fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Yeni nə var? Qədim Yunan təcrübəsində innovasiya

Read this article on other language
Download article
image_pdf
image_pdf

1980-ci illərdə bir şirkətdə işləyirdim və bu şirkətdə işləyərkən insanların yeniliyə olan daimi tələbatı məni ciddi şəkildə düşündürürdü. İşlədiyim şirkət müxtəlif ölkələrə göndərilmək üçün çoxçeşidli, keyfiyyətli dizayn olunmuş mallar istehsal edir və anbarlaşdırırdı. Lakin müştərilərimiz mütəmadi olaraq mövcud dizaynların – hətta ən son nümunələrin belə üzərindən səthi keçərək “Yeni nə var?” deyə soruşurdular. Sonda elə bir vəziyyət yarandı ki, mallar anbarlarda həddən artıq çox yığılıb qaldı və bu, ciddi bir problemə çevrildi. Belə bir şəraitdə mən təklif etdim ki, biz sadəcə hazır mallarımıza yeni adlar verək və onları yeni kataloqlarımızda təqdim edək. Bu yanaşma böyük bir uğura çevrildi. Müştərilər şirkətin “mövcud yeni mallarını” tərifləyərək almağa başladılar. Bu uğur məni, ümumiyyətlə, bir şeyin “yeni” olması nə deməkdir sualı ətrafında düşünməyə vadar etdi.

Təqdimatdakı yenilik şirkətin üzərində düşünməli olduğu yeganə məsələ deyildi. Yeni texnologiyalar, yeni istehsal mənbələri, yeni təşkilati mexanizmlər, yeni işçilər, yeni dizayn protokolları — bütün bunlar düşünülməli, yoxlanılmalı və qəbul edilməli idi. Proses bir tərəfdən ruhlandırıcı, digər tərəfdən isə narahatedici idi və mən öyrənmək istəyirdim ki, bu cür qeyri-müəyyənlik, ikitirəlik “yeni” olana həmişə xasdırmı. Yeniliyin əlahiddə nəzərəçarpan bir fenomen olduğu qədim dövrlərdə bu problemlə bağlı vəziyyətin necəliyi məni xüsusilə düşündürürdü.  Klassik tarixi öyrəndiyim üçün bu mənada ağlıma gələn ilk dövr antik Yunanıstan idi.

Eradan əvvəl 800-cü ildən 300-cü ilə qədərki beş yüz il ərzində yunanlar böyük – və özləri bilməsələr də, tarixdə davamlı, dərin iz buraxacaq intellektual və mədəni yeniliklərlə qarşılaşmışlar.  Bu yeniliklər sırasına ilk əsl əlifbanın (yunan və sonradan bütün Qərb yazısının lokomotivi) istifadəsi və yayılması, demokratik siyasətin və maliyyə iqtisadiyyatının ilk dəfə peyda olması, fəlsəfə və məntiq haqqında ilk təsəvvürlər, fakta əsaslanan tarixşünaslıq, riyazi sübut, dramatik teatr, təcrübi tibb, incəsənət, arxitektura, musiqi, təbiət elmləri, müharibə və dində yeni düşüncə tərzi və eksperimentlər kimi məsələlər daxildir.

Yunanların nailiyyətlərini bəzən “yunan möcüzəsi” adlandırırlar. Lakin onlar öz yeniliklərinə möcüzə, yaxud təsadüf nəticəsində nail olmayıblar. Onlar yeniliyin nəyi ehtiva etdiyini anlayaraq, özlərini yeninin yaranmasına həsr etmişlər. Elə isə, onların çoxlu sayda təcrübələri bizə ümumən innovasiyanı, yenilik gətirməni anlamağa kömək edə bilərmi? Biz daha da innovativ olmaq üçün qədim keçmişin dərslərini və prinsiplərini öz layihələrimizə tətbiq edə bilərikmi?

Yunanlar şərqdəki və qərbdəki qonşularından əxz etmək üçün əlverişli coğrafi mövqeyə malik idilər və qədim innovasiyaların öyrənilməsindən əldə olunan başlıca qənaətlərdən biri odur ki, yeni həmişə köhnənin üzərində qurulur.  Həqiqətən “radikal innovasiya”, yəni kökü keçmişdə olmayan, yaxud keçmişlə əlaqəsi olmayan yenilik yoxdur: bütün innovasiyalar artıq mövcud olan nəsnənin adaptasiyasıdır. Eradan əvvəl 5-ci əsrdə yaşamış filosof Parmenidesin dediyi kimi, “Heç bir şey heç nədən yaranmır”; məntiqi olaraq biz əvvəlki təcrübədən tamamilə ayrı olan nəsnəni nə başa düşə bilərik, nə də onunla əlaqəmiz ola bilər.

Nəticə odur ki, əgər kimsə nə isə innovasiya etmək istəyirsə, yerinə yenisini yaratmaq istədiyinin keçmişini bilməlidir.  Bu da özlüyündə biliyin, təhsilin və araşdırmanın əhəmiyyətini vurğulayır. Təsadüfi deyil ki, yunanların ən diqqətəlayiq innovasiya cəhdləri dövründə məktəblər, yazı və məktəb təhsilinin yüksəlişi də baş vermişdir.  Mövcud biliyi yaymaq və tənqid etmək resursları olan təhsilli və məlumatlı əhali yenilik etmək üçün möhkəm bir əsasa malikdir.

Tapıla biləcək klassik və maraqlı mənbələrdən yunanların yenilik təcrübəsinin təhlili göstərir ki, fərqli ideyaların bir-biri ilə çarpazlaşdırılması, imtina və əks-istiqamətə yönəlmək, adaptasiya, yaxud “tənzimləmə” kimi strategiyalar innovasiya prosesinin əsas mexanizmləridir.  Şüurlu, yaxud şüursuz şəkildə tətbiq edildikdə, bunlar yaradıcı düşüncənin sabit strukturlarını təmsil edir ki, saysız-hesabsız kombinasiyalarda və yerdəyişmələrdə innovatorlara yeni kimi qəbul edilən nəsnələri yaratmağa imkan verir.

Lakin nəyinsə yeni kimi qəbul edilməsi psixologiya qədər də xarici reallıq məsələsidir.  Şekspirin  Fırtına əsərində özünün möcüzəvi adasında ilk dəfə gənc oğlanları görərkən Miranda “ey içində belə insanları olan cəsur yeni dünya” deyə hayqırır.  “Bu sənin üçün yenidir” deyə Prospero cavab verir. Gənc Miranda üçün bu yenilik dünyanın obyektiv atributudur. Prospero üçün isə qızının gəncliyinin və məlumatsızlığının təzahürüdür.

İnnovatorlar adətən nə isə radikal yenilik etmək niyyəti güdmürlər. Onlar, tutaq ki, hansısa üsulu bir kontekstdən başqasına keçirtmək, yaxud məhsula əlavə təkmilləşdirmələr gətirmək kimi strategiyalardan istifadə edirlər. Əgər onların yeniliklərinin alıcıları aldıqları nəsnə barədə heç nə bilmirlərsə – bu yeniliklərin başqa instansiyalarda yaxşı məlum olmasına baxmayaraq – nəticədə onlarda nəsə yeni bir nəsnə təəssüratı yaranacaq. Məsələn, nümunə kimi bu vaxta qədər demokratik hüquqlara malik olmayan hansısa ölkənin demokratiyaya keçidini göstərmək olar. Baxmayaraq ki, bu siyasi prinsiplər başqa yerlərdə yaxşı məlumdur, onlar bu ölkənin əhalisi tərəfindən yenilik kimi hiss ediləcək.

Antik dünyanın ən hərtərəfli fikir adamı olan Aristotel həm dəyişikliyin məntiqini (Fizika əsərində), həm də onun sosial şaxələnməsini (Siyasət əsərində) araşdırırdı. Sonuncu hüquqi və konstitusional sahələrdə yeniliklərin tədqiqidir. “Siyasi dəyişiklik yaxşı şeydirmi?” – deyə Aristotel soruşur. İnsan yeni məhsul, yaxud yeni incəsənət əsəri kimi yeni qanunlar və ya dövləti idarəetmənin yeni üsullarını ixtira edə bilərmi? Aristotel müvafiq şəkildə müşahidə edir ki, yenilik tətbiq edildiyi sahədən asılı olaraq müxtəlif mənalar daşıyır və siyasi yeniliklə texniki yenilik fərqli kateqoriyalardadır. Aristotelin fikir axınının davamı olaraq qeyd edək ki, yenilikçilər və yeniliklərin araşdırıcıları ilk növbədə fəaliyyət göstərdikləri mühiti təhlil etməli və “bu sahədə ‘yeni olan’ nə deməkdir, burada necə bir yeniliyə ehtiyac var?” kimi suallar ətrafında düşünməlidirlər.

İnnovasiya dinamik bir prosesdir və bura yenilikçilərlə ictimaiyyət, ənənə ilə dəyişiklik, köhnə ilə yeni arasında aktiv qarşılıqlı təmas daxildir. Yenilik axtarışını təşviq edən plüralist, yəni çoxfikirli mühit fərqli cavabların yaranmasına səbəb olur. Azadlıq, rəqabət və həvəsləndirici stimul çoxları  tərəfindən yenilik üçün açar şərtlər hesab olunur. Antik yunanlar üçün bu məfhumlar adi idi. Hər şey bir kənara, onlar demokratiya, qanun çərçivəsində azadlıq və ilk geniş miqyaslı pul vahidi sistemini yaratmışdılar. Üstəgəl, onlar ifrat dərəcədə rəqabətçi idilər. O dərəcədə ki, yunan şəhər-dövlətləri arasında daimi müharibələr sonda yunan çoxfikirliliyinin, plüralizminin əriməsi və Ellin dünyasının Makedoniyalı İsgəndərin imperiyasında birləşməsi ilə nəticələnmişdi. Hərbi imperativlər adətən belə kreativliyi dağıdıcı nəticələrə doğru yönəldir; lakin yaradıcı fikir adamları tez-tez – standard innovativ manevrlə – hərbi ixtiraları mülki, insanlara xeyir gətirən məqsədlərə də tətbiq edə biliblər.

Yeni köhnənin yerini tutur və bu, bəzən real dəyərin itirilməsi mənası verdiyindən cəmiyyətlər həmçinin nə vaxt innovasiya etməməyi də dəyərləndirməlidirlər. Müasir dünya yeniliyin gətirə biləcəyi dağıntını qiymətləndirmək üçün çox az zamana malikdir. Lakin əgər bu gün arası kəsilməyən, yeni texnologiyalardan və siyasi dəyişiklikdən tutmuş sənət və musiqiyə kimi innovasiya narahatlıqla yanaşı, xoş bir həyəcan gətirirsə, biz etiraf etməliyik ki, ən azı bu mənada Günəşin altında yeni bir şey baş vermir. Yeniliyi şərtləndirən təzyiq heç vaxt azalmayacaq. Xüsusən bu günün pandemiyası, ətraf mühit böhranı, siyası çaxnaşmalar şəraitində müsbət innovasiyalar həmişəkindən daha çox lazımdır. Klassik Yunanıstanın innovasiyalarının anatomiyası, özünün əyləncəli və illüstrativ hadisələri ilə kreativ düşüncənin zaman bilməyən əməliyyatlarını dəyərli müşahidə imkanı təqdim edir.

Qeyd: Bu yazı Armand D’Anqourun So what’s new? Innovation in ancient Greek experience məqaləsinin tərcüməsidir. Tərcüməçi Altay Göyüşovdur. Yazının ingilis dilindəki əsli Princeton University Press tərəfindən dərc olunmuşdur. İnternet ünvanı budur:  https://press.princeton.edu/ideas/so-whats-new-innovation-in-ancient-greek-experience

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.