fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Yetərli dəlil olmadan nəyəsə inanmaq yanlışdırmı? Vilyam Kliffordun “inam etikası”

Read this article on other language
Download article
image_pdf
image_pdf

Müəllif – Spensr Keys

İngilis dilindən tərcümə: Emin İmanlı

Bəzən kiminləsə mübahisəni dayandırmaq üçün belə deyirik: “Öz düşüncənə sahib olmaq haqqın var”.

Amma bu, doğrudurmu? İstədiyimiz hər bir şeyə inana bilərikmi?

Britaniyalı riyaziyyatçı və filosof Vilyam Kinqdon Klifford (1845-1879) İnam etikası adlı məqaləsində bu suala cavabın mənfi olduğunu sübut etməyə çalışır. O iddia edir ki, “yetərsiz dəlil əsasında nəyəsə inanmaq həmişə, hər yerdə və hər kəs üçün yanlışdır”. [1]

Klifford “dəlil” dedikdə, hər hansı bir inamın doğruluğu ilə əlaqəli olan təcrübə və arqumentləri nəzərdə tutur; dəlil – hər hansı bir inamın böyük ehtimalla doğru və ya yanlış olub-olmadığını təyin etmək üçün müvafiq məlumatdır. [2]

Əgər Klifford düz deyirsə, onda istədiyimiz şeyə inanmaq haqqımız yoxdur; əslində, inamlarımızın lehinə tutarlı dəlilimiz olmadığı təqdirdə onlara malik olmaq əxlaqi baxımdan yanlış ola bilər.

Bu məqalə Kliffordun baxışını izah edir.

1. Gəmi nümunəsi

Klifford öz fikrini əsaslandırmaq üçün əvvəlcə oxuculardan gəmisinin bahalı təmirə ehtiyaclı ola biləcəyinə dair dəlili olan bir gəmi sahibini təsəvvür etmələrini istəyir. Gəmi sahibi bu xərci ödəmək istəmir, ona görə də xoş gümanlıqla inanmaq istədiyi şeyə özünü inandırır. Klifford yazır:

“Beləliklə, o, gəmisinin tamamilə təhlükəsiz və dəniz səfəri üçün yararlı olduğuna dair səmimi və təsəlliverici bir qənaət əldə edir; müsafirlərə xeyir-dua verərək gəminin gedişini könül rahatlığı ilə seyr edir və gəmi okeanın ortasında batdıqda öz sığorta pulunu alır və bu haqda heç nə danışmır”. [3]

Əgər gəmi sahibinin gəmisinin dəniz səfəri üçün yararlı olduğuna dair inamı tutarlı dəlilə əsaslansaydı, gəminin batması bədbəxt bir hadisə olmuş olsa da, o, günahlandırılmağa layiq olmazdı. Biz bu nəticəyə görə onu günahlandırırıq, çünki onun inamı əlində olan dəlillərin əksinə olaraq formalaşıb. O daha yaxşı bilməli idi və ya ən azı, daha yaxşı inanmalı idi: dəlillərin əksinə olaraq inanmağı yanlış idi. [4]

2. Bütün inamlar mühümdür

Nəticə belə fəlakətli olduğundan gəmi sahibinin uğursuzluğu xüsusilə pis görünür. Amma Klifford hesab edir ki, yetərsiz dəlil əsasında inanmağı rədd edən əxlaqi prinsip bütün inamlara, hətta əhəmiyyətsiz görünən inanmlara belə şamil olur. O yazır:

“Heç bir həqiqi inam – nə qədər dəyərsiz və rabitəsiz görünür-görünsün – əsla əhəmiyyətsiz deyil; o bizi öz tayını daha çox qəbul etməyə, öncədən özünə oxşayanları təsdiqləməyə, digərlərini isə zəiflətməyə hazırlayır və beləliklə, tədricən ən gizli düşüncələrimizin içərisində gizli bir qatar yola salır ki, bu da bir gün aşkar əmələ çevrilə və həmişəlik öz damğasını xarakterimizə vura bilər”. [5]

Klifford iddia edir ki, heç bir inam digərindən təcrid olunmur: biz həmişə öz intellektual xarakterimizi formalaşdırmaq prosesi içərisindəyik. Hətta sevimli komandamızın bir oyunda qalib gəlib-gəlməməsi kimi bir şey haqqında diqqətsiz və ya diqqətli əsaslandırma belə bizi daha mühüm şeylər haqqında düşünməyimizi korlayacaq pis mental vərdişlər yaratmaq təhlükəsi ilə üz-üzə qoyur. Beləliklə, dəlilsiz və ya dəlilin əksinə olaraq inanmaq həmişə özümüz və başqaları üçün qəbuledilməz risklər doğurur.

3. Doğru inamlar ümumi resurs kimi

Adətən, inamlarımızın öz şəxsi mülkümüz olduğunu düşünsək də, Klifford iddia edir ki, eynilə hava və suyun ümumi resurslar olduğu kimi “inam… da özümüz üçün deyil, bəşəriyyət üçündür”. [6]

“Ortaq epistemik sərmayələr” termini (“epistemik” biliklə əlaqəli deməkdir) hamımızın kollektiv şəkildə güvəndiyimiz ortaq biliyə və inam formalaşdırma üzrə etibarlı praktikalara işarədir. [7] Ortaq epistemik sərmayələrdəki yanlış və əsassız inamlar bir növ çirklənmədir. Zəhərli tullantıları içməli su üçün istifadə edilən çaya atmağımız yanlış olduğu kimi, inamlarımız üzərində xüsusi nəzarəti itirməklə ortaq epistemik sərmayələri korlamağımız da yanlışdır.

Ehtiyaclı insanlara qarşı yaxşılıq etmək vəzifəmiz olduğu kimi, daha çox öyrənməklə və düşünmə vərdişlərini daha yaxşı inkişaf etdirməklə ortaq epistemik sərmayələrimizi yaxşılaşdırmaq vəzifəmiz də var. Sadəcə müəyyən həddə qədər təmizlənə bilən hava və suyun əksinə olaraq, ortaq epistemik sərmayələrin nə qədər yaxşılaşdırıla bilməsinə dair heç bir məhdudiyyət yoxdur.

4. İnam etikasının tətbiqi

İnam etikasına görə, inamlarımızdan nə qədəri əxlaqi baxımdan əldə edilir? Bir çox insanlar siyasət, din, fəlsəfə və elm haqqında qəti inama malikdir. Əgər səmimi olsaq, böyük ehtimalla nəticə çıxarmalıyıq ki, bu inamların çoxu Kliffordun meyarlarına cavab vermir: dəlillərimiz o qədər də güclü deyil.

Digər tərəfdən, Klifford nəyin “yetərli dəlil” sayıldığı haqqında çox şey demir. Onun öz məqaləsində dedikləri “mövcud dəlillər bəzən ağılabatan fikir ayrılıqları üçün cığır açır” fikri ilə uzlaşır. [8]

Görəsən, bu o deməkdir ki, biz hər zaman dəlicəsinə dəlil toplamalıyıq? Hökmən belə olmalı deyil; Klifforda görə, kifayət qədər dəlilimiz olmayana qədər mühakiməni dayandırmaqda həmişə azadıq:

“Kimisi belə deyir: mən məşğul adamam; özümü müəyyən məsələlərdə hər hansı bir dərəcədə səriştəli ekspert etmək və ya arqumentlərin mahiyyətini anlaya bilmək üçün zəruri olan uzunmüddətli araşdırma üçün vaxtım yoxdur”.

Onda onun inanmaq üçün də vaxtı olmamalıdır. [9]

Hər hansı bir mövzu haqqında çox şey bilmədikdə, onun haqqında qəti fikir bildirməmək üçün məsuliyyət daşıyırıq. Biz onun haqqında daha çox öyrənə və ya vaxtımızı başqa bir şəkildə sərf etməyə qərar verə və daha çox öyrənənə qədər mühakimə yürütməyi dayandıra bilərik. Şüurlu bir fikir formalaşdırmaq üçün nə zaman kifayət qədər dəlilə malik olmadığımızı bilmək intizamlılıq tələb edir, amma inamları formalaşdırmazdan qabaq tutarlı dəlilə malik olanaq qədər gözləmək ağıllı və müdrikanə davranışdır.

Bəziləri deyirlər ki, əməl edə bilmək üçün qəti inamlara malik olmalıyıq. Amma Klifford bildirir ki, biz hətta qəti inamlar formalaşdırmaq üçün həddindən ziyadə əminsizliyin olduğu yerlərdə belə “ehtimallar əsasında əməl edə” bilərik. Odur ki “vicdanlı araşdırma vərdişi gündəlik həyat davranışlarımızı iflic edəcək deyə qorxmaq üçün heç bir səbəbimiz yoxdur”. [10]

5. Nəticə

İnamlar əxlaqi baxımdan əhəmiyyətlidir: onlar bizim davranış tərzimizə təsir göstərir və ciddi səhvlər çox vaxt kifayət qədər dəlil olmadan inanmaqdan irəli gəlir. Əgər Klifford haqlıdırsa, onda çoxumuz və bəlkə də, hamımız ara-sıra əxlaqi baxımdan səhlənkarlıq edirik. Etiraf etmək istəməsək də, bizim hamımız gəmi sahibi kimi ola bilərik. Xoşbəxtlikdən, hamımız inamlarımızı dəlillərlə tarazlaşdırmaq qərarını qəbul etməklə daha da yaxşı ola bilərik.

 

Qeydlər:

  1. Clifford, 1886, p. 175.
  2. “Epistemik əsaslandırma” nəzəriyyələri nəyə inanmalı, nəyə inanmamalı olduğumuzu, nəyə inanmaqda əsasımızın olduğunu epistemoloji nöqteyi-nəzərdən müəyyənləşdirməyə çalışır və əsas hədəfi də doğruluq, ağılabatan inamlar və bilik axtarışıdır.

Epistemik əsaslandırmaya dair məşhur bir nəzəriyyə evidensializm adlı nəzəriyyədir; bu baxışa əsasən, epistemoloji nöqteyi-nəzərdən biz yalnız dəlillərimizin dəstəklədiyi şeyə inanmalıyıq.

Kliffordun inam etikasına görə, bizim əxlaqi öhdəliyimiz var ki, inamlarımız evidensialist meyara əsasən əsaslandırılmalı və buna görə də güclü, yetərli dəlil üzərində qurulmalıdır. Evidensializmə giriş üçün bax: Tomas Metkalf, Epistemology, or Theory of Knowledge; epistemik əsaslandırma konsepsiyasına giriş üçün isə bax: Epistemic Justification: What is Rational Belief? by Todd R. Long.

  1. Clifford, 1886, p. 164.
  2. Klifford yetərsiz dəlil əsasında inanmağın əxlaqi baxımdan yanlış olduğunu iddia edərkən hər hansı bir xüsusi əxlaq nəzəriyyəsinə müraciət etmir, amma onun mövqeyi konsekventializm adlı əxlaq nəzəriyyəsinə daha çox uyğun gəlir; bu nəzəriyyəyə görə, biz ümumilikdə daha yaxşı nəticələr verən əməlləri etməliyik. Hər halda, Klifford göstərməyə çalışır ki, yetərsiz dəlillər əsasında inanmaq adətən pis nəticələrə yol açır. Konsekventializmə giriş üçün bax: Şeyn Qranholz, Consequentialism and Utilitarianism. Bununla belə, Kliffordun mövqeyi müxtəlif əxlaq nəzəriyyələri – fəzilətə fokuslanan və əksinə, tətbiq edilə bilən nəzəriyyələr ilə də dəstəklənə bilər. Bax: Virtue Ethics by David Merry.
  3. Clifford, 1886, p. 169.
  4. Clifford, 1886, p. 170.
  5. Hrişikeş Coşi “ortaq epistemik sərmayələr” konsepsiyasını Why It’s Ok to Speak Your Mind adlı kitabında irəli sürür.
  6. Hər hansı bir inamın doğru və ya yanlış olmasına dair fikir ayrılıqlarına – xüsusən də fikir ayrılığı olan insanlar təxminən eyni dərəcədə məlumatlı olub öz baxışlarının lehinə eyni dərəcədə güclü dəlilə malik olduqda – necə cavab verilməsi məsələsinin müzakirəsi üçün bax: Canatn Məsisn, The Epistemology of Disagreement. Burada əsas sual belədir: əgər biz belə bir fikir ayrılığına malik olsaq, bu vaxt əmin olaraq qalıb inandığımıza inanmağa davam etməliyik, yoxsa əminliyi kənara qoyub, bəlkə də, razılaşmadığımız insan(lar)ın inam(lar)ını qəbul etməliyik, yoxsa əminliyi kənara qoyub mövzu haqqında mühakimə yürütməyi dayandırmalıyıq (və onun haqqında daha çox araşdırmalıyıq), yoxsa başqa bir mövqe sərgiləməliyik?
  7. Clifford, 1886, p. 176.
  8. Clifford, 1886, pp. 177-178.

 

İstinadlar:

– Clifford, W. K. 1886. “The Ethics of Belief.” Originally published in Contemporary Review, 1877; reprinted in William K. Clifford, Lectures and Essays, ed. Leslie Stephen and Frederick Pollock. Macmillan. 1886, pp. 163-205.

– Joshi, Hrishikesh. 2021. Why It’s Ok to Speak Your Mind. Routledge.

 

Qeyd: Bu məqalə “1000wordphilosophy.com” saytından əldə edilən razılıq əsasında Azərbaycan dilinə tərcümə edilib. Mənbə: https://1000wordphilosophy.com/2022/01/28/ethics-of-belief/.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.