Dünya insansız uçuş aparatları, avtomobillər istehsal edir, hətta pilotsuz təyyarə layihələri üzərində baş sındırır. Biz də bu qlobal yarışda varıq, insansız bölgə inkişafı təcrübəmizlə. Azərbaycan hökumətinin əsas təbliğat ruporlarından biri olan “APA” İnformasiya Agentliyinin Naxçıvan regionuna həsr edilmiş pafoslu məqaləsində istifadə olunan arqumentlərin bölgənin real iqtisadi vəziyyəti ilə müqayisəsi bunu deməyə əsas verir. Məqalə avqustun 11-də ölkə prezidenti İlham Əliyevin Naxçıvana səfəri ilə bağlı hazırlanıb.
Məqalədən aydın olur ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” ilə əlaqədar regionun inkişafına 258 milyon manat vəsait ayrılır. Həmin vəsait 4 müxtəlif (günəş və su ilə işləyən) elektrik stansiyasının tikintisinə və ya tikintisi davam edən layihələrin başa çatdırılmasına, 420 kilometr uzunluğunda yolların tikintisinə, nəqliyyat və sosial infrastrukturun (təhsil, mənzil tikintisi və s.) qurulmasına sərf olunacaq.
Məsələ ondadır ki, Naxçıvan ölkənin ən genişmiqyaslı əhali miqrasiyasına məruz qalan bölgələrindən biridir. Hələ Bakı Araşdırmalar İnstitutunun çap etdiyi araşdırmada göstərilirdi ki, rəsmi statistika Naxçıvanda 470 min nəfər əhalinin yaşadığını qeyd etsə də, Muxtar Respublika ərazisində real əhali sayı bundan təxminən 140 min nəfər azdır. Bu isə faktiki və real əhali sayı arasındakı fərqin təxminən 30% təşkil etdiyini göstərir. Naxçıvandan əhali köçünün səbəbi yalnız uzunmüddətli dövrdə bölgənin ağır sosial-iqtisadi vəziyyəti ilə bağlı olmayıb. Eləcə də sərt siyasi repressiyalar və insan hüquqlarının kobud şəkildə pozulması, iqtisadi rəqabətin yoxluğu da insanların Naxçıvandan miqrasiyasını sürətləndirib.
Naxçıvan iqtisadiyyatının miqyası və onun dinamikasında son 15 ildə baş verən dəyişikliklə bağlı rəsmi statistikanın təqdim elədiyi rəqəmlər isə daha heyrətamiz mənzərəni qoyur ortaya: Naxçıvan statistika qurumunun məlumatına görə, 2025-ci ildə Naxçıvanın ümumi daxili məhsulu nominal ifadədə 1,7 mlrd. manat olub ki, bu, 15 il əvvəlki (2011-ci il) dövrün göstəricisi ilə eynidir. Halbuki bu dövrdə Azərbaycan iqtisadiyyatı üzrə qeyri-neft ÜDM-i nominal ifadədə 4 dəfə, inflyasiyanın təsiri nəzərə alınmadan 91% artıb. Əgər Naxçıvanın ÜDM-i 15 ildə nominal olaraq dəyişməyibsə, deməli, inflyasiya nəzərə alınmadan bölgənin ümumi daxili məhsulu real ifadədə ən azı 2–3 dəfə azalmış olmalıdır. Təəssüf ki, Azərbaycanda uzunmüddətli dövr üzrə regionların ÜDM-inin real ifadədə dinamikası verilmədiyi üçün azalmanın kumulyativ real kiçilmə səviyyəsini də hesablamaq çətindir. Lakin rəsmi statistika qeyd edilən dövrdə Naxçıvanın regional ümumi məhsul buraxılışı göstəricisinin miqyasının kumulyativ olaraq 21% azaldığını gizlədə bilmir.
Yeri gəlmişkən, yenə də rəsmi məlumata görə, Naxçıvanın ÜDM-inin 36%-ə yaxını, yəni hər 3 manatından 1 manatı sosial xidmətlər hesabına formalaşır. Bunlar da əsasən dövlət sektorunun göstərdiyi təhsil, səhiyyə, mədəniyyət və incəsənət sektoru ilə bağlı xidmətlərdir. Başqa sözlə, dövlət sektoru Naxçıvan ÜDM-inin formalaşmasında mühüm paya malikdir. ÜDM-ə ticarətin 17%, aqrar sektorun 13%, sənayenin isə 9%-ə yaxın töhfəsi var. Aqrar sektorun bölgənin ÜDM-ində ciddi payı olsa da, 2019–2025-ci illərdə Naxçıvan üzrə kənd təsərrüfatı məhsullarının fiziki həcmi 32%-ə yaxın azalıb. Son 5 ildə regionda əkin sahələri 2 dəfəyə yaxın azalaraq 65 min hektardan 35 min hektara enib. Dənli bitkilərin istehsalı 133 min tondan 53 min tona, o cümlədən buğda istehsalı 84 min tondan 26 min tona düşüb. Bu rəqəm onu göstərir ki, Naxçıvan öz faktiki əhalisinin buğda ehtiyaclarının hətta üçdə birini belə ödəyə biləcək səviyyədə istehsala malik deyil. Eyni vəziyyət heyvandarlıqda da özünü göstərir. Son 3–4 ildə regionda ət istehsalı 35%-ə yaxın azalıb.
Sənayedə də oxşar tendensiya müşahidə edilib. Məsələn, son 15 ildə elektrik enerjisi istehsalı 50%-ə yaxın, kərpic istehsalı 2 dəfəyə yaxın azalıb.
Rəsmi təbliğat yazıları regionun iqtisadiyyatının ümumi həcmində, eləcə də kənd təsərrüfatı və sənayesində bu qədər kiçilmənin olması ilə bağlı faktların üzərindən sükutla keçir. On minlərlə insanın tərk etdiyi, əsasən də kəndlərinin boşaldığı böyük bir coğrafiyaya iri məbləğdə investisiyalar, bər-bəzəkli infrastruktur layihələri həmin insanları geri qaytaracaqmı? Ən azından ölkə prezidentinin bölgəyə səfəri zamanı çıxışlarında, rəsmi mediaya verdiyi müsahibədə reallığı əks etdirən, amma neqativ əhval yaradan bu faktları yada salmağa ehtiyac duyulmadı.

