı səviyyədə olması iştirak faizinə mənfi təsir etmişdi və seçicilərin cəmi 20,86%-i səsverməyə qatılmışdı.

Hazırkı seçkilərin 5 il əvvəlkindən əsas fərqi budur ki, ölkədə getdikcə artan narazılıq fonunda 20-yə yaxın müxalif və müstəqil namizəd (əsasən Aleksey Navalnı və Dmitri Qudkovun komandaları) tələb olunan seçici imzalarını toplamağa və siyasi aktivliyi yüksəltməyə nail olub, digər tərəfdən, iqtidar partiyasının namizədləri isə cazibəsini itirmiş Vahid Rusiya brendi altında deyil, fərdi qaydada seçkiyə qatılıblar. Vahid Rusiya Partiyasının nüfuzdan düşməsi ilə əlaqədar onun namizədləri partiya rəhbərliyinin məsləhəti ilə öz siyasi mənsubiyyətlərini göstərmədən seçkidə iştirak edirlər, hətta onlara hökuməti tənqid etmək icazəsi də verilib. Bu ilin aprelində keçirilən rəy sorğusuna əsasən moskvalıların yalnız 22%-i Vahid Rusiyaya səs verməyə hazır olduğunu bildirib. (İqtidar partiyasının reytinq eroziyasının səbəblərini aşağıda izah etməyə çalışacağam.) İmzalardakı qüsurlar səbəb göstərilərək əsas müxalifət namizədlərinin hamısının qeydiyyatından imtina edilməsində, şübhəsiz ki, bu amilin də təsiri var. Aydındır ki, bu cür əhəmiyyətli siyasi qərarları seçki komissiyaları və yerli idarəçilər deyil, birbaşa mərkəzi hökumət verir. Müxalif namizədlərin heç olmasa bir qismi qeydə alınsaydı, bəlkə də hazırkı gərginlik baş verməyəcəkdi, hətta onların hamısı qeydə alınıb, seçkidə qalib gəlsəydilər belə, şəhər Dumasında çoxluq yarada bilməyəcəkdilər. Belə olan təqdirdə, sual yaranır: Hakim partiya niyə opponentlərini tamamilə prosesdən kənarda saxlamağa qərar verdi?

Ümumi şəkildə bunun səbəbini belə izah etmək olar ki, böyük siyasi planların ərəfəsində bu planlara müqavimət göstərəcək siyasi qüvvələrin və ayrı-ayrı fərdlərin güclənməsinə, mühüm siyasi platforma və qismən toxunulmazlıq əldə edərək hakimiyyət üçün probemlər yaratmasına imkan tanımaq hakimiyyət üçün risklidir. Ötən ildən başlayaraq hakim partiya regionlarda müxtəlif səviyyəli seçkiləri uduzmağa başlayıb. Periferiyada hansısa seçkini uduzmaq Vahid Rusiya üçün federal səviyyəli problemə səbəb olmur, amma Moskva Şəhər Dumasına seçkilərdə azsaylı da olsa, müxalifət təmsilçilərinə məğlub olmağın siyasi nəticələri daha ağır ola bilər. Təxminən 150 min seçicinin yaşadığı böyük seçki dairəsindən Moskva Şəhər Dumasına üzv seçilə bilən müxalifət və ya müstəqil namizədin eyni ərazidən Rusiya Dövlət Dumasına da seçilməsi tamamilə mümkündür. 2021-ci ildə Dövlət Dumasına keçiriləcək seçkilər isə 2024-cü il prezident seçkilərinə gedən yolda, güman ki, çox vacib mərhələdir və hökumət bu mərhələni itkisiz keçməkdə maraqlıdır.

Müxalifət düşərgəsində nisbətən təcrübəli Aleksey Navalnı, İlya Yaşin və Dmitri Qudkovla yanaşı, son illər Lyubov Sobol, İqor Jdanov, Konstantin Yankauskas, Vladimir Milov, Yuliya Qalyamina, Yelena Rusakova kimi siyasətçilər də yetişib. Bu şəxslərin kiçik uğur hekayəsi də var, onlar 2017-ci ilin sentyabrında Moskvanın rayon bələdiyyələrinə keçirilən seçkilərdə qalib gəliblər. Ümumilikdə həmin seçkilərdə 1502 bələdiyyə məclisi üzvlüyü uğrunda mübarizədə 200 müxalif namizəd qalib gəlmişdi. Adları çəkilən aktivistlərin Moskva Şəhər Dumasında mandat qazanması əvvəla, onların böyük büdcənin idarə olunmasına nəzarət və bu sahədə şəffaflığın təmin olunması üçün imkanlar əldə etməsinə, korrupsiya halları və mexanizmlərinin ifşasına, şəhər əhalisinin, medianın diqqətinin bu məsələlərə cəlb edilməsinə səbəb olacaqdı. Digər tərəfdən, bu şəxslərin ölkə miqyaslı siyasi fiqura çevrilməsi, Dövlət Dumasına seçilməsi üçün zəmin yarana bilərdi. Hökumət buna yol vermək istəmədi. Bu gün Dövlət Dumasında təmsil olunan partiyalar hökuməti tənqid etsələr də, prezident Putinə toxunmurlar və onun xarici siyasətini dəstəkləyirlər. Gələcəkdə bu partiyaların yerini ölkədəki vəziyyətə görə birbaşa Putini və mövcud sistemi hədəf alan siyasi qüvvələrin tutması hazırkı iqtidara lazım deyil.

2024-cü il üçün nəzərdən keçirilən ilk plan barədə Bakı Araşdırmalar İnstitutunda daha əvvəl yazmışdım: bu, Rusiya-Belarus ittifaq dövlətinin dərin inteqrasiyası və Putinin vahid dövlətin rəhbəri qismində Rusiyanı (Belarusla birlikdə) idarə etməyə davam etməsi variantıdır. Nəzərdən keçirilən ikinci variant Konstitusiya dəyişikliyidir: parlament sisteminə keçid və prezidentin səlahiyyətlərinin baş nazirə verilməsi mümkün ehtimallardan biridir. Ölkədəki protest potensialını hərəkətə gətirə bilən və hökumətin cızdığı çərçivədən kənara çıxan real müxaliflərin bu ərəfədə siyasi təsir imkanlarının artmasına imkan vermək hökumət üçün təhlükəli ola bilər. İqtidar partiyasının reytinq itkisinə çarə kimi düşünülən variant isə seçki sisteminin dəyişdirilməsidir. Hazırkı qanunvericiliyə görə, Dövlət Duması 50% proporsional (partiya siyahıları), 50% majoritar sistem üzrə formalaşır. İndi hökumət qanunverici orqanın 70%-nin  majoritar sistem əsasında formalaşdırılması ideyasını müzakirə edir.

Hakimiyyət üçün çətinlik yaradan məqamlardan biri budur ki, Aleksey Navalnı başda olmaqla, yeni nəsil Rusiya siyasətçilərinə qarşı mübarizədə ənənəvi propaqandist ştamplar işə yaramır. Əhalinin xoş xatirələrlə xatırlamadığı 1990-cı illərin siyasi məsuliyyətini onların boynuna yükləmək mümkün deyil, bu şəxslər o dövrdə ali məktəb tələbələri, bəziləri isə orta məktəbin yuxarı sinif şagirdləri idi və hər hansı dövlət vəzifəsi tutmurdular. Demoqrafik faktor da öz sözünü deyir: 1990-cı illəri görməyən və ya o dövrdə azyaşlı olan nəsillər böyüyüb və hakim təbliğatın ana tezisi olan “Putin diz çökmüş Rusiyanı ayağa qaldırdı” fikri onlar arasında populyar deyil. Təsadüfi deyil ki, etiraz aksiyalarının nüvəsini də məhz bu nəsillərin siyasi aktiv təmsilçiləri təşkil edir. Onlar polis zorakılığına məruz qalacaqlarını və həbs oluna biləcəklərini anladıqları halda icazəsiz etirazlara qatılırlar. Müxalif namizədlərin seçkiyə buraxılmamasına etiraz olaraq iyulun 27-dəavqustun 3-də keçirilən etiraz aksiyalarında ümumilikdə 2400-ə yaxın şəxs saxlanılıb. Bu aksiyaların əsas xüsusiyyətlərindən biri bu oldu ki, təşkilatçılar qabaqcadan polis tərəfindən saxlanılsa da, insanlar özləri təşkilatlana və tələblərini səsləndirə bildilər. Müasir informasiya texnologiyaları və sosial media sayəsində dünyanın bir sıra yerlərində bu halı müşahidə etmək mümkündür. İyulun 20-də Moskvanın Saxarov prospektində təşkil olunan sanksiyalaşdırılmış mitinq 22 mindən çox iştirakçı toplayaraq 2013-cü ildən bəri Moskvada keçirilmiş ən kütləvi etiraz tədbiri oldu. Avqustun 10-da isə eyni yerdə təşkil olunan mitinq bu dəfə 50 min iştirakçı topladı, bu, etirazların yüksələn trend üzrə davam etdiyini göstərir.

Moskva Şəhər Dumasına keçiriləcək seçkilərdə müxalif və müstəqil namizədlərin iştirakına imkan verilməməsindən başqa hazırkı etirazların  başqa, bəlkə də daha köklü səbəbi də var. Belə ki, 2024-cü ildə Vladimir Putinin səlahiyyət müddəti bitir, Konstitusiyaya əsasən o, bir daha prezidentliyə namizəd ola bilməz, bu səbəblə hakimiyyətin tranziti baş verməlidir. Belə bir halda fərziyyə irəli sürərək güman edə bilərik ki, tranzit prosesinin maneəsiz gerçəkləşdirilməsi üçün Dövlət Dumasına 2021-ci ildə keçiriləcək seçkilər iqtidar və ələlxüsus da Putin üçün böyük əhəmiyyət daşıyır. Bu güman belə bir fikrə əsaslanır ki, hazırkı hökumət Dövlət Dumasına nəzarətini davam etdirərək konstitusion çoxluğunu qoruyub saxlamalıdır ki, Putin ölkənin siyasi gələcəyini rahat dizayn edə bilsin. Siyasi sistemin xaricindəki müxalifətin Moskva Şəhər Dumasında 10-15 yer qazanması öz-özlüyündə hakimiyyət üçün, yəqin ki, ciddi problem yarada bilməz, əsas təhlükə bu yeni müxalifətin öz gücünü artırması və uzun illər ərzində formalaşmış oyun qaydalarını pozması ehtimalıdır. G. Züqanovun Kommunist, V. Jirinovskinin Liberal Demokrat və S. Mironovun Ədalətli Rusiya partiyalarından ibarət indiki konfiqurasiya hakim partiya üçün komfortdur və bu komfortun aradan qalxması ona hakimiyyətin tranziti zamanı bəzi maneələr yarada bilər. Yuxarıda sadalananları indiki şəraitdə məhz gümanlara əsaslanaraq demək mümkündür, çünki hələlik əlimizdə olan informasiya bizə arqument və ya tezis irəli sürərək onu əsaslandırmağa imkan vermir.

Repressiv tədbirlər və cəmiyyətin əks reaksiyası

İyulun 14-də Moskva şəhər Seçki Komissiyasının binası qarşısından başlayan etirazlara hakimiyyətin cavabı – təqiblər və həbslər göstərir ki, onun yaranmış problemi siyasi yolla çözmək iradəsi yoxdur və təşəbbüs güc strukturlarına keçib. Bu strukturlar icazəsiz etirazları xüsusi təyinatlı polis (OMON) və Rosqvardiya qüvvələri vasitəsilə dağıtmaq və müxalifət liderlərinə inzibati həbs cəzaları verməklə kifayətlənməyərək, cinayət təqibinə də qərar verib. Əvvəlcə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İdarəsi 14 iyul mitinqi ilə bağlı “Seçki hüquqlarının həyata keçirilməsinə və ya seçki komissiyalarının işinə mane olmaq” maddəsi ilə cinayət işi açdı, sonra bu işin təhqiqatı mərkəzi aparata (RF üzrə İstintaq Komitəsi) verildi. Xüsusi xidmət orqanı – Federal Təhlükəsizlik Xidmətinin (FSB) Konstitusiya quruluşunun müdafiəsi və terrorizmlə mübarizə üzrə idarəsi də təhqiqata qoşuldu. FSB müxalifətin xarici güc strukturları ilə əlaqələrini araşdırır və etiraz aksiyalarının xaricdən maliyyələşdirilməsinə dair sübutlar axtarır.

Bu axtarışın nəticəsi olaraq Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Fonduna qarşı 1 milyard rubl həcmində çirkli pulun yuyulması ittihamı ilə cinayət işi açılıb. Təşkilatın, onun əməkdaşlarının və Navalının regionlardakı qərargahlarının bank hesabları bloklanıb. Qurumun Moskva ofisində 11 saat axtarış aparılıb və bütün kompüterlər, yazılı sənədlər müsadirə olunub. (Korrupsiya ilə Mübarizə Fondu Rusiya hökumətinin yüksək vəzifəli üzvləri, ayrı-ayrı dövlət məmurları haqqında apardığı araşdırmalarla məşhurlaşıb. Məsələn, fondun baş nazir Dmitri Medvedev barəsindəki araşdırması YouTubeda 31,5 milyondan çox baxış toplayıb.) 27 iyuldakı icazəsiz aksiyadan sonra isə “Kütləvi iğtişaşların təşkili, orada iştirak və iştirak barədə çağırışlar etmək” maddəsi üzrə cinayət işi başlanaraq həbslər həyata keçirilib. Artıq iş üzrə 12 nəfərə rəsmi ittiam sürülərək onlar barəsində həbs qətimkan tədbiri seçilib. Xatırlatmaq yerinə düşər ki, 2011-2013-cü illərin etiraz hərəkatının fəallarına qarşı da eyni üsuldan istifadə olunmuş və Bolotnaya işi adlandırılan cinayət təqibi çərçivəsində 17 nəfər 2,6 aydan 4,5 ilə qədər həbs cəzalarına məhkum edilmişdi. Maraqlıdır ki, həmin cinayət işlərini araşdıran prokurorlardan 3-ü hazırda 27 iyul hadisələri ilə bağlı cinayət işini araşdıran istintaq qrupuna daxildir.

Rusiya cəmiyyətində apatiyanın aradan qalxması, siyasi fəallığın və iştirakçılığın artması hökumətin repressiv tədbirlərinə verilən reaksiyalarda da özünü göstərməyə başlayıb. Hələ iyun ayının əvvəlində jurnalist İvan Qolunovun narkotiklərin qanunsuz istifadəsində ittiham olunaraq saxlanılmasından sonra həm Rusiya meynstrim mediası, həm də məşhur simalar (Akvarium rok qrupunun üzvü, bəstəkar Boris Qrebenşikov, kinoaktyor Konstantin Xabenski, reper Oksimoron, jurnalist və yazıçı Vladimir Pozner və s.) qanunsuzluğa öz etrazlarını bildirmiş, nəticədə jurnalist əvvəlcə məhkəmə tərəfindən ev dustaqlığına buraxılmış, sonra isə saxta cinayət işi ləğv olunmuş və bu işdə əli olan Moskva polisinin general rütbəli 2 əməkdaşı Putin tərəfindən vəzifədən uzaqlaşdırılmışdı. 27 iyul-3 avqust 2019-cu il hadisələri ilə əlaqədar kütləvi iğtişaş maddəsi ilə cinayət işi qaldırılması və həbslərin həyata keçirilməsi də etirazla qarşılanıb. Yüzlərlə yazıçı, şair, sənət adamı, jurnalist utanmaz saxtakarlıq kimi qiymətləndirdikləri cinayət işlərinə xitam verilməsini tələb edib. Rusiyanın elit ali məktəblərindən olan Ali İqtisad Məktəbinin rəhbərliyi həbs olunmuş tələbə, videobloger Yeqor Jukova sahib çıxıb və onun azadlığa buraxılmasını istəyib. 10 avqust mitinqindən əvvəl isə bir sıra populyar şəxslər və musiqi qrupları – sosial mediada milyonlarla izləyicisi olan videoblogerlər Yuri Dud, Danila Popereçnıy, reperlər Oksimoron və Face, populyar musiqi qrupları Krivostok, IC3PEAK aksiyaya qatılmaq üçün çağırışla çıxış etdilər və özləri də mitinqdə iştirak etdilər.

Rusiyada heç vaxt federal əhəmiyyətli hadisəyə çevrilməmiş, hətta şəhərin özündə sakinlərin marağını cəlb etməmiş Moskva Şəhər Dumasına seçkilərin bu qədər səs-küyə səbəb olacağını və hər gün Ukrayna başda olmaqla, yalnız xarici siyasət məsələlərini müzakirə edən telekanalların da buna diqqət yetirməyə məcbur olacağını seçki kampaniyasından əvvəl çoxları gözləmirdi. Müxalif, müstəqil namizədlər seçkiyə qatıla bilməsələr də, lokal seçkiləri federal miqyaslı məsələyə çevirməyi və diqqəti ölkə daxilindəki problemlərə, demokratiya defisitinə yönəltməyi bacardılar. Bu, Rusiyada 2019-cu ilin ən əhəmiyyətli siyasi hadisəsi olmaqla yanaşı, ölkədə sonrakı illərdə siyasi proseslərin gedişinə də öz təsirini göstərəcək.

Vahid Rusiyanın böhranı

2017-ci ilin sonlarında Vladimir Putinin prezidentliyə Vahid Rusiya Partiyasının namizədi kimi deyil, müstəqil şəkildə qatılacağını açıqlaması hakim partiyada işlərin yaxşı getmədiyinə işarə idi. Putin 2018-ci ilin martında növbəti dəfə prezident seçildi, lakin Vahid Rusiyanın il ərzində bir neçə yerli seçkidə məğlub olması hakim partiyanın böhran mərhələsinə daxil olduğunu göstərirdi. Prezident seçkilərindən bir həftə sonra İrkutsk vilayətinin Ust-İlim şəhərində keçirilən mer seçkilərində Liberal Demokrat Partiyasından olan 28 yaşlı evdar qadın Anna Şyokinanın iqtidar namizədini məğlub etməsi bu baxımdan simvolik hadisə idi. Noyabr ayında Vahid Rusiya Xabarovsk, Vladimirsk və Xakasiya vilayətlərində qubernator seçkilərini uduzdu. Xakasiya, Ulyanovsk və İrkutsk vilayətlərində yerli parlamentlərə seçkilərdə kommunistlər qalib gəldilər. 2019-cu ilin aprelində isə Vahid Rusiya Həştərxan, Amur vilayətləri və Zabaykalye diyarında bələdiyyə sədrliyi seçkilərində məğlub oldu. Bu faktlar paytaxtdan uzaqda yerləşən əyalətlərdə də protest əhval-ruhiyyəsinin gücləndiyinin göstəricisidir.

Təkcə seçkilər yox, müxtəlif sosial və ekoloji narahatlıqlarla əlaqədar ayrı-ayrı yerlərdə vətəndaşların küçələrə çıxması da bunu təsdiqləyir. İnsanlar öz mövqelərini bürokratik aparata və siyasi rəhbərliyə çatdırmağın, problemlərin həllinin yeganə yolu kimi kütləvi etiraz tədbirlərini görməyə başlayıblar. Məsələn, 2018-ci ilin aprelindən Moskva vilayətinin 9 şəhərində məişət tullantılarının emalı müəssisəsinin tikintisinə qarşı mitinqlər başlayıb. Arxangelsk vilayətinin Lensk rayonunun Şies stansiyasında bir ilə yaxındır yerli sakinlər eyni səbəblə – meşə sahəsinin məhv edilərək yerində “EkoTexnoPark” adı altında məişət tullantıları emalı müəssisəsi inşa olunmasına etiraz etməkdədir. Bu ilin may ayında Yekaterinburqda yerli fəallar şəhərin mərkəzi meydanında kilsə tikintisinə qarşı səslərini ucaltmaq üçün küçəyə çıxdılar. Məsələyə reaksiya verməyə məcbur olan prezident Putin bütün sakinlərin mövqeyini öyrənmək üçün sorğu keçirilməsini təklif etdi və tikinti müvəqqəti olaraq dayandırıldı.

Rusiya iqtisadiyyatı: sağalmayan xəstəlik

Vladimir Putin 20-ci ili tamamlanan hakimiyyəti dövründə dayanıqlı və diversifikasiya olunmuş iqtisadiyyat qura bilmədi, yaxud qurmadı. Neftin qiymətinin yüksək olduğu illərdə əhalinin rifah səviyyəsi bir qədər yüksəlsə də, bunun “yalançı bahar” olduğu neftin 2014-cü ildən ucuzlaşmağa başlaması ilə ortaya çıxdı. Əslində enerji bazarındakı təlatümdən əvvəl də Rusiya iqtisadiyyatı yüksək templə inkişaf etmirdi. Məsələn, 2010-cu ildə ÜDM 4,5%, 2011-ci ildə 4,3%, 2012-ci ildə 3,3%, 2013-cü ildə isə cəmi 1,8% artmışdı. Yəni, neft qiymətlərinin fantastik səviyyələrə (114-115 ABŞ dolları) çıxdığı dövrdə də iqtisadi inkişaf tempi aşağı düşürdü, bu səbəblə neft bazarındakı vəziyyətlə sosial rifah arasında tam korellyasiya qurmaq doğru olmaz. Neftin bahalaşması nisbi stabillik yaratsa da, inkişafa səbəb olmur, ucuzlaşması isə vəziyyəti daha da pisləşdirir. Neftin qiymətinin stabilləşməsi nəticəsində hazırda Rusiyanın qızıl-valyuta ehtiyatlarının həcmi 520 milyard dollara yaxınlaşıb, 2018-ci ildə son 7 ildə ilk dəfə olaraq büdcə profisitlə yerinə yetirilib, amma bunlar ölkənin və əhalinin vəziyyətində müsbət dəyişikliyə gətirib çıxarmır. Əksinə, ötən il həyata keçirilən və ölkədə böyük narazılıq doğuran pensiya islahatı, əlavə dəyər vergisinin artırılması kimi qeyri-populyar tədbirlər hökumətin yeni maliyyə qaynaqlarına ehtiyac duyduğunu göstərir.

2019-cu ilin ilk rübündə Rusiyada yoxsulluğun səviyyəsi ötən ilin eyni dövrünə nisbətən 0,4% yüksələrək 14,3% təşkil edib, 20,9 milyon rusiyalının gəlirləri yaşayış minimumundan aşağı səviyyədədir. Əhalinin real gəlirləri 2019-cu ilin ilk yarısında 1,3% azalıb, ümumiyyətlə, azalma tendensiyası 2014-cü ildən bəri davam edir. İyul ayında keçirilən rəy sorğusunda təxminən hər 4 rusiyalıdan biri (24%) son 2-3 ay ərzində maddi vəziyyətinin pisləşdiyini bildirib, 67%-i hər hansı dəyişiklik hiss etməyib və yalnız 8%-i müsbət dəyişikliklər baş verdiyini söyləyib. Gəlirlərin azalması insanların qida rasionuna da təsirsiz ötüşməyib. Yuxarıda qeyd edilən sorğuya əsasən 12% rusiyalı ərzağa olan tələbatını ödəyə  bilmədiyindən şikayətlənib. Rusiyalılar ağır iqtisadi böhranın hökm sürdüyü 1990-cı illərdən daha pis qidalanmağa başlayıb. Hətta hökumət qida rasionunun daralması nəticəsində yaranacaq vitamin çatışmazlığını kompensasiya etmək üçün bəzi çox istifadə olunan məhsullara (duz, süd) əlavə vitaminlər, zülallar qatılması üsulunu müzakirə edir. Dünya Bankı 2019-cu ildə Rusiyada Ümumi Daxili Məhsulun artım tempi barədə proqnozunu 1,5%-dən 1,2%-ə salıb və 2020-2021-ci illər üçün proqnoz 1,8%-dir.

Bu rəqəmlər inkişaf etməkdə olan ölkə kateqoriyasına aid Rusiya üçün çox aşağıdır və faktiki olaraq staqnasiya deməkdir. Siyasi azadlıqların, məhkəmə müstəqilliyinin olmaması ölkədəki biznes mühitinə də mənfi təsir edir. 500 sahibkar arasında aparılan sorğuda onların 71%-i Rusiyada biznes mühitini mənfi qiymətləndirib. Rusiya Hesablama Palatasının sədri Aleksey Kudrin ölkədə sosial partlayış təhlükəsinin olduğunu bildirir. O, ölkədə yoxsulluğun səviyyəsini biabırçılıq adlandırıb. “Dövlətin iqtisadiyyatda rolu güclənir, rəqabət və özəl təşəbbüskarlıq zəifləyir. Ölkə son 6 ildə öz şansından istifadə edə bilməyib, dünya iqtisadiyyatında payımız aşağı düşüb. Biz daha rəqabətədavamlı və effektiv ola bilmədik. Bu mənada biz iqtisadi durğunluq dövründəyik və bu, nikbinliyə əsas vermir”, – deyə Kudrin söyləyib.

Yoxsulluqla mübarizə Putinin “2024-cü ilə qədər Rusiya Federasiyasının inkişafına dair milli məqsədlər və strateji vəzifələr”lə bağlı imzaladığı 2018-ci ilin may fərmanındakı prioritetlərdən biridir. Hökumət qarşısında tapşırıq qoyulur ki, 2024-cü ilə qədər yoxsulluğu iki dəfə azaltsın, vətəndaşların gəlirlərinin dayanıqlı artımına nail olsun, əhalinin say artımını təmin etsin, hər il azı 5 milyon ailənin mənzil şəraitini yaxşılaşdırsın, Rusiyanı iqtisadiyyatının həcminə görə dünya üzrə ilk beşliyə daxil etsin. Ciddi islahatlar aparılmadan direktiv qaydada bu məqsədlərə nail olunması mümkün ola bilərmi? Rusiyanın hazırkı vəziyyəti də nəzərə alındıqda, bu suala müsbət cavab vermək demək olar, qeyri-mümkündür. Rusiyada dəyişikliklərə və islahatlara ehtiyac bariz şəkildə ortadadır, bunun gecikdirilməsi həm Rusiyanın özü, həm də bölgə və dünya üçün neqativ nəticələrə səbəb ola bilər.

 

 

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.