fbpx

Cəmiyyət

Cəmiyyət

Siyasi təkfirçilik

Read this article on other language
Download article
image_pdf
image_pdf

Avtoritar idarəçilik altında siyasi müxalifətin güclənməsi, hətta həyatda qalması olduqca çətindir. Belə bir şəraitdə müxalifət müxalifliyin kafi şərtlərini müəyyənləşdirərək öz sıralarını genişləndirməlidir. Güman etsək ki, müxaliflər istənilən avtoritar idarəçiliyə qarşıdır, onda müxalifliyi demokratlıqla eyniləşdirə yəni hər bir müxalifin mütləq demokrat olduğunu deyə bilərik. Bu o deməkdir ki, müxalifət demokratlığın kafi şərtlərini müəyyənləşdirərək öz sıralarını genişləndirməlidir. Bu məqalədə məqsədim həmin şərtləri müəyyənləşdirməkdir.

Aşağıda verəcəyim demokratlıq tərifindən kənara çıxmayanların siyasi təkfirçiliyə məruz qalması düzgün deyil. Siyasi təkfirçiliyə məruz qalmaq müxalif olmamaqda, bilərəkdən və ya bilməyərəkdən hökumətə fayda verməkdə ittiham edilmək deməkdir. Lakin təəssüf ki, Azərbaycan müxalifətində mədəni məsələlərdə liberal olanlarla mühafizəkar olanlar arasında siyasi təkfirçilik geniş yayılıb və bu iki qrup arasında fərqliliklər dərinləşdikcə siyasi təkfirçilik praktikası da genişlənir. Bu məqalədə müxaliflərin siyasi təkfirçilikdən imtina etməsinin nə qədər əhəmiyyətli olduğunu göstərəcəyəm. İddiama keçməzdən əvvəl isə əhəmiyyətli anlayışlara – mədəni liberallıq, mədəni mühafizəkarlıq və demokratlığa mümkün qədər aydınlıq gətirməliyəm.

Azərbaycanda mədəni liberallıqla mədəni mühafizəkarlığın kəskin sərhədləri yoxdur (lakin belə sərhədlərin mövcudluğunu aşkarlasaq belə, hər iki qrupun təxmini müəyyənləşdirilməsi məqalədəki iddiam üçün kafidir) və hər bir qrup öz daxilində mötədil və radikal qanadlara bölünür. İctimai müzakirələrdən göründüyü qədərilə mədəni liberallarla mədəni mühafizəkarları ayıran əsas mövzular qadın hüquqları, LGBT hüquqları və qismən də etnik azlıqların hüquqları ilə bağlı mövzulardır. Qaba şəkildə desək, mədəni liberallar bu qrupların hüquqlarını müdafiə edir, mədəni mühafizəkarlar isə onları müdafiə etmir və ya adıçəkilən qrupların məruz qaldığı problemlərin şişirdildiyini hesab edirlər.

Mən bu iki qrupun fövqündə dayanmıram və hətta mədəni liberalların radikal qanadında qərarlaşmışam. Hesab edirəm ki, dövlət bütün resusrslarından istifadə edərək öz öhdəliyini yerinə yetirib qadınların hüquqlarını qorumalıdır: xüsusən də zorakılığa və ya təhdidə məruz qalan qadınların təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görməlidir; eyni zamanda, eynicinsli nikahla heteroseksual nigahın rəsmi statusu eyni olmalıdır; həmçinin Azərbaycan federativ dövlət olmalı, bütün etnik qruplara və tarixi-mədəni regionlara siyasi muxtariyyət verməlidir. Mədəni mühafizəkarlar bu fikirlərlə razılaşmırlar, lakin bütün bu fərqliliklərə rəğmən biz bir-birimizin demokrat kimliyini qəbul eməli və siyasi təkfirçilikdən çəkinməliyik.

Demokrat kimə deyilməlidir? Azərbaycanda demokrat adətən o insanlara deyirlər ki, onlar mədəni məsələlərdə ən azından mötədil liberal olurlar. Məsələn, demokrat ər arvadının dostları ilə axşam şəhərdə gəzməsini normal qarşılayır; demokrat ata uşaqlarının geyiminə qarışmır və s. Halbuki bu təriflər mənim məqsədlərim üçün uyğun deyil çünki məni insanların dövlət və öz həmvətənləri ilə münasibətdə demokratlığı maraqlandırır. Bu nöqteyi-nəzərdən, mən demokrat deyəndə demokrat vətəndaşı nəzərdə tuturam. Və məhz bu mənada – yəni siyasi mənada demokratlığın mədəni liberalizm və ya mədəni mühafizəkarlıq ilə zəruri əlaqəsi yoxdur.

Həm mədəni liberal, həm də mədəni mühazifəkar demokrat ola bilər. Məsələn, (1) trans qadınların qadın olmadığını düşünən feministlər də, (2) LGBT aktivistləri də, (3) dindar müsəlmanlar da, (4) ənənəvi dəyərləri əziz tutanlar da (məsələn, qadınla kişinin ailə və cəmiyyətdə fərqli rollarının olduğuna, evliliyin ancaq kişi və qadın arasında mümkün olduğuna, bakirliyin əxlaqi məsələ olduğuna inananlar), (5) libertinlər də (cinsi münasibətlərdə heç bir ənənəvi sərhəddi qəbul etməyənlər) demokrat ola bilərlər. Sadalamadığım bir çox qrupa mənsub insanlar da demokrat ola bilər. Bu qədər fərqli qrupu sadalamağımda məqsəd onu göstərməkdir ki, biz elə bir minimal demokratlıq tərifini qəbul etməliyik ki, həmin tərif prinsip etibarilə bu kimi qruplara daxil olanları əhatə edə bilsin.

Aşağıda demokratlığın tərifini təklif edirəm və bu tərifin sərhədlərini bilərəkdən bir qədər qeyri-dəqiq saxlayıram çünki demokrat kimə deyilir sualına hamını razı salacaq cavab vermək olduqca çətindir. Ona görə də hamını qismən razı salacaq, amma eyni zamanda da təfsirə müəyyən qədər açıq olan və insanları müzakirəyə təşfiq edəcək bir təriflə başlamalıyıq:

Demokrat o adamdır ki, o (1) hökumətin və parlamentin azad və ədalətli seçki nəticəsində formalaşmalı olduğuna, (2) hər bir vətəndaşın seçmək və seçilmək hüququnun olduğuna və (3) dövlətin hər bir vətəndaşın təməl hüquqlarını bərabər şəkildə qorumaqla mükəlləf olduğuna inanır.

Bu, demokratlığın kafi tərifidir. Fikir verdinizsə, mən demokratiyanı “ölkənin çoxluğun istəklərinə uyğun idarə edilməsi” kimi sadə şəkildə başa düşmürəm. Məsələn, əhalinin yarıdan çoxu “seçkidə qalib gələn partiya digər partiyaları bağlasın,” yaxud da “bütün ateistlər öldürülsün” fikrini dəstəkləyə bilər, lakin demokratik dövlət bu kimi istəkləri reallaşdırmamalıdır. Demokratiya deyəndə çoxluğun tiranlığını və ya çoxluğun diktaturasını nəzərdə tutmuram. Yuxarıdakı tərifin üçüncü bəndi məhz çoxluğun tiranlığının qarşısını almaq məqsədi daşıyır.

Lakin bu tərifi liberal da, sosialist də, millətçi də, dindar da, mühafizəkar da qəbul edə bilər. Çünki bu tərif müəyyən sərhədlər çərçivəsində təfsirə açıqdır. Bu nə deməkdir? Məsələn, birinci şərt seçki sistemi barədə qəti mövqe sərgiləmir. Yəni azad və ədalətli seçkilər həm majoritar, həm proporsional, həm də qarışıq seçki sistemində tətbiq edilə bilər. Beləliklə, birinci şərt azad və ədalətli seçkinin hansı sistem əsasında keçirilməsi ilə bağlı fikirlərə açıqdır.

İkinci şərti qəbul edən şəxs iddia edə bilər ki, vətəndaşlarla yanaşı daimi qeydiyyatda olan əcnəbilərə bəzi yerli (məsələn, bələdiyyə) seçkilərdə seçmək hüququ verilsin. Lakin bu şərti qəbul edib seçmək və seçilmək hüququnun məhz vətəndaşlarla məhdudaşdırılmalı olduğunu da iddia etmək olar. Yaxud da iddia edilə bilər ki, yüksək siyasi vəzifələrə müəyyən yaşdan aşağı (məsələn, 35) və yuxarı (mələsən, 70) yaşda olan şəxslərin seçilmək hüququ olmasın. Eynilə, bu təklif də rədd edilə bilər. Beləliklə, ikinci şərt də xoşniyyətli təfsirə açıqdır.

Üçüncü şərt təfsirə daha çox açıqdır çünki hər bir ölkə konstitusiya və ya qanunlarla vətəndaşları çoxsaylı pozitiv hüquqlar verə bilər. Lakin məni demokratlığın kafi şərtləri (dolayısı ilə demokratiyanın kafi şərtləri) maraqlandırdığından, fundamental hüquqlar dedikdə neqativ hüquqları – yəni müəyyən növ müdaxilələrdən azadlıqla bağlı olan hüquqları nəzərdə tuturam. Bu hüquqların bir çoxu hazırda Azərbaycanın konstitusiyasında da öz əksini tapıb. Məsələn, yaşamaq hüququ, mülkiyyət hüququ, ölkə daxilində sərbəst hərəkət etmək və ölkədən çıxmaq hüququ, şəxsi toxunulmazlıq hüququ, ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək hüququ, təqsirsizlik prezumpsiyası. Bu haqlar fundamentaldır və hər bir demokrat onları müdafiə etməlidir. Lakin bu hüquqların hər biri müəyyən sərhədlər çərçivəsində xoşniyyətli təfsirə açıqdır. Məsələn, insanların ölkədən çıxmaq hüququ nə zaman məhudlaşdırıla bilər? Yaxud da ifadə azadlığının sərhədləri nələrdir? Bu kimi suallar demokratik cəmiyyətdə müzakirəyə açıq olmalıdır. Beləliklə, üçüncü şərt də təfsirə açıqdır.

Qeyd etdiyim kimi, bu şərtlər müəyyən sərhədlər çərçivəsində təfsirə açıqdır. Heç bir demokrat vətəndaşların cinsinə, genderinə, cinsi yönümlülüyünə, həyat tərzinə, dini inaclarına, siyasi fikirlərinə, maddi təminatına görə dövlət tərəfindən ayrı-seçkiliyə məruz qalmalı olduğunu müdafiə edə bilməz. Demokrat insan öz şəxsi həyatında müəyyən qrup insanlarla münasibət qurmaya, onları sevməyə, onların əxlaqi olaraq yanlış yolda olduğunu düşünə bilər. Açıq desəm, demokrat bir insan homoseksuallardan, dindarlardan, libertinlərdən (“yüngül həyat tərzi olanlardan”), mühafizəkarlardan iyrənə bilər, onlarla hansısa əlaqə qurmaqdan, hətta onlara salam verməkdən belə imtina edə bilər. Başqaları da ondan eyni şəkildə iyrənə bilər. Demokratın hansısa qrup insanı sevmək kimi öhdəliyi yoxdur, başqalarının da demokratı sevmək öhdəliyi yoxdur.

Demokrat olmaq üçün yeganə tələb yuxarıdakı üç şərti qəbul etməkdir. Yəni bir demokrat dindar homoseksuallığın haram olduğunu düşünə və homoseksuallar arasında dindarlıq təbliğ edə bilər. Eyni zamanda, demokrat bir ateist dinin puç və əfsanə olduğunu hesab edə və dindarlar arasında dinsizliyi təbliğ edə bilər. Bu kimi aktlar anti-demokratik deyil. Əsas olan odur ki, dindar və ya ateist biri özü ilə eyni fikirləri bölüşməyənlərin də bərabər hüquqlu vətəndaş olduğunu qəbul edir. Demokrat başa düşür ki, bütün vətəndaşlar onun həmvətənləridir və hər bir vətəndaş qanun qarşısında bərabərdir. Bunu qəbul etdiyi müddətcə, hər bir demokrat istənilən təbliğatla məşğul ola bilər.

Yuxarıdakı üç şərti qəbul edən hər kəs demokratdır. Avtoritar ölkələrdə demokratların təbii olaraq əsas rəqibi avtoritar idarəçilikdir. Belə bir vəziyyətdə demokratlar öz sıralarını mümkün qədər genişləndirməlidir. Buna görə də onlar siyasi təkfirçilikdən yayınmalıdırlar. Demokratlıq müxalifliyin kafi şərti kimi qəbul edilsə, onda mədəni liberallarla mədəni mühafizəkarlar müvəqqəti də olsa, koalisiya qura, güclərini birləşdirə bilərlər.

Demokratiya demək olar hamı tərəfindən müsbət bir xüsusiyyət kimi qəbul edilir, bu səbəbdən də hər kəs özünü demokrat, öz inandığı dəyərləri də əsl demokratiya kimi qələmə verməyə can atır. Məsələn, liberallar bəzən liberal prinsipləri demokratiyanın şərti kimi təqdim edərək əsl demokratların liberal olduğunu iddia edirlər. Halbuki demokratik prinsiplər heç də həmişə liberal prinsipləri – məsələn, zərər prinsipi, dövlətin kiçik olması, dövlətin vətəndaşlara paternalist müdaxilə etməməsi, azad bazar – özündə ehtiva etmir. Bir insan həm liberal, həm də demokrat ola bilər, lakin bu ikisinin eyni şey olduğunu iddia etmək ideoloji fənddir. Liberallar başqalarını öz ideologiyalarına inandırmağın ən asan yolu kimi liberalizmin demokratiya ilə eyni şey olduğunu, yaxud da həqiqi demokratiyanın məhz liberalizm oduğunu iddia edirlərsə, onda onlar ya qeyri-səmimi, ya da siyasi nəzəriyyədən cahildir. Bu ideoloji fənddən bəzən solçular, millətçilər, dövlətçilər kimi başqaları da öz ideologiyalarını yaymaq məqsədilə istifadə edirlər.

Müxaliflər bu ideoloji fənddən istifadə etməməli və öz sıralarını genişləndirmək üçün burada tərif verildiyi mənada demokratlığı müxalifliyin şərti kimi qəbul etməlidir. Əgər mədəni liberal olan müxaliflər israr etsələr ki, hər bir demokrat LGBT hüquqlarını (məsələn, eynicinsli evlilik hüququnu), yaxud da qadınla kişinin qeyri-siyasi müstəvidə bərabərliyini müdafiə etməlidir, onda yuxarıdakı demokratlıq tərifini qəbul edən bir mədəni mühafizəkar bezib “demokratlıq budursa, cəhənnəm olsun demokratiya!” deyib müxaliflikdən – hətta yuxarıdakı üç prinsipdən də imtina edə bilər.[1] Eyni qaydada, əgər mədəni mühafizəkarlar LGBT vətəndaşları, feministləri, liberalları, pasifistləri və s. satqınlıqda, Azərbaycanı sevməməkdə və əxlaqsızlıqda ittiham etsə, onda təhqirə məruz qalmış bu qruplar da “mədəni mühafizəkarlar da bizimlə avtoritar dövlətin dilində danışır, ikisi də eyni şeydir” deyərək müxaliflikdən imtina edə və ümidsizliyə qapıla bilərlər. Buna imkan verməməliyik. Demokratiyanın üç şərtini qəbul edən hamı müxalifdir – demokratdır. Demokratlar, birləşin!

 

Qeyd:

[1] Siyasi deyəndə nəyi nəzərdə tuturam? Əvvəlki yazımda siyasiyə belə tərif vermişdim: “Dövlətin faktiki olaraq müdaxilə etdiyi, hüquqi olaraq müdaxilə edə biləcəyi və ya müdaxilə etməli olduğunu iddia etdiyi istənilən məsələ siyasidir.” Məsələn, mədəni mühafizəkar hesab edə bilər ki ev işlərini qadın görməlidir və ev işlərini görməyən qadın yaxşı qadın deyil. Bu fikirlər siyasidir, ya yox? Bunu bilmək mümkün deyil. Əgər mədəni mühafizəkar ev işlərini görməyən qadınların dövlət tərəfindən necəsə cəzalandırılmalı olduğunu düşünürsə, onda bu fikirlər siyasidir. Yox, əgər mədəni mühafizəkar hesab etsə ki, qadının ailədəki rolu adət-ənənə məsələsidir, dövlət ev işləri görməyən qadınları cəzalandırmamalıdır və hamı qanun qarşısında bərabərdir, onda bu məsələ qeyri-siyasidir və bu fikirləri səsləndirən mədəni mühafizəkar demokratdır.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.