iqtisadiyyat

iqtisadiyyat

Son 10 ildə xarici investorlar Azərbaycan iqtisadiyyatına nə qədər maraq göstəriblər?

Read this article on other language
Download article
image_pdf
image_pdf

2014-cü ilin ortalarından başlayaraq dünya bazarlarında xam neftin qiymətində baş verən uzunmüddətli azalmalar neft gəlirlərindən yüksək dərəcədə asılı olan Azərbaycan iqtisadiyyatında 2015-2016-cı illərdə dərin iqtisadi-maliyyə böhranı yaratmışdı. Böhranı aradan qaldırmaq və iqtisadiyyatın neft gəlirlərindən asılılıq səviyyəsini azaltmaq üçün o dövrdə hökumət ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm addımlar atmış, həyata keçiriləcək iqtisadi islahatları əks etdirən və ayrı-ayrı sahələrin inkişafını nəzərdə tutan strateji yol xəritələri qəbul etmişdi.

2016-cı ilin dekabrında təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində investisiya fəallığı sahəsində başlıca problemlərdən biri kimi 2004-2014-cü illər dövründə ölkəyə gələn birbaşa xarici investisiyaların 85 faizindən çoxunun neft-qaz sektoruna yönəldilməsi qeyd olunmuşdu. Strateji Yol Xəritəsində növbəti dövrdə qeyri-neft sektoruna yönəldilən birbaşa xarici investisiyaların artırılmasını təmin etmək vəzifəsi qarşıya qoyulmuş, hətta qeyri-neft sektoruna yönəldilmiş birbaşa xarici investisiyaların qeyri-neft ÜDM-dəki payının o dövrdəki 2,6 faizlik göstəricidən 2025-ci ilə qədər 4 faizə çatdırılması hədəflənmişdi.

Artıq hədəflənən dövrün son ilindəyik. Bəs ötən dövr ərzində qeyri neft-qaz sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi ilə bağlı vəziyyət necədir? Məqalədə bu suala cavab axtarılır. Bu təhlil dövlət qurumlarının təqdim etdikləri rəsmi statistik məlumatlar əsasında aparılmışdır və deskriptiv xarakter daşıyır.

Yeni hüquqi çərçivə

Bakı Araşdırmalar İnstitutu 2018-ci ilin oktyabrında Azərbaycan iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyalar barədə geniş araşdırma təqdim etmişdi. Araşdırmada ölkəyə birbaşa xarici investisiyaların cəlb edilməsi sahəsində mövcud problemlər və həlli yolları göstərilmişdi. Ötən dövr ərzində araşdırmada qeyd olunan problemlərin həlli istiqamətində müəyyən addımlar atılsa da, həyata keçirilən tədbirlər kompleks və davamlı olmamışdır. Məsələn, xarici investorların ölkənin investisiya imkanları barədə məlumatlandırma işinin təşkilinin təkmilləşdirilməsi üçün  Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytında müəyyən dəyişikliklər edilsə də, sonradan bu fəaliyyətlər doğru-düzgün davam etdirilmir: qurum Invest in Azerbaijan səhifəsi yaradıb, İnvestisiya bələdçisi broşürü hazırlayıb, amma səhifədəki məlumatlar vaxtlı-vaxtında yenilənmir, digər ölkələrin oxşar saytları ilə müqayisədə saytdakı informasiyanın məhdudluğu yenə əsas problemlərdən biri olaraq qalır və s.

Dövr ərzində ölkəyə birbaşa xarici investisiyaların axınının stimullaşdırılması istiqamətində atılan addımlar sırasında Ələt Azad İqtisadi Zonasının yaradılmasını xüsusi vurğulamaq olar. Ələt azad iqtisadi zonası haqqında Qanun 2018-ci ilin mayında qəbul edilmiş, Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında Prezidentin fərmanı isə 2020-ci ilin mayında verilmişdir. Bura xarici investorlar üçün yaradılmış əlverişli şərait barədə məlumatları zonanın saytından əldə etmək olar. Dövlət başçısının sərəncamları ilə ölkədə yaradılan sənaye parklarında fəaliyyət göstərmək istəyən yerli və xarici investorlar üçün vergi-gömrük güzəştləri və preferensiyalar nəzərdə tutulur.  

Bu sahədə dövr ərzində baş verən ən ciddi dəyişiklik isə investisiya fəaliyyəti haqqında yeni qanunun qəbul edilməsidir. 2018-ci ilin yanvarında Prezident İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalamışdı. Sərəncamda Nazirlər kabinetinə tapşırılmışdı ki, beynəlxalq təcrübəni nəzərə almaqla, yeni İnvestisiya fəaliyyəti haqqında Qanunun layihəsini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etsin. Sərəncama əsasən, qanun layihəsində elə bir hüquqi çərçivə yaradılmalı idi ki, yerli və xarici investorları Azərbaycanın qeyri-neft sektoruna sərmayə qoymağa stimullaşdırsın. Sərəncamda tapşırılan həmin Qanun yalnız 2022-ci ilin  iyununda qəbul edildi. Qanunda investisiya fəaliyyətinə dövlət tərəfindən verilən təminatların hüquqi çərçivələri əksini tapmışdır.

2015-2024-cü illər dövründə BXİ-nin dinamikası və sektoral strukturu

Dövlət Statistika Komitəsinin (DSK) məlumatları əsasında apardığımız hesablamalara əsasən, 2015-2024-cü illəri əhatə edən son 10 ildə Azərbaycan iqtisadiyyatına bütün formalarda cəlb edilən xarici investisiyaların ümumi məbləği 84 milyard 823,0 milyon ABŞ dolları miqdarında olub. Bunun 58,2 milyard ABŞ dolları və ya 68,6 faizi birbaşa investisiyalara, qalan 26,6 milyard dolları isə maliyyə kreditləri, portfel investisiyalar və başqa formalara aiddir.

DSK-nın Azərbaycan rəqəmlərdə adlı elektron nəşrinin məlumatları əsasında hazırladığımız 2014-2025-ci illər dövründə ölkə iqtisadiyyatına cəlb edilən birbaşa xarici investisiyaların (BXİ) illər üzrə dinamikasını diaqram 1-də təqdim etmişik. Diaqrama nəzər saldıqda görürük ki, əvvəlki dövrdə olduğu kimi, son 10 ildə də ölkəyə cəlb edilən BXİ-nin əksər hissəsi yenə də neft-qaz sektoruna yönəldilmişdir: hesablamalarımıza əsasən, bu dövrdəki 58,2 milyard ABŞ dolları məbləğində cəmi BXİ-nin 46,3 milyardı və ya 79,6 faizi neft-qaz sektorunun payına düşür.

Diaqram 1. 2015-2024-cü illər dövründə Azərbaycan iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyaların dinamikası, cari dəyərdə (milyon ABŞ dolları).

Mənbə: Dövlət Statistika Komitəsinin məlumatları əsasında hazırlanmışdır.

Diaqramdan aydın müşahidə etmək olur ki, neft-qaz sektoruna cəlb edilən BXİ-ın illik məbləğində 2018-ci ilədək azalma olub, sonrakı illər yenə tədricən artır. Bu, əsasən, Azəri-Çıraq-Günəşli yataqları üzrə sazişin yenilənməsi ilə bağlıdır.

Neft-qaz sektorundan kənardakı birgə və xarici investisiyalı müəssisələrə cəlb edilən BXİ-nin dinamikasını əks etdirən 2-ci diaqramdan göründüyü kimi, 2016-cı ildə 1,7 milyard dollar səviyyəsinədək yüksələn belə investisiyaların məbləği növbəti 2017-ci ildə 2 dəfə azalmış, Covid-19 pandemiyasının tüğyan etdiyi 2020-ci ildə ən aşağı səviyyəyə – 605,6 milyon ABŞ dollarına çatmışdır. Amma 2022-ci ildə əvvəlki illə müqayisədə belə investisiyaların miqdarı iki dəfə artmışdır. 2023-cü ildə ilk dəfə olaraq Azərbaycanda neft-qaz sektorundan kənardakı birgə və xarici investisiyalı müəssisələrə cəlb edilən BXİ-nin məbləği 2 milyard ABŞ dolları səviyyəsinə yüksəlsə də, son – 2024-cü ildə azalma qeydə alınmışdır

Diaqram 2. 2015-2024-cü illər dövründə birgə və xarici investisiyalı müəssisələrə cəlb edilən BXİ (müvafiq illərin cari ABŞ dollarında).

 Mənbə: DSK-nın məlumatları əsasında hazırlanmışdır.

Azərbaycanda qeyri neft-qaz sektorunda yaradılan illik ÜDM-in miqdarı ilə bağlı DSK-nın məlumatları əsasında apardığımız hesablamalara əsasən, birgə və xarici investisiyalı müəssisələrə cəlb edilən BXİ-nin illik miqdarının illik qeyri neft-qaz ÜDM-nə nisbəti 2020-ci ildə 2,3%, 2021-ci ildə 2,6%, 2022-ci ildə 5,1%, 2023-cü ildə 4,9% və 2024-cü ildə 3,1% olur.

Əsas kapitala yönəldilmiş BXİ-nin sahə strukturu

Məlumdur ki, iqtisadi artımın əsas hərəkətverici qüvvəsi məhz əsas kapitala yönəldilən investisiyalardır. DSK-nın məlumatları əsasında hesablamalarımıza əsasən, 2015-2024-cü illəri əhatə edən son 10 ildə Azərbaycan iqtisadiyyatında əsas kapitala yönəldilən xarici investisiyanın ümumi məbləği Azərbaycan manatı ilə 56 milyard 152,3 milyon manata bərabər olub. Bunun 41,2 milyard manatı və ya 73,5 faizi neft-qaz sektorunun, qalan 14,9 milyard manatı və ya 26,5 faizi qeyri neft-qaz sektorunun payına düşüb.

Son 10 ildə ölkəmizdə əsas kapitala yönəldilən BXİ-nin illər üzrə strukturu və dinamikası diaqram 3-də təqdim edilmişdir. Diaqramdan müşahidə olunduğu kimi, 2017-ci ildən sonrakı dövrdə həm neft-qaz, həm də qeyri neft-qaz sektorunda əsas kapitala yönəldilən xarici investisiyaların məbləğində azalma baş vermişdir. Neft-qaz sektorunda əsas kapitala yönəldilən xarici investisiyanın orta illik miqdarı 3 milyard manatdan yuxarı olduğu halda, qeyri-neft sektorunda ildən-ilə azalma baş verir: qeyri  neft-qaz sektorunda əsas kapitala yönəldilən xarici investisiyanın miqdarı 2016-cı ildəki 2,5 milyard manatdan 2024-cü ildə 497,7 milyon manatadək azalmışdır. 

Diaqram 3. 2015-2024-cü illər dövründə əsas kapitala yönəldilən BXİ-nin dinamikası, milyon manat.

 Mənbə: DSK-nın məlumatları əsasında hazırlanmışdır.

Qeyri neft-qaz sektorunda əsas kapitala yönəldilən xarici investisiyaların illik qeyri-neft/qaz ÜDM-nə nisbətində də sürətli bir azalma müşahidə olunur. Bunu aşağıdakı diaqram 4-dən izləmək olar.

Diaqram 4. Qeyri neft-qaz sektoruna xarici investisiyaların qeyri neft-qaz sektoru üzrə ÜDM-ə nisbətinin dəyişməsi, faizlə.

 Mənbə: DSK-nın məlumatları əsasında hazırlanmışdır.

Diaqramdan göründüyü kimi, 2016-cı ildə bu göstəricinin səviyyəsi 6,9% olduğu halda, 2024-cü ildə 0,7% səviyyəsinədək düşmüşdür, yəni son 8 il ərzində 6,2 faiz bəndi qədər azalmışdır.

Əsas kapitala yönəldilən xarici investisiyaların sahə strukturuna baxdıqda, burada ümumən mədənçıxarma sənayesinin çox üstün payı qeyd edilməlidir: DSK-nın məlumatları əsasında hesablamalarımıza görə, 2015-2024-cü illər dövründəki cəmi belə investisiyaların 73,6 faizi və ya 41,3 milyard manatı məhz mədənçıxarma sənayesinin payına düşür (bu vəsaitin 99 faizi neft-qaz sənayesinə aiddir). Bu dövrdə xarici investorlar üçün maraq doğuran ikinci sahə 13,3 faizlik payla tikinti sektoru olmuşdur: son 10 ildə tikintidə əsas kapitala yönəldilən xarici investisiyanın miqdarı 7,5 milyard manat həcmində olub. Bu sıralamada üçüncü yerdə 5,2 faizlik payla nəqliyyat və anbar təsərrüfatı dayanır: bu sahəyə son 10 ildə 2,9 milyard manatlıq xarici investisiya cəlb olunmuşdur.

Ölkəmizin emal sənayesi hələ də xarici investorlar üçün maraq doğuran sahələr sırasına daxil ola bilməmişdir. Son 10 ildə ölkənin emal sənayesində əsas kapitala yönəldilən xarici investisiyanın miqdarı cəmi 959,8 milyon manat olmuşdur ki, bunun da 798,0 milyon manatı və ya 83,1 faizi bir il ərzində – 2019-cu ildə – baş vermişdir. DSK-nın məlumatına əsasən, 2019-cu ildə emal sənayesində əsas kapitala yönəldilən 798,0 milyon manatlıq xarici investisiyanın 778,0 milyon manatı və ya 97,5 faizi rezin və plastik kütlə məmulatlarının istehsalına, 13,0 milyon manatı və ya 1,6 faizi qida məhsulları istehsalına investisiya edilmişdir.

Son 10 ildə Azərbaycana xalis BXİ-nin axını

Məlumdur ki, ölkə iqtisadiyyatına yönəldilən xarici investisiyalar investorlar tərəfindən gəlir əldə etmək məqsədilə həyata keçirilir. Xarici investorlar yatırdıqları sərmayələr müqabilində əldə etdikləri gəlirləri (mənfəət, dividend və s.) zaman-zaman repatriasiya edirlər. Buna görə də ölkənin investisiya cəlbediciliyi və ya investorlar üçün maraq səviyyəsinin necə dəyişməsi əsasən xalis BXİ axınlarının qiymətləndirilməsini zəruri edir. Ölkəyə xalis BXİ axını (net inflows) dedikdə, eyni il ərzində ölkəyə daxil olan BXİ-nin miqdarı ilə ölkədən repatriasiya edilən investisiya gəlirləri arasındakı fərq başa düşülür. Bu göstərici ölkənin illik tədiyə balansının məlumatları əsasında hazırlanır. 2015-2024-cü illər dövründə Azərbaycana xalis BXİ axınının Dünya Bankının məlumatları əsasında hazırlanmış dinamikası diaqram 5-dəki kimidir. 

Diaqram 5. 2015-2024-cü illər dövründə Azərbaycana xalis BXİ axınının dinamikası, milyon ABŞ dolları.

 Mənbə: Dünya Bankı.

Diaqramdan göründüyü kimi, 2016-cı ildən sonrakı dövrdə ölkəmizə xalis BXİ axınlarının miqdarı ildən-ilə azalmış, 2021 və 2022-ci illərdə hətta mənfi işarəli olmuşdur: xarici investorların il ərzində Azərbaycandan repatriasiya etdikləri investisiya gəlirlərinin miqdarı ölkəyə yönəldilən yeni BXİ miqdarından 2021-ci ildə 1,7 milyard, 2022-ci ildə isə 4,5 milyard ABŞ dolları çox olmuşdur. Dünya Bankının məlumatına görə, son iki ildə ölkəmizin xalis BXİ axınlarında kiçik müsbət fərq (230-250 milyon ABŞ dolları) qeydə alınmışdır.

Nəticə

Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların cəlb edilməsi ilə bağlı son 10 ilə (2015-2024-cü illər dövrünə) aid məlumatların təhlili əsasında belə bir nəticəyə gəlmək olar ki, 2015-2016-cı illərdəki maliyyə-iqtisadi böhrandan sonra hökumətin atdığı addımlara rəğmən, ölkənin qeyri neft-qaz sektoru hələ də xarici investorlar üçün kifayət qədər cəlbedici olmamışdır. Ölkənin qeyri neft-qaz sahələrinə arzuolunan qədər BXİ-nin cəlb edilməsi üçün daha ciddi institutsional və struktur islahatlarına ehtiyac qalmaqdadır.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.