TƏRCÜMƏ

TƏRCÜMƏ

İqtidarın Məntiqi: Avtokratiyalar və Demokratiyalar

Read this article on other language
Download article
image_pdf
image_pdf

Mansur Olson (1932–1998) tanınmış amerikalı iqtisadçı və sosioloqdur. O, əsasən “kollektiv fəaliyyət problemi” yanaşması ilə məşhurlaşmış və bu istiqamətdəki tədqiqatları iqtisadiyyat və siyasi elmlərin inkişafına mühüm təsir göstərmişdir. Onun ölümündən sonra, 2000-ci ildə nəşr edilmiş son əsəri olan İqtidar və Firavanlıq (Power and Prosperity) kitabında müxtəlif idarəetmə formalarının — xüsusilə tiranlıq, anarxiya və demokratiyanın iqtisadi nəticələri müqayisəli şəkildə təhlil olunur. Aşağıda həmin kitabın birinci fəslinin ikinci hissəsini təqdim edirik.

Tarixi Qeydlər

Tarixdən bilirik ki, şəxsi maraqla hərəkət edən avtokratların əhatəli marağı iqtisadi artımla, hətta sivilizasiyanın irəliləyişi ilə uyğun gələ bilər. Avtokratiya ən azı məskunlaşmış kənd təsərrüfatının qədim Mesopotamiyada formalaşmasından bir qədər sonra Kral Sarqonun fəthləri ilə Akkad imperiyasını qurduğu dövrdən bəri geniş yayılmış idarəetmə forması olub. Bəşəriyyətin böyük hissəsi tarix boyu avtokratik hakimiyyətə tabe olub və vergi talanı yolu ilə istismar edilib. Xeyirxah despotlara nümunə tapmaq isə olduqca çətindir. Oturuşmuş quldur modeli faktları avtokratların altruist olması fərziyyəsindən qat-qat daha yaxşı izah edir.

Buna baxmayaraq, təəccüblüdür ki, demokratiyaların dominant olmadığı dövrlərdə belə ümumi gəlirin, əhalinin və sivilizasiyanın ciddi inkişafı baş verib. Daha yaxın dövrlərdə də bir sıra avtokratiyalar altında sürətli iqtisadi artım müşahidə olunub. Düzdür, mən sonradan göstərəcəyəm ki, nisbətən demokratik cəmiyyətlər – yaxud ən azı nümayəndəli hökumətləri olan qeyri-avtokratik cəmiyyətlər – ümumi iqtisadi tərəqqidə qeyri-mütənasib dərəcədə böyük rol oynayıblar və bu, heç də təsadüfi deyil.[1] Lakin israfçı və şəxsi maraq güdən avtokratlar altında baş verən artımı onların əhatəli maraqlarını nəzərə almadan izah etmək qətiyyən mümkün deyil.

Digər Görünməz Əl

Köçəri quldurluqdan oturuşmuş quldurluğa keçid həm quldur başçısına, həm də əhaliyə qazanc gətirsə də, bu keçid nə ictimai müqavilə, nə də hansısa başqa könüllü razılaşma nəticəsində baş verir. Bu, könüllü bazar mübadilələrinin tez-tez ictimai marağa xidmət etməsinə səbəb olan görünməz əlin nəticəsi deyil. Buna baxmayaraq, köçəri quldur başçısının məskunlaşıb özünü kral elan etməsi ilə yaranan istehsal artımı və qarşılıqlı qazanc stimullara verilən cavabın nəticəsidir: mənim oturuşmuş quldur modelimdə müşahidə olunan təəccüblü dərəcədə müsbət nəticələr yaxşı niyyətlərdən qaynaqlanmır.

Beləliklə, nəticələrin yaxşılaşması, yəni iqtidarın dağıdıcı istifadəsindən qurucu istifadəsinə keçid – yaxud, Hobbsun “hamının hamıya qarşı müharibəsi”nin avtokratiyanın təmin etdiyi nizamla əvəz olunması – başqa bir görünməz əlin təsiri ilə baş verir. Bu görünməz əl – buna soldakı görünməz əl deyəkmi? – əhatəli maraqlara sahib olanları öz güclərindən müəyyən dərəcədə[2] ictimai marağa uyğun şəkildə istifadə etməyə istiqamətləndirir; hətta ictimai nemətlərin təmin edilməsi belə iqtidardakıların xoş niyyətindən qaynaqlanmır. Bu ikinci görünməz əl Adam Smitin dövründəki birinci görünməz əl qədər yad və bəlkə də, qeyri-intuitiv görünə bilər, lakin bu onun daha az əhəmiyyətli olduğu mənasına gəlmir. Gücün, hökumətin və siyasətin, eləcə də hökumətlərin iqtisadiyyata vurduğu fayda və zərərin qənaətbəxş nəzəriyyəsini bu ikinci görünməz əli nəzərə almadan qurmaq mümkün deyil.

Hökmdar Dəbdəbəsi

İlk baxışda elə görünə bilər ki, bir avtokratın istehlak xərcləri, hətta çox dəbdəbəli olsa belə, ölkənin vergi gəlirləri ilə müqayisədə cüzi qalır. Bizdə elə təsəvvür formalaşa bilər ki, avtokrat istədiyi hər şeyi vergi daxilolmalarının çox kiçik bir hissəsi ilə ala bilər və buna görə də bu fəsildəki məntiqin proqnozlaşdırdığı kimi, cəmiyyətdən mümkün olan maksimum izafi dəyəri götürməyə çalışmaz. Lakin burada təsəvvürlərimiz bizi yanıltmış olur, çünki biz (əgər özümüz avtokrat deyiliksə) istehlaka burjua baxışları ilə yanaşırıq. İmelda Markosun 3.000 cüt ayaqqabısının və digər israfçı xərclərinin dəyəri az deyildi; piramidalar, Versal sarayı və Tac Mahal isə onlardan qat-qat baha başa gəlmişdir. Avtokratın ölkəsi həm də onun eqosunun səhnəsinə çevrilə bilər: Fidel Kastronun “ağlı yeni ideyalar gəldikcə ora-bura sıçrayırdı. Bir körpü gördü və təmir olunmasını əmr etdi. Cipi palçığa batdı və dedi: ‘Yolu asfaltlayın.’ Adanın bir hissəsini quraqlıq vurdu və o, yeni bənd tikilməsini tapşırdı. Dərhal.”[3]

Bir avtokrat üçün qonşudan geri qalmamaq digər krallar və ya diktatorlarla ayaqlaşmaq deməkdir; bu isə çox vaxt təkcə olduqca bahalı və prestijli layihələr deyil, həm də daha möhtəşəm bir iqtidar sahəsi əldə edə biləcək ordular və müharibələr deməkdir. Almaniya və Sovet İttifaqının milli gəlirlərinin çox böyük hissəsi Hitlerin və Stalinin zövqlərini təmin etməyə sərf olunmuşdu.

Beləliklə, tarixə nəzər saldıqda, məqsədlərini reallaşdırmaq üçün olduqca çox vəsait xərcləyən avtokratların mümkün olan maksimum vergini toplasalar da, çatışmazlıqla üzləşdiklərini görürük. Bu mənzərəni Qərb tarixinin ən böyük avtokratiyalarından bəzilərində də görürük. Roma İmperiyası dağılanadək əhalidən ağır vergilər yığırdı. İspaniyadakı Habsburqlar toplaya bildikləri bütün vergiləri yığsalar da, böyük borclar yığmış və bəzən bu borcları ödəməkdən imtina etmişdilər. Fransadakı Burbonlar da eyni yolu tutmuş və onların rejimi fiskal böhran nəticəsində sona çatmışdı. Sovet İttifaqında vergitutma, sonradan görəcəyimiz kimi, dolayı formada olsa da, misilsiz dərəcədə yüksək idi; lakin sonda sovet sistemi də öz iqtidarını ayaqda saxlamaq üçün lazım olan resursları tapa bilmədi.

Avtokratiyalar və Çoxluqların Müqayisəsi

Yuxarıda təqdim olunan avtokratiya modeli göstərir ki, təhlükəsiz mövqedə olan avtokratın cəmiyyətə münasibətdə əhatəli marağı onu vergi talanının miqyasını məhdudlaşdırmağa vadar edir. Avtokratın əhatəli marağı o deməkdir ki, o, nəzarət etdiyi resursların bir hissəsini öz ərazisinin məhsuldarlığını artıran ictimai nemətlərin təmininə sərf edəcək. Lakin bunu yalnız cəmiyyətdə xalis talanının mütləq həcmini maksimumlaşdırmaq üçün edir. Buna görə də avtokratiyadan əldə olunan qazanc baha başa gəlir, çünki gəlirin böyük hissəsi təbəələrdən alınıb avtokratın xeyrinə yenidənbölüşdürülür.

Bu baxımdan demokratiyalar avtokratiyalarla necə müqayisə olunur? Müxtəlif nümayəndəli hökumətlərin fərqli quruluş və prosedurları var və bunlar nəticələrə müəyyən dərəcədə təsir göstərir. Demokratiyaların yenidənbölüşdürmə baxımından avtokratiyalardan necə fərqləndiyini anlamağın ən asan yolu prezidentliyə iki namizədin olduğu, ya da hökuməti tamamilə qalib çoxluğun maraqları naminə idarə etməyə çalışan iki nizam-intizamlı partiyanın mövcud olduğu ən sadə demokratiyadan başlamaqdır. Bu başlanğıc fərziyyə, bir azdan görəcəyimiz kimi, nümayəndəli hökumətin xeyrinə müəyyən qədər qərəzlidir. Çünki bu fərziyyəyə görə, cəmiyyət daha əhatəli marağa malik olan bir qüvvə tərəfindən idarə olunur, nəinki (1) gəlir yaratma qabiliyyətinin yalnız kiçik bir hissəsini təmsil edən xırda partiyaların dəyişkən koalisiyaları tərəfindən; (2) yaxud təkcə müəyyən bir sənayeni, peşəni və ya başqa dar marağı təmsil edən xüsusi maraq qruplarının təsiri altında olan qüvvə tərəfindən idarə olunur. Dar maraqların demokratiyalara təsirini sonradan ayrıca müzakirə edəcəyəm.

Bütün təhlil boyu demokratiyaya haqsız üstünlük verməmək üçün avtokratiyada güman ediləndən daha müsbət motivasiya güman etmirəm. Qərəzsizlik və sadəlik naminə belə qəbul edirəm ki, demokratik siyasi liderlər də avtokratlar qədər şəxsi maraq güdür və fürsətçi şəkildə çoxluğun dəstəyini qazanaraq hakimiyyətə gəlməyə çalışırlar.

Seçki Stimulu və Səmərəlilik

İki partiyalı demokratiyaların müşahidəsi göstərir ki, hakimiyyətdə olanlar seçkiyə “siz heç vaxt bu qədər yaxşı yaşamamısınız” kimi bir nəticə ilə girməyi sevirlər. Aydındır ki, əgər hakim partiya və ya prezident şəxsi maraq güdən avtokrat kimi cəmiyyətdən mümkün olan ən böyük izafi dəyəri özü üçün götürsəydi, belə bir göstərici ilə seçkiyə gedə bilməzdi və biz də demokratiyalarda bunun baş verdiyini müşahidə etmirik. Lakin fərz etsək ki, hakim tərəf yenidən seçilmə şansını təkcə seçicilərin hamısını mümkün qədər varlı etməklə maksimumlaşdırır, onda demokratiyaya həddindən artıq əlverişli yanaşmış olarıq.

Namizədə qalib gəlmək üçün yalnız çoxluq lazımdır və o, cəmiyyətin ümumi gəlirindən müəyyən bir hissəni potensial çoxluğa yönəltməklə, bu çoxluğu “ala” bilər. Bu cür yenidənbölüşdürmə üçün lazım olan vergilər isə stimulları zəiflədər və cəmiyyətin istehsalını eynilə avtokratın gəliri özünə yönəltməsi kimi azaldar. Bəs səsləri almaq uğrunda rəqabət vergitutma yolu ilə stimulların təhrifində rasional avtokratiya qədər irəli gedə bilərmi? Yəni səs toplayan demokratik lider də rasional avtokrat kimi vergi dərəcələrini gəliri maksimumlaşdıran səviyyəyə qədər qaldırmaq istəyərmi?

Həm çoxluq, həm də avtokrat vergi yığımlarına nəzarət etdiklərinə görə cəmiyyətə münasibətdə əhatəli marağa malikdirlər. Lakin çoxluq eyni zamanda cəmiyyətin bazar gəlirinin əhəmiyyətli bir hissəsini də özü qazanır və bu, ona cəmiyyətin məhsuldarlığında daha geniş maraq verir. Çoxluğun bazar gəlirlərindəki payı onu özünə yönəltdiyi yenidənbölüşdürməni avtokratın özünə yönəltdiyindən daha məhdud saxlamağa sövq edir. Bu vəziyyət demokratik çoxluğun gəliri maksimumlaşdıran vergi dərəcəsində hansı seçim imkanına malik olduğunu nəzərə aldıqda aydın görünür. Vergi dərəcəsində çox cüzi bir dəyişiklik vergi yığımlarını dəyişmir. Çox cüzi artım milli gəliri o qədər azaldar ki, gəlirin daha böyük faizi vergi kimi toplansa da, ümumi yığım dəyişməz qalar. Çox cüzi azalma isə milli gəliri o qədər artırar ki, daha kiçik faizlə vergi toplansa da, vergi gəlirləri yenə eyni səviyyədə qalar. Bu, avtokrat üçün optimal vergi dərəcəsidir, çünki milli gəlirdəki dəyişikliklər onun gəlirinə yalnız vergi yığımlarındakı dəyişiklik vasitəsilə təsir edir.

Lakin gəliri maksimumlaşdıran vergi dərəcəsində olan çoxluq vergi dərəcəsinin azaldılmasından mütləq qazanar. Çünki milli gəlir artdıqda, çoxluq təkcə daha böyük milli gəlirdən vergi toplamaqla kifayətlənmir, eyni zamanda bazarda da daha çox gəlir əldə edir. Buna görə də çoxluq üçün optimal vergi dərəcəsi avtokratınkından daha aşağı olur. Ən sadə ədədi nümunəni belə təsəvvür etmək olar: fərz edək ki, vergi gəlirini maksimumlaşdıran dərəcə üçdə birdir və çoxluq bazarda milli gəlirin üçdə birini qazanır. Rasional avtokrat üçün topladığı son vergi dolları milli gəliri 3 dollar azaldır və bu itkinin üçdə biri onun öz itkisidir; beləliklə, o, son vergi dollarında nə qazanc, nə də zərər edir və gəliri maksimumlaşdıran nöqtədə olur. Lakin əgər çoxluq səhvən eyni vergi dərəcəsini seçsə, özünə zərər vurmuş olar: çünki topladığı son vergi dollarına görə 2 dollar itirər (avtokratın itirdiyi 1 dollar üstəgəl bazar gəlirindən itirdiyi əlavə 1 dollar). Deməli, çoxluq ümumi gəlirini daha aşağı vergi dərəcəsi və özünə daha az yenidənbölüşdürmə ilə maksimumlaşdırar, nəinki avtokrat. Bu müddəanın formal sübutunu və onunla bağlı digər nəticələri görmək istəyən oxucular daha əvvəl istinad edilən Avtokratiyanın və Çoxluq İdarəetməsinin İqtisadiyyatı məqaləsinə müraciət edə bilərlər.

Tərs Mütənasiblik Qaydası

Daha ümumi şəkildə desək, hakim marağa – istər avtokrat, istər çoxluq, istərsə də başqa bir hakim maraq olsun – gəliri özünə yönləndirməyi o nöqtədə dayandırmaq sərfəlidir ki, milli gəlir onun aldığı payın tərs mütənasib dəyəri qədər azalsın. Əgər vergi gəlirlərini maksimumlaşdıran dərəcə 1/2 olsaydı, avtokrat topladığı son vergi dollarına görə milli gəlir 2 dollar azaldığı nöqtədə vergiləri artırmağı dayandırardı. Tutaq ki, çoxluq bazarda milli gəlirin beşdə üçünü qazanır və milli gəlirin beşdə birini özünə transfer etməyi optimal hesab edir; bu halda o, yenidənbölüşdürdüyü son dollara görə milli gəliri beşdə dörd, yəni 1,25 dollar azaltmış olur. Deməli, maraq nə qədər əhatəlidirsə – yəni bütün mənbələr birlikdə götürüldükdə çoxluq milli gəlirin nə qədər böyük hissəsini əldə edirsə – onun özünə yönəltdiyi yenidənbölüşdürmələrin yaratdığı sosial itkilər də bir o qədər az olur.

Eyni tərs mütənasiblik qaydası hakim marağın ictimai nemətlərə nə qədər xərcləməli olduğunu da müəyyən edir. Gördük ki, avtokrat ictimai nemətlərə resurs xərcləməkdən o nöqtəyə qədər faydalanır ki, ictimai nemətlərə xərclədiyi son dollar milli gəliri onun vergi dərəcəsinin tərs mütənasib dəyəri qədər artırsın. Avtokratın vergi dərəcəsi, təbii ki, onun əldə etdiyi fayda payını müəyyən edir. Bazarda da gəlir əldə edən bir hakim marağın ictimai nemətlərdən aldığı fayda payı isə daha böyükdür: bu pay, cəmiyyətin gəlirindən özünə yönəltdiyi hissə ilə bazar gəlirindən aldığı payın cəminə bərabərdir. Bazardan gəlir əldə edən və eyni zamanda yenidənbölüşdürmə aparan hakim maraq ictimai nemətlərə xərcləri o nöqtəyə qədər davam etdirəcək ki, xərclədiyi son dollar milli gəliri onun milli gəlirdən aldığı payın tərs mütənasib dəyəri qədər artırsın. Yuxarıdakı nümunədə bazar gəlirinin beşdə üçünü qazanan və cəmiyyətin gəlirinin beşdə birini özünə transfer edən hipotetik çoxluq, öz vəsaitini ictimai nemətlərə o həddə qədər xərcləməkdən qazanar ki, milli gəlir 1,25 dollar artsın. Daha əhatəli maraq özünə daha az yenidənbölüşdürmə aparır və cəmiyyətin hamısına fayda verən ictimai nemətlərə daha çox resurs sərf edir.

Qeyd edək ki, eyni tərs mütənasiblik qaydası həm hakim marağın özünə yenidənbölüşdürmədən nə vaxt qazanc əldə etməyi dayandırdığını, həm də ictimai nemətlərə nə qədər vəsait sərf etməyə hazır olduğunu müəyyən edir. Bu tərs mütənasiblik qaydası həm avtokratik, həm də demokratik – yəni bütün rejim tiplərinə aiddir.[4]

Yuxarıdakı arqumentdə yalnız çoxluqlardan bəhs olunsa da, bu məntiq eyni zamanda hökumətə nəzarət etdiyi dövrdə bazarda da müəyyən gəlir əldə edən istənilən hakim marağa aiddir – istər bu maraq çoxluqdan az, istərsə də çox olsun. Hakim marağın bazarda qazandığı gəlir, onun (avtokrat kimi) dövlət maliyyəsinə nəzarət etməsi səbəbindən cəmiyyətin məhsuldarlığında sahib olduğu marağa əlavə olunduqda, ona avtokratdan daha əhatəli maraq verir. Buna görə də o, özünə yönəltdiyi yenidənbölüşdürmələrin yaratdığı sosial itkilərin daha böyük hissəsini daşıyır və ictimai nemətlərdən yaranan faydanın da daha böyük hissəsini əldə edir.

Eyni qaydada, cəmiyyətin gəlir yaratma qabiliyyətinin daha böyük hissəsini təmsil edən hakim maraq (bu qabiliyyətin daha kiçik hissəsini təmsil edən hakim maraqla müqayisədə daha əhatəli marağa malik olduğu üçün) özünə daha az gəlir yönəldəcək və daha çox ictimai nemət təmin edəcək. Məsələn, ABŞ və ya İsveçrə kimi bir demokratiyada yoxlama və balans sistemi böyük siyasət dəyişiklikləri üçün adətən sadə çoxluqdan daha artıq dəstək tələb edirsə, onda hakim superçoxluq cəmiyyətin gəlir yaratma qabiliyyətinin daha kiçik hissəsini təmsil edən sadə çoxluqla müqayisədə özünə daha az gəlir yönəldəcək və daha böyük həcmdə ictimai nemət təmin edəcək.

Superəhatəli Çoxluqlar

Təəccüblüdür ki, bəzən çoxluqlar, xüsusilə də superçoxluqlar, cəmiyyətə münasibətdə o qədər əhatəli marağa malik olurlar ki, sırf şəxsi maraq naminə belə, özlərinə gəlir yönəltməkdən imtina edir və azlığa özləri ilə eyni şəkildə yanaşırlar. Onlar ictimai nemətləri elə səviyyədə təmin edirlər ki, sanki cəmiyyət Pareto-səmərəli və ya sosial baxımdan ideal səviyyədə təminat barədə yekdilliklə razılığa gəlib. Superəhatəli maraq mövcud olduqda ikinci görünməz əl – yəni əhatəli maraqları məcburetmə gücündən istifadə zamanı istiqamətləndirən mexanizm – hamının maraqları ilə tam uyğun işləyir. Bu şəraitdə ikinci görünməz əl də mükəmməl bazardakı birinci görünməz əl kimi Pareto-səmərəlilik[5] yaradır və hətta istədiyi hər şeyi zorla götürə bilənlər də heç nə götürmürlər.

Bu nəticələr ilk baxışda intuisiya və sağlam düşüncəyə zidd görünə bilər. Lakin daha diqqətlə baxdıqda paradoksun sadə və aydın izahı ortaya çıxır. Bu təəccüblü nəticə dar və əhatəli maraqlar nəzəriyyəsindəki iki kəsici qüvvənin birgə təsirindən doğur.

Birinci kəsici qüvvə cəmiyyətdə və ya müəyyən ərazidəki payın genişliyi ilə oradan nə qədər götürməyin sərfəli olması arasındakı əlaqədir. Gördük ki, əhalisi çox olan cəmiyyətdə fərdi cinayətkar öz talanının cəmiyyətə vurduğu zərərin yalnız cüzi hissəsini daşıdığı üçün bunu nəzərə almır. Mafiya ailəsinin öz vurduğu zərəri müəyyən qədər nəzərə aldığını, avtokratın isə bu zərərə görə vergi talanı dərəcəsini daha çox məhdudlaşdırdığını gördük. Eyni zamanda bazarda da gəlir qazanan hakim marağın isə özünə yönəltdiyi yenidənbölüşdürməni daha da çox məhdudlaşdırdığını gördük. Bundan başqa xatırlayırıq ki, hakim marağın bazarda qazandığı gəlirin payı artdıqca, onun özünə daha az gəlir yönəltməsi sərfəli olur. Bir qüvvənin cəmiyyətdəki marağı nə qədər əhatəlidirsə, o, cəmiyyətdən daha az götürməyə meylli olur; bu tendensiya vergitutma və talanın stimulları təhrif edən təsiri ilə bağlıdır. İqtisadi nəzəriyyədə bəzən analitik məqsədlər üçün birdəfəlik vergi adlı vergi təsəvvür edilir və güman edilir ki, bu vergi stimullara heç bir təsir göstərmir. Lakin real dünyadakı bütün davamlı vergilər stimullara təsir göstərir[6] və bir çox hallarda vergilərin yaratdığı sosial itkilər toplanan məbləğin bir neçə mislinə çata bilər.

Buradan belə nəticə çıxır ki, cəmiyyətin gəlirinin getdikcə daha böyük hissəsini qazanan çoxluqları nəzərdən keçirdikdə, elə bir nöqtəyə çatırıq ki, çoxluq yenidənbölüşdürmənin yaratdığı sosial itkilərin o qədər böyük hissəsini daşıyır ki, bu yenidənbölüşdürmədən özü zərər çəkməyə başlayır. Bu vəziyyət hətta sosial itkinin qeyri-adi dərəcədə kiçik olduğu hallarda belə doğrudur. Məsələn, yenidənbölüşdürmə vergisi cəmiyyətin gəlirini cəmi 2 faiz azaltsa belə, gəlirin, deyək ki, 99 faizini əldə edən hakim maraq belə bir verginin tətbiqindən zərər görəcək. Sosial itki hətta 2 faizdən də az olsa, əhatəli maraq bütün cəmiyyətlə eyniləşməzdən əvvəl mütləq elə bir nöqtə yaranmalıdır ki, həmin maraq yenidənbölüşdürmə vergisindən zərər çəksin.

Bu məntiqin böyük praktik əhəmiyyəti onu nəzəriyyədəki ikinci kəsici qüvvə ilə – yəni əhatəli maraqların ictimai nemətlər təmin etmək stimuluyla –  birləşdirdikdə aydın görünür.[7] Gördük ki, oturuşmuş quldur nəzarət etdiyi vəsaitləri hətta istəsə, özünə sərf edə biləcəyi halda da ictimai nemətlərə o nöqtəyə qədər xərcləmək üçün stimul qazanır ki, bu nemətlərdən əldə etdiyi marjinal sosial faydada onun payı həmin nemətlərin marjinal xərcinə bərabər olsun. Deməli, optimal vergi dərəcəsi 50 faiz olan avtokrat ictimai nemətlərə o həddə qədər xərcləyər ki, onlardan əldə etdiyi faydanın yarısı onun üçün əlavə xərclə eyni olsun. Əgər avtokratı bazarda da gəlir qazanan bir çoxluq əvəz edərsə, bu çoxluq ictimai nemətlərin faydasından daha böyük pay əldə edər və buna görə də daha çox ictimai nemət təmin edər. Hakim marağın qazandığı əmək gəlirinin payı nə qədər böyükdürsə, o, öz marağı naminə bir o qədər çox ictimai nemət təmin edəcək; nəticədə bu nemətlərin xərcini ödəmək üçün daha yüksək vergi dərəcəsi tələb oluna bilər.

Daha əhatəli maraq çoxluğa ictimai nemətləri təmin etmək üçün daha çox vergi toplamaq stimulu versə də, bu maraq eyni zamanda qayçının birinci bıçağı ilə qarşılaşır: o, vergitutmanın yaratdığı ölü yük itkilərinin daha böyük hissəsini özü daşıyır. İctimai nemətləri maliyyələşdirmək üçün lazım olan vergilərə əlavə olaraq tətbiq edilən yenidənbölüşdürmə vergisi isə mütləq daha böyük ölü yük itkisi yaradır. Gördüyümüz kimi, cəmiyyətin 100 faizini əhatə etməyən, lakin yenə də kifayət qədər geniş olan elə bir maraq mövcud olmalıdır ki, ictimai nemətlər vergisi olmasa belə, yenidənbölüşdürmə vergisindən zərər çəksin. Vergilər ictimai nemətlərin maliyyələşdirilməsi üçün zəruri olduğuna və bir maraq qrupunun əhatəliliyi artdıqca onun ictimai nemətlərə xərcləmək istədiyi məbləğ də artdığına görə, belə nəticə çıxır ki, cəmiyyətin hamısını əhatə etməyən (və buna görə də istismar edə biləcəyi bir azlığa malik olan) elə superəhatəli maraq qrupları mövcuddur ki, onlar azlıqdan özlərinə gəlirin yenidənbölüşdürülməsindən zərər görərdilər. Qayçının iki bıçağı bir-birinə yaxınlaşıb yenidənbölüşdürmə stimulunu kəsir. Hansı maraqlar üçün? Bütün cəmiyyəti əhatə etməyən, amma istismar edə biləcəyi azlıq qrupu olan maraqlar üçün.

Əgər hakim marağın özünə gəlir yönəltmək üçün stimulu yoxdursa, o, eyni zamanda ictimai nemətlərin maliyyə yükünü bu nemətlərdən əldə olunan fayda ilə uyğunlaşdıran vergi dərəcələri tətbiq etməyə çalışacaq. Beləliklə, superəhatəli maraqlar tamamilə şəxsi maraqla hərəkət etsələr belə, cəmiyyətin səmərəliliyi naminə tam xeyirxah niyyətlə davranan bir hakimiyyətin təmin edəcəyi qədər ictimai nemət təmin edərlər. Onlar bütün məsələlərdə azlığa özləri ilə eyni şəkildə yanaşarlar. Bu müddəaların formal sübutlarını görmək istəyənlər daha əvvəl adı çəkilən Avtokratiyanın və Çoxluq İdarəetməsinin İqtisadiyyatı məqaləsinə müraciət edə bilərlər.

Əksər çoxluqların superəhatəli olduğunu düşünmək üçün əsas yoxdur, lakin onların bəziləri, şübhəsiz ki, belədir. Cəmiyyətin bazar gəlirinin müəyyən hissəsini əldə edən hakim maraq üçün yenidənbölüşdürmənin optimal olub-olmadığını müəyyən etmək üçün İnstitusional İslahatlar və Qeyri-formal Sektor Mərkəzində çalışan köməkçi-tədqiqatçı Tom Bozzo ilə birlikdə çox böyük sayda müxtəlif vergi-təhrif funksiyaları üzrə kompüterdə hesablamalar apardıq. Bu prosedur bazar gəlirinin fərqli paylarını əldə edən müxtəlif hakim maraqlar üçün də təkrar edildi. Bu simulyasiyaların nəticələri göstərdi ki, superəhatəli hakim maraqlar real dünyadakı bir çox vəziyyətin xüsusiyyətidir və bəlkə heç də nadir deyillər.

Tutaq ki, ümumi daxili məhsulun (ÜDM) dörddə birini ictimai nemətlərə xərcləmək bir çoxluğun maraqlarına uyğundur. Həmçinin fərz edək ki, bu ictimai nemətləri maliyyələşdirmək üçün lazım olandan artıq toplanan hər bir əlavə vergi milli gəliri topladığı məbləğdən üçdə bir qədər daha çox azaldır. Bu halda milli gəlirin dörddə üçündən çoxunu qazanan bir maraq özünə gəlir yenidənbölüşdürməkdən qazanc əldə edə bilməz. Demokratik siyasi sistemlərdə yoxlama və balanslar mexanizmləri və bəzi mühüm qərarlar üçün sadə çoxluqdan artıq səs tələbi geniş yayılmışdır. Buna görə də sadə çoxluqlar çox vaxt istədiklərini edə bilmirlər və bu da bir çox demokratiyalarda superəhatəli maraqların daha tez-tez ortaya çıxmasına səbəb olur. Üstəlik, Uilyam Niskanen mənim arqumentimin əvvəlki bir versiyasını genişləndirərkən qeyd etmişdi ki, median gəlir səviyyəsində və ondan yuxarı olanları təmsil edən sadə çoxluqlar belə cəmiyyətin gəlir yaratma qabiliyyətinin yarıdan xeyli çoxunu təmsil edirlər.[8] Belə çoxluqların bəzən superəhatəli olması tamamilə mümkündür.

Digər Müstəvi

Biz indi iqtidarın məntiqini elə dar maraqlar üçün araşdırdıq ki, onlar cəmiyyətin maraqlarını ümumiyyətlə nəzərə almırlar. Əlavə olaraq, elə son dərəcə əhatəli paya malik maraqları da nəzərdən keçirdik ki, onların şəxsi marağı sanki tamamilə xeyirxah davranırmış kimi hərəkət etmələrinə gətirib çıxarır. Həmçinin gördük ki, bunlar bir davamlı xəttin iki qütbüdür və müxtəlif nöqtələrdə əldə olunan nəticələr iqtidara sahib olan marağın bu iki ifratdan hansına nə qədər yaxın olmasından asılıdır.

Bu təhlildə mən fərz etmişəm ki, hər bir maraq uzunmüddətli perspektivi nəzərə almaq stimuluna malikdir (yəni iqtisadçıların Barro tipli sonsuz planlaşdırma üfüqü adlandırdıqları vəziyyət). Marağın kifayət qədər uzunmüddətli payı olduğu müddətdə yuxarıda əldə etdiyimiz nəticələr təxmini də olsa qüvvədə qalır.

Reallıqda isə bəzi maraqların uzunmüddətli dövrə əhəmiyyət verməsi üçün heç bir səbəbi olmur. Çox dar maraqlar üçün bunun fərqi yoxdur: onlar istər uzunmüddətli, istərsə də qısamüddətli düşünsünlər, cəmiyyətin maraqlarını yenə də az və ya heç nəzərə almırlar. Lakin əhatəli maraqlar üçün bu, olduqca böyük fərq yaradır.

Zaman baxımından da bir davamlı xətt mövcuddur və iqtidara sahib olan marağın planlaşdırma üfüqü kifayət qədər qısaldıqda, onun marağı nə qədər əhatəli olsa belə, cəmiyyətin maraqlarını nəzərə almamağa başlayır. Növbəti fəsildə zaman müstəvisinin, xüsusilə avtokratiyaların və demokratiyaların iqtisadi fəaliyyətini anlamaq baxımından nə dərəcədə dərin əhəmiyyət daşıdığı müzakirə olunur.



Tərcümənin 1-ci hissəsi:


[1] Növbəti fəsildə izah olunduğu kimi, hətta tarixi dövrlərdə iqtisadi tərəqqinin və sivilizasiyanın inkişafının ən diqqətəlayiq nümunələrinin bir çoxu müəyyən qədər demokratik və ya qeyri-diktatorial cəmiyyətlərdə baş verib. Bunlara qədim Afina, Roma Respublikası, Şimali İtaliya şəhər-dövlətləri, XVII əsrdə Niderland və 1688–89-cu illərin Şanlı İnqilabından sonrakı Böyük Britaniya daxildir. XIX əsrdə baş verən mühüm iqtisadi irəliləyişlər isə ABŞ-da və avtokratiya deyil, nümayəndəli hökumətə malik digər cəmiyyətlərdə müşahidə olunub.

[2] Demokratiyaların təhlilində görəcəyik ki, bəzi çoxluqlar o qədər əhatəlidir ki, onların cəmiyyətin maraqları ilə tam uyğun şəkildə hərəkət etmək üçün stimulu yaranır.

[3] Robert E. Quirk, Fidel Castro. New York: Norton, 1993, 625.

[4] Hakim maraq cəmiyyətin bütün üzvlərini əhatə etdikdə, onun əldə etdiyi gəlir payı artıq bir kəsr deyil, bütövdür: yəni 1-dir, yaxud da 100 faizdir. Tərs mütənasiblik qaydası burada da qüvvədə qalsa da (çünki 1/1 = 1), bu qayda bizə yeni bir şey demir; bu, təkcə iqtisadi nəzəriyyədə onsuz da bilinən bir fikrin fərqli ifadəsidir: bütün üzvlərini nəzərə alan və ümumi rifahı maksimumlaşdıran cəmiyyət ictimai nemətlərə o nöqtəyədək xərcləyəcək ki, bu nemətlərin marjinal ictimai xərci onların marjinal ictimai faydasına bərabər olsun. Hamını əhatə edən hakim maraq, aydındır ki, özünə heç nə yenidənbölüşdürməyəcək: ictimai nemətləri maliyyələşdirmək üçün lazım olan səviyyədən artıq vergi toplayıb artıq vəsaiti özünə yönəltsə, təşviqləri təhrif edən vergitutma nəticəsində itkiyə məruz qalar və bunun müqabilində heç nə qazanmaz. (Əgər belə bir cəmiyyət yekdilliklə, məsələn, daha yoxsul üzvlərinin xeyrinə gəlirin yenidənbölüşdürülməsinə qərar versə, bu yenidənbölüşdürmə ictimai nemət olacaq və buna görə də onu siyasi iqtidardan şəxsi maraq naminə istifadə edilən yenidənbölüşdürmə kimi təhlil etmək olmaz.) Maraqlıdır ki, bu vəziyyət fəslin sonrakı hissəsində nəzərdən keçirilən superəhatəli çoxluqlara da aiddir.

[5] Bu halda sosial nəticəyə qarşı irəli sürülə biləcək yeganə etiraz ilkin təminatların və ya gəlir əldə etmək qabiliyyətlərinin bölgüsü ilə bağlı ola bilər. İlkin təminatlar verilmiş olduqda, kimisə daha yaxşı vəziyyətə gətirmək başqasını daha pis vəziyyətə salmadan mümkün deyil.

[6] Bəziləri səhvən elə düşünür ki, davamlı yığılan “baş vergisi” – yəni sabit məbləği ödə, yoxsa başını itir – birdəfəlik vergidir. Əgər baş vergisi davamlıdırsa, onu toplamaq yalnız başın kəsilməsi ilə bağlı təhdidlərin inandırıcı olduğu və bəzən həqiqətən icra edildiyi halda mümkündür. Lakin bu cəza (elə baş vergisinin özü kimi) təkcə vergi ödəyicilərinin başqa yurisdiksiyaya qaçmaq stimullarına təsir göstərmir, həm də istehsalçıların və vergi ödəyicilərinin sayını azaldır. Deməli, bu vergi belə təşviqləri və istehsal səviyyəsini dəyişdirir.

[7] Anarxiya şəraitində istehsal stimulu yox olmağa meylli olduğuna görə fərz edilir ki, istənilən gəlirin yaranması üçün ictimai nemətlər zəruridir.

[8] William A. Niskanen, “Autocratic, Democratic, and Optimal Government.” Economic Inquiry 35:464–479 (July 1997).

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.