İyun ayının ortalarında dövlət başçısı məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında fərman imzaladı. Fərmanda Nazirlər Kabinetinə belə bir modelin tətbiqi qaydasını üç ay müddətində təsdiq etmək tapşırılmışdı. Nazirlər Kabineti bu dəfə kifayət qədər cəld tərpəndi: məlum fərmanın heç bir ayı tamamlanmamış, “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydası”nı təsdiq etdi.
Qeyd etməliyik ki, məktəbəqədər təhsil sahəsində alternativ maliyyələşmə modeli, xüsusilə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında əhatəliliyin artırılması məsələsi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.1.1-ci fəaliyyət istiqaməti üzrə tədbirlərin sırasında müəyyən edilmişdi. Son bir neçə tədris ilində Elm və Təhsil Nazirliyi bu mexanizmi “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” çərçivəsində sınaqdan keçirib. Nazirliyin əməkdaşının mətbuata açıqlamalarına görə, belə müsabiqələr çərçivəsində 2024-2025-ci tədris ilində 24 özəl bağçaya ayrılan qrant hesabına 1300 uşaq, 2025-2026-cı tədris ilində isə 63 özəl bağçaya ayrılan qrantlar hesabına 5000-ə qədər uşaq məktəbəqədər təhsilə cəlb olunub.
Prezidentin bu fərmanından sonra valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin məktəbəqədər təhsildə ayrıca bir mexanizm kimi daha geniş tətbiqi nəzərdə tutulur. Bəs yeni maliyyələşdirmə mexanizminin məktəbəqədər təhsilin təşkilinə töhfələri nə ola bilər? Məqalədə bu suala cavab axtarmağa çalışırıq.
Məktəbəqədər təhsilin təşkili və maliyyələşdirilməsinin hüquqi-normativ bazası
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 aprel tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007–2010-cu illər)” təsdiq edilmişdi. Sərəncamda bu proqramın “Azərbaycanda məktəbəqədər təhsil sisteminin müasir tələblər səviyyəsində qurulması, məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılması, onların şəxsiyyətinin formalaşması və məktəbə hazırlanması işinin qabaqcıl beynəlxalq standartlara uyğun təmin edilməsi məqsədilə” hazırlandığı qeyd edilmişdi. Proqramda qarşıya qoyulan hədəflər ümumi xarakter daşıyırdı və heç bir konkret nəticə göstəricisi müəyyən edilməmişdi. Proqramın icrası dövründə Nazirlər Kabinetinin 2010-cu il 16 iyul tarixli (137 nömrəli) qərarı ilə “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı” qəbul edildi. İcrası 2010-cu ildə başa çatan Proqramın nəticələri barədə hesabat olmayıb.
Ölkədə məktəbəqədər təhsilin təşkili və maliyyələşdirilməsi sahəsində əsas hüquqi-normativ sənədlər 2017-ci ildən qəbul edilməyə başlanılıb. 2017-ci ilin aprelində “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanuna əsasən (maddə 11), ölkədə məktəbəqədər təhsil müəssisələri dövlət, bələdiyyə və özəl mülkiyyət formalarında ola bilər. Qanunda (maddə 11) məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan müəssisələrin aşağıdakı növləri müəyyən edilir:
- körpələr evi;
- körpələr evi-uşaq bağçası;
- uşaq bağçası;
- uşaq evləri;
- məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumtəhsil məktəbləri;
- məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələri;
- təhsil kompleksi nəzdində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi;
- müəssisə və təşkilatların nəzdində yaradılmış məktəbəqədər təhsil müəssisəsi;
- sanator tipli məktəbəqədər təhsil müəssisəsi;
- sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri;
- elmi-tədqiqat müəssisələrinin və ali təhsil müəssisələrinin yanında yaradılan eksperimental məktəbəqədər təhsil müəssisələri;
- ailə tipli kiçik qrup evi;
- uşaqlar üçün icma əsaslı təlim qrupları.
Xüsusilə son ikisi məktəbəqədər təhsilin təşkilinin ölkəmiz üçün yeni formalarıdır: ailə tipli kiçik qrup evləri və icma əsaslı təlim qrupları məktəbəqədər təhsil müəssisəsinin fəaliyyət göstərmədiyi yerlərdə yaradıla bilər.
Qanunun qəbulundan sonra 2017–2019-cu illər dövründə Nazirlər Kabinetinin müvafiq qərarları ilə məktəbəqədər təhsilin təşkilinin ayrı-ayrı məsələlərini tənzimləyən bir sıra qayda, norma və standartlar təsdiq edildi. Bunların sırasında aşağıdakıları qeyd etmək olar:
- Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri (12 yanvar 2018-ci il, № 12);
- Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası (19 yanvar 2018-ci il, № 16);
- Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili Qaydası (28 fevral 2018-ci il, № 64);
- Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları (26 fevral 2018-ci il, № 62);
- Məktəbəqədər təhsil müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidmətinin göstərilməsi Qaydası (2 mart 2018-ci il, № 73);
- Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası (30 yanvar 2018-ci il, № 24);
- Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası (29 dekabr 2017-ci il, № 622);
- Dövlət məktəbəqədər təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlər barədə (2 mart 2018-ci il, № 70);
- “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı” təsdiq olunub (8 avqust 2019-cu il, № 351).
Məktəbəqədər təhsilin yenilənməsi Proqramının icrası, müvafiq qanunun qəbul edilməsi və hüquqi-normativ bazanın işlənilməsinin ölkədə məktəbəqədər təhsilin təşkilində hansı dəyişikliklər yaratdığına baxaq.
Məktəbəqədər təhsillə əhatə səviyyəsinin dinamikası
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, “Məktəbəqədər təhsilin yenilənməsi Proqramı”nın qəbul edildiyi 2007-ci ilin əvvəlinə Azərbaycanda cəmi 1760 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərirdi: bunun yalnız üçü qeyri-dövlət uşaq bağçası olub və bu müəssisələrə 189 uşaq cəlb olunub. 1757 dövlət müəssisəsinin 1214-ü körpələr evləri-uşaq bağçası, 542-si isə uşaq bağçası və 1-i məktəb-uşaq bağçası formasında fəaliyyət göstərib. Bu dövlət məktəbəqədər təhsil müəssisələrində təhsil alanların ümumi sayı 109,3 min uşaq olub. Daha 8,2 min uşaq ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına cəlb olunub. Beləliklə, 2007-ci ilin əvvəlinə bütün formalarda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1–5 yaşlı uşaqların ümumi sayında xüsusi çəkisi 20,4% olub.
“Məktəbəqədər təhsil haqqında” Qanunun qəbul olunduğu 2017-ci ilin əvvəlinə ölkədə cəmi 1750, o cümlədən 1663 dövlət və 87 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib. Dövlət müəssisələrinin 1070-i körpələr evləri-uşaq bağçası (bunlarda 86,2 min uşaq təhsil alıb), 586-sı uşaq bağçası (28,7 min uşaq), 7-si sanator tipli və xüsusi məktəbəqədər təhsil müəssisəsi (691 uşaq) olub və bunlarda cəmi 115,6 min nəfər təlimə cəlb olunub. Bu dövrdə 87 qeyri-dövlət müəssisəsində təhsil alan uşaqların sayı 3063 nəfər olub. Bu dövrdə daha 82,2 min uşaq ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına cəlb olunub. Beləliklə, 2017-ci ilin əvvəlinə ölkədə məktəbəqədər təhsilə cəlb olunan uşaqların ümumi sayı 118,7 min nəfər təşkil edib ki, bu da ölkədəki 1–5 yaşlı uşaqların ümumi sayının 24,0 faizi idi.
2025-ci ilin əvvəlinə ölkədə 1708 dövlət və 164 qeyri-dövlət olmaqla ümumilikdə 1872 məktəbəqədər təhsil müəssisəsi olub. Dövlət müəssisələrinin 1154-ü körpələr evləri-uşaq bağçası (bunlarda 84,3 min uşaq təhsil alıb), 547-si uşaq bağçası (22,8 min uşaq), 7-si sanator tipli və xüsusi məktəbəqədər təhsil müəssisəsi (634 uşaq), qeyri-dövlət müəssisələrindən 92-si körpələr evləri-uşaq bağçası (4,1 min uşaq), 72-si isə uşaq bağçası (3,2 min uşaq) olub. Bütün məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb edilən uşaqların cəmi sayı 115,0 min nəfərdir. Bundan əlavə, 2025-ci ilin əvvəlinə ölkədə 19,4 min uşağın cəlb edildiyi 1177 icma əsaslı məktəbəqədər təlim qrupu fəaliyyət göstərib. Bu dövrdə daha 91,2 min uşaq ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına cəlb olunub. Beləliklə, 2025-ci ilin əvvəlinə ölkədə bütün formalarda məktəbəqədər təhsilə və məktəbəhazırlığa cəlb edilən uşaqların ümumi sayı 225,6 min nəfər olub: DSK-nın məlumatına görə, bu, ölkədə olan 1–5 yaşlı uşaqların ümumi sayının 37,1 faizidir.
Məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan və ümumtəhsil məktəblərində məktəbəhazırlığa cəlb olunmuş uşaqların ölkədəki 1–5 yaşlı uşaqların ümumi sayında xüsusi çəkisinin (faizlə) 2005–2025-ci illər dövründə necə dəyişməsini aşağıdakı diaqramdan izləmək olar.
Diaqram 1. Ölkədə 1-5 yaşlı uşaqların məktəbəqədər təhsil və təlimlə əhatə olunma səviyyəsi (belə uşaqların ümumi sayında xüsusi çəkisi), faizlə (ilin əvvəlinə)

(Mənbə: DSK-nın məlumatları əsasında hazırlanmışdır)
Diaqramdan aydın görünür ki, 2007–2010-cu illərdə xüsusi proqramın icra olunmasına baxmayaraq, ölkədə məktəbəqədər təhsillə əhatə olunma səviyyəsi 2005-ci ildəki 20,4%-dən 2014-cü ildə 14,8% səviyyəsinə düşüb, yəni 5,6 faiz bəndi azalıb. 2017-ci ildən sonra isə bu göstəricinin səviyyəsində ildən-ilə artım tendensiyası müşahidə olunur: 2016-cı ildəki 15,5%-dən 2025-ci ildə 37,1% səviyyəsinə yüksəlib, yəni 21,6 faiz bəndi, yaxud 2 dəfədən çox artıb. Bu artımın necə baş verməsini aşağıdakı statistik məlumatlardan aydın görmək olar:
- 2025-ci ildə məktəbəqədər təlim və təhsilə cəlb edilmiş uşaqların 47,8%-i dövlət məktəbəqədər təhsil müəssisələrinin payına düşüb. Lakin bu müəssisələrdə olan uşaqların sayı 2016-cı ildəki 114,8 min nəfərdən 2025-ci ildə 107,8 min nəfərə düşüb, yəni 7 min nəfər, yaxud 6,1% azalıb;
- 2025-ci ildə məktəbəqədər təlim və təhsilə cəlb edilmiş uşaqların 40,4%-i dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların payına düşür. Ümumi təhsil müəssisələrində olan məktəbəhazırlıq qrupları birillik tədris qruplarıdır və uşaqlar 5 yaşından cəlb edilir. Bu formada tədrisə cəlb olunan uşaqların sayı 2017-ci ildən başlayaraq kəskin artmışdır: belə uşaqların sayı 2016-cı ildə cəmi 11,9 min nəfər olduğu halda, 2017-ci ildə 82,0 min, 2020-ci ildə 107,8 min, 2025-ci ildə isə ümumilikdə 91,2 min nəfər olub. Bunun 90,1 min nəfəri dövlət ümumi təhsil müəssisələrinin payına düşüb. Bunun sayəsində ölkədə 5 yaşlı uşaqların təhsilə cəlb edilmə səviyyəsində artım baş verib. (Yeri gəlmişkən, UNESCO Qlobal Təhsil Monitorinqi Hesabatında bunu ciddi uğur kimi dəyərləndirib);
- 2025-ci ildə məktəbəqədər təlim və təhsilə cəlb edilmiş uşaqların 8,6%-i icma əsaslı məktəbəqədər təlim qruplarının iştirakçıları olub. Belə qruplar ölkədə 2022-ci ildən fəaliyyət göstərməyə başlayıb. 2025-ci ildə belə qruplara cəlb edilən uşaqların sayı 19,4 min nəfər olub;
- 2025-ci ildə məktəbəqədər təlim və təhsilə cəlb edilmiş uşaqların yalnız 3,2%-i qeyri-dövlət (özəl) məktəbəqədər təhsil müəssisələrinin payına düşür. Özəl müəssisələrə cəlb edilmiş uşaqların sayı 2016–2025-ci illər dövründə 2,4 mindən 7,3 min nəfərə yüksəlib, yəni 3 dəfədən çox artıb.
Diqqət çəkən daha bir mühüm məqam məktəbəqədər təlim və təhsillə əhatə olunmada şəhər və kənd yerləri arasında olan böyük fərqdir. Belə ki, 2025-ci ildə 1–5 yaşlı uşaqların məktəbəqədər təlim və təhsilə cəlb edilmə səviyyəsi ölkə üzrə 37,1% olsa da, bu göstəricinin səviyyəsi şəhər yerləri üzrə 51,1%, kənd yerləri üzrə isə 24,0% təşkil edib.
Hətta başqa ölkələrlə müqayisə aparmadan belə, bu göstəricilərin arzuolunandan nə qədər uzaq olduğunu anlamaq mümkündür. Dünya Bankının tədqiqatına görə, bu durum cəmiyyətdə bərabərsizliklərin erkən formalaşmasına səbəb olur və bu da sonrakı həyat nəticələrinə ciddi təsir göstərir. Yeri gəlmişkən, xatırladaq ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb edilmiş 1–5 yaşlıların payının 50%-ə çatdırılması hədəflənmişdir.
Yeni maliyyələşmə mexanizmi: mahiyyəti və tətbiqi qaydası
Artıq yuxarıda qeyd olunduğu kimi, Nazirlər Kabinetinin 2026-cı il 17 iyul tarixli 218 nömrəli Qərarı ilə “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydası” təsdiq edilib.
“Qayda”ya əsasən, belə maliyyələşmə müsabiqə əsasında həyata keçirilir: özəl məktəbəqədər müəssisələr Elm və Təhsil Nazirliyinə layihə təqdim edir, Nazirliyin İşçi Qrupu layihələri qiymətləndirir və qalibləri seçir. Müsabiqədə məktəbəqədər təhsil fəaliyyətinə müvafiq qanuna uyğun şəkildə lisenziya əldə etmiş özəl təhsil müəssisələri iddiaçı qismində iştirak edə bilərlər. Layihənin qiymətləndirilməsi nəticəsində ən yüksək bal toplamış iddiaçılar bal sıralamasına əsasən müsabiqənin qalibi elan olunur və onlar barədə məlumatlar Nazirliyin rəsmi internet saytında yerləşdirilir və ya mediada dərc edilir.
Layihə üzrə hər təhsilalana göstərilən təhsil xidmətlərinə görə dövlət dəstəyinin aylıq həddi təhsil haqqının 70 faizi həcmində, lakin Bakı şəhəri üzrə 350 (üç yüz əlli) manat, digər regionlar üzrə isə 250 (iki yüz əlli) manat məbləğindən çox olmamaqla nəzərdə tutulur.
Qaydaya əsasən, valideynlər layihədə tərəfdaş kimi çıxış edirlər. Müsabiqə qalibləri olmuş özəl bağçalar layihələrində göstərdikləri saya uyğun təhsilalanların cəlb edilməsi məqsədilə layihədə valideynlərin iştirakını təmin edir. Bu proses “Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası”na uyğun olaraq həyata keçirilir. Valideynlər Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə layihədə iştirak üçün müraciət edirlər. Qaydanın 8.4-cü bəndinə görə, əvvəlcə “Məktəbəqədər təhsil haqqında” Qanunun 8.9-cu maddəsində göstərilən üstünlük kateqoriyasına aid şəxslər (məsələn, sosial həssas qruplar) qəbul edilir, sonra isə növbəlilik prinsipi əsasında qeydiyyat təsdiqlənir. Qeydiyyatı təsdiqlənən valideynlər avtomatik olaraq layihənin iştirakçısı və tərəfdaşı sayılır.
Yeri gəlmişkən, Elm və Təhsil nazirliyi tərəfindən 2026/2027-ci tədris ilində məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi artıq elan edilib. Nazirliyin açıqlamasına görə, müsabiqə çərçivəsində 2026/2027-ci tədris ili ərzində özəl məktəbəqədər təhsil müəssisələrində 8000 təhsilalanın maliyyələşdirilməsi nəzərdə tutulur.
Qarışıq maliyyələşmənin Azərbaycan modeli: gözləntilər, uğur amilləri və riskləri
Dünya təcrübəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli əhalinin aşağı gəlirli və həssas qruplarının maliyyə yükünü azaltmaqla məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və belə təhsilin keyfiyyətinin artırılmasının mühüm mexanizmi hesab olunur. Amma modelin uğurunu müəyyən edən, hər şeydən əvvəl, onun tətbiqinin məqsəd və fəlsəfəsidir.
Dövlət başçısının məlum fərmanında modelin tətbiqinin məqsədi “məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri əsasında əhatəliliyin artırılması” kimi vurğulanıb. Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydada da yazılıb ki, “modelinin tətbiqi məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə həyata keçirilir”. Deməli, ölkəmizdə bu modelin tətbiqinin bircə məqsədi var: məktəbəqədər təhsillə əhatə olunma səviyyəsi göstəricisini yaxşılaşdırmaq.
Bu halda belə bir sual yaranır: özəl sektorun məktəbəqədər təhsillə əhatə olunma səviyyəsini artırmaq potensialı nə qədərdir? Bu sualın cavabı hazırda fəaliyyətdə olan özəl məktəbəqədər təlim və təhsil müəssisələrinin sayı, ölkə üzrə yayılma dərəcəsi, onların uşaq tutumu, genişlənmə imkanları, bu sahədə yeni özəl müəssisələrin fəaliyyətə başlama imkanları, bu məqsədə ayrılan dövlət dəstəyinin (subsidiyanın) miqdarı və stimullaşdırma gücü və s. kimi amillərdən asılıdır.
DSK-nın məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkəmizdə 172 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib və bunlarda 8736 uşaq təhsil alıb. Məlumata görə, bu müəssisələrdə hər 100 yerə düşən uşaqların sayı 74 olub, yəni mövcud potensialın 74 faizindən istifadə olunub (nəzərə alın ki, bu göstəriciyə nail olunmasında Nazirliyin ayırdığı qrantlar da rol oynayıb). Bu o deməkdir ki, bu özəl müəssisələrə potensial olaraq əlavə 3 min uşaq cəlb etmək mümkündür. Yuxarıda artıq qeyd etdiyimiz kimi, 2025–2026-cı tədris ilində Nazirlik özəl müəssisələrə 5 min uşaq üçün qrant ayırmışdı. Nazirliyin modelin tətbiqi üzrə elan etdiyi müsabiqə çərçivəsində 8 min təhsilalanın maliyyələşdirilməsi nəzərdə tutulur. Bu o deməkdir ki, növbəti tədris ilində mövcud özəl məktəbəqədər təhsil müəssisələrinin mövcud potensialı tam istifadə oluna bilər. Belə çıxır ki, bir tərəfdən, modelin tətbiqi özəl müəssisələr arasında rəqabət yarada bilməyəcək; digər tərəfdən isə, növbəti illərdə yeni özəl müəssisələrin yaradılması və fəaliyyət göstərən özəl müəssisələrdə olan təhsil yerlərinin sayının artırılması təmin olunmalıdır. Bu isə yenə iki amildən asılı olacaq:
i) yeni özəl məktəbəqədər təhsil müəssisələrinin yaradılması investorlar üçün nə qədər cəlbedicidir? – DSK-nın məlumatlarına əsasən, son illər ölkədə özəl məktəbəqədər təhsil müəssisələrinin sayı hər il orta hesabla 5–7 vahid artır. Həm də bunlar əsasən iri şəhərlərdə yaradılır;
ii) model üzrə tətbiq olunan dövlət dəstəyi hədləri nə dərəcədə investorları stimullaşdırır? İnvestorlar bilməlidir ki, dövlət dəstəyi mexanizmi ilə əhatə olunacaq uşaq yerlərinin sayı ildən-ilə necə dəyişəcək. Orta müddətli dövr üçün say dinamikasının açıqlanması investorlar üçün maraqlı olar.
Daha bir məsələ tətbiq olunan dövlət dəstəyi hədlərinin investorların və valideynlərin davranışına necə təsir etməsidir:
- Hər təhsilalan üçün müəyyən edilən dəstək həddinin – Bakı üçün maksimum 350 AZN, regionlar üçün 250 AZN – nəyə əsasən müəyyən edilməsi və keyfiyyətli təhsilin təşkili baxımından real tələblərə nə qədər uyğun olması məsələsi ayrıca tədqiqat tələb edir. Həm də bu məbləğlərin inflyasiya səviyyəsinə uyğun indeksləşdirilməsi məsələsi açıq qalır;
- Araşdırmalarımız göstərir ki, fəaliyyətdə olan özəl məktəbəqədər təhsil müəssisələrində aylıq təhsil haqqı 500–1500 manat aralığında dəyişir. Bu halda subsidiyanın (dövlət dəstəyinin) qiymət artımına çevrilməsi riski nəzərə alınmalıdır. Özəl müəssisələr subsidiyanı nəzərə alıb qiymətləri tədricən artıra bilərlər: nəticədə dövlət xərclərinin bir hissəsi uşağın əlçatanlığını artırmaq əvəzinə xidmət provayderinin əlavə gəlirinə çevrilər. Yaxud özəl müəssisələr xidmət keyfiyyətini azaltmaqla qiymətləri azaltmağa və daha çox subsidiya almağa cəhd edə bilər. Bu riskləri aradan qaldırmaq üçün Nazirliyin modelə qoşulan müəssisələrin qiymətlərinin və xidmət keyfiyyətinin dinamikasını izləyə bilməsi vacibdir.
- Model həm də azgəlirli təbəqələrin uşaqlarının məktəbəqədər təhsilinə əlçatanlığının artırılmasına xidmət edir. Təcrübə göstərir ki, bu dəstək mexanizmindən imkanlı ailələrin də istifadə etməsinə cəhdlər olacaq. Bu məsələ necə həll olunacaq: iştirakçılıq “Məktəbəqədər təhsil haqqında” Qanunun 8.9-cu maddəsində göstərilən üstünlük kateqoriyasına aid şəxslər istisna olmaqla, qalanlara bərabər şərtlərdəmi olacaq, yoxsa ailələrin gəlirlilik səviyyəsi nəzərə alınacaq? Əgər bu məsələ həll olunmazsa, dəstək mexanizmi qismən imkanlı ailələrin subsidiyalaşdırılması alətinə çevrilə bilər. Növbəlilik prinsipi elektron sistemdə tətbiq olunsa da, üstünlük kateqoriyalarının necə müəyyənləşdirildiyi və yoxlanıldığı tam aydın olmayanda manipulyasiya riski yaranır.
Bu riski aradan qaldırmaq üçün valideynlər portalda hər bağça üzrə ən azı aşağıdakıları görə bilməlidir: qiymət; dövlət subsidiyası; valideyn ödənişi; boş yerlər; müəllim/uşaq nisbəti; iş saatları; keyfiyyət göstəriciləri və valideyn qiymətləndirmələri. Belə olduqda informasiya asimmetriyası azalır. Yoxsa yaxşı məlumatlı və yüksək gəlirli ailələr sistemdən daha yaxşı istifadə edəcək, aşağı gəlirli ailələr isə formal olaraq seçim hüququna malik olsalar da, faktiki olaraq bundan yararlana bilməyəcəklər.
Daha bir məsələ mövcud özəl müəssisələrin regional strukturu və modelin tətbiqinin regional bərabərsizliyin azaldılmasına təsiridir. Yuxarıda qeyd etmişdik ki, şəhər və kənd yerləri üzrə əhatə olunma səviyyəsində iki dəfəlik fərq var. Bakı-Abşeron və ölkənin digər ərazisi üzrə əhatə olunma səviyyəsinin statistikası da çox maraqlı ola bilərdi. DSK-nın məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə fəaliyyət göstərən 172 özəl məktəbəqədər müəssisənin 159-u (92,4%-i) Bakı-Abşeron zonasındadır (o cümlədən 144-ü Bakı şəhərindədir). Kənd yerlərində isə ümumiyyətlə özəl məktəbəqədər təhsil müəssisələri yoxdur (və bundan sonra da olması gözlənilən deyil). Maraqlıdır ki, Özbəkistanda özəl məktəbəqədər təhsilin genişləndirilməsi zamanı subsidiya dərəcələri regionlar üzrə diferensiallaşdırılıb və ucqar ərazilərdə daha yüksək dəstək tətbiq olunub.
Nəhayət, daha bir mühüm məsələ valideynlərin iştirakçılığının və şəffaflığın təmin edilməsi məsələsidir. “Qayda”da valideynlərin yalnız maliyyə tərəfdaşı kimi nəzərdə tutulması onların təhsil keyfiyyətinə təsir imkanlarını məhdudlaşdırır. Düzdür, “Məktəbəqədər təhsil haqqında” Qanunun 15-ci maddəsində məktəbəqədər təhsil müəssisəsində ictimai əsaslarla özünüidarə orqanlarının (o cümlədən valideyn şurasının) yaradılması nəzərdə tutulur. Lakin bu modelin tətbiqi ilə bağlı hökumətin təsdiq etdiyi “Qayda”da valideynlərin bu prosesdə ictimai nəzarətin təşkilində rolu ilə bağlı heç nə yoxdur. Beynəlxalq təcrübədən öyrəniləcək əsas dərs – “valideyn-dövlət-özəl əməkdaşlığı” modellərində valideynlərin idarəetmədə iştirakının gücləndirilməsidir. Bu, maliyyə mexanizmini sosial tərəfdaşlıqla tamamlayaraq daha dayanıqlı və keyfiyyətli məktəbəqədər təhsil sistemi yarada bilər.
Uğurlu dünya təcrübəsində belə modellərin tətbiqinin əsas prinsipi belə olur: “dövlət bağçanı deyil, uşağı maliyyələşdirməlidir”. Azərbaycanda tətbiq olunan modeldə isə dövlət seçilmiş uşaq bağçasına vəsait ayırır. Bu, çox mühüm fərqdir. Əgər dövlət sadəcə seçilmiş özəl müəssisələrə maliyyə verirsə, mexanizm faktiki olaraq özəl sektorun subsidiyalaşdırılmasına çevrilə bilər. Əgər maliyyə uşağın ardınca gedirsə, özəl müəssisələr valideyn və uşaq uğrunda rəqabət aparırlar.
Bu modelin tətbiqinə yalnız sosial proqram kimi deyil, dövlətin xidmət istehsalçısından xidmət alıcısına çevrilməsi kimi yanaşmaq daha məqsədəuyğun olardı. Belə layihələrin uğuru əldə olunan nəticələrlə ölçülməlidir. Nəticələrin ölçülməsi üçün beynəlxalq təcrübələrdə tətbiq olunan aşağıdakı göstəricilərdən istifadə etmək olar:
- Əhatəlilik – modelin tətbiqi hesabına məktəbəqədər təhsilə cəlb olunan uşaqların payı;
- Əlavə əhatəlilik – proqram olmasaydı, bağçaya getməyəcək neçə uşaq sistemə daxil oldu?;
- Bərabərlik – aşağı gəlirli ailələrin proqramda payı;
- Regional bərabərlik – Bakı-region fərqinin dəyişməsi;
- Maliyyə baxımından əlçatanlıq (ödəniş imkanına uyğunluq) – valideynin aylıq ödənişinin ailənin aylıq gəlirində xüsusi çəkisi;
- Keyfiyyət – xidmət keyfiyyəti indeksinin dəyişməsi;
- Maliyyə effektivliyi – əlavə olaraq məktəbəqədər təhsilə cəlb edilmiş bir uşağa düşən dövlət xərci. Bu göstərici üçün modelin tətbiqi üzrə ayrılan dövlət xərclərinin məbləği əlavə cəlb olunmuş uşaqların sayına bölünür və alınan məbləğ dövlət bağçasında bir əlavə yer yaratmağın marjinal xərci ilə müqayisə edilir.
Bu göstəricilər arasında xüsusilə əlavə əhatəlilik mühüm əhəmiyyət daşıyır. Modelin real nəticəsini qiymətləndirmək üçün əsas suallardan biri budur: dövlət dəstəyi hesabına məktəbəqədər təhsilə əvvəllər bu imkandan yararlana bilməyən nə qədər əlavə uşaq cəlb olunur? Əgər subsidiya əsasən onsuz da özəl bağçaya gedəcək uşaqların təhsil haqqının bir hissəsini ödəyirsə, dövlət xərcləri artsa da, məktəbəqədər təhsillə əhatəlilik faktiki olaraq artmaya bilər. Buna görə də modelin nəticəsi maliyyələşdirilən uşaqların ümumi sayı ilə deyil, ilk növbədə subsidiya hesabına sistemə əlavə cəlb olunan uşaqların sayı ilə qiymətləndirilməlidir.
Ümumilikdə, modelin uğuru eyni vaxtda aşağıdakı üç nəticənin əldə edilməsi ilə mümkün ola bilər:
- daha çox uşaq məktəbəqədər təhsilə cəlb olunsun;
- aşağı gəlirli ailələrin çıxışı yaxşılaşsın;
- bir əlavə uşağın keyfiyyətli məktəbəqədər təhsilə cəlb edilməsinin dövlət üçün xərci alternativ dövlət investisiyasından aşağı olsun.
Bu üç nəticə birlikdə baş verərsə, bu, Azərbaycan üçün gələcəkdə digər sosial xidmətlərdə də tətbiq edilə biləcək strateji dövlət–özəl maliyyələşdirmə modelinə çevrilə bilər.

