fbpx

Cəmiyyət

Cəmiyyət

Çinin Cənubi Qafqazdakı yumşaq güc diplomatiyası

Read this article on other language
Download article
image_pdf
image_pdf

Çin Cənubi Qafqazda yeni oyunçu sayılsa da, region dövlətləri ilə bir çox müstəvidə əməkdaşlıqlarını sürətlə genişləndirməyə çalışır. İkitərəfli çoxşaxəli əməkdaşlıqların artan xətlə inkişafı fonunda rəsmi Pekin regiona investisiya qoyuluşlarını artırır. Əməkdaşlıq sahələri geniş olub, texnologiyadan tutmuş humanitar sahəyə qədər bir çox sektoru əhatə edir. Dövlətlərarası əlaqələrin təkamülündə iqtisadi maraqlar hakim olsa da, Çin Kommunist Partiyası (ÇKP) regionda dayaqlarını möhkəmləndirmək üçün yumşaq güc siyasətinin tətbiqinə də xüsusi önəm verir. Son müşahidələr onu göstərir ki, rəsmi Pekin orta və uzunmüddətli perspektivdə Cənubi Qafqaz ölkələri ilə daha sıx əlaqələrin qurulması üçün həm hökumətlərarası, həm də xalqlararası münasibətlərin tənzimlənməsində körpü rolunu oynayacaq fəaliyyətlərin artırılması istiqamətində işləri intensivləşdirib. Bu mənada ölkələr arasında sosial və mədəni əlaqələrin gücləndirilməsi və eyni zamanda səmərəli koordinasiya mexanizmlərinin yaradılması üçün təhsil başda olmaqla bir sıra sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə qərar verilib. Bu məqalədə Çinin qlobal yumşaq güc strategiyasını formalaşdıran geosiyasi faktorları nəzərə almaqla Pekinin ictimai diplomatiya çərçivəsində regionda hansı metod və alətlərdən istifadə etdiyini aydınlaşdıracağıq. Cənubi Qafqazın hər üç ölkəsində hansı sferaların Çinin yumşaq güc siyasətinə daha çox məruz qaldığını müqayisəli şəkildə araşdıracaq və onun təsir dairəsini və səmərəliliyini müəyyənləşdirməyə çalışacağıq. Əlbəttə ki, Çinin Cənubi Qafqazdakı mövcud yumşaq güc diplomatiyasından bəhs etmədən öncə yumşaq gücün nə olduğuna, ənənəvi təsir vasitələrindən və mexamizlərindən nə ilə fərqləndiyinə nəzər yetirəcəyik. Həmçinin, sürətlə qloballaşan dünyada bu gücdən necə və hansı məqsədlərlə istifadə edildiyini, o cümlədən ABŞ-Çin rəqabətinin kəskinləşdiyi bir dövrdə yumşaq güc konsepsiyasının beynəlxalq arenada dominant aktorlar üçün artan əhəmiyyətini təfsilatlı şəkildə təhlil edəcəyik. Bundan savayı, Çinin beynəlxalq müstəvidə cazibə mərkəzinə çevrilmək imkanlarını məhdudlaşdıran amillər barədə də yığcam qeydlərimiz olacaq. 

Yumşaq güc və tətbiq üsulları

Müasir dünya siyasətində uğura aparan ən effektiv vasitələrdən biri kimi xarakterizə edilən yumşaq güc anlayışı son yarım əsrdə qlobal geosiyasətdə istifadə edilən əsas təsir üsullarından biri kimi qarşımıza çıxır. Yumşaq güc fərdi insanların, bizneslərin və hökumətlərin qəbul etdiyi qərarlara əhəmiyyətli dərəcədə təsir göstərə bilmə potensialına malikdir. Siyasi ədəbiyyatda bu sahənin ən böyük mütəfəkkirlərindən biri hesab edilən amerikalı alim Cozef Naya görə, başqalarının davranış və qərarlarını öz lehimizə dəyişməyimiz üçün onlarla vasitə olsa da, bunların içərisində yumşaq güc özünəməxsusluğu ilə seçilir. Bir sözlə, yumşaq güc mədəniyyət, ideya və dəyərlərin təlqin edilməsi yoluyla başqalarının istəklərinə və davranışlarına təsiretmə bacarığıdır.

Kobud, ya da sərt güc kimi səciyyələndirilən məcburetmə üsullarının yerinə yumşaq gücdən istifadə həm yerli, həm də xarici siyasətdə geniş vüsət alıb. Brand Finance konsaltinq şirkəti tərəfindən hər il hazırlanan Qlobal Yumşaq Güc İndeksində Çin ABŞ, Böyük Britaniya və Almaniyadan sonra 4-cü yerdə qərarlaşıb. Dünyanın 121 ölkəsini əhatələyən bu indeksdə müxtəlif sahələr üzrə çoxaspektli meyarlar nəzərə alınmaqla dünya dövlətlərinin təsir və nüfuz dairələri ölçülür. Yeri gəlmişkən, Ermənistanın iştirak etmədiyi qeyd edilən yumşaq güc indeksində (2023) Gürcüstan və Azərbaycan müvafiq olaraq 49-cu və 72-ci yerləri bölüşürlər. Pekinin hər il bu istiqamətdə sərf etdiyi milyard dollarlıq nəhəng büdcəni hesaba qatsaq, reytinq cədvəlinin ən yuxarılarında yer almağının səbəbini anlamış olarıq.

İqtisadi və hərbi baxımdan ABŞ-a rəqib ola bilmiş SSRİ-nin qlobal rəqabətdən məğlub ayrılmasının səbəbini Sovet rəhbərliyinin yumşaq gücə yetərincə əhəmiyyət verməməsində   görən çinli ekspertlər, Pekinin hərbi və iqtisadi qüdrətini artırmasıyla paralel olaraq yumşaq güc potensialının da inkişafına xüsusi diqqət ayırmasını tövsiyə edirlər. ABŞ-ın elmi-mədəni hegemoniyası qarşısında tab gətirə biləcək Çin yumşaq gücünün inkişaf etdirilməsi üzrə dövlət proqramının qəbulu 2000-ci illərin əvvəllərinə təsadüf edir. Qədim Çinin dini-mənəvi dəyərlər kompleksinin (əsasən, Konfutsiçilik, Taoizm və Buddizm fəlsəfi yanaşmalarının harmoniyası nəzərdə tutulur) və sosializm prinsiplərinin vəhdətindən doğan müasir Çin mədəniyyəti Qərb mədəniyyətinə alternativ kimi təqdim edilir. Çin xüsusiyyətləri əsasında yaradılan yumşaq güc konsepsiyası, məzmun etibarilə həm ölkədaxili siyasi-ideoloji birliyin təmin olunmasına, həm də Çinin xaricdəki nüfuzunun artmasına xidmət üçün nəzərdə tutulub. ÇKP bu yolda iqtisadiyyat, təhsil, idman, səhiyyə, texnologiya, incəsənət və s. sahələrin sistemli şəkildə inkişaf etdirilməsini prioritet halına gətirərək Çinin qlobal müstəvidə cəlbediciliyini artırmağa ciddi səylər göstərir.

Cəlbedicilik baxımından Çinin birpartiyalı idarəetmə sistemi və avtoritar dövlət quruluşuna sahib olması və ən əsası, kommunizmi dövlət ideologiyası olaraq mənimsəmiş iqtidarın hakimiyyətdə olması onun əlini liberal-demokratik düşərgə qarşısında zəiflətsə də, sabit və güclü iqtisadiyyatı, təhsil və texnologiya sahəsində  son illərdə əldə olunan uğurlar, rifah səviyyəsinin tədricən artması, müsbət makroiqtisadi tendensiyalar, dünya ölkələrində sərmayə qoyuluşlarını artırması, Bir kəmər, bir yol təşəbbüsü kimi çeşidli qlobal layihələri icra etməsi və s. kimi daxili və xarici dinamiklər ölkənin beynəlxalq nüfuzunun artmasına təsir göstərir.

Mahiyyət etibarilə, Pekinin yumşaq gücü hər ölkədə fərqli formalarda təzahür edir. Bir qisim ölkədə Çinin yumşaq güc diplomatiyası özünü akademik sahədə, bəzilərində mətbuat, texnologiya, turizm, biznes və s. kimi sferalarda göstərə bilir. Ölkələrin Çinə coğrafi yaxınlığı, Pekinin gözündəki geostrateji önəmi və s. kimi siyasi-iqisadi nüanslar Pekinin yumşaq güc metodlarının formaşlaşmasına və təsir edəcəyi sahələri müəyyənləşdirməsinə zəmin yaradır. Başqa sözlə, Çinin bir ölkə və ya regiondakı yumşaq gücünün təsiri həmin ölkə və ya regionun Çinin nəzərindəki strateji önəmi ilə düz mütənasiblik təşkil edir. Misal olaraq, Pekinin yumşaq gücü Çinin Benqal körfəzinə və Hind okeanına çıxışını təmin edən Hindiçin yarımadasında yerləşən qonşu ölkələrdə və ya Çin üçün geoiqtisadi əhəmiyyəti günbəgün artan ənənəvi quru ticarət marşrutları üzərində yerləşən Mərkəzi Asiya dövlətlərində və ya Çin iqtisadiyyatının karbohidrogen ehtiyyatlarına möhtac olduğu neft və qazla zəngin Körfəz ölkələrində Cənubi Qafqaz dövlətləri ilə müqayisədə daha güclü şəkildə hiss edilir.

Çin hökuməti eyni zamanda qlobal əhəmiyyət kəsb edən müxtəlif irimiqyaslı tədbirlər təşkil etməklə iqtisadi qüdrətini nümayiş etdirməyə və müsbət beynəlxalq imicinin formalaşmasına səy göstərir. 2010-cu ildə Şanxay şəhərində keçirilmiş Şanxay Dünya Sərgisi, 2008-ci ildə Pekində təşkil edilmiş Yay Olimpiya Oyunları, o cümlədən 2022-ci ildə yenə Pekində keçirilmiş Qış Olimpiya Oyunları ümumölkə nüfuzunun qlobal arenada artmasına xidmət etməliydi. Dəyəri milyard dollarla ölçülən irili-xırdalı beynəlxalq tədbirlərin təşkilinə rəğmən, Çinin son illərdə  Cənubi Çin dənizindəki aqressiv ekspansiya siyasəti, Tayvan boğazındakı hərbi aktivliyi, Honq-Konqun daxili işlərinə sərt müdaxiləsi kimi hadisələrlə, habelə Sincan və Tibet əyalətlərində insan hüquqlarının kobud şəkildə pozulmasına dair xəbərlərlə gündəmə gəlməsi ölkənin beynəlxalq imicinə mənfi yöndə təsir etdi. Əlavə olaraq, Vuhan şəhərindən çıxmış koronavirus infeksiyasının dünyanı silkələməsi nəticəsində bir çox ölkədə genişmiqyaslı sosial-iqtisadi çətinliklərin və humanitar böhranların yaşanmasına səbəb olmuşdur ki, bu da Çinə qarşı qəzəb və hiddətin yaranmasına təkan vermişdir.

COVID-19 pandemiyasından sonra Çinin nüfuzunun və dolayısıyla yumşaq gücünün zəifləyəcəyi gözlənilsə də, ÇKP Çin mənşəli bu virusun yaratmış olduğu qlobal xaosdan da faydalanmağı bacarır. Belə ki, dünya ölkələrinin öhdəsindən gəlməyə çətinlik çəkdiyi ilk vaxtlarda, ələlxüsus epidemiyanın önlənməsi üçün lazım olan zəruri tibbi ləvazimat və texniki avadanlıq qıtlığının yaşandığı bir məqamda Çin hökuməti müxtəlif kanalllar vasitəsilə Cənubi Qafqaz ölkələrindən tutmuş, Afika, Cənubi Amerika, Avopa və cənub-şərqi Asiya dövlətlərinə qədər humanitar yardımlar edərək xələl gəlmiş nüfuzunun bərpasına çalışır. Qərb mənşəli, daha dəqiqi ABŞ və Almaniya istehsalı peyvəndlərə əlçatmazlığın nəticəsində yaranmış boşluqdan məharətlə istifadə edən Pekin vaksin əldə etməkdə çətinlik çəkən onlarla ölkəyə peyvənd tədarük etməklə yumşaq gücünü artırmağa müvəffəq olur. Bu mənada başda Azərbaycan olmaqla, ErmənistanGürcüstan da əhalinin kütləvi peyvəndlənməsində Çinin SinovacSinopharm şirkətlərinin məhsullarından istifadə edən ölkələr arasındadır. Beləliklə, dünyanı ağuşuna almış Koronavirus əleyhinə peyvənd istehsalına nail ola bilmiş azsaylı ölkədən biri olan Çin vaksin diplomatiyası hesabına yumşaq güc vasitələrinin də sayını artırmış olur.

1970-ci illərdə Çin-Qərb diplomatik münasibətlərinin bərpası konteksində geniş vüsət almış məşhur Panda Diplomatiyasını Çinin qlobal müstəvidə yumşaq güc istifadəsi yönündə atdığı ilkin addımlardan biri kimi dəyərləndirmək olar. Pekin hökuməti konstruktiv əlaqələr qurmaq niyyətində olduğu xarici ölkələrə Çinin rəmzi sayılan pandaları göndərməklə jest etmiş sayılır. Çinin milli sərvəti hesab edilən pandaların bütün dünya üzrə təkcə Çinin bir əyalətində məskunlaşması, onların yetişdirilməsinin həddən artıq çətin və məsrəfli prosesdən ibarət olması və eyni zamanda saylarının olduqca az olması bu sevimli heyvanların dəyərini Çinin və dünyanın gözündə artıran faktorlardır. Hədiyyə edilmiş pandalar bütün hallarda Çinin mülkiyyəti sayılır və təyin edilmiş müddət başa çatdıqdan sonra yenidən vətəninə qaytarılır. Çinin sonuncu dəfə panda hədiyyə etdiyi ölkə Qətər olub. 2022-ci ilin payız mövsümündə Qətərdə təşkil edilmiş futbol üzrə 22-ci Dünya Çempionatının rəsmi açılışı mərasimi ərəfəsində Pekin hökuməti 2 pandanı 15 illik müddətində qalmaq şərtilə Qətərə hədiyyə etmişdir.

Bir digər maraqlı məqam da odur ki, ÇKP Mədəni İnqilab illərində (1966 – 1976) məhv edilməyə çalışılan qədim Çinə aid elementlərin təbliği yoluyla yumşaq güc siyasətini formalaşdırır. Buna misal olaraq, növbəti yarımbaşlıq altında haqqında danışacağımız qədim Çinin mənəvi və sosial dəyərlər sisteminin banilərindən biri hesab edilən, şərqin ən böyük mütəfəkkir və dövlət xadimlərindən biri olan Konfutsinin adına dünyanın 160-a yaxın ölkəsində qurulan dil-mədəniyyət mərkəzlərini, yəni Konfutsi İnstitutlarını göstərmək olar. Bu və bu qəbildən olan Çin mənşəli təhsil və mədəniyyət mərkəzləri qədim çay ritualları, qədim fəlsəfə və dini etiqadlar, şərq döyüş növləri, kalliqrafiya üslubları (xəttatlıq sənəti), incəsənət və memarlıq növləri kimi Çin mədəniyyətinin və mənəvi dünyasının ən böyük rəmzləri hesab edilən işləri təbliğ etməklə xaricilərin nəzərində ölkənin cəlbediciliyini artırmağa çalışırlar. Mədəni İnqilab illərində kitab və əlyazmaları yandırılmış, hətta məbədi və məzarı belə dağıdılmış Konfutsi adına təsis edilmiş bu institutlar Cənubi Qafqaz ölkələri daxil olmaqla, beynəlxalq aləmdə Çinin yumşaq güc diplomatiyasının ən vacib komponentlərindən biridir.

Çinin yumşaq gücünün Cənubi Qafqazda təsir sahələri

Çinin Cənubi Qafqazda yumşaq gücünün izləri özünü daha çox təhsil sistemində biruzə verir. Çin son dekadada regionun hər üç dövlətinin təhsil sistemində öz varlığını əsasən Konfutsi İnstitutları hesabına göstərir. Cənubi Qafqazda əsası qoyulmuş ilk Konfutsi İnstitutu 2008-ci ildə Ermənistanın Brusov Dövlət Universiteti olub. İrəvandakı bu institutda 10 il ərzində 13000-dən çox tələbə təhsil alıb. Bundan başqa, Rus-Erməni Universiteti və İrəvan Dövlət Universitetində də Çin dili üzrə hazırlıq kursları təşkil edilir. Konfutsi İnstitutunun təsis edildiyi ikinci Cənubi Qafqaz ölkəsi isə Gürcüstandır. Azad Tbilisi Universitetində 2010-cu ildən bəri sözügedən institut fəaliyyət göstərir. Hazırda ən çox Konfutsi İnstitutunun olduğu Cənubi Qafqaz ölkəsi də Gürcüstandır. Ümumilikdə, hal-hazırda Gürcüstanda 3, Azərbaycanda 2, Ermənistanda isə 1 Konfutsi İnstitutu mövcuddur. Haqqında danışdığımız təhsil mərkəzlərinin iş prinsipi və fəaliyyət istiqamətləri barədə məlumatları Azərbaycan universitetləri nəzdində təsis edilmiş Konfutsi İnstitutlarını əsas almaqla verəcəyik.

Azərbaycan hüdudlarında ilk Konfutsi İnstitutu Bakı Dövlət Universiteti (BDU) nəzdində 2011-ci ildə fəaliyyətə başlamışdır. Ölkədə ikinci Konfutsi İnstitutu 2016-cı ildə Azərbaycan Dillər Universitetində (ADU) yaradılıb. Qaydalar gərəyi, Beynəlxalq Çin Dili Şurasının (Konfutsi İnstitutlarının Baş Qərargahı belə adlanır və məqalədə çincə akronimi olan Hanban sözündən istifadə ediləcək) təyin etdiyi hər hansı Çin mənşəli bir universitet tərəfdaşlıq yoluyla xarici universitetləri Konfutsi İnstitutunun qurulması üçün lazım olan zəruri texniki avadanlıq, dərs vəsaiti və kadr ilə təmin edir. Misal olaraq, BDU-da yerləşən Konfutsi İnstitutunun ərsəyə gəlməsində Çinin Anhui Universiteti tərəfdaşlıq edir. ADU-dakı Konfutsi İnstitutunun qurulması isə Çinin Hugou Universitetinin texniki təminatı hesabına mümkün olub. Buna qarşılıq olaraq, Azərbaycan tərəfi də 2017 və 2018-ci illərdə adı çəkilən tərəfdaş universitetlərin hər birində daha çox simvolik xarakter daşıyan Azərbaycan Mədəniyyət Mərkəzləri yaradıb. Tərəfdaş universitetlər yerli universitetlərdə qurulan mərkəzlərdə tədris prosesinin təşkilində və planlaşdırılmasında, kurrikulumun hazırlanmasında, imtahan platformasının qurulmasında, çinli müəllim heyətinin və mütəxəssislərinin təyinatında və tədris materiallarının təmin edilməsində əsas rolu oynayırlar. Üstəlik, Çin təhsil müəssisələrində ixtisas dili çincə olan sahələr təhsil almaq istəyən əcnəbi tələbələrin Çin dili üzrə hazırlıq səviyyəsini müəyyənləşdirən HSK (Hànyǔ Shuǐpíng Kǎoshì – Çin Dili Səviyyə İmtahanı) sınaq testlərinin periodik olaraq təşkil edildiyi Azərbaycandakı yeganə mərkəzlər də Konfutsi İnstitutlarıdır.

Pekində yerləşən Hanbanın təşkilatçılığı və maliyyəsi hesabına yerli universitetlərin nəzdində təsis edilən bu mərkəzlər Çin dili və mədəniyyətinin yayılmasına xidmət edir. 2017-ci il məlumatlarına əsasən (son rəqəmlərə dair məlumat mövcud deyil), BDU Konfutsi İnstitutunda təxminən 1500-ə yaxın tələbə çoxsaylı kurslar keçmişdir. Orada universitetdən kənar şəxslərin də müəyyən ödəniş müqabilində Çin dili hazırlıq kurslarında iştiraklarına şərait yaradılır. Adı çəkilən institutlarda dil öyrədilməsi ilə yanaşı, Çinşünaslıq ixtisası üzrə bakalavr təhsili də verilir. Bakalavr təhsili müddətində tələbələr qısamüddətli mübadilə proqramları hesabına Çindəki tərəfdaş universitetlərdə də təqaüdlü əsaslarla təhsil almaq imkanına sahib olurlar. Həmçinin, bakalavr məzunları Çin dili müəllimliyi ixtisası üzrə magistr dərəcəsinə yiyələnmək istədikdə Hanbanın təmin edəcəyi tam maliyyələşdirilmiş təqaüd proqramı (təhsil haqqı, aylıq müavinət, yataqxana və siğorta xərcləri qarşılanır) hesabına Çinin istənilən universitetində təhsilini davam etdirə bilirlər.

BDU nəzdindəki Konfutsi İnstitutu həm də ADA Universiteti (2014), Azərbaycan Texniki Universiteti (2018) və Xəzər Universiteti (2020) kimi yerli təhsil müəssisələri ilə tərəfdaşlıq edərək, Çin dili tədrisi prosesini həyata keçirir. Adı sadalanan universitetlərdə BDU və ADU-da olduğu kimi, ayrıca bakalavriat və ya digər akademik səviyyələr üzrə təhsil vermə imtiyazına sahib olan Konfutsi İnstitutu təsis etməkdənsə, Konfutsi Auditoriyaları adlanan siniflərdə qeyri-ixtisas fənni kimi Çin dili kursları təşkil edilir. Auditoriyaların açılması üçün ölkədəki istənilən ali təhsil müəssisəsi BDU və ya ADU nəzdindəki Konfutsi İnstitutuna müraciət edə bilər.

Çin Təhsil Nazirliyinə tabe olan, əsası 2004-cü ildə Pekində qoyulmuş Konfutsi İnstitutları dövlət dəstəyi hesabına qısa zaman kəsiyində öz şəbəkəsini sürətlə genişləndirə bilib. Mərkəzi hökumət tərəfindən birbaşa maliyyələşdirilən Hanbanın tərkibinə Konfutsi İnstitutları ilə yanaşı, mədəniyyət mərkəzləri və müxtəlif təhsil təşkilatları da daxildir. Konfutsi İnstitutları Türkiyənin Yunus Əmrə İnstitutu, Böyük Britaniyanın British Council, ABŞ-ın American Center, Fransanın Alliance Française və ya Almaniyanın Höte İnstitutu kimi dil və mədəni irsin təbliği sahəsində fəaliyyət göstərən qeyri-kommersiya təhsil qurumları ilə analoji missiyanı daşıyır.

Hal-hazırda planetin 162 ölkəsində 550 təhsil müəssisəsilə akademik və mədəniyyət sahələrində əməkdaşlıq edən Konfutsi İnstitutları Çin dili və mədəni irsinin təbliğində əhəmiyyətli yerə sahib olsa da, Qərb dünyasında, xüsusən də ABŞ-da ciddi tənqid və təzyiqlərə məruz qalan Çin mənşəli qurumlardan biridir. Çin mədəniyyətini və sosial dəyərlərini dünya ictimaiyyətinə tanıdılması işində mühim rol oynayan bu institutlar həm də ÇKP-nin casus şəbəkəsinin tərkib hissəsi kimi görülür. Konfutsi İnstitutlarının fəaliyyətinə skeptik yanaşan Vaşinqton bu günədək ölkədəki onlarla mərkəzin fəaliyyətinə xitam verib. Akademik azadlığa böyük təhlükə törədə biləcəyi kimi ittihamlarla gündəmə gələn Konfutsi İnstitutlarının yaxın vaxtlara qədər təkcə ABŞ-dakı sayı 100-ü aşmış vəziyyətdə idi. ABŞ-da ləğv edilmiş Konfutsi İnstitutlarının bir hissəsi fərqli adlar altında (Məsələn, Stanford Universitetində Konfutsi İnstitutu bağlandıqdan sonra onun əvəzinə təsis edilən Çin İqtisadiyyatı və Təşkilatları üzrə Mərkəz kimi) yerli universitetlərlə əməkdaşlıqlarını davam etdirirlər. Azərbaycan və Ermənistanda bu institutların fəaliyyəti ilə bağlı hər hansı bir narahatlıq olmasa da, son vaxtlar Gürcüstanda liberal cinahdan olan qeyri-hökumət təşkilatları Çin mənşəli təhsil mərkəzlərinin fəaliyyətini yaxından izləyirlər.

Cənubi Qafqaz ölkələrindən olan tələbələrə Konfutsi İnstitutunun təklif etdiyi təqaüdlə yanaşı, Çin Hökuməti Təqaüdü (CSC), Şanxay Şəhər Təhsil Təqaüdü (SGS), Kəmər və Yol Təqaüdü və s. təqaüd proqramları çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil ala bilmələri üçün hər il müəyyən sayda kvota ayrılır. Çinin müxtəlif dövlət qurumu və tədris müəssisələrinin təklif etdiyi təhsil müavinətlərinin hesabına bu günədək hər üç Cənubi Qafqaz ölkəsindən yüzlərlə tələbə təhsil ala bilib. Qeyd edək ki, Qərb universitetləri ilə bir çox aspektdən eyni standartlara sahib olan Çinin yüksək reytinqli universitetlərinin qəbul prosesinin sadəliyi və aşağı təhsil haqqı Çində şəxsi imkanları hesabına təhsil almaq istəyən azərbaycanlı tələbə sayında da sürətli artıma səbəb olub.

Hazırda Çində təhsil alan azərbaycanlı tələbələrin ümumi sayı ilə bağlı dəqiq statistika olmasa da (bir neçə yerli mənbədə göstərilmiş rəqəmlər həqiqəti əks etdirmir), bu günə qədər yüzlərlə azərbaycanlı tələbə fərqli qurumlar tərəfindən təklif olunan tam və ya qismən maliyyələşdirilən təqaüd proqramları hesabına Çinin müxtəlif universitetlərində təhsil alıblar. Çincənin dünyanın ən mürəkkəb dillərindən biri olmasına baxmayaraq, son illərdə bu dili öyrənmək və ya Çinşünaslıq üzrə ixtisaslaşmaq istəyən tələbələrin sayı sürətlə artıb. Əlbəttə ki, bu marağın yaranmasında Konfutsi İnstitutlarının rolu xüsusi vurğulanmalıdır. Şəxsi müşahidələrimə əsasən onu qeyd edə bilərəm ki, son dekadada azərbaycanlı gənclər arasında Çin dilinin öyrənilməsində yaranmış marağın arxasında daha çox iqtisadi motivlər dayanır. Bu dilin öyrənilməsi Çin dili və mədəniyyətinə qarşı olan xüsusi rəğbət və ya elmi maraqdan ötrü yox, daha çox əmək bazarında rəqabət qabiliyyətinin artırılmasına və karyera perspektivlərinin genişləndirilməsinə xidmət etdiyindən populyarlıq qazanıb.

Konfutsi İnstitutlarından başqa Çinin Azərbaycandakı səfirliyi də məktəblilər arasında Çin mədəniyyətinin təbliği istiqamətində aktiv işlər aparır. Belə ki, Heydər Əliyev Fondu ilə birgə əməkdaşlıq layihəsi çərçivəsində 2021-ci ilin sentyabr ayında Bakının Şüvəlan, Zirə, Türkan və Binə qəsəbələrində yerləşən orta məktəblərdə Çin Mədəniyyəti Otaqları yaradılıb. Sözü gedən otaqların texniki təchizatı səfirlik hesabına ərsəyə gəlib. Gürcüstanda isə 2019-cu ildə Çinlə imzalanmış sazişə əsasən, ölkəboyu Çin dilinin tədrisi prosesinin dəstəklənməsi nəzərdə tutulub. Beləliklə, Çinlə əməkdaşlığı təşviq edən hökumətlərarası müqaviləyə əsasən, Gürcüstanın orta məktəblərində milli kurikulum standartına uyğun olaraq şagirdlərə digər xarici dillərlə yanaşı, Çin dili dərsləri də təklif edilir. Əlavə olaraq, Çin tərəfinin ayırdığı maliyyə vəsaiti (12 milyon ABŞ dolları) hesabına İrəvanda tikilmiş Çin-Erməni Dostluq Məktəbi də, ölkələrarası konstruktiv əməkdaşlığın inkişafı, tərəflər arasında daha sıx koordinasiyanın formalaşması üçün Pekin hökumətinin regionda həyata keçirtdiyi bir digər müştərək humanitar layihədir. 2018-ci ildən bəri fəaliyyət göstərən bu məktəbdə 400-dən çox erməni şagird V sinifdən etibarən Çin dili və mədəniyyətini öyrənmək imkanı əldə ediblər. Ümumilikdə, hazırda Ermənistanda Çin dilini öyrənən tələbə sayı 1000-dən çoxdur. 

Çin mənşəli texnologiyaların Cənubi Qafqaza ixracı ilə nəhəng transmilli korporasiyalar da regiona ayaq açmışdır. Bu konqlomeratlar zəruri infrastruktura quruculuğu ilə yanaşı, sosial-humanitar sahələrdə də aktiv olmağa çalışırlar. Ümumiyyətlə, regionda Çinin ən çox humanitar yardım göstərdiyi dövlət Ermənistandır. Ölkələrarası texniki-iqtisadi əməkdaşlıq haqqında sazişlər hesabına Çin Ermənistana milyonlarla  ABŞ dolları dəyərində iqtisadi yardım göstərməklə yanaşı, ölkənin ictimai nəqliyyat və səhiyyə sektorlarında istifadə edilməsi üçün texniki avadanlıqları da yardım qismində bağışlayıb. Texniki yardım təşəbbüsləri çərçivəsində ictimai nəqliyyat vasitələrinin və təcili tibbi yardım maşınlarının tədarükü, gömrüyün idarə edilməsi, texnologiya və təchizat modernizasiyası kimi layihələr həyata keçirilib. Məsələn, 2012-ci ildə İqtisadiyyatın İnkişafına Dəstək Qrant Proqramı çərçivəsində Ermənistana Çinin Higer Bus şirkətinin istehsal etdiyi 249 ədəd sərnişin avtobusu (11 milyon dollar dəyərində) ianə edilib. Bundan əlavə, 2018-ci ildə yenə ianə şəklində 200 ədəd təcili tibbi yardım maşını Çin tərəfindən Ermənistana təhvil verilib. Yeri gəlmişkən onu da qeyd edək ki, Çinin postsovet məkanında Rusiyadan sonra ən böyük səfirlik binası da məhz Ermənistanda yerləşir. 

Konfutsi İnstitutları ilə bərabər, Çinin telekommunikasiya şirkəti Huawei də son bir neçə ildə Cənubi Qafqaz ölkələrinin təhsil sistemində öz fəaliyyətini genişləndirərək texniki sahə üzrə yüksəkixtisaslı kadr hazırlığına girişib. İKT texnologiyaları üzrə yerli peşəkar mütəxəssislərin hazırlanmasını təşviq etmək üçün Huawei sponsorluğunda həyata keçirilən Gələcəyin Toxumları adlı qısamüddətli təlim proqramı hesabına xarici ölkə tələbələrinin şirkətin Çindəki yay təlim düşərgələrində iki həftə boyunca təcrübə keçmələrinə şərait yaradılır. Dünyanın müxtəlif regionlarından texniki ixtisaslarda təhsil alan tələbələrin cəlb edildiyi adıçəkilən qlobal layihədə Cənubi Qafqazdan Azərbaycan və Ermənistan hər il iştirak edir. Belə ki, 2016-cı ildən bəri Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Huawei şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilən Gələcəyin Toxumları layihəsi çərçivəsində, əsasən, Azərbaycan Texniki Universiteti, Naxçıvan Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti kimi özəl və dövlət ali təhsil ocaqları ilə əməkdaşlıq edilir. Ermənistandan isə bu layihədə son iki ildə İrəvan Dövlət Universiteti və İrəvan Dövlət Politexnik Universitetinin tələbələri iştirak edir. Yeri gəlmişkən, Bakı Ali Neft Məktəbi, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Bakı Mühəndislik Universiteti, ADA Universiteti və Naxçıvan Universiteti kimi yerli təhsil müəssisələrində Huawei tərəfindən təsis edilmiş İKT mərkəzləri fəaliyyət göstərir.

Bir çox dövlətlər kimi Çin rəsmi mətbuat orqanlarından da yumşaq güc vasitəsi kimi istifadə edir. Cənubi Qafqazda Çin dövlətinə məxsus media qurumlarından hər hansı birinin yerli ofisi olmasa da, 2022-ci ilin oktyabr ayından etibarən Çin Mərkəzi Teleradio və Televiziya Qrupunun CGTN kanalı Facebook və Twitter kimi sosial şəbəkələr vasitəsilə Azərbaycan, gürcüerməni dillərində mütəmadi olaraq Çinlə əlaqədər xəbər və yenilikləri təqdim edir. CGTN-ə aid sosial media səhifələrində əsas maraq və diqqətin Azərbaycan və Ermənistan auditoriyasından gəldiyini asanlıqla görmək olur. Çin Qlobal Televiziya Şəbəkəsinin 6 beynəlxalq kanalından biri olan CGTN xəbər portalı Çin Kommunist Partiyası Mərkəzi Komitəsinə tabe olan Mərkəzi Təbliğat Şöbəsinə bağlıdır. CGTN və bu qəbildən olan digər beynəlxalq kütləvi informasiya vasitələri də Çinin yumşaq gücünün vacib alətlərindən biri kimi səciyyələndirilir. Qlobal sferada 5 dominant dildə (ərəb, ingilis, rus, ispan və fransız) 24 saat fasiləsiz yayım aparan sözügedən kanal, Cənubi Qafqaz dövlətlərində hələlik sosial şəbəkələr üzərindən fəaliyyət göstərməklə kifayətlənir.

Qısaca olaraq, Cənubi Qafqazda investisiya, humanitar dəstək paketləri, rəqəmsal-texnoloji həllərin transferi, akademik mübadilə və təhsil layihələri Çinin yumşaq gücünün əsas konturları kimi təsnif edilə bilər. Sərmayə və təhsil hesabına Gürcüstanda; texnologiya, təhsil və humanitar dəstək proqramlarıyla Ermənistanda yumşaq gücünü artırmağa davam edən Çin hökuməti Azərbaycanda isə sadalanan sahələrin hər biri üzrə mövcudiyyətini qoruyur.

Nəticə

Nəticə etibarilə, Qərbin və Rusiyanın Cənubi Qafqazdakı yumşaq gücləri ilə müqayisədə Çinin regiondakı yumşaq gücünün cəmiyyətin cüzi bir hissəsinə çatdığının və olduqca məhdud dairədə qaldığının şahidi oluruq. Digər tərəfdən isə bir sıra ölkələrdən fərqli olaraq, Cənubi Qafqazda sinofobiyanın zəif təşəkkülü (Çinə qarşı qorxu və inamsızlıq tendensiyası) Pekinin region boyu manevr imkanlarını artırması üçün əlverişli şərait yaradır. Müstəqilliyinin ilk illərində Cənubi Qafqaz dövlətləri Çin üçün böyük maraq kəsb etməsə də, son illərdə ictimai-siyasi, elmi-mədəni, sosial-iqtisadi və hərbi-strateji sahələrdə artan xətt üzrə davam edən çoxşaxəli əməkdaşlıqların əsası qoyulub. Orta və uzunmüddətli perspektivdə Çinin Cənubi Qafqaz regionunda marağının təkcə enerji, nəqliyyat-logistika və investisiya kimi kommersiya məsələləri ilə məhdudlaşmayacağı bəlli məsələdir. Mədəniyyət, təhlükəsizlik, texnologiya, turizm, təhsil və elm kimi məsələləri özündə ehtiva edən birgə əməkdaşlıqların sayının artacağını və dolayısıyla yaxın gələcəkdə Çinin yumşaq güc diplomatiyasının təsir dairəsinin genişləyəcəyini müşahidə edəcəyik.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.