fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Təzahür və gerçəklik

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bertran Rassel (Bertrand Russell; 1872-1970) məşhur britaniyalı filosof, analitik fəlsəfənin yaradıcılarındandır. Onun zəngin yaradıcılığı fəlsəfənin bir çox fundamental suallarına cavab axtarışını özündə ehtiva edir. Hazırda biz Rasselin dünyanın onlarca müxtəlif dillərinə tərcümə edilmiş, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan Fəlsəfənin problemləri (The Problems of Philosophy) əsərini ingilis dilindən Azərbaycan dilinə tərcümə etməkdəyik. Əsər on beş fəsildən ibarətdir ki, onların da hər biri mühüm bir fəlsəfəsi mövzuya həsr edilmişdir. İlk fəslin tərcüməsini aşağıda oxuya bilərsiniz.

Dr. Anar Cəfərov

Dünyada elə qəti bilik varmı ki, heç bir ağıllı insan ona şübhə edə bilməsin? İlk baxışdan çətin görünməmək imkanı olan bu sual, əslində, soruşula bilən ən çətin suallardan biridir. Birbaşa və əmin cavab yolunda maneələrin fərqinə vardıqda, biz fəlsəfəni öyrənməyə yaxşı başlamış olacağıq, çünki fəlsəfə fundamental suallara adi həyatda, hətta elmdə yol verdiyimiz kimi, sadəcə diqqətsiz və doqmatik deyil, belə sualları tapmacaya çevirən hər şeyi araşdırdıqdan, həmçinin adi ideyalarımızın əsasında dayanan qeyri-müəyyənlik və dolaşıqlığı aşkarladıqdan sonra verilən tənqidi cavab cəhdidir.

Gündəlik həyatda biz çox şeyə əminliklə inanırıq, ancaq onlara daha yaxından nəzər saldıqda o qədər aşkar ziddiyyətlər tapılır ki, əslində nəyə inanası olduğumuzu bilməyimizi yanlız üzərində bir xeyli düşünməyimiz mümkün edir. Qətilik axtarışında hazırki yaşantılardan başlamaq təbiidir və şübhəsiz, müəyyən mənada, bilik onlardan çıxarılmalıdır. Amma birbaşa yaşantılarımızın bizə bilik olaraq nə verməsi ilə bağlı hər bir müddəanın yanlış olma ehtimalı çoxdur. Mənə elə gəlir ki, indi müəyyən formaya malik, üzərində yazılmış və ya çap edilmiş kağız vərəqləri gördüyüm bir stolun arxasında stulda əyləşmişəm. Başımı çevirdikdə pəncərədən çöldə binaları, buludları və Günəşi görürəm. İnanıram ki, Günəş Yerdən təxminən 93 milyon mil uzaqlıqdadır; o, Yerdən bir neçə dəfə böyük olan isti kürədir; Yer fırlandığından o, hər səhər çıxır və gələcəkdə qeyri-müəyyən vaxta qədər belə də davam edəcək. İnanıram ki, hər hansı başqa bir normal insan otağıma gəlsə, o, mənim kimi eyni stulları və stolları, kitabları və kağızları görəcək; həmiçinin inanıram ki, gördüyüm stol əlimi üstünə basdığım stoldur. Bütün bunlar o qədər aydın görünür ki, bunları ifadə etməyin, mənim nəsə bildiyimə şübhə edən birinə cavab olaraq deməkdən başqa, çətin ki əhəmiyyəti olsun. Ancaq bütün bunları əsaslı şəkildə şübhə altına almaq olar və bunun hamısını tam doğru formada ifadə etdiyimizə əmin olmazdan əvvəl daha diqqətli müzakirəyə ehtiyac vardır.

Çətin məsələləri sadə tutmaq üçün gəlin diqqətimizi stolun üzərinə cəmləyək. O, gözə uzunsov, qəhvəyi və parıltılı, lamisəyə hamar, soyuq və bərk gəlir. Döydükdə o, taxta səsi verir. Stolu görən, hiss edən və eşidən hər kəs bu təsvirlə razılaşıcaq; bu da elə təəssürat yarada bilər ki, sanki ortaya heç bir çətinlik çıxmır. Hərçənd, daha dəqiq olmağa çalışan kimi narahatlıqlar baş qaldırır. Stolun tam olaraq eyni rəngdə olmasına inanmağıma baxmayaraq, işığı əks etdirən hissələri digər hissələrdən daha parlaq, bəzi hissələr isə əks olunan işıq səbəbindən ağ görsənir. Mən bilirəm ki, hərəkət etsəm, işığı əks etdirən hissələr fərqli olacaq və rənglərin stol üzərində görünən paylanması dəyişəcək. Belə çıxır ki, əgər bir neçə insan eyni anda stola baxırsa, iki nəfərdən heç biri rənglərin tam eyni paylanışını görməyəcək, çünki onların heç biri stola tam eyni baxış bucağından baxa bilməz. Baxış bucağındakı istənilən dəyişiklik işığın əksini dəyişdirəcək.

Əksər praktik məqsədlər üçün bu fərqlər əhəmiyyətli deyil, ancaq rəssam üçün bunlar çox mühümdür: rəssam şeylər “həqiqətən də” sağlam düşüncənin dediyi rəngdə görünür düşüncəsindən əl çəkməli və onları təzahür olunduğu kimi görməyi öyrənməlidir. Artıq indi biz fəlsəfədə daha çox narahatçılıq yaradan fərqləndirmələrdən birinin – “təzahür” və “gerçəklik”, şeylərin görünüşü və nə olması fərqləndirməsinin – başlanğıcındayıq. Rəssam şeylərin necə göründüyünü, adi insan və filosof isə nə olmasını bilmək istəyir; hərçənd, filosofun sonuncunu bilmək arzusu adi insanınkından güclüdür və bu suala cavab yolunda çətinlikləri bilmək onu daha çox narahat edir.

Stol məsələsinə qayıdaq. Aşkarladıqlarımızdan aydın olur ki, əsasən stolun (və ya hətta onun hər hansı bir hissəsinin) rəngi kimi təzahür olan rəng yoxdur – o, müxtəlif baxış bucaqlarından müxtəlif rənglərdə təzahür olur və onların bəzilərini digərilərinə münasibətdə daha gerçək hesab etmək üçün əsas yoxdur. Həmçinin, bilirik ki, müəyyən baxış bucağından süni işıq vasitəsilə, yaxud da daltonik və ya mavi eynək taxmış insana, rəng müxtəlif cür görünəcək; qaranlıqda isə, ümumiyyətlə, heç bir rəng olmayacaq, baxmayaraq ki, lamisə və eşitmə üçün stol dəyişməz qalacaq. Rəng stolun daxili təbiətinə xas nəsnə deyil; stol, seyrçi və işığın stola düşmə üsulundan asılı bir nəsnədir. Gündəlik həyatda stolun rəngi haqqında danışanda, yalnız adi baxış bucağından, adi işıqlanma altında normal seyrçiyə görünəsi rəngi nəzərdə tuturuq. Hərçənd, digər şərtlər altında təzahür olan rənglərin də eyni dərəcədə gerçək hesab olunma haqqı var; bu səbəbdən, birini digərindən üstün tutmamaq üçün stolun özlüyündə hansısa bir xüsusi rənginin olmasını inkar etməyə məcburuq.

Eyni şeyi səthin stukturuna da aid etmək mümkündür. Taxta liflərini yalın gözlə görmək olar, ancaq digər hallarda stol hamar və düz görünür. Biz ona mikroskop altında baxsaydıq, əyrilikləri, qalxma və enmələri, yalın gözlə qavranılmayan müxtəlif cür fərqlilikləri görərdik. Bunlardan hansı “gerçək” stoldur? Deməyə təbii olaraq meylliyik ki, mikroskop vasitəsilə gördüyümüz daha gerçəkdir. Ancaq o da öz növbəsində daha güclü mikroskopla fərqli görünər. Əgər yalın gözlə gördüyümüzə inana bilmiriksə, mikroskop vasitəsilə gördüyümüzə niyə inanmalıyıq? Demək, hisslərimizə inam – ki, məsələyə onunla giriş etmişdik – yenə də bizi tərk edir.

Stolun forması da bu baxımdan yaxşı deyil. Biz şeylərin “gerçək” formaları barədə mühakimə yürütməyə alışığıq və bunu fikirləşmədən, elə bir şəkildə edirik ki, əslində gerçək formaları görürük fikrinə gəlib çıxırıq. Ancaq, əslində, əgər şəkil çəkməyə cəhd etsək, hamımız öyrənməliyik ki, şey fərqli baxış bucağından fərqli formada görünür. Əgər stolumuz “gerçəkdən” düzbucaqlıdırsa, o, demək olar, bütün baxış bucaqlarından iki iti, iki kor bucağı varmış kimi görünəcək. Əgər qarşı tərəfləri paraleldirsə, onlar seyrçidən uzaqlaşan bir nöqtədə birləşirlər kimi görüncək; əgər uzunluqları bərabərdirsə, onların daha yaxın tərəfi daha uzunmuş kimi görünəcək. Bütün bu şeylər stola baxdıqda adətən nəzərə çarpmır, çünki təcrübə bizə təzahür olan formadan “gerçək” formanı qurmağı öyrədir və praktik insanlar kimi bizi “gerçək” forma maraqlandırır. Ancaq gördüyümüz “gerçək” forma deyil; “gerçək” forma nədirsə, gördüyümüzdən çıxarılandır. Və otaqda gəzdikcə gördüyümüz daim formaca dəyişir; yenə də, görünür, hisslər stolun özü haqqında deyil, yalnız onun təzahürü haqqında həqiqəti bizə verir.

Lamisə hissini nəzərdən keçirdikdə də oxşar çətinliklər ortaya çıxır. Doğrudur ki, stol bizə həmişə bərklik duyğusunu verir və hiss edirik ki, o, təzyiqə müqavimət göstərir. Ancaq əldə etdiyimiz duyğu stola nə qədər bərk təzyiq etdiyimizdən və bədənin hansı hissəsi ilə təzyiq etdiyimizdən asılıdır; demək, müxtəlif təzyiqlərə və ya bədənin müxtəlif hissələrinə görə, müxtəlif duyğuların stolun birbaşa və müəyyən xüsusiyyətini aşkarladığını deyil, ən uzağı, bu duyğuları onlara yəqin səbəb olan, əslində isə onların özündə təzahür olmayan bəzi xüsusiyyətlərin nişanəsi olmasını güman etmək olar. Deyilənlər, daha aydın olaraq, stolu döydükdə çıxa bilən səslərə də aiddir.

Beləliklə, aydın olur ki, gerçək stol, əgər belə bir şey varsa, görmə, eşitmə və ya toxunma vasitəsilə birbaşa təcrübə etdiyimizlə eyni deyil. Gerçək stol, əgər belə bir şey varsa, bizim tərəfimizdən birbaşa bilinmir; o, birbaşa olaraq bilinəndən çıxarılmalıdır. Buradan dərhal iki çox çətin sual yaranır: 1) Ümumiyyətlə, gerçək stol varmı? 2) Əgər varsa, o, nə cür obyekt ola bilər?

Bu sualları nəzərdən keçirməkdə mənaları dəqiq və aydın olan bir neçə sadə termindən istifadə etmək bizə kömək edər. Gəlin duyğuda birbaşa bilinən şeylərə “hissi verilənlər” (“sense-data”) adı verək: bunlar rənglər, səslər, iylər, bərkliklər, nahamarlıqlar və s.-dır. Bu şeylərdən birbaşa fərqində olma[1] yaşantısına isə “duyğu” (“sensation”) adı verəcəyik. Deməli, bir rəng gördükdə biz rəng duyğusuna malik oluruq, ancaq rəng özü duyğu deyil, hissi veriləndir. Birbaşa fərqində olduğumuz rəngdir, fərqindəlilik özü isə duyğudur. Aydındır ki, stol haqqında nəsə bilməliyiksə, bu, stolla assosasiya etdiyimiz hissi verilənlər – qəhvəyi rəng, uzunsov forma, hamarlılıq və s. –  vasitəsilə olmalıdır. Ancaq yuxarıda qeyd etdiyimiz səbəblərə görə, biz deyə bilmərik ki, stol hissi veriləndir və ya hissi verilənlər stolun birbaşa xüsusiyyətləridir. Beləliklə, hissi verilənlərin gerçək stola, belə bir şey olduğunu güman etsək, münasibəti ilə bağlı problem ortaya çıxır.

Gerçək stolu, əgər mövcuddursa, “fiziki obyekt” adlandıracağıq. Demək, biz hissi verilənlərin fiziki obyektlərə münasibətini nəzərdən keçirməliyik. Bütün fiziki obyektlərin məcmusu “materiya” adlanır. Beləliklə, yuxarıdakı iki sualımız yenidən bu cür təqdim edilə bilər: 1) Materiya deyilən şey varmı? 2) Əgər varsa, onun təbiəti nədir?

Hisslərimizin birbaşa obyektlərinin bizdən müstəqil mövcud olması əleyhinə fikirləri ilk dəfə irəli sürən filosof yepiskop Berklidir (1685-1753). O, “Hilas və Filonus arasında üç dialoq, skeptiklər və ateistlər əleyhinə” əsərində sübut etməyə çalışırdı ki, materiya deyilən şey ümumiyyətlə yoxdur və dünya yalnız zehinlərdən və onların ideyalarından təşkil olunub. Əvvəl Hilas materiyaya inanırdı, ancaq onun arqumentlərini rəhmsizcə ziddiyyət və paradokslara gətirib çıxaran və sonda özünün materiyanı inkar etməsini, demək olar, sağlam düşüncə kimi qələmə verən Filonusa tab gətirmir. İstifadə olunan arqumentlər çox müxtəlif dəyərlərə malikdir: bəziləri vacib və sağlamdır, digəriləri isə çaşdırıcı və ya sofistikdir. Hərçənd, Berkliyə ona görə təşəkkür düşür ki, o, göstərib ki, materiyanın mövcudluğu absurda yol vermədən inkar oluna bilər və əgər bizdən müstəqil şəkildə mövcud olan hər hansı şey varsa, onlar duyğularımızın birbaşa obyektləri ola bilməz.

Materiyanın mövculuğunu sorğuladıqda iki müxtəlif sual ortaya çıxır. Bu sualları aydın tutmaq vacibdir. “Materiya” dedikdə, biz adətən nəsə “zehin”ə qarşı qoyulan, məkanda yer aldığını və düşüncəyə və ya şüura heç cür malik ola bilmədiyini düşündüyümüz bir şeyi nəzərdə tuturuq. Berkli materiyanı əsasən bu mənada inkar edir. Yəni o, inkar etmir ki, adətən stolun mövcudluğunun nişanələri kimi qəbul etdiyimiz hissi verilənlər həqiqətən bizdən müstəqil olan nəyinsə mövcudluğunun nişanələridir; o, bu nəsənin qeyri-zehni olduğunu və onun nə zehin, nə də hansısa zehnə aid ideyalar olmamasını inkar edir. O qəbul edir ki, biz otaqdan çıxdıqda və ya gözlərimizi bağladıqda mövcudluğuna davam edən nəsə olmalıdır və stolu görmə adlandırdığımız nəsnə biz onu görmədikdə belə mövcudluğuna davam edən nəyəsə inanmağa həqiqətən əsas verir. Ancaq o düşünür ki, bu nəsə bizim gördüyümüzdən olduqca fərqli təbiətə malik nəsə ola bilməz, həmçinin bizim onu görməyimizdən müstəqil olmalı olmasına baxmayaraq, görmədən tamamilə müstəqil ola bilməz. Beləliklə, o, “gerçək” stolu Allahın zehnindəki ideya kimi qələmə verməyə gəlib çıxır. Belə bir ideya materiyadan fərqli olaraq tamamilə bilinməz olmadan əbəbilik və bizdən asılı olmama tələb edirdi; bilinməz o mənada ki, biz onu yalnız nəticə kimi çıxara bilərik və birbaşa fərqində ola bilmərik.

Berklidən sonra digər filosoflar da qeyd edirdilər ki, baxmayaraq ki stolun mövcudluğu mənim onu görməyimdən asılı deyil, o, hər hansı zehin vasitəsilə görülməsindən (və ya duyğuda hiss edilməsindən) asılıdır – onun məhz Allahın zehni vasitəsilə görülməsi zəruri deyil, bu rolda daha tez-tez kainatın bütöv kollektiv zehni nəzərdən keçirilir. Berkli kimi onlar əsasən ona görə belə düşünürlər ki, zehinlər və onların fikirləri və hisslərindən başqa gerçək heç nə ola bilməz. Onların baxışını müdafiə etdiyi arqumenti təqribən bu cür təqdim edə bilərik: “Haqqında düşünülə bilən hər şey onu düşünən şəxsin zehnindəki ideyadır; deməli, zehindəki ideyalardan başqa heç nə haqqında düşünülə bilməz; deməli, nəsə başqa bir şey düşünülməzdir və düşünülməz mövcud ola bilməz”.

Fikrimcə, belə bir arqument qüsurludur. Əlbəttə, bu arqumenti inkişaf etdirənlər, onu belə qısa və kobud formada irəli sürmürlər. Düzgün olub-olmamasından asılı olmayaraq, arqument bu və ya digər formada çox geniş şəkildə inkişaf etdirilib. Və çox müxtəlif filosoflar, demək olar ki, çoxluq düşünüb ki, zehinlər və onların ideyalarından başqa gerçək heç nə yoxdur. Belə filosofları “idealistlər” adlandırırlar. Materiyanın izahı ilə bağlı, onlar ya Berkli kimi deyirlər ki, materiya əslində ideyaların kolleksiyasından başqa bir şey deyil, ya da Laybnis (1646-1716) kimi deyirlər ki, materiya kimi təzahür olan əslində az və ya çox dərəcədə sadə zehinlərin məcmusudur.

Ancaq bu filosoflar, materiyanı zehnə qarşı qoymağı inkar etməklərinə baxmayaraq, onu sözün başqa mənasında qəbul edirlər. Xatırlayaq ki, biz iki sual qoymuşduq: 1) Ümumiyyətlə, gerçək bir stol varmı?; 2) Əgər varsa, o, nə cür obyekt ola bilər? Həm Berkli, həm də Laybnis qəbul edir ki, gerçək stol var, ancaq Berkli deyir ki, o, Allahın zehnində müəyyən bir ideyadır, Laybnisə görə isə, o, ruhlardan ibarət bir məcmudur. Beləliklə, onların hər ikisi birinci sualımıza müsbət cavab verirlər; ancaq ikinci sualımıza cavabları isə adi ölümlülərin baxışlarından fərqlənir. Əslində, görünən budur ki, demək olar, bütün filosoflar gerçək bir stolun olması fikri ilə razıdırlar. Onların, demək olar, hamısı razıdırlar ki, hissi verilənlər – rəng, forma, hamarlılıq və s. – nə qədər çox bizdən asılı olsa da, onun baş verməsi bizdən müstəqil mövcud olan, bizə hissi verilənlərdən, yəqin ki, tamamilə fərqli nəsnənin bir nişanəsidir; və həmin nəsnə stolla uyğun münasibətdə olanda sözügedən hissi verilənlərin səbəbi kimi nəzərdən keçirilməlidir.

Aydındır ki, filosofların razılaşdığı bu məqam – təbiətinin nə olmasından asılı olmayaraq gerçək stolun mövcud olması baxışı – olduqca əhəmiyyətlidir; və gerçək stolun təbiəti ilə bağlı suala keçməmişdən əvvəl bu baxışı qəbul etmək üçün hansı əsasların olduğunu qısaca nəzərdən keçirməyə dəyər. Bu səbəbdən növbəti fəslimizdə gerçək stolun mövcud olması fikrinin əsasları ilə məşğul olacağıq.

Davam etməmişdən əvvəl indiyə qədər aşkarladıqlarımıza qısaca nəzər salmaq yaxşı olar. Belə göründü ki, hisslərimiz vasitəsilə bilindiyi güman edilən istənilən adi obyekti götürsək, onların bizə birbaşa verdiyi obyekt haqqında o, bizdən ayrı mövcuddur kimi həqiqət deyil; gördüyümüz qədərilə bizimlə obyekt arasındakı əlaqələrdən asılı olan müəyyən hissi verilənlər haqqında həqiqətdir. Beləliklə, birbaşa gördüyümüz və hiss etdiyimiz sadəcə arxadakı bir “geçəkliy”in nişanəsi olduğuna inandığımız “təzahürdür”. Bəs, əgər gerçəklik təzahür olan deyilsə, ümumiyyətlə hansısa gerçəkliyin olduğunu bilməyə bir vasitəmiz varmı? Və əgər varsa, onun necə olmasını müəyyən etməyə hər hansı vasitəyə malikikmi?

Belə suallar karıxdırıcıdır və hətta ən qəribə hipotezlərin də doğru ola bilməyəciyini bilmək çətindir. Belə ki, indiyə qədər qəti bir düşüncəyə əsas verməyən, bizə tanış bu adi stol gözlənilməz mümkünlüklərlə dolu bir problemə çevrildi. Onun haqqında bildiyimiz bir şey budur ki, o, göründüyü kimi deyil. Bu təvazökar nəticədən savayı, hələlik ən tam şəkildə fərziyyə irəli sürmə azadlığımız var. Laybnis bizə deyir ki, o, ruhların icmasıdır; Berkli bizə deyir ki, Allahın zehnində ideyadır; sayıq elm də bizə az olmayacaq qədər qeyri-adi şəkildə deyir ki, o, intensiv hərəkətdə olan elektrik yüklənmələrinin nəhəng kolleksiyasıdır.

Bu heyrətləndici mümkünlüklər arasında şübhə var ki, ola bilsin, ümumiyyətlə, stol yoxdur. Arzulaya bildiyimiz bütün suallara cavab verə bilməsə də, fəlsəfənin ən azı dünyaya marağı artıran və gündəlik həyatın ən adicə şeyləri altında qəribəlik və təəccübün gizləndiyini göstərən sualları soruşmaq imkanı vardır.

[1] “Fərqində olma” ingiliscədən “aware of”-un qarşılığı kimi verilir – tərc.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.