iqtisadiyyat

iqtisadiyyat

Azərbaycanın bank sektorunda təmərküzləşmə

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bank sektorunda rəqabətin arzuolunan səviyyədə olmaması göstərilən xidmətlərin keyfiyyətinə təsir edir. Uzun illərdir müstəqil ekspertlər rəqabətə əngəl törədən əsas amillərdən biri kimi bank sektorunda təmərküzləşmə səviyyəsinin yüksək olmasını göstərirlər. Bu yanaşma artıq rəsmi səviyyədə də öz təsdiqini tapır. Son illər bank sektorunda təmərküzləşmə və rəqabət mühiti ilə bağlı problemlər tənzimləyici qurumun rəhbərliyinin açıqlamalarında da dəfələrlə gündəmə gətirilib. Bu isə təmərküzləşmənin bank sektorunun inkişafı baxımından rəsmi səviyyədə də diqqət tələb edən məsələ olduğunu göstərir.

Mərkəzi Bankın sədri Taleh Kazımov 2026-cı ilin iyulunda mətbuata verdiyi müsahibədə bu məsələyə növbəti dəfə toxunub. Sektorda rəqabətin artırılmasının vacibliyini vurğulayan sədr bank sektorunda əsas çağırışlardan birinin məhz təmərküzləşmə olduğunu bildirib. Onun sözlərinə görə, bazarda dominant mövqeyə malik bankların faiz dərəcələrində etdiyi dəyişikliklər bütövlükdə sektora təsir göstərir.

Rəqabətin gücləndirilməsi Mərkəzi Bankın strateji sənədində də qarşıya qoyulan hədəflərdən biridir. 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişaf Strategiyasında bank sektorunda korporativ idarəetmənin, şəffaflığın və rəqabətliliyin gücləndirilməsi nəzərdə tutulur. Sənəddə bank bazarının genişləndirilməsi və bank olmayan kredit təşkilatlarının inkişafı da prioritetlər sırasında yer alır. Lakin rəqabətliliyin strateji hədəf kimi müəyyən edilməsi onun bazarda nə dərəcədə təmin olunduğu sualına cavab vermir. Bunun üçün bank sektorunda təmərküzləşmənin real dinamikasına baxmaq lazımdır.

Bu suala cavab vermək üçün ilk növbədə bank sektorunda aktivlər, kreditlər və depozitlər üzrə təmərküzləşmə səviyyəsini nəzərdən keçirək.

Bank sektorunda təmərküzləşmənin ölçülməsi: HHI indeksi

Bank bazarında təmərküzləşmənin qiymətləndirilməsi üçün istifadə olunan əsas göstəricilərdən biri Herfindal–Hirşman indeksidir (HHI). ABŞ Ədliyyə Departamentinin izahına əsasən, indeks bazarda fəaliyyət göstərən bütün iştirakçıların bazar paylarının kvadratlarının cəmi kimi hesablanır. Bu metod yalnız ən iri bankların paylarını deyil, bazar paylarının bütün iştirakçılar arasında necə bölüşdürüldüyünü də nəzərə alır. HHI 0–10 000 intervalında dəyişir; göstərici yüksəldikcə bazarda təmərküzləşmə də artır.

Azərbaycanda müvafiq bazarlarda təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi üçün 2026-cı il 3 avqust tarixli, 258 nömrəli Nazirlər Kabineti qərarı ilə “Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi Qaydası” təsdiq edilib. Qaydaya əsasən, HHI göstəricisinin 1500-dənaşağı olması aşağı, 1500–2500 aralığında olması orta, 2500-dən yuxarı olması isə yüksək təmərküzləşmə səviyyəsini ifadə edir. Göstəricinin 1500-dən aşağı olması rəqabətli bazar strukturunun əlaməti kimi qəbul edilir.

Azərbaycan Mərkəzi Bankının Maliyyə Sabitliyi Hesabatlarında dərc olunan məlumatlar bank sektorunda aktivlər, kreditlər və depozitlər üzrə HHI göstəricilərinin son beş ildə fərqli istiqamətlərdə dəyişdiyini göstərir.

Bu indeksə görə, 2021–2025-ci illərdə Azərbaycan bank sektorunda təmərküzləşmənin dinamikası müxtəlif bazar seqmentləri üzrə fərqli istiqamətlər nümayiş etdirib. Mərkəzi Bankın statistik məlumatlarının analizi göstərir ki, bank sektoru aktivlər və depozitlər üzrə orta, kreditlər üzrə aşağı təmərküzləşmə səviyyəsinə malikdir. İndeksə əsasən, 2021–2025-ci illərdə aktivlər üzrə HHI 1567-dən 1360-a, depozitlər üzrə 1741-dən 1506-ya enib. Kredit portfeli üzrə isə əksinə, göstərici 1017-dən 1180-ə yüksəlib. Beləliklə, son beş ilin sonunda aktivlər və depozitlər bazarında təmərküzləşmənin müəyyən qədər azalması müşahidə olunsa da, kredit bazarında əks istiqamətdə dəyişiklik baş verib.

Cədvəl 1. Bank sektoru üzrə HHI indeksinin dinamikası, 2021–2025

İlAktivlər üzrəKreditlər üzrəDepozitlər üzrə
2021156710171741
202215849821819
2023150411461589
2024147412071653
2025136011801506

Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı, Maliyyə Sabitliyi Hesabatları

Mərkəzi Bankın məlumatlarına əsasən, 2021–2025-ci illərdə aktivlər üzrə HHI 1567-dən 1360-a düşüb. İndeksin təsnifatına görə, bank sektoru aktivlər üzrə 2021–2023-cü illərdə orta, 2024–2025-ci illərdə isə aşağı təmərküzləşmə səviyyəsində olub.

Depozitlər üzrə HHI bütün dövr ərzində üç əsas göstərici arasında ən yüksək olub. Göstərici 2022-ci ildə 1819-a yüksəlib, 2023-cü ildə kəskin azalaraq 1589-a düşüb, 2024-cü ildə yenidən 1653-ə qalxıb və 2025-ci ildə 1506-ya enib. Beləliklə, depozitlər üzrə təmərküzləşmə azalsa da, HHI 2025-ci ilin sonunda orta təmərküzləşmə intervalında qalıb.

Kredit portfeli üzrə dinamika fərqli olub. HHI 2022-ci ildə 982-yə düşdükdən sonra yüksələrək 2024-cü ildə 1207-yə çatıb, 2025-ci ildə isə 1180-ə enib. Göstərici bütün dövr ərzində aşağı təmərküzləşmə intervalında qalsa da, 2021–2025-ci illərdə ümumilikdə 163 bənd artıb. Bu isə kredit bazarında təmərküzləşmənin beşillik dövr ərzində azalmadığını, əksinə, müəyyən qədər gücləndiyini göstərir.

Ümumilikdə, 2021–2025-ci illərdə aktivlər və depozitlər üzrə HHI göstəricilərinin azalması, kredit portfeli üzrə isə artması bank sektorunda təmərküzləşmənin bütün istiqamətlər üzrə eyni qaydada dəyişmədiyini göstərir. Xüsusilə depozit bazarında HHI-nin üç göstərici arasında ən yüksək səviyyədə qalması diqqət çəkir. Kredit bazarında indeksin beş il ərzində yüksəlməsi də təmərküzləşmənin azaldığına dair ümumiləşdirilmiş qənaətə gəlməyə imkan vermir.

Mərkəzi Bank bank sektorunda çoxsaylı kiçik və orta həcmli bankların mövcudluğunu təmərküzləşmənin aşağı və orta səviyyədə olmasını izah edən amillərdən biri kimi göstərir. Lakin bankların sayının çoxluğu bazar paylarının onlar arasında bərabər bölüşdürüldüyü və rəqabətin yetərli səviyyədə olduğu anlamına gəlmir. Çünki hesablamamız göstərir ki, bank sektorunda çoxsaylı iştirakçıların mövcudluğuna baxmayaraq, aktivlərin, depozitlərin və kredit portfelinin əhəmiyyətli hissəsi beş ən iri bankın payına düşür. Bununla belə, HHI bazar paylarının bölgüsünü ölçür və təkbaşına rəqabətin effektivliyini, bank xidmətlərinin keyfiyyətini, faiz dərəcələrinin formalaşmasını və müştərilərin seçim imkanlarını tam qiymətləndirməyə imkan vermir. Buna görə də HHI-də müşahidə olunan dəyişiklikləri rəqabət mühitinin yaxşılaşması ilə eyniləşdirmək düzgün olmaz. Bazarın ən iri iştirakçılar arasında necə bölüşdürüldüyünü daha aydın görmək üçün təhlili ən böyük beş bankın ümumi bazardakı payını ölçən CR5 göstəricisi ilə davam edək.

2. CR5 göstəricisinin təhlili

CR5 (Concentration Ratio of the Five Largest Banks) göstəricisi üzrə hesablamalar göstərir ki, Azərbaycan bank sektorunda ən iri beş bankın bazar payı hər üç əsas istiqamət üzrə yüksəkdir. 2021-ci illə müqayisədə 2025-ci ildə aktivlər üzrə CR5 73,3%-dən 70,5%-ə, depozitlər üzrə 77,3%-dən 73,8%-ə enib, kredit portfeli üzrə isə 62,7%-dən 64,6%-ə yüksəlib. Başqa sözlə, 2025-ci ilin sonunda bank sektorunun aktivlərinin və depozitlərinin təxminən dörddə üçü, kredit portfelinin isə təxminən üçdə ikisi beş ən iri bankın payına düşüb. Bu rəqəmlər bazar paylarının iri banklar arasında əhəmiyyətli dərəcədə cəmləşdiyini, xüsusilə depozit bazarında onların üstün mövqeyə malik olduğunu göstərir (Qrafik 1).

Mənbə: Azərbaycan Banklar Assosiasiyasının banklar üzrə məlumatları əsasında hazırlanıb.

Son illərdə aktivlər və depozitlər üzrə təmərküzləşmənin müəyyən qədər azalması müsbət dəyişiklik kimi qiymətləndirilə bilər. Lakin bu azalma bazarda rəqabətin əhəmiyyətli dərəcədə gücləndiyini söyləmək üçün kifayət deyil. Çünki 2025-ci ilin sonunda da hər üç göstərici üzrə bazarın böyük hissəsi ən iri beş bankın payına düşüb. Kredit bazarında isə vəziyyət daha fərqlidir: CR5 2021–2025-ci illər ərzində ümumilikdə artıb. Bu da təmərküzləşmənin zəifləməsinin bank sektorunun bütün istiqamətlərini əhatə etmədiyini göstərir.

2026-cı ilin birinci yarısının nəticələri də diqqətəlayiqdir. Aktivlər, depozitlər və kreditlər üzrə CR5 göstəricilərinin hər üçündə artım qeydə alınıb. Bu dəyişiklik hələ uzunmüddətli tendensiyanın dəyişdiyini söyləməyə əsas verməsə də, əvvəlki illərdə müşahidə olunan azalmanın davamlılığı ilə bağlı suallar yaradır.

Diqqət çəkən digər məqam eyni iri bankların bir neçə bazar seqmentində üstün mövqeyə malik olmasıdır. Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, PAŞA Bank və Xalq Bank həm aktivlər, həm kreditlər, həm də depozitlər üzrə ən iri beş bank arasında yer alır. Aktivlər və kreditlər üzrə ölkənin 5-ci ən böyük bankı olan Bank Respublikanı depozit bazarında Azər Türk Bank əvəzləyir. Bu mənzərə bank sektorunda rəqabətin gücləndirilməsi məsələsinin yalnız bazar iştirakçılarının sayından deyil, mövcud iştirakçılar arasında bazar paylarının necə bölüşdürülməsindən də asılı olduğunu göstərir.

Təbii ki, yüksək CR5 göstəricisi özlüyündə rəqabətin olmadığını sübut etmir. Lakin bazarın böyük hissəsinin azsaylı bankların əlində cəmləşməsi, xüsusilə də iri bankların faiz siyasətinin bütövlükdə sektora təsir göstərməsi barədə tənzimləyici qurum rəhbərliyinin açıqlamaları fonunda rəqabət mühitinin nə dərəcədə effektiv olduğu sualını aktuallaşdırır.

Kredit bazarında təmərküzləşmə

2026-cı ilin birinci yarısına dair hesablamalar göstərir ki, Azərbaycan bank sektorunda təmərküzləşmə kreditlərin növündən asılı olaraq fərqlənir. Ən iri beş bankın bazar paylarını əks etdirən CR5 göstəricisi istehlak kreditləri üzrə 74,2%, daşınmaz əmlak kreditləri üzrə 71,1%, biznes kreditləri üzrə isə 65,2% təşkil edir. Beləliklə, üç seqment arasında ən yüksək təmərküzləşmə istehlak kreditləri bazarında, ən aşağı göstərici isə biznes kreditləri bazarında qeydə alınır. Bununla belə, biznes kreditləri bazarında da portfelin təxminən üçdə ikisinin beş bankın payına düşməsi bazar paylarının geniş şəkildə bölüşdürülmədiyini göstərir.

İstehlak kreditləri bazarında təmərküzləşmə xüsusilə yüksəkdir. Kapital Bankın bu bazardakı payı 33,5%, ABB-nin payı isə 21,8% təşkil edir. Beləliklə, iki bank birlikdə istehlak kreditlərinin 55,3%-nə sahibdir. Bu, bazarda liderliyin yalnız ilk beş bankın ümumi payı ilə deyil, xüsusilə ilk iki bankın mövqeyi ilə də müəyyən olunduğunu göstərir. İstehlak kreditləri bazarında rəqabətin qiymətləndirilməsi baxımından əsas suallardan biri bu qədər böyük paya malik bankların kredit şərtləri, faiz dərəcələri və müştərilərə təklif etdikləri alternativlər üzrə necə rəqabət aparmasıdır.

Biznes kreditləri bazarında CR5 göstəricisinin nisbətən aşağı olması bazar paylarının daha geniş bölüşdürüldüyünə işarə edir. Bununla belə, ABB-nin 21,3%, PAŞA Bankın 19,3% və Kapital Bankın 11,9% paya malik olması ilk üç bankın birlikdə biznes kreditləri portfelinin 52,5%-ni təşkil etdiyini göstərir. Deməli, bu seqmentdə də bazarın yarıdan çoxu üç bankın əlində cəmləşib. İstehlak kreditləri ilə müqayisədə burada lider bankın üstünlüyü daha az olsa da, bir neçə iri bankın bazardakı çəkisi əhəmiyyətli olaraq qalır.

Daşınmaz əmlak kreditləri bazarında isə ABB-nin mövqeyi xüsusilə diqqət çəkir. Bank bu seqmentin 37,6%-nə sahibdir. Kapital Bankın 12,4%-lik payı ilə birlikdə ilk iki bank bazarın təxminən yarısını, ilk üç bank isə 61,2%-ni təşkil edir. Beləliklə, bu bazarda yüksək CR5 göstəricisi ilə yanaşı, lider bankın digər iştirakçılardan nəzərəçarpacaq dərəcədə öndə olması da seçilir. Bu struktur daşınmaz əmlak kreditləri bazarındakı rəqabətin təhlilində ümumi təmərküzləşmə ilə yanaşı, ayrı-ayrı bankların nisbi üstünlüyünə də diqqət yetirməyi tələb edir.

Üç seqmentin müqayisəsi göstərir ki, yüksək təmərküzləşmə müxtəlif formalarda təzahür edir. İstehlak kreditlərində Kapital Bank və ABB-nin birgə üstünlüyü, biznes kreditlərində ABB və PAŞA Bankın güclü mövqeyi, daşınmaz əmlak kreditlərində isə ABB-nin liderliyi diqqət çəkir. Buna görə bank sektorunda rəqabət mühitini yalnız kredit portfelinin ümumi göstəriciləri əsasında qiymətləndirmək kifayət deyil. Ayrı-ayrı kredit seqmentlərində lider bankların mövqeyi və bazar paylarının ilk iştirakçılar arasında bölüşdürülməsi də nəzərə alınmalıdır.

Üç bank və ortaq nəzarət əlaqələri

Bank sektorunda təmərküzləşmənin qiymətləndirilməsi zamanı ayrı-ayrı bankların bazar payları ilə yanaşı, onların sahiblik və nəzarət əlaqələrini də nəzərə almaq vacibdir. Kapital Bank, PAŞA Bank və Xalq Bankın maliyyə hesabatlarında son mülkiyyətçi və nəzarətçi qismində göstərilən şəxslər Azərbaycan prezidentinin ailə üzvləridir. Bu isə bankların bazardakı mövqeyini yalnız ayrı-ayrı hüquqi şəxslər kimi deyil, sahiblik və nəzarət əlaqələri kontekstində də araşdırmağı zəruri edir.

2026-cı ilin birinci yarısına dair hesablamalara əsasən, bu üç bankın birgə payı Azərbaycanın bank sektorunun aktivlərinin 42,1%-ni, depozitlərinin 47,5%-ni, kredit portfelinin isə 35,7%-ni təşkil edib. Başqa sözlə, sektor üzrə depozitlərin təxminən yarısı, aktivlərin isə 40%-dən çoxu bu üç bankın payına düşüb. Xüsusilə depozit bazarında belə yüksək payın mövcudluğu diqqətəlayiqdir. Bu mənzərə göstərir ki, bank sektorunda rəqabət mühitini qiymətləndirərkən yalnız ayrı-ayrı bankların bazar paylarına baxmaq kifayət deyil; onların arxasında dayanan sahiblik və nəzarət strukturunu da nəzərə almaq lazımdır.

Təmərküzləşməyə təsir göstərəcək qərarlar

Bank Respublika ilə AccessBank arasında razılaşdırılmış sövdələşmə bank sektorunda təmərküzləşməyə təsir göstərə biləcək mühüm hadisədir. 2026-cı ilin sentyabrında açıqlanan razılaşmaya əsasən, birləşmiş bankın aktivlərinin 4,5 milyard manata, kredit portfelinin isə 3,3 milyard manata çatacağı bildirilir.

2026-cı ilin birinci yarısının məlumatları əsasında aparılan ssenari hesablamaları göstərir ki, sövdələşmə nəticəsində aktivlər üzrə CR5 71,7%-dən 74,6%-ə, kredit portfeli üzrə isə təxminən 65%-dən 70%-ə yüksələ bilər. Depozitlər üzrə CR5-in də 74,5%-dən təxminən 76,3%-ə yüksələcəyi gözlənilir.

Beləliklə, aktivlərinin həcminə görə ölkənin beşinci ən böyük bankı olan Bank Respublikanın səkkizinci yerdə qərarlaşan AccessBankı alması nəticəsində ilk beş bankın bazardakı birgə payı daha da arta bilər. Bu isə bank sektorunda təmərküzləşmənin azalması deyil, əksinə, güclənməsi istiqamətində əlavə risk yaradır.

Bank sektorunda təmərküzləşməyə təsir göstərə biləcək digər hadisə Bank BTB-nin yenidən təşkili olub. 2026-cı ilin iyulunda bankın lisenziyası ləğv edilib, aktivləri, depozitləri və kredit portfeli isə sektorun ən böyük bankı olan ABB-yə ötürülüb. Mərkəzi Bankın məlumatına görə, BTB bank sektorunun aktivlərinin 0,6%-nə, kredit portfelinin isə 0,9%-nə malik olub. Beləliklə, bazarda müstəqil bank iştirakçılarından biri fəaliyyətini dayandırıb, onun maliyyə portfeli isə artıq böyük bazar payına malik bankın balansına keçib. Bu dəyişiklik təkbaşına təmərküzləşmədə kəskin artım demək olmasa da, xüsusilə kredit bazarında bazar paylarının iri bankların xeyrinə yenidən bölüşdürülməsi istiqamətində təsir göstərə bilər.

Beynəlxalq müqayisə

Avropa Mərkəzi Bankının məlumatlarına əsasən, 2025-ci ilin sonunda Aİ-də bank aktivləri üzrə CR5 orta hesabla 69,33% olub. Ölkələr üzrə göstəricilər 34,37–95,2% arasında dəyişib. Bu geniş diapazon vahid bank bazarı modelinin olmadığını və hətta Avropa daxilində də bank sektorlarının strukturunun ciddi fərqləndiyini göstərir. Məsələn, Lüksemburq (34,3%), Avstriya (37,1%), Almaniya (35,3%), Fransa (48,7%) kimi ölkələrdə CR5 göstəricisi aşağı olduğu halda Belçika (74,3%), Bolqarıstan (76,7%), Xorvatiya (84,5%), Estoniya (89%), Finlandiya (84%) kimi ölkələrdə yüksəkdir. Yunanıstanda hətta təmərküzləşmə səviyyəsi 95%-ə çatır. Ötən il bank aktivləri üzrə CR5 göstəricisi qonşu Gürcüstanda 90,8%, Türkiyədə 62,5%, Ermənistanda 62% təşkil edib. 

Nəticə

Təhlilin nəticələri göstərir ki, Azərbaycanda bank sektorunda təmərküzləşmə problemi hələ də aktualdır. 2021–2025-ci illərdə aktivlər və depozitlər üzrə müəyyən azalma qeydə alınsa da, kredit portfeli üzrə təmərküzləşmə artıb. Bank sektorunda aktivlərin və depozitlərin təxminən dörddə üçü, kredit portfelinin isə təxminən üçdə ikisi ən iri beş bankın payına düşür. Deməli, bəzi göstəricilərdə müşahidə olunan azalma bazarın azsaylı iri bankların hökmran mövqeyindən çıxara bilməyib.

Daha ciddi narahatlıq doğuran məqam isə təmərküzləşmənin gələcəkdə daha da arta bilməsidir. Bank BTB-nin aktiv və kredit portfelinin ABB-yə ötürülməsi artıq baş vermiş struktur dəyişikliyidir. Bank Respublika ilə AccessBank arasında razılaşdırılmış sövdələşmə isə yekunlaşacağı təqdirdə, xüsusilə aktivlər və kredit portfeli üzrə bazar paylarının iri banklarda daha da cəmləşməsinə səbəb ola bilər. Bununla yanaşı, Kapital Bank, PAŞA Bank və Xalq Bankın eyni son nəzarətçilərlə əlaqəli olması bazardakı güc bölgüsünə yalnız bankların ayrı-ayrı payları prizmasından baxmağın kifayət etmədiyini göstərir.

Beləliklə, bank sektorunda bəzi təmərküzləşmə göstəricilərinin azalması rəqabət probleminin həll olunduğu anlamına gəlmir. Bankların sayının çox olması hələ rəqabətin güclü olması demək deyil. Əsas məsələ bazarda neçə bankın fəaliyyət göstərməsi yox, iqtisadi gücün kimlərin əlində cəmləşməsi və bunun müştərilərin seçim imkanlarına, kredit və depozit şərtlərinə necə təsir etməsidir. Mərkəzi Bank rəqabətin gücləndirilməsini strateji hədəf kimi müəyyən edibsə, bu hədəfin nəticələri bazarda da görünməlidir. Əks halda, rəqabət haqqında rəsmi bəyanatlara baxmayaraq, bank sektorunda azsaylı iri iştirakçıların üstün mövqeyi qorunacaq, bəzi hallarda isə daha da möhkəmlənəcək.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.