2025-ci ilin dövlət büdcəsinin parlament müzakirəsi bitdi və yaxın günlərdə dövlət başçısının təsdiqi ilə qüvvəyə minəcək. Hər il olduğu kimi, bu il də rəsmi təbliğatda büdcənin sosial ağırlıqlı olması əsas tezis kimi qabardıldı. Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayev büdcə ilə bağlı Milli Məclisin komitə iclaslarındakı müzakirələrdə bildirib ki, 2025-ci ildə dövlət büdcəsi xərclərinin 41 faizini və ya 16,7 milyard manatını sosialyönümlü xərclər təşkil edəcək. Nazirin məlumatına görə, büdcənin sosial xərclərinə dövlət büdcəsi vasitəsilə büdcə təşkilatlarında çalışanların əmək haqlarına ayrılan vəsaitlər də daxildir. Elə əsas problem də məhz buradan başlayır: nüfuzlu beynəlxalq təşkilatların yanaşmasına baxsaq, Azərbaycan rəsmi şəxslərinin sosial xərc və ya sosialyönümlü büdcə anlayışının xeyli dərəcədə problemli olduğunu aydın görərik. Azərbaycandan fərqli olaraq, Avropa Birliyi ölkələrində və ya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə büdcədə nəzərdə tutulan əmək haqqı xərcləri sosial xərc kateqoriyasına aid edilmir.
OECD-nin yanaşmasına görə, hökumətin sərəncam verdiyi büdcədə xərclərin sosial hesab edilməsi üçün 2 meyara cavab verməyi lazımdır: (i) müxtəlif əhali qruplarına nağd şəkildə verilən pul müavinətlərindən, yaxud natura formada təqdim olunan çeşidli mal və xidmətlərdən ibarət olmalıdır; (ii) bu xərclər milli gəlirin ev təsərrüfatları arasında yenidən bölüşdürülməsinin nəticəsi kimi meydana çıxmalıdır.
Burada nağd müavinətlərə aztəminatlı ailələr, qocalar, əlillər, xəstələr və ya işsizlər üçün büdcə ödənişləri daxildir. Natural formada pula ekvivalent yardımlar müxtəlif ölkələrdə fərqli şəkildə ola bilir. Məsələn, hansısa ölkədə yoxsul ailələrin uşaqlarına pulsuz süd, zəruri dərmanlar və ya yanacaq verilə bilir. Pul şəklində sosial müavinətlər ev təsərrüfatlarına nağd puldan digər mənbələrdən əldə etdikləri gəlirlər kimi sərbəst istifadə etməyə imkan tanıyır. Lakin natura şəklində verilən sosial müavinətləri alan ailənin bu müavinətlərdən necə istifadə etməsi ilə bağlı seçim azadlığı yoxdur.
Nağd ödənişlərin ekvivalenti olan natural yardımlardan savayı, milli hesablar metodologiyasına görə, natural formada sosial transfertlər də büdcənin sosial xərclərinin əhatə dairəsinə daxildir. BMT, Avropa Komissiyası, BVF, Dünya Bankı və OECD-nin birgə iştirakı ilə ərsəyə gəlmiş Milli Hesablar Sistemi 2008 Metodologiyasına əsasən, ev təsərrüfatlarının fərdi istehlakını təmin edən xərclər natural formada sosial transfertlər hesab edilir. Bura 4 istiqamət- təhsil, səhiyyə, sosial müdafiə və mədəniyyət üzrə xərclər daxildir. Yuxarıda adıçəkilən beynəlxalq metodologiyaya görə, hökumətin əhaliyə təqdim etdiyi pulsuz təhsil, səhiyyə və mədəni inkişafla bağlı xidmətlərin hamısı natural formada sosial transfertlər hesab olunur.
Beləliklə, pul və natural formada yardımların hamısı büdcənin sosial müdafiə funksional bölməsi, natural formada sosial transfertlərin isə təhsil, səhiyyə və mədəniyyət bölmələri çərçivəsində təqdim edildiyini nəzərə alsaq, sosialyönümlü büdcə həmin 4 xərc maddəsi əsasında hesablanmalıdır.
Yuxarıda qeyd olunan 2-ci meyar da önəmlidir. Söhbət xərcin sosial hesab edilmək üçün milli gəlirin yenidən bölüşdürülməsi prosesinin nəticəsi kimi meydana çıxmasından gedir. Milli hesablara dair metodologiyaya görə, əmək ödənişi xərcləri gəlirlərin ilkin və ya təkrar bölgü prosesində deyil, milli gəlirlərin yaranması mərhələsində formalaşır.
Beləliklə, milli hesablara dair beynəlxalq metodologiyadan da çıxış etdikdə, büdcədən məmurlara, polisə, hərbçilərə, kənd təsərrüfatı işçilərinə ödənilən əmək haqqı üçün xərcləri də əlavə edərək büdcənin sosialyönümlülüyü hesablana bilməz.
Maliyyə Nazirliyinin büdcə icrasına dair hesabatına görə, 2023-cü ildə icmal büdcənin sosial xərc istiqamətləri üzrə büdcə göstəriciləri aşağıdakı kimi olub:
- Dövlət büdcəsinin təhsil xərcləri – 4,2 mlrd. manat;
- Dövlət büdcəsinin səhiyyə xərcləri = 1,7 mlrd. manat;
- Dövlət büdcəsinin sosial müdafiə xərcləri – 4,3 mlrd. manat;
- Dövlət büdcəsinin mədəniyyət və incəsənət xərcləri – 463 mln. manat.
- Büdcələrarası transfertlər nəzərə alınmadan büdcədənkənar fondların sosial müdafiə xərcləri – 5,3 mlrd. manat.
OECD-nin standartından çıxış etsək, 2023-cü ildə Azərbaycanda hökumətin icmal büdcə çərçivəsində sosial xərclərinin ümumi məbləği 15,9 mlrd. manat təşkil edib. Bu, həmin il üzrə ÜDM-nin (123,1 mlrd. manat) 12,9%-ə bərabərdir. Amma Azərbaycan hökumətinin standartı əsas götürülsə idi, sosial xərclərin icmal büdcədə payı 51%-dən, ÜDM-də payı 16,5%-dən çox olardı.
Parlamentə təqdim olunan 2025-ci il üzrə büdcə zərfində açıqlanan məlumatlara görə, icmal büdcənin sosial xərcləri (sosial sahələrin əmək haqqı xərcləri nəzərə alınmadan) təxminən 19,5 mlrd. manat məbləğində proqnozlaşdırılır. Bu isə 2025-ci il üçün proqnozlaşdırılan ÜDM-nin (129 milyard manat) 15%-ə bərabərdir.
Müqayisə üçün qeyd etməkdə fayda var ki, Avropa Statistika Ofisinin məlumatına görə, 2022-ci ildə Avropa İttifaqı (Aİ) üzrə mərkəzi hökumətin sosial xərclərinin ÜDM-də payı 33% təşkil edib. Bu, Azərbaycanın analoji göstəricisindən 2,2 dəfə yüksəkdir. Lakin onu da nəzərə almaq lazımdır ki, Aİ ölkələrində yerli büdcələrin böyük potensialı var və mərkəzi büdcə ilə yanaşı yerli hökumətlərin də sosial xərcləmələri mövcuddur. Yerli və regional büdcə vasitəsilə xərclənən sosial vəsaitləri də nəzərə aldıqda, şübhəsiz ki, Azərbaycan və Aİ ölkələrinin büdcəsinin sosial yükü arasında fərq daha böyükdür.