fbpx

Cəmiyyət

Cəmiyyət

Seçkilər, yaxud ümumi karantin rejimi üçün daha 7 il

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycanda 2020-ci ildən bəri quru sərhədlərinin bağlı qalması ilə müşahidə olunan xüsusi karantin rejiminin 2024-cü ilin aprel ayına qədər uzadıldığı elan edildi. Yəqin dünyanın başqa heç bir yerində yaşanmayan bu absurd vəziyyət haqqında nəsə demək olardı, ancaq burada daha ümumi bir karantin rejimi ilə əlaqədar danışacağam. 7 fevral 2024-cü ildə 0-ın altında olacaq olan təkcə havanın gözlənilən temperaturu yox, həm də Əliyev hakimiyyətinin 30 illik ümumi karantin rejiminin davam etməyəcəyinə dair hər hansı gözləntidir. Demokratik təsisatların məhv edildiyi bir ölkədə seçki keçirdiləcək, həm də növbədənkənar və cəmi 2 ay sonra. Bu seçkidə iştirak etmək lazımdırmı?

Əlbəttə ki, seçkidə iştirak dedikdə vətəndaşların fərdi olaraq seçkiyə gedib-getməməsini nəzərdə tutmuram. Müxalifətin, yaxud da rejim əleyhdarlarının bu seçkidə hər hansı şəkildə  —  prezidentliyə vahid namizəd çıxararaq, yaxud ayrılıqda  —  iştirakını və ya boykotunu nəzərdə tuturam. İstənilən halda seçkidə iştirak edilib-edilməməsi ilə bağlı doqmatik mövqe qoymamağa çalışacaq, ancaq mövcud şərtlər daxilində iştirakın minimal faydaları haqqında ehtimalları nəzərdən keçirməyə çalışacağam.

İqtidarın postmüharibə dövründəki ilk seçkini, tamaşa xatirinə də olsa, bu dəfə müəyyən bir həddə demokratik keçirdəcəyinə dair yarım-islahatxor gözləntidən danışaq. Bunu iddia edən, yaxud içində bu düşüncəyə qapılanlara görə hazırkı iqtidar həqiqi demokratik və şəffaf bir seçkidə qalib gələcəyini sübut etmək fürsəti qazanıb və bu fürsətdən istifadə edəcək. Belə düşünənlərdən biri kimi görünən Zərdüşt Əlizadədir. O iddia edir ki, sırf dünyaya öz legitimliyini sübut etmək üçün İlham Əliyev nəhayət azad və şəffaf seçki keçirdəcək. Əlizadə hesab edir ki, İkinci Qarabağ Müharibəsindən sonra Əliyevin reytinqi yüksəldiyinə görə, o azad və şəffaf seçkidə rahatlıqla qalib gələ bilər. Bu səbəbdən də Əliyev əlindəki fürsətdən tamaşa xatirinə istifadə edərək azad və şəffaf seçki keçirdəcək. Mənə elə gəlir ki, Əlizadə kimi düşünənlər az deyil və buna görə də onun iddiasını saf-çürük etmək lazımdır.

Əlbəttə ki, Əliyevin reytinqinin yüksək olduğu bir vaxtda səlahiyyətlərindən istifadə edərək seçkini özünə uyğun zamana təyin etməsi ağlabatandır. Ancaq hakimiyyətinin legitimliyini sübut etmək xatirinə Əliyevin, nəhayət, azad və şəffaf seçki keçirməsi öz iqtidarını ən azından sonrakı 7 il üçün müəyyən fundamental risklərə atması deməkdir. Belə ki, azad və şəffaf seçki təkcə seçki günü baş verən saxtakarlıq proseslərinin – saxta bülletenlər atmaq, karusellər təşkil etmək, protokollarla bağlı pozuntular etmək və s. – olmamasından ibarət deyil. Seçkinin azad və şəffaf olması üçün bütün siyasi qüvvələrin təbliğat dövründəki qanunla nəzərdə tutulmuş bərabər hüquqları təmin edilməlidir. Məsələn, sərbəst toplaşmaq azadlığı təmin edilməli, yəni mitinqlər üçün siyasi qüvvələrə yerlər ayrılmalıdır. Lakin iqtidarın görüntü naminə belə olsa həqiqi azad və şəffaf seçki keçirəcəyinə inanmaq mənə absurd görünür. Hətta seçki günü Əliyevin böyük fərqlə qalib gələcəyini güman etsək belə, seçkiyə qədərki dövrdə iqtidar özünə qarşı təbliğat üçün müxalifətə şərait yarada, müxaliflərin sərbəst toplaşma haqqını tanıya bilməz və tanımayacaq da.

Belə ki, hazırda Azərbaycanda müxaliflərin meynstrim mediaya – yəni radio və televiziyalara, o cümlədən də mitinq meydanlarına çıxışı yoxdur. Müxaliflərin küçələrdə təbliğat aparması da faktiki olaraq qadağandır. Belə olan təqdirdə, onların öz səslərini vətəndaşlara çatdırmaq üçün sosial şəbəkələrdən başqa yeri qalmır. Lakin sosial şəbəkələrdə də siyasi müzakirələr və xəbərlərlə əhalinin kiçik bir hissəsi maraqlanır. Bu səbəbdən də müxalifləri əhalinin geniş bir hissəsi tanımır və ya onları daimi olaraq izləmir. İqtidar azad və şəffaf seçki keçirmək naminə müxalifətə təbliğat üçün imkan versə, onda, məsələn, gərək müxalifətin potensial vahid namizədinə televiziyada vaxt ayırsın. Eyni zamanda həmin müxalif namizədin küçələrdə təbliğat aparmasına imkan versin və namizədin tələb etdiyi yerlərdə onun üçün mitinq yerləri ayırsın.

Bu fürsətdən istifadə edərək müxalif namizəd daha geniş kütlələrə öz mesajını çatdıra biləcək. Nəticədə isə daha çox insanı özünə inandıra və Əliyevin populyarlığını aşağı sala biləcək. Ən pis halda isə müxalif namizəd insanların hakimiyyətə olan rəğbətini azaldacaq və onlarda hakimiyyətin uğur hekayələrinə qarşı şübhə yaradacaq. Bu isə hakimiyyət üçün olduqca təhlükəlidir. Çünki, iqtidarın hesab edilən yüksək reytinqinə rəğmən hətta bir neçə min insan belə küçə, yaxud meydanda müxalif namizədin yanında yerini tutarsa, bu, postmüharibə dövründə yüksək hesab edilən iqtidar reytinqini şübhə altına almış olar. Odur ki, iqtidar azad və şəffaf seçki keçirtməyəcək. Seçki gününə qədərki təbliğat dövründə müxaliflərin hüquqları təmin edilməyəcəksə, seçki günü nəyin baş verməsinin (məsələn, səslərin doğru sayılmasının, protokolların saxtalaşdırılmamasının) çox da mənası olmayacaq. Biz isə hətta seçki prosesinin işıqlandırılmasında vacib rol oynayan müstəqil medianın qalıqlarının da bəri başdan sıradan çıxarılmaqda olduğunu müşahidə edirik.

Hətta Əliyevin öz legitimliyini sübut etmək üçün belə ilk dəfə azad və şəffaf seçki keçirməsi cəmiyyətdə və müxalifətdə islahatlar gözləntisi yaradacaq. Fikirləşirəm ki, müharibədən əvvəlki son bir-neçə ildə tez-tez istifadə edilən islahat nağılları cəmiyyəti, həmçinin həqiqi müxalif qrupları və fərdləri belə aldatmağa yarayır və hakimiyyətə vaxt qazandırırdı. Amma müharibədə qazanılan qələbədən sonra, hakimiyyətin islahat vədləri verib insanları manipulyasiya etməsinə belə ehtiyacı yoxdur. Digər tərəfdən isə, bu vaxta qədər hakimiyyət islahat vədlərini yerinə yetirməyəndə bəhanə kimi Qarabağ münaqişəsini göstərirdi və daxili problemlərdən insanların fikrini Qarabağ məsələsi ilə yayındırırdı. Lakin hakimiyyət bu dəfə də insanlarda islahat gözləntiləri yaradıb vədlərini yerinə yetirməsə, cəmiyyətin fikrini yayındırmaq üçün əlində bəhanəsi də olmayacaq. Çünki Qarabağ münaqişəsi iqtidarın da iddia etdiyi kimi sona çatıb. Yəni gələcəkdə də islahat gözləntisi yaradıb insanları aldatmaq təhlükəli ola – insanlarda iqtidara qarşı olan qəzəbi artıra bilər. Odur ki, hətta tək bir seçkini belə azad və şəffaf keçirtmək insanlarda islahat gözləntisi yaratmaqdır və bu gözləntini yaratmaq hakimiyyət üçün təhlükəlidir.

İndi qayıdaq əsas sualımıza: Bu seçkidə iştirak etmək lazımdırmı? Burada iştirak dedikdə vahid namizədlə iştirakı nəzərdə tuturam və aşağıdakı məqsədlərin izahının da ancaq bu halda keçərli ola biləcəyini fikirləşirəm. Hesab edirəm ki, seçkidə iştirak üçün zəif də olsa üç əsaslandırma ola bilər.

Birincisi, müxalifət seçkidə iştirak etməklə seçkinin azad və şəffaf olub-olmayacağını yoxlaya bilər. Mən seçkinin azad və şəffaf olacağına inanmıram, lakin yuxarıda da dediyim kimi, görünür, bir çox insanda bu seçkinin nələrinsə naminə fərqli olacağı gözləntisi mövcuddur. Bu gözləntiyə görə, iqtidar tam azad və şəffaf bir seçkidə yüksək faizlə qalib gələcəyini bildiyi üçün müxalifətin təbliğat imkanlarını məhdudlaşdırmayacaq. Bu gözləntinin əsaslı olub-olmadığını yoxlamaq üçün müxalifət seçkidə namizəd çıxararaq iştirak edə bilər.

İkincisi, seçki ənənəvi qaydada saxtalaşdırılsa belə, müxalifət seçkidə iştirak etməklə yaranmış siyasi prosesdə cəmiyyətin diqqətini özünə çəkə bilərlər. Çünki istər-istəməz seçki dövrü siyasi bir gündəmdir və xeyli apolitikləşdirilmiş cəmiyyətdə belə başqa vaxtlardakından daha çox insan siyasi gündəmə məruz qalır. Əlbəttə ki, bu məqsədin, az da olsa, strateji bir mənası var və belə bir seçkidə iştirak üçün əsaslandırma kimi qəbul oluna bilər.

Üçüncüsü, bəziləri prezident seçkisinin həqiqətən də azad və şəffaf olacağı ehtimalını nəzərə alıb qatara gecikməmək üçün seçkidə iştirak edə bilər. Yəni bu ehtimalı da nəzərə alaraq kimsə optimistcəsinə inana bilər ki, azad və şəffaf seçki nəticəsində əvvəlki seçkilərlə müqayisədə müəyyən bir faiz real seçici səsi qazana bilər. Beləliklə də gələcək siyasi fəaliyyəti üçün öz imkanlarını genişlədə bilər. Lakin yuxarıda da qeyd etdiyim kimi, mən seçkinin azad və şəffaf olacağına qətiyyən inanmıram.

Fikirləşirəm ki, həqiqi müxalif qrupların iqtidar tərəfindən müəyyən edilmiş qanunlara uyğun partiya kimi rəsmi qeydiyyata alınmağı əhəmiyyətli hesab etməsi ilə yuxarıda dediyim məqsədlərdən heç olmasa birini nəzərə alaraq seçkidə iştirak etməməsi – yəni seçkinin qeyri-azad və qeyri-şəffaf olacağını əsas gətirərək onu boykot etməsi bir-biriylə uzlaşmayan davranışlardır. Odur ki, məncə, rəsmi qeydiyyat məsələsini vacib hesab etmiş siyasi partiyalar sadalanan məqsədlərdən ən azı birini əsas götürərək seçkidə iştirak etməlidir. Əks halda seçkini boykot etməyə əsas kimi yetəri qədər müşahidəçiyə sahib olmamaq və s. kimi resurs çatışmazlıqlarını etiraf etməlidirlər. Məncə bu siyasi dürüstlük naminə vacib məsələdir. Əlbəttə, etiraf etməliyik ki, müxalif siyasi partiyaların resurs çatışmazlığında avtoritar rejimin basqısının rolu böyükdür, amma yuxarıdakı məqsədlər üçün daha az da olsa resurs təmin edərək hərəkət etmək olar.

Sonda onu da qeyd edim ki, yuxarıdakı əsaslandırmaların hər hansı biri üçün seçkidə iştirakdan ötrü rejim əleyhdarlarının vahid namizədi zəruridir.  Belə bir avroritar hakimiyyətə legitimliyi müxalifətin seçkidə iştirak edib-etməməsinin qazandırdığını düşünmürəm. Məncə, əvvəlki dövrlərin təcrübələri də bunu az-çox sübut edir. Azərbaycandakı müxalifətin fəaliyyəti istənilən halda illegal, seçkisiz demokratik inqilab nəzəriyyələri üzərində qurulmayıb və böyük ölçüdə şikayətlənməkdən və zaman-zaman bəzi hadisələrdə iqtidara sərf edən mövqeləri göstərməkdən ibarətdir. Xaotik dəyişikliklərin müxalifət partiyalarını və müxalif olduğunu iddia edənlərin çoxunu narahat etdiyi hiss olunur. Odur ki, siyasi hərəkətlilik adına müxalifətin seçkiyə getməkdən başqa yolunun olmadığı dəqiqdir.

Ola bilər ki, hakimiyyət müxalifləri bu dəfə ümumiyyətlə çox yormaq fikrində deyil. Hətta seçkini boykot etməməyi seçib vahid namizəd elan edəcəkləri halda belə lazım olan qırx min imza qeydə alınmayacaq. Bir sözlə, iqtidar hətta bu qədər kiçik həddə tamaşaya belə ehtiyac duymaya bilər. Ən azından bundan sonra siyasi rejimin məqsədinin nə olduğunu – nə qədər aydın olsa da – tam olaraq müəyyən etmək və müxalifət üçün özünün gələcək fəaliyyətini necə quracağını bu seçkiyə görə daha qətiləşdirmək olar.

Bu məqalə nəşrə hazırlanarkən Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları prezident seçkilərində iştirak etməyəcəklərini bəyan etdilər. Gətirdikləri əsas isə, hakimiyyətin seçkinin azad və şəffaf olacağına dair heç bir təminat verməməsi, artıq seçkidən bir neçə ay əvvəl müstəqil mətbuat nümayəndələrinə və fəallara qarşı təqiblər və həbslər həyata keçirməsi oldu. Bu, müxalifətin 2013-cü ildən sonra keçirilən prezident seçkilərində ardıcıl ikinci seçki boykotu olacaq. Geri dönüb baxdıqda görə bilərik ki, 2013-cü ildəki seçkidən qısa bir müddət əvvəl hakimiyyət bir çox siyasi və ictimai fəala qarşı geniş miqyaslı həbslər həyata keçirmişdi. Hətta həmin seçkidə də müxalifətin ciddi bir dəyişiklik edəcəyinə dair ciddi ümid yox idi. Buna baxmayaraq, müxalifət vahid namizəd çıxararaq seçkidə iştirak edilmişdi. Bəs bu gün nə dəyişib? Demək olar heç nə.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.