fbpx

Cəmiyyət

Cəmiyyət

İran milli dron proqramının yaranması və təkamülü

Read this article on other language
Download article
image_pdf
image_pdf

2022-ci ilin əvvəlindən Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçılıq müharibəsi uzun illərdir mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturasını əsaslı şəkildə dəyişməklə bərabər, qlobal siyasi-iqtisadi kataklizmalara da səbəb oldu. Müharibənin ilk həftələrində Rusiya qoşunlarının Ukraynanın iri şəhərlərini intensiv formada ağır raket və artilleriya zərbələrinə məruz qoymasına baxmayaraq, qarşı tərəf qısa zamanda hərbi-siyasi gücünü konsolidasiya edərək əks-hücum əməliyyatlarını təşkil etməyə müvəffəq oldu.

Aramsız artilleriya və raket zərbələrinin uğursuz olması növbəti aylarda Rusiyanı hərbi taktikada müəyyən dəyişikliklər etməyə sövq etdi. Nəticədə Rusiya ənənəvi müütəfiqləri olan Çin və İrana qeyri-rəsmi kanallar vasitəsilə yardım çağırışı etməyə məcbur oldu.[1] Qərb ölkələri, əsasən də ABŞ ilə son bir neçə ildir davam edən konfrantasiyanı daha da mürəkkəbləşdirməmək üçün Çin Rusiyaya açıq hərbi yardım etməkdən boyun qaçırsa da, İran İslam Respublikası Rusiyaya yerli istehsal olan zərbə (kamikaze) dronlarını ixrac etməyə başladı. İran istehsalı olan Şahid və Mohajer dronlarının ilk günlərdə Rusiya tərəfindən effektiv şəkildə Ukraynanın mülki infrastrukturuna qarşı istifadəsi beynəlxalq səviyyədə İranın dron sənayesinə olan marağı yenidən artırdı və İranın uzun inkişaf yolu keçmiş milli dron proqramının Yaxın Şərq regionunun təhlükəsizliyinə olan real təhlükəsini qabarıq formada ön plana çıxardı.[2]

Bu yazının əsas məqsədi dron proqramının İranın milli təhlükəsizlik maraqlarının təmin edilməsindəki rolunu müəyyən etməkdir. Həmçinin bu yazı qısa olaraq İranın dron proqramından istifadə edərək müxtəlif regionlarda yeni münaqişə ocaqları yaratmaq cəhdlərindən bəhs edəcək. Məqalənin birinci hissəsi milli dron proqramının İranın milli təhlükəsizlik konsepsiyasındakı əhəmiyyətinə, həmçinin İslam inqilabından qısa müddət sonra İranın milli təhlükəsizliyinə təhdid yaradan beynəlxalq və regional faktorların dron proqramının texniki təkamülünü necə sürətləndirdiyinə nəzər salacaq. Məqalənin ikinci hissəsi isə İranın 2000-ci illərin əvvəllərindən istehsal etdiyi zərbə dronlarının sürətlə yayılmasının və geniş formada istifadə edilməsinin Yaxın Şərq regionunun təhlükəsizliyinə törətdiyi təhdidlər haqqındadır.

Milli Dron proqramının İranın milli təhlükəsizlik konsepsiyasında yeri

1979-cu il  İranda İslam inqilabının başa çatması və teokratik hakimiyyətin bərqərar olması ilə yeni hökümət ABŞ başda olmaqla aparıcı Qərb ölkələrinin və institutlarının ağır iqtisadi sanksiyalarına məruz qaldı. Nəticə olaraq sanksiya siyasəti İran İslam Respublikasını tam olaraq siyasi arenadan sıxışdırıb çıxarmağa və onun destruktiv regional siyasətinin qarşısını almağa müvəffəq olmasa da, hökuməti hərbi-texnoloji və texniki təminat baxımından çıxılmaz vəziyyətə saldı. Davamlı sanksiyalar nəticəsində illər keçdikcə İranın balansında mövcud olan hərbi texnikanın böyük hissəsi, xüsusilə də hərbi hava qüvvələri qismən və ya tam olaraq yararsız vəziyyətə düşdü.[3]

İslam inqilabının ilk illərindən etibarən yeni hökumət yerli hərbi sənayeni yenidən dirçəltmək və regiondakı hərbi güc balansını qoruyub saxlamaq üçün 1984-cü ildən özünün milli dron proqramının əsasını qoydu. Təbii olaraq, həmin illərdə embarqo şəraitində çox kiçik və primitiv dronlar istehsal edən İranın illər keçdikcə bu sahəni sürətlə inkişaf etdirə biləcəyini təxmin etmək qeyri-mümkün idi.[4]

İranda yerli dronların ilk kütləvi istehsalı o dövrdə davam edən qanlı İran-İraq müharibəsinə təsadüf edirdi. Müharibənin ən qızğın çağında Almaniya, Fransa, Sovet İttifaqı və Çin kimi aparıcı güc mərkəzlərinin də davamlı hərbi dəstəyilə İraq qüvvələrinin davamlı raket zərbələrinə cavab reaksiyası olaraq İran Əbabil-1 zərbə dronunun istehsalını kütləvi hala gətirərək düşmən ordusu üzərində üstünlük əldə etməyə nail oldu.[5] Lakin uzunmüddətli müharibədə İran dron proqramının köməyi ilə öz əvvəlki sərhədlərini bərpa etsə də, 1988-ci ildə İran hərbi dəniz qüvvələrinin Fars Körfəzində ABŞ hərbi donanması ilə silahlı qarşıdurması Tehran hökuməti üçün çox ağır nəticələrə gətirib çıxardı.[6] Bu məğlubiyyət həm İran üçün milli dron proqramının əhəmiyyətini daha da artırdı, həm də cəmiyyətdə düşmən ölkələri üzərində (ABŞ, İsrail və Körfəz monarxiyaları) hərbi üstünlüyün təmin edilməsi narrativini bərqərar etdi.

Lakin həmin illərdə İranın yerli dron istehsalını texniki cəhətdən tam olaraq qüsursuz adlandırmaq qeyri-mümkündür. İslam inqilabından dərhal sonra ölkəyə qarşı tətbiq edilən çoxsaylı sanksiyalar döyüş dronlarının istehsalı üçün zəruri olan avadanlıqların idxalını mümkünsüz etdi. Nəticədə İran höküməti daxili imkanlar hesabına əsasən çox qısa məsafələri qət edə bilən kəşfiyyat dronlarının istehsalına üstünlük verməyə başladı. Bu məqsədlə yeni İslamçı hökumət 1985-ci ildə Qüds Aviasiya Sənayesi şirkətini təsis etdi. İlk illərdə bu sənaye müəssisəsi kəşfiyyat dronlarının istehsalı ilə məşğul olsa da, artıq 2000-ci illərin ortalarından Ghods Saeghe adlı zərbə dronlarının istehsalını da həyata keçirir. Həmçinin əsası hələ şah hakimiyyəti dövründə qoyulan və inqilabdan əvvəl ABŞ tərəfindən İsfahan şəhəri yaxınlığında inşa edilən İran Təyyarə İstehsalı şirkəti də İran-İraq müharibəsinin ilk illərindən bu günə qədər digər növ zərbə dronlarının daimi istehsalına başladı.[7]

Yuxarıda sadalanan nailiyyətlərə baxmayaraq, İran istehsalı dronlar 1980-2000-ci illərdə regional ölkələrin milli təhlükəsizliyi üçün potensial olsa da, real təhdid hesab edilmirdi. İlkin mərhələdə İran dronlarının zəif nəticələr göstərmələrinin əsas səbəbi milli dron proqramının inkişafının birbaşa olaraq yeni hökumətin əsas dayaq nöqtəsi hesab edilən İran İslam İnqilabı Keşikçiləri Korpusunun və onun tabeliyində olan yerli güc strukturlarının nəzarətində olması idi.

Zaman keçdikcə dron proqramının İslam Korpusunun nəzarətində arzuolunan formada inkişaf edə bilməyəcəyini dərk edən İran höküməti növbəti illərdə dron proqramının inkişafına dair ənənəvi yanaşmanı dəyişməyə məcbur oldu. Nəticədə tanınmış yerli mütəxəssisləri və elm xadimlərini prosesə cəlb etmək üçün hökumət dron proqramını akademik tədqiqatlar üçün əlçatan etmək qərarını verdi. Bu məqsədlə İran müxtəlif ali təhsil müəssisələrini, əsasən Şərif Texnologiya Universiteti və digər yerli tədqiqat mərkəzlərini də dron proqramının inkişaf etdirilməsi prosesinə cəlb etməyə başladı. Nəticə olaraq, 2003-cü ildən yerli istehsal olan zərbə dronları sadəcə İran ordusu tərəfindən yox, Suriya, İraq, Livan və Yəməndəki şiddətli vətəndaş müharibələrində iştirak edən İranın proksi qüvvələri tərəfindən də geniş istifadə edilməyə başlandı.[8]

Həmçinin İran Yaxın Şərq regionunda öz təsir dairəsini daha da gücləndirmək və ABŞ-İsrail tandemi başda olmaqla, şeytan ittifaqına daxil olan digər ölkələrlə mübarizə aparmaq üçün tabeliyində olan bəzi proksi qüvvələr üçün  də yerli dron texnologiyasını əlçatan hala gətirdi. Məsələn, İsrail təhlükəsizlik orqanlarının əvvəlki hesabatlarına əsasən, hələ 2004-2005-ci illərdə Livanda mərkəzləşən radikal məzhəbçi Hizbullah təşkilatı İran istehsalı Mirsad-1 kəşfiyyat dronu vasitəsilə İsrailin hava səmasına bir neçə dəfə daxil olmağa müvəffəq olmuşdu.[9] İrana bağlı proksi qüvvələrin aktiv şəkildə silahlandırılması və növbəti illərdə zərbə dronları ilə təchiz edilməsi regional nüfuz mübarizəsindən əlavə, Tehranın milli təhlükəsizlik strategiyasının əsas tərkib hissələrindən sadəcə biridir.

İran dron sənayesinin sürətli inkişafı ilk illərdə region dövlətləri tərəfindən ciddi təhlükə mənbəyi olaraq qəbul edilməsə də, daha sonralar Yəməndə vətəndaş müharibəsinin həlledici dövründə Tehran hökumətinin dəstəklədiyi Huti qiyamçılarının 2016-cı ildə ərəb ölkələrinin Yəməndəki koalisiya güclərinə qarşı zərbə dronlarından (Qasif) istifadə etməsi və sonrakı illərdə bu dronların vasitəsilə Səudiyyə Ərəbistanın enerji infrastrukturuna dəqiq zərbələr endirməsi ilə təhlükənin miqyası daha aydın şəkildə hiss edilməyə başladı.[10] Məsələn, İranın dron proqramının yaratdığı real təhlükələr barədə ilk açıq etirafı da 2021-ci ildə ABŞ Mərkəzi Komandanlığının sabiq rəhbəri general Kennet Makenzi ABŞ Senatındakı çıxışı zamanı etdi. Makenzinin sözlərinə görə, “İranın istehsal etdiyi və proksi güclər tərəfindən geniş istifadə edilən kiçik və orta mənzilli zərbə dronları ABŞ-ın regiondakı müttəfiqlərinə yeni və kompleks təhlükə yaradır. Buna görə biz hələ də Körfəz regionundakı hava səmasına tam nəzarəti təmin edə bilmirik.”[11]

Artan təhlükə riski ilə region dövlətlərinin, xüsusilə İsrailin, İranın dron proqramı ilə qeyri-ənənəvi mübarizə metodları daha da sistematik xarakter almağa başladı. Belə ki, 2020-ci ildən İranın dron və nüvə proqramlarında çalışan Əyyub Entezari, Möhsün Fəxrizadə, polkovnik Həsən Xodayi və polkovnik Əli İsmayılzadə kimi tanınmış alimlərin və yerli güc strukturlarının yüksəkrütbəli əməkdaşlarının silsilə qətlləri əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artdı.[12] 2020-2022-ci illərdə baş verən bu silsilə qətllər İranın nüvə və dron proqramlarının sürətli inkişafını qismən ləngitsə də, tam olaraq sıradan çıxarmağa müvəffəq olmadı.

Milli dron proqramı ilə bağlı Qərb ölkələrinin və İsrailin artan narahatlığı fonunda İran höküməti proqramın inkişafı istiqamətindəki səylərini daha da gücləndirdi və yerli dronların real döyüş şəraitində potensialını ölçmək məqsədilə 2022-ci ildən etibarən Rusiyaya ixrac etməyə başladı.[13] Bunun nəticəsində 2022-ci ilin iyul ayında Qərb mediasında İranın Rusiyaya gizli şəkildə Şahid-136 (Geran) kamikaze dronlarını ixrac etdiyi ilə bağlı məlumatlar peyda oldu.[14] İlk günlər həm Rusiya, həm də İran bu məlumatları təkzib etsələr də, qısa müddət sonra Ukrayna qüvvələri tərəfindən vurulmuş İran dronlarının açıq şəkildə nümayişi əvvəlki məlumatları təsdiqlədi.[15]

Ukraynanın Rusiya tərəfindən işğalı fonunda İranın rəsmi Moskvaya hərbi yardım göstərməsi və zərbə dronlarının kütləvi ixracını həyata keçirməsini bir neçə səbəblə izah etmək olar. Ən əsas səbəblərdən biri Tehranın dron ixracını Qərb ölkələrinin anti-İran koalisiyasına əlavə təzyiq vasitəsi kimi istifadə etməsi və bu yolla nüvə danışıqları prosesində müəyyən güzəştlər əldə etmək istəyidir. Lakin bu destruktiv yanaşmaya baxmayaraq, Qərb ölkələri bu məsələdə geri addım atmayaraq, İran və Rusiya üzərində olan beynəlxalq təzyiqləri daha da artırdı və eyni zamanda Ukraynaya dron hücumları əleyhinə istifadə etmək üçün daha müasir silahların verilməsi prosesini sürətləndirdi.[16]

İran istehsalı dronların beynəlxalq təhlükəsizliyə təhdidləri

Rusiya ordusunun Ukraynaya qarşı istifadə etdiyi İran dronları ilk vaxtlarda mülki infrastruktura və hərbi obyektlərə ciddi təhdidlər törətsə də, daha sonralar bu təhlükənin miqyası qismən təsirini itirməyə başladı. Hərçənd Ukrayna səmasında vurulan İran dronlarının tədqiqi göstərdi ki, İran son on il ərzində yerli dronların texniki bacarıqlarını bir az daha təkmilləşdirməyə nail olub. Belə ki, Böyük Britaniya mərkəzli Conflict Armanent Research (CAR) müstəqil araşdırma təşkilatı müəyyən etdi ki, yeni nəsil İran dronları daha əvvəllər Yəməndə və Suriyada istifadə edilən Şahid-129 Əbabil-2 dronlarından fərqli olaraq, dumanlı hava şəraitində də müəyyən edilən hədəfi dəqiqliklə məhv etmək xüsusiyyətinə malikdir.[17] Həmçinin Ukrayna ordusunun istifadəsində olan Sovet istehsalı hava hücumundan müdafiə sistemlərinin Şahid-136 dronlarına qarşı qeyri-effektiv olması yerüstü hədəfləri rahatlıqla məhv etmək imkanı verirdi.[18]

Ümumi olaraq, İran üçün yerli dronların Rusiya tərəfindən Ukrayna cəbhəsində geniş şəkildə istifadəsi kritik əhəmiyyət daşıyır, çünki real döyüş şəraiti İranlı istehsalçılara dronların zəif və güclü tərəflərini birbaşa tədqiq edib çatışmazlıqları aradan qaldırmaq imkanı yaradır. Həmçinin sadə idarəetmə sisteminə malik və dəyərinə görə rəqiblərindən dəfələrlə ucuz olan İran dronları Tehran hökuməti üçün bu hərbi məhsulu Tacikistan, Efiopiya, Venesuela, Serbiya kimi potensial alıcı ölkələrə ixrac edərək əlavə təsir vasitəsi qazanmaq üçün əhəmiyyətli bir vasitədir.

Dron proqramı sahəsində Rusiya ilə əməkdaşlıq həm də ona görə vacibdir ki, 2022-ci ilin sonlarında əldə edilən yeni anlaşma ilə İran öz dronlarını rus hərbi zavodlarında yığmaq imkanı əldə etdi. Bu yolla da İran yerli dron istehsalı prosesini qismən başqa ölkənin ərazisinə köçürərək beynəlxalq sanksiyalardan və embarqo şəraitindən yayınmağa (ən azından hələlik) müvəffəq ola bildi.[19]

Ukraynada davam edən müharibə qlobal səviyyədə təhlükəsizlik kataklizmalarına səbəb olmaqla bərabər, praqmatik, lakin destruktiv regional siyasət yürüdən İran üçün də yeni siyasi manevr imkanları yaratdı. Belə ki, İran hökuməti yerli dron istehsalı amilindən istifadə edərək Qərb koalisiyasını uzun illərdən bəri dondurulmuş münaqişələri alovlandırmaqla təhdid etməyə başlayıb. Məsələn, Rusiya, Efiopiya və Venesuelaya dron ixracından sonra İran hazırda Serbiya höküməti ilə potentsial dron ixracı ilə bağlı danışıqlar aparır və bunu yerli mətbuatda geniş şəkildə işıqlandırır.[20] Serbiyaya zərbə dronlarının ixracı isə 2022-ci ildən rəsmi Belqrad ilə Kosovo arasında artan siyasi gərginlik fonunda Balkan regionundakı qeyri-stabil sabitliyi yenidən poza və yeni silahlı qarşıdurma yarada bilər.[21]

Nəticə

İranın milli dron proqramının əsası ilk dəfə düşmən ölkənin üzərində üstünlük əldə etmək məqsədilə qoyulsa da, sonrakı illərdə kütləvi dron istehsalı İrana qonşu dövlətlər üzərində əlavə təsir mexanizmi yaratmaq və regiondakı milli maraqlarını müdafiə etmək üçün təsirli bir vasitəyə çevrildi.

2002-ci ildən bu yana anti-İran koalisiyasına daxil olan ölkələr Tehranın dron proqramını yaxından izləsələr də, bu günə qədər İranda istehsal edilən zərbə və kəşfiyyat dronlarının dəqiq sayı ilə bağlı fərqli fikirlər mövcuddur. Bu məxfiliyin bu günə qədər qorunmasında isə ən əsas pay sahibi, şübhəsiz ki, İslamçı hökumətin əsas onurğasını təşkil edən İran İslam İnqilabı Keşikçiləri Korpusudur. Bu məxfilik siyasəti həm İranın xaricdəki düşmənlərində vahimə yaratmaq, həm də daxili auditoriyaya daha rahat təsir etmək məqsədi daşıyır.

İranın yürütdüyü qorxutma, və məcburetmə siyasəti onu sübut edir ki, yaxın gələcəkdə Qərb ölkələri ilə uzunmüddətli konfrontasiya başa çatsa belə, İslamçı hökumətin milli dron proqramı məsələsində kompromisə gedəcəyi ehtimalı olduqca zəifdir. Buna görə də ABŞ və müttəfiq ölkələr beynəlxalq sanksiyaları daha da sərtləşdirməli və İranın dron istehsalı üçün qanunsuz yollarla ehtiyat hissələri əldə etmək imkanlarını tam olaraq məhdudlaşdırmalıdır.

 

Qeydlər və istinadlar:

[1] Li, Jason (2023). Ukraine at One Year: Has China Supported Russia? https://www.stimson.org/2023/ukraine-at-one-year-has-china-supported-russia/

[2] Army Recognition (2022). Ukrainian MoD confirms the use of Iranian-made Mohajer-6 drones in Ukraine by Russian army. armyrecognition.com/ukraine_-_russia_conflict_war_2022/ukrainian_mod_confirms_the_use_of_iranian-made_mohajer-6_drones_in_ukraine_by_russian_army.html

[3] Axe, D (2021). Iran Has One of the World’s Most Outdated Air Forces. URL: https://nationalinterest.org/blog/reboot/iran-has-one-worlds-most-outdated-air-forces-195428

[4] The New Arab (2022). How Iran launched and expanded its drone program. URL: https://www.newarab.com/news/explainer-how-iran-launched-and-expanded-its-drone-program

[5] Timmerman, Kenneth R (1991). The Death Lobby: How the West Armed Iraq, pp: 30-32

[6]  The New York Times (1988). U.S Strikes 2 Iranian Oil Rigs and Hits 6 Warships in Battles over Minin Sea Lanes in Gulf. URL: https://www.nytimes.com/1988/04/19/world/us-strikes-2-iranian-oil-rigs-hits-6-warships-battles-over-mining-sea-lanes-gulf.html

[7] Streetly, M (2013). IHS Jane’s all the world’s aircraft : unmanned : 2013-2014

[8] Eisenstadt, M (2020). If the Arms Ban Ends: Implications for Iran’s Military Capabilities. Washington Institute for Near East Policy. URL: https://www.washingtoninstitute.org/policy-analysis/if-arms-ban-ends-implications-irans-military-capabilities

[9] Center for Arms Control (2004). Terrorists Develop Unmanned Aerial Vehicles. URL: http://www.armscontrol.ru/UAV/mirsad1.htm

[10] Knights, M (2021). Yemen’s “Southern Hezbollah”: Implications of Houthi Missile and Drone Improvements. URL: washingtoninstitute.org/policy-analysis/yemens-southern-hezbollah-implications-houthi-missile-and-drone-improvements

[11] Nadimi, F (2022). Iran’s Game of Drones. URL: https://www.washingtoninstitute.org/policy-analysis/irans-game-drones

[12] Shahbazov, F (2022). How “Spy Games” Between Iran and Israel Could Enflame Regional Tensions. URL: https://gulfif.org/how-spy-games-between-iran-and-israel-could-enflame-regional-tensions/

[13] The Guardian (2022). Drone analysis in Ukraine suggests Iran has supplied Russia since war began. URL: https://www.theguardian.com/world/2022/nov/10/iranian-made-drones-supplied-to-russia-after-february-invasion-says-ukraine

[14] CNN (2022). White House says Iran is preparing to supply Russia with weapons-capable drones. URL: https://edition.cnn.com/2022/07/11/politics/iran-russia-weapons-capable-drones/index.html

[15] Times of Israel (2022). Iranian drones in Russian hands show there’s already one victor in Ukraine war: Iran. URL: timesofisrael.com/iranian-drones-in-russian-hands-show-theres-already-one-victor-in-ukraine-war-iran/

[16] Mcleary, P (2023). The little-known weapon knocking down Iranian drones over Kyiv. URL: https://www.politico.com/news/2023/01/04/weapon-iranian-drones-ukraine-00076442

[17] CAR (2022). Dissecting Iranian drones employed by Russia in Ukraine. URL: https://storymaps.arcgis.com/stories/7a394153c87947d8a602c3927609f572

[18] İbid (2022).

[19] Jerusalem Post (2022). Iran, Russia sign deal to begin Iranian drone production on Russian soil. URL: https://www.jpost.com/international/article-722841

[20] Arab Weekly (2021). Ethiopia suspected of using Iranian drones against Tigray rebels. URL: https://thearabweekly.com/ethiopia-suspected-using-iranian-drones-against-tigray-rebels

[21] Shahbazov, F (2023). Iranian Drones Could Tear the Balkans Apart. URL: https://gulfif.org/iranian-drones-could-tear-the-balkans-apart/

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.