iqtisadiyyat

iqtisadiyyat

Son 20 ildə yaranan yeni iş yerləri məşğulluq sahəsində nəyi dəyişib?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycan qeyri-rəsmi məşğulluğun miqyasının yüksək olduğu ölkələr sırasındadır. Bununla belə, Azərbaycan hökuməti əhalinin məşğulluğunun təmin edilməsini və işsizliyin azaldılmasını özünün əsas prioritetlərindən biri kimi görür. Davamlı olaraq qəbul edilən müxtəlif rəsmi sənədlər də deyiləni təsdiq edir. Məsələn, 2005-ci ildə 2006–2015-ci illəri əhatə edən Məşğulluq Strategiyası, sonrakı dövrdə strategiyanın reallaşdırılması üçün 2 dövlət proqramı (2007-2010-cü illər2011-2015-ci illər üzrə ) təsdiq edilmişdir.  Daha sonra, 2019–2030-cu illər üçün yeni Məşğulluq Strategiyası, bu sənədin həyata keçirilməsi üçün 2020-2025-ci illəri əhatə edən Tədbirlər Planı təsdiq edilmişdir.

Şübhəsiz ki, məşğulluq strategiyası və proqramlarında əsas vəzifələrdən biri hər zaman yeni iş yerlərinin yaradılması hesabına ölkədə işsizlik səviyyəsinin aşağı salınması olur. Dövlət Statistika Komitəsinin (DSK) 2003-cü ildən başlayaraq açıqladığı hesabatlar göstərir ki, 20 il ərzində ölkədə 3,34 milyonadək yeni iş yeri yaradılmışdır. DSK-nın məlumatına görə, 2003-cü ilin sonunda ölkə iqtisadiyyatında məşğul əhalinin sayı 3,97 milyon nəfər olmuşdur. Deməli, son 20 ildə ölkədə 2003-cü ildəki iş yerlərinin sayının 83 faizi qədər yeni iş yeri yaradılmışdır. Bu qədər yeni iş yerinin yaranması nəticəsində məşğulluğun strukturunda hansı dəyişikliklər baş verib? 

Yeni iş yerlərinin statistikası: qısa icmal

Azərbaycan iqtisadiyyatında yaradılan yeni iş yerlərinin statistikası 2003-cü ilin son rübündən başlayaraq aparılır. DSK-nın Azərbaycanın statistik göstəriciləri – 2023 buraxılışında və Yeni iş yerləri – 2024 yanvar ayı bülletenində bütün yeni iş yerləri yaranma mənbəyinə görə 3 böyük qrupa ayrılır: 1) hüquqi şəxslərdə yaradılan yeni iş yerləri; 2) fərdi sahibkarlıq subyektləri üzrə yaradılan yeni iş yerləri – buraya yeni qeydiyyatdan keçmiş fiziki-şəxs sahibkarlar və onların yaratdıqları yeni iş yerləri aid edilir; və 3) digər tədbirlər üzrə yeni yaradılan iş yerləri – buraya beynəlxalq və yerli layihələr, abadlıq işləri, mövsümi işlər və s. aiddir.

DSK ilk iki qrupu daimi iş yerləri kimi təsnif edir. Halbuki fiziki-şəxs sahibkar kimi qeydiyyatdan keçən fərdi sahibkarlıq subyektlərinin çoxu əksər hallarda aktiv fəaliyyət göstərmirlər. Məsələn, 2024-cü il yanvarın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 321 min olub.[1] Eyni zamanda, Dövlət Vergi Xidmətinin 2024-cü il yanvarın 1-nə olan məlumatına görə, ölkədə aktiv fəaliyyət göstərən fiziki-şəxs sahibkarların sayı 511,4 min nəfər olmuşdur. Yəni qeydiyyatda olan fərdi sahibkarlıq subyektlərinin ümumi sayının yalnız 38,7%-inin aktiv fəaliyyət göstərdiyini demək olar. Eyni zamanda, rəsmi statistika fərdi sahibkarlıq subyektlərində çalışan işçilərin sayı və hərəkəti barədə statistikanı da açıqlamır.

DSK-nın məlumatlarına görə, 2003- 2023-cü illərdə ölkədə yeni yaradılan 3 milyon 336,6 min iş yerinin 1 milyon  40,9 mini, yaxud 31,2%-i hüquqi şəxslərdə, 1 milyon 551,4 mini, yaxud 46,5%-i fərdi sahibkarlıq subyektlərində, qalan 744,3 mini, yaxud 22,3%-i isə beynəlxalq və yerli layihələr, abadlaşdırma işləri, mövsümi və digər müvəqqəti işlər ilə bağlı yaradılmışdır.

Ölkədə yeni iş yerlərinin illər üzrə dinamikasını (Diaqram 1) izləyəndə aydın olur ki, 2009-2011-ci illər istisna olmaqla, hər il ölkədə 100 mindən çox yeni iş yeri yaradılmışdır. Diaqramdan göründüyü kimi, 2010-2014-cü illəri əhatə edən nisbətən sabit artım dövründə ölkədə hər il yeni yaradılan iş yerlərinin sayı 100 min ətrafında olduğu halda, 2016-2020-ci illəri əhatə edən böhran dövründə bu say hətta 200 mini keçərək 300 minə yaxınlaşır.

Diaqram 1. Azərbaycanda yeni iş yerlərinin illər üzrə dinamikası (vahid)

Ölkədə yeni yaradılan iş yerlərinin illik maksimumu – 294 min olmaqla – pandemiya ili olan 2020-ci ildə qeydə alınmışdır: bunun 165,1 mini, yaxud 56,1%-i fərdi sahibkarlıq subyektləri, 104,9 mini, yaxud 35,7%-i hüquqi şəxslər, qalan 24 mini (8,2%-i) isə digər tədbirlər üzrə açılan iş yerləri olmuşdur.

DSK-nın məlumatları əsasında apardığımız hesablamalara görə, 2004-cü ilin son rübündən 2023-cü ilin sonunadək ölkə iqtisadiyyatının hüquqi şəxslərində yeni yaradılan 1 milyon 40,9 min yeni iş yerinin 712.1 mini, yaxud 68,4%-i artıq fəaliyyətdə olan mövcud müəssisə və təşkilatların, 299,5 mini, yaxud 28,8%-i müvafiq illər üzrə yeni yaradılan müəssisə və təşkilatların, qalan 29,2 mini, yaxud 2,4%-i isə fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatların payına düşüb.

Yeni iş yerlərinin iqtisadi fəaliyyət növləri üzrə bölgüsü

DSK yuxarıda qeyd etdiyimiz məlumat mənbələrində yalnız hüquqi şəxslərdə yeni yaradılmış iş yerlərinin iqtisadi fəaliyyət növləri üzrə bölgüsünü təqdim edir.

2003-cü ilin son rübündən 2023-cü ilin sonunadək olan dövrdə hüquqi şəxslərdə yeni yaradılmış iş yerlərinin beşilliklərə bölünməklə iqtisadi fəaliyyət növləri üzrə bölgüsünü aşağıdakı cədvəldə (Cədvəl 1) təqdim etmişik. Cədvəldən göründüyü və artıq yuxarıda da qeyd etdiyimiz kimi, son 20 ildə ölkə iqtisadiyyatının hüquqi şəxslərində cəmi 1 milyon 40,9 min yeni iş yeri yaradılmışdır ki, bunun əksər hissəsi məhz son beşillik olan 2019-2023-cü illərin payına düşür.

Cədvəl 1: 2004-2023-cü illərdə beşilliklər üzrə hüquqi şəxslərdə yaradılmış yeni iş yerlərinin iqtisadi fəaliyyət növləri üzrə bölgüsü, vahid

İqtisadi fəaliyyət növləri2003-20082009-20132014-20182019-20232004-2023
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq61305430270691610288780
Mədənçıxarma sənayesi7931219193743258274
Emal sənayesi368011757220953813675668
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı4748423403140217755141
Su təchizatı, tullantıların təmizlənməsi və emalı553120939969241920012
Tikinti49538204113493291138196019
Ticarət, nəqliyyat vasitələrinin təmiri46195147123214062529155576
Nəqliyyat və anbar təsərrüfatı2516329267051497727490
Turistlərin yerləşdirilməsi və ictimai iaşə8477146453851931234638
İnformasiya və rabitə440611872269805915921
Maliyyə və sığorta fəaliyyəti1556042322911699829701
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar119634855327604423819
Peşə, elmi və texniki fəaliyyət3116349093292143137366
İnzibati və yardımçı xidmətlərin göstərilməsi41922541600090230102963
Dövlət idarəetməsi və müdafiə, sosial təminat8004989018157652642577
Təhsil89169950511412220961
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi5339049381692625259
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət1844211243018257
Digər sahələrdə xidmətlərin göstərilməsi72198439722622884
Nazirlik, komitə, şirkət, səhmdar cəmiyyəti və digər mərkəzi təşkilatlarda45762383149593
İqtisadiyyat sahələri üzrə – cəmi3186161013981879054329781040897

(Mənbə: cədvəl DSK-nın məlumatları əsasında hazırlanmışdır)

İlk baxışdan cədvəldə diqqət çəkən bir məqam iqtisadi fəaliyyət növləri sırasında “nazirlik, komitə, şirkət, səhmdar cəmiyyəti və digər mərkəzi təşkilatlarda” kimi bir sətirin olmasıdır. Maraqlıdır ki, belə bir “fəaliyyət növü” üzrə məlumatlar DSK-nın yalnız 2010-cu ilədək açıqladığı statistikada olub, amma belə iş yerlərinin niyə iqtisadi fəaliyyət növləri üzrə bölünmədiyinə aydınlıq gətirilməyib.  

Öz növbəsində, 2003- 2023-cü illərdə hüquqi şəxslərdə yaranan yeni iş yerlərinin iqtisadi fəaliyyət növləri üzrə bölgüsünü nəzərdən keçirdikdə, daha çox yeni iş yerlərinin yarandığı beş sahə aşağıdakı kimidir:

Cədvəl 2: 2004-2023-cü illər dövründə hüquqi şəxslərdə ən çox iş yerlərinin yarandığı beş iqtisadi fəaliyyət növü

İqtisadi fəaliyyət növləriİş yerlərinin sayıİş yerlərinin ümumi sayında payı (%-lə)
Dövr ərzində hüquqi şəxslərdə yaranan iş yerlərinin ümumi sayı1040897100
Bundan:  
Tikinti19601918,8
Ticarət, nəqliyyat vasitələrinin təmiri15557614,9
İnzibati və yardımçı xidmətlərin göstərilməsi1029639,9
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq887808,5
Emal sənayesi756687,5
Ən çox yeni iş yeri yaranan sahələrdə cəmi61900659,6

Deməli, son 20 ildə hüquqi şəxslərdə yeni iş yerlərinin yaranmasında aparıcı sahələr iqtisadiyyatımız üçün ənənəvi olan tikinti, ticarət və kənd təsərrüfatı olmuşdur. Emal sənayesində yeni iş yerlərinin sayının artması müsbət meyl kimi qiymətləndirilə bilər.

Burada maraq doğuran “inzibati və yardımçı xidmətlərin göstərilməsi” adlı fəaliyyət növüdür: burada son 5 il ərzində (2019-2023-cü illər dövründə) 90,2 min yeni iş yerinin yarandığı bildirilir. DSK-nın açıqladığı statistikaya əsasən, bu sahədə iş yerlərinin əksər hissəsi (88,5%-i) 2019-cu və 2020-ci illərdə – müvafiq olaraq, 49,4 min və 30,4 min  – yaradılmışdır. Maraqlıdır ki, DSK-nın məşğulluğa dair məlumatlarına əsasən, bu sahədə çalışanların sayı 2018-ci ilin sonunda  59,5 min nəfər, 2023-cü ilin sonunda isə 96,8 min nəfər olmuşdur: yəni bu dövrdə sahənin hüquqi şəxslərində 90,2 min yeni iş yerinin yarandığı göstərilsə də, sahədə çalışanların sayı cəmi 37,3 min nəfər artıb.

Yeni iş yerlərinin məşğulluğun strukturuna təsiri

DSK-nın məlumatlarına görə Azərbaycanda işçi qüvvəsinin sayı 2003-cü ilin sonundan- 4373,5 min nəfərdən 2023-cü ilin sonuna- 5249,7 min nəfərə yüksəlib, yəni 876,2 min nəfər artıb. Eyni dövrdə iqtisadiyyatın bütün sahələrində məşğul əhalinin sayı 990,7 min nəfər (3972,6 mindən 4963,3 minə), iqtisadiyyatın bütün sahələrində muzdla işləyənlərin sayı isə 515,2 min nəfər (uyğun olaraq, 1226,6 mindən 1741,8 minə) artıb. Həmin dövrdə işsizlərin sayı isə 400,9 mindən 286,4 minə düşüb, yəni 113,5 min nəfər azalıb. Müqayisə üçün xatırladaq ki, DSK eyni dövrdə ölkədə  2592,3 min, o cümlədən hüquqi şəxslərdə 1040,9 min daimi yeni iş yerinin yarandığını bildirir. İllər üzrə bağlanan iş yerlərinin sayına dair statistika açıqlanmadığından bu məlumatlar üzrə daha dərin çarpaz təhlillər aparmaq imkanı məhduddur.

2003-cü ildə olduğu kimi, 2023-cü ildə də ölkə iqtisadiyyatında ən çox məşğulluğu təmin edən sahə 35,8% payla kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq olub: son 20 ildə burada məşğul əhalinin sayı 231,3 min nəfər, yaxud 15,0% artıb, amma ümumi məşğulluqda onun payı 3,3% bəndi azalıb. Məşğulluğun təmin edilməsində roluna görə 2023-cü ilin sonunda ikinci yerdə, yenə 20 il əvvəl olduğu kimi, ticarət və nəqliyyat vasitələrinin təmiri dayanır: burada çalışanların sayı 20 il ərzində 78,0 min nəfər (yaxud 12,4%) artmış, ümumi məşğulluqda payı isə 1,6% bəndi azalaraq, 2003-cü ildəki 15,8%-dən 14,2%-ə düşmüşdür.  

Ümumi məşğulluqdakı payına görə 2023-cü ildə üçüncü yerdə 7,8%-lə tikinti olub: 20 ildə bu sahədə məşğul əhalinin sayı 185,8 min nəfər, yaxud 91,6% artıb. Ümumi məşğulluqda onun payı 1,3% bəndi artmışdır. Emal sənayesində məşğul əhalinin sayı bu dövrdə 92,7 min nəfər yaxud 48,2% artıb: 192,3 mindən 285,0 minə yüksəlib. Emal sənayesinin ümumi məşğulluqdakı payı da təqribən 1% bəndi artıb.

Son 20 ildə məşğul əhalinin sayı turistlərin yerləşdirilməsi və ictimai iaşədə 4,3 dəfə, yaxud 73,2 min nəfər (onun ümumi məşğulluqdakı payı isə 1,3% bəndi), inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində 2,7 dəfə, yaxud 61,4 min nəfər (onun ümumi məşğulluqdakı payı isə 1,1% bəndi), maliyyə və sığorta fəaliyyətində 2,3 dəfə, yaxud 20,8 min nəfər (onun ümumi məşğulluqdakı payı isə 0,4% bəndi), informasiya və rabitə sahəsində təqribən 2 dəfə, yaxud 29,2 min nəfər (onun ümumi məşğulluqdakı payı isə 0,4% bəndi), peşə, elmi və texniki fəaliyyətlər üzrə 59,2 faiz, yaxud 24,8 min nəfər (onun ümumi məşğulluqdakı payı isə 0,25% bəndi) artmışdır.

Təhlil apardığımız dövrdə təhsil sektorunda çalışanların sayının 32,5 min nəfər artmasına rəğmən, ümumi məşğulluqda onun payı 8,6%-dən 7,6%-ə düşmüşdür, yəni 1% bəndi azalmışdır. Bu dövrdə əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsinin ümumi məşğulluqdakı payı 0,8% bəndi, daşınmaz əmlakla əlaqədar əməliyyatlar üzrə 0,4% bəndi, mədənçıxarma sənayesi üzrə 0,25% bəndi azalmışdır. Dövlət idarəetməsi və müdafiə sahəsində məşğul əhalinin sayı 2003-2015 illər dövründə 248,9 mindən 287,3 minə yüksəlmiş (38,4 min nəfər artmış), sonra isə 2023-cü ilin sonuna 230,5 minə düşmüşdür (56,8 min azalma). Bu sahənin ümumi məşğulluqdakı xüsusi çəkisi 2003-cü ildəki 6,3%-dən 2023-cü ildə 4,6%-ə düşmüşdür, yəni 1,7% bəndi azalmışdır.

Hesablamalarımıza əsasən, iqtisadiyyatın qeyri-kənd təsərrüfatı sektorunda çalışanların ümumi məşğulluqdakı payı 2003-cü ildəki 61,1%-dən 2023-cü ildə 64,2%-ə yüksəlib, yəni 3.1% bəndi artıb. 

2004-2023-cü illər dövründə iqtisadiyyatın sahələrində muzdla işləyən işçilərin ümumi sayı 515,2 min nəfər, yaxud 42% artmışdır. 2003-cü illə müqayisədə 2023-cü ildə muzdla işləyənlərin sayı ticarət sektorunda 87,3 min (37,0%), inzibati və yardımçı xidmətlərin göstərilməsində 81,7 min (16,6 dəfə), dövlət idarəetməsi və müdafiədə 62,5 min (2,3 dəfə), tikintidə 57,3 min (2,0 dəfə), turistlərin yerləşdirilməsi və ictimai iaşədə 37,5 min (6,8 dəfə), emal sənayesində 32,2 min (33,3%), peşə, elmi və texniki fəaliyyətlər sahəsində 29,9 min (85,4%), maliyyə və siğorta sahəsində 28,7 min (4,3 dəfə) artmışdır.

Qeyri-kənd təsərrüfatı sahələrində məşğul əhalinin 2003-cü ildə 48,7%-i, 2023-cü ildə isə 52,8%-i muzdla işləyən işçilər olmuşdur. Bu, o deməkdir ki, 20 il ərzində yeni açılan iş yerləri bu göstəricinin cəmi 4.1% bəndi artmasına imkan verib.

Yeni iş yerlərinin regional strukturu

DSK yeni yaradılmış iş yerlərinin (həm də daimi iş yerləri ayrıca göstərilməklə) regional strukturunu yuxarıda qeyd etdiyimiz mənbələrdə açıqlayır. Xatırladırıq ki, DSK daimi iş yerlərinə hüquqi şəxslər və fərdi sahibkarlıq subyektləri üzrə açılmış yeni iş yerlərini aid edir. DSK-nın iqtisadi rayonlar üzrə təqdim etdiyi məlumatların detallarına varmadan, diqqəti cəlb edən bir neçə mühüm məqamı nəzərinizə çatdırmaq istəyirik:

1) Ölkədə mövcud işçi qüvvəsinin təqribən 30%-i Bakı-Abşeron zonası (Bakı şəhəri və Abşeron-Xızı iqtisadi rayonu) ərzisində, o cümlədən 25%-i Bakı şəhərində, 70%-i isə ölkənin digər ərazilərində yerləşir. Buna baxmayaraq, ölkədə yeni yaradılan daimi iş yerlərinin 2003-2008-ci illər dövründə 38%-dən çoxu, 2009-2013-cü illər dövründə  44,3%-i, 2014-2018-ci illər dövründə 47%-i, 2019-2023-cü illər dövründə isə 71,8%-i Bakı-Abşeron zonasında, o cümlədən, uyğun olaraq, 32%, 37,3%, 38,4% və 68,4%-i Bakı şəhərində qeydə alınmışdır. Həm də hər növbəti beşillik dövrdə bu ərazidə yaranan yeni daimi iş yerlərinin payı daha da artmışdır. 20 il ərzində ölkədə yaranan daimi yeni iş yerlərinin təqribən yarısı Bakı-Abşeron zonasının payına düşür;
2) Bakı-Abşeron zonasından fərqli olaraq, ölkənin digər ərazilərində (iqtisadi rayonlar üzrə) yeni yaranan iş yerlərinin sayında müvəqqəti iş yerləri daha çoxdur: yeni iş yerlərinin ümumi sayında daimi iş yerlərinin payı ölkə üzrə beşillik dövrlərdə 65-75% kimi olub. Bakı-Abşeron ərazisi üzrə bu göstəricinin səviyyəsi 90-95% olduğu halda, regionlar üzrə həmin göstəricinin səviyyəsi 50-60%, hətta bəzi regionlarda 40% səviyyəsində müşahidə olunur;
3) Yuxarıda artıq qeyd etdiyimiz kimi, ölkədə muzdla işləyən işçilərin sayı artmaqdadır, amma bu artım yenə də əsasən Bakı şəhəri və Bakı-Abşeron ərazisində baş verir. DSK-nın 2015-2022-ci illər üzrə açıqladığı məlumatlara görə, qeyd olunan dövrdə ölkə iqtisadiyyatında muzdla işləyən işçilərin sayı 236,2 min nəfər artmışdır ki, bunun 216,4 mini, yaxud 91,6%-i Bakı şəhərinin payına düşüb. Eyni dövrdə Abşeron-Xızı iqtisadi zonasında muzdlu işləyənlərin sayı 21 min nəfər artmışdır. Həmin dövrdə Quba-Xaçmaz iqtisadi rayonu və Naxçıvan MR-dakı muzdlu işçilərin sayında artım qeydə alınsa da, Qarabağ, Qazax-Tovuz, Gəncə-Daşkəsən, Lənkəran-Astara və Mərkəzi Aran iqtisadi rayonlarında muzdlu işçilərin sayında azalmalar baş vermişdir. 


[1] DSK-nın aylar üzrə “Sosial, iqtisadi inkişaf” bülleteni, yanvar-dekabr 2023. https://stat.gov.az/news/source/doklad_2023-12.pdf səh.112

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.