fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Universalilər haqqındakı biliklərimiz barədə

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bertran Rassel (Bertrand Russell; 1872-1970) məşhur britaniyalı filosof, analitik fəlsəfənin yaradıcılarındandır. Onun zəngin yaradıcılığı fəlsəfənin bir çox fundamental suallarına cavab axtarışını özündə ehtiva edir. Hazırda biz Rasselin dünyanın onlarca müxtəlif dillərinə tərcümə edilmiş, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan Fəlsəfənin problemləri (The Problems of Philosophy) əsərini ingilis dilindən Azərbaycan dilinə tərcümə etməkdəyik. Əsər on beş fəsildən ibarətdir ki, onların da hər biri mühüm bir fəlsəfəsi mövzuya həsr edilmişdir. Tərcüməmizin onuncu hissəsini aşağıda oxuya bilərsiniz.

Dr. Anar Cəfərov

Verilən bir zamanda bir insanın biliklərinə nəzərən, universalilər, təklər kimi, tanışlıqla bilinən, yalnız təsvirlə bilinən və nə tanışlıqla, nə də təsvirlə bilinməyənlərə bölünə bilər.

Gəlin ilk olaraq universalilər haqqında tanışlıq biliyini nəzərdən keçirək. Aydın olan bu məsələdən başlayaq ki, biz ağ, qırmızı, qara, şirin, turş, səs-küy, bərk və s. kimi, yəni hissi verilənlərdə nümunə olaraq verilən universalilərlə tanışıq. Ağ rəng tonu gördükdə biz ilk növbədə həmin tək rəng tonu ilə tanış oluruq; lakin çoxlu ağ rəng tonları görməklə onların hamısının ümumilikdə malik olduğu ağlığı mücərrədləşdirməyi asanlıqla öyrənirik və mücərrədləşdirməyi öyrənməklə ağlıqla tanış olmağı öyrənirik. Oxşar proses bizi eyni növdən olan istənilən başqa universali ilə tanış edəcəkdir. Bu növ universalilər hissi keyfiyyətlər adlandırıla bilər. Onlar digər şeylərlə müqayisədə daha az mücərrədləşdirmə cəhd ilə dərk edilə bilir, həmçinin onların digər universalilərlə müqayisədə tək nəsnələrdən daha az aralı olduğu görünür.

İndi isə əlaqələrə keçək. Dərk etmək üçün ən asan əlaqə tək bir mürəkkəb hissi verilənin müxtəlif hissələri arasında olan əlaqədir. Məsələn, mən bir baxışa indi yazdığım vərəqi bütövlükdə görə bilirəm; deməli, bütöv səhifə bir hissi veriləndə ehtiva olunur. Hərçənd mən qavrayıram ki, vərəqin bəzi hissələri digərilərindən sol tərəfdədir, bəziləri isə digərilərindən yuxarıdadır. Göründüyü qədərilə, bu misaldakı mücərrədləşdirmə prosesi aşağıdakı kimi baş verir: Mən ardıcıl olaraq bir hissəsi digərinin solunda olan bir sıra hissi verilənlər görürəm. Müxtəlif ağ rəng tonları halında olduğu kimi, bütün hissi verilənlərin ortaq nəyəsə malik olduğunu qavrayıram və mücərrədləşdirmə vasitəsilə aşkarlayıram ki, onların ortaq malik olduqları hissələri arasındakı müəyyən bir əlaqədir, yəni mənim “solunda olma” adlandırdığım əlaqə. Bu yolla mən əlaqə universalisi ilə tanış oluram.

Oxşar şəkildə zamanda əvvəl və sonra əlaqəsinin fərqində oluram. Güman edək ki, mən zəng səsləri eşidirəm. Sonuncu zəng səsi səslənəndə bütün zəng səslərini zehnimdə saxlaya bilirəm, həmçinin qavraya bilirəm ki, öncəki zənglər sonrakılardan əvvəl gəlib. Bundan əlavə, yaddaşımda qavrayıram ki, hazırda xatırladığım şeylər indiki zamandan əvvəl gəlib. Hər iki mənbədən əvvəl və sonra universali əlaqəsini, “solunda olma” universali əlaqəsində olduğu kimi, abstraksiya edə bilərəm. Beləliklə, zaman əlaqələri məkan əlaqələri kimi tanışlığa malik olduğum nəsnələr arasındadır.

Təxminən eyni şəkildə tanış olduğumuz digər əlaqə oxşarlıqdır. Əgər eyni anda iki yaşıl rəng tonuna baxıramsa, görə bilirəm ki, onlar bir-birinə oxşayır; əgər eyni anda həm də qırmızı rəng tonuna baxıramsa, görə bilirəm ki, iki yaşıl rəng bir-birinə daha çox oxşardır, nəinki təklikdə qırmızıya. Bu yolla mən oxşarlıq və ya bənzərlik universalisi ilə tanış oluram.

Təklər arasında olduğu kimi universalilər arasında da birbaşa olaraq fərqində ola biləcəyimiz əlaqələr vardır. İndicə gördük ki, yaşıl rəngin iki tonu arasındakı oxşarlığın qırmızı rəng tonu ilə yaşıl rəng tonu arasındakı oxşarlıqdan daha çox olduğunu qavraya bilərik. Burada isə biz iki əlaqə arasında olan əlaqədən, yəni “daha çox” əlaqəsindən bəhs edirik. Belə əlaqələr haqqındakı biliyimiz – baxmayaraq ki, o, hissi verilənlərin keyfiyyətlərini qavramaq üçün lazım olandan daha güclü abstraksiya etmək qabiliyyəti tələb edir – eyni dərəcədə birbaşa və (ən azı bəzi hallar üçün) eyni dərəcədə şübhəsiz görünür. Beləliklə, hissi verilənlər kimi universalilər haqqında da birbaşa biliklər var.

İndi universaliləri nəzərdən keçirməyə başladıqda həllini vermədən saxladığımız apriori bilik probleminə qayıdaraq özümüzü onunla məşğul olmağa əvvəl mümkün olandan daha uyğun bir vəziyyətdə tapmış oluruq. Gəlin “iki üstəgəl iki dörd edir” propozisiyasının üzərinə geri dönək. Söylənilənlərin işığında kifayət qədər aydındır ki, bu propozisiya “iki” və “dörd” universaliləri arasındakı bir əlaqəni təsdiq edir. Bu bizi indi əsaslandırmağa cəhd edəcəyimiz propozisiyaya gətirir: Bütün apriori biliklər istisnasız universalilərin əlaqələrinə aiddir. Bu propozisiyanın böyük əhəmiyyəti var və apriori biliklə bağlı əvəlki çətinliklərimizin həllində bizə köməklik edir.

Propozisiyalarımızın ilk baxışdan qeyri-doğru görünə biləcəyi yeganə hal bu haldır ki, apriori propozisiya təsdiq etsin ki: təklərdən ibarət bir sinfin bütün elementləri hansısa başqa bir sinifə məxsusdur və ya (başqa sözlə) müəyyən xüsusiyyətə malik bütün təklər həm də başqa bir xüsusiyyətə malikdir. Bu halda belə görünə bilər ki, biz xüsusiyyətə malik təklərlə məşğuluq, nəinki həmin xüsusiyyətin özü ilə. “İki üstəgəl iki dörd edir” propozisiyası da elə bu hala aiddir; çünki o, bu cür formada təqdim edilə bilər: “istənilən iki şey və istənilən başqa iki şey dörd şey edir” və ya “iki şeydən ibarət istənilən iki çoxluq dörd şeydən ibarət bir çoxluqdur”. Göstərə bilsək ki, belə cümlələr əslində yalnız universalilərdən bəhs edir, bizim propozisiyamız sübut olunmuş hesab oluna bilər.

Propozisiyanın nəyə aid olduğunu aşkar etməyin bir yolu özümüzdən hansı sözləri başa düşməli olduğumuzu – başqa sözlə, hansı obyektlərə tanış olmalı olduğumuzu – soruşmaqdır ki, baxaq görək propozisiya nə mənaya gəlir. Propozisiyanın nə mənaya gəldiyini görən kimi onun doğru və ya yanlış olduğunu bilməsək də, aydın olur ki, propozisiyalar əslində nə barədə olursa-olsun, onunla tanışlığımız olmalıdır. Bu testi tətbiq etdikdə məlum olur ki, təklərə aid kimi görünən bir çox propozisiyalar əslində yalnız universalilərə aiddir. “İki üstəgəl iki dörd edir” xüsusi halında, hətta onun mənasını “iki şeydən ibarət istənilən iki çoxluq dörd şeydən ibarət bir çoxluqdur” kimi şərh etdikdə, aydındır ki, propozisiyanı anlaya bilərik, yəni “çoxluq”, “iki” və “dörd” sözləri ilə nəyin nəzərdə tutulduğunu bilən kimi onun nəyi təsdiq etdiyini görə bilərik. Dünyadakı bütün cütləri bilmək bu baxımdan tamamilə qeyri-zəruridir. Əgər bu, zəruri olsaydı, aydındır ki, onda biz propozisiyanı heç vaxt başa düşə bilməzdik, çünki cütlərin sayı sonsuzdur və ona görə də onların hamısını bilə bilmərik. Beləliklə, bizim ümumi iddiamızdan tək (particular) cütlüklər barədə iddiaların hasil olmasına baxmayaraq, belə tək cütlüklərin olduğunu bilən kimi iddiamızın özü təsdiq etmir və ya ondan nəticə hasil olmur ki, belə tək cütlüklər var; və beləliklə, o, hansısa aktual təklərin cütlüyü barədə hansısa iddia irəli sürməkdə uğursuzdur. İrəli sürülən iddia “cüt” universali haqqındadır, bu və ya digər cüt haqqında deyil.

Beləliklə, “iki üstəgəl iki dörd edir” iddiası istisnasız olaraq universalilərə aiddir və buna görə də müvafiq universalilərlə tanış olan hər kəs onu bilə və onlar arasındakı iddianı təsdiqləyən əlaqəni qavraya bilər. Biliklərimiz üzərində refleksiya edilərək aşkarlanan bir fakt kimi qəbul edilməlidir ki, universalilər arasındakı belə əlaqələri bəzən qavramaq və bu səbəbdən hesab və məntiqinki kimi ümumi apriori propozisiyaları bəzən bilmək gücünə malikik. Belə bilikləri əvvəl nəzərdən keçirdikdə mistik görünən şey bu idi ki, onlar sanki təcrübə haqqında irəlicədən məlumat verir və onu kontrol edir. Lakin biz indi bunun yanlış olduğunu görə bilərik. Nəsəylə bağlı təcrübə edilə bilən heç bir fakt təcrübədən müstəqil şəkildə bilinə bilməz. Biz apriori olaraq bilirik ki, iki şey və başqa iki şey birlikdə dörd şey edir, amma biz apriori olaraq bilmirik ki, Braun və Cons iki nəfərdirlərsə, həmçinin Robinson və Smit də iki nəfərdirlərsə, onda Braun, Cons, Robinson və Smit dörd nəfərdirlər. Səbəb budur ki, biz Braun, Cons, Robinson və Smit kimi insanların olduğunu bilməyincə – ki, bunu da yalnız təcrübə vasitəsilə bilə bilərik – həmin propozisiya ümumiyyətlə başa düşülə bilməz. Deməli, bizim ümumi propozisiyamızın apriori olmasına baxmayaraq, onun aktual təklər üzərindəki bütün tətbiqləri təcrübəni ehtiva edir və bu səbəbdən özündə empirik element saxlayır. Bu yolla apriori biliklərimizdə mistik görsənmiş olanın yanlışa əsaslandığını göstərmiş olduq.

Əsl apriori hökmlərimizi “bütün insanlar ölümlüdür” kimi empirik ümumiləşdirmələrlə qarşılaşdırsaq, bu məsələ daha da aydın olar. Əvvəlki nümunələrdə olduğu kimi burada da propozisiyanın nə mənaya gəldiyini müvafiq universalini, yəni insanölümlünü anlayan kimi anlaya bilərik. Aydındır ki, propozisiyamızın nə mənaya gəldiyini bilmək üçün bütün insanlarla fərdi tanışlığa malik olmaq zəruri deyil. Deməli, ümumi apriori propozisiya ilə empirik ümumiləşdirmə arasındakı fərq propozisiyanın mənasında deyil; fərq onun üçün olan dəlilin (evidence) təbiətindədir. Empirik halda dəlil tək nümunələrdən ibarətdir. Bütün insanların ölümlü olduğuna ona görə inanırıq ki, saysız-hesabsız insan ölümü hallarını və müəyyən yaşdan sonra onların yaşamadığını bilirik. Buna biz insanölümlü universaliləri arasında əlaqə gördüyümüzə görə inanmırıq. Doğrudur ki, fiziologiya canlı aləmi idarə edən ümumi qanunlar fərz etməklə, heç bir canlı orqanizmin əbədi yaşaya bilmədiyini sübut edə bilsə, bu, insanölümlülüyü əlaqələndirər; bu da insanların ölməyi haqqında xüsusi dəlillərə müraciət etmədən həmin propozisiyanı irəli sürməyə əsas verər. Hərçənd bu, yalnız o mənaya gəlir ki, bizim ümumiləşdirməmiz dəlili, daha çox ekstensiv olsa da, yenə də eyni qəbildən olan daha geniş ümumiləşdirməyə tabe olunub. Elmin inkişafı daim belə tabeli əlaqələr ortaya çıxarır və bu səbəbdən daima elmi ümumiləşdirmələr üçün daha geniş induktiv bazis təqdim edir. Hərçənd bunun daha çox dərəcədə qətilik verməsinə baxmayaraq, bu qətilik başqa qəbildən deyil: onun sonuncu əsas məntiq və hesabda olduğu kimi universalilərin apriori əlaqəsi deyil, yenə də induktiv, yəni nümunələr əsasındadır.

Ümumi apriori propozisiyalarla bağlı iki bir-birinə əks məqam qeyd edilməlidir. Birincisi budur ki, əgər çoxlu sayda tək nümunələr bilinirsə, ümumi propozisiyamızı induksiya vasitəsilə ilk nümunədə əldə edə bilərik, universalilərin əlaqəsi isə yalnız sonradan qavranıla bilər. Məsələn, biz bilirik ki, üçbucağın tərəflərinə qarşı bucaqlardan perpendikulyarlar çəksək, hər üç perpendikulyar bir nöqtədə kəşişəcək. Bir neçə üçbucaqda perpendikulyarlar çəkməklə və onların həmişə bir nöqtədə kəsişdiyini aşkarlamaqla ilk olaraq bu propozisiyaya gəlib çıxmaq tamamilə mümkün olardı; bu təcrübə bizi ümumi sübut axtarmağa və onu tapmağa sövq edə bilər. Belə hallara hər bir riyaziyyatçı təcrübədə rast gəlir.

Digər məqam daha maraqlıdır və daha çox fəlsəfi əhəmiyyətə malikdir. Belə ki, bəzən ümumi propozisiyanı onun heç bir nümunəsini bilmədikdə belə bilə bilərik. Gəlin bu nümunəni götürək: biz bilirik ki, istənilən iki ədədi bir-birinə vurmaq mümkündür və bu halda hasil adlanan üçüncü ədəd əldə edilir. Biz bilirik ki, hasili 100-dən az olan tam ədədlərin bütün cütləri həqiqətən də bir-birinə vurulub və nəticələr vurma cədvəlində qeyd edilib. Bununla belə, biz bilirik ki, tam ədədlərin sayı sonsuzdur və insanlar yalnız məhdud sayda tam ədədlərin cütü haqqında düşünüb və ya düşünəcək. Deməli, buradan belə çıxır ki, insanların haqqında heç zaman düşünmədiyi və ya  düşünməyəcəyi tam ədəd cütləri vardır və onların hamısı hasili 100-dən böyük olan tam ədədlərə aiddir. Deməli, biz bu propozisiyaya gəlib çıxırıq: “Haqqında heç kimin heç zaman düşünmədiyi və ya düşünməyəcəyi istənilən iki tam ədədin hasili 100-dən böyükdür”. Bu, doğruluğu inkaredilməz olan bir ümumi propozisiyadır. Bununla belə, bu halın məhz təbiətindən dolayı, biz heç zaman ona nümunə verə bilmərik; çünki haqqında düşünə biləcəyimiz istənilən iki ədəd propozisiyanın şərtləri tərəfindən istisna edilir.

Heç bir nümunənin verilə bilmədiyi ümumi propozisiyalar haqqında biliyin mümkün olması tez-tez inkar edilir, çünki belə propozisiyalar haqqında biliyin yalnız universalilərin əlaqəsi haqqında bilik tələb etməsi, sözügedən universalilərin nümunələri haqqında isə heç bir bilik tələb etməməsi nəzərə alınmır. Hərçənd belə ümumi propozisiyalar haqqında biliklər bilik kimi ümumən qəbul edilən propozisiyaların çoxu üçün olduqca vacibdir. Misal üçün, biz ilk fəsillərimizdə gördük ki, fiziki obyektlər haqqında biliklər hissi verilənlərin əksinə olaraq yalnız nəticə çıxarmaqla əldə edilir və onlar bizim tanışlığa malik olduğumuz şeylər deyil. Buna görə də biz heç vaxt bu fiziki obyektdir – harada ki, bu birbaşa bilinən şeydir – formasında hər hansı bir propozisiyanı bilə bilmərik. Buradan belə nəticə çıxır ki, fiziki obyektlərlə bağlı bütün biliklərimiz elədir ki, onlara aid heç bir nümunə verilə bilməz. Biz assosiasiya olunmuş hissi verilənlərə aid nümunələr verə bilərik, lakin aktual fiziki obyektlərə aid verə bilmərik. Deməli, fiziki obyektlərə dair biliklərimiz nümunəsi verilə bilməyən ümumi biliklərin bu mümkünlüyündən tamamilə asılıdır. Eyni şey başqa insanların zehni və ya tanışlıq yolu ilə bizə heç bir nümunəsi məlum olmayan hər hansı digər şeylər növü haqqındakı biliklərimiz üçün də keçərlidir.

Təhlilimizin gedişində ortaya çıxanlar əsasında indi biz biliyimizin mənbələrinin icmalını verə bilərik. İlk növbədə şeylər haqqında biliklə doğrular haqqında biliyi fərqləndirməliyik. Hər biri iki növdən ibarətdir, biri birbaşa və digəri törəmə. Tanışlıq adlandırdığımız şeylər haqqında birbaşa biliyimiz – bilinən şeylərin tək və ya universali olmasına müvafiq olaraq – iki cürdür. Təklər arasından biz hissi verilənlər və (yəqin ki) özümüzlə tanışlığa malikik. Universalilərə gəldikdə, görünür, heç bir prinsip yoxdur ki, onun köməyilə tanışlıq yolu ilə nəyin bilinə biləcəyini müəyyən edə bilək; lakin aydındır ki, hissi keyfiyyətlər, məkan və zaman əlaqələri, oxşarlıq və bəzi mücərrəd məntiqi universalilər belə bilinə bilənlər arasındadır. Təsviri bilik adlandırdığımız şeylər haqqında törəmə biliyimiz həmişə həm bir şeylə tanışlığı, həm də doğrular biliyini ehtiva edir. Doğrular haqqında birbaşa biliklərimiz intuitiv bilik adlandırıla bilər, belə bilinən doğrular isə öz-özünə aşkar (self-evident) doğrular adlandırıla bilər. Sadəcə hisslərdə verilən vəziyyət, həmçinin müəyyən mücərrəd məntiq və hesab prinsipləri, bundan əlavə (daha az qətiliyə baxmayaraq) bəzi etik propozisiyalar belə doğrulara aiddir. Doğrular haqqında törəmə biliyimiz deduksiyanın özlüyündə aşkar prinsiplərindən istifadə etməklə özlüyündə aşkar doğrulardan nəticə çıxara biləcəyimiz hər şeyi ehtiva edir.

Əgər yuxarıdakı izah düzgündürsə, bizim doğrular haqqındakı bütün biliklərimiz intuitiv biliklərimizdən asılıdır. Buna görə də intuitiv biliyin təbiətini və əhatə dairəsini əvvəlki mərhələdə tanışlıq biliyin təbiətini və əhatəsini nəzərdən keçirdiyimiz kimi diqqətə almaq vacibdir. Lakin doğrular haqqında bilik şeylər haqqında biliklə bağlı yaranmayan başqa bir problemi, xəta problemini ortaya çıxarır. Bəzi inamlarımızın səhv olduğu ortaya çıxır və buna görə də, ümumiyyətlə mümkünsə, biliyi səhvdən necə ayırd edə biləcəyimizi düşünmək zərurətə çevrilir. Bu problem tanışlıq biliyi ilə bağlı yaranmır, çünki tanışlıq obyekti nə olursa olsun – hətta yuxularda və hallüsinasiyalarda belə – biz birbaşa obyektdən kənara çıxmadıqca heç bir xəta olmur: xəta yalnız birbaşa obyekti, yəni hissi veriləni hansısa fiziki obyektin işarəsi kimi qəbul etdikdə yarana bilər. Beləliklə, doğrular haqqında biliklə bağlı problemlər şeylər haqqında biliklə bağlı olanlardan daha çətindir. Doğrular haqqında biliklə bağlı problemlərdən birincisi olaraq gəlin intuitiv hökmlərimizin təbiətini və əhatə dairəsini araşdıraq.

Tərcümənin birinci hissəsi:

Tərcümənin ikinci hissəsi:

Tərcümənin üçüncü hissəsi:

Tərcümənin dördüncü hissəsi:

Tərcümənin beşinci hissəsi:

Tərcümənin altıncı hissəsi: 

Tərcümənin yeddinci hissəsi:

Tərcümənin səkkizinci hissəsi:

Tərcümənin doqquzuncu hissəsi:

 

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.