TƏRCÜMƏ

TƏRCÜMƏ

Qafqaz, bolşevizm və Türkiyə – Əli Mərdan bəy Topçubaşovun məruzəsi ətrafında müzakirələr

Read this article on other language
Download article
image_pdf
image_pdf

1921-ci ildə Parisdə Milli Sosial və Siyasi Araşdırmalar Komitəsində (CNESP) “Qafqaz, bolşevizm və Türkiyə” mövzusunda silsilə müzakirələr keçirilmişdir. İyulun 4-də keçirilən toplantıda Əlimərdan bəy Topçubaşovun məruzəsi dinlənilmişdir. Məruzəni Əlimərdan bəy Topçubaşovun adından Sülh Konfransındakı nümayəndə heyətinin üzvü Məhəmməd Məhərrəmov oxumuşdur. Məruzədən sonra Qafqazın digər xalqlarının nümayəndələrinin də iştirakı ilə geniş və maraqlı müzakirələr aparılmışdır. BRI həmin məruzə və müzakirələrin stenoqramını fransız dilindən tərcümə edərək oxuculara təqdim edir.

CNESP 1916-cı ildə, Birinci Dünya müharibəsinin qızğın çağında, yəhudi əsilli fransız bankir və xeyriyyəçi Albert Kahn tərəfindən yaradılmışdır. Komitə Kahnın sülh və beynəlxalq əməkdaşlıq ideyalarının praktik təzahürlərindən biri idi. Onun fikrincə, müharibələrin əsas səbəblərindən biri xalqların və dövlətlərin bir-birini kifayət qədər tanımaması, beynəlxalq münasibətlər haqqında yanlış və birtərəfli təsəvvürlərin formalaşması idi. Buna görə də Kahn pasifizmi yalnız müharibəyə qarşı mənəvi çağırış kimi deyil, bilik, dialoq, hüquq və beynəlxalq əməkdaşlıq vasitəsilə münaqişələrin qarşısının alınmasına yönəlmiş fəaliyyət kimi başa düşürdü. CNESP də beynəlxalq mübahisələrin müharibə yolu ilə deyil, hüquqi mexanizmlər, danışıqlar və arbitraj vasitəsilə həllini dəstəkləyirdi.

Komitənin məqsədi Fransanın inzibati elitasını dünyada baş verən mühüm siyasi və sosial hadisələr barədə məlumatlandırmaq, həmçinin beynəlxalq münasibətlərin mümkün qədər obyektiv öyrənilməsi üçün şərait yaratmaq idi. CNESP müxtəlif siyasi, ictimai, dini və institusional mövqeləri təmsil edən mütəxəssisləri vahid müzakirə platformasında bir araya gətirməyə çalışırdı. Komitənin əsas prinsipinə görə, iştirakçılar fikir ayrılıqlarına baxmayaraq, mümkün qədər partiya və qrup maraqlarından kənara çıxmalı, mühüm məsələlər üzrə ortaq mövqenin və ya konsensusun formalaşdırılmasına səy göstərməli idilər. Beləliklə, CNESP intellektual dialoqu və qarşılıqlı anlaşmanı davamlı beynəlxalq sülhün əsas vasitələrindən biri hesab edirdi.

İlk hissədə sizə Əli Mərdan bəy Topçubaşovun məruzəsi təqdim edilmişdir. Məruzəyə keçid bu yazının sonunda yerləşdirilmişdir. Bu hissədə isə sizə Əli Mərdan bəyin, həmçinin Ermənistan nümayəndəsi Xatisyanın məruzələri ətrafında gedən, müasir dövrümüzün hadisləri ilə çox yaxın səslənən, hazırda da aktuallığını itirməmiş qızğın müzakirələri təqdim edirik. Burada siz iclasda iştirak edən fransız, erməni, rus və gürcü nümayəndələrin hadisələrə baxışları ilə tanış olacaqsınız.

QAFQAZ, BOLŞEVİZM VƏ TÜRKİYƏ

II Hissə

Cənab ŞEVALYE. — Mən cənab Topçubaşovun məruzəsində yalnız bir məqam üzərində dayanmaq istərdim. Məruzəsinin son hissəsində həm fikrindən, həm də ifadə tərzindən belə görünürdü ki, o, Fransanı və Müttəfiqləri Türkiyə ilə həddindən artıq sərt rəftar etməkdə qınayır. Cənab hətta onları «Türkiyənin mənafelərini nəzərə almamaqda» ittiham etdi. Lakin biz unuda bilmərik ki, türklər bizim açıq şəkildə elan olunmuş düşmənlərimiz olmuşlar; onlar məğlub edilmişlər və bunu yalnız siyasi mülahizələrə görə, səxavətlə siyasətin müəyyən bir vəhdəti sayəsində unutmağımız mümkün ola bilər. Buna görə də, Müttəfiqlərin Türkiyənin mənafelərini nəzərə almadıqlarının deyilməsini etirazsız qarşılaya bilmərəm.

Elə bir məsələ var ki, bütün azərbaycanlılar bu sahədə xüsusilə səlahiyyətlidirlər. C. Topçubaşovun bizə dediyinə görə, Türkiyə ilə bolşevizm, Moskva ilə Ankara arasındakı ittifaq öz mahiyyətinə və tərifinə görə müvəqqətidir və uzun müddət davam edə bilməz. Bu ittifaq yalnız Türkiyəyə qarşı ədalətli davranmamış dövlətlərin kor və zərərli siyasətinin nəticəsidir — buna qiymət vermək mənim işim deyil, mən sadəcə burada işlədilmiş ifadələri təkrar edirəm. Bu ittifaq davam edə bilməz.

Bunu mən başqa yerlərdə də eşitmişəm. Lakin, bəlkə də, burada iştirak edənlər arasında bu məsələni bir qədər daha dərindən araşdıra biləcək kimsə vardır. Ankara ilə Moskva arasındakı ittifaqın həqiqətən möhkəm bir əsasa söykəndiyini, Türkiyədə C. Topçubaşovun bizə təsvir etdiyindən daha davamlı bir vəziyyət yarada biləcək qədər güclü ictimai təbliğat aparıldığını göstərən son məlumatlara malik olan varmı?

Bu məsələdə son illərdə türklərlə çox sıx əlaqələr saxlamış gürcü dostlarımıza müraciət edirəm. Onların Ankarada çox görkəmli bir nümayəndəsi olmuşdur; İnqilabın dərin sarsıntılara məruz qoyduğu bu Şərq ölkələrinin qəribəliklərindən biri də budur ki, həmin şəxs eyni yerdəki bolşevik nümayəndəsinin doğma qardaşıdır.

Cənab Divani və ya Cənab Əlibəyov burada yalnız öyrənmək üçün toplaşmış, məsələlərə tamamilə obyektiv baxan, burada nə hər hansı bir hökumətin, nə də hər hansı bir mənafeyin nümayəndələrinin olmadığı, yalnız həqiqəti axtaran insanların iştirak etdiyi bu auditoriyaya həmin məsələ barədə müəyyən aydınlıq gətirə bilərmi?

C. SƏDR. — Söz Ermənistan Nümayəndə Heyətinin sədri Cənab Aharonyana verilir.

C. AHARONYAN. — Nazir C. Şevalle indicə dedi ki, həqiqəti öyrənmək üçün burada məsələlərə sırf obyektiv nöqteyi-nəzərdən yanaşmalıyıq. Mən də yalnız həqiqəti söyləyəcəyəm.Hadisələrin burada verilmiş şərhində kiçik bir boşluq görürəm və onu doldurmağı faydalı hesab edirəm. 1917-ci ilin sonlarına və 1918-ci ilin əvvəllərinə doğru ruslar nə məğlub edilmiş, nə sıxışdırılmış, nə də qovulmuş olduqları halda Zaqafqaziyanı tərk etdilər. Bunu deməliyəm ki, biz ermənilər onları saxlamağa çalışırdıq, çünki bilirdik ki, ruslar olmadıqda qarşımızda müharibəni davam etdirə biləcək Türkiyə qalacaq. Nəhəng bir imperiyanın və Müttəfiqlərin başladığı müharibənin davamını təkbaşına daşımağa gücümüz çatmazdı. Ruslar tələsik çıxıb getdilər; bütün yalvarışlarımız, onlara gətirdiyimiz bütün dəlillər onları bir əsr əvvəl fəth etdikləri bu ölkədə qalmağa razı sala bilmədi. Sadə rus əsgərlərinin şüarı «Xata», yəni «ev» idi. Onlar öz ocaqlarına qayıtmaq istəyirdilər və çıxıb getdilər.

Beləliklə, Qafqaz və Zaqafqaziya öz müstəqilliklərini elan etmək üçün tam sərbəstlik əldə etdilər. Ruslar getdikdən sonra biz hamımız — gürcülər, ermənilər, azərbaycanlılar və dağlılar — məhz bunu etdik. Belə hərəkət etməklə, eyni zamanda Türkiyənin də mənafeyinə uyğun davrandığımızı düşünürdük. Doğrudan da, Türkiyə ilə Rusiya arasında bir bufer dövlətin mövcud olması Türkiyənin mənafeyinə uyğundur, çünki tarix dəfələrlə göstərmişdir ki, Rusiya Türkiyə üçün təhlükəli bir rəqib olmuşdur.

Bəs nə baş verdi? Ruslar uzaqlaşdıqdan və biz öz müstəqilliyimizi elan etdikdən sonra türklər rusların tərk etdiyi Türkiyə vilayətlərini, eləcə də əvvəllər Rusiyaya məxsus olub öz müstəqilliyini elan etmiş əraziləri ələ keçirmək üçün meydana çıxdılar.

Həmin vaxt üç ünsür — ermənilər, gürcülər və azərbaycanlılar arasında siyasi birlik yaranmışdı. Bu xalqlar türklərin irəlilədiyini və onların azadlığını təhdid etdiyini görürdülər. Heç bir hökumətin təzyiqi olmadan, öz iradəmizlə elan etdiyimiz bu azadlıq Türkiyə tərəfindən məhv edildi.

1918-ci ilin əvvəlində türklər Qarsa doğru irəliləməyə başladılar; Aleksandropolu, Batumu ələ keçirdilər və yürüşlərini Bakıya qədər davam etdirdilər. Onların niyyəti Asiyanın mərkəzinə doğru irəliləmək, yeni ordular yaratmaq və onları Antantaya qarşı göndərmək idi. Onlar bunu gizlətmirdilər. Bu, Ənvər Paşanın, Tələtin və bütün Gənc Türklərin böyük planı idi. Mən özüm Konstantinopolda olduğum zaman bu fikirləri eşitmişəm.

Xoşbəxtlikdən, Müttəfiqlərin böyük qələbəsi baş verdi. Türklər Zaqafqaziyadan çıxarıldılar. Müttəfiqlər isə buraya daxil oldular. Fransa və İngiltərə bir sıra mühüm mərkəzləri — Bakı, Batum, Tiflis və hətta İrəvanı — tutdular. Üç dövlət onların nəzarəti altında idi. Ermənistanda ingilis ordusu fəaliyyət göstərirdi; general Tomson Bakıda idi. Müttəfiqlər bu xalqların özlərinə qazandırdıqları azadlığa yalnız hörmət etməyə deyil, həm də onların dövlət quruculuğunu təşkil etməyə hazır görünürdülər.

Təəssüf ki, Müttəfiqlərin əvvəlcə qəbul etdikləri tədbirlərin ardınca başqa qərarlar gəldi ki, mən onları nə araşdırmaq, nə də tənqid etmək istəyirəm. Faktlar göstərir ki, Müttəfiqlər Zaqafqaziya xalqlarını tərk etdilər. Onlar Bakını, Tiflisi, Batumu tərk etdilər; qoşunlarını Zaqafqaziyadan çıxardılar və Zaqafqaziyanı öz taleyinin ümidinə buraxdılar. Orada yalnız bir neçə ali komissar, nümayəndə və hərbi missiya saxladılar. Bu, müttəfiqlərimizə və dostlarımıza qarşı həmişə irəli sürəcəyimiz bir iraddır.

Beləliklə, onlar bolşeviklərin və türklərin irəliləyişinə son dərəcə əlverişli şərait yaratdılar. Müttəfiqlər Qafqazı hərbi baxımdan, tərk etdikdən sonra türklərin yeni hücumu başlandı. Müttəfiqlərin «Zaqafqaziya üçün nə bir qəpik, nə də bir əsgər» dediklərini eşitdikləri gündən onlar yenidən irəliləmək qərarına gəldilər. Türk ordusu silahı və sursatı ilə birlikdə mövcud idi; çünki Türkiyə atəşkəsin hərbi şərtlərini heç vaxt yerinə yetirməmişdi. Tam şəkildə qorunub saxlanmış bu ordu yenidən Zaqafqaziyanın üzərinə atıldı və onun azadlıqlarını ikinci dəfə məhv etdi.

Mən təsdiq edə bilərəm ki, türklərin irəliləyişi olmasaydı, bu gün Zaqafqaziyada bolşeviklər olmazdı. Bolşeviklərlə türklərin bu ittifaqının müvəqqəti olduğu deyildi. Bu, dəhşətli bir hadisədir və uzun müddət davam edə bilməz; lakin mövcud olduğu müddətdə artıq bizim azadlıqlarımızı məhv etməyə nail olmuşdur.

Bu üst-üstə düşməyə diqqət yetirin: eyni gündə — dekabrın 2-də — türklər Ərzurumdan Ermənistanın paytaxtı İrəvana qədər gəlib çatırlar, bolşeviklər isə Rusiyadan gəlirlər; biz eyni vaxtda hər iki tərəfdən hücuma məruz qalırıq və bunun bədəli azadlığımızı itirməyimiz olur.

Bolşeviklərlə türklərin ittifaqının müvəqqəti olması mümkündür; lakin onun törədə biləcəyi bütün pislikləri artıq törədib. Hər halda, bu ittifaq mövcuddur. Türklər Qarsda, Aleksandropolda, bolşeviklər isə Gürcüstanda və Azərbaycandadırlar. Görürsünüz ki, türklər Zaqafqaziya xalqları üçün nə dərəcədə şər qüvvəyə çevrilmişlər.

C. SƏDR. — Söz Nazirlər Şurasının sədri, hazırda Ermənistan Nümayəndə Heyətinin üzvü Cənab Xatisyana verilir.

C. XATİSYAN. — Xanımlar və cənablar, Antantanın böyük dövlətləri tərəfindən 1920-ci il avqustun 10-da imzalanmış Sevr müqaviləsi Zaqafqaziya Ermənistanı ilə Türkiyə Ermənistanından ibarət vahid Ermənistanı de-yure tanıdı və Ermənistan–Türkiyə sərhəd xəttinin müəyyən edilməsini Prezident Vilsona həvalə etdi.

Biz burada yalnız Zaqafqaziya Ermənistanından, onun tarixi və iqtisadi vəziyyəti baxımından bəhs etməklə kifayətlənəcəyik.

1917-ci ilin martında, Rusiya inqilabından sonra Kerenskinin Müvəqqəti Hökuməti Zaqafqaziya üçün «Zaqafqaziya üzrə Xüsusi Komitə» adlanan xüsusi inzibati şura yaratdı.

1917-ci ilin noyabrında bolşeviklər Kerenski hökumətini devirdikdən və Rusiyada Sovet rejimini qurduqdan sonra Zaqafqaziya bolşeviklərin hakimiyyətini tanımaqdan imtina etdi və Zaqafqaziya Komissarlığını yaratdı. Komissarlıq 1917-ci il noyabrın 26-da öz hakimiyyətini Zaqafqaziyada ali hakimiyyət elan etdi.

1918-ci ilin fevralında, 1917-ci il noyabrın 25-də Rusiya Müəssislər Məclisinə keçirilmiş seçkilərin nəticələri əsasında formalaşdırılmış Zaqafqaziya «Seymi», yaxud Qanunverici Məclisi Tiflis şəhərində toplandı, Komissarlığın istefasını qəbul etdi və onun yerində bir neçə nazirdən ibarət müvəqqəti hökumət yaratdı.

Beləliklə, bunu rəsmən elan etmədən, Zaqafqaziya faktiki olaraq Rusiyadan ayrıldı; lakin hüquqi baxımdan hələ də onun tərkib hissəsi hesab olunurdu.

1918-ci ilin martında bolşeviklər Brest-Litovsk müqaviləsi ilə Zaqafqaziyanın Batum, Qars və Ərdəhan bölgələri üzərində Türkiyəyə xüsusi hüquqlar verdikdə, Zaqafqaziya hökuməti bu dəhşətli sazişə qəti etiraz etdi və türk ordularının Zaqafqaziya ərazilərinə daxil olmasına silahlı qüvvə ilə qarşı durmaq qərarına gəldi. Lakin daxili və xarici siyasi vəziyyət elə bir istiqamət aldı ki, «faktiki» ayrılığın «hüquqi» ayrılıqla əvəz edilməsi zərurətə çevrildi. Nəticədə, 1918-ci il aprelin 22-də «Seym» Zaqafqaziyanın Rusiyadan müstəqil olduğunu elan etdi və Zaqafqaziya Demokratik Respublikası adı altında müstəqil dövlət yaradıldı.

Zaqafqaziyanın üç əsas xalqı — ermənilər, gürcülər və Azərbaycan tatarları — hər biri özünə məxsus ərazilərlə birlikdə bu Respublikanın tərkibinə daxil oldular. «Seym» və Hökumət üç millətin nümayəndələri arasından seçilmiş siyasi partiya təmsilçilərindən, demək olar ki, bərabər nisbətdə təşkil olunmuşdu.

Zaqafqaziya Respublikasının ömrü qısa — cəmi beş həftə oldu. O, Türkiyəyə qarşı mübarizənin ən gərgin dövründə mövcud idi.

Erməni və gürcü qoşunları türklərin Zaqafqaziyaya hücumunun qarşısını almaq üçün keçmiş Avstriya–Türkiyə cəbhəsini tutdular; bu hücum əsasən erməni bölgələrinə yönəlmişdi.

1917-ci ilin noyabrından 1918-ci ilin martına qədər, beş ay ərzində, geniş bir cəbhədə fəaliyyət göstərən zəif erməni dəstələri türklərin irəliləyişinə qarşı döyüşdülər, sonra isə 1914-cü ildəki keçmiş Rusiya–Türkiyə sərhədi xəttinə çəkilərək orada düşmənə qarşı müqaviməti davam etdirdilər.

1918-ci il aprelin 14-də gürcülərin müdafiə etdiyi Batum qalası və limanı türklər tərəfindən tutuldu. 1918-ci il aprelin 26-da isə, güclü müqavimətə və qarla örtülmüş yaylalarda gedən qanlı döyüşlərə baxmayaraq, Qars qalası türklərin əlinə keçdi.

Hərbi məğlubiyyət, Zaqafqaziyanın bütün ərazisinin türklər tərəfindən işğal olunması təhlükəsi və Zaqafqaziya Federativ Respublikasının tərkibinə daxil olan xalqların siyasi istiqamətləri arasındakı fikir ayrılıqları Seymi 1918-ci il mayın 26-da Zaqafqaziya Federativ Respublikasının artıq mövcud olmadığını və öz hakimiyyətindən imtina etdiyini elan etməyə məcbur etdi. Elə həmin gün Gürcüstan öz müstəqilliyini elan etdi; iki gün sonra, 1918-ci il mayın 28-də Ermənistan və Azərbaycan da müvafiq olaraq öz müstəqilliklərini elan etdilər. Ermənistan Respublikasının mövcudluğu məhz bu tarixdən başlanır.

Coğrafi vəziyyət. Ölçülər. Əhali.

Coğrafi mövqeyinə görə Ermənistan Respublikası Ermənistan yaylası adı ilə tanınan dağlıq ərazinin şərq hissəsini tutur.

Respublika hakimiyyətinin qurulduğu ərazinin sahəsi 50.000 kvadrat kilometrdir. Bu bölgələrin dəniz səviyyəsindən hündürlüyü 500 metrdən 5.200 metrədək dəyişir; 2.500 metr yüksəklikdən etibarən qar heç vaxt ərimir və iqlim qütb ölkələrinin iqlimini xatırladır. 1.900 metrdən 2.500 metrədək yüksəklikdə yerləşən zonada alp otlaqları vardır; burada soyuq hava buğda becərməyə imkan vermir. Daha aşağıda isə iqlimi mülayim olan və Mərkəzi Avropanın iqliminə uyğun gələn bir zona yerləşir; bu zonanın sakinləri oturaq həyat sürür, buğda becərilməsi və heyvandarlıqla məşğul olurlar. Ermənistan ərazisi bu istiqamətdə, isti-mülayim iqlimin bütün üstünlüklərinə malik olan 900 metrdən 500 metrədək yüksəklik zonasının yalnız nisbətən kiçik bir hissəsinə sahibdir; burada üzüm və bəzi meyvə ağacları becərilir.

Yuxarıda sadalanan təbii iqlim və relyef xüsusiyyətləri bu bölgələrdə yaşayan erməni əhalisinin iqtisadi həyatının əsasını təşkil edir. Artıq 25 əsrdir ki, bu erməni əhalisi, Ermənistanın digər bölgələrində yaşayan ermənilər kimi, oturaq həyat sürür və əkinçiliklə məşğul olur.

Rəsmi statistik məlumatlara görə, 1917-ci ildə Ermənistan ərazisində əhalinin sayı təxminən 2.159.000 nəfər idi. Onlardan 1.416.000 nəfəri, yaxud 66 %-i xristianlar, 676.000 nəfəri, yaxud 31 %-i müsəlmanlar, 73.000 nəfəri, yaxud 3 %-i isə müxtəlif digər dinlərə mənsub şəxslər idi.

1917-ci ildən etibarən, müharibə səbəbindən müsəlman əhalinin bir hissəsi Ermənistan Respublikasından köç etmiş, digər tərəfdən isə Türkiyə Ermənistanından 300.000 erməni Respublika ərazisinə köçmüş və ya burada sığınacaq tapmışdır.

Əminliklə demək olar ki, hazırda xaricdə yaşayan erməni əhalisinin böyük əksəriyyəti Ermənistana qayıtmaq üçün ilk əlverişli fürsəti gözləyir.

Respublika Konstitusiyasının əsasları

Respublikanın qanunverici hakimiyyəti seçkili Parlament, icra hakimiyyəti isə Nazirlər Kabineti tərəfindən təmsil olunur.

Respublikanın Prezidenti yoxdur. Hazırda Prezidentə məxsus səlahiyyətlərin bir hissəsini Parlament, digər hissəsini isə Nazirlər Kabineti həyata keçirir. Ali hakimiyyət vahid Parlamentə məxsusdur. Parlament ümumi seçki hüququ əsasında seçilmiş deputatlardan ibarətdir. Səs vermək və dövlət vəzifələrini tutmaq hüququ hamıya məxsusdur. Müəyyən edilmiş yaş həddinə çatmış hər bir Ermənistan vətəndaşı, cinsindən və dinindən asılı olmayaraq, bütün seçkilərdə iştirak etmək hüququna malikdir. Səsvermə birbaşa və gizli keçirilir, seçkilər isə proporsional prinsip əsasında təşkil olunur.

Hazırda fəaliyyət göstərən və 80 üzvdən ibarət olan Parlament 1919-cu ilin iyununda seçilmiş və həmin ilin avqust ayında işə başlamışdır. Gələcəkdə Parlamentin tərkibi elə formalaşdırılacaq ki, mövcud Respublikaya birləşdiriləcək yeni ərazilərin əhalisi öz sayına uyğun proporsional şəkildə təmsil olunsun.

Nazirlər Şurasının sədri Hökumətə rəhbərlik edir. O, Parlament tərəfindən seçilir; nazirləri özü müəyyənləşdirir və onların adlarını, eləcə də öz proqramını Parlamentə təqdim edir. Parlamentin təqdim edilmiş proqramı təsdiqləməsi eyni zamanda təklif olunan nazirlərin də təsdiqi hesab olunur.

Respublikamızın idarəçiliyi altında bütün dinlər tam azadlıqdan və bərabər hüquqlardan istifadə edirlər.

Ermənistan Respublikası son dərəcə ağır şəraitdə yaranmış, yaşamış və yaşamaqda davam edir.

Uzun sürən müharibə ölkəni viran qoymuş və xarabalığa çevirmişdir. Dörd il fasiləsiz olaraq Ermənistanın böyük hissəsi hərbi əməliyyatlar meydanı olmuş, müharibənin bütün fəlakətlərinə məruz qalmışdır; türklərin tətbiq etdikləri üsullar isə bu fəlakətləri daha da dəhşətli etmişdir.

Bu dörd il ərzində Ermənistanda bütün işlər tamamilə dayanmışdır. Digər əlverişsiz şəraitləri bir kənara qoyaraq, burada yalnız işçi qüvvəsinin çatışmazlığını qeyd edəcəyik. Erməni gənclərinin hamısı dörd il boyunca döyüşmüş, öz evlərində qalan yetkin əhali isə çox az iş görə bilmişdir, çünki onlar da müharibənin yaratdığı şəraitdən əziyyət çəkirdilər.

Ölkənin vəziyyətini anlamaq üçün aşağıdakı amillər nəzərə alınmalıdır:

İlk növbədə, Rusiya erməniləri hərbi xidmət qanunlarına uyğun olaraq Rusiya ordusuna təxminən 180.000 əsgər verməklə kifayətlənməmiş, müharibənin başlanmasından etibarən təxminən 10.000 nəfərdən ibarət xüsusi könüllü dəstələr də yaratmışdılar. Beləliklə, dörd il ərzində erməni gəncləri fasiləsiz şəkildə döyüşlərə cəlb olunmuşdular.

Hökumət 1918-ci ilin mayında İrəvanda yerləşdiyi zaman türk ordusu Qafqaz Ermənistanının böyük hissəsini işğal etmiş və sürətli atəş açan toplarını İrəvandan 7 kilometr məsafədə yerləşdirmişdi. Ermənistan tək qalmışdı; düşmən orduları ilə əhatə olunmuş, xaricdən heç bir yardım və dəstək almırdı.

Ölkənin daxili vəziyyəti ümidsiz idi. Əhalinin yarıdan çoxunu ərzaqsız, paltarsız və sığınacaqsız qaçqınlar təşkil edirdi. Kəndlər və təsərrüfatlar viran qoyulmuş, əkin-biçin işləri dayanmışdı. Kəndlilər səpin üçün ayrılmış taxılı öz ehtiyacları üçün istifadə etməyə, şum işləri üçün nəzərdə tutulmuş mal-qaranı isə qidalanmaq naminə kəsməyə məcbur idilər. Bütün dəhşəti ilə aclıq və onu müşayiət edən yoluxucu xəstəliklər, xüsusilə səpkili yatalaq, xalqı əzirdi. Dərmanlar az idi, apteklər isə boşalmışdı.

Xarici aləmlə əlaqələr kəsilmişdi, çünki yeganə dəmir yolu türklərin nəzarətində idi. Rusiya, İran, Avropa və qonşu ölkələrlə bütün rabitə dayandığından mal idxalı tamamilə kəsilmişdi; Gürcüstan və Azərbaycanın isə ixrac edə biləcək artıq malları yox idi. Hər cür mal qıtlığı hökm sürürdü; hətta işıqlandırma üçün neft, rəsmi idarələr üçün isə kağız çatışmırdı.

Rusiya rejiminin dövlət idarəetmə mexanizmi dağılmış, bütün inzibati funksiyalar acınacaqlı bir nizamsızlıq vəziyyətinə düşmüşdü. Hər şeyi yenidən başlamaq və köhnə quruluşun xarabalıqları üzərində yeni milli həyat qurmaq lazım idi.

1918-ci ilin dekabrında Müttəfiq dövlətlərlə imzalanmış atəşkəsin şərtlərinə uyğun olaraq türk ordusu Zaqafqaziyanı, o cümlədən Rusiya Ermənistanının ərazilərini boşaltmağa məcbur oldu. Türklər geri çəkildilər; lakin bundan əvvəl yalnız qismən dağıdılmış ölkənin viran qoyulmasını başa çatdırdılar.

Apara bildikləri hər şeyi özləri ilə apardılar: vaqonları, taxılı, yemi, pambığı, dərini, ev heyvanlarını, avtomobilləri, teleqraf avadanlığını, hətta qapıları və pəncərə çərçivələrini belə; apara bilmədiklərini isə məhv etdilər.

Türklərin getməsi ilə Ermənistan Respublikasının ərazisi genişləndi və xarici təhlükələrin yaratdığı mürəkkəbliklər azaldı. Lakin Hökumət yeni çətinliklərlə üz-üzə qaldı, çünki yeni ərazilərdə asayişi və sülhü bərpa etmək, qarət olunmuş və yoxsullaşdırılmış əhaliyə yardım göstərmək lazım idi.

Erməni xalqının ruh yüksəkliyi və cəsarəti ilə dəstəklənən Ermənistan Hökuməti bu vəziyyətin öhdəsindən gəldi. O, xalqın təxirəsalınmaz ehtiyaclarını dərk etdi və möhkəm, qətiyyətli siyasət yürütməyə davam etdi; yəni əhalini məhv olmaqdan xilas etdi və inzibati idarəetmənin ilk mexanizmlərini yaratdı. Beləliklə, Ermənistanın müstəqilliyinin əsaslarını təmin etdi. Hökumət öz vəzifəsinə dair məhz bu anlayışı Parlamentə təqdim etdi və Parlament də onu təsdiqlədi.

Bu proqrama uyğun olaraq Ermənistan Hökuməti:

1) Vətəndaşların həyatını və rabitə yollarını qorumaq üçün mərkəzi və yerli polis orqanları təşkil etdi;

2) Məhkəmə sistemini yenidən təşkil etdi və məhkəmələrin müntəzəm iclaslarını bərpa etdi;

3) Sayca az, lakin intizamlı olan ordunu yenidən təşkil etdi;

4) Məktəbləri yenidən açdı;

5) Türklər tərəfindən dəmir yollarının dağıdılması, həmçinin lokomotiv və vaqon çatışmazlığı səbəbindən demək olar ki, mümkünsüz hala gəlmiş dəmir yolu rabitəsini bərpa etdi.

Kemalistlərlə bolşeviklər arasında müharibə aparmaq. Bolşevik rejiminin qurulması.

1920-ci ilin aprelində sovet qoşunlarının Bakıya daxil olması və Azərbaycanda sovet rejiminin qurulması bolşevikləri başqa bir Zaqafqaziya respublikasını — Ermənistan Respublikasını da «sovetləşdirməyə» cəhd göstərməyə sövq etdi. «Moskvadan Ankaraya gedən birbaşa yol Ermənistandan keçir» — deyirdilər.

May ayının əvvəlində, kənardan verilmiş göstərişdən sonra və ölkə daxilində agentlərin gizli fəaliyyəti nəticəsində Ermənistan ərazisinin müxtəlif bölgələrində bolşevik üsyanı başlandı.

Bolşevik olmayan xalqa yad bir qrup tərəfindən təşkil edilmiş bu üsyan tamamilə uğursuzluğa düçar oldu və may ayının ortalarına doğru Hökumət qoşunları tərəfindən asayiş asanlıqla bərpa edildi.

Müsəlman əhali bolşeviklərin qələbəsinə inanmadığından passiv qaldı. Yalnız Respublikanın şimal-şərqində, Azərbaycan sərhədi ilə həmsərhəd olan bir bölgədə, qonşuluğun təsiri və orada sığınacaq tapmış çoxsaylı bolşevik emissarlarının fəaliyyəti nəticəsində vətəndaş müharibəsi davam etdi. İyun ayının sonlarına doğru burada da asayiş bərpa olundu. Lakin öz fəaliyyətlərini və təbliğatlarını davam etdirən bolşeviklər Ermənistan–Azərbaycan sərhədində çoxsaylı toqquşmalar törədərək erməni komandanlığını burada xeyli qüvvə saxlamağa və bununla da qərb sərhədlərini zəiflətməyə məcbur etməyə çalışırdılar.

Şərqdə, Zəngəzur və Qarabağın erməni bölgələrində bolşeviklər bu əraziləri İrəvan Hökumətinin boyunduruğundan azad etmək bəhanəsi ilə və Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttinin rəsmi şəkildə müəyyən edilməməsindən istifadə edərək, Naxçıvan və Bakı xanlığı vasitəsilə Ankara ilə əlaqə yaratmaq planlarını həyata keçirmək üçün qoşunlarını irəli çəkirdilər. Lakin əhalinin qəhrəmancasına müqaviməti bolşeviklərin bu planı həyata keçirməsinə mane oldu. Şiddətli mübarizə başlandı və hələ də davam edir.

Beləliklə, Ermənistanın «sovetləşdirilməsi» üçün ilk cəhd və birbaşa sovet-kemalist sərhədinin yaradılması planı tamamilə uğursuzluğa düçar oldu. Başqa vasitələrə əl atmaq lazım idi. Kiçik bir dövləti əzməyin ağır məsuliyyətini üzərlərinə götürməmək üçün Ermənistana açıq hücumdan imtina edən Sovetlər taktikanı dəyişərək türkləri hərəkətə gətirdilər.

1920-ci il sentyabrın 13-də türk komandanlığı Sovetlərlə qarşılıqlı razılaşma əsasında nizami qoşunlarını irəli sürdü və Ermənistan sərhədini keçdi. Qərbdən hücuma məruz qalan, şimal-şərqdən bolşevik qoşunlarının yeni qruplaşması ilə təhdid edilən, özləri də döyüşlərə cəlb olunmuş Zəngəzur kəndliləri kimi döyüşkən bir qüvvənin dəstəyindən məhrum olan və qoşunlarını Naxçıvanın cənub sərhədində saxlamağa məcbur qalan Ermənistan Hökuməti Qars bölgəsindəki türk cəbhəsində kifayət qədər qüvvə cəmləşdirə bilmədi.

Bununla belə, türklərin irəliləyişi bir ay yarımdan artıq müddətə — 1920-ci il sentyabrın 13-dən oktyabrın 30-dək — dayandırıldı; erməni qoşunları 200 kilometrdən artıq uzanan cəbhədə hücumların qarşısını alırdılar. Türklər Qarsı yalnız oktyabrın 30-da ələ keçirdilər.

Müharibə uduzulmuşdu. Tək qalan və xaricdən heç bir yardım almayan Ermənistan Hökuməti noyabrın 4-də hərbi əməliyyatların dayandırılması və sülh danışıqlarına başlanması xahişi ilə Ankara Böyük Millət Məclisinə müraciət etməyə məcbur oldu.

Danışıqlara başlamaq üçün, sadəcə atəşin dayandırılmasının şərti kimi, türklər Aleksandropol şəhərinin və qalasının boşaldılmasını, həmçinin müəyyən sayda tüfəng, top və sursatın təhvil verilməsini tələb etdilər.

Bu şərtləri qəbuledilməz hesab edən Ermənistan Hökuməti mübarizəni davam etdirdi, lakin hərbi əməliyyatların qısa müddətə yenidən başlanmasından sonra geri çəkilməyə və Ankaranın tələblərini qəbul etməyə məcbur oldu.

Noyabr ayının sonlarına doğru Aleksandropolda danışıqlar başlandı və dekabrın 3-də sülh müqaviləsi imzalandı; bu müqavilə Ermənistanla Türkiyə arasında Brest-Litovsk müqaviləsində müəyyən edilmiş sərhədə demək olar ki, uyğun bir sərhəd xətti müəyyən edirdi.

Ərazisi xeyli kiçilsə də, Ermənistan yenə də dövlət ərazi bütövlüyünü qoruyub saxlayır və müstəqil mövcudluğunu davam etdirə bilirdi. Məhz bu vaxt Sovetlər müdaxilə etməyi münasib hesab etdilər; onlar erməni-türk müqaviləsinin şərtlərindən hələ xəbərsiz olan və türklərin tələblərindən, eləcə də vəhşiliklərindən qorxan kütlələrin psixoloji vəziyyətindən istifadə etdilər. Noyabrın 29-da sovet qoşunları ciddi müqavimətlə qarşılaşmadan Ermənistan sərhədini keçdilər; çünki ruslar hər zaman ermənilərin türklərə qarşı müdafiəçiləri hesab olunmuşdular.

Beləliklə, 1920-ci il dekabrın 7-də İrəvanda sovet hakimiyyəti quruldu və sonuncu erməni koalisiya hökumətini əvəz etdi. Bolşeviklərin məqsədi həyata keçdi. Ermənistan sovetləşdirildi. Lakin Rusiyadan ərzaq və maliyyə yardımı gözləyən əhali çox keçmədən məyus oldu.

Rekvizisiyalar, axtarışlar və repressiyalar xalqı qısa müddətdə yeni rejimdən bezdirdi; aclıq isə onun narazılığını daha da kəskinləşdirdi.

Məhz bu şəraitdə Ermənistan Sovetlərin yeni müharibəsi ilə üz-üzə qaldı — bu dəfə fevralın 12-də bolşeviklərin hücumuna məruz qalan qonşu Gürcüstana qarşı aparılan müharibə ilə.

Ermənistan Gürcüstanla yanaşı bolşeviklərə qarşı yeni mübarizəyə başladı və fevralın 19-da milli bayrağı qaldırdı. Ermənistan Revkomu İrəvandan qaçdı; bolşevik qarnizonları ölkənin şimalına və Naxçıvan bölgəsinə çəkildilər. İrəvanda koalisiya hökumətinin hakimiyyəti quruldu və bu hökumət aprelədək bolşeviklərə qarşı mübarizə apardı. Lakin bolşeviklərin fevralın 25-də Tiflisi ələ keçirməsi və Sovetlərin Gürcüstana hücumu Ermənistandakı antibolşevik hərəkatı dayandırdı.

Gücləndirilmiş bolşevik qoşunları yenidən ölkənin içərilərinə daxil oldular. Paytaxtı saxlamağın mümkünsüz olduğunu görən Ermənistan Hökuməti apreldə erməni ordusunun qalıqları ilə birlikdə — bolşeviklərin Ermənistanda ilk dəfə hakimiyyət qurduqları vaxt 1.500 erməni zabiti Rusiyaya aparılmışdı — Parlament və formalaşdırılmış dövlət orqanları ilə birgə Zəngəzur dağlarına çəkildi.

Qırmızıların işğalına qarşı mübarizə bu dağlarda bu günədək davam edir. Qanuni şəkildə təşkil olunmuş Hökumət hazırda Ermənistan ərazisinin bir hissəsində öz hakimiyyətini həyata keçirir. Zəngəzur yaxın gələcəkdə Respublikanın öz qanuni və təbii sərhədləri daxilində yenidən qurulması üçün əsas nüvə rolunu oynayacaq.

Qafqaz Respublikalarının İttifaqı

Təxminən üç il müstəqil mövcudluqdan sonra Zaqafqaziya Respublikalarının ərazilərinin böyük hissəsi bolşeviklər tərəfindən işğal edildi.

Bolşeviklərin bu işğalı ona görə daha asan baş verdi ki, onlar həm say üstünlüklərindən, həm də Qafqazın müxtəlif xalqları arasında mövcud olan siyasi fikir ayrılıqlarından istifadə etdilər.

Bu siyasi fikir ayrılıqlarının zərərli nəticələrini dərk edən Qafqaz Respublikalarının nümayəndələri 1921-ci il iyunun 10-da Parisdə Qafqaz xalqları arasında sıx ittifaq yaratmaq məqsədi daşıyan bir saziş imzaladılar. Bu ittifaq onların xarici siyasətlərinin əlaqələndirilməsinə və ərazi mübahisələrinin həllinin yeganə vasitəsi kimi məcburi arbitraj prinsipinin qəbul edilməsinə əsaslanırdı.

Sazişin əsas xüsusiyyəti bütün Qafqaz dövlətlərini əhatə edən gömrük ittifaqının (Zollverein) yaradılması idi; bundan sonra həmin dövlətlər beynəlxalq ticarət üçün vahid tranzit ərazisi təşkil etməli idilər. Rusiyanın iqtisadi maraqları xüsusi olaraq nəzərə alınır, eyni zamanda Qafqazın təbii sərvətlərinin mənimsənilməsində xarici kapitalın iştirakı nəzərdə tutulurdu.

Qafqaz Respublikalarının müstəqilliyi, onların sıx siyasi və iqtisadi ittifaqı, Qafqazla qonşu olan dövlətlərlə — Rusiya, Türkiyə və İranla — mehriban qonşuluq və dostluq münasibətlərinin qurulması, Türkiyə ilə Ermənistan arasında ərazi sərhədinin tezliklə və qarşılıqlı razılıq əsasında müəyyənləşdirilməsi məqsədilə birgə diplomatik fəaliyyət və, nəhayət, Qafqaz bərzəxi vasitəsilə beynəlxalq tranzit ticarətinin azadlığı — bütövlükdə bu razılaşmanın əsas istiqamətverici prinsipləri bunlardır və onun Yaxın Şərq məsələləri baxımından əhəmiyyətinin yüksək qiymətləndiriləcəyinə şübhə yoxdur.

İqtisadi vəziyyət

Erməni əhalisinin böyük əksəriyyəti (85 %) əsasən kənd təsərrüfatı ilə məşğuldur. Bir neçə istisna olmaqla, Ermənistanda iri şəhərlər və mühüm sənaye müəssisələri yoxdur. Böyük erməni ticarət evləri və manufakturaları Ermənistanın hüdudlarından kənarda — Tiflisdə, Bakıda, Rostovda, Moskvada və Petroqradda yerləşir.

Digər tərəfdən, kənd təsərrüfatının və kənd təsərrüfatı sənayesinin bütün sahələri — taxılçılıq, tərəvəzçilik və pambıqçılıq, iri buynuzlu mal-qara və digər heyvanların yetişdirilməsi, şərabçılıq və südçülük — yüksək dərəcədə inkişaf etmişdir. Ermənistanda sənaye məmulatlarının istehsalı da mövcuddur, lakin kiçik miqyasdadır.

Ermənistanın torpaq müxtəlifliyi və iqlim şəraiti kənd təsərrüfatının bütün növləri ilə məşğul olmağa imkan verir — Araz vadisində pambıq və düyü becərilməsindən tutmuş, qarla örtülü dağların yüksəkliklərində yerləşən zəngin otlaqlara qədər.

Buğda və arpa ilə yanaşı, Ermənistanın əsas kənd təsərrüfatı məhsulları düyü, pambıq və üzümdür.

Müharibədən əvvəl Ermənistan təsərrüfatlarının illik istehsalı 10.600 ton düyü, təxminən 8.100 ton toxumlu pambıq və 69.000 ton üzüm təşkil edirdi.

Ən yüksək keyfiyyətli şərab və spirt üzümdən hazırlanır. İllik istehsal təxminən 315.000 hektolitr şərab və 1.880 hektolitr spirt təşkil edir.

Pambıqçılığın, düyüçülüyün və üzümçülüyün yüksək məhsuldarlığını, eləcə də bu sahələrin genişləndirilməsinin ölkənin sərvətlərinin inkişafı üçün əhəmiyyətini xüsusilə qeyd etmək lazımdır. Arazın hər iki sahilində yerləşən 600.000 hektardan artıq otlaq sahəsi əkin sahələrinə çevrilə bilər; quberniya ərazisindəki çayların su ehtiyatı həmin torpaqların suvarılması üçün kifayətdir. Buna görə də bu bölgədə kənd təsərrüfatının inkişafı həm maliyyə, həm də texniki məsələdir.

Heyvandarlıq Ermənistanda iqtisadi həyatın mühüm sahələrindən biridir və əhəmiyyətinə görə əkinçilikdən dərhal sonra gəlir. Müharibədən əvvəl Ermənistanda 106.700 at, 42.800 qatır və uzunqulaq, 1.243.000 baş iri buynuzlu mal-qara və 1.859.000 qoyun var idi.

Bu rəqəmlər müharibədən əvvəl, normal şəraitdə Ermənistanda kənd təsərrüfatının miqyasını və mal-qaranın sayını göstərir. Müharibə dövründə ölkə demək olar ki, tamamilə viran qoyuldu, bütün sənaye məhv edildi. Çoxlu sayda kənd dağıdıldı, meyvə bağları məhv edildi, təsərrüfatlar tərk olunmağa məcbur edildi. Mal-qara demək olar ki, tamamilə yoxa çıxdı: onun bir hissəsi türklər tərəfindən Türkiyəyə aparıldı, bir hissəsi yem çatışmazlığından tələf oldu, digər hissəsi isə türklər tərəfindən ərzaq məqsədilə kəsildi.

Ermənistan Respublikasının mədənçıxarma və metallurgiya istehsalı 1911–1913-cü illər üzrə aşağıdakı orta illik göstəricilərə uyğun gəlirdi:

Mis filizi — 12 mədən, 125.000 ton filiz;

Dəmir piriti — 2 mədən, 6.000 ton;

Daş duz — 5 mədən, 25.400 ton;

Metal mis — 6 zavod, 5.200 ton mis.

Bu müəssisələrin əksəriyyətinin dəmir yolu ilə əlaqəsi yox idi.

Zaqafqaziyanın ümumi istehsalı ilə müqayisədə bu göstəricilər belə nisbət təşkil edirdi: mis üzrə 55 %, daş duz üzrə 100 %, dəmir piriti üzrə isə 60 %.

Mədənçıxarma və metallurgiya fəaliyyətinin nisbətən məhdud olduğunu göstərən bu məlumatlarla yanaşı, Mədən İdarəsinin məlumatlarına görə, Ermənistan Respublikasının mövcud mineral ehtiyatları 450 yataqdan ibarət idi. Onların əsas növlər üzrə bölgüsü aşağıdakı kimi idi:

  1. Qurğuşun və gümüş …….. 60 yataq.
  2. Qızıl ……………….. 10 yataq;
  3. Mis …………………. 210 yataq;
  4. Sink ………………… 11 yataq;
  5. Manqan ………………. 16 yataq;
  6. Dəmir ……………….. 58 yataq;
  7. Dəmir piriti …………. 23 yataq;
  8. Daş kömür və liqnit …… 47 yataq;
  9. Daş duz ……………… 32 yataq.

Hazırda istismar olunan yataqlar bu göstəricilərin heç 5 %-ni belə təşkil etmir.

Yeri gəlmişkən qeyd edək ki, daş kömür ehtiyatları 2,00 milyon ton, daş duz ehtiyatları isə 67.506.000 ton həcmində qiymətləndirilir.

Ermənistan Respublikasının çayları hidroenerji potensialı baxımından az öyrənilmişdir; demək olar ki, onların hamısı, istisnasız olaraq, sürətli axına və sel xarakterli rejimə malikdir ki, bu da onların enerji gücündən sənaye məqsədləri üçün istifadəsi baxımından əlverişlidir. Ölkənin idarələri tərəfindən toplanmış hidrometrik məlumatlar Ermənistanın hidroenerji ehtiyatlarının gücünü təxminən ildə 60 milyon ton kömürün verə biləcəyi enerjiyə bərabər qiymətləndirməyə imkan verir.

Məhz bu ehtiyatlar Ermənistanın iqtisadi müstəqilliyinin yeganə həqiqi əsaslarını təşkil edir.

Ermənistanın tarixi, siyasi və iqtisadi vəziyyətinə dair bu məruzəni yekunlaşdırarkən, möhtərəm məclisin diqqətinə bir neçə konkret nəticə təqdim etmək istəyirəm:

1) 1920-ci il avqustun 10-da Sevr şəhərində imzalanmış müqavilə ilə tanınmış vahid və müstəqil Ermənistanın yaradılması erməni xalqının mövcudluğu və inkişafı üçün həyati zərurətdir; eyni zamanda bu, beynəlxalq ədalət aktı, taleyini daim Antanta dövlətlərinin taleyi ilə bağlamış erməni xalqının qəhrəmancasına mübarizələrinin və saysız-hesabsız qurbanlarının ədalətli qarşılığıdır. Bu, həmçinin Şərqdə sülhün və əmin-amanlığın qorunması üçün zəruridir.

2) Keçmiş Rusiya Ermənistanı ərazilərinin bir hissəsinin bolşeviklər tərəfindən müvəqqəti işğalı — təxminən səkkiz aydır ki, Ermənistan ordusu və xalqı onlara qarşı mübarizə aparır — vahid Ermənistanın tanınması üçün ciddi maneə təşkil etmir; əksinə, bu vəziyyət Ermənistan xalqına, ordusuna və Hökumətinə qazandıqları və tanınmış azadlıqlarını qorumaq uğrunda apardıqları mübarizədə təsirli yardım göstərilməsinin zəruriliyini daha da əsaslandırır.

3) Türklərin, tərkibindən erməni vilayətlərinin ayrılması nəzərdə tutulan Türkiyənin mövcud sərhədləri daxilində ərazi bütövlüyünün qorunması üçün irəli sürdükləri dəlillər heç bir şəkildə əsaslandırıla bilməz. Çünki bu dəlillər sözügedən vilayətlərdə erməni ünsürünün artıq mövcud olmamasına əsaslanır; halbuki həmin əhali misli görünməmiş qırğınlarla məhv edilmişdir. Belə bir arqumenti qəbul etmək barbar siyasətin və barbar üsulların təsdiqi demək olardı.

4) Təxminən yarım milyon erməni Türkiyə Ermənistanındakı öz yurdlarına qayıda biləcəkləri günü səbirsizliklə gözləyir. Bu repatriasiya ən elementar ədalət aktı olardı; xüsusilə də ona görə ki, həmin qaçqınlar yad torpaqlarda ən ağır əzablarla üzləşirlər, gənclər isə artıq Antanta ordularının sıralarında xidmət etmişlər.

5) Ermənistanın təbii sərvətləri, erməni xalqının intellektual və sənaye sahəsindəki qabiliyyətləri, onun ziyalı və texniki mütəxəssislərinin sayı, eləcə də tərəqqiyə meyli Ermənistan dövlətinə parlaq mədəni və iqtisadi gələcək vəd edir; belə şəraitdə Ermənistan dövləti Şərqdə və Ön Asiyada tərəqqinin və Avropa sənayesinin yayılmasının mühüm amillərindən birinə çevrilə bilər.

6) Ermənistan əmindir ki, öz arzularına dair bu bəyanatını fransız düşüncəsinin ən görkəmli nümayəndələrinə təqdim etməsi onların arasında isti qarşılanacaq və Fransanın fəaliyyət adamları vaxtilə onun ən nəcib övladlarının özlərini həsr etdikləri erməni məsələsinin ədalətli həllini tapmaq üçün əllərindən gələni edəcəklər. (Alqışlar.)

C. SƏDR. — C. Xatisyana indicə bizə təqdim etdiyi bu qədər əhatəli məruzəyə görə təşəkkür edirik; indi biz Ermənistanı həm siyasi baxımdan, həm hadisələrin tarixi baxımından, həm də iqtisadi baxımdan tanıyırıq və Ermənistanın kənd təsərrüfatı sahəsində hansı ehtiyatlara malik olduğunu bilirik.

Söz C. Şevalyeyə verilir.

C. ŞEVALYE. — Əvvəlcə qeyd etmək istəyirəm ki, bu məclisdə Azərbaycan məsələsini və Ermənistan məsələsini C. Topçubaşov və C. Xatisyan kimi mötəbər şəxslərin dilindən dinləmək bizim üçün nə qədər böyük bir fürsət olmuşdur.

C. Topçubaşov uzun müddət Bakı Şəhər Dumasının sədri olmuşdur; Azərbaycanda Müsəlman Partiyasının tanınmış rəhbəri idi; Dumanın üzvü olmuş, nazir vəzifəsində çalışmışdır. İki ildir ki, Sülh Nümayəndə Heyətinə rəhbərlik edir. Təvazökarlığı ona gəlib öz məruzəsini şəxsən bizə oxumağa imkan vermədi. Lakin mən, Qafqazı elə Qafqazın özündə tanımış bir şəxs kimi, Parisdə C. Topçubaşovun bizə Qafqaz haqqında danışmasını dinləməkdən nə qədər məmnun olduğumu xüsusi qeyd etmək istəyirəm.

C. Xatisyana gəlincə, o, uzun müddət Tiflis şəhərinin başçısı olmuşdur; Rusiya idarəçiliyi dövründə Zaqafqaziyanın paytaxtının böyük bir hissəsində yaşayan nəhəng erməni icmasının ən görkəmli nümayəndələrindən biri idi. Azərbaycanlı və çərkəz cənablar, Tiflisi Zaqafqaziyanın paytaxtı adlandırdığım üçün məni bağışlayarsınız; hər halda, bu bölgənin ən mühüm şəhəri məhz Tiflisdir. C. Topçubaşov öz fəaliyyətinə Bakı Şəhər Dumasının sədri kimi başladığı kimi, C. Xatisyan da fəaliyyətinə Tiflis Şəhər Dumasının sədri kimi başlamışdır. O, orada erməniləri təmsil edirdi. Çünki bu Ermənistanın bir qədər özünəməxsus xüsusiyyəti — C. Xatisyanın yaxşı bir vətənpərvər kimi üzərindən ötəri keçdiyi xüsusiyyət — ondan ibarətdir ki, Ermənistanın əsas qüvvələri hazırda və artıq uzun müddətdir ki, Ermənistanın hüdudlarından kənarda yerləşir.

Sonralar o, Ermənistan Nazirlər Şurasının sədri, daha sonra xarici işlər naziri olmuşdur. Ardınca türklərlə danışıqlar aparmışdır; ölkəsinin türklərlə danışıqlar masası arxasında üz-üzə gəlməli olduğu bütün hallarda C. Xatisyan həmin danışıqlarda iştirak etmişdir. Digər Zaqafqaziya nümayəndələri ilə birlikdə türklərin irəliləyişini dayandırmaq məsələsi ortaya çıxanda Batumda olmuşdur. O, Konstantinopolda, Tiflisdə olmuş, indi isə Parisdədir.

Ermənistan haqqında onun öz nümayəndəsinin dilindən danışılanları eşitməkdən məmnunam.

Lakin bu cənabların öz ölkələri haqqında obyektiv, təmkinli və ağlabatan şəkildə danışmaq istəyi, burada təbliğat aparmaq üçün toplaşmadığımızı bilmələri səbəbindən kifayət qədər vurğulamadıqları bir məqam var; yəqin ki, bunu öz vəzifələri hesab etməyiblər. Ancaq ən azı bunu vurğulamaq bizim vəzifəmizdir.

Ardı-arası kəsilmədən bütöv xalqların keçib getdiyi, lakin heç birinin qalmadığı vadilərin dərinliyində yerləşən bu dörd kiçik respublikanın, dağlarına sıx-sıx sarılaraq heç vaxt məhv olmamağa və milli duyğunu heç vaxt itirməməyə qərar vermiş bu dörd kiçik millətin mövcudluğunda həm təsirli, həm də qeyri-adi bir cəhət var. On səkkiz əsrlik tarix və on üç-on dörd əsrlik müsibətlər belə bu dörd dövlətin müstəqilliyini əllərindən ala bilməmişdir; onların sağ qalmasında həqiqətən diqqətəlayiq bir şey vardır.

Eyni dərəcədə diqqətəlayiq olan başqa bir cəhət də budur ki, ən qədim iki xristian dövləti — onlardan biri Orta əsrlərdə Şərqin digər dövlətlərini öz əhəmiyyəti və qüdrəti ilə üstələyən, xaçlılarımızın və cəngavərlərimizin xəyal etdiyi, Müqəddəs Georgi dövləti sayılan və bayrağında bu gün də Müqəddəs Georginin təsvirini daşıyan Gürcüstan, digəri isə ən qədim xristian sivilizasiyalarından birini təmsil edən Ermənistan — hər ikisi müsəlman aləminin sərhədində yerləşir.

Digər tərəfdən, elə həmin Qafqazda tarixdə məlum olan ən böyük qəhrəmanlıq nümunələrini, yaxud heç olmasa Avropanın göstərdiyi ən yüksək qəhrəmanlıq nümunələri ilə müqayisə edilə biləcək nümunələri ortaya qoymuş daha iki dövlət vardır; burada spartalıların Termopil keçidindəki fədakarlığı əsrlər boyu, demək olar ki, hər gün təkrar olunmuşdur. Azərbaycan və Çərkəzistan — hər ikisi müsəlman dövlətidir və hər ikisi qarşı tərəfdə, xristian aləminin sərhədində yerləşir. Nə böyük paradoks!

Budur, məhv olmaq istəməyən dörd kiçik dövlət; onlar sanki iki-iki qarşı-qarşıya yerləşdirilmişdir. İki xristian dövlət — dinin burada necə böyük rol oynadığını bilirsiniz — müsəlman əjdahasının ağzındadır; iki müsəlman dövlət isə xristian əjdahasının ağzında yerləşir.

Bu dövlətlərin əhalisi sülhsevərdir; onlar gülərüz, şən insanlardır. Mən Tiflisdə və ümumiyyətlə Qafqazda həyatın necə olduğunu heç vaxt unutmayacağam. Bunlar ahəngdar və sadə insanlardır; mahnı onların dilindən öz-özünə süzülür, rəqs isə bədənlərindən sanki nəfəs almaq qədər təbii şəkildə doğur. Lakin onlar iki militarist və imperialist dövlətin arasında yerləşirlər; əgər qüdrətli dövründə İranı da nəzərə alsaq, üç döyüşkən sivilizasiyanın arasında qalırlar. Bu sivilizasiyaların hər biri əsrlər boyunca onları bir-birinə ötürüb geri almışdır; bu kiçik dövlətlər isə özlərinə aid olmayan bir siyasətin ya əsiri, ya da iştirakçısı olmaq kimi əbədi bir taleyə məhkum edilmişlər.

C. SƏDR. — Onlar artıq belə olmaq istəmirlər.

C. ŞEVALYE. — Təsəvvür edin ki, üç-dörd uşaq iki dəniz axınının toqquşduğu bir burunun ucundakı qayanın başında dayanıb; qəfildən şərqdən gələn axın onları yıxır, bir qədər uzağa sürükləyir; onlar ayağa qalxırlar; elə həmin anda qərbdən gələn axın onları yenidən vurub yıxır; onlar yenə qalxırlar və bu, əsrlər boyu belə davam edir, onlar isə daim həmin qayadan yapışıb qalırlar.

Mən yaxşı bilirəm ki, bəzən onlar özlərinə bir himayədar tapırlar. Mən onu da yaxşı bilirəm ki, zaman-zaman, xüsusilə son əlli-altmış il ərzində, bu axın yalnız dağıdıcı olmayıb; o, həm də qurucu olub; onları həmişə yerə sərməyib, əksinə, bəzən dayaq verib, yüksəldib. Onlar qayadan yapışıb qalıblar, lakin bütövlükdə götürdükdə milli həyat baxımından mövcud deyildilər.

Sonra bir gün elə böyük bir münaqişə baş verir ki, əsrlərdir onun bənzəri görünməmişdi. Bu artıq Asiyanı iki böyük düşərgəyə bölən iki əsas qütbdə yerləşən iki böyük dövlətin sadəcə qarşıdurması deyil. Bütün dünya münaqişəyə cəlb olunur. Bir tərəfdə Rusiya Müttəfiqlərlə birlikdədir, digər tərəfdə isə türklər Müttəfiqlərin düşmənləri ilə. Bədbəxtliyin son həddi kimi, bir tərəfdən öz qüdrətinin ağırlığı ilə — özü buna görə məsuliyyət daşımasa da — bu ölkələri əzən və bu səbəbdən zərərli olan, digər tərəfdən isə eyni zamanda onlara fayda verən həmin Rusiya birdən-birə çökür.

Fransada biz bu ölkələrin taleyinin nə qədər təsirli və faciəli olduğunu tam hiss etmirik. Halbuki Avropa tarixi göstərir ki, eyni vəziyyət başqa dağlıq ölkələrdə də yaranmış və indi başlanmaqda olanlara bənzər vasitələrlə həll edilmişdir. Bəs bu vasitələr hansılardır?

Bədbəxtlik içində, hətta düzgün hərəkət edib-etmədiklərini belə bilmədən, həmin burunun ucunda bir-biriləri ilə çəkişmək əvəzinə, daha yaxşı müqavimət göstərə bilmək üçün sanki bir-birlərinə bağlanmağa çalışırlar; onların haqlı ümidi budur ki, tezliklə artıq bu axınlar olmayacaq, dayandıqları torpaq dalğaların zərbəsinə məruz qalmayacaq; onlar orada yaşaya bilmək üçün birləşirlər.

Bizi ittiham etdikləri zaman onların hisslərini çox yaxşı başa düşürəm — bunlar əslində bir növ sərt sorğu-sualdır; onlar burada bu ittihamları səsləndirmək üçün həddindən artıq nəzakətlidirlər, amma şəxsi görüşlərimizdə bunları açıq şəkildə deyiblər… Bizi onları tərk etməkdə günahlandırdıqları, bizə: «Siz öz vəzifənizi yerinə yetirmirsiniz; biz yaşamağa çalışırıq; bəlkə də öz milli həyatımızı yaşamaq istəməklə səhv edirik; amma siz məsuliyyət daşıyırsınız; biz dünya miqyaslı mübarizənin həm nəticəsiyik, həm də qurbanlarıyıq; siz bizə bu vəziyyətdən çıxmağa kömək etməlisiniz», — dedikləri zaman onların hisslərini çox yaxşı anlayıram.

Mən başa düşürəm ki, ümidsizliyə qapılaraq, keçmişdə polyaklar dediyi kimi, öz-özlərinə: «Allah çox ucalardadır, Fransa isə çox uzaqda!» — deyirlər. Amma onlar bunu da anlamalıdırlar — əminəm ki, anlayacaqlar — son dövrlərdə Fransanın başqa işləri də olub və onun qüvvələri bütün vəzifələrini, bütün öhdəliklərini yerinə yetirməyə kifayət etmir. Onların indiyədək göstərməyə məcbur olduqları bu qan bahasına başa gələn səbrə bundan sonra da ehtiyac vardır. Hər şeydən əvvəl insan öz qüvvəsinə arxalanmalıdır.

Mümkündür — mən bunu bilmirəm, bu mənim işim deyil, bu barədə danışmaq da mənə düşmür, burada heç kimin adından çıxış etmirəm — mümkündür ki, onların arzuladıqları siyasət üstünlük qazansın. Necə ki, uzun müddət Fransa Avstriya evinin iki qolunu bir-birindən ayırmaq məqsədilə Mərkəzi Avropanın dağlıq ölkələrindəki dövlətlərin birliyini təşviq etmişdi, eləcə də mümkündür ki, Müttəfiqlərin, ümumən Qərbi Avropanın düşüncəsi Qafqaz xalqlarının İsveçrə kantonlarına bənzər bir birlikdə birləşməsinə real şəkildə yardım etmək olsun. Bu yardım hərbi yolla deyil — mən yaxın zamanda belə bir şeyi gözləmirəm — iqtisadi vasitələrlə, siyasi dəstək və nüfuz yolu ilə göstərilə bilər. Hər halda, Qafqazla həmsərhəd olan iki böyük dövlətin — Rusiya və Türkiyənin — razılığı olmadan bu heç vaxt baş tutmayacaq.

Mən daha artıq danışmayacağam; lakin istərdim ki, burada öz arzu və istəklərini, sivilizasiyalarının və ölkələrinin vəziyyətini təmkinlə izah etmək üçün gəlmiş, hissiyyata qapılmaqdan çəkinmiş Qafqaz ölkələrinin nümayəndələri sözlərin acizliyinə baxmayaraq bunu hiss etsinlər: fransız qəlbində və fransız iradəsində sadə maraqdan başqa bir şey də var — dərin rəğbət hissi də var. (Alqışlar.)

C. SƏDR. — C. Şevalye indicə hamımızın hiss etdiklərini bəlağətli və təsirli sözlərlə ifadə etdi. Fransada biz azadlıqları uğrunda mübarizə aparanların hamısına dərin rəğbət bəsləyirik. «Azadlıq» sözü fransızı həmişə həyəcana gətirmişdir!

Lakin Qafqazda elə ciddi və mürəkkəb məsələlər vardır ki, Fransa onları təkbaşına həll edə biləcəyini iddia edə bilməz. Hər halda, bu dörd ölkənin ümumi əhalisi 10 milyon nəfərdir, yəni kifayət qədər böyük bir əhali kütləsidir; onlar həm ərazi, həm də iqtisadi baxımdan elə bir birlik yarada bilərlər ki, bu birlik Türkiyə ilə Rusiya arasında bir növ bufer rolunu oynasın.

Biz əminik ki, Rusiya yenidən dirçələcək və ona həvalə edilmiş müxtəlif missiyalarda dəfələrlə nümayiş etdirdiyi böyük missiyası, bütün qüvvəsi və fəaliyyəti ilə yenidən meydana çıxacaq. Digər tərəfdən, ən azı mənim fikrimcə, Türkiyəni də yox etmək mümkün deyil. Ümid edirəm ki, o, indiyədək tutduğu mövqedən fərqli bir mövqe tutacaq. Doğrudan da, İslamın çox vaxt olduğu kimi, Qərb sivilizasiyasının ümumi əsasını təşkil edən ideyaları qəbul etməyə qadir olmayan bir vəziyyətdə qalmaq istədiyini təsəvvür etmək olmaz. İslam fransız sivilizasiyası və ingilis sivilizasiyası ilə təmasdadır; Tunisdə, Mərakeşdə və Əlcəzairdə biz müsəlmanlarla çox yaxşı münasibətlər içində yaşayırıq. Türkiyə və Rusiya imperialist siyasətlərindən imtina etməyə qərar verdikləri gün, nə üçün onların arasında bu Qafqaz bufer dövləti yaranmasın?

İndi sözü C. Maklakova verəcəyəm. Əgər bu zalda bir türk olsaydı, bütün mövqelərin burada ifadə olunması üçün sözü məmnuniyyətlə ona da verərdim. Rusiya və ya Türkiyə nümayəndələrindən bəzilərini bir qədər incidə biləcək fikirlər söyləmişəmsə, buna görə üzr istəyirəm. Əgər bunu etmişəmsə, məqsədim burada hamının arzuladığı həlli — sülh həllini — axtarmaq olub. Dövlətlər nə qədər normal şəkildə yenidən qurularsa, millətlər öz azadlıqlarını nə qədər çox qazanarlarsa, sülhün qorunması da bir o qədər mümkün olar.

Söz Cənab Maklakova verilir.

C. MAKLAKOV. — Cənab Sədr, indicə dediniz ki, əgər Rusiya və Türkiyə imperialist siyasətdən fərqli bir siyasət yürütməyə qərar versələr, bu iki ölkə arasında bufer dövlətin yaranması faydalı olardı. Mən bu fikri cavabsız qoya bilmərəm.

Rusiyanın siyasətini yalnız rus imperializmi ilə məhdudlaşdırmaq ona kifayət qədər dar çərçivədən yanaşmaq deməkdir. Mən bu məsələ ilə bağlı Rusiya mövqeyini sizə tam səmimiyyətlə izah etmək istəyirəm. Xüsusilə erməni məsələsi üzərində dayanacağam ki, bu məsələdə tutduğumuz bir qədər fərqli mövqeyi aydın şəkildə göstərim.

Əvvəla, əgər siz ölkəmizin ərazisində yeni müstəqil dövlətlərin yaranmasını böyük ruh yüksəkliyi ilə qarşılayırsınızsa, Türkiyə ilə Rusiya arasında bufer dövlətlərin yaradılmasından məmnunluqla danışırsınızsa, bu dövlətlərə yardım və mənəvi dəstək vəd edirsinizsə, onda başa düşməlisiniz ki, Rusiya da həmin hadisəyə düşmənçiliklə olmasa belə, ən azı ruh yüksəkliyi olmadan yanaşmaq hüququna malikdir.

Şübhəsiz ki, biz xalqların öz müqəddəratını təyin etmək hüququ kimi müqəddəs prinsipi qəbul edirik. Bu prinsip Prezident Vilson tərəfindən elan edilməzdən əvvəl, Rusiya İnqilabının elə ilk günlərindən bəyan olunmuşdu. Lakin bu o demək deyil ki, ana vətənin tərkibində olmuş xalqlarda belə bir istək meydana çıxanda biz onu sevinclə qarşılamalıyıq. Bu, həmçinin o demək deyil ki, ana vətənə qarşı müstəqillik elan edilməsinə qədər gedib çıxan bir hüququn həyata keçirilməsini sevinclə qarşılamalıyıq. Burada legitim bir istək vardır; lakin bu prinsip ifrata vardıqda biz həmişə bundan təəssüflənməli oluruq.

Demək olarmı ki, İngiltərə İrlandiyanın az-çox açıq şəkildə ifadə etdiyi istəyi böyük ruh yüksəkliyi ilə qarşılamışdır? Elə bu yaxınlarda da öz müstəqilliyini xalqların öz müqəddəratını təyin etmək hüququna borclu olan yeni bir dövlət — Finlandiya — ərazisinin bir hissəsinin, Aland adalarının müstəqilliyini elan etməsi ilə üzləşəndə, mən Finlandiya tərəfindən onun öz mövcudluğunu borclu olduğu həmin prinsipin tanındığını görmədim. Mən burada heç bir tənqid irəli sürmək istəmirəm. Lakin xalqların öz müqəddəratını təyin etmək hüququnun da müəyyən hədləri vardır.

C. SƏDR. — Bu hədlər Paktda müəyyən edilmişdir.

C. MAKLAKOV. — Ona görə də keçmiş həmvətənlərimizdə müstəqil olmaq arzusuna rast gəldikdə, biz bundan nəinki həmişə təəssüflənirik, bəzən hətta ona düşmən münasibət bəsləyirik. Ola bilər ki, bu yeni müstəqil dövlətlər Rusiyanı onun üçün zəruri olan bəzi imkanlardan, məsələn, dəniz sahillərinə çıxışdan məhrum etsinlər; xoşbəxtlikdən, hazırda bəhs etdiyimiz dövlətlər üçün bu hal keçərli deyil.

Digər tərəfdən, bu yeni dövlətlərin yaranmasına müəyyən şübhə ilə yanaşırıq, çünki hesab edirik ki, onlar öz rəqiblərinə qarşı özlərini müdafiə etmək üçün həddindən artıq zəifdirlər.

Bundan başqa, dövlətin həyatı inkişaf edir, hər gün dəyişir. Yaranan müstəqil dövlətlər qonşu dövlətlər qarşısında ümumi maraqlar naminə qarşılıqlı anlaşmaya gəlmək zərurəti yaradırlar. Buna görə də ümid edirik ki, Rusiya yenidən dirçəldiyi müddətdə bütün bu dövlətlər hamının hüquq və maraqlarına hörmət edən qarşılıqlı razılaşma əsasında öz aralarında ümumi münasibətləri bərpa edəcəklər; bəlkə də, nəhayət, bu müstəqillik elanlarını doğuran hisslərə deyil, mehriban qonşuluq prinsipinə əsaslanan yaxşı münasibətlər qura biləcəklər.

Əgər Rusiyadan ayrılaraq yaranan yeni dövlətlərə münasibətimiz belədirsə, yəni keçmiş Rusiyanın müəyyən hissəsini ondan ayrılmağa yalnız müstəqillik arzusu sövq edirsə, Rusiyanın hüdudlarından kənarda yaranmış — buna hüquqları da vardı — dövlətlərə münasibətimiz tamamilə fərqlidir.

Müharibə hələ başa çatmamışdı, məğlubiyyətimiz hələ aydın şəkildə görünmürdü ki, artıq açıq şəkildə deyilirdi: Rusiya yaxın vaxtlarda keçmiş ərazilərinin bir hissəsindən yaranmaqda olan bəzi yeni dövlətlərin xeyrinə imtina etməli olacaq. Polşa nümunəsini götürək.

Əgər Rusiya məğlub olmasaydı, Almaniya və Avstriya Qalisiya və Poznandan imtina etsəydilər, Rusiyanın hüdudlarından kənarda bir Polşa dövləti yaranardı. Sizcə, paytaxtı Varşava olan Rusiya Polşasının Rusiyanın tərkibində qalacağını insan məntiqi ilə təsəvvür etmək mümkün idimi? Məhz buna görə İnqilabın ilk addımlarından biri Polşanın müstəqilliyini elan etmək oldu və bu hüquq qələbə ümidini hələ itirməzdən əvvəl bəyan edildi. Hətta biz qalib gəlsəydik belə, Polşa dövləti bizim tərəfimizdən tanınmışdı.

Rumıniya məsələsində isə daha incə bir problem ortaya çıxırdı. Bessarabiyada çoxsaylı rumın əhalisi yaşayırdı. Rumıniya ilə Rusiya arasında Rusiyanın Bessarabiyanı Rumıniyaya qaytarmasını nəzərdə tutan heç bir saziş yox idi. Lakin əgər Böyük Rumıniya bütün rumın torpaqlarını özündə birləşdirə bilsəydi və bessarabiyalılar bu Böyük Rumıniyaya qoşulmaq arzusunu ifadə etsəydilər, Rusiyanın buna etiraz edəcəyi çox şübhəli olardı. Bessarabiyanın Rumıniyaya birləşdirilməsi Rusiyada yaxşı qarşılanmadı və etiraz doğurdusa, bu, aktın özünə görə deyil, onun həyata keçirilmə üsuluna görə idi. Bizim belə düşünməyə əsasımız vardı ki, Bessarabiya bunu istəmirdi və bu birləşmə Bessarabiya əhalisinin iradəsinə zidd həyata keçirilmişdi.

Biz hesab edirdik ki, bu, əhalinin istəyinə uyğun deyildi və sadəcə Rumıniyanın həyata keçirdiyi bir ilhaq idi.

Eyni məsələ Ermənistanla bağlı da ortaya çıxırdı.

Ermənistan Rusiyanın sərhədlərindən kənarda formalaşmaqda olan bir dövlətdir. Əgər Böyük Ermənistan yarana bilsə, biz Rusiya ermənilərinə yeni vətənləri ilə birləşməyi qadağan etməyəcək və onları Rusiya yönümündə qalmağa məcbur etməyəcəyik. Məhz buna görə Ermənistanın müstəqilliyinə münasibətimiz digər müstəqilliklərə münasibətdə tutduğumuz mövqe ilə zahirən ziddiyyət təşkil edir. Biz nəinki Ermənistanın müstəqilliyinə etiraz etməmişik, hətta imkanımız daxilində ona yardım göstərmişik; mənim bildiyim qədər, rus siyasi xadimləri bu, ərazimizin müəyyən hissəsindən imtina etməyimizə gətirib çıxarsa da, Ermənistanın müstəqilliyini həmişə müdafiə etmişlər.

Etiraz etdiyimiz bütün digər müstəqilliklərə gəldikdə isə, biz onların mövcudluğunu qarşımızda duran faktlar kimi qəbul edirik; yeni dövlətlərlə güc tətbiq etmədən və kənardan hər hansı yardıma müraciət etmədən, dostcasına anlaşmağa çalışacağıq.

Dərhal tanıdığımız Ermənistan məsələsində isə — bunu bir daha təkrar edirəm — vəziyyət başqa idi. Tarixin qəribə istehzası nəticəsində Ermənistanın ərazi baxımından ən kiçik hissəsi əhali baxımından qat-qat daha sıxdır. Türkiyədəki ermənilərin vəziyyəti yaxşı deyildi və Ermənistan yarandığı zaman, Moskvanın dəstəyi ilə xilas olmuş ermənilər onu məskunlaşdırmasaydılar, bu ölkə səhraya çevrilərdi.

Məmnuniyyətlə qeyd edirik ki, əgər bu Ermənistan bu gün mövcuddursa, bunu Rusiyaya borcludur; daha böyük məmnuniyyətlə qeyd edirik ki, bir çox yaxşılıqların unudulduğu halda, ermənilər bunu unutmurlar.

İcazə verin, sonda çar Rusiyası haqqında bir neçə söz deyim. Mən həmişə çar Rusiyasına qarşı mübarizə aparmışam; o, çoxlu səhvlərə yol verib. Lakin ədalətli olmaq lazımdır və burada hətta rəqiblərə qarşı da ədalətli davranmağın vacibliyini deməsəydim, özümü qorxaq hesab edərdim.

Çar Rusiyası xarici siyasətində indicə bizə təqdim edilmiş və guya onun yalnız imperialist duyğularla hərəkət etdiyini nəzərdə tutan bu bir qədər bəsit tərifə layiq deyil. C. Şevalye indicə hamının yüksək qiymətləndirdiyi bəlağətlə dedi ki, Rusiya bəzən təkcə dağıtmayıb, həm də qurub. Əslində, o bunu düşündüyümüzdən daha tez-tez edib.

Hazırda müzakirə etdiyimiz məsələyə gəlincə, çar Rusiyası Qafqaz xalqları üçün çoxlu yaxşı işlər görmüşdür. Bunu ermənilər də, gürcülər də deyə bilərlər; bu gün Batumun malik olduğu bütün rahatlığı və maddi rifahı yaradan gürcülər olmamışdır. Lakin çar Rusiyasının gördüyü yaxşılıqlar yalnız Qafqazla məhdudlaşmır.

Əgər bu gün Bolqarıstan adlı bir dövlət mövcuddursa, bu, çar Rusiyasının orada öz qanını tökməsi sayəsindədir. Müharibə zamanı bunu unutmuş ola bilərlər, lakin müharibədən sonra bunu unutmaq mümkün deyil.

Bu gün Böyük Serbiya adlanan dövlət keçmişdəki kiçik Serbiyanı əvəz etmişdir. Serblər Avstriya boyunduruğundan və müsəlman boyunduruğundan azad edilmişlər. Lakin bu xoşbəxtliyin əvəzi Rusiyanın bugünkü vəziyyəti olmuşdur. Əgər Rusiya bu müharibəyə qoşulmasaydı, Serbiya Avstriyaya məxsus olardı, biz isə başqaları üzərində hökmranlıq edən böyük dövlət olaraq qalardıq. Biz Ermənistan üçün də eyni işi gördüyümüzün fərqindəyik. Bolqarıstanı və Serbiyanı azad etdiyimiz dövrdə Ermənistanın bəzi vilayətlərini də Türkiyədən azad etmişdik. Bu, çar Rusiyasının əsəridir; o, erməniləri xilas etmiş və onlara azadlıqlarını qaytarmışdır.

Bu gün Qafqazın dörd respublikası arasında bir müqavilə formalaşmaqdadır. Ermənilərlə münasibətləri həmişə yaxşı olmayan Qafqaz müsəlmanları Ermənistanın təkcə Rusiya hüdudlarındakı sərhədlərini deyil, Türkiyə hüdudlarındakı sərhədlərini də tanımışlar.

Rusiyanın onu unutmuş bir çox xalqları üçün etdikləri naminə, Ermənistan üçün etdikləri və Ermənistanın bunu unutmadığı naminə bəyan edirəm ki, Qafqazda sülh vəd edən bu təşəbbüsü məmnuniyyətlə qarşılayırıq və böyük razılıqla görürük ki, Qafqaz müsəlmanları Ermənistanın Türkiyəyə qarşı hüquqlarını tanıyırlar — həmin hüquqları ki, Rusiya həmişə tanımışdır. (Alqışlar.)

C. SƏDR. — Burada heç kim Rusiyanın oynadığı çox böyük rolu unutmayıb. Bir fransız kimi mən unuda bilmərəm ki, Marna döyüşündə qazandığımız qələbəyə görə böyük ölçüdə Rusiyaya borcluyuq. Rusiya böyük fədakarlıq göstərərək Şərq cəbhəsinə bir ordu göndərdiyi üçün Almaniya Qərb cəbhəsindəki korpuslarının bir hissəsini oradan götürüb Şərq cəbhəsinə göndərməyə məcbur oldu və məhz bu, qoşunlarımızın qələbə qazanmasına kömək etdi. Buna görə Rusiyaya minnətdarlıq borcumuz yaranmışdır və biz bunu heç vaxt unutmayacağıq!

Biz Rusiyanın çox böyük bir sivilizasiya missiyası yerinə yetirdiyini də unutmuruq və ümid edirik ki, gələcəkdə də bu missiyanı davam etdirəcək. Lakin hazırda qarşımızda qüvvədən salınmış, əl-qolu bağlanmış bir Rusiya vardır; mövcud şəraitdə o, Avropanın yenidən təşkili və bərpasında iştirak edə bilmir və mümkündür ki, məhz Rusiyanın bu gücsüzlüyü üzündən həmin yenidənqurma müəyyən dərəcədə onun əleyhinə həyata keçirilsin.

Bununla belə, ümid edirik ki, gələcəkdə Rusiya böyük dövlət olmaqdan çıxmayacaq; ümid edirik ki, o, normal həyatına — xalqların yaşamalı olduğu həyata — qayıtdığı gün, vaxtilə idarə etdiyi və ondan şikayət etməyə əsası olmayan xalqlarla mümkün qədər tam anlaşmaya nail olacaq. Hətta onların bəziləri, məsələn Ermənistan, Rusiyanın onlara göstərdiyi yardıma görə yalnız minnətdar ola bilər.

Mən indicə məhz bu ruhda danışırdım; C. Maklakov, əgər sözlərim sizin hisslərinizdən hər hansı birinə toxunubsa, buna çox təəssüf edərdim. Bundan başqa, ikimiz də hüquqşünasıq və əgər xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipi ətrafında müzakirə aparmalı olsaydıq, bu prinsipdən irəli gələn və gəlməyən bütün nəticələr barədə asanlıqla razılığa gələrdik.

Söz Gürcüstan xarici işlər üzrə dövlət katibinin müavini Cənab Sabaktarişviliyə verilir.

C. SABAKTARİŞVİLİ. — C. Maklakovun indicə söylədiyi çox maraqlı mülahizələrlə əlaqədar bir neçə söz deməyimə icazə verin. Onun toxunduğu bütün məsələlərə cavab verə bilmərəm. Lakin Gürcüstanla bağlı qaldırdığı problemləri xüsusilə qeyd etmək istərdim.

Gürcüstanla gələcək Rusiya arasında — mən indiki Rusiyanı nəzərdə tutmuram — məsələ güc məsələsi deyil. Problem belə qoyula bilməz: Rusiya böyükdür, Gürcüstan kiçikdir və buna görə də Gürcüstanın müstəqilliyini qoruyub saxlamaq çətindir. Bu məsələnin hüquqi tərəfi də vardır.

Gürcüstanla Rusiya arasında Gürcüstanı Rusiyaya bağlayan bir müqavilə, bir saziş mövcud idi. Düşünmürəm ki, C. Maklakov bunu unudub. 1918-ci ildə Qafqazda həmin böyük hadisələr baş verərkən, bu müqavilənin Rusiya üzərinə Gürcüstan qarşısında qoyduğu bütün öhdəliklər Rusiya tərəfindən yerinə yetirildimi? Məhz bu fakt Gürcüstana öz tam müstəqilliyini tələb etmək hüququ verir.

Digər tərəfdən, başa düşürəm ki, C. Maklakov Rusiyanın bu hissəsinin Rusiya ərazisindən ayrılmasını sevinclə qarşılamır. Lakin Rusiyanın bugünkü parçalanmasının və zəifliyinin əsas səbəblərindən biri onun öz ərazisi daxilində bir-birindən son dərəcə fərqli olan 19 xalqı — bəlkə də daha çoxunu — qarışıq şəkildə bir yerdə saxlamaq istəyi deyilmi? C. Maklakov bu siyasəti bundan sonra da davam etdirmək niyyətindədirmi?

C. SƏDR. — C. Maklakov bunu demədi.

C. SABAKTARİŞVİLİ. — Bilirəm ki, o bunu demədi. Lakin əvvəlki iclasda C. Maklakov gürcülərlə bağlı diqqətəlayiq bir faktı vurğuladı. O dedi ki, gürcülər Rusiyaya qarşı həmişə sədaqətli olublar. Bizim ruslardan istədiyimiz yeganə şey də Gürcüstana qarşı eyni sədaqəti göstərmələridir. Əgər gürcü xalqı öz müstəqilliyini tələb edirsə, bunu Rusiyanın maraqlarına zərər vurmaq üçün etmir; o, sadəcə öz müstəqilliyinə sahib olmaq istəyir. Bununla belə, bütün qonşuları ilə, o cümlədən Böyük Rusiya ilə mehriban qonşuluq münasibətlərini qoruyub saxlayacaq. Mən daha artıq danışmayacağam. Sadəcə vurğulamaq istəyirdim ki, burada söhbət təkcə maddi maraqlardan getmir. Rusiyanın bütün dünyadakı siyasəti baxımından xalqların öz müqəddəratını təyin etmək hüququnun böyük prinsipini tətbiq etməsi onun öz maraqlarına uyğundur.

Bizim Rusiyadan istədiyimiz yeganə şey budur ki, gürcülərin bir əsr boyunca ona qarşı göstərdikləri münasibəti o da Gürcüstana qarşı göstərsin: yalnız və yalnız öz müstəqilliyini tələb edən xalqa qarşı sədaqətli olsun.

C. MAKLAKOV. — C. Sabaktarişvili indicə dedi ki, Rusiya həddindən artıq çox xalqı bir dövlət daxilində birləşdirməyə çalışdığı üçün onun qüdrəti zəifləmişdi və nəticədə Rusiyanı idarə edənlər yerli muxtariyyətlərə etimadsız yanaşırdılar. Mən onunla razıyam.

C. SƏDR. — Mən 1904-cü ildə Rusiyaya etdiyim səfər zamanı bu siyasətin elə Rusiyanın özündə tənqid olunduğunu eşitmişdim.

C. MAKLAKOV. — Amma nəzərə alın ki, mənim siyasi partiyam bütün bu müddət ərzində həmin siyasətə qarşı mübarizə aparıb.

C. SƏDR. — Hətta inqilabdan əvvəl də.

C. MAKLAKOV. — Hətta müharibədən əvvəl də. Biz hesab edirdik ki, Rusiyanı mərkəzsizləşdirmə yolu ilə yenidən qurmaq lazımdır. Bu mərkəzsizləşdirməni həyata keçirmək çox çətin idi, çünki milli məsələlər son dərəcə dolaşıq şəkildə bir-birinə qarışmışdı. Digər tərəfdən, Rusiyanı indicə haqqını verdiyim, fəaliyyəti bütövlükdə pis olmayan, lakin siyasətlərində liberal olmaqdan çox uzaq bir baxışa əsaslanan şəxslər idarə edirdilər. Lakin inqilabdan sonra yeni Rusiya milliyyətlər prinsipi üzərində qurulan mərkəzsizləşdirmə istiqamətində irəliləyirdi.

İcazə verin, bununla bağlı bir xatirəni danışım. İnqilab zamanı Litva və Latviya almanlar tərəfindən işğal edilmişdi. Mənim də üzv olduğum Müvəqqəti Hökumət yanında hüquq komissiyasında eston nümayəndələrini dinlədik. Onlar müstəqillik arzusu ilə gəlməmişdilər — inqilabi Rusiyanı tərk etməkdən heç vaxt danışmamışdılar — onların istəyi öz milli xüsusiyyətlərinə uyğun yerli idarəetməyə malik olmaq idi; bu tələb dərhal təmin edildi. Əgər Latviya və Litva almanlar tərəfindən işğal edilməmiş olsaydı, latışlar və litvalılarla bağlı da eyni addımı atardıq. Bizim anlayışımıza görə, milliyyət prinsipi bütün yerli idarəetmənin əsasını təşkil etməli idi; onların tələb etdiyi yalnız yerli muxtariyyət idi və bu tələb dərhal təmin olundu.

Həmin dövrdə Ümumrusiya Müəssislər Məclisi ideyasına heç kim etiraz etmirdi; xatırlayıram ki, gürcülər də o zaman Hökumətə daxil olmuş və orada müəyyən rol oynamışdılar. Tsereteli, gürcü olmasına baxmayaraq, inqilab zamanı daxili işlər naziri olmamışdımı? Deməli, aramızda nə separatizm, nə mübarizə, nə də düşmənçilik vardı. Məqsəd böyük, demokratik və şübhəsiz ki, federativ bir dövlət yaratmaq idi.

Bu gün Rusiyadakı süqutun necə aradan qaldırılacağını bilmirik. Açıq deyirəm ki, gürcülərin etdiklərinə təəssüflənirəm. Lakin bunu baş vermiş bir fakt kimi qəbul edirəm. Siz müstəqilliyinizi istəyirsiniz: gəlin, ortaq maraqlarımızı əsas götürək; ehtiraslara və bəlkə də şəxsi iddialara sərbəst meydan verməyək. Xüsusilə, bu açıq sözlülüyümü bağışlayın, əcnəbilər qarşısında öhdəliklər götürməyə başlamayın; münasibətlərimizi sədaqətli həmvətənlər kimi öz aramızda nizamlamağa başlayaq; əminəm ki, bir həll yoluna gələcəyik. Gürcülərə ilk cavabım budur.

Qaldırılan ikinci məsələyə gəlincə, etiraf edirəm ki, biz Pakta əməl etməmişik; o, çoxdan pozulmuşdu. Lakin Rusiyanın bütün rejimi hüququn inkarı üzərində qurulmuşdu. Siz istəyirsiniz ki, sizin hüquqlarınıza hörmət edilsin? Bizim öz hüquqlarımıza heç vaxt hörmət edilmədiyi halda, sizin hüquqlarınıza necə hörmət edilə bilərdi?

C. SABAKTARİŞVİLİ. — Bu, gürcülərin vəziyyətini yüngülləşdirmir.

C. MAKLAKOV. — Gələcək münasibətlərimizdə söhbətə bir-birimizə: «Siz bizim Paktı pozmusunuz», — deməklə başlamayaq. Siz özünüzü müstəqil ölkə hesab edirsiniz. Bizim fikrimizcə isə, biz sizin müstəqilliyinizə razılıq verməyincə siz hələ müstəqil deyilsiniz. Lakin bu razılığı verməzdən əvvəl məsələni sizinlə müzakirə etmək istəyirik və əminəm ki, ortaq maraqlarımızı əsas götürsək, bir həll yoluna gələcəyik.

C. SƏDR. — C. Maklakova indicə söylədiyi sözlərə görə təşəkkür edirik. Bir neçə nəfər də öz fikrini bildirmək istəyirdi. Lakin artıq gecdir; əgər Cənab Qayyar demək istədiklərini bizə yazılı şəkildə göndərsə, onları barışdırıcı fikirlərin səsləndiyi bu iclasın protokoluna əlavə edəcəyik.

Bu gün burada deyilənlər yalnız Qafqaz məsələsini daha yaxşı tanımağımıza xidmət etməyəcək. Bu, ehtiyac olduğu halda, qonşu olduqları üçün gələcəkdə çoxsaylı ortaq münasibətlərə malik olacaq tərəflərin barışmasına da xidmət edəcək; ümid edirik ki, onlar sülh içində yaşayacaq və qarşılıqlı anlaşmaya nail olacaqlar.

Əgər bütün bu ölkələrin Fransaya ehtiyacı varsa, mən onlara heç olmasa bütün millətlər arasında, kimliyindən asılı olmayaraq, sülh istəyən Fransa ictimai rəyinin dəstəyini vəd edə bilərəm.

C. ŞEVALYE. — Bu iki iclas ərzində əvvəllər Zaqafqaziya adlanan ölkə haqqında çox geniş məlumatlar dinlədik və buna görə Milli Siyasi və Sosial Araşdırmalar Komitəsinə sonsuz təşəkkürümü bildirirəm. Əvvəlki iclasda Zaqafqaziya haqqında onun ilk sədri və əsas qurucusu Cənab Gegeçkorinin iştirakı ilə danışmaq imtiyazına malik olduq.

İndi isə eyni ölkə haqqında bir qədər fərqli ad altında — Qafqaz adı ilə — danışıldığını eşitdik. Bu kiçik ad fərqinin arxasında bütöv bir dünya dayanır. Son altı ay ərzində göstərdikləri qətiyyətli səylər və gərgin əmək sayəsində, xüsusilə də ən çox qurban verməli olan ermənilərin əməkdaşlığı ilə, heç olmasa kağız üzərində bu Birliyin yaranmasını mümkün etmiş şəxslərin qarşısında və onlarla birlikdə danışdığımız üçün məmnunam.

Burada söylədiyi sözlərə görə C. Maklakova təşəkkür etməklə, düşünürəm ki, hamının fikrini ifadə etmiş olaram.

I hissə:

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.