Cəmiyyət

Cəmiyyət

“Real Ermənistan”: Paşinyanın Azərbaycan üzərində dinc revanşı?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Nitsşenin xəbərdarlığı və tarixin dəyişən axarı

1873-cü ildə Nitsşe Fransa-Prussiya müharibəsində Fransa üzərində qələbədən sonra Almaniyada hökm sürən triumfalist əhval-ruhiyyəni kəskin tənqid edən yazı ilə çıxış edir. “Böyük qələbə özü ilə böyük təhlükə gətirir”, – deyə o xəbərdarlıq edir, çünki belə bir qələbə təkəbbür və arxayınçılıq hissi doğura bilər. Nitsşe qeyd edir ki, alman xalqı yanılaraq öz hərbi qələbəsini Fransa üzərində milli-mədəni üstünlük sanır. O, uzaqgörənliklə ehtiyat edirdi ki, millətçilik alman mədəni kimliyini etatist ideologiyaya tabe etdirəcək, və nəticədə, intellektual azadlıq və tənqidi özünütəhlil özündənrazı arxayınçılıqla əvəzlənəcəkdi.

Fransa-Prussiya müharibəsindən sonra bir çox ziyalılar qələbənin qalib tərəfin başını gicəlləndirə və onun sağlam mühakimə yürütməsinə mane ola biləcəyi haqqında xəbərdarlıq səsləndirmişlər. Təəssüf ki, tarix boyunca bu cür xəbərdarlıqlara az məhəl qoyulmuşdur.

Erməni xalqı Birinci Qarabağ müharibəsindən sonra Nitsşenin xəbərdarlığından nəticə çıxarmaq imkanını əldən verdi. Həmin müharibənin nəticəsi ermənilərin kollektiv təfəkküründə azərbaycanlılardan üstün olduqları haqqında dərin kök salmış bir təsəvvür yaratdı. Rəsmi şəkildə dəstəklənən Tsexakronizm və Hay Dat (Erməni Amalı) kimi etno-millətçi və ekspansionist ideologiyalar erməni milli təxəyyülünə hakim kəsildi. Məhz bu təfəkkürün nəticəsi olaraq, ermənilərlə azərbaycanlılar arasında “etnik uyğunsuzluq” olduğu bəyan edilir, Azərbaycana “bir qarış da torpaq qaytarılmayacağına” and içilir, çoxmillətli Azərbaycanı parçalanmağa məhkum olan “kiçik imperiya”, azərbaycanlıları isə “süni xalq” adlandırılararaq Azərbaycan milli varlığının legitimliyini belə inkar etməyə çalışırdılar. 2019-cu ilin avqustunda Ermənistanın baş naziri Nikol Paşinyanı Xankəndinin mərkəzi meydanında “Miatsum!” şüarı səsləndirməyə sövq edən də məhz bu təfəkkür idi və məhz həmin taleyüklü hadisə, mahiyyət etibarilə, yeni müharibəyə aparan gerisayımı başlatdı.

Tarixin axarı 2020-ci ildə Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbə ilə dəyişdi. İndi Nitsşenin xəbərdarlığından nəticə çıxarmaq növbəsi azərbaycanlılarındır. Birinci Dünya müharibəsinindən sonra Elzas və Lotaringiyanı geri alan Fransa kimi, Azərbaycan da qələbəsinin bəhrələrini puça çıxarıb növbəti qarşıdurma təhlükəsi ilə üzləşəcəkmi? 

2020-ci ildən sonrakı Azərbaycanda Ermənistan üzərində qələbə yeni milli mifə çevrilib. Birinci Qarabağ müharibəsi zamanı əsas yaşayış məntəqələrinin işğal tarixlərini anmaq üçün məktəblərdə gözəçarpan yerlərdə asılan “qan yaddaşı” lövhələrini indi İkinci Qarabağ müharibəsi zamanı həmin məntəqələrin azad edildiyi günləri qeyd edən yeni tarixçələr əvəz etmişdir. Qələbə hakimiyyətin legitimliyini və ictimai dəstəyi təmin etmək üçün əsas siyasi narrativə çevrilmişdir. Azərbaycan rəhbərliyinin Ermənistanla sülhə nail olmaq üçün proaktiv addımlar atmasını təqdir etmək lazımdır. Bununla yanaşı, erməniləri kiçildən mesajları və hətta tanınmış ictimai xadimlərdən “Zəngəzuru geri qaytarmalıyıq” kimi çağırışları da hərdən eşidirik.

Azərbaycanlıların İkinci Qarabağ müharibəsində qazandıqları qələbə ilə qürur duymağa hər bir haqqı var. Bir qarabağlı olaraq, mən də bu hissi bütün qəlbimlə bölüşürəm. Bununla belə, qələbəmizi ədalətin aşkar və müqəddər təntənəsi kimi təqdim edən, eyni zamanda onu mümkün etmiş mürəkkəb şəraiti tənqidi təhlil etməyə səy göstərməyən özündənrazı və özünü tərifləyən narrativlərin fövqünə qalxmalıyıq. Qələbəmizlə haqlı olaraq duyduğumuz qürur hissinin Birinci Qarabağ müharibəsindən sonra əvvəlki düşmənlərimizdə müşahidə etdiyimiz təkəbbürə çevrilməsinə yol verməməliyik.

Məğlubiyyət empatiyası

Alman kulturoloqu və tarixçisi Volfqanq Şivelbuş Məğlubiyyət mədəniyyəti: Milli travma, matəm və dirçəliş haqqında adlı kitabında “məğlubiyyət empatiyası” (yaxud, “məğlubiyyətin empatik fəlsəfəsi”) ifadəsini irəli sürərək, hərbi məğlubiyyətin həm məğlub olanlar, həm də qalib gələnlər üçün əhəmiyyətini və uzunmüddətli təsirlərini anlamağa yönələn psixoloji və intellektual yanaşmanı təsvir edir. Bu yanaşma məğlubiyyəti sadəcə olaraq düşmənin layiq olduğu aqibət kimi təqdim etməklə kifayətlənən və bununla da, öz mövqeyini haqlı göstərməyə çalışan ənənəvi narrativlərin çərçivəsindən kənara çıxır. Bu yanaşma məğlub tərəfin məğlubiyyətin doğurduğu travma və alçalma hissindən yararlanaraq, milli dirçəliş naminə yeni miflər yaratmaq və qalib tərəfin metodlarını selektiv şəkildə təqlid etmək yolu ilə öz hərbi, iqtisadi və ya mədəni üstünlüyünü yenidən təsdiqləyən yeni cəmiyyət qurmağa necə çalışdığını təhlil edir.

Şivelbuş məğlubiyyət empatiyasının iki növünü fərqləndirir: “maraqlı tərəf” olan məğlub tərəfin mülahizələri və “qərəzsiz” kənar müşahidəçilərin və “ən başlıcası isə… təkəbbür təhlükəsini öz cəmiyyətləri üçün dərk edən qalib xalqın azsaylı nümayəndələrinin” müşahidələri.

Qərəzsiz məğlubiyyət empatiyası məğlub tərəfə qarşı münasibətdə həmrəylik, rəğbət və ya hətta onun halına acımağı belə mütləq şəkildə ehtiva etmir. Bu yanaşma məğlubiyyət və qələbənin daha geniş nəticələri və bu nəticələrin müharibədən sonrakı dövrdə münaqişədə iştirak edən cəmiyyətlərin inkişaf istiqamətlərinə necə təsir göstərdiyi barədə düşünməyi nəzərdə tutur. Qalib gəlmiş xalqın daxilindəki qərəzsiz azsaylı müşahidəçilər üçün bu cür yanaşma, ilk növbədə, özünütənqid funksiyası daşıyır. Onları ən çox narahat edən məsələ qələbənin öz cəmiyyətlərində təkəbbür və arxayınçılıq doğurması, habelə siyasi, mənəvi və ya mədəni tənəzzülə yol aça bilməsi təhlükəsidir.

Şivelbuşun bu konsepsiyası münaqişənin mirası və Ermənistanla davamlı sülh quruculuğunun problemləri ilə məşğul olan azərbaycanlı alimlər, ekspertlər və siyasətçilər üçün dəyərli intellektual çərçivə təqdim edir. Bu yanaşmanın əsasında belə bir fikir dayanır ki, ermənilər Azərbaycanın qələbəsindən nə qədər ibrət götürməlidirlərsə, azərbaycanlılar da Ermənistanın məğlubiyyətindən ən azı bir o qədər nəticə çıxarmalıdırlar.

Məğlubiyyət – Ermənistanın qurtuluşu

Şivelbuşun ən düşündürücü fikirlərindən biri budur ki, fəlakətli məğlubiyyət eyni zamanda bir növ ictimai qurtuluş kimi də yaşana bilər.

Maraqlıdır ki, hazırda Ermənistanda cərəyan edən siyasi prosesləri təhlil edərkən məhz belə bir mənzərənin şahidi oluruq. 2020-ci il müharibəsindəki məğlubiyyət, ardınca 2023-cü ildə separatçı rejimin tamamilə ləğv edilməsi və erməni əhalisinin Qarabağdan köçüb getməsi erməni xalqı üçün son dərəcədə travmatik bir təcrübə idi. Ancaq paradoksal olaraq, bu gəlişmələr Ermənistanın özü üçün bir növ qurtuluş oldu.

2020-ci ilə qədər Ermənistanın siyasi quruluşu, siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün rəhbərlərin hakimiyyəti dövründə millətçi-ekspansionist ideologiyaya əsaslanırdı. Paşinyanın sözləri ilə desək, bu sistem “ilk gündən münaqişə və qarşıdurma məntiqi üzərində qurulmuşdu”. Bu qarşıdurma məntiqi öz növbəsində kənar qüvvələrdən asılılıq yaradırdı. Yenə Paşinyanın öz ifadəsi ilə desək, Qarabağ məsələsini xarici güclər, xüsusilə də Rusiya, “Ermənistanın boğazına keçirilmiş ilgək” kimi istifadə edirdilər, necə ki eyni zamanda, onu Azərbaycanın başı üzərinə çəkilmiş çəkic kimi saxlayırdılar.  Üçüncüsü isə, bu qarşıdurma məntiqinə və xarici asılılığa söykənən təfəkkürü yalnız insanları məzlumluq və qisasçılıq siyasətinin əsarətində saxlamaqda maraqlı olan korrupsiyalaşmış oliqarxik idarəçilik sistemi vasitəsilə davam etdirmək mümkün idi.

Bu köhnə rejimin hər üç dayağı hazırda dağılmaqdadır. Məğlubiyyətin acı təcrübəsindən dərs çıxaran Paşinyan indi erməni xalqına “Real Ermənistan” konsepsiyasını təklif edir. O, indi Ermənistanın dövlət quruluşunun təməli olaraq Hay Dat (Erməni Amalı) kimi millətçi-ekspansionist ideologiyaları rədd edir və erməni xalqını öz dövlətinin beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda “vətən axtarmağa son qoymağa” çağırır. Onun fikrincə, mifik ekspansionist “tarixi Ermənistan” konsepsiyasından xilas olmağın özü bir tarixi zərurətdir. O, müstəqillikdən bəri Ermənistan siyasətinə hakim olmuş irredentist Qarabağ hərəkatını “taleyüklü səhv” adlandırır. Paşinyan digər dövlətlərə qarşı ərazi iddialarının erməni xalqının öz dövlətinə bağlılıq hissinə dağıdıcı təsirini də bu sözlərlə etiraf edir: “Həmin ərazilər [yəni Qarabağ] nəinki bizə məxsus deyildi, onlardan həm də beynəlxalq səviyyədə tanınmış ərazilərimiz üzərində sahiblik və mənsubiyyət hissimizi zəiflətmək, zəiflətmək və yenə də zəiflətmək üçün istifadə etmişdilər.”

Paşinyan ermənilərə seçim etməyi təklif edir: Ermənistan xarici güclər üçün “forpost” olaraq qalmalıdır, yoxsa vətəndaşlarının rifahına xidmət edən dövlətə çevrilməlidir? O, 2024-cü ilin sentyabrında yazırdı: “Bu gün ölkəmizdə müzakirə olunan konseptual dilemma bundan ibarətdir: Ermənistan Respublikası nə üçündür? O, daha böyük bir dövlətin maraqlarına xidmət edən ‘forpost’ və ya dayaq məntəqəsidirmi (Tarixi Ermənistan konsepsiyası)? Yoxsa beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində vətəndaşlarının rifahını təmin edən mexanizmdirmi (Real Ermənistan konsepsiyası)?” Fransız-erməni alimi Qaydz Minasyan da bu fikirlə razılaşır: “Səmavi [yəni tarixi] Ermənistan erməni cildinə girmiş rus imperializmindən başqa bir şey deyildir və müstəqil erməni dövləti ideyasına qarşı çevrilmiş bir silahdır.”

Paşinyan erməniləri “keçmişi yenidən yaratmaq” cəhdlərindən əl çəkməyə, məzlumluq və qisasçılıq girdabından çıxmağa çağırır. O, ermənilərin kollektiv şüuruna dərindən hopmuş və millətçi ərazi iddialarına xidmət etmək üçün silaha çevrilmiş “məzlum millət” kimliyinə yenidən baxmağa çağırır. Belə ki, Paşinyan 2025-ci ilin oktyabrında parlamentdə çıxışı zamanı ermənilərlə azərbaycanlıların sovet dövründən miras qalmış, bir-birini güzgü kimi əks etdirən stereotiplərin tələsində olduqlarını qeyd etmişdir. “KQB agentlərinin bizim üçün formalaşdırdıqları dünyagörüşündən özümüzü azad etməliyik,” deyə o, erməniləri inandırmağa çalışır. 2026-cı ilin martında Paşinyana 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağdakı hərbi əməliyyatlarını etnik təmizləmə hesab edib-etmədiyi barədə sual verirlər. Paşinyan belə cavab verir: “Mən bu termini zərərli hesab edirəm, çünki biz bunu etnik təmizləmə adlandıra, cavabında isə onlardan [Azərbaycandan] etnik təmizləmə, soyqırımı və digər eyni məzmunlu ittihamlarla üzləşə bilərik. Bu isə, münaqişə yoluna qədəm qoymaq demək olardı… Biz ‘tarixi ədalətin’ ardınca nə qədər çox qaçsaq, bir o qədər yeni tarixi ədalətsizliklərlə qarşılaşacağıq”. 2026-cı ilin aprelində Paşinyan Papa Fransisklə bir qədər əvvəl apardığı söhbəti xatırlayır. Papa erməniləri “məzlum millət” adlandıranda Paşinyan ona belə cavab verir: “Xeyr, bu gün biz məzlum millət olmaq istəmirik. Biz yaşamaq və dövlət qurmaq istəyirik. Bizim məqsədimiz məzlumluğumuzu qələbəyə çevirməkdir. Çünki qələbə yalnız hərbi qələbə demək deyil. Qələbə o zaman qazanılır ki, öz torpağında azad, dinc və firavan yaşaya biləsən.”

Belə bir siyasi diskurs 2020-ci ildən əvvəlki Ermənistanda ağlasığmaz olardı. Paşinyanın ardıcıl mesajları göstərir ki, bu diskurs sadəcə nümayiş xarakteri daşımır və dövlətin inkişaf istiqamətini yenidən qurmaq üçün erməni kollektiv kimliyini kökündən dəyişdirmək məqsədi güdür.

“Real Ermənistan”: Paşinyanın dinc revanşı?

Yuxarıdakı müzakirədən göründüyü kimi, Paşinyan “Real Ermənistan” haqqında danışarkən, onu bir növ milli qurtuluş kimi səciyyələndirir. O, Bibliyadakı messianik təsvirləri xatırladan mübaliğəli bir dillə Ermənistan Respublikasını beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində “Tanrının erməni xalqına bəxş etdiyi ‘Vəd edilmiş diyar’” kimi təbliğ edir. Paşinyan erməniləri öz gələcəklərini beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənardakı ərazilərə göz dikmək üzərində deyil, vətəndaşlarına daha yaxşı xidmət göstərən, daha suveren, demokratik və firavan dövlət qurmaq üzərində qurmağa çağırır. Şivelbuşun məğlub tərəfin yeni məna axtarışını təsvir edən ifadəsindən istifadə etsək, Paşinyan Ermənistanın məğlubiyyət sayəsində qurtulduğu keçmişi “sanki sonradan iman gətirmiş bir insan vaxtilə günah içində yaşadığı həyatı yada salırmış” kimi, təsvir edir.

Paşinyanın mesajları erməni cəmiyyətində qulaqardına vurulmur. Erməni tarixçisi Mikayel Zolyan yazır: “Cəmiyyətdə getdikcə artan konsensus fikir budur ki, əvvəlki hökumətlərin yürütdüyü siyasət 2020–2023-cü illərin faciəsində əsas amil olmuşdur.” Paşinyanın fikirlərini davam etdirərək erməni müəlliflər, o cümlədən diaspor nümayəndələri “Tarixi Ermənistan” konsepsiyasını tənqid etməyə başlayıblar. Qaydz Minasyan açıq şəkildə Tarixi Ermənistan ideyasını milli “patologiya” və “qorxu sektası” adlandırır. O yazır: “Səmavi [yəni tarixi] Ermənistan didərginlik və məzlumluq hissinə söykənən dünyagörüşünü təbliğ etdiyi halda, suveren erməni dövləti vətəndaşlıq və siyasi hesabatlılıq prinsipləri üzərində qurulmalıdır.”

Vətəndaşa xidmətə əsaslanan yeni siyasi mədəniyyətin qurulması ideyası Ermənistanın strateji inkişaf istiqamətini anlamaq baxımından mühüm əhəmiyyət kəsb edir.

2025-ci ilin fevralında dərc olunmuş “Real Ermənistan” doktrinası fərdin rifahını və özünüreallaşdırmasını kollektiv rifahın və milli gücün təməli kimi qəbul edən yeni ictimai müqavilə modelini təklif edir. “İnsanın öz rifahını və xoşbəxtliyini qurması onun dövlətin rifah və xoşbəxtliyinin təmin edilməsinə verdiyi başlıca töhfədir,” deyə sənəd qətiyyətlə bəyan edir. Sənəddə daha sonra deyilir: “Fərd öz xoşbəxtliyi üçün şərait yaratmaqla digər insanların və bütövlükdə cəmiyyətin xoşbəxtliyi üçün də ictimai mühit formalaşdırır.” Sənəddə həmçinin “Varlan və varlandır” prinsipi irəli sürülür. Bu prinsipə əsasən, sərvət əldə etmək ictimai və fərdi rifah yaratmaq vasitəsi kimi anlaşılmalı və həm vətəndaşlar, həm də dövlət ədalətli və məhsuldar bir mühitdə bir-birini zənginləşdirməyə çalışmalıdırlar.

Beləliklə, “Real Ermənistan” fərd və dövlət arasında bir-birini gücləndirən elə bir münasibətlər sistemini nəzərdə tutur ki, bu sistemdə milli dirçəliş və dövlətin gücü vətəndaşların hüquqlarının, azadlıqlarının və şəxsi rifahının yüksəldilməsindən asılıdır.

Zənnimcə, Azərbaycanda bir çox müşahidəçinin nəzərdən qaçıra biləcəyi məqam məhz bu siyasi transformasiyanın uzunmüddətli iqtisadi və mədəni nəticələridir. Paşinyanın bir qədər provinsial xarakter daşıyan siyasi davranışları və hakim partiya ilə müxalifət arasında hərdən komik yumruq davasına qədər gedib çıxan kəskin qarşıdurma kənar müşahidəçinin diqqətini əsas məsələlərdən yayındıra bilər. Ancaq belə siyasi tamaşalar daha geniş mənzərəni aydın görməyimizə mane olmamalıdır. Geniş mənzərə isə ondan ibarətdir ki, Ermənistan güclü iqtisadi nəticələr göstərməkdə, beynəlxalq tərəfdaşlıqlarını sürətlə şaxələndirməkdə və texnoloji sahədə ciddi irəliləyişlər əldə etməkdədir. Sonuncu məqamla bağlı, Firebird AI kimi iri süni intellekt təşəbbüslərinin və ölkə daxilində yaranmış “yunikorn” (dəyəri milyard dolları aşmış) startapların meydana çıxmasını misal olaraq göstərmək olar. Bu məqamlar hazırkı essenin mövzusundan kənara çıxdığı üçün onlara yalnız ötəri toxunuram. Azərbaycanda bəzi müşahidəçilər Paşinyanın ritorikasını Ermənistan hərbi revanşa əl ata biləcəyi vaxta qədər vaxt udmağa hesablanmış taktiki gediş kimi qiymətləndirirlər. Bu ehtimalı tamamilə istisna etmək mümkün olmasa da, daha real görünən digər bir ehtimalın nəzərdən yayınmaması vacibdir. Revanş, həqiqətən də, Paşinyanın düşüncəsində yer ala bilər, lakin onun revanş konsepsiyası, çox güman ki, Azərbaycandakı skeptiklərin ehtiyat etdiyi konsepsiyadan fərqlidir. Uzunmüddətli müşahidələr nəticəsində belə qənaətə gəlmək olar ki, Paşinyan təhlükəsiz, demokratik və iqtisadi baxımdan firavan Ermənistan qurulmasını Azərbaycan üzərində simvolik qələbə, bir növ dinc revanş kimi görür. Ermənistan demokratik inkişaf, iqtisadi göstəricilər, mədəni və elmi nailiyyətlər, və ən əsası, vətəndaşlarının rifahı baxımından Azərbaycandan nə qədər çox fərqlənər və ya onu nə qədər çox üstələyərsə, Paşinyan və tərəfdarları “Real Ermənistan” doktrinasını bir o qədər özlərinin simvolik qələbə

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.