Cəmiyyət

Cəmiyyət

Şəhərlilər və gəlmələr: İkinci Dünya müharibəsindən sonra Azərbaycan əyalətlərindən şəhərlərə miqrasiya

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycanda sosial şəbəkələrdə zaman-zaman şəhərlilərlə gəlmələr, yaxud da şəhərlilərlə kəndlilər arasında münasibətlərin müzakirəsi gedir və bu müzakirələr çox zaman aqressiv mübahisələrlə nəticələnir. Bu müzakirələr diqqəti istər-istəməz Azərbaycan kəndlərindən şəhərlərə olan axının səbəblərinə yönəldir. Bu axının əsas səbəblərindən biri əyalətlərdə kütləvi işsizlikdir. İnsanlar Bakıda və ölkənin digər şəhərlərində işçi bazarının daha geniş, işçi qüvvəsinə tələbatın daha yüksək olduğunu düşünərək şəhərlərə üz tuturlar. Bu şəhərlər içərisində Bakının çəkisinin yüksək olması təkcə sosial amillərlə deyil, eyni zamanda paytaxtı gənc nəsil üçün cazibədar edən səbəblərlə də bağlıdır.

Həqiqətən də, şəhər həyatı kənd həyatı ilə müqayisədə daha rahat və komfortludur. Lakin bu komfortu yaradanlar şəhərlərin sakinləri deyil, hakimiyyətdir. İnkişaf etmiş dövlətlərdə şəhər və əyalətlərin infrastrukturu arasında ciddi fərq müşahidə olunmur, dövlətlər sosial ehtiyacların ödənilməsi üçün vacib olan infrastrukturu həm şəhərlərdə, həm də kəndlərdə yaradılmasını təmin edir, şəhər və kəndlərin yaşam tərzini bir-birinə yaxınlaşdırırlar. Lakin belə bir tendensiya nə Rusiya imperiyası, nə də sovet dövrü Azərbaycanında mövcud olub.

Keçən əsrin 70-ci illərinə qədər Bakı əhalisinin əsas hissəsini azərbaycanlılar deyil (46.3%), başqa millətlərin nümayəndələri (53.7%) təşkil edib.[1] Azərbaycanlıların əyalətlərdən Bakıya axını isə İkinci Dünya müharibəsindən bir qədər sonra, 1950-ci illərin əvvəllərində başlayıb. Bunun əsas səbəbi müharibədən sonra təşkil edilən geniş miqyaslı tikinti-quruculuq işləri ilə bağlı ucuz işçi qüvvəsinə olan ehtiyac idi. Mən bu yazıda 1950-ci illərdən başlayaraq bölgələrdən şəhərlərə axını sürətləndirən amilləri və şəhər əhalisi ilə gəlmələr arasında yaranan gərginliyin səbəblərini təhlil edəcəyəm. Bunun üçün ilk növbədə keçən əsrin ortalarında Azərbaycan kəndinin sosial vəziyyətinə nəzər salacaq, sonra isə İkinci Dünya müharibəsindən sonra əyalətlərdən Bakıya köçmüş insanlarla apardığım müsahibələrin nəticələrini təqdim edəcəyəm. Bu təhlil 1950-ci illərdən başlayaraq şəhərlərə köçən əyalət sakinlərinin öz evlərini hansı səbəbdən tərk etdiklərini müəyyənləşdirməyə, eyni zamanda dövrümüzdə gündəmə gətirilən yerlilərlə gəlmələr, şəhərlilərlə kəndlilər arasındakı münasibətlərin bir qisminə cavab tapmağa imkan verəcək. Şəhərlilər dedikdə mən keçən əsrin əvvəllərində müxtəlif səbəblərdən imperiya ərazisindən Bakıya, sovet hakimiyyəti qurulduqdan sonra isə Azərbaycan SSR-nin əyalətlərindən şəhərlərə köçmüş azərbaycanlıları nəzərdə tuturam. Şəhərlikəndli sözlərinin kursivdə verilməsini bu sosial statusun dəyişkən olması ilə izah edirəm. İnsanların ən qədim məşğuliyyət növlərindən biri kənd təsərrüfatı olduğu üçün hamının mənşəyi kəndə bağlıdır. Müəyyən səbəblərdən bir qrup insan sonradan şəhər həyatı ilə assosiasiya edilən təsərrüfatlarda (ticarət, elm, sənət, sənaye) məşğul olaraq kəndli statusunu itirib şəhərli statusuna keçib.

Bu məqalədə Bakı şəhəri dedikdə, Sovet dövründə rəsmi sənədlərdə və statistik materiallarda qeyd edilən ərazi, yəni Bakı Şəhər Sovetinə tabe olan şəhər tipli qəsəbələrin daxil olmadığı inzibati ərazi nəzərdə tutulur. 1958-1965-ci illər arasında Bakı şəhəri inzibati cəhətdən 13 rayonu əhatə edirdi, 1965-ci ildə bu rayonların bəzilərinin ərazisi birləşdirildi və ərazi 11 rayondan ibarət oldu. Məqalədə azərbaycanlı dedikdə, sovet sənədlərində və statistik mənbələrdə işlədilən azərbaycanlı termini nəzərdə tutulur. Bu termin Azərbaycan ərazisində yaşayan və ana dilini Azərbaycan dili hesab edən əhaliyə şamil edilib.  1959-cu ildə bu termin həm də asimilə olunmuş tatlar, talışlar və kürdləri də əhatə edirdi. Nəzərə almaq lazımdır ki, 1959-cu il siyahıya alınmasında asimilə olunmamış kürdlər və talışlar ayrıca qeyd olunub. 1970 və 1979-cu illərin statistik materiallarında isə artıq tatlar və talışlar etnik qrup kimi qeyd olunmayıb, asimilə olunmamış kürdlərin sayı isə kifayət qədər azalıb. Beləliklə, bu məqalədə azərbaycanlı dedikdə, Azərbaycan dilini ana dili hesab edən türkdilli azərbaycanlılar, asimilə olunmuş tatlar, kürdlər, talışlar nəzərdə tutulur. 

20-ci əsr Azərbaycan kəndinə qısa tarixi baxış

Azərbaycan ictimaiyyətində ölkənin coğrafi mövqeyinin, təbii və iqlim şəraitinin aqrar sahənin inkişafı üçün əlverişli olması haqqında  yanlış bir fikir mövcuddur. Azərbaycan tarixən aqrar sahənin inkişafı üçün əlverişli olmayan bölgələrdən hesab edilib.[2] Dağlıq bölgələrdə yaşayan əhali əsasən maldarlıqla, aran bölgələrdə yaşayanlar isə müxtəlif məhsulların əkini ilə məşğul olub. Lakin əhali özünü aqrar məhsullar ilə tam təmin edə bilmədiyi üçün bu məhsulların bir hissəsi hər zaman idxal olunub. Bu faktları əsas götürərək ehtimal etmək olardı ki, sovet hakimiyyətinin aqrar islahatları Azərbaycanda əmək məhsuldarlığının aşağı düşməsi və kütləvi işsizliyə səbəb olacaqdı və bu ehtimal özünün doğrultdu.

Sovet hakimiyyəti kəndlilərə torpaq və azadlıq vəd etsə də, kəndlilər sovet hakimiyyətinin qurulması ilə imperiya dövründə qismən də olsa, təmin olunduqları torpaq və azadlıqdan məhrum edildilər. Sovet hakimiyyətinin ilk illərində aqressiv aqrar siyasət kəndlilərə verilən torpaqların kolxoz yaratmaq adı ilə müsadirəsi, kəndlilərin şəxsiyyəti təsdiq edən sənəddən məhrum olunması və faktiki olaraq təhkimli vəziyyətinə salınması ilə nəticələndi. Kolxoz sədrlərinin özbaşınalığı, ortabab kəndlilərin qolçomaq adı ilə məhv edilməsi (əmlaklarının müsadirəsi, özlərinin isə sürgün olunması), kəndlilərin şəxsi həyatına yersiz müdaxilələr, dindar əyalətlərdə dinə qarşı mübarizə 1930-cu illərdə hakimiyyətlə kəndlilərin münasibətini tamamilə korladı. Əyalətlərdə sovet hakimiyyətinə qarşı müqavimət bəzən bir kəndin əhalisinə divan tutulması ilə nəticələnirdi. 1936-1939-cu illərin repressiyaları dövründə əyalətlərdə saxta ittihamlarla həbs olunan insanların kütləvi güllələnməsi, uzun müddətə həbsə göndərilməsi geniş tətbiq olunurdu. 1937-ci il dekabrın 31-də İsmayıllıda Xalq Daxili İşlər Komissarlığının üçlüyü tərəfindən 63 nəfər “əksinqilabi üsyançı təşkilat”ın üzvü kimi həbs olunaraq güllələnmişdi. Belə səyyar məhkəmələr, demək olar ki, Azərbaycanın bütün əyalətlərində təşkil olunurdu.[3]

İkinci Dünya müharibəsinin gətirdiyi fəlakətlər, əsas işçi qüvvəsi olan kişilərin hərbi səfərbərliyi, işçi heyvanların dövlətin xeyrinə müsadirəsi və aclıq kənddə müxtəlif sosial təbəqələri, dövlət qulluqçularını, partiya işçilərini və sadə kəndliləri qısa müddətə olsa da, bir-birinə yaxınlaşdırdı. Mövcud problemlərlə mübarizə aparmaq üçün gücləri birləşdirmək lazım idi və kəndlilər hakimiyyətlə münaqişəyə deyil, əməkdaşlığa üstünlük verdilər. Təəssüf ki, müharibə bitdikdən sonra sovet hakimiyyətinin aqrar siyasəti yenə də kəndlilərin maraqları ilə üst-üstə düşmədi. Sovet hakimiyyətinin mövcud olduğu ilk 30 ildə Azərbaycan əyalətində müsbət dəyişikliklər baş vermədi, əksinə hakimiyyət əyalətlərdə mövcud olan ənənəvi sosial münasibətlərə ciddi zərbə vurdu. Bu proseslərdə 1930-cu illərin kütləvi repressiyaları, İkinci Dünya müharibəsinin gətirdiyi faciələr də müəyyən rol oynadı.

İkinci Dünya müharibəsi dövründə Azərbaycan hərb meydanına çevrilməsə də, müharibədə 58.000 azərbaycanlı həyatını itirmiş[4] (İkinci dünya müharibəsinin ilk ilində SSRİ ordu sıralarında 39.319, son ilində isə 56.989 azərbaycanlı olub[5]), 20.850 nəfər isə əsir götürülmüşdü.[6] Ərlərini itirmiş qadınların övladlarının taleyi çox zaman acınacaqlı olurdu, bu uşaqlar anaları yenidən ailə qurduğu halda baba-nənələrinin və yaxud yaxın qohumlarının himayəsində qalır və ya uşaq evlərinə göndərilirdilər. Çox zaman baba-nənələrin himayəsində qalan uşaqlar da sonradan uşaq evlərinə göndərilirdi. Aclıq yaxın qohumlara bu uşaqları böyütmək imkanı vermirdi və onlar da həmin uşaqlardan dövlətin xeyrinə imtina edirdilər. Bəzən uşaqlar yaxın qohumlarının zorakılıqlarına dözməyərək evdən qaçır və küçələrdən tutularaq uşaq evlərinə göndərilirdilər. Uşaq evlərində isə aclıq, antisanitariya, fiziki və cinsi zorakılıq, özbaşınalıq geniş yayılmışdı.[7] Təsadüfü deyil ki, yetkinlik yaşına çatan kimi bu uşaqlar doğma evlərinə, kəndlərə deyil, şəhərlərə üz tuturdular.

Azərbaycan əyalətlərinin infrastrukturunda qeyd edilən dövrdə ciddi dəyişikliklər baş verməmişdi. 1950-ci illərin sonlarında Azərbaycan əyaləti yağış və qar yağanda yolları keçilməz olan, işıq, qaz, su ilə təmin edilməmiş, daxmaya bənzər evlərdən ibarət kəndlər idi. Bu kəndlərin əhalisini məktəblərə cəlb etmək siyasəti də uğurlu olmamışdı. 1950-ci illərin sonlarında əyalət əhalisinin yalnız 40%-nin tam orta təhsili var idi, İkinci Dünya müharibəsi ərəfəsində doğulmuş uşaqların isə yarısı ümumiyyətlə ibtidai təhsilə malik deyildi.[8] Əməyin mexanikləşdirilməsi olduqca zəif idi, kəndlilər təsərrüfatda əl əməyindən və primitiv alətlərdən istifadə edirdilər. Sovet dövləti müasir aqrar texnologiyalar istehsal etsə də, kolxozların yalnız bir qismini onlarla təmin etmək mümkün olmuşdu. 1960-cı illərin sonlarında çıxışlarının birində o zaman Azərbaycan Kommunist Partiyası (AKP) Mərkəzi Komitəsinin (MK) birinci katibi olan Vəli Axundov respublikanın pambıq tarlalarında əməyin yalnız 20%-nin mexanikləşdirildiyini etiraf etmişdi.[9]

1959-cu ilin statistik məlumatlarına görə, əyalətlərdə yaşayan bütün əhalinin yalnız 36.3% aqrar sahədə çalışırdı və bu əhalinin cəmi 19%-nin şəxsi təsərrüfatı var idi. Sovet hakimiyyəti kəndlinin sosial həyatı ilə bağlı bütün qərarlara özünü məsul etmişdi, kəndlinin nə əkəcəyini, nə qədər əkəcəyini, əkdiyi məhsulu hansı qiymətə satacağını, hansı alət və texnikanın hansı kolxoza veriləcəyini mərkəzdən gələn qərarlar əsasında yerli hakimiyyət orqanları müəyyənləşdirirdi.[10]

İşsizlik sovet kəndinin ən böyük problemi idi. Mövsümü işlərlə məşğul olan kəndli ilin çox hissəsini işsiz qalır və əmək günü almırdı. Pambıq yetişdirilən bölgələr üçün ildə 120 əmək günü müəyyənləşdirilmişdi, ilin 245 günü kəndli faktiki işsiz idi. 400 əhalisi olan bir kənddə əhalinin yalnız 130 nəfəri (30%) daimi tam iş yeri ilə təmin olunmuşdu. Əmək günü isə maaşla deyil, məhsulla ödənilirdi. 1950-ci illərdə Azərbaycan kolxozçusunun orta əmək günü 1 kiloqram taxıla bərabər idi ki, bu da 1.50 rubl edirdi.[11] Sutkada 10 saatdan çox çalışan kəndli əməyinin nəticəsini ala bilmirdi. Kolxozlar sovxozlarda çalışan həmvətənlərindən 3 dəfə, sənaye müəssisələrində çalışan fəhlələrdən isə 4 dəfə az maaş alırdılar.

Sovet kəndində tətbiq olunan vergi siyasəti əyalətlərdə yaşayışı çətinləşdirən amillərdən biri idi. Hakimiyyət aqrar sahə üçün vahid vergi sistemi tətbiq edə bilmədiyi üçün kəndlilər qazandıqlarından çox ödəməli olurdular. Yerli hakimiyyət orqanlarının özbaşınalığı, verilən qərarların vaxtında icra edilməməsi, qoyulan planı doldurmaq üçün vəzifə səlahiyyətlərinin aşılması kəndli ilə hakimiyyət arasında gərginliyi artırırdı. 1954-cü ildə Nazirlər Sovetinin komissiyası bölgələrdə yoxlama keçirərkən bir çox yerlərdə kəndlilərdən qanunla nəzərdə tutulandan çox vergi toplandığını müəyyənləşdirmişdi.[12] Sovet hakimiyyətinin aqrar siyasəti Azərbaycan kəndinin gündəlik rifahının yüksəldilməsinə xidmət etmirdi. İkinci Dünya müharibəsi bitdikdən 20 il sonra da sovet hakimiyyəti Azərbaycan kəndinin aclıq problemlərini həll etmək üçün mütəmadi müzakirələr keçirib.[13]

Azərbaycan kəndinin ağır sosial vəziyyəti əyalət əhalisinin marginallaşdırılmasının əsas səbəbi idi. Keçən əsrin ortalarında əsasən kəndli mənşəli olan sovet nomenklaturasının üzvləri sovet kəndinə geridə qalmış, mövhumatçı, savadsız, mədəniyyətsiz, siyasi cəhətdən passiv əyalət kimi baxırdı. Sovet hakimiyyətinin aqrar siyasəti əslində kəndlilərin bir sinif kimi məhv edilməsinə yönəlmişdi. Çünki fəhlələrdən fərqli olaraq, mülkiyyətçi və dindar olan kəndlilər bolşeviklərin sosial meyarlarına uyğun gəlmirdilər. Sovet kəndinin həm hakimiyyət nümayəndələri, həm də elit təbəqə (dövlət məmurları və ziyalılar) tərəfindən marginallaşdırılması, kəndlilərə ikinci dərəcəli əhali kimi baxması həm şəhər əhalisi ilə əyalət əhalisinin münasibətlərini, həm də sovet dövrü urbanlaşmasının xarakterini müəyyənləşdirən mühüm amillərdən idi.

Azərbaycan kəndini müasirləşdirmək

Stalin öldükdən sonra ölkə rəhbərliyi aqrar sektorla bağlı bir neçə qərar qəbul etdi. Sovet hakimiyyəti bu qərarların kənd təsərrüfatının effektivliyini artırmaq məqsədi ilə qəbul edildiyini bəyan etsə də, əslində məqsəd kəndlini dövlətdən daha çox asılı vəziyyətə salmaq idi. 1956-cı ilin martında qəbul edilən qərarlardan biri kəndlinin şəxsi təsərrüfatının kolxoz hesabına azaldılmasını nəzərdə tuturdu.[14] Bu qərar kolxoz və sovxoz rəhbərlərinə kəndlinin şəxsi təsərrüfatının həcmini müəyyənləşdirmək kimi bir səlahiyyət verirdi və Azərbaycan əyalətlərində yerli hakimiyyət orqanlarının özbaşınalığını daha da gücləndirirdi. 1956-cı ilin avqustunda Nazirlər Sovetinin iki qərarı kəndlərdə və şəhərlərdə mal-qaranın yemlənməsi məsələsini tənzimləyirdi. Birinci qərar ilə hökumət dövlət mağazalarından alınan çörək, kartof, un və digər ərzaq məhsulları ilə heyvanların yemlənməsini qadağan edirdi.[15] İkinci qərar isə şəhərlərdə mal-qara saxlayan vətəndaşlara pulla ödəniləcək vergi tətbiqi haqqında idi.[16] 1959-cu ilin dekabrında sovet hökuməti kolxozçuların şəxsi təsərrüfatının istifadəsi effektivliyini itirib və kolxozçu və sovxozçuların təsərrüfatında olan mal-qaranın 2-3 il ərzində satın alınması haqqında qərar qəbul edir.[17] Bu sonuncu qərar Azərbaycan əyalətlərində yerli hakimiyyət orqanlarının kəndlilərin mal-qarasını təzminat ödəmədən müsadirəsinə imkan yaratdı.[18]

Sovet hakimiyyətinin aqrar sektorda effektivliyi yüksəltmək çərçivəsində növbəti addımı kiçik inzibati vahidliklərin birləşdirilməsi (kasıb kolxozların varlı kolxozlarla birləşdirilməsi siyasəti) ilə bağlı idi. 1960-cı illərdə Azərbaycan əyalətlərində yaşayan 2.5 milyona yaxın əhali 4359 yaşayış məntəqəsində məskunlaşmışdı. Bu məntəqələr 60 inzibati vahidlikdən ibarət idi. Azərbaycan rəhbərliyi kiçik inzibati vahidlikləri birləşdirməklə onların maliyyə imkanlarını yaxşılaşdıracağını düşünürdü. Səmərəsiz kəndlərin iqtisadi cəhətdən varlı kəndlərlə birləşdirilməsi əyalətlərdə sosial gərginliyi daha da artırdı. Birləşdirmə zamanı kəndlilərin şəxsi təsərrüfatının bir hissəsi müsadirə edilir,  onlar zorla başqa ərazilərə köçürülürdü.

Sovet hakimiyyətinin aqressiv aqrar siyasəti ilə üz-üzə qalmış əyalət sakinləri narazı olduqlarını müxtəlif üsullarla nümayiş etdirirdilər. Əgər müharibədən əvvəl bu, qiyam və üsyanlar şəklində özünü büruzə verirdisə, müharibədən sonra dinc etirazlar üstünlük təşkil edib. Ən geniş yayılmış etiraz üsulu mərkəzi partiya orqanlarına şikayət məktublarının göndərilməsi idi. Təkcə bir ildə, 1960-cı ildə, əyalətlərdən Bakı və Moskvadakı hakimiyyət orqanlarına 22 min şikayət məktubu daxil olmuşdu. Poçtlar yerli hakimiyyət nümayəndələrinin göstərişi ilə vətəndaşlar tərəfindən göndərilən şikayət məktublarının böyük hissəsini müsadirə etdikləri üçün bu rəqəmin narazılığın real miqyasını əks etdirmədiyini söyləyə bilərik. Bu məktublarda əyalətlərdəki korrupsiyadan, tayfabazlıqdan, kəndlinin hüquqlarının kobud şəkildə pozulmasından şikayət edilirdi. Kəndlilər kolxoz sədrlərinin kolxozun əmlakını talan etməsindən, kolxozçuların əmək günlərinin aylarla ödənilməməsindən, qeyri-insani rəftardan şikayətçi idilər.  Məktublarda əyalətin sakinləri hakimiyyətin ritorikasından istifadə edir, sovet qanunlarına, konstitusiyaya istinad edir, sovet hakimiyyəti nümayəndələrinin əxlaq və davranışlarının sovet ideologiyasına uyğun gəlmədiyini bildirirdilər.

Kəndlilər Sovet hakimiyyətinin qərarlarına etinasızlıq göstərərək etiraz edirdilər. Onlar bütün mümkün imkanlardan istifadə edərək hakimiyyətin vergi qərarlarına tabe olmur, torpağa təhkim edilmək cəhdlərini müxtəlif yollarla aşırdılar. Kəndlilər etirazlarını həm də yaşayış yerlərini tərk etməklə bildirirdilər. İnzibati vahidliklərin birləşdirilməsi siyasəti 1960-cı illərin ortalarına qədər ittifaq üzrə 7 milyon kəndlinin öz yurdlarını tərk etməsi ilə nəticələnmişdi.[19] Yüksək daxili miqrasiya, əyalətlərin sürətlə boşalması mövsümü yığım dövründə işçi qüvvəsinə ehtiyac yaradırdı. Yığım zamanı bu ehtiyac sovet müəssisələri işçilərinin, məktəb müəllimlərinin və şagirdlərin, tibb müəssisələrində çalışan həkim və personalın, ali məktəb tələbələrinin məcburi tarla və plantasiyalara çıxarılması hesabına həll edilirdi. Uşaqların tarlalarda məcburi işlədilməsi əyalət sakinlərinin hakimiyyətə ünvanladıqları şikayət məktublarının səbəblərindən biri idi. Mərkəzə göndərilən şikayət məktublarında valideynlər uşaqlarının hər tədris ilində ən azı 3 ay təhsildən yayındırıldığından şikayət edirdilər.[20] Sərhəd zonalarında yaşayan kəndlilər bəzən sovet hakimiyyətini sərhədi keçməklə təhdid edirdilər. Belə bir hadisə 1965-ci ilin mayında Füzuli bölgəsinin Qazaxlı və Mirzəağalı kəndində baş vermiş, etiraz edən kəndlilər hakimiyyəti İran sərhədini aşmaqla təhdid etmişdilər.[21]

İkinci dünya müharibəsindən sonra Azərbaycan əyalətlərini tərk etmək üçün kəndlinin çoxlu səbəbləri var idi. Bunların içərisində kəndlinin iqtisadi imkanlarının məhdudlaşdırılması və onun dövlətdən asılı vəziyyətə salınması, kütləvi işsizlik, sosial imkanların məhdudluğu və yaxud da olmaması, yerli hakimiyyət orqanlarının vəzifə səlahiyyətlərini aşması, əyalət sakinlərinin hüquqlarının pozulması, onların tamamilə yerli hakimiyyət orqanlarının iradəsinə tabe edilməsi idi. Bu səbəblərin qaynağı əyalətin sakinləri deyil, hakimiyyət idi. Əyalətlərin sakinləri bu səbəblərə qarşı mümkün dinc vasitələrdən istifadə edərək mübarizə aparırdılar, lakin bu mübarizə nəticəsiz qalanda kəndləri tərk etməyə məcbur olurdular.

Şəhərlərin yeni sakinləri

1950-ci illərin sonlarına qədər Azərbaycan əyalətlərindən şəhərlərə miqrasiyada azərbaycanlıların payı çox az olub. Bunun bir səbəbi sovet hakimiyyətinin urbanizasiya ilə bağlı məhdudlaşdırıcı qanunvericiliyi idisə, digər səbəbi azərbaycanlıların sənaye müəssisələrində çalışmaq üçün məhdud qabiliyyət və biliklərə malik olması idi. 1950-60-cı illərdə əyalətləri, xüsusilə də pambıq və digər strateji məhsullar əkilən təsərrüfatları tərk etmək o qədər də asan deyildi. Sovet qanunvericiliyi kolxoza təhkim olunmuş yetkinlik yaşına çatmış hər bir kəndlilinin kolxozu tərk etməsi üçün kolxoz sədri və icraiyyə komitəsi sədrindən icazə sənədi tələb edirdi. Kəndi tərk etmək  üçün gənclər bir neçə yoldan istifadə edirdilər: (1) orta məktəbi müvəffəqiyyətlə bitirənlər ali təhsil almaq üçün kəndi tərk edə bilirdilər; (2) hərbi xidməti başa vurduqdan sonra gənclər kəndə deyil, şəhərə gedə bilirdilər; (3) kəndi tərk etmək üçün səlahiyyətli orqanlardan rüşvət müqabilində icazə sənədi almaq olurdu; (4) şəhərdə məskunlaşmış qohumlar vasitəsilə müvəqqəti qeydiyyat kağızı əldə edib sənaye müəssisəsində işə düzəlmək mümkün idi.

1950-ci illərin sonlarından şəhərlərdə aparılan geniş miqyaslı tikinti-quruculuq işlərində ixtisas tələb etməyən ucuz işçi qüvvəsinə olan tələbat əyalətlərdən şəhərlərə axını gücləndirdi. 1959-cu ildən 1979-cu ilə qədər Azərbaycan əyalətlərini tərk etmiş insanların 90%-i məhz azərbaycanlıların payına düşürdü. Rəsmi sovet statistikası iddia edirdi ki, 1959-1972-ci illər arasında Azərbaycan əyalətlərinin əhalisinin 29%-i şəhərlərə köçmüşdü, köçənlərin yarısı isə gənc kişilər idi. Köçənlərin 33%-i Azərbaycanın 3 iri şəhərində, Bakı, Sumqayıt və Kirovabadda (müasir Gəncə) məskunlaşmışdı.[22] Müharibə bitdikdən 20 il sonra (1945-1965-ci illər arası)  Azərbaycanda əyalətlərin əhalisinin sayının sürətlə artması ilə yanaşı şəhərlərdə də azərbaycanlıların sayı artmağa başlayır. Bu isə azərbaycanlıların kəndlərdən şəhərlərə axınının sürətləndiyinə dəlalət edir. 1959-cu ildə ilk dəfə olaraq şəhərlərdə azərbaycanlıların sayı digər millətlərin sayını üstələyir.

Əyalətlərdən şəhərlərə köçənləri sosial kateqoriya olaraq iki yerə bölmək olar. Kəndin yuxarı təbəqəsinin nümayəndələrinin, əyalətlərdə rəhbər vəzifə tutan işçilərin və dövlət müəssisələrinin qulluqçularının övladlarının, qohumlarının şəhərlərə köçməsi adətən təhsil ilə bağlı olurdu. Bu təbəqədən olanların içərisində geriyə qayıdanların sayı çox az olurdu. Onların geriyə qayıtmaları adətən rəhbər vəzifəyə təyinatla bağlı idi. Yoxsul təbəqənin nümayəndələrinin şəhərlərə köçməsi sənaye müəssisələrində çalışmaq və sonradan təhsil alaraq sosial statusu dəyişməklə nəticələnirdi. Bu təbəqənin geri qayıtması nadir hallarda baş tuturdu. Hər iki təbəqədən olanlar çox zaman kəndə ailə qurmaq üçün gəlir və öz həmyerliləri ilə evlənərək şəhərə qayıdırdılar.

Azərbaycanlıların hansı səbəb(lər)dən kəndləri tərk etməsini müəyyənləşdirmək üçün 2018-2022-ci illərdə 80 nəfərlə üzbəüz müsahibə aparılıb.  Müsahibədə iştirak edənlər 1935-1945-ci illər arasında doğulmuş kişilərdir. Qeyd edilən dövrdə azərbaycanlı qadınların təkbaşına şəhərlərə köçməsi o qədər də geniş yayılmadığı üçün əsas tədqiqat obyekti kimi kişilər seçilib. Sorğular Azərbaycanın dörd şəhərində (Bakı, Gəncə, Qazax, Şəmkir) keçirilib. Şəhərlər xüsusi olaraq seçilməyib, müsahibədə iştirak etməyə razı olan respondentlər bu şəhərlərdə yaşayıblar. Müsahibədə iştirak edən 80 nəfərdən 60-ı peşə məktəbinin, 20-i isə ali məktəbin məzunudur. Respondentlərin əksəriyyəti kəndi tərk etməyin əsas səbəbi kimi işsizliyi və əmək haqqının (gününün) azlığını göstəriblər. 1940-cı illərdə doğulanların içərisində  kəndi təhsil almaq üçün (8 nəfər) tərk edənlər də olub. Uşaq evlərində böyüyən respondentlər ya kənddə qohumları olmadığı üçün, ya da kənddəki qohumları ilə üzləşmək istəmədikləri üçün şəhərdə qalmaq qərarına gəldiklərini bildiriblər. Respondentlərdən yalnız 5 nəfəri kəndi əlverişli sosial infrastrukturun olmaması üzündən tərk etdiyini bildirib. Respondentlərdən biri isə kənd əhalisi tərəfindən təhdidlərlə üzləşdiyi üçün ailəsinin kəndi tərk etməyə məcbur olduğunu deyib. Beləliklə, əyalətləri tərk etməyin əsas səbəbi maddi problemlər olub.

Müsahibə verənlər şəhərdə qazanc əldə etdikdən sonra kəndə maliyyə yardımı göndərmək haqqında düşünmədiklərini söyləyiblər, lakin imkan olduqca ailə üzvlərini şəhərə gətirməyə çalışdıqlarını qeyd ediblər. Adətən şəhərə köçmüş kişilər qardaşlarının şəhərə gəlməsinə yardım ediblər. Ailə qurmamış bacıları da şəhərə köçürmək cəhdləri olub. Böyük qardaşlar kiçik qardaşlarının şəhərlərdə təhsil almasına və yaxud da işə düzəlməsinə yardım ediblər və ya etməyə çalışıblar. 

1950-60-cı illərdə əyalətlərdən şəhərlərə köçən 80 nəfərin 43-ü həmyerliləri və ya qohumları ilə, 37-i isə şəhərdə tanış olduqları qadınlarla ailə qurublar. Respondentlərin yalnız 3-ü digər millətin nümayəndəsi ilə ailə qurub. Qeyd edək ki, əyalətlərdən şəhərlərə 1950-ci illərdən başlanan mütəmadi miqrasiyalar Azərbaycan kəndlərində gender disbalansı yaratmış, əyalətlərdə ailə qurmayan qadınların sayı artmışdı.

Respondentlər kəndləri tərk etməyin doğru qərar olduğunu düşünürlər, çünki 1980-ci illərin sonuna qədər əyalətlərin sosial infrastrukturundakı dəyişikliklərin nəzərəçarpacaq dərəcədə olmadığını qeyd edirlər. 1960-cı illərin ortalarından kəndlərdə daşdan tikilmiş komfortlu evlərin sayı artsa da, bu evlərin su, işıq və qazla təchizatı yaxşı olmayıb. Əyalətlərin yolları, məktəbləri və nəqliyyat şəbəkəsi də arzuolunan səviyyəyə çatmayıb. Respondentlərdən 31-i kənddə aldıqları təhsilin şəhərlərdə ixtisas əldə etmək üçün yetərli olduğunu bildirib, yerdə qalanlar isə məktəblərdəki təhsilin keyfiyyətli olmadığını, müəllimlərin peşəkar biliklərinin aşağı olduğunu xatırlayırlar.

Şəhərə köçdükdən sonra respondentlər hansı problemlərlə üzləşdiklərini də qeyd ediblər. Bu problemləri sosial və iqtisadi olaraq iki qrupa bölmək olar. Sosial problemlər sovet idarəçilik sistemi tərəfindən yaradılmış maneələr idi və bu maneələri aşmaq üçün respondentlər yerlilərinin və qohumlarının dəstəyindən istifadə etdiklərini vurğulayıblar. Əyalətlərdən şəhərlərə gələnlərin ən böyük problemi qeydiyyat idi, çünki qeydiyyat sənədi olmadan işə düzəlmək mümkün deyildi. Bu sənədi Daxili İşlər Nazirliyi verdiyi üçün əyalətlərdən gələnlər milisə rüşvət verirdilər. Rüşvət vermək üçün isə tanış tapmaq lazım idi. Bu tanışlar ya yeni miqrantın yerlisi, ya da qohumu olurdu. Azərbaycan şəhərlərində eyni kənddən və ya bölgədən olanların əməkdaşlığı, kompakt yaşamaları və onlar arasında yerlibazlıq əyalət sakinlərinə məxsus xüsusiyyət deyildi.  Bu, əyalətlərdən gələn miqrantların sovet hakimiyyətinin məhdudlaşdırıcı qanunvericiliyini aşmaq cəhdlərinin nəticəsi idi. Şəhərlilərin belə bir əməkdaşlığa və ya dəstəyə ehtiyacları yox idi, onlar alışdıqları, doğma mühitdə yaşayırdılar. Əyalətlərdən gələnlərin arasında möhkəm olan bu əməkdaşlıq və iş birliyi, məmurların öz yerlilərini işə götürməsi və yaxud iş tapmaq üçün yardım etməsi şəhərlilərlə gəlmələr arasında gərginliyin səbəblərindən biri idi.

Əyalətlərdən şəhərlərə köçənlərin üzləşdiyi ikinci sosial problem dil ilə bağlı idi.  Azərbaycanın sənaye mərkəzləri əsasən çoxmillətli və rus dilli şəhərlər idi. Bu şəhərlərdə əhalinin ən azından yarısı digər millətin nümayəndələri idi. Dövlət müəssisələrinin işlək dili rus dili idi. Əyalətlərdə rus dili işlənmirdi, rus dilini mənimsəmə səviyyəsi isə olduqca aşağı idi. Sovet imperiyasının mədəni irsinin ən uzunömürlü komponenti olan ruslaşdırma şəhərlilərlə gəlmələr arasında münaqişəli vəziyyətin, əyalətdən gələnlərin marginallaşdırılmasının digər bir səbəbi idi.  

Əyalətlərdən şəhərlərə köçənlərin üzləşdiyi ən böyük sosial problem əlbəttə ki, mədəni fərqliliklərlə bağlı idi. Azərbaycanın çoxmillətli və rusdilli şəhər mərkəzləri ilə əsasən fəhlələrin yaşadığı azərbaycandilli yoxsul kənar məhəllələri arasında ciddi sosial fərq var idi. Şəhərin mərkəzi məhəllələri artıq çoxdan şəhərliləşmiş, fiziki əməkdən uzaq, rusdilli azərbaycanlı qulluqçu və ziyalıların mədəni sferasına daxil idi.[23] Bu mədəni sfera özünü daha çox rus və qərb mədəniyyətinə yaxın hiss edirdi. Əsasən fiziki əməklə məşğul olan, azərbaycan dilində danışan fəhlə məhəllələrində isə əyalət mədəniyyəti üstünlük təşkil edirdi. Bu mədəni fərqlilik şəhərliləşmiş qohumlar və yerlilər ilə yeni miqrantlar (kəndlilər) arasında gərginlik yaradırdı.  Sovet hakimiyyəti nə qədər sosial ədaləti bərpa etməyə çalışdığını iddia etsə də, sosial rifah hamı üçün eyni dərəcədə əlçatan deyildi. Şəhərlilərin, yerli mühitin qayda-qanunlarını bilənlərin sosial rifaha çıxışları daha asan idi. Onlar şəhərin daha yaxşı hissəsində, daha yaxşı mənzillərdə yaşayır, daha yaxşı işlərdə işləyir, daha prestijli institutlarda təhsil alırdılar. Şəhərlilər, xüsusilə də özlərini bakılı hesab edənlər, geyim, davranış, həyat tərzi, sənət zövqünü müəyyənləşdirənlər idi. Bu tərzə uyğun gəlməyənlər, fərqlənənlər marginallaşdırılırdı.

Şəhərlilərlə gəlmələr arasında gərginliyin səbəblərindən biri də şəhərlilərin görünüşünə, davranışına uyğun gəlməyənlərin marginallaşdırılması idi. Lakin əyalətlərdən gələnlər digər millətin nümayəndələri tərəfindən deyil, azərbaycanlıların özləri tərəfindən marginallaşdırılırdı. Bu münasibətlər 1972-ci ildə Azərbaycanfilmin istehsalı olan Həyat bizi sınayır filmində olduqca aydın nümayiş etdirilir. Uzun illər kənddən ayrılıb şəhərə köçmüş, Ticarət Nazirliyində mühəndis kimi çalışan şəhərliləşmiş Məsi kənddən yenicə gəlmiş kiçik qardaşı Rəşidi evinə qəbul etmək istəmir, ona yük kimi baxır və onu geriyə, kəndə göndərməyə cəhd göstərir. Və Rəşidi şəhərdə qalması üçün kifayət qədər mədəniyyətə, bilik və bacarığa malik olmadığına inandırmağa çalışır.  

Əyalətlərdən gələnlərin şəhərlərdə üzləşdiyi digər sosial problem onların sosial təminatlara çıxışının məhdudlaşdırılması idi. Əyalətdən gələnlər sosial təminatlardan istifadə etmək üçün müxtəlif maneələri aşmağa məcbur idilər. Yaşayış şəraitini yaxşılaşdırmaq üçün şəhərin kənarlarında özlərinə daxmalar tikən (şəhərlilər bu tikililəri naxalstroy, yəni həyasızcasına qanunsuz tikiliadlandırırdılar) gəlmələr tikinti materiallarını icazə kağızı olmadan əldə edə bilmirdilər. Həm icazə kağızı əldə etmək, həm də milisin tikintiyə göz yumması üçün onlar rüşvət verməyə məcbur idilər. Bakı, Sumqayıt, Kirovabad kimi şəhərlərdə pasport rejimi tətbiqi olunduğu üçün icazəsiz tikilən evlərə qeydiyyata düşmək lazım idi. Bunun üçün də həm milisə, həm də icraiyyə orqanlarına rüşvət vermək lazım idi. Rüşvət alanlar əsasən şəhərlilər, rüşvət verənlər isə gəlmələr idi.  Əyalətdən gələnlərin hər bir şey üçün rüşvət verməyə məcbur olması şəhərlilərlə gəlmələr arasında münasibəti korlayan səbəblərdən biri idi. Birincilər ikincilərə münasibətdə özlərini daha üstün mövqedə hiss edir və ikincilərlə rəftarı tutduqları mövqeyə uyğun nizamlayırdılar. 

Nəticə

İkinci Dünya müharibəsinə qədər sovet hakimiyyətinin miqrasiya siyasəti bir-birinə zidd iki məqsədin reallaşmasını, sənayeləşmənin sürətləndirilməsi və şəhərlə kənd arasında fərqin azaldılmasını nəzərdə tuturdu. Sürətli sənayeləşmə işçi qüvvəsinə ehtiyacı artırırdı, lakin bu işçi qüvvəsini şəhərləri ərzaq məhsulları ilə təmin edəcək aqrar sektorun hesabına həll etmək asan deyildi.  Kənd təsərrüfatında məhsuldarlığı işçi qüvvəsinə tələbatı artırmadan təmin etməyin isə bir yolu var idi: kənd təsərrüfatının mexanikləşdirilməsi. Kənd təsərrüfatının mexanikləşdirilməsi isə sənayeləşdirmənin sürətləndirilməsini tələb edirdi. Dilemma qarşısında qalan sovet hakimiyyəti əsas diqqəti sənayeləşdirməyə yönəldərək kənddən şəhərə miqrasiyanı nəzarətdə saxlamaq üçün pasport və müvəqqəti qeydiyyat praktikasından istifadə edirdi. İkinci Dünya müharibəsindən sonra yüzlərlə dağıdılmış şəhər, kənd və yaşayış məntəqələrini bərpa etmək,  ordudan tərxis olunmuş yüz minlərlə insanı iş və yaşayış yeri ilə təmin etmək məcburiyyəti sovet hakimiyyətini miqrasiya siyasətini yenidən nəzərdən keçirməyə vadar etdi. Urbanizasiyanı sürətləndirmək üçün sovet hakimiyyəti şəhər həyatını daha cazibədar, kənd həyatını isə daha dözülməz etməyə çalışırdı. Hakimiyyətin əyalətlərdə siyasəti kəndlini elementar vətəndaş hüquqlarından məhrum etmişdi.  Hüquqlarını tələb edənlər isə müxtəlif üsullarla təhdid edilirdi. Yerli hakimiyyət orqanlarının əsas vəzifəsi narazı kəndlinin neytrallaşdırılması, onun hakimiyyətin sərəncam və qərarlarına şərtsiz tabe olan passiv vətəndaşa çevrilməsi idi.  Sovet hakimiyyətinin qurulması ilə müşayiət olunan talanlardan, ağır Stalin repressiyalarından, sürgünlərdən, həbslərdən yorulmuş yaşlı nəsil hakimiyyət orqanlarının bu cür münasibətinə etinasız yanaşsa da, gənc nəsil bu rəftarı qəbul etmək istəmir və haqlı olaraq daha yaxşı və rahat həyata layiq olduğunu düşünürdü.


[1] Всесоюзная перепись населения 1970 года. Городское и сельское население областей республик СССР (кроме РСФСР) по полу и национальности. Бакинский Горсовет. Таблица 7с. Распределение населения по национальности, родному и второму языку. РГАЭ. Ф.1562 Оп. 336 Д.4014-4101.

[2]Климат Азербайджана. Баку: Академия Наук Азербайджанской ССР, 1968, p.232-234; Бабаханов Н. А. Стихийные природные явления в Азербайджане и борьба с ними. Баку: Азербайджанский Институт Народного Хозяйства им Д. Буниятзаде. 1985, p.147.

[3] Şəlalə Məmmədova. Cənubi Qafqaz 1920-1930-cu illərdə. Azərbaycan məsələləri. Mütərcim, 2020, 259-60.

[4] Bu rəqəm ilk dəfə sovet tarixçisi Aleksandr Artemyevin kitabında səsləndirilib: Артемьев А.П. Братский боевой союз народов СССР в годы Великой Отечественной войны. М.:Мысль, 1975.

[5] Центральный Архив Министерство Обороны (ЦАМО). Ф. 7. Оп. 26. Д. 123. Л. 2, 21; Д. 181. Л. 35; Д. 220. Л. 29–48; Д. 234. Л. 27–46, Д. 366. Л. 1–17. Mənbə əldə edilib: Безугольный А.Ю. Этнический аспект комплектования Красной армии в годы Великой Отечественной войны: историко‐статистический обзор Вестник РУДН. Серия: История России, 2020 Vol. 19 No 2 , c. 303.

[6] Россия и СССР в войнах XX в. Потери вооружённых сил. Олма-Пресс. 2001. s. 501.  

[7]Şəlalə, Məmmədova. Yaddaşımızdakı tarix. Stalindən sonrakı Azərbaycan. Elm və Təhsil, 2022, 379-381;

[8] Итоги Всесоюзной переписи населения 1959 года: Азербайджанская ССР, Государственное статистическое издательство, 1963, c.12, 18 -19.

[9] Vəli, Axundov. Azərbaycan kəndinin sabahkı günü. Azərnəşr, 1969, s.6.

[10] İkinci dünya nüharibəsindən sonrakı Azərbaycan kəndi ilə bağlı bax: Jamil, Hasanli. Khrushchev’s Thaw and

 National Identity in Soviet Azerbaijan, 1954-1959. Lanham: Rowman & Littlefield., 2014, 425-427:  Şəlalə

 Məmmədova. Yaddaşımızdakı tarix. Stalindən sonrakı Azərbaycan. Elm və Təhsil, 2022, 294-296.           

[11] Выдачи колхозникам по трудодням зерна и денег, и отчисления в неделимые фонды колхозов в 1948, 1949 и 1950-е годы. СШО ЦСУ СССР, 23.06.1951, c.9.

[12]Azərbaycan SSR Nazirlər Sovetinin 102 saylı qərarı. 28 yanvar 1954. Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), f. 2828, siy. 2, iş 164, v..89-90.

[13]Azərbaycan SSR Nazirlər Sovetinin 1950-60-cı illərdə keçirilən məxfi iclaslarının protokolları. ARDA, f.411, siy. 43, iş vahidi 19, v. 33, 45, 56; Центральный Архив Федеральной Службы Безопасности России (ЦА ФСБ России), ф.3, оп.4, д.1949, л.107-108, 109-111.

[14] “Об уставе сельскохозяйственной артели и дальнейшем развитии инициативы колхозников в организации колхозного производства и управлении делами артели”. Известия, 10 марта, 1956.

[15] “О мерах борьбы с расходованием из государственных фондов хлеба и других продовольственных продуктов на корм скоту”, Правда, 28 август, 1956.

[16] “О денежном налоге с граждан, имеющих скот в городах”, Правда, 28 август, 1956.

[17] “Решения партии и правительства по хозяйственным вопросам”. В 5z məktublarının göndərilməsi idi.  т.: Сборник документов за 50 лет. Т. 4. 1953–1961 гг. M.: Политическое издательство, 1968, с. 92.

[18] “Azərbaycan SSR Baş Prokuroru Gambay Məmmədovun MK-ya hesabatı”. 1965-ci il. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-Siyasi Sənədlər Arxivi (ARPİİİSSA), f.1, si. 52, iş 124, v.41-43.

[19] Попов В. П. ““Второй и важнейший этап” (об укрупнении колхозов в 50-е — нач. 60-х гг.)”. Отечественные архивы. 1994. № 1. c. 35.

[20] Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı. 1965-сi il. ARPİİİSSA, f.1, siy.52, iş vahidi 118, v.8

[21] Məmmədova, 2022, 91-2; İictimai Asayişin Qorunması Nazirliyi Milis idarəsinin cinayət axtarışı şöbəsinin rəisinin MK-ya hesabatı. 1965-ci il 17 may,  ARPİİİSSA, f.1, siy.52, iş vahidi 124, v.71-74.

[22] Топилин А. В. Территориальное перераспределение трудовых ресурсов в СССР. Москва: Экономика, 1975, с. 41; Социальные факторы и особенности миграции населения СССР. Москва: Наука, 1978, с. 93.

[23]Heather D. Dehaan, Shalala Mammadova. “The Politics of the Past: Reconsidering the Socio-Political Tensions of 1950s-1970s Baku”. Studies on Central Asia and the Caucasus, 2, 2025. 16.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.