iqtisadiyyat

iqtisadiyyat

Azərbaycanda bankların kredit faizləri yüksəkdirmi?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycanda kredit faizləri ilə bağlı müzakirələr illərdir səngimir. Biznes və vətəndaşlar bank kreditlərinin faizlərinin yüksək olduğunu bildirirlər. Banklar isə bununla razılaşmayaraq qeyd edirlər ki, yüksək kredit riski, maliyyələşmə və əməliyyat xərcləri daha aşağı faizlə kredit verməyə imkan yaratmır. Bəs əslində kim haqlıdır? Kredit faizləri doğrudanmı yüksəkdir, yoxsa bu, Azərbaycanın iqtisadi reallığının qaçılmaz nəticəsidir?

Məlumat üçün bildirim ki, başqa ölkələrlə müqayisə etdikdə də bu suala birmənalı cavab vermək çətindir. İnkişaf etmiş ölkələrlə müqayisə etdikdə Azərbaycanda kredit faizlərinin bir neçə dəfə yüksək olduğunu görürük. Məsələn, Qərbi Avropa ölkələrində kredit faizləri əsasən 3–5%, Şərqi Avropa ölkələrində isə 4–9% civarında dəyişir. Keçmiş SSRİ ölkələri ilə müqayisədə isə Azərbaycanın mövqeyi daha çox orta sıralardadır. Kredit faizlərinin daha aşağı olduğu Moldova (9%), Belarus (10,9%) və Ermənistan (13,7%) Azərbaycandan öndə olduğu halda, Gürcüstan (15,8%), Qazaxıstan (16,5%), Rusiya (17%), Ukrayna (19,7%) və Qırğızıstan (19,8%) kimi ölkələrdə kredit faizləri Azərbaycandakından daha yüksəkdir. Ona görə də kredit faizlərinin yüksək olub-olmadığını yalnız nominal faiz dərəcəsi əsasında müəyyənləşdirmək düzgün olmazdı. Bunun üçün həmin ölkədəki inflyasiya səviyyəsi də nəzərə alınmalıdır. Eyni nominal kredit faizi müxtəlif inflyasiya şəraitində borcalan üçün tamamilə fərqli maliyyə yükü yarada bilər.

Kreditlərin faiz dərəcələrinin səviyyəsi ilə bağlı suala obyektiv cavab vermək üçün ilk növbədə kredit faizlərinin hansı amillərin təsiri altında formalaşdığına baxmaq lazımdır. Çünki həm kredit götürənlərin, həm də bankların mövqeyini əsaslandıran iqtisadi arqumentlər mövcuddur. Əhali və biznes subyektləri üçün kredit resurslarına çıxışın məhdud olması uzun illərdir narazılıq predmetidir. Banklar isə kredit faizlərinin yüksək risk və xərcləri əks etdirdiyini bildirirlər. Bu məqalədə kredit faizlərinin hansı amillərin təsiri altında formalaşdığını təhlil edərək, hər iki mövqenin nə dərəcədə iqtisadi əsaslara söykəndiyini araşdıracağıq.

Bakı Araşdırmalar İnstitutunun saytında bir müddət əvvəl dərc etdiyimiz məqalədə qeyd etmişdik ki, Azərbaycanın bank sistemində resurs çatışmazlığı problemi yoxdur. Son beş ildə bankların likvid aktivlərinin həcmi davamlı olaraq 12 milyard manatdan çox olub. Buna baxmayaraq, kreditlərin ÜDM-ə nisbəti cəmi 25–30% intervalında dəyişir və bu göstərici bir çox inkişaf etməkdə olan ölkələrlə müqayisədə aşağıdır. Problem bank sistemində vəsait çatışmazlığından çox, həmin vəsaitlərin hansı şərtlərlə iqtisadiyyata yönəldilməsi ilə bağlıdır. Bu isə banklarda yüksək likvidliyə baxmayaraq, kredit faizlərinin niyə yüksək qaldığı sualını aktuallaşdırır.

Mənbə: Azərbaycan Respublikası Mərkəzi Bankı

1-ci diaqramdan göründüyü kimi, son 10 ildə milli valyutada verilmiş kreditlər üzrə orta faiz dərəcəsində artım müşahidə olunub. Müəyyən dövrlərdə orta faiz dərəcələrinin enişinə rəğmən, ümumi tendensiya artım istiqamətində olub və 2026-cı ilin ilk yarısında 15,7%-ə yüksəlib. Bu artım əsasən fiziki şəxslərə verilən kreditlər üzrə faizlərin yüksək qalması ilə izah olunur. Ümumilikdə isə 2016–2026-cı illərdə hüquqi şəxslər üzrə kreditlərin faiz dərəcələri 8,55%-dən 11,79%-ə, fiziki şəxslər üzrə kreditlərin faiz dərəcələri 15,71%-dən 17,28%-ə yüksəlib.

Mənbə: Azərbaycan Respublikası Mərkəzi Bankı

2-ci diaqram kredit faiz dərəcəsi ilə inflyasiya səviyyəsi arasındakı əlaqəni sual altına alır. Əsas iddialardan biri də budur ki, kreditlərin baha olmasının səbəbi inflyasiya səviyyəsinin yüksək olmasıdır. Lakin ən azı son on ilin statistikası bu arqumenti təsdiqləmir. Diaqrama baxdıqda görmək olur ki, inflyasiya ilə kredit faizlərinin dinamikası arasında aydın qanunauyğunluq müşahidə olunmur.

Məsələn, 2018–2020-ci illərdə inflyasiya cəmi 2–3% intervalında olduğu halda, kreditlərin orta faiz dərəcəsi 14%-ə yaxın olub. Əksinə, 2022-ci ildə inflyasiya təxminən 14%-ə yüksəlsə də, kredit faizləri demək olar ki, dəyişməyib. Daha maraqlısı odur ki, 2023 və 2024-cü illərdə inflyasiya sürətlə azalaraq 8,8%-dən 2,2%-ə düşdüyü halda, kredit faizləri nəinki ucuzlaşmayıb, hətta artım trayektoriyasına keçib. 2026-cı ilin ilk yarısında isə inflyasiya 5,7% olduğu halda, kreditlərin orta faiz dərəcəsi 15,7%-ə çatıb.

Bu faktlar göstərir ki, Azərbaycanda kredit faizlərinin səviyyəsini yalnız inflyasiya ilə izah etmək mümkün deyil. Deməli, kredit faizlərinin formalaşmasında bankların maliyyələşmə modeli, kredit riski, institusional mühit, əməliyyat xərcləri və bazarın xüsusiyyətləri kimi digər amillər də əhəmiyyətli rol oynayır.

Kredit faizlərinin dəyişməsinin dünyada geniş yayılmış mexanizmlərindən biri də Mərkəzi Bankın pul-kredit siyasətidir. Bu yanaşmaya görə, uçot dərəcəsinin azalması bankların maliyyələşmə xərclərini aşağı salmalı və nəticədə kredit faizlərində azalma müşahidə edilməlidir. Təsadüfi deyil, əksər ölkələrdə monetar siyasəti həyata keçirən qurumlar iqtisadi aktivliyi artırmaq və ya yüksək inflyasiya şəraitində zəiflətmək istədikdə uçot dərəcələrini dəyişdirir. Lakin Azərbaycanın bank sektorunda müşahidə olunan dinamika bu əlaqənin gözlənildiyi qədər güclü olmadığını göstərir.

Mənbə: Azərbaycan Respublikası Mərkəzi Bankı
Qeyd: Mərkəzi Bankın uçot dərəcəsi müvafiq ilin sonuna olan göstəricilər əsasında təqdim edilib.

3-cü diaqramdan göründüyü kimi, 2016–2026-cı illərdə Mərkəzi Bank uçot dərəcəsini 15%-dən 6,5%-ə qədər endirib. Buna baxmayaraq, kreditlərin orta faiz dərəcəsi 12%-dən 15,7%-ə qədər yüksəlib. Bu nəticə göstərir ki, kredit faizlərinin formalaşmasına Mərkəzi Bankın pul siyasəti alətlərinin təsiri məhduddur. Bu əlaqənin zəif olmasının mümkün səbəblərindən biri bankların kredit portfelində Mərkəzi Bank resurslarının payının azalmasıdır.

Son 10 ildə yenidənmaliyyələşmə kreditlərinin həcmi 2 milyard manatdan 413 milyon manata enib. Bankların kredit portfelində bu maliyyələşmə mənbəyinin payı 12%-dən 1%-ə qədər düşüb. Nəticədə, uçot dərəcəsində baş verən dəyişikliklər kredit faizlərinə tam həcmdə ötürülmür.

Deməli, kredit faizlərinin yüksək qalmasının səbəblərini izah etmək üçün diqqəti bankların faktiki maliyyələşmə mənbələrinə, bu resursların dəyərinə, kredit risklərinə və bank sektorunun struktur xüsusiyyətlərinə yönəltmək lazımdır.

Kreditlərin faiz dərəcələrinin yüksək olması fikrinə əks arqument olaraq kredit təşkilatlarının cəlb etdikləri resursların dəyərinin baha olması qeyd edilir. Bankların öhdəliklərinin strukturunun analizi göstərir ki, cəlb edilmiş əsas resurs olaraq depozitlər dominant çəkiyə malikdir. Rəsmi məlumatlara görə, 2016–2026-cı illərdə depozitlərin ümumi öhdəliklərdə payı 70%-dən 79,4%-ə yüksəlib. 2023-cü ildə bu göstərici hətta 87%-dən çox olub. Bu baxımdan, depozitlərin dəyərini kredit resurslarının dəyərinə təsir edən əsas komponent kimi qəbul etmək olar. Çünki son 10 ildə depozitlərin orta faiz dərəcələri ilə kreditlərin orta faiz dərəcələri arasında müəyyən əlaqəni görmək olar. Bu müddətdə hər iki göstəricinin uzunmüddətli dinamikasında artım meyli müşahidə olunub: manatla depozitlərin orta faiz dərəcəsi 6,5%-dən 9,3%-ə, kreditlərin orta faiz dərəcəsi isə 12,1%-dən 15,7%-ə yüksəlib.

Mənbə: Azərbaycan Respublikası Mərkəzi Bankı

İlk baxışdan 4-cü diaqramda göründüyü kimi, kreditlərin faiz dərəcəsinin yüksəlməsini birbaşa depozitlərin bahalaşması ilə əsaslandırmaq olar. Ancaq digər göstərici, konkret olaraq, spred göstəricisi (kredit faizləri ilə depozit faizlərinin fərqimüəllif) fikri bir qədər zəiflədir. Məsələ ondadır ki, kreditlərin faiz dərəcələrinin artım tempi depozitlərin faiz dərəcələrinin artım tempini üstələyir və nəticədə spred də artır. 2017-ci ildə spred 2,48 faiz bəndi olduğu halda, 2018-ci ildən etibarən əsasən 4,5–6 faiz bəndi intervalında dəyişib. Son illərdə isə bu fərq yenidən genişlənib: 2022-ci ildə 5,53 faiz bəndi olan spred 2023-cü ildə 6,12 faizə yüksəlib, 2024-cü ildə 5,91 faizə qədər azalsa da, 2025-ci ildə 6,00 faizə, 2026-cı ilin ilk 7 ayında isə 6,41 faizə çatıb.

Bu mənzərə kredit faizlərinin yüksəkliyinin yalnız bankların maliyyələşmə dəyəri ilə izah edilməsini çətinləşdirir. Depozitlər üzrə faizlərin artması bankların resurslarının bahalaşmasına səbəb ola bilər. Lakin kredit və depozit faizləri arasındakı fərqin geniş qalması kreditin son qiymətinə digər amillərin də ciddi təsir etdiyini göstərir. Buna görə kredit faizlərinin nə dərəcədə əsaslandırılmış olduğunu qiymətləndirmək üçün faiz spredinin arxasında dayanan kredit riski, əməliyyat xərcləri, bankların qiymətqoyma siyasəti və mənfəət marjasını ayrıca nəzərdən keçirmək lazımdır.

Kredit faizlərinə təsir göstərən amillər sırasında bankların çox qazanc əldə etməsi kimi subyektiv amilləri də unutmamalıyıq. Son illər bankların faiz gəlirlərinin artması bu fikrimizi möhkəmləndirir. 2016–2026-cı illərdə bankların kreditlərdən əldə etdikləri faiz gəlirləri 132% artaraq 1,7 milyard manatdan 3,9 milyard manata; faiz xərcləri 462 milyon manatdan 1,3 milyard manata yüksəlib. Bu müddətdə faiz gəlirləri ilə faiz xərcləri arasındakı fərq 1,2 milyard manatdan 2,7 milyard manata yüksəlib. Beləliklə, bankların kreditlərdən əldə etdiyi faiz gəlirləri son 10 ildə 2,3 dəfə artıb.

Mənbə: Azərbaycan Respublikası Mərkəzi Bankı

Bu nəticə kredit faizlərinin yüksəkliyini yalnız bankların bahalı maliyyələşməsi ilə izah etməyi çətinləşdirir. Doğrudur, son illərdə bankların faiz xərcləri əhəmiyyətli dərəcədə artıb. Lakin kreditləşmənin və faiz gəlirlərinin daha sürətli genişlənməsi nəticəsində bankların faiz gəlirləri ilə faiz xərcləri arasındakı fərq də böyüyüb. Bu isə kredit faizlərinin formalaşmasında bankların maliyyələşmə xərcindən başqa amillərin də əhəmiyyətli rol oynadığını göstərir.

Bütün bu göstəricilər Azərbaycanda kredit faizlərinin yüksək olub-olmaması ilə bağlı suala birmənalı, bir cümləlik cavab verməyə imkan vermir. Beynəlxalq müqayisə baxımından kredit faizləri yüksəkdir. Lakin bu yüksəkliyi yalnız bankların bahalı maliyyələşməsi, inflyasiya və ya Mərkəzi Bankın pul siyasəti ilə izah etmək mümkün deyil.

Son illərin statistikası göstərir ki, kredit faizlərinin formalaşmasında bankların maliyyələşmə xərcləri ilə yanaşı, kredit riskləri, əməliyyat xərcləri, bazarın rəqabət strukturu və bankların qiymətqoyma siyasəti də mühüm rol oynayır. Xüsusilə kredit və depozit faizləri arasındakı spredin son illərdə yenidən genişlənməsi kreditlərin bahalaşmasını yalnız depozit resurslarının qiyməti ilə izah etməyin kifayət etmədiyini göstərir.

Bu baxımdan, kredit faizlərinin aşağı salınması üçün yalnız Mərkəzi Bankın faiz qərarlarına fokuslanmaq kifayət deyil. Daha aşağı kredit faizləri üçün bankların kredit risklərinin və əməliyyat xərclərinin azalması, maliyyə bazarında rəqabətin güclənməsi, kreditləşmə infrastrukturunun təkmilləşdirilməsi və bankların daha səmərəli fəaliyyət göstərməsi də vacibdir.

Başqa sözlə, Azərbaycanda kredit faizləri yüksəkdir, amma problemin həlli sadəcə “faizi aşağı salmaq” deyil. Əsas məsələ bankların daha ucuz və daha az riskli mühitdə kredit verməsini təmin edən iqtisadi və institusional şərtləri formalaşdırmaqdır.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.